ARA PLAN (add-on plan) – Əsas mövzu ilə bağlı olan, lakin onun bilavasitə tərkib hissəsi sayılmayan hərəkət, yaxud predmet planı. Əsas hərəkətdən diqqəti müvəqqəti yayındırmaq, yaxud onu bir növ şərh etmək üçün istifadə edilir. Texniki baxımdan A.p. montaj zamanı faydalıdır. Adətən, rejissorlar operatorlara çəkiliş zamanı imkan daxilində A.p.-lar çəkmələrini tapşırırlar. A.p. kadrda məkan, mühit, psixoloji vəziyyət və s. haqqında əlavə informasiya verməyə də xidmət edir. Ən çox yayılmış A.p. nümunələrinə iri planda mikrofon, danışan adamın əli, stolun üstündəki yazı, qələm, zalda əyləşənlər, otaq əşyaları və s. aiddir.