Азярбайъан шифащи халг ядябиййатына даир тядгигляр ●


DASTAN QƏHRƏMANLARININ TIPOLOGIYASI



Yüklə 2,77 Mb.
səhifə12/14
tarix19.02.2020
ölçüsü2,77 Mb.
#102111
1   ...   6   7   8   9   10   11   12   13   14

DASTAN QƏHRƏMANLARININ TIPOLOGIYASI

XÜLASƏ

Məqalədə dastan yaradıcılığında rast gəlinən qəhrəmalar haqqında tədqiqat aparılmış, onların tipologiyası verilmişdir. Xalq təsəvvüf ədəbiyyatının dastan yaradıcılığında qəhrəmanların formalaşmasına təsiri göstərilmişdir.



Açar sözlər: alp, ərən, haqq aşığı, buta, qaçaq
TYPOLOGY OF THE EPOS HEROES

SUMMARY

Their typology investigated (explored) about heroes which meet in the epos creative work (activities) have been given. People have been shown (the) influence to forming in the epos creative work (activities) of the tasavvuf literature of the heroes.



Key words: alp, brave, Lover of reght (justice, fee),buta (bud), robber
ТИПОЛОГИЯ ЭПИЧЕСКИХ ГЕРОЕВ

РЕЗЮМЕ

В статъе было проведено исследование о героях, которые встреча­ют­ся в эпическом творчестве, была представлена их типология. Указано вли­яние народной суфийской литературы на формирование героев в эпи­ческом творчестве.



Ключевые слова: алп, мудрец, любителъ правды и справедливости, бута (миндалевидный узор), беглец
Rəyçi: Ramazan Qafarlı

f.ü.e.d., prof.

Jalə COŞĞUN

İstanbul Aydın Universitetinin müəllimi


TÜRK VƏ SLAVYAN SEHRLİ NAĞILLARINDA

BAŞLANĞIC FORMULLARI
Başlanğıc-giriş formulları nağıllarda bir neçə formada ortaya çıxır: zamanla bağlı başlanğıc formulları, məkanla bağlı başlanğıc formulları, həm zaman, həm məkanla bağlı başlanğıc – giriş formulları və təkərləməli (ritmik söz oyunu) giriş formulları. Bu tip formullar nağıl yaradıcılığı üçün ənənəvi haldır. Bir çox dünya xalqlarının sehrli nağıllarında olduğu kimi türk və slavyan sehrli nağıllarında da bu formullar öz əksini tap­mış­dır. Məsələn,


  1. Zamanla bağlı başlanğıc formulları

Türk mətnlərində:

“Biri var idi, biri yox idi, bir...var idi”;

“Biri varmış biri yoxmuş, bir..ilə bir... varmış”;

“Biri varmış biri yoxmuş, Allahdan başqa heç kim yox imiş”;

“Biri var idi biri yox idi, günlərin birində”;

“Günlərin bir günündə, əyyami sabiqdə... və ya əyyami qədimdə”;

“Qədim zamanlarda...”; və s.

Rus mətnlərində:

«Жил-был»

Yaxud:


«жил да был»;

Mətnin tərcüməsi:

Yaşayırdı, var idi

«Был-жил»;

Mətnin tərcüməsi:

Var idi, yaşayırdı;

«Бывали – живали царь да царица»;

Mətnin tərcüməsi:

Yaşayırdılar var idilər çar və arvadı;

«Жили-были себе»;

Mətnin tərcüməsi:

Var idilər, yaşayırdılar özləri üçün;

«В старые годы, в старопрежни…»;

Mətnin tərcüməsi:

Qədim dövrlərdə, əyyami qədimdə;

«Жил когда то на свете царь».

Mətnin tərcüməsi

Nə vaxtsa çar yaşayırdı yer üzündə


b) Məkanla bağlı giriş formulları

Bəzi hallarda türk nağıllarında məkanla bağlı giriş formullarına rast gəlinir və bu zaman əsasən məkan konkret şəkildə bildirilir.

Türk mətnlərində:

“Gülnahar mahalında”.

Slavyan mətnlərində isə məkan mücərrəd xarakter daşıyır.

Rus mətnlərində:

«В некотором царстве»;

«В некотором царстве, в некотором государстве»;

«В одном городе»;

«В некотором царстве, за тридевять земель-в тридесятом государстве жил-был…»

Mətnin tərcüməsi:

Bir çarlıqda;

Bir çarlıqda, bir ölkədə;

Bir şəhərdə;

Bir çarlıqda, otuz torpaq uzaqda-otuzuncu ölkədə…
c) Məkan və zamanla bağlı başlanğıc formulları

Türk mətnlərində:

“Biri vardı, biri yoxdu Yunan şəhərində…”

Biri vardı, biri yox idi. Allahdan başqa heç kim yoxdu. Hindistanda bir paççah varıdı.

Rus mətnlərində:

«В некотором царстве, за тридевять земель-в тридесятом государстве жил-…»

Mətnin tərcüməsi:

Bir çarlıqda, otuz torpaq uzaqda, otuzuncu ölkədə yaşayırdı...

Yaxud:

«В некотором царстве, за тридевять земель-в тридесятом государстве жил-был…»



Mətnin tərcüməsi:

Bir çarlıqda, otuz torpaq uzaqda, otuzuncu ölkədə yaşayırdı, var idi...

«Где-то было, в некотором царстве…»

Mətnin tərcüməsi

Hardasa olmuşdu, hansısa çarlıqda.

Apardığımız bu müqayisələr zamanı aydın olur ki, türk mətnlərində zamanla bağlı, rus mətnlərində isə məkanla bağlı giriş formulları üstünlük təşkil edir. Yuxarıda da qeyd etdiyimiz kimi, türk mətnlərində məkan bildirilir. Rus mətnlərində isə bu mücərrəd xarakter daşıyır. N. Roşiyanu rus nağıllarında vaxtın təyini məsələsi ilə bağlı yazırdı: “Rus nağıllarında vaxtın təyin olunması bir qayda olaraq inisial (giriş) formulda ixtisara düşür. Onların bu funksiyası E1 və ya E 2 («живало-бывало», «жил-был», «жыли-были») elementinə keçir. Lakin müxtəlif variantlarda or­taya çıxan S elementi mühüm yer tutur. Belə ki, S elementi rumın na­ğıllarında olduğu kimi qeyri-müəyyən xarakter daşıyır: “ çarlıqların birində, ölkələrin birində , bir padşah və arvadı yaşayırdı” (8, 33).


d) Təkərləməli (ritmik söz oyunlu) başlanğıc formulları.

Təkərləməli giriş formulları sehrli nağıllar üçün ənənəvi haldır. Təkərləmələrin məzmununun nağıl mətni ilə heç bir əlaqəsi olmur və əsasən komik xarakter daşıyır. Öncə türk və rus nağıl təkərləmələrindən nümunə gətirək.

Türk mətnlərində:

“Biri varmış, bir yoxmuş... əvvəl zaman içində, xəlbir saman işində, dəvə dəllal ikən, milçək bərbər ikən... Köhnə hamamın tası yox, peştamalın ortası yox, bu yalanın ötəsi yox...” (11, 168).

Yaxud:

“Badi-badi giriftar, hamam-hamam içində, xəlbir saman içində, dəvə dəlləklik elər, köhnə hamam içində. Qarışqa şıllaq atdı, dəvənin qıçı sındı, hamamçının tası yox, baltaçının baltası yox, orda bir tazı gördüm, onunda xaltası yox. Ömrümdə çox şilə aşı yemişəm. Heç belə yalan deməmişəm” (1, 62).



Rus təkərləməsi:

“Ай потешить вас сказочкой? А сказочка чудесная; усть в ней дива дивные, чуда чудные, а батрак Шабарша из плутов плут; уж как взялся за гуж, так неча сказать-на все дюж!” (9, 175).

Mətnin tərcüməsi:

Sizi nağılla sakitləşdirəkmi? Nağıl möcüzəlidir, Burada möcüzələr var ecazkarlıqlar var. Muzdur Şabarşa dələduzluqdan dələduzluğa. Əgər bir işə qol qoydusa daha nə deyəsən etdiklərinə

Yaxud:

“В то давнее время, когда мир божий наполнен был лешими, ведьмами да русалками, когда реки текли молочные, берега были кисельные, а по полям летали жареные куропатки, в то время жил был царь по имени Горох” (9, s. 148).



Mətnin tərcüməsi:

“Qədim zamanlarda, o vaxt ki, Tanrının dünyası qulyabanilər, ifritələr, su pəriləri ilə dolu idi, çöllərin üzərindən isə bişmiş kəkliklər uçurdu, həmin dövrdə Noxud adında bir şah yaşayırdı”.

Ənənəvi formulları tədqiq edən folklorşünasların bu hadisə ilə bağlı müxtəlif fikirləri mövcuddur. Məsələn, N.M.Gerasimov “Rus sehrli nağıl formulları (Ənənəvi mədəniyyətin stereotipliyi və variantlılığı probleminə dair)” məqaləsində nağıl təkərləmələrini belə dəyərləndirir: “Elmi ədəbiy­yatda belə bir fikir formalaşıb ki, nağıllara məxsus giriş və sonluq təkər­ləmələrindəki qeyri-ciddilik rəvayət olunan mətnin real gerçəkliyə qarşı qoyulmasından, yəni uydurma olmasından xəbər verir”. Lakin nəzərə al­maq vacibdir ki, təkərləmə öz “gülüş” xüsusiyyəti ilə hər şeydən öncə nağılın ciddiliyini önə çəkir və dinləyicilərin diqqətini nağıl dünyasında baş verənlərin uydurma olması fikrinə deyil, onun nə qədər sərhədsiz və real həyatdan uzaq olduğuna yönəldir” (7, 21).

O.Əliyevin də təkərləmələrlə bağlı özünəməxsus fikirləri var. O “Azərbaycan nağıllarının poetikası” adlı əsərində bu haqda yazır: “Əsasən nağılın bədii formasını zənginləşdirməyə xidmət edən təkərləmələr dinləyiciləri maraqlandırmaq, fantaziya, xəyal aləminə keçid üçün zəmin məqsədilə işlədilir. Ahəngdar ifadəli, məzhəkəli, məzmunlu təkərləmələr zaman keçdikcə ağızdan-ağıza düşərək xalq nağılçıları tərəfindən müxtəlif dəyişikliklərlə işlədilmişdir” (6, 95).

Bir çox xalqların nağıl yaradıcılığındakı təkərləmələrə nəzər salar­kən aydın olur ki, bütün xalqların nağıl yaradıcılığında təkərləmələrin funk­siyası eynidir. Rumın, türk və rus nağıl təkərləmələrinin eyni funksiyanı icra etməsi qənaətinə gələn L.Q.Baraq bununla bağlı fikrini belə ifadə edirdi: “Türk, rumın və rus təkərləmələrindən gətirilən nümu­nələr göstərdi ki, təkərləmələrin nağıllardakı hadisələrlə heç bir əlaqəsi yoxdur. Onlar yalnız dinləyicinin nağılı qavramaq üçün xüsusi bir əhval-ruhiyyəyə yüklənməsini təmin edir. Onların funksiyası aydındır: dinləyicinin şən təbəssümü, yaxud gülüş partlayışı, söyləyici və dinləyici arasında müəyyən münasibət və sərbəstlik yaradır, bu isə dinləyicinin uzun nağılı dinləməsi üçün zəmin hazırlayır” (8, 43).

Türk və slavyan nağıllarında başlanğıc əksər formullarına nəzər saldıq. Müqayisələrdən belə bir nəticəyə gəlmək olur ki, türk sehrli nağıllarındakı başlanğıc formulları slavyan sehrli nağıllarının başlanğıc formullarından daha zəngindir.


Ədəbiyyat siyahısı:

  1. Abdulla B.A. Azərbaycan mərasim folkloru. Bakı, Qismət, 2005, 208 s.

  2. Azərbaycan nağılları. Beş cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005, 360 s.

  3. Azərbaycan nağılları. Beş cilddə. III cild. Bakı, “Şərq-Qərb”, 2005, 296 s.

  4. Azərbaycan nağılları. Beş cilddə. IV cild. Bakı, “Şərq-Qərb”, 2005, 336 s.

  5. Azərbaycan nağılları. Beş cilddə. V cild. Bakı, “Şərq-Qərb”, 2005, 304 s.

  6. Əliyev O. Azərbaycan nağıllarının poetikası. Bakı, Səda, 2001, 192 s.

  7. Герасимов Н.М. Формулы русской волшебной сказки (К проблеме стереотипности и вариативности традиционной культуры)

  8. Рощияну Н. Традиционные формулы сказки. М., Наука, 1974, 216c.

  9. Русские волшебные сказки Сибири. Новосибирск, Наука, 1981, 335 с.

  10. Украинские народные сказки. Перевел с украинского Г. Петников. М., Гослитиздат, 1955, 422 с.

  11. Boratov P.N. Zaman Zaman İçinde. 2 baskı. Ankara, İmge Kitabevi, 2009, 271s.

  12. Boratov P.N. Az Gittik Uz Gittik. 9 baskı, Ankara, İmge Kitabevi, 2006, 368.

  13. Boratov P.N. 100 Soruda Türk Halk Edebiyatı. İstanbul. Gerçek Yayınevi, 10 baskı, 2000, 294 c.

  14. Tezel N. Türk Masalları. Bilge Kültür Sanat, Ağustos, 2008, 528 s.

  15. S.Sakaoğlu. Masal Araştırmaları, Akçağ yayınlar, 4 baskı, Ankara 2010, 342 s.


Резюме

Статья посвящена инициальным формулам тюркских и славянских сказках. В сказках инициальные формулы выявляются особенно в двух формах: - формулы времени и формулы пространство. В сравнительном анализе выясняется что, в тюркских сказках больше использовано фор­мулы времени, а в славянских сказках часто встречается формулы прос­транство.



Summary

The article about beginning formul the Turks and the Slavs fairy-tale. In the fairy-tale have two form- time and space. In comparative the Turks and the Slavs fairy-tale known that the Turks fairy-tale have very form- time The Slavs fairy-tale have very form space form.


Açar sözlər: Türk, slavyan, nağıl, başlanğıc, formul, məkan, zaman

Ключевые слова: тюркские, славянские, сказка, начало, время, пространство

Key worlds: Turkish, Slavs, tale, beginning, time, space.
Rəyçi: f.e.n. dos. F. Musayeva

Nailə MƏMMƏDOVA

AZƏRBAYCAN BƏDİİ NƏSRİNİN POETİKASINDA

FOLKLORA MÜRACİƏTDƏ YENİLƏŞMƏ MEYLLƏRİ
Məsələnin qoyuluşu: Yazılı ədəbiyyatda, o cümlədən bədii nəsrdə folklor əsərin poetikasının əsas elementlərindən biridir.

İşin məqsədi: Azərbaycan bədii nəsrində folklor elementlərindən istifadənin nəzəri problemlərini araşdırmaq.

Açar sözlər: Mövlud Süleymanlı, Ramiz Rövşən, “Ağrı”, “Daş”, “Dəyirman”, “Şeytan”, “Köç”.
Altmışıncılardan sonra ədəbiyyata gələn nəslin qarşısında duran əsas problemlərdən biri özünün nəsr üslubunu tapmaq, nəsr texnologiyasına yeniliklər gətirmək, bədii axtarışlarının vüsətini genişləndirməkdən ibarət idi, çünki mövcud nəsr poetikasının görkəmli simalarınınn fonunda ədə­biyyata gəlmək, özünəməxsus estetik dünyasını formalaşdırmaq yeni nəsl üçün bir qədər çətin idi. Bu zərurəti ilk dərk edənlər Ramiz Rövşən və Mövlud Süleymanlı oldu və çox qısa bir zaman kəsiyində özünə­məx­sus bo­yalarla ədəbiyyata gələrək nəsrimizin aparıcı meyllərini müəyyən­ləş­di­rə bildilər. Məhz altmışıncıların ardınca R.Rövşən və M.süleymanlı ya­radıcılığı, hər şeydən əvvəl, nəsrin poetikası, obrazlar sistemi və təhkiyə (navarrie) baxımından özünəməxsusluq qazanır. Aydındır ki, Azərbaycan nəsrinin rastlaşdığı yeni gerçəkliklər yazıçıdan müasir təfəkkür tərzi ilə yanaşı poetika məsələlərində, obraz və təhkiyədə yeni bir mərhələnin baş­lanmasını şərtləndirirdi. Bu təmayül yeni nəsrdə və yeni nəslin yara­dı­cılığında folklora müraciətdə daha qabarıq görünür. Lakin bu folklordan istifadə əvvəlki nəslin yararlanmasından əsaslı şəkildə fərqlənir. Bu fərq S.Rəhimov, Ə.Vəliyev, Əbülhəsən ilə onlardan sonra gələn İ.Hüseynov, Anar, Elçin, S.Əhmədov yaradıcılığı arasındakı münasibətlərdən də xeyli dərəcədə fərqlənir. Artıq onların ilk əsərlərindən başlayaraq nəsrin daxili strukturundakı folklor və mifoloji düşüncə tərzi yeni bir başlanğıcdan xəbər verirdi. Burada məqsəd yalnız yazıçıların özünün nəsr poetikasını formalaşdırmaqdan ibarət deyil, həm də dünya ədəbiyyatında çox geniş yayılmış mifoloji təhkiyə, süjet xətlərini ədəbiyyata gətirməklə mifoloji qatları yaşatmaq, gerçək hadisələrə yeni baxış ifadə etmək, həqiqət olan şeyləri mifoloji aspektdə təsvir etməkdən ibarət olmuşdur. Ədəbiy­yatşü­nas M.İmanov yeni nəsrin bu keyfiyyətini nəzərdə tutaraq yazır: “Müasir Azərbaycan nəsrinin keyfiyyətcə dəyişib yeni mərhələyə qədəm qoyma­sında, psixologizm istiqamətində get-gedə dərinləşməsində mühüm rol oynayan lirizm bu nəsrin folklor ruhuna qayıtmasında da xüsusi əhə­miy­yət daşımışdır. Predmet və hadisələrin fərddə doğurduğu şairanə duyğular ön plana keçdikcə, yazıçılar istər-istəməz qəhrəmanların ruhu aləminin elə cəhətlərini də əks etdirməli olmuşlar ki, həmin cəhətlər adi məntiq, “real” düşüncə ölçülərinə sığmamışdır” (1, 89).

R.Rövşənin “Daş” povesti və “Ağrı” silsiləsindən olan hekayələ­rin­də xalq düşüncə tərzi, danışıq leksikonu və mifoloji qatlar yazıçının nəsr poetikasını zənginləşdirən elementlər kimi çıxış edir. Folklordan, mifolo­giyadan istifadə R.Rövşən hekayələrində bir neçə istiqamətdə baş verir. Bunlardan yazıçı təhkiyəsindəki folklor ruhunu xüsusi qeyd etmək lazım gəlir. Yazıçının təhkiyəsindəki nağılvarilik, obrazların, süjet xətlərinin mü­təhərrikliyi, canlılığı, emosionallığı, obrazın daxiıli-psixoloji aləmini təsvir etməsində bu amillərdən geniş istifadə edilir. “Belə-belə işlər” he­ka­yəsində yazıçı məhz bu təhkiyədən istifadə etməklə əsərin strukturuna folklor motivlərini hopdura bilmişdir. Hekayənin başlanğıcının nağıl üslubunda olması (nağıl dilinin yüyrək olması!) yeni bir düşüncə tərzi ilə yanaşı, Həsən kişinin başına gələn hadisələri təsvir çevikliyini də qazanmış olur: “ Həsən kişinin dünyada nəyi var idi? Bir kəhər atı var idi. Nəyi yox idi? Arvadı yox idi, uşaqları yox idi. Həsən kişi bu dünyada nədən qorxurdu? Özünün ölməyindən qorxurdu. Qorxurdu ki, bir gün ölər, kəhər at bu dünyada tək-tənha qalar. Kim bilir onda yazığın günü necə keçər? Həsən kişi bu dünyada day nədən qorxurdu?” (2, 323). Yaxud yazıçı Yetim Qulunun həayatını bütün dolğunluğu, təfərrüatı ilə təsvirdə yenə də nağıl təhkiyəsini seçir, az sözlə Yetim Qulunun həyat macərası ilə bağlı informasiya verir: “Yetim Qulu o qapıda, bu qapıda yetimçiliknən böyümüşdü; damdan yıxıla-yıxıla, çayda boğula-boğula, dünyanın bütün pis naxoşluqlarını çıxara-çıxara böyümüşdü. Ancaq damdan yıxılanda qıçı sınmamışdı, çayda boğulanda batıb ölməmişdi, o ki qaldı dünyanın bütün pis naxoşluqlarına , burada məsələ bir az qəlizləşir” (2, 329). Tənqidçi A.Məmmədovun “Beıə-belə işlər” hekayəsi ilə C.Məmmədquluzadənin “Eşşəyin itməkliyi” əsəri əsasında struktur-təhkiyə anologiyaları aparma­sında da məntiq vardır; belə ki, hər iki əsərdə süjetquerma və süjeti da­nışma təhkiyəsi arasında yaxınlıqlar bunu deməyə əsas verir (4, 185).

Burada və “Ağrı” silsiləsindən olan digər hekayələrdə məhz nağıl təh­kiyəsinin köməyi və obrazların daxili aləminin təsvirində folklordan istifadənin səmərələliliyi ilə Mikayıl kişinin, Piralı babanın, Həsən kişinin, Yetim Qulunun, zavallı Əlişin həyatı, taleyi, güzaranı, dərdi-səri ilə ilə oxucunu tanış edir, onun diqqətini bu talelərə yönəldə bilir. Bu heka­yələrdəki təhkiyə nağıllardan bizə tanış, doğma olan sadəlik yazıçının üs­lubunu formalaşdıran amilə çevrilir. R.Rövşənin hekayə qəhrəmanlarının xalq içərisindən çıxması, xalq həyatını, təbiətini yaşatması yazıçının bu­nunla xalq kədərini ifadə etməsinə şərait yaradır, ülliklə gələn xalq fa­ciəsini, sarsıntını, ağrını bədii düşüncədə yaşadır. Yazıçının folklordan təhkiyədə və obrazların yaradılmasında istifadə edən yazıçının yaradı­cılı­ğındakı bu xüsusiyyəti ədəbi tənqid də müşahidə etmiş və bu yararlan­manı təqdir etmişdi. Tənqidçi A.Hüseynov R.Rövşən yaradıcılığındakı bu yeniliyi nəzərdə tutaraq yazırdı: “Müharibə dövrünün əzablarından nə qədər əsər yazılmışdır, amma “Ağrı” silsiləsindən olan hekayələr onlardan dərhal seçildi, təsirləndirdi...İlk baxışdaca duyulan bənzərsizlik, qabarıq nəzərə çarpan yenilik təhkiyənin mahiyyətindədir, mayasındadır. Bundan əlavə müəllifin yazı tərzinə folklor ruhunun , dilimizin təbiətinin dərndən çökməsi də razılıq doğurur. Bu məziyyətlər yazını sadəcə olaraq cazibədar, rəvan, təbii etmir, həm də ona mənalılıq aşılayır” (3, 73).

Milli psixologiyanı bədii düşüncədə folklor motivləri ilə yaşatmaq R.Rövşənin “Daş povestində də orijinallıqla bədii həllini tapır. Məsələ burasındadır ki, R.Rövşən hqqında danışdığımız hekayələri kimi, bu əsərini də pritça formasında qələmə alınmışdır. Bu faktın özü yazıçının xalq düşüncə tərzindən necə istifadə etməsini şərtləndirir. Pritça forması povestdə cərəyan edən hadisələrin uzaqlığı, genişliyindən doğur və bu hadisələrin yalnız nağıl, pritçavari formada təsviri ilə bədii nailiyyət əldə etmək mümkündür. Yazıçının “Daş” povesti üçün seçdiyi təhkiyədə baş verən hadisələr nağılvari təsvir olunur; hadisələr arasındakı əlaqələr bir-birilə çox tez bağlanır, hadisədən-hadisəyə keçiddə nağıl üslubundan isti­fadə edilir. Yazıçı burada mühitin, zamanın fonunda yaşadığı dövrün icti­mai, sosial kolliziyalarını təcəssüm etdirmək üçün məhz bu formadan is­tifadəni əsas götürür. Yaşadığı dövrdən qırx il əvvəlin həyat tarixçəsinə-müharibə dəhşətlərinə bədii ekskurs edən yazıçı davadan qayıdan Müslü­mün ilk müşahidəsi onun görüşünə gələn kənd arvadlarının arıqlaması və sınıxması olur; “bədənləriynən əyinlərindəki donun arasındakı boşluğa” onun gözündən yayınmır. Müharibə dəhşətlərindən sağ çıxaraq kəndinə qayıdan Müslüm kişinin gördüyü bu boşluq reallıq idi və bu reallıq müəllif təhkiyəsində bu cür ifadə edilirdi: “...o boşluq bu arvadların canı­na sarmaşmışdı, bu arvadlar o boşluğu özləriylə gəzdirirdilər, o boşluğun içində yeriyirdilər, otururdular, dururdular...

Davadan qabaq əmisigilin evi bu qədər arvadın heç yarısını da tut­mazdı, ancaq indi bu ev dolmaq bilmirdi; hər gələn arvad özüynən bir yerdə öz canına sarmaşan boşluğu da gətirirdi və arvadlar çoxaldıqca bu ev elə bil bir az da boş görükürdü...” (2, 345).

Əlbəttə, davadan qayıdan Müslümün gördüklərini onun görüşünə gələn sədr Şərif də hiss edirdi, görürdü, lakin bu həyat ona tanış idi, Müs­lüm isə ilk dəfədir onları gördüyüdən yazıçı onun müşahidəsini ver­mişdir. Yazıçı bu kimi müşahidələrlə qəhrəmanın ömür yoluna nəzər salır, onun müharibədən əvvəlki, müharibə zamanı və sonrakı müşahi­dələrini bə­dii şə­kildə təsvir edərək zaman və məkanda onun mühit düşüncələri ve­rilir. Əli­şin ömür tarixçəsi, Həsən kişinin atına bağlılığını yazıçı rəvayət, yaxud nağıl üslubunda təsvir edir. Lakin burada folklordan istifadə yalnız təh­ki­yə ilə məhdudlaşmır, obraz və süjet xətlərinə də hoparaq əsərin təsir­lilik və mənalılığını da şərtləndirir. Bütün bunlar “Daş” povestinin xalq həya­tını vüsətliliyi, genişliyi və koloritliliyi ilə göstərməsinə imkan yara­dır.

Altmışıncılardan sonra ədəbiyyata gələn M.Süleymanlının nəsr yara­dı­cılığında da folklor və mifologiyadan istifadədə yeniləşmə meyllərini görmək mümkündür. Onun nəsr poetikasını şərtləndirən amillər içərisində nağılvari ritm, təfərrüat, intonasiya və folklor təhkiyəsi başlıca yerlərdən birini tutur. İlk hekayələrində və “Şanapipik” povestində olan folklordan yararlanma “Dəyirman” povestində bir qədər də formalaşır. Maraqlıdır ki, sosrealizmin hakim yaradıcılıq metodu olduğu bir zamanda “Dəyirman”da nağıl poetikasına müraciət edilir. Görünür yazıçı təsvir etdiyi hadisələrin gerçəkliklə (və yaxud sosrealizmlə!) üst-üstə düşmədiyini dərk edərək şüurlu şəkildə sosrealist təsvir metodundan imtina edərək nağılvari təhkiyəyə üstünlük vermişdir. Əsərin poetik sistemindəki bu yenilik dər­hal ədəbi tənqidin diqqətini çəkmişdir. Tənqidçi K.Abdullayev yazıçı nəs­rinin poetikasına gətirilən bu yeniliyə işarə edərək yazırdı: “Dəyirman” povestinin əfsanələrimizlə, nağıllarımızla qəribə səsləşməsi var” (5).

Əlbəttə, tənqidçinin müşahidəsi doğrudur, bu səsləşmə bir neçə isti­qa­mətdə özünü göstərir; dəyirman arxetipi özü nağıllarda xüsusi yer tutur. Bundan başqa povestin poetikası, təhkiyəsi, qədimdə əjdahaların suyun qabağını kəsməsi kimi elementlər bu səsləşməni bir qədər də artırır. Burada realist nəsrlə nağıl poetikası qovuşuq şəkildə təsvir olunur; bütün­lüklə əsərin daxili strukturunu əhatə edir. Bir çox epizodlarda müəllif nağıl estetikasına xas olan ideallaşdırma üsuluna və rəmzləşdirmə ele­ment­lərinə müraciət etməli olur: “Bir kötüyün qırağında üç oğlan oturt­muşdu, üçünün də barmaqları qızıllı, dişləri qızıllıydı. Boylarına görəy­dimi, qızıllı barmaqlarına, qızıl dişlərinə görəydimi, otutuşlarına, danışıq­larına görəydimi, nəydisə bir-birindən seçilmirdilər. Biri qanrılıb al yanaqlı, ağ xalatlı göyçək kababçını səslədi” (6,8).



Məlumdur ki, nağıl və dastanlarda Xeyir-Şər antitezasından geniş is­tifadə edilir. M.Süleymanlının “Dəyirman” povestinin konfliktinin əsasına qoyulan Xeyir-Şər antitezasının açılmasında da müəllifin realist-nağıl (əf­sanə) poetik sistemindən istifadə etməsi başadüşüləndir. Yazıçının “Yel Əhmədin bəyliyi”, “Şeytan” povestlərində də müasir nəsr poetikasına yeni elementlər daxil olur. Bu əsərlərdə nağılvari təfəkkür üzvi komponentə çev­rilmişdir. Əslində Latın Amerikası ədəbiyyatında çoxdan bədii əsər­lə­rin strukturunda yer tutan folklor motivlərinin nəsrimizdə bu şəkildə ifa­dəsi bir qədər gecikmiş təsir bağışlayır. Hətta sovet nəsrinə nəzər sa­lınsa belə folklorun ədəbi əsərlərin materialını, yaxud struktur kompo­nentlə­rindən biri kimi mövcudluğunun bədii təcrübəsi daha əvvələ gedib çıxır. Təkcə Ç.Ay­tmatovun əsərlərini götürmək kifayətdir ki, folklorun bədii dü­­şün­cədəki yerini müəyyənləşdirmək mümkün olsun. V.Şukşin, V.Ras­pu­­tin və başqa yazıçıların əsərlərində də folklor motivlərinə geniş yer ve­ri­­lir. Azərbaycan bədii nəsrinin 56-60-cı illər mərhələsində bir kom­ponent şəklində olan folklor motivləri M.Süleymanlı nəsrinin struktu­runda özünə yer edir. Yazıçı daha qlobal məsələlər qoyduqca folklor və mifologiyadan geniş istifadəni qarşıya məqsəd qoyur. Müasir dövrdə təsvir imkanlarının məhdudluğunu nəzərə alan yazıçı bir çox problemlərin ifadə olunmasında tarixi yaddaşın, yaxud folklorun, mifologiyanın kö­məyilə təsvir etməyə can atır. Ədə­biy­yatda bu təmayülü müsbət qiy­mətləndirən tənqidçi A.Əfən­diyev bu fikir­lərində haqlı görünür: “Bu baxımdan nağılvari tə­fək­kürdə bir müdriklik də vardır: dünya daim dəyişir, inkişaf edir, lakin dövr­lər, əsrlər arasında fərq olduğu kimi, daxili bağlılıq da mövcuddur, hər əsr digərinə bənzəmir. “...Biri vardı, biri yoxdu” kəlamı bütün zamanlara aid olan hadisələr, mü­naqişələr, psixoloji vəziy­yətlər arasındakı uyğunluğun, vəhdətin ifadəsidir. Nağılvari təfəkkürün ölməzliyi elə burasındadır” (7, 90).

Ədəbi prosesdə baş verən bu təmayülü tənqidçi A.Hüseynov da vaxtında hiss edərək, hazırda folklordan istifadə etmənin və istinad etmə­nin bütünlüklə İttifaq ədəbiyyatında , dünya bədii fikrində güclü olduğu qənaətinə gəlir və bundan faydalanmağın müxtəlif yollarını göstərirdi. Onun fikrincə, indi dəbdə olan “nağıl”, “mif”, “pritça” sözləri bəzən xalis metafora kimi səslənir, yazıçı xalq ədəbiyyatının formal əlamətlərinə, təhkiyə üsulunun zahiri elementlərinə əməl edərək əsərini nağıla, dastana bənzədir” (2, 178). Folklordan bu cür bəhrələnmə nəsrin nə strukturuna, nə də məzmununa elə bir yenilk gətirmir. M.Süleymanlı nəsrində isə folklor ruhu və poetikası yazıçının “bədii düşüncəsinin, həyatı estetik qavrayışının, üslubunun mayasında” duyulur. A.Hüseynovun folklor koloritinin M.Süleymanlının “Köç” əsərinin ruhuna hopması fikrini, “Yel Əhmədin bəyliyi” və “Şeytan” povestlərinə də aid etmək olar. Belə ki, məhz bu əsərlərin də ruhunu, poetik sistemini nağılvarilik, dastanvarilik təfəkkür tərzi əhatə edir. Bu cəhətdən “Köç” romanının strukturu, ritm və intonasiyası üzərində xüsusi dayanmaq lazım gəlir.

“Köç” romanında yazıçı xalqın kökünü, tarixi təfəkkür tərzini təsvir etmək üçün bilərəkdən elə bir bədii intonasiya seçmişdir ki, bu intonasiya ilə xalqın keçib gəldiyi tarixi inkişaf yolunu, baş verən hadisələri bədii sözün gücü ilə çatdıra bilir. Nağıllarda olduğu kimi romanda da təmsil olunan qüvvələrin bir tərəfində Xeyir, digər tərəfində isə Şər qüvvələr durur. Yazıçı bu iki qütbün müxtəlif konfliktlərlə əyaniləşən həyatı və düşüncələri üzərində qurmuşdur: “Üç yüz ildən çox idi Qarakəllə kökü ilə qanıq nəslinin arasında qan axırdı. Üç yüz il idi yan-yana qırıla-qırıla, təzədən cücərə-cücərə yol gəlirdilər” (8, 28).

Romanın ümumi axarını təşkil edən bu mübarizə əsər boyu konkret hadisə və kolliziyalarda müşayiət olunur. Bu hadisə və kolliziyaların əsasında da “biri vardı, biri yoxdu” təhkiyəsi durur. Yazıçı əsər boyu bu təhkiyəni qoruyub saxlamaqla, eyni zamanda, zamanın ritmini saxlamağa çalışır: “Göyüş atdan düşdü, yamacdan quzuqulağı, yemlik, quşəppəyi yığdı. At birdən-birə kişnəyib ayağını yerə döydü. Yamacdan bir tülkü çıxdı, itələnə-itələnə özünü dərəyə saldı. Göyüş quruyub qalmışdı. “Tülkü tüfəng görüb”. Öz tüfənginə baxdı, yəhərin qaşından asılmışdı. Üç atlı başının üstünü aldı.

- Tərpənmə Qarakəllə Göyüş!” (8, 29).

Burada keçmiş zamanda sintaktik bütöv şəklində sıralanan sözlər bir sistem təşkil edərək konkret hadisəni bütün varlığıyla canlandırır. Göyüşün atdan düşməsi, “quzuqulağı, yemlik, quşəppəyi” yığması, atın birdən-birə kişnəməsi, tülkünün özünü dərəyə salması və üç atlının onun başının üstünü alması hadisələri cəmi bir neçə cümlədə əhtə olunur. Yazıçı bütün bunlara canlı nitqin, danışıq dilinin mütəhərrikliyi sayəsində nail olur. Bu cür parçalar əsər boyu müxtəlif hadisələrin təsvirində istifadə olunmaqla hadisələrin bir-birini izləməsinə və tamamlamasına imkan verir. Düşmənin qarakəllə tayfasının qoyun sürülərinə hücum etməsi səhnəsi də eyni şəkildə canlı intonasiya ilə təsvir edilir: “Qutluğun yoğun, xırıltılı səsinə bayaqdan qanlı-qanlı ləhləyən qoyun itləri yerlərindən qopub özlərini atlıların üstlərinə saldılar, çaxnaşma düşüdü, itləri qamçıladılar. Atlıların üçü sürüyə çatdı. Beyrək çomağına çəkilib onların qabağını kəsdi. O biri atlıların qomarğasına düşmüş yoldaşını səslədi:

- Batıq, atları vur, çoxdular” (8, 71).

Təsvir olunan bu hadisə yalnız yazıçı dilinin səlisliyi, nağılvari poe­tik sistemi ilə gözlərimiz qarşısında əyaniləşir, baş verən hadisə bütün təfərrüatı ilə canlandırılır. Romanda yazıçı ümumiləşdirmə və rəmzləş­dirmə elementlərindən də geniş şəkildə istifadə etməklə əsərin poetik sistemində məntiqi ardıcıllığı davam etdirir. Bir dövrə, əsrə sığmayan hadisələri bəzən yazıçı, ümumiləşdirmənin gücü ilə cəmi bir neçə cüm­lədə ifadə edə bilir. Əsərdə sevənlərə (düşmən olsalar belə-bu da folk­lordan gələn kontrastlardır) buta verilməsi, insanların hadisələri öncədən görüb duya bilməsi, müxtəlif təbiət hadisələri (yağışın yağması, ildırım çaxması və s.), ən sağalmaz yaraların otun köməyi ilə (“Dədə Qorqud”da olduğu kimi) sağalması, insanın sınmış sümüklərinin yenidən bir-birinə yapışdırılaraq bitişdirilməsi və s. istifadə olunan folklor motivlərinin yalnız bir hissəsidir.

Qarakəlləlilərin əzəli yurduna dönüşünü təsvir edərkən də yazıçı rəmzlərdən geniş istifadə edərək yazır: “Yeddi bölük olub yeddi pay yer əkdilər. Qoşqar evindən toxum gətirməyə atlı göndərdilər. Yer şumladılar, toxum səpdilər. Yeddi gündən sonra Dədənin üstü də göyərdi, əkinlər də. Ağ dəvəylə başlanacaq qorxu yavaş-yavaş yaddan çıxırdı” (8, 71).

Yeddi rəqəminin xalqımızın mifik təfəkküründə xüsusi yer tutdu­ğun­dandır ki, yazıçı burada yalnız rəqəm alliterasiyası yaratmaq istəmə­mişdir, xalqın yaddaşındakı rəmzlərin mahiyyətini ifadə etməyə çalış­mışdır. Romandakı etnoqrafik informasiyaların, ekzotik epizodların geniş yer alması da yazıçının nəsr poetikasına zənginlik gətirir. Onun “Şeytan”, “Yel Əhmədin bəyliyi”, “Duzsuzluq” povestləri də poetik sisteminə, ayrı-ayrı hadisələrin təsvirinə görə xalq təfəkkürünə, onun ifadə formalarına yaxındır. Xüsusilə “Şeytan” əsərində müəllifin müraciət etdiyi fantas­ma­qoriya mövcud dünyanın, psixologiyanın qabarıq təsviri üçün seçilmiş ən yaxşı vasitədir. Yazıçı cəmiyyətdə olan Şeytan obrazını bütün təfərrüatı ilə təsvir etmək üçün folklora müraciət etmiş, xalq içərisində olan arxaik görüşlərin, təsəvvürlərin köməyindən istifadə etməyə çalışmışdır. Bütün bunlar M.Süleymanlının nəsr poetikasının formalaşmasında folklor motiv­lərinə ciddi əhəmiyyət verdiyini göstərən amillərdəndir.

Beləliklə, 70-ci illər nəsrinin iki görkəmli nümayəndəsinin yaradı­cılığı əsasında folklordan maksimum istifadənin yolları və imkanlarına nəzər saldıq. Ramiz Rövşən və Mövlud Süleymanlı yaradıcılığına müra­ciət onu deməyə əsas verir ki, bu dövr nəsrinin keyfiyyətcə yeniləş­mə­sində hər iki yazıçının folklor ruhunu yaradıcı şəkildə yaşatması, predmet və hadisələrə yeni düşüncə tərzi ilə yanaşması və arxaik təsəvvürlərin təsvirində folklor motivlərindən maksimum şəkildə yararlanmaları olmuş­dur.


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin