ƏDƏBİYYAT
Ədəbiyyatda şəxsiyyət konsepsiyası. Bakı, Elm, 2000
R.Rövşən. Nəfəs-kitablar kitabı. Bakı, Qanun, 2006
A.Hüseynov. Sənət meyarı. Bakı, yazıçı, 1986
Aydın. Ramiz Rövşən. Şeirdən gələn notlar. Azərbaycan, 1979, N 5
Abdullayev K. Dəyirmanın içi və çölü. Ədəbiyyat və incəsənət, 1979, 3 avqust
M.Süleymanlı. “Dəyirman”. Azərbaycan, 1979, N5, s. 13- 55
A.Əfəndiyev. Müdriklik səlahiyyəti. Bakı, Gənclik, 1976
M.Süleymanlı “Köç” (roman və povestlər). Bakı, Yazıçı, 1988
SUMMARY
Updating tendencies in refering to the folklore in poetics
of the 70th years literary prose
The main objective of Ramiz Rovshan and Movlud Suleymanlı who came to the literature after the writers of the sixties was to find and create their own style. In prose poetics formation of those writers the use of the new forms of folklore and mythological elements is felt.
In the stories of the cycle "Pain" and the story "Stone" by R. Rovshan, in the stories "Mill", "Satan" and the novel "Nomadic" by M. Suleymanli the maximum use of archaic thinking played a big role in enrichment of prose poetics of those writers.
Key words: Movlud Suleymanlı, Ramiz Rovshan, "Pain", "Stone" "Mill", "Satan", "Nomadic".
РЕЗЮМЕ
Тенденции обновления в обращении к фольклору в поэтике художественной прозы 70-х годов
Основной целью Рамиза Ровшана и Мовлуда Сулейманлы, пришедших в литературу после "шестидесятников», было найти и сформировать свой стиль. В формировании поэтики прозы этих писателей чувствуется использование новых форм фольклорных и мифологических элементов.
В рассказах цикла «Боль» и повести «Камень» Р.Ровшана, в повестях «Мельница», «Сатана», романе «Кочевье» М.Сулейманлы максимальное использование архаического мышления сыграло большую роль в обогащении поэтики прозы этих писателей.
Ключевые слова: Рамиз Ровшан, Мовлуд Сулейманлы, «Боль», «Камень», «Мельница», «Сатана», «Кочевье».
LALƏ FƏRƏCOVA
ŞƏXSİ ARXİVLƏRDƏ NAĞILLAR
Məsələnin qoyuluşu: AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun fondlarında saxlanılan şəxsi arxivlərdə nağıllar.
İşin məqsədi: şəxsi arxivlərdə saxlanılan nağılları üzə çıxarmaq.
Açar sözlər: Şəxsi arxiv, nağıl, Çəmənzəminli, Əli Nəzmi.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fondlarında saxlanılan şəxsi arxivlərdə digər folklor janrları ilə yanaşı, nağıllara da rast gəlinir. Şəxsi arxivlərdə saxlanılan nağıllar həm məzmun, həm də mündəricə baxımından tədqiqat üçün zəngin material verir. Bu arxivlərdə saxlanılan nağılların əksər hissəsi indiyə qədər nəşr edilməmiş və tədqiqata cəlb olunmamışdır.
Nağıllarla zənginlik baxımından böyük ədib Yusif Vəzir Çəmənzəminlinin və Əli Nəzminin şəxsi arxivləri xüsusilə diqqəti cəlb edir. Əli Nəzminin arxivindəki nağıllarla tanışlıq göstərir ki, ədib həm nağılları yazıya almış, həm də onlardan bəzilərini nəzmə çəkmişdir.
Əli Nəzminin arvixində saxlanılan “Qara vəzirin hekayəsi” belə başlanır:
Keçmişdə İsfahanda Qara Vəzir adlı bir pəhləvan varmış. Onun Mələk adlı çox gözəl bir qızı varmış. Qız çox gözəl olduğundan ona padşahlar və padşah oğlanları çox elçilər göndərirmişlər. Ancaq Qara Vəzir bu qızı heç kəsə vermək istəmirmiş...
Nağılın qısa məzmunu belədir:
Qara Vəzir qızı 10 metr qalın divarlı qalada saxladır, ona tilsimlə kişilikdən salınmış bir qul xörək və çörək aparır. Bir gün qız atasının otağında sandıqdan öz şəklini tapır. Amma o heç vaxt şəkil çəkdirməyib deyə şübhəyə düşür. Qoca qulu çağırıb ondan zorla öyrənir ki, bu onun anası, Çin padşahının qızı Sənubərin şəklidi. Qul Sənubərin əhvalatını danışır. Onlar sevişib, Çindən qaçaraq bura gəliblərmiş. Evlənmək istəyəndə Qara Vəzir araya girib, qulu tilsimlə xədim elətdirir və onlar evlənə bilmirlər. Sənubəri isə nikahsız arvad edir. Sənubərlə Qara Vəzirin bir qızı olur. Qul Sənubərin şəklini çəkir, özünü isə öldürüb çaya atır. On beş yaşa çatanda Qara Vəzir öz qızı Mələk xanıma deyir ki, səni heç kimə verməmişəm, çünki özüm üçün bəsləmişəm. Mələk ondan möhlət istəyir. Qulu çağırır və onlar cindar Abid adlı tislimkar alimi çağırtdırırlar. 200 tümənə ondan 20 gün dərs öyrənib tilsim bacarır. Sonra Qara Vəziri aldadıb qaçır. Başına uzun-uzadı macəralar gələndən sonra Rüstəm adlı bir igidə ərə gedir və onlar intiqam almaq üçün Qara Vəzirin yanına qayıdırlar. Rüstəmlə Mələk seçmə qoşunla İsfahana hücum edib, Qara Vəziri öldürürlər (1).
Digər nağıllarda olduğu kimi bu nağıl da nikbin bir sonluqla qurtarır:
Qarı qızın sözünü yerinə yetirəndən sonra Mələk o qarını da öldürdü. Mələk öz sevgilisi Rüstəmi atasının yerində padşah tikdi, o da Mələklə bərabər camaatla ədalətlə dolanmağa başladılar.
“Simanın nağılı” isə belə başlanır:
Dəşgüvar adlı bir padşah varmış. Oğlu olmurmuş. Rəmmalı çağırıb rəml atdırır…
Nağılın qısa məzmunu:
Rəmmal deyir ki, oğlan uşağı dünyaya gəlib, səni öldürəcək. Cəlladları göndərib anadan olan oğlan uşaqlarını öldürtməyə başlayır. Bağda dərdli-dərdli oturub xəyala daldığı vaxt Bağban arvadıyla razılaşır ki, bu dəfə oğlu da olsa, qızı da olsa padşaha verəcək. Bağbanın qaşı-saçı kirpiyi olmayan ət kimi bir oğlu olur. Padşah hirslənir, Rəmmaldan öyrənir ki, bu elə həmin uşaqdır. Uşağı və anasını çaya atmağı əmr edir. Ancaq adamları uşağın anasını çölə buraxıb, uşağı da qoyurlar qurd-quş yesin. Simurq quşu onları xilas edir. Uşağın adını Siman qoyurlar. Siman Mauqli kimi meşədə böyüyür. Bir gün Simurqun balalarına hücum edən əjdəhanı öldürür. Simurq əjdahanın ətini öz balalarına, ürəyini Simana yedirir. Sonra Simanla anasını bir çobanın yanına gətirir. Siman on beş yaşa çatana qədər burada qalır. Sonra başına müxtəlif əhvalatlar gəlir, nəhayət cəngdə padşahı məğlub edir.
Nağıl belə bitir:
Siman şəhəri camaatın özünə tapşırıb, çıxıb gəldi anasının yanına. Gördülər ki, çoban böyük bir imarət tikdirib. Onlar orada birlikdə yaşamağa başladılar (2).
“Əliyar və dovşan” nağılının qısa xülasəsi belədir:
Bostançının oğlu Əliyar atasının xana saxladığı qovunu yaxşı qoruya bilməyir, dovşan qovunu yaralayır. Xan da bunun üstündə bostançını cəzalandırır.
Əliyar ilə dovşan gedib xanı kor edirlər. Xan gecə çöldə qalır və onu qurdlar dağıdıb parçalayırlar. Bununla da xalq xanın şər-xatasından qurtarır (3).
“Adam, ilan, tülkü” nağılının da qısa məzmunu verilir:
Bir adam meşədə qutu içində yatmaqda olan ilanı xilas edir…
Kişi ovçulara pul verib, tülkünü satın alıb onu azad edir.
“Hiyləgər, tənbəl Naxnəzər” nağılının qısa məzmunu belədir:
Naxnəzər adlı tənbəl bir kişi varmış. Həmişə evdə yatarmış…
Arvad qapını açıb gördü ki, tülkü gəlib. İçəri apardı qızıl-gümüşləri və ipək parçaları görüb şad olub əri ilə barışdı.
“İsanın nağılı” isə tam mətnli kiçik nağıldır. Belə başlanır:
Keçmişdə bir şəhərdə Tuba adlı yoxsul qarı varmış. Bu qadının ancaq İsa adlı bir yetim nəvəsi və bir baş da süd verən keçisi varmış…
Nağıl belə qurtarır:
Onları tələf elədi və bir yekə daş da şahın başına salıb onu öldürdü. Əhali bu zalım şahın və onun darğasının əlindən qurtardılar (4).
“İbrahimin nağılı” həcmcə iridir. Belə başlanır:
Bir şəhərdə iki qardaş varmış. Birinin adı Əhməd, digərinin adı Məhəmməd. Bunlar çox varlı imişlər. Ancaq bunların heç birinin övladı olmurmuş…
Çöldə gəzərkən bulaqdan alma tapırlar. Onu yeyəndən sonra övladları dünyaya gəlir.
Nağıl bu cür bitir:
Padşahın qızı ilə olan əhdi də ona söylədi. Təzədən toy edib öz muradlarına çatdılar (5).
“Kəl Həsənin nağılı” tam mətnlidir. Nağıl belə başlanır:
Keçmişdə Bəndər şəhərində Əhməd adlı kasıb bir kişi vardı. Əhmədin Nisa adlı arvadından başqa heç bir kəsi yox idi. Onların övladı olmurdu…
Digər nağıllarımızda olduğu kimi, bu nağılda da almanı yeyəndən sonra onların bir oğlu olur.
Nağıl nikbin sonluqla bitir:
Həmən bir məşhur, təmiz, ədalətli adam tapıb şəhərdə padşah tikdi. Yeddi gün yeddi gecə toy edib, şərəflə Pərini nikah elədi (6).
XX əsrin əvvəllərində bir sıra hallarda folklor materialları yenidən işlənib müəllif variantında yazılı ədəbiyyata gətirilmək üçün toplanırdı. Məsələn, Əli Nəzminin arxivində belə materiallara rast gəlirik. Ədib “Xəlifə Harun və ağsaq kəndli” nağılını məhz bu məqsədlə toplayıb nəzmə çəkmişdir. Nağıl belə başlanır:
Xəlifə ən böyük bir hökmdardı,
Bağdadda çox yurdu, çox qəsri vardı.
Qoşunu, cəlalı artıqdı həddən,
Çox idi şahlardan ona baş əyən.
Xəlifə Harun əzazil şah idi. Bir gün günortadan sonra sadə dərviş paltarı geyib şəhəri gəzməyə çıxır. Şəhərin bir ağaclığında ağsaq qoca yolçuya rast gəlir.
Nağıl belə sona çatır:
Bu hökmün əksinə hökm edərdi kim?
Harun razılaşdı hakim ilə şən,
Dedi, çox şükür, həm fəxr edirəm mən
Ki, mənim dövrümdə səntək hakim var.
Kamil əql öyrədən, bilikli,
Hakim qəsrinə edərək dəvət,
Verdi Harun ona böyük bir xələt.
Əıi Nəzminin nəzmə çəkdiyi ikinci nağıl “Nənənin nağılı”dır.
Nağıl belə başlanır:
Bizim Nülufər Həsən
Bir uşaqdı ruhlu, şən.
Oxumağa gedirdi,
Dərslərə səy edirdi.
O çox nağıl sevəndi,
Diqqətlə dinləyəndi.
Əli Nəzminin topladığı nağıllardan yalnız bu nağıl uşaqlıqdan yaddaşımızda qalmış “Göydən üç alma düşdü” motivi ilə qurtarır:
Göydən üç alma düşdü,
Nənə, nəvə bölüşdü.
Həsən almanı yedi:
Ay nənə sağ ol, dedi (7).
Yusif Vəzir Çəmənzəminlinin arxivində F.21, s.v.311 şifri ilə saxlanılan 8 səhifəlik nağıl “Al toxmağım, vur toxmağım” adlanır. Nağılın mətni bütövdür. Qısa məzmunu belədir:
Yoxsul bir kəndli ailəsi – kişi, arvad və yeddi qız. Arvad acıqlı:
Tez ol get odun gətir, sat çörəyə ver, uşaqlar acdırlar.
Qızların hərəsi bir tərəfdə oturub, çörək adı eşitdikdə ağızlarını marçıldadırlar. Kişi tənbəl bir halda yerindən qalxıb, balta və kəndirini yığışdırıb, evdən çıxır. Meşəyə gəlir. Girəcəkdə tora düşmüş bir quş görür. Quş kişiyə deyir:
− Ay kişi, məni buradan qurtar, mən sənə gözəl nəğmələr oxuyum.
Kişi balta ilə toru qırıb, quşu qurtarır. Quş uçub bir budağa qonur və oxuyur. Quş mahnısını qurtarandan sonra kişi deyir:
− Nəğmən çox gözəldi, ancaq ac qarını doydurmur.
Quş deyir:
− Sağ tərəfə gedərsən, orada bir təpə var, təpədə bir qazan var, onu apararsan, hansı xörəyi istəsən ondan çıxar.
Kişi gedib qazanı tapır, onu evinə aparır. Evdə hamı oturub qazandan çıxan xörəkləri yeyir. Üstündən də bir salxım üzüm çıxarıb yeyirlər.
Bir gün xanın fərraşları xəbər tutub qazanı onlardan alıb aparırlar. Kişi yenə balta-kəndir götürüb oduna gedir. Quşu budaqda görür. Quşa deyir:
− Ay quş, atam sənə qurban, qazan getdi.
Quş deyir:
− Sol tərəfə gedərsən, çayın qırağında bir keçi görəcəksən. Onu apararsan, “keçi – keçi, peçi – peçi” deyərsən, istədiyini verər.
Kişi gedib keçini tapır. “Keçi – keçi, peçi – peçi” deyən kimi onun quyruğunun altından qızıl tökülür. Keçini evə gətirir. Evin ortasına qoyub arvadı və qızları başına yığır. Həmin sözləri deyir. Keçi qızıl tökür. Bunu molla bilir. Evə gəlib deyir ki, bu keçi şeytan əməlidi. Mollanın adamları keçini götürüb gedirlər. Kişi yenə oduna gedir. Quşa rast gəlir və deyir:
− Keçi də mollaya qismətmiş.
Quş bir ağacı göstərib deyir ki, ordan bir toxmaq asılmışdır. Götür, “Al toxmağım, vur toxmağım” de. Saxlamaq istəsən “Dur toxmağım” de. Kəndli toxmağı götürüb mollanın evinə gedir. Toxmağı yerə atıb “Al toxmağım, vur toxmağım” deyir. Kəndli toxmağı da, keçini də götürüb xanın evinə gəlir. Qazanı da ondan alıb şad-xürrəm öz evinə gəlir (8).
Yusif Vəzir Çəmənzəminlinin arxivində 6 səhifəlik bir adsız nağıl var. Mətn Yusif Vəzir Çəmənzəminlinin öz xətti ilə yazılmışdır. Nağılın “Yusif və Züleyxa” motivləri əsasında yazıldığı aydın görünür. Onun qısa məzmunu belədir:
Padşah səfərdə olarkən sarayında qaranquş yuva salır. Dişi qaranquş ölür, erkək qaranquş özünə təzə dişi tapıb gətirir. Təzə dişi qaranquş ölmüş quşun balasını yuvadan salıb öldürür, özü təzədən bala çıxarır. Padşahın arvadı bunu görüb kədərlənir və deyir ki, xəstəyəm, öləcəyəm, ögey ana mənim də uşaqlarımı belə edəcək. Ər-arvad, kim ölsə bir daha evlənməmək haqqında əhd-peyman bağlayırlar. Arvad ölür. Padşah bir müddət evlənmir. Nəhayət, vəzir-vəkil onu evləndirirlər. Padşah cavan qız alır. Bu arvad böyük oğula vurulur, amma padşahın oğlu xəyanətə razı olmur. Bu zaman qadın oğlanı şərə salır. Cəlladlar qarğa qanı ilə uşağın paltarlarını isladıb, özünü buraxırlar. Daha sonra başqa şəhərə gedən padşah oğlunun başına dövlət quşu qonur (9).
Nağılların məzmunu çox zəngindir. Onlar həyatın bütün sahələrində aid olub, ibrətamiz təcrübə qaynaqlarıdır. Sonuncu nağılda təzə qaranquş ölmüş quşun balasını yuvadan salıb, özü onun yuvasında bala çıxarır. Bu mövzu həyatdan götürülmüşdür və insanlar gördükləri bu hadisələri nağıllaşdırıb nəsildən nəsilə ötürərək yaşatmışlar. Ona görə də şəxsi arxivlərdəki nağılların nəşr edilib müasir oxuculara çatdırılması mühüm məsələlərdən biridir.
Müşahidələr göstərir ki, şəxsi arxivlərdə zəngin nağıl fondu var. Onların əksəriyyəti mükəmməl mətnlər olub, müasir nəşrlərə də düşmüşdür. Nəşrlərə düşməyən nağıllar da mövcuddur. Onlar Azərbaycan folklor xəzinəsini tamamlamaq baxımından diqqətdən kənarda qalmamalıdır.
İşin elmi yeniliyi: Şəxsi arxivlərdə xeyli sayda nağılların saxlanıldığı üzə çıxarılmış, onlardan bəzilərinin mövcud nəşrlərə düşmədiyi müəyyənləşdirilmişdir.
İşin elmi əhəmiyyəti: Azərbaycan folklorunun, o cümlədən nağılların tədqiqində bu materiallardan istifadə etmək olar. Həmin nağılları növbəti nəşrlərə daxil etmək də faydalı ola bilər.
ƏDƏBIYYAT SIYAHISI:
1. AƏ. Əli Nəzminin şəxsi arxivi. F.11,s.v.64
2. AƏ. Əli Nəzminin şəxsi arxivi. F.11,s.v.65
3. AƏ. Əli Nəzminin şəxsi arxivi. F.11,s.v.67
4. AƏ. Əli Nəzminin şəxsi arxivi. F.11,s.v.42
5. AƏ. Əli Nəzminin şəxsi arxivi. F.11,s.v.68
6. AƏ. Əli Nəzminin şəxsi arxivi. F.11,s.v.69
7. AƏ. Əli Nəzminin şəxsi arxivi. F.11,s.v.42
8. AƏ. Y.V.Çəmənzəminlinin şəxsi arxivi. F.21. s.v. 311.
9. AƏ. Y.V.Çəmənzəminlinin şəxsi arxivi. F.21. s.v. 326.
Лале Фараджева
СКАЗКИ В ЛИЧНЫХ АРХИВАХ
В личных архивах сохранившихся в фондах Института Рукописей НАН Азербайджана в ряде с другими фольклорными жанрами встречаются и сказки. Это говорит о том, что азербайджанские писатели всегда заинтересовались собранием и изданием фольклорных материалов.
В данной статье выявлены сказки, сохранившихся в личных архивах Ю.В.Чеменземинли и Али Незми. Некоторые из этих сказок впервые привлечены к исследованию. Показаны, что для дополнения фольклорных изданий выявленные тексты имеют большое значение.
Ключевые слова: личный архив, сказка, Чеменземинли, Али Незми
Lala Farajova
Tale in private archives
Summary
In the funds of the Institute of Manuscripts named after M.Fuzuli of ANAS the tales were came across beside the other folklore genres. It shows that Azerbaijan writers were always interested in the collection and publication of folklore. In this article the tales that were kept in the private archives of Y.V.Chamanzaminli and Ali Nazmi are brought to light, some of them are drawn to the investigation for the first time.
Aygün VƏKİLOVA
Azərbaycan Dövlət İqtisad Universiteti
AZƏRBAYCAN VƏ FRANSIZ FOLKLORUNDA
KİÇİK JANRLARIN MÜQAYİSƏLİ TƏHLİLİ
Azərbaycan və fransız folklorunda kiçik janrların müqayisəli təhlili problemi kifayət qədər geniş əhatə dairəsinə malikdir və onun müxtəlif istiqamətlərdən öyrənilməsi olduqca aktualdır. Azərbaycan və fransız folklorunda tarixi gerçəkliyə münasibətin bir neçə istiqaməti özünü göstərir: oxşar hadisələrə oxşar münasibət; oxşar hadisələrə fərqli münasibət; fərqli hadisələrə oxşar münasibət; fərqli hadisələrə fərqli münasibət. Bu oxşarlıqları belə xarakterizə etmək mümkündür: hadisələrin oxşarlığı; münasibətlərin oxşarlığı. Məqalənin məqsədi bu məsələyə iki müstəvidən yanaşmaqdır: birincidə folklorun kiçik janrlarının qaynaqlandığı hadisəvi əsas, ikincidə isə həmin əsasda yaranan folklorun ifadə etdiyi münasibət forması təhlil olunmuşdur.
Məsələnin qoyuluşu. Vulqar və kobud ifadələr ən çox söz ehtiyatının kasıb olması ilə əlaqədar savadsız, dar düşüncəli adamlar arasında işlədilir. İki savadlı, ziyalı şəxsin bir-birinə qəzəbdən doğan emosiyanın təsiri ilə dedikləri təhqiramiz sözlərin ifadə tərzi ilə iki çobanın qəzəbdən bir-birini təhqir etməsi sözsüz ki, çox fərqlidir. Belə ki, nə qədər əsəbi olsalar da, bu ziyalılar öz mənliyini, öz mövqeyini unutmayaraq müəyyən çərçivə daxilində, ürəklərini boşaldırlar, lakin əksinə çobanın heç nəyi vecinə almayaraq, elə bəri başdan dediyinin fərqinə varmadan bir-birinə ağzına-gözünə gələni deyib sakitləşirlər. Bəlkə də, buna görə bəzən ağzının sözünü, danışığını bilməyən adamlara «əşşi, ona nə var ki, çoban kimi şeydir, o nə qanır ədəblə danışmağı?» deyirlər.
Açar sözlər: kiçik janrlar, Azərbaycan folkloru, fransız folkloru, tipologiya
Kobud ifadələr adətən iki yaxın dost arasında, ailə daxilində və ya hər şeydən məhrum, zillət içində yaşayanlar arasında işlədilir, lakin ictimai yerlərdə, nəzakət qaydalarına riayət etmək tələb olunan yerlərdə kobud ifadələr çox nadir hallarda işlədilir. Bizim milli mentalitetimizə uyğun olaraq, ümumiyyətlə, qadın, uşaq olan yerlərdə, metroda, avtobusda, təyyarədə və ya qatarda gedərkən camaat arasında kobud ifadələr, vulqar sözlər işlətmək olmaz.
Kobud ifadə və qarğışlar ən çox adi adamlar və ən çox da həyatı ağır keçən adamlar arasında tez-tez baş verir. Ümumiyyətlə, kobud ifadələri doğuran əsas səbəblər elə çətinliklər, uğursuzluqlar, ziddiyyətlərdir.
Kobud ifadələri, əsasən hər iki dildə rast gəlindiyi kimi iki yerə bölmək olar:
1. Ayrı-ayrı sözlər
Məsələn fransız dilində:
cocu-arvadı tərəfindən aldadılmış ərə;
salope, salopard - pinti, əxlaqsız qadına və kişiyə deyirlər.
Eləcə də Azərbaycan dilində olan:
binamus, biqeyrət mənasında olan «oğraş» və ya pis yola gedən, pinti, əxlaqsız küçə qadınlarına deyilən «fahişə», «cındır» sözləri ayrı-ayrı işlədilən kobud sözlərdir.
2. Təhqiramiz ifadələr
Bunlar da hər iki dildə mövcuddur və çox işlədilir. Məsələn fransız dilində:
Va te faire enculer! (1, 116) - təhqiramiz bir ifadədir. Araşdırma nəticəsində bir onun Azərbaycan dilində:
- Əşşi, get tullan ey! Get tullanmağının dalınca! Və yaxud «sürüş (əkil) burdan!» kimi ekvivalentlərinə rast gəlirik. Və yaxud 1. Ça va pas la tite? (f.v.) (1, 116), Başın yaxşı deyil? (h.t.), Başın işləmir? Başın xarabdır? (az.v.), 2. Tu vas voir ta gueule! (f.v.) (1, 116), İndi ağzını görəcəksən! (h.t.), Ağzını cıraram! Ağzını vurub partladaram! (az.v.), 3. Que tu as une sale gueule!(f.v.) (1, 116), Sənin nə çirkli ağzın var! (h.t.), Sənin nə pis (murdar) danışığın var! (az.v.) 4. İl a une queule de vache! (f.v.) (1, 116), Onun ağzı inək ağzıdır (h.t.), Onun danışığı kobuddur, danışığını bilmir (az.v.), 5.Ta gueule! Ferme ta gueule! (f.v.) (1, 116), Ağzını yum! (h.t.), Bağla ağzını, yum ağzını! (az.v.)
Kobud ifadələri, təhqiramiz sözləri və söyüşləri demək olar ki, hər iki xalq eyni fikir ifadələri ilə işlədir. Adicə bizim Azərbaycan dilində işlətdiyimiz -İtin biri it! İt oğlu it! Fransız dilində də eyni cür işlədilir.
- Chien, fils de chien! (1, 116)
Kobud ifadə və sözlərin funksiyası, istər fərdi olsun, istərsə də ümumi fərqi yoxdur kimisə (kimlərisə) abırdan salmaq, alçaltmaq, qiymətdən salmaq, bir sözlə, təhqir etməkdir.
Buna görə də kobud ifadələri məzəmmətlə və ya hədə-qorxu gəlmək məqsədilə yalandan hay-küy eləməklə səhv salmaq olmaz.
Kobud ifadələr bəzən reallığı belə təhrif etməyə qadirdir. Kobud ifadələr onun xarakteridir. Əvvəllər, keçmişdə mövcud olan bəzi cəmiyyətlərdə (Qədim Yunanıstan, XVII əsr fransız aristokratiyası) hətta natiqlik istedadı, hazırcavablıq nümayiş etdirilən yarışlarda kobud ifadələr işlətməyə yol verilir, bəzən vulqar kəlmələr də işlədilirdi və buna sadəcə oyun kimi, yarış kimi baxdıqları üçün bu söz və ifadələri pis yozmur və təhqir hesab etmirdilər.
Kobud ifadələri, söyüşü yaradan əsas səbəb - maneədir. Kimisə həmişə ya danışanı başa düşmədiyi üçün, ya onun əksinə getdiyi üçün və yaxud da həmin adama qarşı haqsızlığa, ədalətsizliyə yol verdiyi üçün kobud ifadələrdən istifadə edib təhqir edirlər.
Qarğışlar insanın düşdüyü vəziyyətlə, onların müəyyən hadisələrə olan psixi reaksiyaları, hər şeydən əvvəl nidaları ilə bağlıdır. Qarğış, lənət yağdıranda fərqi yoxdur hansı dildədir, hansı xalqın nümayəndəsi tərəfindən olursa olsun, həyəcanla, emosiya ilə və ya sadəcə qışqıra-qışqıra deyilir. Bütün bunlar nida ilə bağlıdır. Daha doğrusu, hər bir qarğış özü elə nidadır. Cəmiyyətin bütün inkişaf dövrlərində kimin hökmranlıq etməsindən asılı olmayaraq nəzakət, ədəb xatirinə «qros mots» - «kobud sözlər» adlanan ifadələrin istifadə olunması qadağan edilmişdir. Eləcə də «elita», yəni yüksək (ali, yuxarı) təbəqədə, aristokratlar arasında işlənən danışıq dili həmişə öz təmizliyi (yəni vulqar, kobud sözlərin işlədilməməsi) etibarı ilə aşağı təbəqə (savadsız, qara camaat, kütlə) işlətdiyi dildən fərqlənmişdir. Belə ki, nəzakət qaydalarının təbirincə desək, insanda ağılla, şüurla işlədilən söz gözəldir və nəcibdir, lakin bədənlə əlaqədar, ələlxüsus bədənin müəyyən hissələrinin, onların fəaliyyətinin adlarının çəkilməsi, onlar haqqında danışmaq kobuddur və qadağandır. Bu zaman yalqız evfemizmlərdən (yəni həqiqətən kobud və vulqar olan sözlərin daha ədəbli və yumşaq sözlərlə əvəz olunması) istifadə etmək qəbul edilmişdir. Məsələn bizim dilimizdə də heç vaxt ədəbli adam «əxlaqsız», «küçə qadını»ndan söhbət gedirsə onu məhz «ayağı sürüşkən», «yüngül əxlaqlı və ya əxlaqsız» kimi sözlərlə adlandırır, adi danışıq dilində həmin qadına verilən biabırçı, nalayiq kəlmələrdən istifadə etmir, halbuki, bu səviyyəsi aşağı olan adamların çox sərbəst işlətdiyi və heç onu işlətmək olar və ya olmaz haqqında belə düşünmədiyi adi sözlərdir.
Kobud ifadələr ən çox insanın hirsli, qəzəbli hallarında mənfi emosiyaların təsiri ilə üzə çıxan, və bir növ insanı bu mənfi enerjidən, yükdən azad etmək məqsədilə işlədilən sözlərdir. Bu özü bir növ insanın sağlamlığının «terapiyası» rolunu oynayır. Adamın el arasında deyildiyi kimi, «ürəyi boşalır, sakit olur», amma ədəb, nəzakət xatirinə susub kobud söz işlətməyə, qəzəbini ifadə edə bilməyən (bunu söyüş və ya kobud sözlə ifadə etmək mümkün olan şey deyil) şəxs isə mənəvi cəhətdən «sözü ürəyində qaldığı üçün» həm ürəyi, həm başı ağrımaqla, qan təzyiqi artıb halı pis olmaqla əzab çəkir, çünki, o, mənfi emosiyaları, mənfi enerjini özündə saxlayır, başqalarından fərqli olaraq, ədəb və nəzakət xatirinə mənəvi əzab çəkir, öz mədəniyyətinin «qurban»ı olur.
Xalq öz tanrısına üz tutaraq istək və arzularını, sevinc və nifrətlərini müxtəlif üsullarla birləşdirmiş və nəticənin yaradan tərəfindən hasil olacağına inanmışdır. İnsanlar öz xeyirxahına xoş arzular diləyir, bədxahını bəd dualarla qarğayır və nifrinlər yağdırır. Onu da qeyd etmək lazımdır ki, məhz Şəki ərazisində yaşayan əhali arasında alqış və qarğışlara inam güclüdür və onlar qarğışların kəsərindən qorxurlar. Xalqımız inanırdı ki, sutkada uğurlu-açıq saatlar və uğursuz-bağlı saatlar mövcuddur ki, onlar insanların taleyində böyük rol oynayırlar. Saatın açıq vaxtında edilən alqış və xeyir-dualar həyata keçir. İnanılır ki, özündə ata-ana alqışı olan adama zaval toxunmaz. Saatın bağlı vaxtında isə adama edilən bəd dualar, qarğış və nifrinlər onun başının üstünü alır və bütün işləri nəhs gəlir. Adamlar öz övladlarına iki ad verər və bu adın birini gizli saxlayardılar. İnam var idi ki, belə adamlara qarğış keçmir.
Fransız dilində də Azərbaycan dilində olduğu kimi, ayrıca «Bénédiction»-alqışlar və «Malédiction»-qarğışlar vardır. Hər bir xalq öz arzu və istəyini, kin-küdurət və nifrətini özünəməxsus xüsusi tərzdə ifadə edir. Lakin elə arzu və istək, elə qarğışlar vardır ki, bütün dünya xalqları tərəfindən eyni sözlərlə ifadə olunur. Məsələn fransız dilində olan bəzi alqışlarla bizim dilimizdə işlənən alqışlara nəzər salaq: 1.Que le Dieu vous qarde (f.v.) (2, 115); Kaş Allah sizi qorusun (h.t.); Allah sizi saxlasın (az.v.) 2. Que le Dieu te garde de maivais regards (f.v.) (2, 115), Kaş Allah səni pis baxışlardan qorusun (h.t.), Allah səni pis (gözdən) nəzərdən saxlasın (az.v.) 3.Que je sois victime de ton nom (f.v.) (2, 117), -Kaş mən sənin adının qurbanı olum (h.t.), Adına qurban olum! (az.v.) 4.Que même une pierre ne touche pas à ton pied (f.v.) (2, 115), -Kaş, hətta bir daş belə sənin ayağına toxunmasın (h.t.), Ayağına daş dəyməsin (az.v.). 5. Que ta poche soit pleine d’argent (f.v.) (2, 119), Kaş sənin cibin pulla dolu olsun.(h.t.), Cibin dolu olsun! (az.v.); 6. Que le Dieu garde vos enfants (f.v.) (2, 119), Kaş Allah sizin uşaqları qorusun (h.t.), Allah balalarınızı saxlasın!(az.v.). 7. Que le Dieu te pardonne (f.v.) (2, 116), Kaş Allah səni bağışlasın (h.t.), Allah günahlarından keçsin (az.v.). 8. Que l’étoile de ton bonheur brille toujours (f.v.) (2, 116), Kaş sənin xoşbəxliyinin ulduzu həmişə parlasın (h.t.), Bəxt ulduzun həmişə işıqlı olsun (az.v.). 9. Soyez heureux (f.v.) (2, 119), Xoşbəxt olun (h.t.), Xoşbəxt olun! (az.v.) 10. Que toutes les portes fermées s’ouvrent devant toi (f.v.) (2, 117), Kaş bütün bağlı qapılar sənin qarşında açılsın (h.t.), Bağlı qapılar üzünə açılsın (az.v.)
Dilimizdə tez-tez işlədilən «səni görüm lənətə gələsən!» və ya «Allah sənə lənət eləsin!» kimi qarğışlar fransız dilində demək olar ki, eynilə səslənir: «Que tu sois maudit!», «Que Dieu te damne!» və s.
Biz həmişə zülüm, əzab-əziyyət çəkən adamları görəndə onun bu halına acıyır, ona yazığımız gəlir və belə deyirik «Elə bil ki, bu yazıq Allahın qəzəbinə gəlib, elə bil ki, qarğışa düşüb və ya ona qarğış keçib».
Fransızlar da bu şəraitdə öz fikirlərini eynilə bu cür ifadə edir və bu adamlar haqqında belə deyirlər: «İl souffre comme un damne!» «(O, (qarğışa) lənətə gəlmiş kimi əzab çəkir» və ya «İl peine comme un damne!» - «Elə bil sürgündədir, əzabla yaşayır, işləyir», - deyirlər.
Biz bütün pis əməllərin səbəbini şeytanla əlaqələndirib «şeytan əməli» adı verir, «qəlbinə şeytan girib; şeytan yoldan çıxarıb» deyərək günahkarı deyil şeytanı günahlandırırıq. Bu da fransızlarda eynilə bizdə olduğu kimi, öz ifadəsini tapır. Təkcə maraqlı burasıdır ki, biz birbaşa şeytanın adını çəkir, onu lənətləyirik. Amma fransızlar şeytanın adını çəkmir, ona it, pişik deyir, amma şeytanı nəzərdə tuturlar. Bunun da səbəbi odur ki, qədim bir inanca görə guya «şeytanın adını çəksən, o sənə daha çox yaxın gələr». Odur ki, onlar şeytan, yəni «Diable» əvəzinə «chien-it; chat-pişik» sözlərini işlədirlər. «Nom d’un chien! Nom d’un chat!» deyirlər.
Bizdə isə belə bir inanc vardır ki, biz də bir qaranlıq yerdə, axşam vaxtı, ağacların altı ilə, ya da suyun kənarı ilə gedəndə və ya adicə qaranlıq bir otağa girəndə özümüzdən asılı olmayaraq dilimizə «Bismillahir-rəhmanir-rəhim» sözləri gəlir. Bəlkə bizim baba-nənələrimiz də məhz eyni səbəbdən həmin o qaranlıq yerdə şeytanın və ya hər hansı bir şər qüvvənin olduğunu güman edir, lakin onun adını çəkməyə qorxur ki, yaxın gələr əksinə onları qovmaq, uzaqlaşdırmaq üçün «Bismillah» kəlməsini işlədirlər, çünki bu adi söz deyil, Allahın adlarından biridir. Onu işlədəndə nəinki şeytan, bütün şər qüvvələr səndən uzaq qaçır.
Adam yaşamayan, xaraba qalmış bir evi görəndə biz «bu ev xarabadır, lənətlənmiş bir evdir, oradan bəla əskik olmur» deyirik. Fransızlar da eyni fikri bizim dediyimiz sözlərlə ifadə edirlər:
C’est une maison maudite; il n’y arrive que des malheurs! - Bu lənətə gəlmiş evdir, ora yalnız bəlalar, bədbəxtliklər gəlir! (h.t.)
Və yaxud:
Cette maudite voiture est encore en panne, cette voiture qui m’exaspère, que je déteste! Bu lənətə gəlmiş maşın yenə xarab olub, mənim zəhləmi tökən, zəhləm getmiş maşın! (h.t.)
Bizim bəzi ailələrdə bir də görürsən ki, ər-arvad arasında adi anlaşılmazlıq və ya müəyyən səbəbdən mübahisə, dava-dalaş olanda onlardan hər hansı birinin (ər və ya arvadın) ağzından qeyri-ixtiyari bu sözlər çıxır:
- Sənə rast gəldiyim günə daş düşəydi!
Və ya
- Lənətə gəlsin o günü ki, mən sənə rast gəldim!
Fransızlarda da eyni situasiyada bu eyni cür ifadə olunur:
- Maudit soit ce jour que je t’ai rencontré! (f.v.)
- Lənətə gəlsin bu günü ki, sənə rast gəldim! (h.t.)
Hər iki dildə demək olar ki, eyni cür işlədilən bir sıra qarğış və lənətləri göstərmək yerinə düşərdi: 1. Que tu sois maudit! (f.v.) (2, 106), Kaş sən lənətlənmiş olasan! (h.t.), Səni lənətə gələsən! (az.v.). 2. Que Dieu te damne! (f.v.) (2, 106), Kaş Allah səni lənətləndirsin! (h.t.), Allah sənə lənət eləsin! (az.v.). 3.Maudit soit ce jour! (f.v.) (2, 106), Bu gün lənətlənmiş olsun! (h.t.), O günü lənətə gəlsin! (az.v.). 4. Que le diable t’emporte! (f.v.) (2, 106), Kaş səni şeytan aparsın! (h.t.), Səni şeytan aparsın! (az.v.). 5. Que tu sois découpé(e) en mille morceaux! (f.v.) (2, 106), Kaş sən min yerə kəsilmiş olasan! (h.t.), Səni parça-parça (tikə-tikə) olasan! (az.v.)
Alqışlarda olduğu kimi, qarğış və lənətlərdə də çox zaman «Allah» - «Dieu» kəlməsinə rast gəlirik. Həm fransızlar, həm də azərbaycanlılar istər alqış, istərsə də qarğış edib lənətləyəndə Allaha üz tutur həmin kəsə arzuladıqları yaxşı və ya pis fikirləri Allahın köməyi ilə yerinə yetməsini vurğulayırlar. Müqayisə edək: 1. Que Dieu te damne! (f.v.) (2, 106), Kaş Allah səni lənətləndirsin! (h.t.), Allah sənə lənət eləsin! (az.v), 2. Que Dieu raccourcie ta vie! (f.v.) (2, 106), Kaş Allah sənin həyatını kəssin (qısaltsın)! (h.t.), Ömrün gödək olsun! Və ya Allah ömrünü kəssin! (az.v.)
Hər iki qarğışdan göründüyü kimi hər iki dildə «Allah»a üz tutub, onun bu lənəti, bu qarğışı yerinə yetirəcəyi arzu edilmişdir.
Bəzən bizim dilimizdə müəyyən ixtisarlara yol verilir, o cümlədən «Ömrün gödək olsun!» deyərkən «Allah» sözü işlədilmir, lakin digər varianta da tez-tez rast gəlinir: «Allah ömrünü kəssin! (gödək eləsin!)» və s.
Eləcə də adi qarğış və lənətlərdə fransızlarda mütləq işlədilən «kaş»- «que» və müraciət olunan «şəxs əvəzlikləri» ixtisar olunub işlənmir və ya «görüm» sözü əlavə edilir! Müqayisə edək: 1. Que ta poche soit vide! (f.v.) (2, 105), Kaş sənin cibin boş olsun! (h.t.), Cibin boş olsun! (az.v.). 2.Que ta journée soit sombre! (f.v.) (2, 105), Kaş sənin günün qaranlıq olsun! (h.t.), Günün qara olsun! (az.v.). 3. Que tu sois dans l’enfer (f.v.) (2, 106), Kaş səni cəhənnəmdə olasan! (h.t.), Səni görüm cəhənnəmə gedəsən! (az.v.)
Fransız dilində çap olunmuş bəzi ədəbiyyat nümunələrində rast gəldiyimiz alqışlar, qarğışlar:
Le livre des Héros / Gaillimard/ Unesco
1.Que le bonheur soit ton lot, belle jeune fille! - répondit Soslan (3, 135)
-Gözəl qız! Kaş sənin taleyin xoşbəxt olsun! – deyə Soslan cavab verdi.
2. Droit soit ton chemin, Roue de Balsaq! (3, 135)
-Yolun uğurlu olsun, Ru dö Balzaq!
3. Malheur à toi, Roue de Balsag (3, 135)
-Bədbəxt olasan, Ru dö Balzaq.
-Kül sənin başına!
Jorj Sand «Koroğlu»
1. Berger, ton âme et lâme de mon cheval (4, 220)
-Çoban, səni Allaha, atımı da sənə tapşırıram!
2. Je jure par la foi de Dieux! (4, 220)
-Səni Allaha and verirəm!
3. Dieux veuille que cet homme ne revienne jamais! (4, 220)
-Allah eləsin, bu adam bir də qayıtmasın!
4. Berger, puisse ta maison sencrouler! (4, 220)
-Çoban, görüm sənin evin başına uçsun!
5. Viens ici, maître niais! (4, 220)
-Bura gəl, axmağın biri axmaq!
6. Jeune aspiègle, pourquoi me frappes-tu? (4, 223)
-Ay yaramaz, niyə məni vurursan?
Nəticə. Fransız dilində və Azərbaycan dilində kiçik janrları təhlil etdikdə belə qənaətə gəlmək olur ki, hər iki dildə demək olar ki, eyni sözlər, eyni məfhumlar işlədilir. Belə ki, bizim dilimizdə alqışların çoxunda Allahın adı çəkilir. Əksər alqışlar Allahın adı ilə bağlıdır. Yəni alqış edən şəxs Allahdan arzu edir ki, alqış edilən şəxsi qorusun, ona kömək etsin, onun yardımçısı olsun və s. Eləcə də fransız dilində alqışlarda çox zaman «Allah – Dieu» sözü işlədilir. Məsələn: «Que le Dieu vous garde» (2, 115). «Allah sizi qorusun (saxlasın)» və yaxud «Que le Dieu te garde de mauvais regards» (2, 115). Allah səni pis nəzərdən saxlasın (qorusun)». «Que le Dieu garde vos enfants» (2, 115). «Allah sizin balalarınızı saxlasın»; «Que le Dieu te pardonne» (2, 115). «Allah səni bağışlasın, günahından keçsin»; «Que le Dieu allonge ta vie» «Allah ömrünü uzun eləsin! (Ömrün uzun olsun!)»; «Que le Dieu t’aide toujours!» (2, 116) «Allah həmişə köməyin olsun!» kimi misallarda böyük hərflə yazdığımız fransız dilində «Dieu», Azərbaycan dilində «Allah» sözü alqışların tərkibində işlədilmişdir. Adi alqışlarda, yəni «Allah» sözü işlədilməyən alqışlarda isə fransızlarda «que» - «kaş, kaş ki…» sözü hər alqışın qarşısında işlədilir.Bunu hərfi tərcümədən də görmək olur. Lakin bizim dilimizdə bu «kaş» sözü demək olar ki, heç işlədilmir və yaxud çox nadir hallarda işlədilir.
Dostları ilə paylaş: |