Niderlandda e-hökumət quruculuğuna 1994-cü ildə qəbul edilmiş elektron magistrallar sahəsində Milli Fəaliyyət Proqramının qəbulu ilə başlanılmışdır. 1998-ci ildə e-hökumət sahəsində Fəaliyyət Proqramı və 1999-cu ildə isə “Elektron delta” proqramları qəbul edilmişdir. E-hökumət proqramının reallaşmasına 1999-2002-ci illərdə Niderland hökuməti 12 milyon dollar maliyyə vəsaiti sərf etmişdir.
Yeni nəsil sənədlərin (şəxsiyyət vəsiqəsi, xarici pasport və s.) hazırlanması məqsədilə kiçik miqyaslı layihələr həyata keçirilir. Bundan sonra isə bu sahədə daha iri miqyası layihələrin reallaşdırılması nəzərdə tutulur. “Dövlət qulluğunun İnternet şəbəkəsi”nə (RYX) 150 min dövlət qulluqçusu qoşulmuşdur.
Beləliklə, Qərb dövlətlərinin təcrübəsinin təhlili göstərir ki, dövlət orqanlarının e-hökumət modelinə müvafiq reformasiyası prosesi dövlət orqanlarının reorqanizasiyası və innovasiyalı menecment texnologiyalarının tətbiqi ilə sıx əlaqədardır. Bütün bunlar isə kommersiya və qeyri-kommersiya sektorları ilə müqayisədə dövlətin göstərdiyi xidmətlərin keyfiyyətini artıraraq rəqabətə dözümlü etməlidir. Bu tədbirlər isə kommersiya sektorunda işlədilən və “dövlət menecmenti” (yaxud “yeni dövlət idarəçiliyi”) adlanır: audit, nəzarət, informasiyalaşdırma, məqsəd-məsrəf-nəticə xərclərinin hesablanması və s.
E-hökumətin Şərq modeli. Rəsmi parlamentli respublika, başçısı prezident olan Sinqapur İT-yə görə nəinki Yaponiyadan, hətta, Cənubi Koreya və Tayvanddan geri qalır. Müasir polis dövləti olan Sinqapurdakı mövcud siyasi rejim avtoritara daha çox yaxındır və burada dövlət xidməti rasional bürokratiya prinsiplərinin reallaşması nöqteyi-nəzərindən nümunəvi qurulmuşdur. Bu ölkədə siyasi təfəkkürdə, fikirlərdə və real fəaliyyətdə məhdud nəzarət və müxalifətin olması ilə barışırlar. Bu ölkədə çox ciddi qanunlar vardır. Məsələn, küçəni icazə verilməyən yerdə keçməyə görə 500 ABŞ dolları, ictimai yerdə siqaret çəkməyə görə 1000 ABŞ dolları qədər cərimə və s.
Sinqapur İT-nin biznes sahəsinə və informasiya-kommunikasiya nailiyyətlərinin, vətəndaşların gündəlik həyatına tətbiqində misli görünməmiş nailiyyətlər əldə etmişdir. Bu ölkədə e-hökumət dünyada ABŞ və Kanada ilə yanaşı, ən inkişaf etmiş bir səviyyəyə çatmışdır.
Sinqapurda e-Citizen (e-vətəndaş) portalı dövlət miqyasında informasiya ehtiyatlarının klassik bir nümunəsi və e-hökumətin əsas proqramlarından biri kimi əvvəllər müxtəlif hökumət təşkilatlarının təqdim etdikləri xidmətləri inteqrasiya olunmuş bir xidmət zərfi kimi əhaliyə təqdim edir. Vətəndaşlar onlar üçün daha münasib vaxtda ev, yaxud iş kompüterlərindən istifadə etməklə e-hökumət xidmətlərindən istifadə edirlər. Sinqapurda əvvəllər müxtəlif nazirliklərin və təşkilatların göstərdikləri xidmətlər birləşdirilərək inteqrasiya olunmuş şəkildə “E-hökumət” portalı çərçivəsində hökumət portalında cəmləşdirilmişdir
2000-ci ildən isə «Sinqapurun e-hökuməti» Dövlət Proqramının reallaşmasına başlanılmışdır. 1,5 milyard dollar həcmində büdcəsi olan bu layihə çərçivəsində «Singapore Government Online» («Dövlət Portalı») və «e-Citizen («Elektron vətəndaş») servis mərkəzi yaradılmışdır. Təhsil, sosial və mədəni sahələr üzrə bütün təşkilatlar dövlət portalında interaktiv xidmət göstərirlər. Sinqapurda özəl biznes bir neçə saata elektron formatda qeydiyyata alınır.
2001-ci ildə Sinqapur 10 ildə həyata keçirilməsi nəzərdə tutulan yeni “İKT-21 üzrə əsas plan”ın reallaşmasına başlamışdır.
2001-ci ildə qəbul edilmiş “InfoCom 21” və “E-Government Action Plan” İT-nin hökumətin praktik olaraq bütün fəaliyyət sahələrində tətbiqinin genişlənməsini nəzərdə tuturdu. Hər iki plan “Sinqapur ODİN” layihəsi çərçivəsində həyata keçirilir. Bu layihə bütün ölkə əhalisini əhatə edən yüksək istehsallı informasiya şəbəkələri kompleksindən ibarət dövlət infrastrukturunun yaradılmasını nəzərdə tuturdu.
Əhalinin kompüter üzrə savadını artırmaq üçün 2001-ci ildən əhalinin İT-savadlılığı Milli Proqramı çərçivəsində 30 mln. dollar büdcə hesabına 3 il müddətində 350 min sosial cəhətdən aşağı durumu olan ixtisası olmayan fəhlələr, evdar qadınlar və pensiyaçılar kompüter sahəsində biliklərə və əməli vərdişlərə yiyələnə bilmişdir. Onlayn Biznes Lisenziya xidməti 80 növdən artıq lisenziya ödənişləri üçün vahid pəncərəli xidmət göstərir və yeni yaranmış müəssisələrin 80%-dən çoxu bu xidmətdən istifadə edir.
2003-cü ildən icrasına başlanılmış “Birləşmiş Sinqapur” və “ “E-hökumət tətbiqi üzrə plan-II” kimi proqramların məqsədi Sinqapuru 2010-cu ilədək XXI əsrin İKT mərkəzinə çevirmək idi. iGov2010 strategiyası sayəsində Sinqapur hökumətin tam inteqrasiyasına nail oldu.
Bu proqramların həyata keçirilməsində həlli vacib əsas məsələlər kimi texnologiyaların aparıcı sferasına investisiyalar qoyuluşu, dövlət sektoru qulluqçularının yeni informasiya sistemləri və vasitələrilə işləməyə hazırlanması, administrativ və sistemin yeni iqtisadi şəraitə uyğunlaşdırılması nəzərdə tutulmuşdur.
Dövlət idarəçiliyində, biznesdə, təhsildə, səhiyyədə, elmi tədqiqatlarda və digər sahələrdə İT-nin təkmilləşdirilməsinə Sinqapur ildə 400 milyon ABŞ dollarından çox vəsait xərcləyir. Məhz buna görə də vətəndaşların kompüterlə təmin olunmasına görə bu ölkə dünyada dördüncü yeri tutur79.
Sinqapurun hər bir vətəndaşı “Elektron vətəndaş” (eCitizen, www.ecitizen.gov.sg, portalına daxil olaraq bu və ya digər dövlət təşkilatları barədə informasiya almaqla bərabər qısa müddətdə həyati vacib əməliyyatlar da apara bilər. Uşaq bağçalarından tutmuş universitetlərədək kompüter texnikası və şəbəkə texnologiyalarından geniş istifadə olunan Sinqapurda sosial xarakter daşıyan xüsusi tibbi xidmətin təşkilində və göstərilməsində də elektron-sistemin internet-girişi geniş yayılıb.
Sinqapur hökuməti İnternet proqramına ildə 0,5 milyard ABŞ dolları sərmayə qoymaqla həyatın bütün sahələrini - dövlət idarəçiliyini, biznesi, təhsili, elmi, səhiyyəni və əyləncə sənayesini İnternet vasitəsi ilə birləşdirə bilmişdir.
E-hökumət sahəsində əhəmiyyətli dərəcədə uğurlar qazanan ölkələrdən biri də Cənubi Koreyadır. Avtoritar xarakterli olan bu ölkə uzun müddət inkişaf etmiş Yaponiya və ABŞ-dan asılı olmuşdur. Lakin, 1990-cı illərin ortalarından praktik olaraq ölkədə müasir elmi bazanın yaradılmasına sıfırdan başlanılmışdır. Artıq 2001-ci ildə dövlət bu sahəyə 12 milyard dollar vəsait ayıra bilmişdir. Yüksək sıçrayış 2002-ci ildə 50 milyon dollarlıq elmi eksporta imkan vermişdir. 2005-ci ildə bu səviyyənin 100 milyon dollara çatacağı və sonrakı illərdə daha da artacağı gözlənilirdi.
Dostları ilə paylaş: |