FƏSİL II. DÜNYA ÖLKƏLƏRİNDƏ ELEKTRON HÖKUMƏTİN VƏ ELEKTRON XİDMƏTLƏRİN İNKİŞAF İSTİQAMƏTLƏRİ
2.1. Beynəlxalq təcrübədə elektron hökumət modelləri
E-hökumət quruculuğunda dövlətin siyasi strategiyası bu sahədə müəyyən edilən ümumi siyasətin tərkib hissəsidir. Dövlət öz məqsəd və funksiyalarını - ictimai siyasətini işləyib hazırlayaraq həyata keçirməklə reallaşdırır. Dövlət siyasəti (ictimai siyasət) vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə dövlət, yaxud bələdiyyə orqanları tərəfindən işlənib hazırlanan və həyata keçirilən məqsədlər, məsələlər, prinsiplər, strateji proqramlar, planlı tədbirlər kompleksidir. Dövlət orqanlarının bu məqsədyönlü fəaliyyəti müəyyən ictimai problemlərin həllinə imkan verir. Bu fəaliyyət zamanı dövlət onun ixtiyarında olan ehtiyatlardan, hüquqi, iqtisadi, administrativ və digər metod və vasitələrdən istifadə edir. E-hökumət texnologiyaları dünyanın 200-ə qədər ölkəsində tətbiq edilir.
Hazırda elektron hökumətin formalaşmasında dövlət siyasətinin 2 modeli mövcuddur: Qərb və Şərq modeli.
E-hökumətin Qərb modeli. “Accenture” şirkəti 23 ölkənin müdafiə, təhsil, xidmətlər, ədliyyə və ictimai təhlükəsizlik, poçt rabitəsi, maliyyə, nəqliyyat kimi sahələri əhatə edən onlayn xidmətini öyrənmişdir. Tədqiqatçılar tranzaksiyaların imkanlarını, interaktivliyini və informativliyini qiymətləndirmişlər. İki il ardıcıl birinci yeri Kanadanın dövlət portalı tutmuşdur.
Ona görə də Qərb modeli dedikdə ABŞ və Kanadanın, Şərq modeli dedikdə isə Sinqapurun və Cənubi Koreyanın e-hökumət sferasında dövlət siyasəti başa düşülür.
Dostları ilə paylaş: |