Son
Xürrəmi hərəkatını dəyərləndirəndə əvvəl onun beynəlxalq əhəmiyyətindən danışılmalıdır, çünki yerli əhali Abbasilərin yaratdıqları hərb mexanizminin bütün zərbəsini 20 il ərzində öz üzərinə götürərək, Bizans və ardınca Qərbi Avropanı, daha doğrusu bütün xristian dünyasını dağıntılardan və işğal olunmaqdan xilas edib, orada şəhərsalma və iqtisadiyyatın inkişafı üçün geniş imkanlar yaratdı.
Xürrəmi üsyanının məğlub olması, Babək və onun davamçılarına dəhşətli divanın tutulması heç də o demək deyildi ki, xalq abbasilərin simasında antisistemə qarşı mübarizəsi dayandırmışdı. Bəllidir ki, hətta bundan sonra da Abbasilərə qarşı aparılan bütün üsyanlar dini bayraq altında baş verirdi. Çünki xalq, dini müxalifət mövcud rejimə qarşı bu yolla müqavimət göstərərək, onu devirməyə çalışmışdı və bu tendensiya qırmızı xətlə bütün orta əsrlər boyu müşahidə edilirdi. Təbii ki, yerindən, şəraitindən və vaxtından asılı olaraq bu cür xalq hərəkatları bəzən passiv dini təlimlər əsasında, bəzən də açıq-aşkar silahlı mübarizə formasında keçirirdilər. Amma indi də bəziləri hesab etdikləri kimi, guya bu cür üsyanların əsas qayəsinin sinfilik təşkil edirdi – yanlışdılıqdan başqa bir şey deyil, çünki bu cür üsyanlara həmişə əhalinin müxtəlif təbələri qoşulurdu. Bəzən, əhalinin aşağı təbələrindən çıxanlar sonra, artıq özləri iri torpaq sahibləri kimi “hakim” iddialarında olurdular. Əgər ərəb qaynaqlarındakı məlumatlara əsaslansaq, məhz bunu biz Babəkin fəaliyyətində müşahidə edirik. Eyni keyfiyyətləri biz IX əsrdə Çində Çan Çaonun başçılığı ilə baş verən üsyanda, Qara Yazıçı hərəkatında da görürük. Xilafətə qarşı baş qaldıran üsyanların əksəriyyətinə feodal zümrəsindən çıxan şəxslər başçılıq edirdi. Yalnız bu faktlara əsaslanaraq Babəkin başçılığı ilə baş verən xürrəmi hərəkatına sinfilik prizmasından baxmaq olmaz.
İsa Məsihin (s) fəaliyyəti nəticəsində baş qaldıran dini-ideoloji mübarizə İslam meydana gəldikdən sonra daha geniş miqyaslar qazandı. Bu mübarizə Rəsulüllahın (s) ölümü ilə Əməvilərin simasında hakimiyyətə münafiqlərin gəlməsi ilə daha kəskin müstəviyə keçdi. Rəsulüllahın ölümü ilə başlayan zəfərli müharibələr nəticəsində müsəlman zadəgənlarından çoxu varlanaraq Onun tərəfindən əsası qoyulan şəriət qaydalarından uzaqlaşdı. Məhz bu məqamda “Həqiqi Söz” və artıq münafiq qiyafəsinə girmiş Əməvilər və Abbasilərlə ölüm-dirim mübarizəsinə başlamışdır. Təbii ki, burada həmin üsyanlara təkan verən xəlifələrin apardıqları vergi siyasətini də inkar etmək olmaz. Məhz bir tərəfdən qənimət, digər tərəfdən acgöz vergi siyasəti Əməvilərlə Abbasilərin həddən artıq varlanmasıma şərait yaradırdı. Bu isə onları Allahın sözündən üz döndərərk İblisin qızıl formasında nəfsinə uymaq üçün ən əlverişli şərait yaratdı. Məhz buna görə də həqiqi müsəlmanlar bu cür şəxsləri “münafiq” adlandırır. Sülalə üzvlərinin qədim İran ənənləri ilə yaxından tanış olmaları, onların əksəriyyətinin isə kənizlərdən olması (!!! – müəllif) bu prosesləri daha da qarşısıalınmaz edirdi. Abbasi xəlifələrinin əksəriyyəti mənəviyyatsız olduğu üçün, onlar Müsəlman dövlətinə başçılıq edə bilməzdilər.
Münafiqlərin mövqeyi mötəzililik təliminin inkişafı ilə daha da gücləndi və onların bu siyasətini qəbul etməyənlərə qarşı təqiblər miqyası ölçülməyən dərəcədə gücləndi. Məhz bu vaxtdan sonra xürrəmi hərəkatı lokal məkandan çıxraq daha geniş və əzəmətli oldu.
Babəki Abbasi tarixi ənənəsinin bizə təqdim etdiyi obrazda qəbul etmək düzgün deyildir. Onun haqqında yazan heç bir müəllif baş verən üsyanın müasiri olmayıb. Bu qəhrəman haqqında yazılarda özlərini inkar edə biləcək çoxlu materiallar vardır. Buna görə də demək olar ki, Babəki alçaltmaq istəyənlər, xilafətin sifarişlərini yerinə yetirərək, Abbasilərin mənəviyyatsızlığını bu qəhrəman adına yazmaq istəyirdilər.
Belə “qaralamalara” biz sonrakı müəlliflərin qaynaqlarında da rast gəlirik. Belə ki, Səfəvi Şeyx Heydərdən danışan Fəzlullah ibn Ruzbixan onun haqqında belə yazırdı: “893 [1488]-cü ildə baş verən hadisələr arasında miskin şeytan, yəni ərdəbilli Şeyx Heydərin üsyanı idi ki, o qalxmağa cəhd etdi, lakin dağıdıldı... O vaxtının çoxunu ... qılıncların və nizələrin hazırlanmasına sətf etdi. Um, Talış və Qaradağdan onun yanına çoxlu adam toplaşıb deyirdilər ki, ona məbəd kimi baxır, namazı icra etmir ... və şeyxlərinə qiblələri kimi baxırlar... Şeyx onların arasında ibahat təlimini (qadağan olanları icazəli elan etmək) və Babək xürrəminin qanunlarını təbliğ edirdi” [102, 61, 67; 215, 73]
Babəkin etnik mənşəyinə gəldikdə isə, şübhəsiz o bir türk-iskit oğlu kimi Azərbaycanın ən qədim türk nəsli Asların nümayəndəsi idi. Bütün ziddiyyətlərə baxmayaraq, Babək müsəlman idi və o Əhli Beyt prinsiplərinə sadiq idi. Bu onun həqiqi adı Həsən, onun dövründə əl-Bəzzdə məscidin olması və Quranın oxunması vəxürrəmilərin Mehdinin gözləmələri ilə təsdiqlənir. Bütün bunlar olmasaydı o, 20 ildən artıq mötəzililərə qarşı mübarizəyə başçılıq edə bilməzdi. Lakin xürrəmilərin Midiya maqlarının təlimi ilə əlaqəsi, Babək adının mənası və xürrəmilikdə təhassuh əl-ərvah ideyalarının yayılması burada Tanrıçılıq elementlərinin güçlü olduğunu da sübut edir. Beləliklə də, bütün yuxarıda təqdim olunan faktlar Babəkin bir mənalı olaraq türk (!) olmasını sübut edir və buna görə də xürrəmi ideologiyasının özəyini Azərbaycandan kənarda axtarmaq düzgün deyil.
Tarix üzrə fəlsəfə doktoru - Ələkbər Ələkbərov
Bakı. Buzovna. 2015
Dostları ilə paylaş: |