BƏLƏDİYYƏLƏRİN İNKİŞAFI NAMİNƏ
QHT ALYANSI
2012-ci ildə Azərbaycanda yerli idarəetmə ilə bağlı baş verən dəyişikliklərin bələdiyyələrin institusional inkişafına təsirinin qiymətləndirilməsi üzrə
R Ə Y
Bakı - 2013
Rəy Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansının Oksfam-Azərbaycan təşkilatının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda vətəndaş cəmiyyətinin yerli özünüidarəetmə sahəsində siyasi vəkilliyə cəlb edilməsi” layıhəsı çərçivəsində hazırlanıb. Rəyin məzmununa görə Oksfam-Azərbaycan Təşkilatı heç bir məsuliyyət daşımır.
Alyansın koordinatoru: Azər Mehtiyev
Rəyi hazırlayan
müəlliflər qrupu:
Abil Bayramov
Rövşən Ağayev
Azər Mehtiyev
Az1138, Azərbaycan, Bakı şəhəri,
70ci Sallaqxana küç., 7A
Telefon/faks: (994 12) 437 1244
Veb: www.localdemocracy.az
© Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı
“BƏLƏDİYYƏLƏRİN İNKİŞAFI NAMİNƏ” QHT ALYANSI
HAQQINDA QISA MƏLUMAT
«Bələdiyyələrin inkişafi naminə” QHT Alyansı 2009-cu ilin may ayında Azərbaycanda yerli özünüidarənin inkişafı istiqamətində fəaliyyət göstərən QHT-lər tərəfindən təsis olunub. Alyansın əsas məqsədi yerli özünüidarə (bələdiyyə) sisteminin inkişafına dair mükəmməl strategiyaların işlənib hazırlanması və həyata keçirilməsi, bələdiyyələrin təşkilati, institusional potensialının gücləndirilməsi və inkişafı üçün bu sahədə fəaliyət göstərən milli QHT-lərin səmərəli əməkdaşlığına və fəaliyyətlərin əlaqələndirilməsinə nail olmaqdır. Alyansın missiyası əksmərkəzləşmənin və demokratik proseslərin inkişafına dəstək verməkdir.
Alyansa aşağıdakı təşkilatlar daxildir:
-
“İqtisadi Təşəbbüslərə Yardım” İctimai Birliyi
-
“Mülki Cəmiyyətə Doğru” Mərkəzi
-
“Aran” Humanitar Regional İnkişaf İctimai Birliyi
-
İqtisadi Tədqiqatlar Mərkəzi
-
“Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi
-
“Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi
-
“Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi
Alyansın fəaliyyətinə ilkin maliyyə dəstəyini Böyük Britaniyanın Oxfam humanitar təşkilatı, Açıq Cəmiyyət İnstitutu Yardım Fondu və Marşal Fondu verib. Alyans 2009-2012-ci illər üçün fəaliyyətinin strateji istiqamətlərini özündə əks etdirən strateji plana malikdir.
Alyans fəaliyyət istiqamətlərinə yerli özünüidarə ilə bağlı müxtəlif mövzularda dəyirmi masalar keçirmək, bələdiyyə problemlərinin mətbuatda daha geniş işıqlandırılması məqsədilə jurnalist tədqiqatları təşkil etmək, Azərbaycanda yerli özünüidarənin mövcud vəziyyəti ilə bağlı rəy hazırlamaq, bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının ekspertizasını aparmaq, müxtəlif yerli özünüidarə problemlərinə dair siyasət sənədləri işləyərək hökumətə tövsiyələr təqdim etmək və hazırladığı təkliflərin vəkillik kampaniyasını aparmaq daxildir.
Alyans haqqında geniş məlumatı www.localdemocracy.az saytından əldə etmək olar.
MÜNDƏRİCAT
Qısa icmal .......................................................................................................................................... 5
Giriş .................................................................................................................................................... 7
Qiymətləndirmənin nəticələri ....................................................................................................... 8
Əlavə 1. Dövlət hakimiyyəti və bələdiyyələr arasında münasibətlər
kontekstində “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə baxış .................................. 17
Əlavə 2. 2012-ci ildə Azərbaycanda bələdiyyələrin maliyyə durumu
haqqında qısa Arayış ....................................................................................................................... 24
Əlavə 3. Azərbaycanda yerli özünüidarənin inkişafı istiqamətində
BİNA-nın Tövsiyələri ..................................................................................................................... 29
Qısa icmal
Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansının araşdırmaları gösətrir ki, ümumən ötən il yerli idarəetmənin tənzimlənməsi sahəsində baş verən proseslər ölkədə əksmərkəzləşmə islahatlarının aparılmasına və yerli özünüidarənin gücləndirilməsinə deyil, hakimiyyətin daha da mərkəzlşdirilməsinə və mərkəzi icra hakimiyyətinin yerlərdə olan qurumlarının - yerli icra hakimiyyətlərinin gücləndirilməsinə yönəlib.
1. Ötən il Azərbaycan Respublikası Prezidenti tərəfindən təyin edilən yerli icra hakimiyyəti başçılarının səlahiyyətləri və təsir dairəsi genişləndirilib, qanunvericilikdə yerli icra hakimiyyətlərinin inzibatçılığının gücləndirilməsinə yönəlik dəyişikliklər edilib. Azərbaycan hökuməti bu dəyişikliyin hakimiyyəti əhaliyə daha da yaxınlaşdırmaq məqsədi ilə edildiyini bildirsə də, həmin dəyişikliklər Yerli Özünüidarə haqqında Avropa Xartiyasınının tələblərinə uyğun deyildir.
Azərbaycanda yerli idarəetmədə paralelilliyin aradan qaldırılması, xüsusilə kənd və qəsəbə səviyyəsində yerli icra hakimiyyəti orqanlarının ləğv olunaraq səlahiyyətlərinin bələdiyyələrə verilməsi istiqamətində beynəlxalq və yerli səviyyədə çağırışların və təşəbbüslərin artdığı indiki dövrdə yerli icra hakimiyyəti orqanlarının inzibatçılığının belə gücləndirilməsi bələdiyyələr üzərində onların dominant mövqeyinin və təsir imkanlarının daha da artmasına, yerli özünüidarə orqanlarının fəaliyyətinin bir qədər də zəifləməsinə gətirib çıxaracaq.
2. 2012-ci ildə ölkə bələdiyyələrin maliyyə potensialında heç bir əhəmiyyətli dəyişiklik baş verməyib. Bələdiyyələrin ümumi büdcə daxilolmalarının məbləği əvvəlki illə müqayisədə 1.75 milyon manat (5.1 faiz) artsa da, bu, yerli özünüidarə qurumlarının normal fəaliyyətinin təşkili üçün yetərli artım olmamışdır. 2012-ci ilin yekunları bir daha göstərdi ki, Azərbaycan qanunvericiliyində bələdiyyələr üçün müəyyən edilmiş xüsusi vergi və ödənişlər yerli özünüidarə qurumlarının hətta indiki məhdud funksiyalarını reallaşdırmaları üçün kifayət qədər maliyyə ilə təmin etmək iqtidarında deyildir.
3. Ötən il Azərbaycanda ali dövlət hakimiyyəti orqanlarının bələdiyyə mülkiyyətində olan torpaqlar üzərində sərəncam verməsi halları artıb. Bütün belə hallarda bələdiyyələrin konstitusiya ilə qorunan mülkiyyət hüquqları və başqa qanunvericilik tələbləri aşkar şəkildə pozulub.
Bələdiyyələrin mülkiyyətində olan torpaq sahələri ayrı-ayrı dövlət orqanları tərəfindən müxtəlif məqsədlərlə geri alınıb, lakin geri alınan torpaqlara görə onların mülkiyyətçisi olan bələdiyyələrə heç bir kompensasiya ödənilməyiib.
Bələdiyyələrin ərazilərinin və sərhədlərinin dəyişdirilməsilə bağlı ali icra hakimiyyəti orqanlarının qəbul etdiyi qərarlar yerli əhali ilə razılışdırılmadan həyata keçirilib ki, bu da qüvvədə olan qanunvericiliyin tələblərinə ziddir.
4. Ayrı-ayrı qanunvericilik aktlarında bələdiyyələrə kiçik də olsa müəyyən səlahiyyətlərin verilməsi ilə bağlı yer alan təşəbbüslər yarımçıq xarakter daşıyıb: belə səlahiyyətlərin bələdiyyələrin müstəsna məsuliyyət çərçivəsinə daxil edilməsi, habelə səlahiyyətlərin ötürülməsi və icrası üçün zəruri maliyyə vəsaitlərinin ayrılması mexanizmlərinin işlənməsi baş verməyib.
5. İl ərzində bələdiyyələrin fəaliyyətinin tənzimlənməsi ilə bağlı mövcud qanunvericiliyə edilən əlavə və dəyişikliklər yerli özünüidarə orqanlarının statusunun artırılması, onların səlahiyyətlərinin və maliyyə potensialının genişləndirilməsi ilə deyil, bilavasitə bələdiyyə strukturlarının fəaliyyətini tənzimləyən prosedur xarakterli məsələlərlə bağlı olub: i) Mövcud qanunvericiliyə edilən dəyişikliklərin bir hissəsi bələdiyyələrin seçikili əsaslarla formalaşan strukturları ilə təyinatlı orqanları arasında münasibətlərin aydınlaşdırılmasına xidmət edib, lakin həmin dəyişikliklər qarşılıqlı nəzarətə əsaslanan effektiv bələdiyyə strukturlarının formalaşması üçün kifayət deyildir; ii) Bələdiyyələrin fəaliyyətində şəffaflığın və hesabatlılığın yüksəldilməsi ilə bağlı qanunvericiliyə edilən əlavə və dəyişikliklər başqa qanunvericilik aktlarında artıq mövcud müddəaların təkrarı olduğundan daha çox formal xarakter daşıyıb; iii) İl ərzində qəbul edilən bəzi normativ-hüquqi sənədlərdə bələdiyyələrin fəaliyyətinin təşkilinin prosedur məsələlərinin tənzimlənməsini nəzərdə tutulub, halbuki həmin mexanizmlərin bələdiyyələrin özlərinin qəbul etdiyi normativ aktlarla tənzimlənməsi daha məqsədəuyğundur.
6. Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 2012-ci il oktyabr sessiyasında Monitorinq Qrupunun hesabatı əsasında Azərbaycanda yerli özünüidarənin mövcud vəziyyətindən narahatlıq ifadə edilib və Azərbaycan Hökumətinə yerli özünüidarə sahəsində problemlərin həllinin sürətləndirilməsi zəruriliyini ifadə edən Tövsiyə (326 saylı) ünvanlanıb.
BİNA üzvlərinin fikrincə, monitorinqin nəticələrinə əsasən hazırlanmış həm hesabat, həm də 326 saylı Tövsiyələr mövcud vəziyyətə adekvatdır, monitorinqin nəticələrinin obyektivliyi şübhə doğurmur. Alyans hesab edir ki, tənqidi qeydlərlə kifayət qədər dolu olan bu sənədlərin ortaya çıxmasının əsas səbəbi hökumətin yerli özünüidarə sistemnin inkişafına yönəlik islahatlar aparmaması və vətəndaş cəmiyyəti institutlarının islahat təkliflərinə laqeyd yanaşmasıdır.
7. Azərbaycan hökuməti idarəetmənin əksmərkəzləhdirilməsi islahatlarını və yerli özünüidarənin (bələdiyyələrin) institutisonal inkişafını özünün orta və uzunmüddətli strateji hədəfləri sırasına daxil etməyib. AŞ YRHK-nin Azərbaycan hökumətinə ünvanladığı 326 saylı Tövsiyəsindən sonra dövlət başçısı tərəfindən təsdiq edilən İnkişaf Konsepsiyasında ölkədə əksmərkəzləşmə islahatları və yerli özünüidarənin institusional inkişafı ilə bağlı könkret müddəaların olmaması bu sahənin dövlət siyasətində ön planda olmamasının göstəricisidir.
Tövsiyələr
Azərbaycanda yerli özünüidarənin inkişafında və güclənməsində maraqlı olan vətəndaş cəmiyyəti qurumlarının birliyi olan BİNA bu araşdırmanın nəticələrinə və özünün bu sahədəki bir neçə illik fəaliyyət təcrübəsinə əsaslanaraq hesab edir ki:
-
Azərbaycanda dayanıqlı yerli və regional inkişafın təmin edilməsi üçün ölkədə Yerli Özünüidarə haqqında Avropa Xartiyasının tələblərinə uyğun yerli özünüidarə institutunun formalaşdırılması və möhkəmləndirilməsi vacibdir;
-
Bunu təmin etmək üçün Azərbaycan hökuməti mümkün ən qısa müddət ərzində vətəndaş cəmiyyətinin iştirakçılığı ilə “Azərbaycanda əksmərkəzləşmə islahatları və yerli özünüidarənin inkişafı Konsepsiyası”nı işləyib hazırlaya bilər. Konsepsiyada ölkədə yerli və regional özünüidarənin inkişafı prinsip və çərçivələri, yerli idarəetmədə paralelçiliyin və təkrarçılığın aradan qaldırılması üçün yerli hakimiyyət statusunun bələdiyyələrə ötürülməsi, bələdiyyələrin səlahiyyətlərinin artırılması və buna uyğun maliyyə potensialının təmin edilməsi mərhələləri, habelə yerli özünüidarənin başqa məsələləri əks olunmalıdır;
-
Eyni zamanda, hökumət bələdiyyə qanunvericiliyinin təkmilləşdirilməsi və bələdiyyələrin maliyyə potensialının artırılması istiqamətində görüntü yaratmaq üçün nəzərdə tutulan formal xarakterli tədbirlərdən imtina etməli, bu istiqamətlərdə, hətta kiçik də olsa belə, real dəyişikliklərə cəhd etməlidir.
BİNA ölkədə yerli özünüidarənin inkişafı naminə hökuməti AŞ YRHK-nin 326 saylı (2012) Tövsiyəsini, habelə Alyansın ötən il bu istiqamətdə hökumətə təqdim tövsiyələri (həmin tövsiyələr bu sənədə əlavə edilir) reallaşdırmağa səsləyir.
Giriş
BİNA ənənəvi olaraq hər il Azərbaycanda yerli özünüidarənin inkişafını izləyir, bu sahədə baş verən proseslərin monitorinqini aparır və ilin yekununda xüsusi rəylə çıxış edir. Bu dəfə Alyans ötən il ərzində ökədə yerli idarəetmə ilə bağlı baş verən proseslərin və müvafiq qanunvericilikdə həyata keçirilən dəyişikliklərin bələdiyyələrin institusional inkişafına mümkün təsirini qiymətləndirib.
Ona görə ki, 2012-ci ildə Azərbaycanda yerli özünüidarənin qanunvericilik bazasının gücləndirilməsi və bələdiyyələrin institusional inkişafı sahəsində müəyyən irəliləyişlərin baş verəcəyi ilə bağlı cəmiyyətdə ciddi gözləntilər vardı. Belə gözləntilər ondan qaynaqlanırdı ki, hələ 2011-ci ildən bəlli idi ki: i) 2012-ci ildə Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi Azərbaycanda yerli və regional demokratiyanın vəziyyətini qiymətləndirmək məqsədilə monitorinq aparacaq; ii) bu monitorinq prosesində ölkədə yerli özünüidarənin inkişafı sahəsində vəziyyət öyrəniləcək və Konqresin 2003-cü ildə bundan əvvəlki monitorinqin nəticəsi olaraq Azərbaycan hökumətinə ünvanladığı 126 saylı Tövsiyələrin icra durumu qiymətləndiriləcək.
Hələ bu monitorinq prosesi başlamazdan qabaq BİNA və bələdiyyələrin inkişafını dəstəkləyən digər vətəndaş cəmiyyəti qurumları ölkədə bələdiyyə institutunun inkişafı sahəsində mövcud problemləri zaman-zaman hökumətin diqqətinə çatdırmış, bunların həlli istiqamətində işlərin aparılması zəruriliyi ilə bağlı çağırışlar etmiş, hökuməti və milli bələdiyyə assosiasiyalarını bu sahədə əməkdaşlığa səsləmişdi. Eyni zamanda, vətəndaş cəmiyyəti Konqresin 126 saylı (2003-cü il) Tövsiyələrinin icra edilməməsi üzündən növbəti monitorinqdə Azərbaycanın imicinə ziyan vuracaq nəticələr ola biləcəyi ilə bağlı narahatlığını ifadə edərək, bunun baş verməməsi üçün hökuməti 2012-ci ildə bələdiyyə institutunun gücləndirilməsi istiqamətində real addımlar atmağa səsləmişdi1.
Lakin, Alyansın apardığı qiymətləndirmənin nəticələri göstərdi ki, cəmiyyətin bu gözləntiləri özünü doğrultmayıb: ötən il ərzində ölkədə bələdiyyə institutunun inkişafı sahəsində nəinki ciddi irəliləyişlər baş verməyib, əksinə, baş verən bir sıra proseslər onsuz da son dərəcə kövrək olan bu institutun getdikcə daha da zəifləməsinə aparır.
Bu sənəddə Alyansın apardığı qiymətləndirmənin nəticələri təqdim edilir. Sənəddə qiymətləndirmənin nəticələri və ölkədə bələdiyyə institutunun inkişafı ilə bağlı Alyansın tövsiyələri verilib. Sənədə habelə Azərbaycan Respublikasının Prezidentinin 6 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin bələdiyyələrin inkişafı baxımından qiymətləndirilməsi və bələdiyyələrin maliyyə durumu ilə bağlı analizlər əlavə edilir.
Qiymətləndirmə rəyi Alyansın ekspertləri tərəfindən həyata keçirilib. Rəyi hazırlayan müəlliflər qrupuna, Alyansın layihəsini dəstəkləməklə bu hesabatın hazırlanmasına verdiyi töhfəyə görə Oksfam-Azərbaycan təşkilatına təşəkkürümüzü bildiririk.
Ümid edirik ki, bu sənəd Azərbaycanda bələdiyyə institutunun inkişafı, yerli özünüidarənin hüquqi bazasının təkmilləşdirilməsi, bələdiyyələrin üzləşdikləri çoxsaylı problemlərin həllinə nail olunması və ölkəmizdə bələdiyyə institutunun gücləndirilməsi baxımından faydalı olacaq.
Qiymətləndirmənin nəticələri
1. Ötən il yerli idarəetmənin tənzimlənməsi sahəsində baş verən proseslər ölkədə əksmərkəzləşmə islahatlarının aparılmasına və yerli özünüidarənin gücləndirilməsinə deyil, hakimiyyətin daha da mərkəzlşdirilməsinə və mərkəzi icra hakimiyyətinin yerlərdə olan qurumlarının - yerli icra hakimiyyətlərinin gücləndirilməsinə yönəlib. Bu, 2 başlıca istiqamətdə baş verib:
1.1. Azərbaycan Respublikası Prezidenti tərəfindən təyin edilən yerli icra hakimiyyəti başçılarının səlahiyyətləri və təsir dairəsi genişləndirilib. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 saylı Fərmanı ilə “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” təsdiq edilib. Həmin Əsasnaməyə əsasən yerli icra hakimiyyəti başçısı: i) Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarını yerinə yetirir (3.1.2-ci bənd); ii) ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti qarşısında şəxsən məsuliyyət daşıyır (3.1.1-ci bənd); iii) müvafiq ərazidə fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarına ümumi rəhbərliyi həyata keçirir (1.6-cı bənd).
Yerli icra hakimiyyətlərinin gücləndirilməsi həm də özünü onda göstərir ki, Avropa Şurasının yerli özünüidarə qurumlarına ötürülməsini tövsiyə etdiyi səlahiyyətlərin və xidmətlərin böyük əksəriyyəti bu Əsasnamə ilə yerli icra hakimiyyəti başçıları üçün tanınır. Bundan sonra yerli məsələlər, o cümlədən yerli ictimai xidmətlər üzrə bütün müstəsna səlahiyyətlər yerli icra hakimiyyətlərinin əlində cəmləşir. Yerli icra hakimiyyətləri ictimai xidmətlər göstərmək səlahiyyəti ilə yanaşı, bir çox hallarda bu xidmətləri göstərmək səlahiyyətinə malik başqa qurumların (özəl və bələdiyyə) fəaliyyətinə nəzarət etmək hüququna sahib olurlar. Yerli icra hakimiyyətləri üçün tanınan səlahiyyətlərin detallı təsviri “Bələdiyyələrin statusu haqqında” Qanunun 4, 5 və 6-cı maddələrində sadalanmış istiqamətlər üzrə bələdiyyələr üçün ümumi formada tanınmış və digər normativ-hüquqi aktlarla konkret olaraq onların səlahiyyət sferasına daxil edilməmiş məsələlər üzrə bələdiyyələrin qərar qəbul etmək və bunların icrasını təmin etmək imkanlarını əhəmiyyətli dərəcədə azaldır, hətta bir çox hallarda bələdiyyələri bu imkandan məhrum edir (Qeyd: Əsasnamənin dövlət icra hakimiyyəti qurumları və bələdiyyələr arasında münasibətlər kontekstində daha geniş analizi ilə bu sənədin 1 saylı Əlavəsində tanış ola bilərsiniz).
“Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə ilə yerli səviyyədə dövlət hakimiyyətinin həyata keçirilməsi ilə əlaqədar bütün mühüm səlahiyyətlərin, o cümlədən yerli ictimai xidmətlər üzrə səlahiyyətlərin yalnız mərəkəzi hakimiyyət orqanlarının yerli qurumlarına və mərkəzi hakimiyyət tərəfindən təyin olunan yerli icra hakimiyyəti başçılarına verilməsi Yerli Özünüidarə Haqqında Avropa Xartiyasının 4-cü maddəsinin 3-cü hissəsində öz əksini tapmış subsidiarlıq prinsipinə ziddir.
1.2. Qanunvericilikdə yerli icra hakimiyyətlərinin inzibatçılığının gücləndirilməsinə yönəlik dəyişikliklər edilib. Belə ki, Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında Azərbaycan Respublikası Qanuna edilən 12 iyun 2012-ci il tarixli dəyişikliyə əsasən ərazisi rayon, qəsəbə və kənd ərazi vahidlərinə bölünməyən inzibati vahidlərdə yeni icra hakimiyyəti strukturları – sahə inzibati ərazi dairələri formalaşdırılacaq. Yəni, rayon bölgüsü olmayan şəhərlərin (məsələn, Mingəçevir, Sumqayıt, Şirvan, Naftalan və Naxçıvan şəhərləri), həmçinin şəhər rayonlarının (məsələn, Bakı şəhərinin Nərimanov, Yasamal, Nəsimi rayonları, Gəncənin Kəpəz və Nizami rayonları) ərazisində sahə inzibati ərazi dairələri yaradılacaq. Dəyişikliyə görə, sahə icra hakimiyyəti orqanlarının ərazisində əhalinin sayı 20 000 nəfərdən az olmamalıdır. Lakin burada bir istisna var: əgər rayon bölgüsü olmayan şəhərin əhalisinin sayı 20 000 nəfərdən azdırsa, həmin şəhərdə 1 sahə icra hakimiyyətinin yaradılmasına icazə verilir.
Azərbaycan hökuməti bu dəyişikliyin hakimiyyəti əhaliyə daha da yaxınlaşdırmaq məqsədi ilə edildiyini bildirir. Lakin bu yanaşma Yerli Özünüidarə haqqında Avropa Xartiyasınının tələblərinə cavab vermir. Belə ki, Xartiya əhaliyə ən yaxın hakimiyyət orqanları kimi təyinatlı strukturları deyil, əhalinin səsilə formalaşan seçikli orqanları nəzərdə tutur. Yeni yaradılan sahə inzibati ərazi dairələri isə mərkəzi icra hakimiyyətinin strukturları kimi formalaşacaq və bu dairələr müvafiq Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən təyin edilən nümayəndələrə həvalə ediləcək. Bu həm də o deməkdir ki, bundan sonra yuxarıda sadalanan inzibati vahidlərdə formalaşmış bələdiyyələrin hər birinin əhatə ərazisində bir neçə icra qurumu – sahə inzabati ərazi dairəsi fəaliyyət göstərəcək.
Azərbaycanda yerli idarəetmədə paralelilliyin aradan qaldırılması, xüsusilə kənd və qəsəbə səviyyəsində yerli icra hakimiyyəti orqanlarının ləğv olunaraq səlahiyyətlərinin bələdiyyələrə verilməsi istiqamətində beynəlxalq və yerli səviyyədə çağırışların və təşəbbüslərin artdığı indiki dövrdə yerli icra hakimiyyəti orqanlarının inzibatçılığının belə gücləndirilməsi bələdiyyələr üzərində onların dominant mövqeyinin və təsir imkanlarının daha da artmasına, yerli özünüidarə orqanlarının fəaliyyətinin isə daha da zəifləməsinə gətirib çıxaracaq.
Beləliklə, ötən il Azərbaycanda proseslər cəmiyyətin, habelə beynəlxalq təşkilatların gözləntilərinə uyğun olaraq hakimiyyətin əksmərkəzləşdirilməsi və yerli özünüidarə sisteminin gücləndirilməsi istiqamətində deyil, mərkəzi hakimiyyətin təyin etdiyi və yalnız ona tabe olan yerli icra hakimiyyətlərinin daha da gücləndirilməsi istiqamətində davam etmişdir.
2. 2012-ci ildə də ölkə bələdiyyələrin maliyyə potensialında əhəmiyyətli dəyişiklik baş verməmişdir. Bələdiyyələrin ümumi büdcə daxilolmalarının məbləği əvvəlki illə müqayisədə 1.75 milyon manat (5.1 faiz) artsa da, bunu yerli özünüidarə qurumlarının normal fəaliyyətini təmin etmək üçün yetərli artım hesab etmək olmaz. Ötən il ölkənin yerli özünüidarə qurumlarının büdcə daxilolmaları əsasən dövlət büdcəsindən ayrılan maliyyə yardımları (dotasiyalar), bələdiyyə torpaqlarının satışından əldə edilən vəsait və digər gəlirlər hesabına artıb, yerli vergilər hesabına toplanan vəsait isə, əksinə, azalıb. Ötən il bələdiyyə büdcələrinin ümumi gəlirlərinin yalnız 31 faizi yerli vergi və ödənişlər hesabına formalaşıb. Vətəndaşların malik olduqları daşınmaz əmlakın dövlət qeydiyyatı və əmlak vergisinin hesablanması metodikası ilə bağlı problemlər üzündən fiziki şəxslərin əmlak vergisi hələ də bələdiyyələr üçün ciddi gəlir mənbəyinə çevrilə bilməyib.
Ötən il dövlət büdcəsindən yerli özünüidarə qurumlarına ayrılan (məqsədsiz maliyyə yardımı hesab olunan) dotasiyanın məbləği mütləq ifadədə bir qədər (1.3 milyon manat) artsa da, bu transfertin məbləği dövlət büdcəsi xərclərinin 0.025 faizini ötməyib və ümumən formal xarakter daşımaqda davam edib. Qanunvericilikdə nəzərdə tutulmasına rəğmən, ötən ildə də dövlət büdcəsindən bələdiyyələrə məqsədli maliyyə yardımlarının (subsidiya və subvensiyalar) ayrılması baş verməyib.
2012-ci ilin yekunları bir daha göstərdi ki, Azərbaycan qanunvericiliyində bələdiyyələr üçün müəyyən edilmiş xüsusi vergi və ödənişlər yerli özünüidarə qurumlarının hətta indiki məhdud funksiyalarını reallaşdırmaları üçün kifayət qədər maliyyə ilə təmin etmək iqtidarında deyildir. Buna görə də ölkədə maliyyə əksmərkəzləşməsi islahatlarının aparılması, bələdiyyələrin normal fəaliyyətlərinin təşkili üçün onların daha dayanıqlı və real gəlir mənbələri ilə təmin edilməsi zəruridir.
3. Ötən il Azərbaycanda ali dövlət hakimiyyəti orqanlarının bələdiyyə mülkiyyətində olan torpaqlar üzərində sərəncam verməsi halları baş verib və bütün belə hallarda bələdiyyələrin konstitusiya ilə qorunan mülkiyyət hüquqları və başqa qanunvericilik tələbləri aşkar şəkildə pozulub. Burada təcrübədə geniş yayılmış 2 cür qanun pozuntuları xüsusilə diqqəti cəlb edir:
3.1. Bələdiyyələrin mülkiyyətində olan torpaq sahələri ayrı-ayrı dövlət orqanları tərəfindən müxtəlif məqsədlərlə geri alınır, lakin geri alınan torpaqlara görə onların mülkiyyətçisi olan bələdiyyələrə heç bir kompensasiya ödənilmir. 2012-ci il ərzində 4 bələdiyyənin ümumilikdə 415,26 hektar torpaq mülkiyyəti, o cümlədən Salyan rayonunun Çuxanlı bələdiyyəsinin 1,26 ha, Qəbələ rayonunun Zarağan bələdiyyəsinin 4,0 ha, Sabirabad rayonu Güdəcühür bələdiyyəsinin 30,0 ha, Abşeron rayonu Qobu bələdiyyəsinin 380,0 ha torpağı dövlət ehtiyacları üçün geri alınıb. Bələdiyyə torpaqlarının dövlət ehtiyacları üçün alınması ilə bağlı rəsmi qərarların və onların icrası prosesinin araşdırılması göstərir ki, bu proseslər bələdiyyələrin konstitusiya və qanunlarda təsbit olunan mülkiyyət hüquqlarının pozulması ilə müşaiyət olunub: bələdiyyələrə zəruri kompensasiyalar ödənilməyib.
Belə ki, Nazirlər Kabinetinin 13 fevral 2012-ci il tarixli, 27 saylı sərəncamında Ələt-Astara avtomobil yolunun yenidən qurulması ilə əlaqədar magistral yolun Salyan rayonunun Çuxanlı kəndi ərazisindən keçən hissəsində əhalinin xüsusi mülkiyyətində olan və yolun mühafizə zolağına düşən torpaqların Çuxanlı bələdiyyəsinin torpağı hesabına dəyəri ödənilməklə əvəzləşdirilməsi nəzərdə tutulur. Bunun üçün həmin sərəncamla bələdiyyənin 1,26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təyinatı dəyişdirilir2. Məlumdur ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə görə dövlət əhəmiyyətli yollara düşən torpaq sahələri dövlət ehtiyacları üçün geri alınır və bu zaman vətəndaşlardan alınan torpağa görə dövlət hesabına kompensasiya ödənilir. Lakin yuxarıda göstərilən halda hökumət dövlət əhəmiyyətli layihənin reallaşdırılması məqsədilə vətəndaşlardan geri aldığı torpaqlara görə torpaq sahiblərinə kompensasiya ödəmək və ya dövlət torpaqların ilə əvəzləmək yerinə, bunu bələdiyyə mülkiyyətində olan torpaqlarla əvəzləşdirmə hesabına edib. Bu zaman geri alınan bələdiyyə torpaqlarına görə hər hansı kompensasiya ödənilməyib. Halbuki, bu halda geri alınan torpaq sahəsinə görə onun mülkiyyətçisi olan bələdiyyəyə zəruri kompensasiya ödənməli idi.
İl ərzində Nazirlər Kabinetinin başqa 3 sərəncamı ilə qaçqın və məcburi köçkünlərin məskunlaşdırılması məqsədilə bələdiyyə mülkiyyətində olan torpaqların geri alınması halları baş verib, lakin bu hallarda da geri alınan torpaqlara görə bələdiyyələrə hər hansı formada kompensasiya ödənilməyib.
Ölkə Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən bütün mülkiyyət növləri (dövlət, bələdiyyə və xüsusi) toxunulmazdır və dövlət tərəfindən qorunur. Məlumdur ki, mülkiyyət hüququ mülkiyyətə sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermə vasitəsilə reallaşdırılır. Habelə, Konstitusiyanın 29-cu maddəsinin IV hissəsinə əsasən dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 80-ci maddəsinə görə, torpaq sahəsi geri alındığı və torpaq sahəsindən könüllü imtina edildiyi hallarda torpağın keyfiyyətinin yaxşılaşdırılmasına çəkilən xərclərin əvəzini almaq, eyni zamanda, qanunvericilikdə nəzərdə tutulan qaydada həmin torpaq sahəsinin hesablanmış dəyərini və ya onun naturada əvəzini almaq hər bir torpaq mülkiyyətçisinin hüququdur.
Dostları ilə paylaş: |