Qadınların siyasi həyatda iştirakına təsir göstərən amillər. Təcrübəsini təqdim etdiyimiz region ölkələrində qadınların siyasi həyatda iştirakçılıq səviyyəsinə təsir göstərən bir sıra iqtisadi, siyasi, sosial, mədəni amillər mövcuddur. Təbii ki, onların çeşidi ölkədən-ölkəyə dəyişir. Bunu nəzərə alaraq biz region ölkələri üçün xarakterik olan əsas amillərin ümumiləşdirilmiş qısa təsvirini veririk.
1990-cı ildən sonrakı dövrlə müqayisədə sovet dönəmində qadınların idarəetmə proseslərində iştirak imkanları aşağı olsa da onlar məşğul əhalinin əhəmiyyətli hissəsini təşkil edirdilər. Regionun ölkələrində müəllim, həkim, mühəndis kimi peşələrdə çalışan işçilərin bəzən əksəriyyəti qadınlardan ibarət idi. 1989-cu ildən sonra başlayan iqtisadi dəyişikliklər qadınların əmək bazarında iştirakçılıq səviyyəsinin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxardı. Bu da onunla nəticələndi ki, ev təsərrüfatında qadınların üzərinə daha çox yük düşməyə başladı. BMT-nin Avropa Iqtisadi Komissiyasının məlumatına görə qadınların böyük əksəriyyəti artan yoxsulluq və işsizlik, həmçinin iqtisadi müdafiəsizlik və istismar formalarında iqtisadi çətinliklərlə qarşılaşırlar. İqtisadi resurslara əlçatanlığın olmaması fonunda qadınların artan iqtisadi asılılığı onların siyasi həyatda fəal iştirakına mane olur. BMT Komissiyasının 53-cü sessiyası üçün 2009-cu il qadınların vəziyyəti üzrə hazırlanmış tematik məruzənin müəllifləri təsdiq edirlər ki, iqtisadi tənəzzüllər dövründə qadınların üzərinə qeyri-proporsional olaraq böyük yük düşür, onlar kişilərlə müqayisədə daha böyük işsizlik riski ilə üzləşirlər. Bundan əlavə qadınların üzərinə əlavə öhdəliklər düşür – onlar bazardan əldə etmək imkanı olmadığından ailəni qeyri-bazar malları ilə təmin edir, ailənin xəstə və yaşlı üzvlərinin qayğısına qalır və digər məişət problemlərinin həlli ilə məşğul olurlar. Bu isə o deməkdir ki, qadınlar daha daha çox işləmək və böyük yük daşımaq məcburiyyətindədirlər. Belə vəziyyət qadınların siyasi həyatda iştirakını mürəkkəbləşdirir.
“Siyasət qadınlar üçün deyil” stereotipi də qadınların siyasi vəzifələri tutmaq imkanlarını azaldır. Bu stereotiplər iş vaxtının, gəlirlərin və ailə öhdəliklərinin qadınlar və kişilər arasında qeyri-bərabər bölgüsünə əhəmiyyətli təsir göstərir. Qadınları siyasi həyatda iştirakdan imtinaya məcbur edən səbəblərdən biri də ana olan qadınların ailə öhdəlikləridir. Əksər hallarda onların ailələri uzunmüddətli iş saatlarını və ezamiyyələri təqdir etmirlər. Ona görə də bir çox qadın siyasətçilər siyasətdə karyeraya başlamamışdan öncə uşaqlarının böyüməsini gözləyirlər.
Qadınların siyasi həyatda iştirakçılığına təsir göstərən amillərdən biri də onlara qarşı zorakılıqdır. Siyasətdə iştirak edən qadınlara qarşı zorakılığın köklü səbəblərinə hələ də mədəniyyətdə saxlanılan stereotiplər, dini və ənənəvi təcrübədən sui-istifadə, patriarxal ictimai institutlar və s. daxildir. Qadınlara qarşı zorakılıq özünü müxtəlif formalarda (fiziki və psixoloji) göstərə bilər. Bura qadınların öz vəzifələrini yerinə yetirməsinə maneələrin yaradılması, qadınların öz fikrini ifadə etmək imkanından məhrum edilməsi, təhqir, rüsvayetmə, reputasiyanın korlanması və böhtan, seksual zorakılıq, fiziki zor, məişət zorakılığı, qanunsuz kadr yerdəyişmələri və s. daxildir.
Qadınların siyasi iştirakçılıq səviyyəsinə təsir göstərən və ayrı-ayrı ölkələr üçün fərqli aktuallıq kəsb edən digər amilləri də (hökumətin uyğun gender siyasətinin olmaması, siyasi institutların zəif inkişafı, qanunvericiliyin və institusional mexanizmlərin təkmil olmaması və s.) qeyd etmək olar. Onların aradan qaldırılması üçün bir sıra vacib islahatların həyata keçirilməsi, ilk növbədə hüquqi və institusional mexanizmlərin yaradılması zərurəti təkcə beynəlxalq təşkilatlar deyil, eləcə də milli təsisatlar tərəfindən də dəfələrlə bəyan edilib.
Azərbaycan. Bu tədqiqatda qadınların yerli özünüidarədə iştirakçılığına təsir göstərən amillərlə bağlı araşdırma aparılıb. Bütövlükdə qadınların siyasi həyatda iştirakçılığı ilə bağlı bilavasitə araşdırma aparmadığımızdan bu sahədə aparılan digər araşdırmalara istinad edəcəyik. Bu mənada UNESCO-nun Moskvada yerləşən Azərbaycan, Ermənistan, Belorus, Moldova və Rusiya Federasiyası üzrə Bürosunun dəstəyi ilə dərc edilən “Qafqaz qadınlarının regionun siyasi həyatında iştirakı” adlı analitik hesabatı10 diqqətçəkən mənbələrdən biridir. Hesabatda hər bir ölkə üzrə qadınların siyasi həyatda iştirakçılıq vəziyyəti, iştirakçılıq səviyyəsinə təsir göstərən amillərlə bağlı araşdırmanın nəticələri öz əksini tapıb. Hesabat müəlliflərinin fikrincə qadınların siyasi həyatda iştirakçılığının artırılmasına mane olan əsas amillərə zəif maliyyələşmə, dövlət və qeyri-hökumət sektorunun zəif əməkdaşlığı, uyğun hakimiyyət strukturları arasında zəif əlaqələndirmə, qadınların təmsilçiliyini təmin edən qanunvericilik bazasının təkmil olmaması, gender mövzusunun KİV-də zəif işıqlandırılması, siyasətçi-qadınların müasir biliklərinin və xüsusi vərdişlərinin çatışmazlığı, qadınların həmrəyliyinin və seçkilərdə dəstəklənməsinin zəif olması kimi amillər aiddir. Bununla yanaşı hesabat müəllifləri belə bir narahatlıq ifadə edirlər ki, qadınların zəif iştirakçılığının əsas səbəblərindən biri ailənin əsas qayğılarının əsasən qadınların çiynində olmasını özündə ehtiva edən patriarxal mədəniyyətlə bağlıdır. Hesabatda ayrı-ayrı ölkələr üçün daha xarakterik olan səbəblərə də toxunulub. Azərbaycan ekspertləri qadınların siyasi fəallığının zəif olmasını, qadınların partiyaya üzvlüyün yalnız onların karyerada irəliləməsinə kömək etdiyi halda partiyalara daxil olmağa maraq göstərdiklərini qeyd ediblər. Azərbaycan ekspertlərinin fikrincə, qadınların əksəriyyəti hər hansı siyasi layihəyə qoşulmadan sadəcə işləməyə üstünlük verirlər. Ekspertlər qeyd edirlər ki, cəmiyyət siyasətlə məşğul olan qadınlara təqdiredici yanaşmır, nə ailə, nə də dövlət onları müdafiə edir. Beləliklə də, müəlliflərin qənaətinə görə kişilərin üstün rolunu özündə ifadə edən milli mentalitet qadınların siyasi həyatda inkişafına mane olan əsas amillərdəndir. Şübhəsiz ki, hesabat müəllifləri belə bir qənaətə müəyyən araşdırmalardan sonra gəliblər. Lakin məsələ burasındadır ki, əgər Azərbaycanda milli mentalitet qadın iştirakçılğını əngəlləyən əsas faktorlardan biri olsaydı onda qadınların siyasi iştirakçılığı sahəsində vəziyyət digər Cənubi Qafqaz ölkələrindən pis olmalıydı. Halbuki statistika bunu əksini göstərir.
Yerli səviyyədə apardığımız tədqiqatın, ekspertlərlə sorğunun, qrup müzakirələrimizin və digər tədqiqatların nəticələrinə əsaslanaraq Azərbaycanda qadınların siyasi həyatda iştirakçılığına mane olan aşağıdakı səbələri göstərmək olar:
-
Ailələrin maddi təminatının aşağı olması və qadınların ailənin maddi təminatı və məişət qayğıları kimi ikiqat zəhmətə qatlaşması;
-
İşsizlik;
-
İqtisadi təşəbbüskarlıq mühitinin əlverişli olmamsı;
-
Qadının cəmiyyətdə yeri və rolu barədə stereotiplər;
-
Qadınların oz hüquqları və gender barədə məlumatslzlığı;
-
Kişilərin gender barədə məlumatsızlığı;
-
Qadın iştirakçılığını stimullaşdıran konkret hüquqi mexanizmlərin yetərli olmaması;
-
Qadın iştirakçılığını genişləndirən institusional mexanizmlərin yetərli olmamsı;
-
Hökumətin gender siyasəti ilə bağlı fəaliyyət proqramının olmamsı.
Şübhəsiz ki, digər amilləri də qeyd etmək olardı (yerli özünüidarədə qadın iştirakçılığının mövcud vəziyyətinə təsir edən amillərlə bağlı ekspertlərin mövqeyi aşağıda verilib). Lakin hesab edirik ki, qeyd etdiklərimiz qadınların siyasi həyatda iştirakçılığının genişlənməsini əngəlləyən əsas faktorlardır.
Qadın iştirakçılığının təmin edilməsinin hüquqi və institusional çərçivələri.11 Keçid dövrünü yaşayan ölkələr üçün qanunvericilik islahatları qadınların siyasi həyatda iştirakçılığının təmin olunmasının zəruri şərtlərindən biri kimi qəbul edilir. Bir sıra beynəlxalq sənədlərdə (“Qadınlara qarşı ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiya, Pekin platforması, Minilliyin inkişaf məqsədləri və s.) qadın hüquqlarının və qadınların siyasi həyatda iştirakçılığının təmin olunmasına istiqamətlənmiş tələblər öz əksini tapıb. Gender bərabərliyi haqqında qanunvericilik bu tələblərin təmin olunmasının mühüm vasitələrindən biri sayılır. Təcrübəsini bölüşdüyümüz bir sıra ölkələrdə gender bərabərliyi haqqında milli qanunvericilik qəbul edilsə də, bu qanunvericilik aktlarının həyata keçirilməsi sahəsində problemlər qalmaqdadır. Əslində gender bərabərliyi haqqında qanunvericiliyin tətbiqi istər milli, istərsə də yerli səviyyədə qadın təmsilçiliyinin genişlənməsini şərtləndirməlidir. Lakin müxtəlif ölkələrin qadın təmsilçiliyi sahəsində təcrübəsinin təhlili onu göstərir ki, gender bərabərliyi haqqında qanunvericiliyin tətbiqi ayrı-ayrı ölkələrdə fərqli mərhələlərdədir.
Polşa 2004-cü il mayın 1-dən Avropa Birliyinin üzvüdür. Polşanın 1997-ci ildə qəbul olunmuş Konstitusiyası qanun qarşısında bərabərliyi nəzərdə tutan bir sıra müddəaları özündə əks etdirir. Həmçinin Əmək Məcəlləsində bərabərlik haqqında müddəalar nəzərdə tutulur. Polşa hökumətinin Qadın və kişilər üçün bərabər imkanlar üzrə səlahiyyətli nümayəndəsinin ofisi milli qanunvericiliyin Avropa Birliyi direktivlərinə uyğunluğunu təmin edən mühüm alətlərdən biri hesab olunur. 1992-ci ildə Səlahiyyətli Nümayəndə qadınların, uşaqların və ailənin yaxşılaşdırılması məqsədilə hökumətin Fəaliyyət proqramını hazırlayıb. Onun əsasında Milli Fəaliyyət Proqramı hazırlanmışdır. Milli Fəaliyyət proqramı, həmçinin Səlahiyyətli Nümayəndə tərəfindən həyata keçirilən layihələr müxtəlif peşə sahiblərinin, o cümlədən dövlət qulluqçularının gender bərabərliyinin tətbiqi məsələləri üzrə hazırlanması, milli və yerli səviyyələrdə qadın təmsilçiliyinin genişləndirilməsi üçün tədbirlərin həyata keçirilməsini nəzərdə tuturdu. Polşada gender bərabərliyi sahəsində dövlət siyasəti məsələlərinə iki orqan məsuldur: Əmək və sosial siyasət nazirliyinin departamenti və hökumətin qadınlar və kişilər üçün bərabər imkanlar üzrə Səlahiyyətli Nümayəndəsi. Bu orqanlar hökumətin gender bərabərliyi sahəsində fəaliyyətini koordinasiya etməklə məhdudlaşmırlar. Onlar həmçinin diskriminasiyanın aradan qaldırılması, gender bərabərliyi sahəsində vəziyyətin monitorinqi və s. məslələr üzrə də fəaliyyət göstərirlər.
Bosniya və Herseqovina gender bərabərliyi haqqında qanunu (2003-cü il) qadın QHT-lərin bir neçə illik lobbiçilik fəaliyyətindən sonra qəbul edib. Qanuna uyğun olaraq gender bərabərliyi sahəsində dövlət mexanizmi qismində gender bərabərliyi məsələləri üzrə Agentlik yaradılmışdır. Digər mühüm hüquqi sənəd məişət zorakılığından müdafiə haqqında 2005-ci il qanunudur. Bundan əlavə ölkədə Bosniya və Herseqovina Federasiyasının gender məsələləri üzrə Mərkəzi və Serbiya Respublikasının gender məsələləri üzrə Mərkəzi, bələdiyyələrdə gender komissiyaları, ölkə parlamentlərində (milli və subyektlər səviyyəsində) gender komissiyaları fəaliyyət göstərir. Bu qurumların əsas funksiyası gender bərabərliyi üzrə qanunvericiliyin və CEDAW Konvensiyasına uyğun olaraq dövlətin öhdəliklərinin yerinə yetirilməsinin monitorinqinin aparılmasıdır. Bosniya və Herseqovina gender bərabərliyi sahəsində Fəaliyyət Planını 2006-cı ildə qəbul edib. Fəaliyyət Planı milli və yerli səviyyədə qadın iştirakçılığının artırılması, eləcə də gender büdcələşməsi məsələlərinə xüsusi diqqət yetirir.
2004-cü ildə Gürcüstanda parlament yanında gender bərabərliyi üzrə Məşvərət şurası yaradıldı. Şuranın tərkibinə parlament üzvləri, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarnın təmsilçiləri daxil oldu. Şuranın vəzifəsinə beynəlxalq müqavilə və konvensiyalara uyğun olaraq gender qanunvericiliyinin qəbul edilməsini təmin etmək daxil idi. 2005-ci ildə Gender bərabərliyi üzrə hökumət Komissiyası və Gender bərabərliyi üzrə Məşvərətçi Şura işçi qrup yaratdılar. İşçi qrup Gürcüstanın gender bərabərliyi Konsepsiyasını işləyib hazırladı. Sənəd 2006-cı ildə parlament tərəfindən gender bərabərliyi üzrə Dövlət Konsepsiyası kimi qəbul olundu. Konsepsiya genderlə bağlı bir çox anlayışlarla yanaşı beynəlxalq sənədlərə əsaslanan gender yanaşmasının tətbiqini nəzərdə tutur. 2006-cı ildə “Məişət zorakılığı haqqında” qanun da qəbul edilib. 2007-ci ildə hökumət gender bərabərliyinin təmin edilməsi tədbirlərinin həyata keçirilməsi üzrə üçillik fəaliyyət planını təsdiq edib və gender bərabərliyi sahəsində daimi monitorinq və əlaqələndirmə mexanizmlərinin yaradılması üzrə tövsiyələr hazırlayıb. Gender bərabərliyi haqqında qanunun layihəsi isə BMT İnkişaf Proqramının layihə dəstəyi ilə Gürcüstan Parlamenti rəhbərinin sədrliyi altında Gender bərabərliyi üzrə Məşvərətçi Şura tərəfindən hazırlanıb. Gender bərabərliyi haqqında qanun milli və yerli səviyyələrdə qadın iştirakçılığının, mərkəzi və yerli hakimiyyət orqanlarında təmsilçilikdə gender bərabərliyinin təmin olunmasının mühüm mexanizmlərindən biri kimi nəzərdə tutulub.
Qırğızıstan gender məsələləri üzrə qanunu və uyğun dövlət siyasətini 1995-ci il Pekin Fəaliyyət Platformasını, 1997-ci il CEDAW Konvensiyasını və 2000-ci il minilliyin Bəyannaməsini imzaladıqdan sonra qəbul etmişdir. Miniiliyin Bəyannaməsində Qırğızıstan “Minilliyin çağırışı” Proqramının pilot iştirakçı-dövləti adlandırılmışdı. “Gender bərabərliyinin təmin olunmasının dövlət təminatlarının əsasları haqqında” qanun parlament tərəfindən 2003-cü ildə qəbul olunmuş və Prezident tərəfindən imzalanmışdır. Qanun sosial, siyasi, iqtisadi, mədəni və digər sahələrdə müxtəlif cinslərə mənsub şəxslərə bərabər hüquq və imkanların verilməsi üzrə münasibətləri tənzimləyir, qadın və kişiləri cins əlamətinə görə diskriminasiyadan müdafiə etməyi, milli ənənələr əsasında kişi və qadın münasibətlərinin mütərəqqi demokratik əsaslarda qurulmasını təmin etməyi, gender bərabərliyinə dövlət təminatının əsaslarını nəzərdə tutur. Bundan başqa “Ailədə zorakılıqdan sosial-hüquqi müdafiə haqqında” qanun qəbul edilib. Qırğızıstan həmçinin gender bərabərliyinin əldə edilməsi üzrə milli proqram işləyib hazırlamışdır. Hökumət qadın və ailə məsələləri üzrə Dövlət komissiyasını təsis etmişdir və prezident yanında qadın, ailə və gender münasibətləri üzrə Milli Şura və onun işçi orqanı fəaliyyət göstərir. Ümumiyyətlə, Qırğızıstanda yaradılan hüquqi və institusional çərçivələr qadınların həm milli, həm də yerli səviyyədə təmsilçiliyinin genişlənməsinə əhəmiyyətli təsir göstərmişdir.
Ukraynada qadın və kişilərin hüquq bərabərliyi Konstitusiya ilə təmin edilir. Konstitusiyanın 24-cü maddəsi gender ayrıseçkiliyi olmadan bərabər konstitusion hüquq və azadlıqlara təminat verir. Müvafiq müddəada göstərilir ki, qadın və kişilərin hüquq bərabərliyi qadınlara ictimai-siyasi və mədəni fəaliyyətdə, təhsil almaqda və peşə hazırlığında, əmək və ona görə mükafatlandırmada kişilərlə bərabər imkanlar verilməsi ilə təmin edilir. 2005-ci ildə qəbul edilmiş “Qadınların və kişilərin bərabər hüquq və imkanlarının təmin edilməsi haqqında” qanun qadın və kişilərin bərabər hüquq və imkanlarının təmin edilməsi sahəsində dövlət siyasətinin əsas istiqamətlərini müəyyən edir. Qanunun 15-ci maddəsi seçki prosesində qadın və kişilərin bərabər hüquq və imkanlarına xüsusi təminat verir. 2006-cı ildə isə Ukrayna cəmiyyətində gender bərabərliyinin mökəmləndirilməsi üzrə Dövlət proqramı qəbul edilib. Bununla yanaşı Ukraynada “Ailədə zorakılığın qarşısının alınması haqqında” 2001-cildə qəbul olunmuş qanun da qüvvədədir. Ukraynada Ailə, gənclər və idman işləri üzrə nazirlik və ailə məslələri və gender bərabərliyi üzrə Departament fəaliyyət göstərir.
2000-ci ildən indiyədək Türkiyədə qanunvericiliyə qadın və kişilərin hüquq və imkanlarının bərabərliyinin təmin edilməsinə yönəlik mühüm dəyişikliklər edilmişdir. 2001-ci ildə Türkiyə parlamenti yeni Mülki Məcəlləni təsdiq etmişdir. 2004-cü ildə Türkiyə Konstitusiyaya qadın və kişi bərabərliyinə aid düzəlişlər edib və ailənin müdafiəsi haqqında qanun qəbul edib. Ayrıseçkilik əleyhinə təminatlar digər qanunlarda da öz əksini tapıb. Bundan başqa, qadınların vəziyyəti üzrə Baş İdarə tərəfindən işlənib hazırlanmış və Baş nazirin katibliyi tərəfindən təsdiq olunmuş gender bərabərliyi sahəsində 2008-2013-cü illər üçün Fəaliyyət planı qadınların rəhbər orqanlarda iştirakının genişləndirilməsi üzrə konkret tədbirləri nəzərdə tutur. 2009-cu ilin aprelində parlament bərabər imkanlar məsələləri üzrə Komissiyanın yaradılması haqqında qanunu təsdiq etdi. Lakin qeyd etdiyimiz hüquqi və institusional dəyişikliklərə baxmayaraq yerli QHT-lər gender bərabərliyinin təmin olunması üçün pozitiv diskriminasiya tədbirlərinin zəruriliyini qeyd edirlər.
Azərbaycan. Azərbaycanda gender bərabərliyinin təmin olunmasının hüquqi əsasları ilk növbədə Konstitusiyada öz əksini tapıb. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir və kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Konstitusiyanın 25-ci maddəsi insan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmağı qadağan edır. Konstitusiya müddəaları ilə yanaşı Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq konvensiyalar da gender bərabərliyinin təmin olunmasının hüquqi bazasının əsasını təşkil edir.
Azərbaycan 1995-ci ilin 30 iyun tarixində Birləşmiş Millətlər Təşkilatının “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasına (CEDAW) qoşulub və Konvensiyanın Fakultativ Protokolu Azərbaycan Respublikasının 2001-ci il 16 fevral tarixli Qanunu ilə təsdiq edilib.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən müvafiq strukturların üzərinə qadınların sosial müdafiəsinin gücləndirilməsi üzrə təkliflər hazırlamaq öhdəliyi qoyan “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” 1998-ci il 14 yanvar tarixli Sərəncam və qərar qəbul etmə səviyyəsində bərabərliyin təmin edilməsi də nəzərə alınmaqla, qadınlarla kişilər arasında bərabərliyin təmin edilməsi, qadın hüquqlarının daha səmərəli müdafiəsi məqsədilə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 2000-ci il 6 mart tarixli Fərman imzalanmışdır. Qeyd edilən Fərmana əsasən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sənədin icra olunması üzrə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə illik hesabatların təqdim edilməsi öhdəliyini daşıyır.
BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasının 18-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Konvensiyanın müddəalarının icrasını təmin etmək məqsədilə görülmüş tədbirlərlə bağlı hər dörd ildən bir BMT-nin Qadınlara münasibətdə ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinə hesabat təqdim etmək öhdəliyini götürmüşdür. BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında Konvensiyası”nın 22 dekabr 1995-ci il tarixdə qüvvəyə minmiş 20-ci maddəsinin 1-ci bəndinə edilən dəyişiklik Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli 570-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş və 23 may 2008-ci il tarixdə BMT-nin Baş Katibinə qəbuletmə sənədi təqdim edilərək Azərbaycan Respublikası tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası Pekin Platformasının müddəalarına, xüsusən də həmin Platformada müəyyən olunan 12 mühüm problemli sahə ilə bağlı görüləcək tədbirlərə, o cümlədən, BMT Baş Assambleyasının iyirmi üçüncü xüsusi sessiyasında razılaşdırılmış Fəaliyyət Platformasını və Pekin Bəyannaməsini həyata keçirmək üçün nəzərdə tutulan əlavə tədbirlərə və təşəbbüslərə əməl etmək kimi tam öhdəlik qəbul etmişdir.
Azərbaycanda qadın iştirakçılığının təmin edilməsinin digər mühüm hüquqi vasitəsi 10 oktyabr 2006-cı ildə qəbul olunmuş “Gender (kişi və qadınların) bərabərliynin təminatları haqqında” qanundur. Qanun gender bərabərliyinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin əsas istiqamətləri kimi aşağıdakıları müəyyən edir:
- gender bərabərliyinin təmin edilməsi üçün normativ hüquqi bazanın formalaşdırılması, təkmilləşdirilməsi və inkişafı;
- normativ hüquqi aktların gender ekspertizasından keçirilməsi;
- gender bərabərliyinin təmin edilməsi üçün dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi;
- gender bərabərliyi mədəniyyətinin təbliği.
Bu qanunla dövlət öz üzərinə cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, kişilər ilə qadınlara bərabər imkanların yaradılması, dövlətin idarə olunmasında və qərarlar qəbul edilməsində bir cinsin nümayəndələrinin üstünlüyünə yol verilməməsi üçün tədbirlər görmək vəzifəsini götürüb.
Qeyd etdik ki, qadınların siyasi həyatda iştirakçılığına təsir göstərən amillərdən biri də onlara qarşı zorakılıqdır. Bu mənada “Məişət zorakılığının aradan qaldırılması haqqında” 22 iyun 2010-cu il tarixli Azərbaycan Respublikası Qanunu da mühüm əhəmiyyət kəsb edir.
Qeyd olunan qanunvericilik aktları ilə yanaşı cinayət, inzibati, əmək və digər sahələri əhatə edən qanunvericilik aktlarında da genderlə bağlı müddəalar öz əksini tapıb və bu müddəalar qadınların siyasi həyatda iştirakçılığına bu və ya digər dərəcədə təsir göstərir.
Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 1998-ci il tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi təsis edilmişdir. Sonradan Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2006-cı il tarixli Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Yeni Komitənin yaradılması zərurəti onunla izah olunur ki, ailə və uşaq problemlərinin qadın problemləri ilə əlaqəli surətdə kompleks həlli zərurəti vahid dövlət idarəetmə orqanının təşkilini şərtləndirmişdir.12 Lakin Komitənin adından aydın göründüyü kimi onun fəaliyyəti ictimai həyatda qadınların və kişilərin bərabər imkanına yox, daha çox ailə problemlərinə yönəlmişdir.13 Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə, qadın və uşaq prolblemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Komitənin fəaliyyət istiqamətləri aşağıdakılardır:
- müvafiq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
- müvafiq sahənin inkişafını təmin edir;
- qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
Avropa Şurasının üzv-dövlətlərinin əksəriyyətində gender bərabərliyini təmin etmək üçün milli qurum yaradılıb. Avropa Şurasının milli qurumlar üzrə 2001-ci ilin mayında dərc olunmuş təlimatında “milli qurum” belə müəyyən olunmuşdur: “qadınların irəli çəkilməsinə kömək etməsini və onların insan hüquqlarının tam həyata keçirilməsini təmin edən institusional hökumət və bəzi hallarda parlament strukturu”. Onun əsas funksiyası qadın və kişilər arasında ayrı-seçkiliyin olmaması və bərabərlik əsasında qanunun həyata keçirilməsinə nəzarət edilməsi və onun təmin edilməsidir. Hökumətin daxilində gender bərabərliyi sahəsində mümkün qədər ən yüksək səviyyədə səmərəli milli qurumun vacibliyi həm Pekin Fəaliyyət Platformasında, həm də 2000-ci ilin iyun ayında keçirilən BMT Baş Assambleyasının xüsusi sessiyasında qəbul edilmiş Razılaşdırılmış Nəticələrdə təsbit edilmişdir.14 Bu baxımdan Azərbaycanda fəaliyyət göstərən milli qurumun gender bərabərliyinin təmin olunması istiqamətində fokuslaşması mühüm əhəmiyyət kəsb edir.
2000-2005-ci illər üçün Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı Azərbaycanda qadın iştirakçılığının təmin edilməsi sahəsində atılan addımlardan biri kimi mühüm əhəmiyyət kəsb edir. Lakin təəssüf ki, sonradan 2008-2012-ci illər üçün Ailə və qadın Problemləri üzrə Milli Fəaliyyət Planının hazırlanması nəzərdə tutulsa da bu plan haqqında hər hansı məlumat yoxdur.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bütün dövlət orqanlarında gender məsələləri üzrə məsul şəxslər (focal points), eləcə də səhiyyə, təhsil, mədəniyyət və kütləvi informasiya sahəsində çalışan fəal qadınlardan ibarət Əlaqələndirici Şura yaratmışdır. Lakin bu institusional vahidlərin fəaliyyəti haqqında cəmiyyətdə kifayət qədər məlumatlılıq yoxdur.15
Dostları ilə paylaş: |