BəLƏDİYYƏLƏRİN İNKİŞafi namiNƏ qht alyansi


Qadın iştirakçılığının təmin olunmasının mexanizmləri



Yüklə 338,02 Kb.
səhifə3/5
tarix22.10.2017
ölçüsü338,02 Kb.
#10850
1   2   3   4   5

Qadın iştirakçılığının təmin olunmasının mexanizmləri. Kvotaların tətbiqi, proporsional təmsilçilik, siyasi partiyalarda qadınların statusunun mökəmləndirilməsi üzrə tədbirlər, partiyadaxili qadın birliklərinin yaradılması və s. kimi uğurlu strategiyalar işləyib hazırlayan bir sıra ölkələr qadın iştirakçılığının genişləndirilməsi sahəsində ciddi nailiyyətlər əldə ediblər. Qeyd olunan strategiyalar içərisində daha çox üstünlük veriləni kvotaların tətbiqidir. Qadınların nümayəndəli orqanlarda təmsilçiliyinin təmin olunmasının müxtəlif üsulları mövcuddur. Birincisi, qadınların seçilmiş nümayəndələrin müəyyən hissəsini təşkil etməli olduğu qanunvericilik kvotalarını qeyd etmək olar. Bu, bir sıra ölkələrdə tətbiq olunur: İtaliyada bülletenlərdə qadınlar üçün proporsional təmsilçilik norması 50%, Argentinada 30%, Braziliyada 20% müəyyən edilib. İkincisi, seçki qanunvericiliyi partiyalardan müəyyən sayda qadın namizədlər irəli sürmək tələbini nəzərdə tuta bilər. Belə tələb Belçika və Nmaibiya qanunvericiliyində var. Argentinada belə bir əlavə müddəa da var: qadınlar partiya siyahısının sonunda yox, “uduşlu” mövqelərdə olmalıdırlar. Üçüncüsü, siyasi partiyalar özlərinin qeyri-formal kvotalarını qəbul edə bilərlər.16 Kvotalar namizədlərin irəli sürülməsi prosesində və ya seçkilərin yekunları üzrə tətbiq oluna bilər. Seçkilərin yekunları üzrə kvota tətbiqi partiyanın aldığı yerlərin sayından asılıdır.

Kvotaının müxtəlif formalarının tərəfdarları hesab edirlər ki, qadınlarn siyasətdə irəli getməsinin dəstəklənməsi keçid dövrü üçün zəruridir. Kvotanın əleyhdarları isə hesab edirlər ki, heç kəs onların hüquqlarını pozmadığından qadınlar ümumi əsaslarla siyasi mübarizə aparmalıdırlar, güzəştlər onları passivləşdirdiyindən, onlarda rəqabət hissini öldürdüyündən demokratik hesab edilə bilməz. Hər bir halda siyasi strukturlarda gender balansına nail olmaq üçün qadınların təşəbbaskarlığının inkişaf etdirilməsi, onlar tərəfindən siyasi fəaliyyət təcrübəsinin və liderlik keyfiyyətlərinin qazanılması zərurəti danılmazdır.



Polşada kvotanın tətbiqi qadınların siyasi proseslərdə iştirak səviyyəsinin artmasına səbəb oldu. 2001-ci il seçkilərindən sonra hakimiyyət strukturlarında onların payı 13%-dən 20%-ə yüksəldi. Kvotalar parlament səviyyəsində deyil, siyasi partiyalar səviyyəsində tətbiq olunub. İlk dəfə kvota tətbiq edən partiya seçki siyahısında qadınlara 30 faiz yer ayıran “Əmək birliyi” partiyası olub. Daha sonra Demokratik Solçu Alyans, “Vətəndaş platforması” Partiyası və digər siyasi partiyalar qadın təmsilçiliyinin artırılmasına yönəlik mexanizmlər tətbiq etməyə başladılar. 2004-cü ildə Yaşıllar Partiyası partiya orqanlarına seçkilərdə və seçki siyahılarının formalaşdırılması üçün paritet sistemini tətbiq etdi. 2004-cü ildə Yaşıllar Partiyasının seçki siyahılarında qadın və kişi namizədlərin adları növbə ilə yerləşdirildi.

Qırğızıstanda 2000-ci il seçkilərinin partiya siyahıları əsasında keçirilməsi parlamentdə qadın deputatların sayının az da olsa artmasına səbəb oldu. Belə ki, altı qadından üçü partiya siyahısı üzrə seçildi. 2003-cü ildə aparılan konstitusiya islahatı nəticəsində bu sistem ləğv olundu. Yeni Konstitusiyanın qüvvədə olduğu 2005-ci ildə siyasi partiyalar yenidən parlamaentə namizədlər irəli sürmək hüququ qazandılar. Partiyalar doqquz qadın namizəd irəli sürsələr də onlardan (o cümlədən digər 29 namizəddən) heç biri parlamentə düşmədi. Bu vəziyyət xüsusi tədbirlərin tətbiqi zərurətini gündəliyə gətirdi. 2006-cı ildə dövlət administrasiyasında qadınların 30%-lik minimal təmsilçilik səviyyəsi haqqında prezident fərmanı verildi. Seçki qanunvericiliyi qadınlar, gənclər və etnik azlıqlar üçün kvotalar nəzərdə tutdu. Bu tədbirlərin nəticəsi müsbət oldu və 2007-ci ilin dekabrındakı parlament seçkilərində 90 qadından 27-si parlamentə seçildi. Onu da qeyd edək ki, Qırğızıstanın seçki qanunvericiliyi yalnız milli səviyyədə seçkilərdə kvotanın tətbiqini nəzərdə tutur. Yerli seçkilərdə kvotanın tətbiqi nəzərdə tutulmayıb.

Bosniya və Herseqovinanın ciddi düşünməyə əsas verən maraqlı təcrübəsi var. 1989-cu ilə qədər keçmiş Bosniya və Herseqovina Sosialist Federativ Respublikasında dövlət hakimiyyətinin rəhbər strukturlarında qadınlar üçün bronetmə təcrübəsi mövcud olub. 80-ci illərdə Kommunist partiyası üzvlərinin 27 faizini qadınlar təşkil edib. Onlar həmçinin Sosialist Liqası (50%) həmkarlar ittifaqı (35%) kimi digər siyasi təşkilatlarda da yaxşı təmsil olunublar. Qadınların təmsilçiliyinin təmin edilməsi məqsədilə Kommunis Partiyası tərəfindən tətbiq edilən bronetmə sistemi nəticəsində qadınlar Bosniya və Herseqovina Respublikasının Xalq Assambleyasında yerlərin 24,1%-nə, bələdiyyə məclislərində isə yerlərin 17,3%-nə sahib olublar. 1990-cı illərin başlanğıcında ilk çoxpartiyalı azad seçkilər zamanı bronetmə sisteminin ləğvi qadınların seçkili siyasi orqanlarda və dövlət idarələrində çox aşağı faizlə təmsil olunması ilə nəticələndi. Xalq Assambleyasına seçilən 240 nümayəndədən cəmi 7-si (2.9%) qadın oldu. Bələdiyyə məclislərində qadınlar 6299 yerdən 315-nə (5%) sahib oldular. Bu vəziyyət kvota sisteminin tətbiq olunduğu 1998-ci ilə qədər davam etdi. Lakin 2000-ci ildə açıq siyahı sisteminin tətbiqi 1998-ci illə müqayisədə qadın təmsilçiliyinin aşağı düşməsinə gətirib çıxardı. Nümayəndələr Palatasına yalnız üç qadın (17%) seçildi (Palataya 39 kişi deputat seçilmişdi). Oxşar mənzərə bələdiyyə seçkilərində də müşahidə olunurdu (18%-dək).

Ukrayna və Gürcüstanda müxtəlif təşəbbüslər olsa da hələ kvota sitemi tətbiq olunmayıb. Lakin həmin ölkələrdə, xüsusilə Gürcüstanda bu istiqamətdə dəyişikliklərin baş verəcəyi istisna olunmur. Çünki artıq Gürcüstan QHT-ləri bu təşəbbüslə çıxış ediblər. Hətta qadın təşkilatı olan “Gürcüstan koalisiyası” 32 min imza ilə 50 faizlik kvotanın tətbiqi təşəbbüsü ilə parlamentə müraciət edib.

Azərbaycan. Qeyd etdik ki, qadın iştirakçılığının genişləndirilməsi üçün bir sıra strategiyaların tətbiqi mümkündür. Bura kvotaların tətbiqi, proporsional təmsilçilik, siyasi partiyalarda qadınların statusunun mökəmləndirilməsi üzrə tədbirlər, partiyadaxili qadın birliklərinin yaradılması və s. kimi uğurlu strategiyaları aid etmək olar. Bu strategiyalar içərisində daha geniş tətbiq olunanı kvotalardır. İndiyədək Azərbaycanın seçki qanunvericiliyində kvota nəzərdə tutulmayıb. 2002-ci ilədək Azərbaycanda parlament seçkiləri qarışıq sistem üzrə - majoritar və proporsional seçki sistemləri üzrə keçirilirdi. 2002-ci ildə Konstitusiya islahatları ilə bağlı keçirilən referendumla proporsional seçki sistemi ləğv olunub və bütövlükdə majoritar sitemə keçilib. Bir sıra siyasi partiyalar, yerli və beynəlxalq təşkilatlar Azərbaycanda proporsional seçki sisteminin bərpasını daha məqsədəuyğun hesab edirlər. Hakim Yeni Azərbaycan Partiyasını təmsil edən bir neçə deputat da proporsional seçki sisteminin bərpası tərəfdarıdırlar.17 Proporsional seçki sisteminin tərəfdarları hesab edirlər ki, proporsional sistem həm də qadınların seçkilərdə iştirak etmək və parlamentə düşmək imkanlarını artırır. Bu halda partiyalar öz siyahılarında gender balansının gözlənilməsini daha yaxşı təmin edə bilirlər. Bu nəticə Avropa Şurası Nazirlər Komitəsinin “Siyasətdə və Dövlət Əhəmiyyətli Qərarların Qəbul Edilməsində Qadın və Kişilərin Balanslaşdırılmış iştirakı” adlı Tövsiyənin İzahat Memorandumunda da qeyd olunur. Tövsiyənin 5-ci bəndinin izahında deyilir: “...tədqiqatların aparılması və statistik məlumatların toplanması nəticəsində müəyyən edilmişdir ki, proporsional nümayəndəlik sisteminə malik ölkələrdə bir qayda olaraq qadınların siyasi orqanlarda daha çox nümayəndiliyə nail olması asandır. Son 3 onillik ərzində plüralist - majoritar sistemli ölkələrdə əhəmiyyətli dəyişikliklər baş vermədiyi halda, proporsional nümayəndəlik sistemi olan ölkələrdə qadınların təmsilçiliyi nəzərə çarpacaq dərəcədə artır”.18 Onu da qeyd edək ki, indiyədək Azərbaycanda keçirilən seçkilərdə partiya siyahılarında kişi və qadın namizədlərin növbəli ardıcıllığı təcrübəsi olmayıb.

Qanunvericilikdə nəzərdə tutulmasa da sonuncu bələdiyyə seçkilərində qeyri-rəsmi kvota tətbiq olunub və nəticədə bələdiyyə üzvlüyünə seçilənlərin 26,1 faizini qadınlar təşkil edib. Bu rəqəmin reallıqda nə dərəcədə özünü doğrultduğunu göstərən araşdırmanın nəticələri növbəti bölmədə öz əksini tapıb. Siyasi partiyalara gəlincə, partiyaların təcrübəsində qadın iştirakçılığının təmin olunmasına yönəlik xüsusi mexanizmlərin tətbiqi təcrübəsi geniş yer almayıb. Doğrudur, bütün partiyalar qadın təmsilçiliyi məsələsinə həssas yanaşdıqlarını qeyd edirlər, lakin konkret hansı mexanizmlərin tətbiq olunduğu kifayət qədər aydın deyil.19



  1. Bələdiyyə strukturlarında qadınların təmsilçiliyi: mövcud vəziyyət və onu şərtləndirən əsas amillər

Genderlə bağlı aparılan bütün araşdırmalar bu sahədə hələ də ciddi problemlərin qaldığını birmənalı olaraq təsdiq edir. Gender bərabərsizliyi şəhərlə müqayisədə kənd yerlərində özünü daha qabarıq göstərir. Bir tərəfdən iqtisadi çətinliklər, digər tərəfdən isə ənənəvi stereotiplər kənd yerlərində qadınların daha çox məişət qayğıları ilə yüklənməsinə gətirib çıxarır. Bu isə nəticə etibarilə yerli səviyyədə qərar qəbuletmədə qadın iştirakçılığını minimuma endirir. Halbuki qadınların qərar qəbuletmədə iştirakı kəndlərdə həm yoxsulluğun azaldımasında, həm də gender bərabərliyinin təmin olunmasında mühüm rol oynaya bilər. Bu mənada bələdiyyə strukturlarında qadınların təmsilçiliyi mühüm əhəmiyyət kəsb edir. Təcrübə göstərir ki, bələdiyyə strukturlarında, xüsusilə bələdiyyə rəhbərliyində qadınların təmsil olunması həm bələdiyyə ərazisində qadın iştirakçılığının artmasına, həm də yerli qərarların, xüsusilə yerli büdcə məsələləri ilə bağlı qərarların qəbulunda qadınların spesifik ehtiyaclarının nəzərə alınmasına öz müsbət təsirini göstərir. Bu baxımdan son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayının artması təqdirəlayiqdir. Bu tədqiqatda da əsas məqsədlərdən biri bələdiyyə strukturlarında qadınların qeyri-rəsmi kvotanın tətbiqi ilə artırılmış təmsilçilik səviyyəsinin reallıqda özünü necə doğrultduğunu araşdırmaqdır. Araşdırma zamanı apardığımız sorğu və müsahibələrdə bu fakta, onu şərtləndirən amillərin, onun nəticələrinin nədən ibarət olduğunun müəyyənləşdirilməsinə xüsusi diqqət yetirilib. Tədqiqat təkcə bələdiyyə üzvü seçilmiş qadınlarla məhdudlaşmayıb, eyni zamanda bələdiyyə qulluğunda çalışan qadınlara münasibətdə də iştirakçılıqla bağlı bir sıra məsələlər araşdırılıb. Çünki təcrübə göstərir ki, bir çox hallarda bələdiyyə qulluqçuları olan qadınlar yerli idarəetmədə daha fəal iştirakçıdırlar. Tədqiqat zamanı ekspertlər arasında da sorğu keçirilib və onların münasibəti öyrənilib. Bələdiyyə üzvləri və qulluqçuları arasında sorğu təsadüfi seçim üsulu ilə seçilmiş Azərbaycanın müxtəlif regionlarını (Şimal, Şimal-Qərb, Cənub, Mərkəzi Aran, Qərb, Bakı) əhatə edən 25 bələdiyyədə aparılıb.

Sorğuda iştirak edənlərin 8%-i öz karyerasını qurmaq üçün, 38%-i yaşadıgı ərazidə qadın və uşaqların problemlərinin həllinə yardım etmək üçün, 31%-i ümumiyyətlə yerli problemlərin həllində iştirak üçün, 10%-i üzv olduğu partiyanın qərarına əsasən, 13%-i isə məsləhət belə olduğu üçün bələdiyyə üzvü olmaq qərarına gəldiyini bildirib. Nəticələrdən də göründüyü kimi qadınları daha çox yerli problemlər narahat edir. Bələdiyyə üzvü olmaq qərarına gələndə onlar hesab ediblər ki, bələdiyyə üzvü olmaqla bu problemlərin həllinə təsir göstərə biləcəklər. Bələdiyyə üzvü olan qadınlarla apardığımız söhbətlərdə də onlar yerli problemlərin ağırlığının daha çox onların üzərinə düşdüyünü və daha çox məhz bu səbəbdən də problemlərin həllində maraqlı olduqlarını bildiriblər. Həm sorğunun, həm də bələdiyyə üzvü olan qadınlarla bilavasitə söhbətin nəticələri göstərir ki, kənd yerlərində çox az sayda qadın öz karyerası haqqında düşünür.

Tədqiqat zamanı ortaya çıxan çox maraqlı məsələlərdən biri əsasən yerli problemlərin həllində iştirak məqsədilə bələdiyyə üzvü seçilmiş qadınların bələdiyyə üzvü seçildikdən sonrakı fəaliyyəti ilə bağlıdır. Sorğuya cəlb olunmuş bələdiyyə üzvlərinin yalnız 47%-i bələdiyyə iclaslarında müntəzəm iştirak etdiyini bildirib. Qadın bələdiyyə üzvlərinin 28%-i bələdiyyə iclaslarında müntəzəm iştirak etmədiklərini, 25%-i isə ümumiyyətlə iştirak etmədiklərini bildiriblər. İclaslarda müntəzəm iştirak etməyən və ümumiyyətlə iştirak etməyən qadın bələdiyyə üzvlərinin 37%-i bunu iclasın vaxtı haqqında məlumatlandırılmamaları, 42%-i özlərinin maraq göstərməmələri, 21%-i isə iclasların keçirilməməsi ilə izah ediblər. Müsahibənin nəticələrindən qadın bələdiyyə üzvlərinin iclaslarda iştiraka maraqlı olmamasının əsasən aşağıdakı səbəblərdən qaynaqlandığını qeyd etmək olar:

- bələdiyyələrin səlahiyyəti və maliyyəsi az olduğundan onlar yerli problemlərin həllində əhəmiyyətli rol oynaya bilmirlər;

- bələdiyyədən əmək haqqı almadıqlarından maraqlı deyillər;

- bələdiyyəyə üzv seçilməyə razılıq versələr də bunda maraqlı olmayıblar.

Tədqiqat zamanı qadın bələdiyyə üzvlərinin komissiyaların fəaliyyətində iştirakı ilə bağlı araşdırmadan aydın oldu ki, əksər bələdiyyələrdə komissiyaların fəaliyyəti formal xarakter daşıyır. Bəzi bələdiyyələrdə isə ümumiyyətlə komissiyalar fəaliyyət göstərmir. Mövcud komissiyaların işində iştirak etməyən qadın üzvlərin 25%-i iştirak etməmənin səbəbini iclasın vaxtı haqqında məlumatlandırılmamaları, 25%-i özlərinin maraq göstərməmələri, 50%-i isə iclasların keçirilməməsi ilə izah ediblər.

Bələdiyyə iclaslarının gündəliyi haqqında qadın bələdiyyə üzvlərinin necə məlumat almaları araşdırılarkən aydın oldu ki, gündəliyin hazırlanmasında onların rolu çox azdır. Belə ki, qadınların 37%-i gündəliyin hazırlanmasında iştirak etdiyini, 30%-i gündəliyin hazırlanmasında bilavasitə iştirak etmədiyini, lakin gündəliyin əvvəlcədən onlara çatdırıldığını, 33%-i isə gündəlikdən iclasda xəbər tutduğunu bildirib. Nəzərə alsaq ki, sorğuya cəlb olunanların 17%-i bələdiyyə sədri, 14%-i isə bələdiyyə sdərinin müavini, 6%-i isə komissiya sədridir, o zaman belə bir nəticəyə gəlmək olar ki, qadın bələdiyyə üzvlərinin əhəmiyyətli hissəsi iclasın gündəliyinə çıxarılan məsələlər haqqında elə iclas zamanı məlumat alırlar.

Tədqiqat zamanı xüsusi maraq doğuran məsələlərdən biri qadın bələdiyyə üzvlərinin iclslar zamanı müzakirələrdə nə dərəcədə fəallıq göstərməsi olub. Çünki bələdiyyənin seçkili orqanında passiv təmsilçilik qərarqəbuletmədə iştirakın təmin olumasını iddia etmək üçün yetərli deyil. Qərarqəbuletmədə iştirakçılıq yalnız müzakirə olunan məsələlərə səs verməklə bitmir, müzakirə olunan məsələlərlə bağlı qərarların qəbuluna təsir etmək üçün təşəbbüslərin göstərilməsi (müzakirə olunan məsələlərlə bağlı müzakirələrdə iştirak, təkliflərin verilməsi, seçicilərin rəyinin öyrənilməsi və s.) də vacibdir. Sorğuya cəlb olunan qadın bələdiyyə üzvlərinin 37%-i uyğun mövzularda təkliflərlə çıxış etdiyini, 30%-i iclaslarda iştirak etdiyini, lakin çıxış etmədiyini, 33%-i isə müzakirələrə marağının olmadığını bildirib. Yenə də nəzərə alsaq ki, sorğuya cəlb olunanların təxminən üçdə biri bələdiyyə rəhbərliyində təmsil olunanlardır, o zaman qadın bələdiyyə üzvlərinin bələdiyyə iclaslarında, daha dəqiq desək qərarqəbuletmədə iştirak səviyyəsinin kifayət qədər aşağı olduğu qənaətinə gəlmək mümkündür. Fərdi müsahibələr zamanı da ortaya çıxan əsas nəticə ondan ibarət oldu ki, əsasən bələdiyyə rəhbərliyində təmsil olunan qadınlar fəaldırlar.

Sorğu və müsahibələr zamanı qadın bələdiyyə üzvlərinin verdiyi təkliflərin qəbul edilən qərarlara təsir səviyyəsi də araşdırılıb. Qadın bələdiyyə üzvlərinin 31%-i onların təkliflərinin qəbul edilən qərarlara əhəmiyyətli təsiri olduğunu, 50%-i bəzi hallarda təsirin olduğunu, 19%-i isə formal və ya heç bir təsiri olmadığını bildirib. Müsahibələrdən də göründüyü kimi əsas etibarı ilə bələdiyyə rəhbərliyində təmsil olunan qadınların təkliflərinin qərar qəbuluna əhəmiyyətli təsiri olur.

“Vermiş odugunuz təkliflərin icrasını necə yoxlayırsınız?” sualını cavablandıran qadın bələdiyyə üzvlərinin 36%-i icrada birbaşa iştirak etdiyini, 18%-i monitorinq apardığını, 46%-i isə icra ilə maraqlanmadığını bildirib. Göründüyü kimi, qadın bələdiyyə üzvlərinin əhəmiyyətli hissəsi verdiyi təklifin sonrakı taleyinə laqeyd yanaşır.

Bələdiyyə resurslarına (inzibati bina, avadanlıqlar və s.) əlçatanlıq səviyyəsi araşdırılarkən aydın oldu ki, qadın bələdiyyə üzvlərinin 45%-i resurslardan istifadə etmir. Müsahibələr zamanı aydın oldu ki, qadın bələdiyyə üzvlərinin bələdiyyə resurslarından istifadəsi üçün bələdiyyə rəhbərliyi tərəfindən hər hansı maneə yaradılmır, sadəcə qadın bələdiyyə üzvlərinin əhəmiyyətli hissəsi ya nadir hallarda, ya da yalnız iclaslarda iştirak etmək üçün bələdiyyə binasına gəlir.

Təəssüf doğuran faktlardan biri ondan ibarətdir ki, kənd bələdiyyələrində qadın bələdiyyə üzvlərinin kompüter və müasir informasiya texnologiyaları sahəsində bilgiləri çox aşağıdır. Sorğuda iştirak edən qadın bələdiyyə üzvlərinin yalnız 24%-i kompüter bilgilərinin yüksək səviyyədə olduğunu bildirib. Sorğu iştirakçılarının 24%-i kompüter bolgilərinin yaxşı, 2%-i orta, 12%-i zəif olduğunu, 3%-i isə bu sahədə bilgisinin olmadığını bildirib. Düşündürücüdür ki, son iki göstəriciyə daxil olanlar içərisində bələdiyyə sədrləri də yer alır.

Sorğu nəticələri göstərir ki, qadın bələdiyyə üzvlərinin yalnız 30%-nin bələdiyyələrlə bağlı keçirilən təlim və toplantılarda müntəzəm iştirakı təmin olunur. Sorğu iştirakçılarının 35%-i onların bu tədbirlərdə iştirakının bəzən təmin olunduğunu, 35%-i isə təmin olunmadığını bildirib. Bu nəticələr onu göstərir ki, bələdiyyə rəhbərləri qadın bələdiyyə üzvlərinin bilik və bacarıqlarının artırılmasına kifayət qədər maraq göstərmirlər. Halbuki qadın bələdiyyə üzvləri öz bilik və bacarıqlarını artırmaqda əsasən maraqlıdırlar. Sorğuda iştirak edən qadın bələdiyyə üzvlərinin 37%-i təlimə, 26%-i beynəlxalq təcrübəyə, 37%-i isə kompüter kurslarında iştiraka ehtiyac hiss edir.

“Fəaliyyətinizə mane olan hansı əsas amili qeyd etmək istərdiniz?” sualına cavab verən qadın bələdiyyə üzvlərinin 37%-i icmanın qadınlara münasibətini (qadının əsas işi uşaq dünyaya gətirmək və ev təsərrüfatı ilə məşğul olmaqdır), 30%-i bələdiyyə strukturlarında təmsil olunan kişilər tərəfindən diskriminasiyanı, 33%-i qadın həmrəyliyinin olmamasını fəaliyyətə mane olan əsas amil hesab edib. Fərdi müsahibələr zamanı diskriminasiya amili əksər hallarda inkar olunub. Daha çox qadınların təşəbbüskarlığının aşağı olması, kişi və qadınların roluna münasibətdə ənənəvi patriarxal yanaşma, qadın həmrəyliyinin olmaması kimi amillər səsləndirilib.

Bu tədqiqatda əsas məqsəd bələdiyyə strukturlarında qadınların təmsilçiliyinin mövcud vəziyyətinin qiymətləndirilməsi olduğundan sorğuya həm bələdiyyə üzvü, həm də bələdiyyə qulluqçusu olan qadınlar cəlb edilib. Qadınların bələdiyyə qulluğunda təmsilçiliyi də yerli özünüidarənin həyata keçirilməsində qadın iştirakçılığının təmin edilməsi, yoxsulluğun azaldılması və gender bərabərliyinin aradan qaldırılması baxımından böyük əhəmiyyət kəsb edir.

Qadın bələdiyyə qulluqçuları arasında keçirilmiş sorğunun nəticələri göstərir ki, bələdiyyə qulluğuna qəbulda müsabiqə üsulundan ümumiyyətlə istifadə olunmur. Sorğuda iştirak edənlərin heç biri bələdiyyə qulluğuna müsabiqə yolu ilə qəbul olunmayıb. Sorğu iştirakçılarının 59%-i birbaşa bələdiyyə rəhbərliyinə müraciət etməklə, 41%-i isə bələdiyyə rəhbərliyinin dəvəti ilə bələdiyyə qulluğuna qəbul olunub. Onlar bələdiyyədə əsasən kargüzarlıq, mühasibatlıq, vergilərin toplanması və sənədləşmə işləri ilə məşğuldurlar.

Sorğu və müsahibələrin nəticəsi göstərir ki, qadın bələdiyyə qulluqçularının 69%-i bələdiyyə qulluqçusu kimi öz hüquq və vəzifələrini bilir, 31% isə qismən məlumatlıdır. Məlumatsıq olan qadın qulluqçu yoxdur. Araşdırmalar sübut edir ki, qadın bələdiyyə qulluqçuları əksər qadın üzvlərdən daha məlumatlı və fəaldırlar. Bu onunla bağlıdır ki, bələdiyyə qulluqçuları gündəlik olaraq bələdiyyə fəaliyyəti ilə məşğuldurlar, bələdiyyə rəhbərliyi, digər qurumlar və əhali ilə daha çox təmasdadırlar.

Araşdırmalar və müşahidələr onu göstərir ki, bu gün Azərbaycanda bələdiyyə qulluğunun cəlbediciliyi çox aşağıdır. Sorğuda iştirak edən qadın bələdiyyə qulluqçularının heç birini aldığı əmək haqqı tam təmin etmir, 62%-ni qismən təmin edir, 38%-ni isə ümumiyyətlə təmin etmir. Sorğuda iştirak edən qadın bələdiyyə qulluqçularının 31%-i 100 manata qədər, 44%-i 100-200 manat arası, 19%-i 200-300 manat arası, yalnız 6%-i 400-500 manat arası əmək haqqı alır. Bu rəqəmlər öz-özlüyündə vəziyyətin nə qədər mürəkkəb olduğunu göstərir. Fərdi söhbətlər zamanı bələdiyyə qulluqçularının əksəriyyəti alternativ iş yerləri olmadığından bələdiyyə qulluğunda çalışmaqda davam etmək məcburiyyətində qaldıqlarını, uyğun iş tapacaqları halda bələdiyyə qulluğu ilə vidalaşacaqlarını bildiriblər.

“Sizin kompüter və informasiya texnologiyaları sahəsində bilgiləriniz varmı” sualına cavab verən bələdiyyə üzvü olan qadın respondentlərin 13%-i bu sahədə bilgilərinin yüksək, 31%-i yaxşı, 43%-i orta olduğunu bildirib. 13%-in isə kompüter bilgiləri ümumiyyətlə yoxdur.

Qadın bələdiyyə qulluqçularının ixtisasartırma kurslarında iştirak göstəriciləri də aşağıdır. Belə ki, qadın bələdiyyə qulluqçularının yalnız 31%-i bu kurslarda iştirak edib, 69 %-i isə iştirak etməyib. Onların 63%-i kurslara cəlb olunmadıqları üçün, 6%-i isə kurslara dəvət olunsalar da iştirak etmək istəmədiklərini bildiriblər. Kurslarda iştirak edənlərin 50%-i həmin kursların onların bilik və bacarıqlarına əhəmiyyətli təsiri olduğunu, 25%-i müəyyən təsiri olduğunu, 25%-i isə təsiri olmadığını bildirib.

Tədqiqat zamanı yerli özünüidarə və gender sahələrində ixtisaslaşmış 9 ekspertlə də sorğu keçirilib. Ekspertlərdən yalnız 1 nəfəri Azərbaycanda qadınların yerli özünüidarə strukturlarında təmsilçiliyini qənaətbəxş hesab etdiyini bildirib, 8 ekspert isə hesab edir ki, bu sahədə vəziyyət qənaətbəxş deyil.


Rəsmi statistikaya görə Azərbaycanda bələdiyyə üzvlərinin təxminən üçdə birini qadınlar təşkil edir. Sorğuya cəlb edilmiş ekspertlərdən yalnız biri bu statistikanın təcrübədə özünü doğrultduğu, 2 –si qismən doğrultduğu, 6-sı isə doğrultmadığı qənaətindədir.
Ekspertlərin yerli özünüidarədə qadın iştirakçılığının mövcud vəziyyətinə təsir edən amillərlə bağlı fikri də öyrənilib. Qanunvericiliyin təkmil olmaması, mövcud stereotiplər və qadın təşəbbüskarlığının aşağı olması kimi hazır cavab variantları ilə yanaşı ekspertlər aşağıdakı amilləri də qeyd ediblər:

  • Bələdiyyələrin cəmiyyətdə mövqeyinin zəif olması;

  • Ev-ailə təsərrüfatı və məişət problemlərinin çoxunun qadınların üzərinə düşməsi;

  • Ölkədə rəqabətli seçki mühitinin olmaması;

  • Icmalarda fəallığın aşağı olması və onların yerli problemlərin həllində real resurslara malik olmaması;

  • Yerli özünüidarə ilə bağlı ictimai təbliğatın məhdudluğu;

  • Bələdiyyələrə cəmiyyətdə olan inamın durmadan azalması;

  • Bələdiyyələrin kifayət qədər səlahiyyətlərə və maliyyə resurslarına sahib olmaması;

  • Azərbaycanın siyasi həyatında qadın iştirakçılığının ümumiyyətlə zəif olması.

Ekspertlərin əksəriyyəti (7 ekspert) bələdiyyələrin səlahiyyətlərinin azlığı və maliyyə imkanlarının məhdudluğu ilə qadın iştirakçılığın səviyyəsinin azlığı arasında bilavasitə əlaqə olduğunu düşünür. Ekspertlər bu əlaqənin nədə ifadə olunduğunu da qeyd ediblər. Məsələn, ekspertlərdən birinin qənaəti belədir: “Həm səlahiyyət, həm də maliyyə məhdudluğu qadınların yerli özünüidarədə iştirakçılığına marağını bilavasitə azaldır. Çünki qadınlar, xüsusilə də təşəbbüskar qadınlar ailə-məişət qayğılarından uzaqlaşaraq ictimai fəaliyyətə maraq göstərdiyi halda, onlar real fəaliyyətlə məşğul olmaq, qəbul etdiyi (və ya iştirakçısı olduğu) qərarların onların həyatına real təsirini görmək istəyirlər. Bu isə bələdiyyələr üçün real səlahiyyətlərin olmasını tələb edir. Yetərli maliyyəyə gəldikdə, bu həm bələdiyyələrin öz səlahiyyətlərini dolğun icra etməsi və qadın qruplarının gözləntilərini doğrultması, həm də bələdiyyə idarəetməsində təmsil olunan qadınların öz əməkləri müqabilində ləyaqətli əmək şəraiti ilə təmin olunması baxımından vacibdir”. Digər ekspert belə düşünür: “Bələdiyyələrin səlahiyyətlərinin azlığı və maliyyə imkanlarının məhdudluğu bələdiyyələrə onların təbətindən irəli gələn funksiyaları yerinə yetirməyə imkan vermir. Bu baxımdan bələdiyyələr cəmiyyətdə formal qurumlar kimi qəbul edilir və bu reallıqda da belədir. Bu baxımdan fəal, özünü reallaşdırmağa çalışan qadınlar bələdiyyələrdə təmsil olunmağa o qədər də can atmırlar”. Başqa bir ekspertin qənaətinə görə “bələdiyyələrin maliyyə və səlahiyyət imkanlarının zəif olması nəticəsində onlar cəmiyyətin sosial-iqtisadi və siyasi həyatında əhəmiyyətli rol oynaya bilmirlər. Bu səbəblər qadın iştirakçılığının da yaxşı inkişaf etməməsinə təsir göstərir”.

Ekspertlər qadın iştirakçılığının gücləndirilməsi üçün aşağıdakıları vacib hesab ediblər:



  • Qanunvericilik təkmilləşdirilməlidir;

  • Dövlətin gender siyasəti dəyişməlidir;

  • Maarifləndirmə işi gücləndirilməlidir;

  • Seçkilərdə kvota tətbiq olunmalıdır;

  • Bələdiyyələrə real səlahiyyətlər və maliyyə mənbələri verilməlidir;

  • Siyasi partiyalar üzv-qadınların bəldəiyyə seçkilərində və bələdiyyələrin gündəlik fəaliyyətində fəal iştirakçılığına yönəlik münətəzəm proqramlar işləyib hazırlamalı və həyata keçirməlidirlər;

  • Seçkilərin azad və ədalətli keçirilməsi təmin olunmalıdır.

Tədqiqat zamanı bələdiyyə sədrləri ilə də dərinləşmiş müsahibə aparılıb. Müsahibənin nəticələrinin ümumiləşdirilməsi aşağıdakıları müəyyənləşdirməyə imkan verir:

  • Bələdiyyə üzvü seçilmiş qadınların heç də hamısı üzv kimi öz səlahiyyətlərindən istifadə etmirlər. Onların bəziləri nəinki müzakirələrdə iştirak edir, heç iclaslara belə qatılmırlar.

  • İclaslarda iştirak edən qadın bələdiyyə üzvlərinin bir çoxu öz işini yalnız səsvermədə iştirak etmək və iclas protokolunu imzalamaqla bitmiş hesab edir;

  • Bələdiyyə rəhbərliyində təmsil olunan və bələdiyyə qulluqçusu kimi fəaliyyət göstərən qadınlar daha fəaldırlar;

  • Bələdiyyələrin səlahiyyətlərinin və maliyyə imkanlarının məhdudluğu bu qurumların yerli əhəmiyyətli məslələrin həllində rolunu minimuma endirdiyindən təşəbbüskar qadın bələdiyyə üzvlərində də motivasiya aşağı düşür və onların özlərini reallaşdırmaq imkanları azalır;

  • Bələdiyyələrdə qadınlara qarşı diskriminasiya yoxdur, əksinə bələdiyyə rəhbərliyi bələdiyyə üzvü olan qadınların fəallığında maraqlıdır.



  1. Yüklə 338,02 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin