BəLƏDİYYƏLƏRİN İNKİŞafi namiNƏ qht alyansi



Yüklə 335.23 Kb.
səhifə1/5
tarix17.06.2018
ölçüsü335.23 Kb.
  1   2   3   4   5



BƏLƏDİYYƏLƏRİN İNKİŞAFI NAMİNƏ QHT ALYANSI

KƏNDLƏRDƏ YOXSULLUĞUN VƏ GENDER BƏRABƏRSIZLIYININ ARADAN QALDIRILMASINDA BƏLƏDIYYƏ ÜZVÜ VƏ BƏLƏDIYYƏ QULLUQÇUSU OLAN QADINLARIN ROLUNUN ARTIRILMASI IMKANLARI

qiymətləndirmə hesabatı

Bakı - 2012






Monitorinq hesabatı Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansının Oksfam-Azərbaycan təşkilatının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda bələdiyyələrin təşkilatı və institusional qabiliyyətlərinin gücləndirilməsi” layıhəsı çərçivəsində hazırlanıb. Hesabatın məzmununa görə Oksfam-Azərbaycan Təşkilatı heç bir məsuliyyət daşımır.

Hesabatı hazırlayan müəlliflər qrupu:

Abil Bayramov

Ruhəngiz Hüseynova

7-ci Sallaqxana küç., 7A


Bаkı, Azərbaycan,  Az1138
Tel: (99412) 4323326; 4371244
Faks: (99412) 4323326

Veb: www.localdemocracy.az




© Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı

BƏLƏDİYYƏLƏRİN İNKİŞAFI NAMİNƏ” QHT ALYANSI


HAQQINDA QISA MƏLUMAT

«Bələdiyyələrin inkişafi naminə” QHT Alyansı 2009-cu ilin may ayında Azərbaycanda yerli özünüidarənin inkişafı istiqamətində fəaliyyət göstərən QHT-lər tərəfindən təsis olunub. Alyansın əsas məqsədi yerli özünüidarə (bələdiyyə) sisteminin inkişafına dair mükəmməl strategiyaların işlənib hazırlanması və həyata keçirilməsi, bələdiyyələrin təşkilati, institusional potensialının gücləndirilməsi və inkişafı üçün bu sahədə fəaliyət göstərən milli QHT-lərin səmərəli əməkdaşlığına və fəaliyyətlərin əlaqələndirilməsinə nail olmaqdır. Alyansın missiyası əksmərkəzləşmənin və demokratik proseslərin inkişafına dəstək verməkdir.



Alyansa aşağıdakı təşkilatlar daxildir:

  • “İqtisadi Təşəbbüslərə Yardım” İctimai Birliyi

  • “Mülki Cəmiyyətə Doğru” Mərkəzi

  • “Aran” Humanitar Regional İnkişaf İctimai Birliyi

  • İqtisadi Tədqiqatlar Mərkəzi

  • “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi

  • “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi

  • “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi

Alyansın fəaliyyətinə ilkin maliyyə dəstəyini Böyük Britaniyanın Oxfam humanitar təşkilatı, Açıq Cəmiyyət İnstitutu Yardım Fondu və Marşal Fondu verib. Alyans 2009-2012-ci illər üçün fəaliyyətinin strateji istiqamətlərini özündə əks etdirən strateji plana malikdir.

Alyans fəaliyyət istiqamətlərinə yerli özünüidarə ilə bağlı müxtəlif mövzularda dəyirmi masalar keçirmək, bələdiyyə problemlərinin mətbuatda daha geniş işıqlandırılması məqsədilə jurnalist tədqiqatları təşkil etmək, Azərbaycanda yerli özünüidarənin mövcud vəziyyəti ilə bağlı rəy hazırlamaq, bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının ekspertizasını aparmaq, müxtəlif yerli özünüidarə problemlərinə dair siyasət sənədləri işləyərək hökumətə tövsiyələr təqdim etmək və hazırladığı təkliflərin vəkillik kampaniyasını aparmaq daxildir.

Alyans haqqında geniş məlumatı www.localdemocracy.az saytından əldə etmək olar.


Mündəricat



  1. Ölkələrin siyasi həyatında qadinlarin iştirakı: müqayisəli təhlil...................

Milli və yerli səviyyədə təmsilçilik..................................................................

Qadınların siyasi həyatda iştirakına təsir göstərən amillər.............................

Qadın iştirakçılığının təmin edilməsinin hüquqi və institusional çərçivələri.....

Qadın iştirakçılığının təmin olunmasının mexanizmləri...................................


  1. Bələdiyyə strukturlarında qadınların təmsilçiliyi: mövcud vəziyyət və onu şərtləndirən əsas amillər..................................................................................



  1. Tövsiyələr..........................................................................................................

İstinadlar...................................................................................................................

Əlavələr.....................................................................................................................

QISA İCMAL


2009-cu ilin bələdiyyə seçkilərindən sonra Azərbaycan bələdiyyələrində qadınların təmsilçilik səviyyəsi artdı. Qeyri-rəsmi kvotanın tətbiqi nəticəsində bələdiyyə üzvləri arasında qadınların xüsusi çəkisi 26,1 faizə yüksəldi.1 Əvvəlki bələdiyyə seçkilərində bu göstərici 4,0 faiz təşkil edirdi. Şübhəsiz ki, bu müsbət dəyişiklik haqlı olaraq ictimaiyyət arasında belə bir sual doğurdu: kəmiyyət dəyişikliyi keyfiyyət dəyişikliyinə gətirib çıxaracaqmı?
Son bələdiyyə seçkilərindən artıq 3 ilə yaxın müddət keçir. Bu müddət imkan verir ki, yerli özünüidarə orqanlarında qadın təmsilçiliyi ilə bağlı statistik göstəricinin reallıqda özünü necə doğrultduğunu qiymətləndirmək mümkün olsun. Əslində ilkin müşahidələr bələdiyyələrdə, xüsusilə kənd yerlərində statistika ilə reallıq arasında əhəmiyyətli fərqin olduğunu göstərirdi. Lakin BİNA hər hansı tədqiqat aparmadan bu nəticəni iddia etməkdən uzaq olduğundan bələdiyyə strukturlarında qadınların təmsilçiliyinin mövcud vəziyyətini araşdırmaq qərarına gəldi.
BİNA hesab edir ki, yerlərdə, xüsusilə kəndlərdə yoxsulluğun və gender bərabərsizliyinin aradan qaldırılmasinda bələdiyyə üzvü və bələdiyyə qulluqçusu olan qadınlar mühüm rol oynaya bilərlər. Ona görə də qadınların bələdiyyələrdə təmsilçiliyinin statistik rəqəmlərdə ifadəsi hələ yerli əhəmiyyətli qərarların qəbul edilməsində onların real təsirinin olmasını iddia etmək üçün kifayət deyil. Bunun üçün bələdiyyə üzvü seçilmiş qadınların, həmçinin bələdiyyə qulluqçusu kimi fəaliyyət göstərən qadınların təşəbbüskarlığı, qərar qəbuletmədə fəal rol oynaması daha vacib əhəmiyyət kəsb edir. Bu tədqiqatda da əsas məqsəd bələdiyyə üzvü və bələdiyyə qulluqçusu olan qadınların təşəbbüskarlıq səviyyəsi, onların yerli əhəmiyyətli qərarların qəbul edilməsində real iştirakçılığına təsir göstərən amilləri, kənd yerlərində yoxsulluğun və gender bərabərsizliyinin aradan qaldırılmasında onların rolunun artırılması imkanlarını araşdırmaqdır.

BİNA bu araşdırmanı apararkən yerli özünüidarə orqanlarında qadın təmsilçiliyi məsələsinə ümumiyyətlə qadınların siyasi həyatda iştirakçılığı kontekstində yanaşmışdır. BİNA əmindir ki, yerli özünüidarə orqanlarında qadın təmsilçiliyi ölkədə gender bərabərliyi sahəsində mövcud vəziyyətlə bilavasitə bağlıdır və əlahiddə nəzərdən keçirilə bilməz.
Tədqiqatın ortaya çıxardığı ümumi nəticə ondan ibarətdir ki, qadınların bələdiyyələrdə təmsilçiliyinin statistik göstəriciləri ilə yerli səviyyədə qərar qəbuletmədə real qadın iştirakçılığı arasında mühüm fərqlər var və bu fərqi doğuran bir sıra iqtisadi, siyasi, sosial və hüquqi amillər mövcuddur. Statistika ilə reallıq arasındakı fərq isə son nəticədə kənd yerlərində yoxsulluğun və gender bərabərsizliyinin aradan qaldırılmasında bələdiyyələrin, xüsusilə bələdiyyə üzvü və qulluqçusu olan qadınların rolunu azaldır.
Tədqiqatın sonunda bələdiyyə strukturlarında qadınların daha yaxşı təmsil olunmasına, onların yerli əhəmiyyətli qərarların qəbuluna real təsirinin artırılmasına yönəlik tövsiyələr verilib.

GİRİŞ

Gender bərabərliyi beynəlxalq ictimaiyyət tərəfindən tanınan və müdafiə olunan mühüm prinsip və standartlardandır.2 Bu prinsip təkcə demokratiya üçün vacib hesab edilən tələbləri özündə əks etdirmir, eyni zamanda insan hüquqlarının həyata keçirilməsinin və sosial ədalətin təmin olunmasının əsas şərtlərindən hesab olunur. Son onilliklər ərzində beynəlxalq ictimaiyyət gender bərabərliyinin təmin olunması üçün hüquqi alət və mexanizmlərin yaradılması işində əhəmiyyətli uğurlar əldə edib. Birləşmiş Millətlər Təşkilatı (BMT) və Beynəlxalq Əmək Təşkilatı (BƏT) qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin olunması üçün mühüm əhəmiyyət kəsb edən müxtəlif konvensiyalar işləyib hazırlayıblar. BMT-nin insan hüquqları üzrə 1993-cü il Vyana Konfransından sonra qadın hüquqları rəsmi olaraq insan hüquqları anlayışının ayrılmaz tərkib hissəsi kimi tanınıb.3 Ümumilikdə indiyə qədər qəbul olunmuş bir çox beynəlxalq sənədlərdə (BMT-nin İnsan Hüquqlarının Ümumi Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt, Avropa İnsan Hüquqları Konvensiyası və onun Protokolları, Avropa Sosial Xartiyası, Avropa Şurası Nazirlər Komitəsinin “Cinsi ayriseçkiliyə qarşı hüquqi müdafiə haqqiında” 1985-ci il 2 saylı, “Ailə həyati ilə peşə həyatinin uzlaşmasi haqqinda” 1996-cı il 5 saylı, “Gender məsələsinə kompleks yanaşma haqinda” 1998-ci il 14 saylı Tövsiyələri, Avropa Şurası Parlament Assambleyasının “Qadın və kişilərin hüquq bərabərliyi haqqinda” 1994-cü il 1229 sayli, “Qadın hüquqlari sahəsində 1995-ci ildən başlayaraq əldə edilmiş real tərəqqi haqında” 1995-ci il 1269 saylı, “Siyasi fəaliyyət sahəsində bərabər təmsil olunma haqqında” 1996-cı il 1413 saylı Tövsiyələri, “Qadınlara qarşı ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiya (CEDAW), Pekin Fəaliyyət Platforması, BMT-nin Baş Assambleyasının 2000-ci ildə keçirilmiş Xüsusi Sessiyasında (Pekin+5) qəbul edilmiş Yekun Sənədlər və s.) gender bərabərliyi, xüsusilə siyasi və dövlət əhəmiyyətli qərarların qəbul edilməsində bərabər iştirak imkanları ilə bağlı müxtəlif müddəalar öz əksini tapıb. Qeyd olunan beynəlxalq sənədlər sırasında “Qadınlara qarşı ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiya (CEDAW) gender bərabərliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Konvensiya seçmək və seçilmək hüquqları da daxil olmaqla qadınların siyasi və ictimai həyatda bərabər iştirak imkanlarını təmin etməyə çağırır. Qadın iştirakçılığının genişləndirilməsi zərurəti 1995-ci il Pekin platformasında da əks etdirilmişdir. Bununla yanaşı Avropa Şurası və Avropa Birliyi çərçivəsində gender bərabərliyi prinsipinin dəstəklənməsi və inkişafına yönəlik regional alətlər yaradılıb.



İndiyə qədər Azərbaycanın da təmsil olunduğu Avropa strukturları tərəfindən gender bərabərliyinin əldə olunmasına yönəldilmiş bir sıra mühüm sənədlər qəbul olunub. Bu sənədlərdən biri Avropa Şurası Nazirlər Komitəsi tərəfindən 2003-cü ildə qəbul olunmuş “Siyasətdə və dövlət əhəmiyyətli qərarların qəbul olunmasında qadın və kişilərin balanslaşdırılmış iştirakı” adlı 3 saylı Tövsiyə və izahat memorandumudur.4 Bu tövsiyənin qəbul edilməsinin vacibliyi Avropa Şurasına üzv olan bir çox ölkələrdə müşahidə olunan formal gender bərabərliyi ilə reallıq arasında olan böyük fərqin mövcudluğundan irəli gəlmişdir. Avropa Şurasının Nazirlər Komitəsi belə hesab edir ki, həqiqi bərabərliyə nail olmaq yolunda ən ciddi maneələrdən biri cinslər arasında sosial rolların bölünməsi haqqında olan davamlı, ənənəvi təsəvvürlərdir. Bu təsəvvürlər, ənənəvi olaraq kişilərin fəaliyyət sahəsi sayılan mühüm siyasi və ictimai qərarların qəbul edilməsi prosesində daha çox kök atmışdır. Məhz buna görə də, siyasətdə və dövlət əhəmiyyətli qərarların verilməsində qadın və kişilərin balanslaşdırılmış iştirakına nail olmaq gender hüquq bərabərliyinin əldə olunması üçün çox önəmlidir. Ümumilikdə, gender hüquq bərabərliyinin, qadınlar və kişilərin balanslaşdırılmış iştirakının insan hüquqlarının, cəmiyyətin demokratik inkişafının və həyatın keyfiyyətinin yaxşılaşdırılmasının ayrılmaz bir hissəsi olduğuna əsaslanaraq, Avropa Şurasının Nazirlər Komitəsi üzv ölkələrə bu cür balanslaşdırılmış nümayəndəliyin əldə olunmasına kömək göstərmək vəzifəsini boyunlarına götürməyi tövsiyə etmişdir. Tövsiyə siyasətdə və dövlət əhəmiyyətli qərarların qəbul edilmə prosesində qadınlar və kişilərin balanslaşdırılmış iştirakı üçün minimal dəhliz kimi, hər cinsdən 40 faizlik təmsilolunma şərtini müəyyən edir (Tövsiyənin məqsədlərinə uyğun olaraq qadın və kişilərin balanslaşdırılmış iştirakı o deməkdir ki, siyasi və ya dövlət həyatında qərar qəbul edən orqanın tərkibində hər bir cinsi təmsil edənlərin sayı 40%-dən aşağı olmamalıdır). Ümumilikdə, tövsiyə Avropa Şurasına üzv ölkələrin nümayəndələri üçün 8 tapşırıq irəli sürmüşdür ki, bunların da həlli qərarların qəbul edilmə prosesində qadınların və kişilərin iştirakının daha çox balanslaşdırılması yolunda mühüm rol oynayacaqdır. Bu tapşırıqlar vətəndaş və siyasi hüquqların bərabər bölünməsi, seçici hüququndan şəxsən istifadə olunması (bütün ailənin əvəzinə bir nəfərin səs verməsinin yolverilməzliyi), ictimai həyatda qadınların aktiv iştirakının stimullaşdırılması, qanunvericilikdə, qərarların qəbul edilmə prosesində qadınların balanslaşdırılmış iştirakına yönəldilmiş dəyişikliklərin edilməsi, keçirilən siyasətin nəticələrinə nəzarətin təmin olunması kimi məsələləri nəzərdə tutur.
Gender bərabərliyinin əldə olunmasına, xüsusilə qadınların siyasi həyatda iştirakçılığının artırılmasına yönəldilmiş digər mühüm sənəd Avropa Şurası Parlament Assambleyası tərəfindən 2010-cu ildə qəbul olunmuş “Seçki sistemləri vasitəsilə siyasətdə qadın iştirakçılığının artırılması” adlı 1899 saylı Tövsiyədir.5 Həmin Tövsiyədə Parlament Assambleyası üzv dövlətləri seçki sistemlərində islahatlar aparmaqla qadınların siyasi iştirakçılığını artırmağa çağırır.

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 2010-cu ildə qəbul etdiyi “Yerli və regional səviyyələrdə siyasi həyatda cinslərin dayanıqlı bərabərliyinin dəstəklənməsi üçün” 288 saylı Tövsiyədə qeyd olunur ki, Avropada parlamentlərin aşağı və ya vahid palatalarında qadınların orta təmsilçiliyi 19,3% təşkil edir.6 Avropa Şurasının yalnız 3 üzv dövləti (Finlandiya, Niderland, İsveç) cinslərin təmsilçiliyində tarazlığı (hər cins üçün 40%) təmin edir, digər 7 ölkə isə (Almaniya, Belçika, Danimarka, İspaniya, keçmiş Yuqoslaviya Respublikası Makedoniya, İslandiya, Norveç) qadınlar üçün 30%-lik kritik həddi əldə edib.7 Ona görə də Konqres üzv dövlətlərə qadın və kişilər arasında bərabərliyin təmin olunması siyasətinin aparılması üçün milli, regional və yerli hakimiyyət orqanlarının potensialını artırmağı tövsiyə edir.


Yuxarıda qeyd olunan beynəlxalq sənədlərdə gender bərabərliyinin təmin olunması ilə bağlı demokratik cəmiyyət üçün zəruri müddəalar öz əksini tapıb. Demokratik cəmiyyətdə idarəetmədə qadınların təmsilçiliyinin təmin olunması isə minilliyin inkişaf məqsədlərinin əldə edilməsi üçün mühüm əhəmiyyət kəsb edir.
İndiyə qədər Azərbaycanda genderlə, o cümlədən qadınların siyasi həyatda iştirakçılığı ilə bağlı müxtəlif tədqiqatlar aparılıb, monitorinqlər həyata keçirilib və hesabatlar hazırlanıb. Bu sənədlərin müxtəlif müşahidə və tədqiqat obyektləri olub. Məsələn, Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi Avropa Şurası Nazirlər Komitəsinin üzv dövlətlər üçün nəzərdə tutulan 12 mart, 2003-cü ildə qəbul edilmiş “Siyasətdə və Dövlət Əhəmiyyətli Qərarların Qəbul Edilməsində Qadın və Kişilərin Balanslaşdırılmış iştirakı” Tövsiyə və İzahat Memorandumunun Azərbaycanda həyata keçirilməsinin monitorinqini aparıb və monitorinqin nəticələri əsasında hesabat hazırlayıb. Bu təşkilat həmçinin “Qadınlara qarşı ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanın Azərbaycanda həyata keçirilməsinin Monitorinqini aparıb və alternativ hesabat hazırlayıb.8 Hazırda belə bir hesabatın Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyəti tərəfindən hazırlanması haqqında da məlumat var. UNESCO-nun Moskvada yerləşən Azərbaycan, Ermənistan, Belorus, Moldova və Rusiya Federasiyası üzrə Bürosunun dəstəyi ilə dərc edilən “Qafqaz qadınlarının regionun siyasi həyatında iştirakı” adlı analitik hesabatı9 da qeyd olunmalıdır. Adı çəkilən sənədlərdə Avropa Şurası Tövsiyələrinə və CEDAW üzrə öhdəliklərə əməl olunması səviyyəsi, ölkə üzrə qadınların siyasi həyatda iştirakçılıq vəziyyəti, iştirakçılıq səviyyəsinə təsir göstərən amillərlə bağlı araşdırmanın nəticələri öz əksini tapıb. Həmin tədqiqatlar bütün səviyyələrdə qadınların siyasi iştirakçılığı ilə bağlı mövcud vəziyyətin qiymətləndirilməsinə həsr olunub və onlarda xeyli faydalı məlumatlar öz əksini tapıb. Lakin həmin sənədlərdən fərqli olaraq bu tədqiqat kifayət qədər konkret sahəni – bələdiyyə strukturlarında qadınların təmsilçiliyi ilə bağlı mövcud vəziyyəti əhatə edir. Şübhəsiz ki, qadınların bələdiyyə strukturlarında təmsilçiliyinin ümumiyyətlə qadın iştirakçılığı kontekstindən kənarda nəzərdən keçirilməsi doğru olmazdı. Ona görə də tədqiqatda bələdiyyə strukturlarında qadın iştirakçılığı probleminə ümumiyyətlə qadınların siyasi həyatda iştirakçılığı kontekstində yanaşılıb.

Bu tədqiqat sənədi 3 bölmədən ibarətdir. 1-ci bölmə “Ölkələrin siyasi həyatında qadinlarin iştirakı: müqayisəli təhlil” adlanır. Bu bölmədə Mərkəzi və Şərqi Avropanın, eləcə də MDB-nin bəzi ölkələrinin qadınların siyasi iştirakçılığı ilə bağlı təcrübəsinin Azərbaycanla müqayisəli təhlili verilir. Bölmədə əsasən milli və yerli səviyyədə qadın təmsilçiliyinin mövcud vəziyyəti, qadınların siyasi həyatda iştirakına təsir göstərən amillər, qadın iştirakçılığının təmin edilməsinin hüquqi və institusional çərçivələri və qadın iştirakçılığının təmin olunmasının mexanizmləri ilə bağlı ölkə təcrübələri yer alıb.

Bələdiyyə strukturlarında qadınların təmsilçiliyi: mövcud vəziyyət və onu şərtləndirən əsas amillər” adlı 2-ci bölmədə Azərbaycan bələdiyyələrində qadın təmsilçiliyinin mövcud vəziyyəti ilə bağlı araşdırmanın nəticələri öz əksini tapıb. Bu bölmədə bələdiyyə üzvü və bələdiyyə qulluqçusu olan qadınların yerli əhəmiyyətli qərarların qəbulunda və icrasında rolu, yoxsulluğun və gender bərabərsizliyinin aradan qaldırılmasına onların təsir imkanları kimi məsələlər araşdırılıb.

3-cü bölmədə BİNA-nın qadın iştirakçılığının artırılması ilə bağlı tövsiyələri öz əksini tapıb.




  1. Ölkələrin siyasi həyatında qadinlarin iştirakı: müqayisəli təhlil

Bu bölmədə əsasən Mərkəzi və Şərqi Avropanın bəzi ölkələrinin, eləcə də MDB-nin bir sıra ölkələrinin qadın iştirakçılığının təmin edilməsi sahəsində təcrübəsinə nəzər salınacaq. Bu ölkələrin təcrübəsinə müraciət olunması onunla bağlıdır ki, həmin ölkələrin əksəriyyəti Azərbaycanın da daxil olduğu post-sosialist məkanına daxil olan ölkələrdir. Tükiyə isə etnik bağlılıq və mədəni baxımdan Azərbaycana yaxın ölkədir. Həmin ölkələrin təcrübəsi BMT İnkişaf Proqramının Avropa və Müstəqil Dövlətlər Birliyi ölkələri üzrə regional bürosu tərəfindən hazırlanmış “Qadınların siyasi proseslərdə rolunun artırılması və iştirakçılığının genişləndirilməsi: analitik icmal və Mərkəzi və Şərqi Avropa və Müstəqil Dövlətlər Birliyi ölkələri üçün tövsiyələr” adlı sənəddə yaxşı əks etdirildiyindən biz xarici təcrübə ilə bağlı əsasən həmin sənədə istinad edəcəyik.10

İlk növbədə qeyd edək ki, Mərkəzi və Şərqi Avropanın, eləcə də MDB-nin keçid dövrünü yaşayan ölkələrində iqtisadi və siyasi dəyişikliklərin müxtəlif nəticələri olub. Avropa Birliyinin yeni üzv dövlətləri AB-nin gender bərabərliyi sahəsində tələblərini yerinə yetirməyə istiqamətləndiyi halda Orta Asiya ölkələrinin qarşısında yoxsulluq və siyasi qeyri-sabitlik məsələləri durur. Bu ölkələrdə hələ də qadınlara qarşı ayrıseçkiliyin aradan qaldırılması günün aktual məsələlərindəndir. Cənubi Qafqazda və Cənub-Şərqi Avropada konfliktlərin də rəvac verdiyi geopolitik, iqtisadi və sosial sarsıntılar qadınların siyasi həyatda iştirakçılığına da öz təsirini göstərir. Türkiyə daha müasir Avropa sisteminə əsaslanan idarəetmə tətbiq etməklə yanaşı iqtisadi sahədə lider dövlətə çevrilməkdədir. Təsadüfi deyil ki, Türkiyədə ənənəvi sosial və iqtisadi sistemdən fərqli olaraq fəal qadın hərəkatı genişlənməkdədir.



Milli və yerli səviyyədə təmsilçilik. Keçid dövrünün iqtisadi və sosial çətinliklərinə baxmayaraq qadınların siyasi həyatda iştirakçılığı sahəsində inkişaf müşahidə olunmaqdadır. Əksər ölkələrin parlamentlərində qadınların təmsilçiliyi tədricən artmaqdadır. Lakin onu da qeyd edək ki, bu göstərici qadınların siyasi debatların nəticələrinə əhəmiyyətli təsir göstərmələri üçün zəruri olan 30%-lik həddən aşağıdır. Mərkəzi və Şərqi Avropa, eləcə də MDB ölkələri parlament üzvləri arasında qadınların orta say göstəricisi təxminən 15 faizdir. Lakin bu rəqəm yalnız ümumi mənzərəni təsəvvür etməyə imkan verir. Ayrı-ayrı ölkələrin göstəricilərində ciddi fərqlər var. Məsələn. Gürcüstanda Albaniyada qadınlar qanunverici orqanda 6-7%, Türkiyə, ErmənistanRumıniyada 9%, Qırğızıstanda, BelarusdaMakedoniyada isə 30%-ə yaxın göstərici ilə təmsil olunurlar. Qadınlar regional qanunvericilik məclislərində, parlamentlərdə və ya şuralarda daha yaxşı təmsil olunurlar. Regional orqanlarda təmsilçiliklə bağlı müqayisə aparmaq olduqca mürəkkəbdir, çünki ayrı-ayrı ölkələrdə regional və yerli hakimiyyət orqanlarının müxtəlif səviyyələri fəaliyyət göstərir. Buna baxmayaraq bir neçə ölkənin timsalında qadınların milli və regional səviyyədə təmsilçiliyinə nəzər salmaqla fərqi müşahidə etmək mümkündür. Ukrayna qadınların parlamentdə say göstəricisi üzrə 188 ölkə arasında 110-cu yerdədir. Qadınların payı 1994-cü ildəki 4%-dən 1998-ci ildə 8,4 %-dək artdı. Lakin 2002-ci il seçkilərindən sonra qadınların təmsilçilik səviyyəsi 5,1%-dək azaldı. 2007-ci ildə isə göstərici növbədənkənar parlament seçkilərindən sonra yenidən 8,5%-ə qalxdı. 2009-cu ildə hökumətin tərkibinə iki qadın (o cümlədən Baş Nazir vəzifəsinə) daxil idi. Ukraynada qadınlar aşağı səviyyədə daha yaxşı təmsil olunublar. Məsələn, 2006-cı ildə milli parlamentin deputatları arasında qadınların sayı 8,5%, vilayət şuralarında 12%, rayon şuralarında 21%, şəhər şuralarında 24%, kənd şuralarında 40% təşkil edirdi.11 Türkiyə bir sıra Avropa ölkələrini əhəmiyyətli dərəcədə qabaqlayaraq 1934-cü il seçkilərində qadınlara səsvermə hüququ verib. 1935-ci ildə qadınların da iştirak edə biləcəyi ilk seçkilər keçirilib. Seçkilərin nəticələrinə görə qadınlar parlamentdəki yerlərin 4,6 faizini qazanıblar. Həmin dövrdən sonra bu göstərici aşağı düşüb və yalnız 2007-ci ildə hissolunacaq dərəcədə artıb. Bu seçkilərə qədər 4,36% təşkil edən göstərici iki dəfə artıb. Türkiyə parlamentində qadın deputatların sayı 50 nəfərədək artıb və 9,1 faiz təşkil edib. Lakin bu göstərici Türkiyə hökumətinin minilliyin inkişaf məqsədləri üçün müəyyənləşdirdiyi 17%-dən aşağıdır. Buna baxmayaraq, əldə edilmiş göstərici gender bərabərliyinin təmin olunması istiqamətində irəliləyişdən xəbər verir. Qadınların siyasi həyatda iştirakçılığı ilə bağlı vəziyyət yerli hakimiyyət orqanları səviyyəsində problem olaraq qalır. Regionun digər ölkələrindən fərqli olaraq yerli şuralarda qadınların təmsilçiliyi parlamentlə müqayisədə aşağıdır. 2009-cu ildə keçirilmiş yerli seçkilərin nəticələrinə görə qadınlar yalnız 0,9% bələdiyyəyə (2887-dən 26) rəhbərliyi əldə ediblər, əyalət şuralarında yerlərin 3,5%-nə (3166-dan 115) və bələdiyyə şuralarında isə 4,5%-nə (30921-dən 1471) sahib olublar.12 Keçid dövründə Gürcüstan parlamentində qadınların sayı azalıb. 1992-ci ildən başlayaraq Gürcüstanda milli səviyyədə altı, yerli səviyyədə isə üç seçki kampaniyası keçirilib ki, onların da nəticəsində parlamentə və yerli hakimiyyət orqanlarına seçilən qadınların sayı çox az olub. Hətta 2003-cü il “qızılgül inqilabı” da ölkənin siyasi həyatında qadınların iştirakını aktivləşdirməyib. 2004-cü il parlament seçkilərinin nəticələrinə əsasən qadınlar parlamentdə yerlərin 9,4 faizini əldə ediblər. 2008-ci ildə parlament deputatları arasında qadınların payı 5 faizədək azalıb. Yerli özünüidarə orqanlarına seçkilərdə də hər növbəti seçkidə qadınların sayı azalıb. Qadın namizədlərin sayı 1998-ci ildə 14% olsa da, 2002-ci ildə bu rəqəm 12%-ə enib. 2006-cı ilin mayında Gürcüstanda bir nəfər də olsun qadın mer, yerli administrasiyaların (“qamqebeli”) 66 təmsilçisi içərisində bir nəfər də olsun qadın olmayıb, yalnız yerli şuraların (“sakrebulo”) başçılarının ümumi sayında 5,5% qadınların payına düşüb. Yeni seçki qanunvericiliyi əsasında keçirilən 2006-cı il seçkilərindən sonra bütün seçilmiş təmsilçilərin 11,14 faizini qadınlar təşkil edib.13


Dostları ilə paylaş:
  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə