Açar sözlər: Bəsitçay, qoruq, meşə, ekoloji şərait, ağaclığın tərkibi, ot örtüyü.
GİRİŞ
Qoruq Azərbaycan hökümətinin 4 iyul 1974-cü il tarixli qərarına əsasən Zəngilan rayonu ərazisində Bəsitçay vadisində 117 ha sahədə təbii çinar meşəsində təşkil olunmuşdur. Azərbaycan hökümətinin 11 noyabr 1961-ci il tarixli «Zəngilan rayonundakı Bəsitçay vadisində yerləşən çinarlığın Azərbaycanın qoruq meşəliyinə daxil edilməsi haqqında» qərarı olmuşdur.
Qərardan sonra Çinar meşəsi dövlət qoruğu elan edildi. Qoruğun nəzdində Qubadlı və Laçın yasaqlıqları da fəaliyyətə başladı. Laçın yasaqlığı 1983-cü ildə Laçın meşə təsərrüfatına, 1988-ci ildə isə Qaragöl qoruğunun tabeliyinə verilmişdir.
Qoruq Bəsitçayın vadisində dəniz səviyyəsindən 600-800 m yüksəkliklər arasında yerləşir. Onun uzunluğu çay axarı boyunca 15 km, eni isə 60-200 m arasında dəyişir. Qoruq Zəngilan rayonunun müxtəlif təsərrüfatları ilə həmsərhəddir.
Bəsitçayın uzunluğu 44 km, hövzəsinin sahəsi 354 km2-dir. Başlanğıcını Zəngəzur silsiləsindən DS-dən 2600-m yüksəklikdən götürür və Araz çayına tökülür. Bəsitçay Araz çayının sol qoludur. Yerli əhali bəzən Balaçay da deyirlər. Çayın Baharlı kəndi ərazisindən keçən hissəsi Baharlı çayı, Rəzdərə kəndindən keçən hissəsi Rəzdərə çayı adlanır. “Bəsitçay” sözünün Monqol mənşəli bəsit (besut) tayfasının adı ilə bağlı olduğu güman edilir. Tacikistanda - Bəsid, Cənubi Azərbaycanda - Bəsit adlı kəndlər də mövcuddur.
Dostları ilə paylaş: |