Şərq çinarı - Platanus orientalis L. Bu növü bəzən barmaqvari yarpaq çinar (Platanus dicitifolia Pall.) kimi də göstərilir. Çinar meşələrinin mənşəyi barədə bir çox alimlər tədqiqat işləri aparmışlar və bu məqsədlə Bəsitçay qoruğundakı Çinar meşəsi əsas tədqiqat obyektlərindən biri olmuşdur [15, 8-12, 6, 1]. Müəyyən edilmişdir ki, Şərq çinarı Yunanıstanda dağ ətəklərində, Aralıq və Egey dənizləri sahillərində, Kipr, Krit və Rodos adalarında, Kiçik və Orta Asiyada, Cənubi Qafqazda geniş ərazidə yayılmışdır.
Çinarın təbii meşəliyinin İranda (Cənubi Azərbaycanda), Türkiyədə Qisar dağının dərələri boyunca, Cənubi Özbəkistanda və Tacikistanda yayıldığı məlumdur. Şimali Anadolu vadisində çinar tək-tək yox, qrup şəklində deyil, geniş sahədə adi qoz, qarağacla birgə əsl meşəlik yaradır [9].
Bəsitçay qoruğunda çinar meşəsinin mənbəyi barədə tədqiqatçılar arasında bir-birinə əks fikirlər vardır.
A.A.Qrossheym, M.E.Kirpiçnikov və Q.F. Axundov və s. çinar meşələrinin mədəni əkin olduğunu qeyd edirlər [8, 9]. A.B. Şelkovnikov, L.B. Maxatadze, İ.S.Səfərov, L.İ.Prilipko və s. Bəsitçay qoruğunda bitən çinarların təbii meşədən qalıq olduğunu göstərirlər [15,10-12]. H.Ə.Əliyevin, X.N.Həsənovun məlumatlarına əsasən təbii çinar meşəsinin ümumi sahəsi 160 hektardır [1]. Bəsitçayın çinar meşəsindən başqa Ağdərə rayonunda Atrek çayı dərəsində (5 ha), Balakən rayonunda Qullar (25 ha) və Kərəkli (3 ha) kəndləri yaxınlığında, Oğuz rayonu Xal-Xal (3 ha) kəndi ətrafında və Ərmənətdə (2 ha), Qəbələ rayonun Bum kəndi yaxınlığında (6 ha) və s. yerlərdə saxlanmışdır.
Mədəni halda çinarların ən geniş sahəsi Şəmkirdə, Gəncədə, Bakıda, Göyçayda, Beyləqanda və s. rayonlarda becərilir. Müxtəlif ərazilərdə bitən tək-tək çoxyaşlı çinar ağaclarından 1269 ədədi təbiət abidəsi kimi dövlət tərəfindən qorunur.
Həqiqətən 350-400 illik yaşı olan çinarların bu ərazidə mədəni əkini mümkün deyildir. Belə ki, keçmişdə bu yerlərdə yaşayış məntəqəsi olmamış və ya çox az olmuşdur. Daşlı-çınqıllı çay vadisində çinarın əkini kimə lazımdır və maraq doğuran səbəb nədir? Burada məskunlaşmış qəbilələr çinardan çox meyvə ağaclarının becərilməsinə üstünlük vermələrini düşünmək daha düzgün olardı.
L.İ.Prilipko A.B.Şelkovnikova istinadən göstərir ki, 1930-cu ildə Bəsitçayda 5000 çinar ağacı olmuşdur [11, 15]. Burada olan çinar meşəliyi cərgə ilə düzümünə görə koridor şəklini almışdır və buna bənzər meşələr Türkiyə Anadolusunda olan çinar meşələrinə oxşayır. Çinar meşələrində təbii halda adi qoz, dağdağan, qovaq və s. qarışıq halda bitirlər.
Çinar ağaclarına qonşu Oxçuçay vadisində 30 km çay boyu uzununa məsafədə tək-tək iri gövdəli nüsxələrinə təsadüf edilir. Burada da çinar adi qozla birgə bitir.
A.A.Qrossheymə görə çinar yabanı halda təbaşir dövrünün sonunda və üçüncü dövrdə Qafqazda geniş yayılmışdır [8]. Hazırda onun təbii meşəsi yox dərəcəsindədir.
İ.S.Səfərova görə çinarın mədəni halda becərilməsinə Azərbaycanda VII-VIII əsrlərdən başlanmışdır [12]. Hazırda çoxəsrlik yaşı olan Şərq çinarı ağaclarına Aran rayonlarının bir çox yaşayış məntəqələrində təsadüf edilir.
Belə yaşlı çinarlardan Abşeronda Şüvəlan qəsəbəsində «pir çinar»ın 1300 il yaşı var. Samux rayonunun Kolayır kəndində yaşı-1500 il, Qubadlı rayonunda yaşı 1600 il, Fizuli rayonunda «ibə piri» çinarı-yaşı 1400 il, Cəbrayıl rayonunda yaşı 1600 il olan, Yardımlı rayonu Ökü kəndində yaşı 1200 il və s. olan çinarları göstərmək olar. Doğrudur, Qubadlı, Füzuli, Cəbrayıl rayonları erməni əsarətində olduğundan son 20 ildə həmin çinarların son taleyi barədə məlumat yoxdur. Həmin ağacların salamat qalması da şübhəlidir.
Qoruqda və ətraf meşələrdə heyvanlardan canavar, çöl donuzu, porsuq, cüyür, dovşan, müxtəlif gəmiricilər və s. təsadüf edilir. Quşlardan kəklik, turac, göyərçin, ağacdələn, sərçə, qaratoyuq və s. vardır.
Qoruq ərazisinin kiçik olması və lentvari uzununa ərazi tutması, ətraf sahələrdə yaşayış məntəqələrinin olması, texnikanın səsi burada heyvan və quşların daimi məskunlaşmasına mane olur. Odur ki, burada təsadüf edilən heyvan və quşlar müvəqqəti hesab olunurlar.
Çinarın mədəni əkinləri Orta Asiyada, Qafqazda geniş ərazilərdə aparılır. Azərbaycanın bir çox rayonlarında Gəncədə, Ordubadda, Zaqatalada, Göyçayda, Bərdədə, Şəmkirdə, Ağdaşda, Xaçmazda və s. çoxəsrlik çinar ağacları var.
Bəsitçay qoruğunda 61 növ bitkilər qeydə alınmışdır. M.E.Kirpiçnikova və Q.F.Axundova görə burada cincilim (Stellaria media), qırtıc (Poa annua), ətirşah (Geranium molle), gicitkan (Urtica dioica), otvari gəndəlaş (Sambucuı ebulus), zəncirotu (Taraxacum vulgare), çobantoxmağı (Dactulis glomerata), yonca (Trifolium medium), göyçiçək (Centaurea sosnovskyi) və s. qeyd olunur.
Təbii bərpa qoruq yarandıqdan sonra çinar pöhrələri və toxumdan cücərənlər hesabına yaxşıdır, adi qoz və qovaq yeniyetmələri də tərkibdə ara-sıra gözə çarpır. Hər hektarda 100-150 min yeniyetmə vardır. İ.S.Səfərova görə Bəsitçay qoruğunda əmələ gələn yeniyetmələrin 80%-i pöhrədən, 20%-i toxumdan törəyən ağaclardır [12].
Burada ən iri ağacın yaşı 1250 il, boyu 53 m, diametri 4 m, kök boğazından müxtəlif yaşlı, müxtəlif ölçülü 185 ədəd pöhrə əmələ gəlmişdir. Pöhrələrin yaşı bəzən 100-150 il olmaqla iri ölçülü ağaclardır.
V.Babaxanova görə Şərq çinarı meşəsində təbii bərpa yaxşı gedir, sahədə pöhrədən törəyən yeniyetmələr daha üstündür [6]. Adi qozun da yeniyetmələrinə tez-tez təsadüf olunur. Bərpanın yaxşı getdiyi yerlərdə 1 hektar sahədə 160 min cücərti və yeniyetmə hesablanmışdır. Onların 80%-i birillik cücərtilər, 13%-i ikiillik, 4%-i üçillik, 3%-i isə 5-8 illik yeniyetmələrdir. Orta hesabla 3-10 yaşlı yeniyetmələr 1 ha-da 2000 ədəd təşkil edir ki, bu da meşənin bərpası üçün kifayətdir.
Qoruq ərazisində çayın sağ sahili dik yamaclı dağlardan, sol sahili isə təpəliklərdən ibarətdir. Burada 3-cü dövr çöküntüləri formalaşıb. Çay dərəsi boyunca ensiz zolaq şəklində allüvial düzənlik mövcuddur.
Qoruq ərazisində qışı quraq keçən mülayim-isti iqlim tipi səciyyəvidir. İqlim göstəriciləri aşağıdakı kimidir.
Hacıyev Q.Ə. və Rəhimov B.Ə. görə ərazidə ümumi günəş radiasiyası 130, illik radiasiya balansı isə 48 kkal/sm2 təşkil edir [3]. Günəşli saatların illik cəmi 2200-2500-ə qədərdir. Fəal temperaturun cəmi isə 4100-4300°C olub, bitkilərin inkişafına müsbət təsir göstərir. Havanın illik orta temperaturu 13,3°C-dir. Mütləq minimum temperatur mənfi 21°C, mütləq maksimum temperatur 41°C-yə çatır. İllik yağıntının miqdarı 600 mm, havanın nisbi rütubəti 60-70%-dir. Qar örtüyü nazikdir (10-30 sm), bəzən qalınlığı 25 sm-ə çatır. Qoruğun və ətraf landşaftın hidroloji şəbəkəsini Bəsitçay, onun Sobuçay, Topçay, Şıxauzçay qolları və Oxçuçay vadisi və meşəlik təşkil edir.
Cədvəl 2.
Bəsitçay qoruğunun əsas iqlim göstəriciləri (Zəngilan meteostansiyası)
Dostları ilə paylaş: |