ƏHMƏD XANIN SULTAN MEHMEDƏ GÖNDƏRDİYİ BİTİK (YARLIQ)
Giriş
Çingizoğulları içərisində yarlıqları dövrümüzədək yetişmiş xanlardan biri də Əhməd Xandır. 1460-cı ildən etibarən qardaşı ilə birlikdə, 1471-ci ildən isə təkbaşına Uluq Ulusun (Turanın) xanı olan Əhməd Xan, Kiçi Mühəmməd Xanın oğlu idi. Siyasətinin əsasını dövlətin ərazi bütövlüyünü təmin etmək və müstəqilliyə can atan bəylərbəyiləri mərkəzi hakimiyyətə tabe etmək təşkil etmişdir. Bu işdə ona Edügünün (Edigəyin) nəvəsi və Manqıt bəylərbəyi Teymur bəy yaxından kömək etdiyi məlumdur.
Əhməd Xanın atası Kiçi Mühəmməd Xanın zəbt etdirdiyi son sikkələr 1459-cu ilə aiddir, 1460-cı ilə aid hadisələrdən söz açan rus salnəmələri ondan artıq “xan” kimi bəhs etməkdədirlər. Bu isə o deməkdir ki, onun xanlıq tarixinin başlanğıcı 1460-cı ilə təsadüf edir. R. Yu. Paçkayevin yazdığına görə, Əhməd Xan ilk dövrlərdə dövləti qardaşı Mahmud Xanla birlikdə idarə etmişdir. Mahmud Xan Hacı Tərxanda (Həştərxanda), Əhməd Xan isə Saray şəhərində otururdular. Əslində həmin dövrdə ikihakimiyyətlilikdən söz açmaq daha doğru olar. Lakin iki qardaş arasında heç bir ziddiyyət yox idi.
Əhməd Xan bütün diqqətini 1412-1413-cü illərdən etibarən Teymuroğullarının əlinə keçən və mərkəzi hakimiyyətə tabe olmayan Xarəzmi ələ keçirməyə və Uluq Ulus dövlətinin bütövlüyünü təmin etməyə yönəltmişdi. Onun bu torpaqları Teymuroğullarından almaq üçün bəhanəsi də var idi. Belə ki, Xorəzm ona arvadı Bədi əl-Camalın cehizi kimi verilmişdi. Bədi əl-Camal Xorasan hökmdarı Hüseyn Bayqaranın bacısı idi.
Xorəzmə Türküstanın hökmdarları olan Şeybanilər sülaləsindən Əbül Xeyr də iddialı idi və bu da maraqların toqquşmasına gətirib çıxarmışdı. 1468-ci ildə Əbül Xeyr vəfat etdi, yerinə Şeybanilərin başqa qolundan olan Yadigar Xan keçdi. Bu, Əhməd Xana istəyinə nail olmaq imkanı verə bilərdi. Lakin bir il sonra, yəni 1469-cu ildə Yadigar Xan vəfat etdi. Taxt-taca Əbül Xeyrin oğlu Şeyx Heydər sahib oldu.