Bəxtiyar Tuncay III dünya savaşi giRİŞ



Yüklə 2,93 Mb.
səhifə91/105
tarix01.01.2022
ölçüsü2,93 Mb.
#102794
1   ...   87   88   89   90   91   92   93   94   ...   105
Senkaku (Diaoyu) adaları

Müharibədə Yaponiyanı məğlub edən Amerika Birləşmiş Ştatlarınının rəsmi açıqlamalarında adalara (Philip J. Crowley, 2010) iddia edən dövlətlərdən hər hansı birini birbaşa dəstəklədiyinə dair heç bir məqam olmasa da, ABŞ Yaponiyaya qarşı bir təhlükə olduğu təqdirdə adanın müdafiəsinin ABŞ-ın üzərinə düşdüyünü bəyan etmişdir (U.S. says.., 2012).



Artıq qeyd edildiyi kimi, nə qədər ki Senkaku ABŞ administrasiyasının hökmü altında idi, nə Çin Xalq Respublikası, nə də Çin Respublikası, yəni Tayvan dövləti heç bir iddia irəli sürməmişdi. Və bu 1971-ci ilə qədər beləcə davam etmişdir (Lee Seokwoo, 2002, s. 10-11). 1968-ci ildə Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurası Senkaku adalarında neft yataqlarının ola biləcəyinin ifadə edildiyi elmi araşdırmaların nəticələrini təqdim etdi (On the sovereignty.., 2012). Məsələ də bundan sonra başladı.

1972-ci ildə Çin-Yaponiya sammitində ÇXR Dövlət Şurasının sədi Çju Enlai Yaponiyanın baş naziri Kakuei Tanakinin adalarla bağlı sualının cavabında dedi ki, adalarda neft aşkar etməsəydilər, nə Tayvan, nə də ABŞ ümumiyyətlə bu barədə danışmazdılar.

2012-ci ilin sentyabrında Yaponiya hökuməti adaların alınması və Yaponiyaya daxil olması ilə əlaqədar bir şəxslə Çində anti-yapon etiraz dalğasına səbəb olan bir müqavilə bağladı (Anti-Japan protesters..,, 2012). 2013-cü ilin fevral ayında Qərb mətbuatı bu mübahisəsinin II Dünya savaşının sonundan bəri həm Çinin, həm də Yaponiyanın mübahisələrinin ən ciddisi olduğunu və potensial olaraq hərbi münaqişə ilə nəticələnə biləcəyini yazmışdı (Viewpoints.., 2013).

23 Noyabr 2013 tarixində Çin Xalq Respublikası, Senkaku adalarının da daxil olduğu Şərqi Çin dənizində hava hücumundan müdafiə bölgəsi yaradıldığını elan etdi, bölgəyə girən bütün təyyarələrin uçuş planı, öz radio tezliyi və transponder haqqında məlumat vermələri tələb ediləcəyi açıqlandı.

1997-ci ildə bağlanmış bir razılaşmada Senkaku adaları ÇXR-in müstəsna iqtisadi zonasından rəsmi şəkildə çıxarılmışdı, lakin Yaponiya hökumətinin bir məktubu yaponlara çinlilərin orada balıq ovlamağını qadağan etməyəcəyini bildirməkdə idi. Bəzi mənbələrin də bildirilənə görə, ÇXR sözügedən məktubu bu zonada Yaponiyanın özünün müstəsna balıqçılıq hüququndan imtina etməsi kimi qiymətləndirdi.

2014-cü ildə Tayvan və Yaponiya balıqçılıq müqaviləsi bağladılar (Satoshi Ukai, 2014). Lakin bu, problemin həll edildiyi demək deyildi.



Çinin qonşularına iddialarının biri də, artıq qeyd etmiş olduğumuz kimi, Tayvanla (Çin Respublikası ilə) bağlıdır.

Tarix Tayvan adası ilə əlaqədar üç böhrana səhnə olub. Bunlar “Birinci Tayvan körfəzi böhranı”, “kinci Tayvan körfəzi böhranı” və “Üçüncü Tayvan körfəzi böhranı” adları ilə anılmaqdadırlar.

Çin Tayvan adası və bitişik bir neçə ada üzərində suverenliyini iddia edir. Vətəndaş müharibəsinin SSRİ-nin dəstəyi sayəsində kommunistlərin qələbəsi ilə bitməsindən sonra məqlub olan tərəf Tayvana çəkilməli olmuşdu. Nəticədə materik Çində Çin Xalq Respublikası, Tayvanda isə Çin Respublikası adlı iki dövlət quruldu. İlk dövrlərdə ABŞ Tayvana qarşı özünü tam neytral mövqeyi ilə seçilirdi. Lakin ÇXR-in Koreya müharibəsinə müdaxiləsindən sonra ABŞ-ın mövqeyi dəyişdi. Rəsmi Vaşinqton BMT Təhlükəsizlik Şurasında Çinin Tayvanı ələ keçirə bilməsinə yol aça biləcək qətnamənin keçməsinə mane oldu və Tayvanın, daha doğrusu Çin Respublikasının müstəqilliyini qoruyub saxlaya bilməsinə şərait yaratdı.



Çin Respublikası bir çox ölkə tərəfindən tanınmır. Tayvan adasında yerləşən və daha çox da adanın adına uyğun olaraq Tayvan kimi tanınan bu Uzaq Şərq ölkəsi əslində 1912-ci  ildə bugünkü Çin Xalq Respublikasının ərazisində qurulmuşdu və Birləşmiş Millətlər Cəmiyyətinin üzvü idi. Dövlət, Tayvan da daxil olmaqla, ətraf adalarla birlikdə II Dünya savaşından sonra sərhədlərini müəyyən etmişdi. 1949-cu ildə Çin Vətəndaş müharibəsində Çin Milli Partiyasının hakimiyyəti itirməsindən sonra ölkə Çin Kommunist Partiyası rəhbərliyinin əlinə keçir. Bunula da Çin Xalq Respublikası qurulur. Çin Milli Partiyasının lideri Chianq Kay Şek Tayvan adasına qaçmalı olur. Çin Respublikasının fəaliyyətinin Tayvandan davam etdiyini dünyaya elan edir. 1949-cu ildə baş verən bu yenidən quruluşu dünya tanıyır (Гао Сяосин и др.,, 2017).

Tayvan 1971-ci ilə qədər bütün Çinin BMT-dəki rəsmi nümayəndəsi idi. Həmin il Çin Respublikası BMT-dən çıxarılır və onun əvəzinə Çin Xalq Respublikası daxil edilir. Hal-hazırda Çin Respublikası yalnız 23 ölkə tərəfindən tanınmaqdadır. “Çin” ifadəsi əsasən Çin Xalq Respublikasına şamil edilərkən, Çin Respublikasına isə ümumiyyətlə Tayvan deyilir. Tayvan beynəlxalq quruluşlara “Çin Taypeyi” (Chinese Taipei) adı ilə üzv olmuşdur. Əhalinin 90%-dən çoxu xan çinlisi olan Tayvan Çin xalq Respublikası ilə sıx ticarət əlaqələri yaradıb. Amma kommunist rejiminə qarşı silahlı müqavimət pozisiyasındadır.

ÇXR Tayvanı və ona bitişik adaları vahid və bölünməz Çin dövlətinin bir hissəsi hesab edir. Çin Respublikasının (Tayvan) rəhbərliyi də bütün Çin ərazisi üzərində suverenliyə sahib olduqlarını iddia edir, baxmayaraq ki, son vaxtlar Tayvanı ayrı bir dövlət elan etmək üçün addımlar artmışdır.

1970-ci illərin sonlarında Sovet qoşunlarının Əfqanıstana girməsi ilə əlaqədar SSRİ ilə ABŞ arasındakı münasibətlərin gərginləşməsindən istifadə edən rəsmi Pekin ABŞ ilə diplomatik münasibətlər qurdu. ABŞ bundan sonra Tayvanla rəsmi münasibətlərini kəsdi, hərçənd ki, ona iqtisadi və hərbi yardım göstərməyə davam edirdi.

1992-ci ildə ABŞ rəhbərliyi ilə münasibətlər quran və bazar islahatı yoluna başlayan Çin rəhbərliyi, Tayvanla sülh yolu ilə birləşmək üçün danışıqlara başladı. Lakin 11 iyul 1999-cu ildə Tayvan Prezidenti Li Denghui Çin və Tayvanın "Tayvan Boğazının iki tərəfindəki iki fərqli ölkə" olduğunu elan etdikdən sonra danışıqlara ara verildi.

2000-ci ildə Çen Şuibian Tayvanın prezidenti oldu, adaların müstəqilliyi ilə bağlı referendum keçirilməsini təklif etdi. Bundan sonra Çin rəhbərliyi daha çox israrla Tayvan probleminin tez bir zamanda həllinə çağırışlar etməyə başladı (Россия признала Тайвань.., 2002).

14 mart 2005-ci ildə, Çin Xalq Nümayəndələri Məclisi "Ölkənin parçalanmasına qarşı mübarizə haqqında" qanunu təsdiqlədi. Bu sənədlə ÇXR hökuməti "Tayvanın müstəqilliyini müdafiə edənləri təxribatçı elementlər" vəziyyətinə salmış oldu.

Adanın müstəqilliyini elan etməsinin qarşısını almaq üçün güc tətbiq edilməsini qanuniləşdirən Həmin qanun, müşahidəçilər tərəfindən Tayvana psixoloji təzyiqin artırılması və Pekinin şərtləri ilə, sülh yolu ilə yenidən görüşməyə razılıq vermə cəhdi kimi qiymətləndirilir.

Birləşmiş Ştatlar qanuna etinasız qala bilməzdi, çünki ÇXR tərəfindən qəbul edilən qanun Çinin birlik problemini həll etmək üçün güc tətbiq etməsinin yolverilməzliyini bildirən ABŞ-Tayvan Təhlükəsizlik Qanununuyla (Taiwan Relations Act, 2017) birbaşa ziddiyyət təşkil edirdi. Əlbəttə ki, ABŞ-ın reaksiyası mənfi idi, çünki bu qanuna görə ABŞ Tayvan qarşısında təcavüz vəziyyətində onu qorumaq öhdəliyini daşıyır. 2005-ci ilin fevral ayının sonunda ÇXR-də bu qanunun qəbul edilməsini gözləyən ABŞ, Yaponiyanı Tayvanı ikitərəfli müdafiə alyansından ibarət olan iki ölkənin ümumi strateji maraqları zonasına daxil etməyə inandıra bilmişdir.

Buna cavab olaraq, Çinin baş naziri Ven Jiabao ABŞ və Yaponiyanı Çinin "daxili işi" olan Tayvan probleminə "birbaşa və ya dolayı" müdaxilədən çəkinməyə çağırdı. Çin prezidenti Hu Jintao ordunu Çinin ərazi bütövlüyünü qorumaq üçün müharibəyə hazırlaşmağa çağırdı. Bununla yanaşı, 2005-ci il üçün yeni bir müdafiə büdcəsi təsdiqləndi, hrbi xərclər keçən ilə nisbətən 12,6% artdı (247,7 milyard yuana qədər - 30 milyard dollar).

Bu sırada Rusiya Xarici İşlər Nazirliyi sözügedən qanunun qəbulu üçün "səbəbləri başa düşdüyün" bəyan etdi. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü A. Yakovenkonun sözlərinə görə, "dünyada Tayvanın da ayrılmaz bir hissəsi olduğu yalnız bir Çin olduğuna inanırıq. Bu əsasda, hər hansı bir şəkildə Tayvanın müstəqilliyinə qarşıyıq, "iki Çin" və ya "bir Çin və bir Tayvan" anlayışları qəbuledilməzdir" (Гао Сяосин и др., 2017).

Çinin ərazi iddialarının başqa bir ünvanı da Butandır.

Çin–Butan münasibətləri həmişə gərgin olmuş və iki ölkə arasında bugünə qədər rəsmi diplomatik münasinbətlər qurulmamışdır. Çinlə butan arasında dövlət sərhəddinin uzunluğu 470 km-dir. Onlar arasında mövcud olan ərazi mübahisəsi bir münaqişənin başlanğıcı ola bilər. 1980-ci illərdə bu iki ölkə arasında sərhəd məsələləri, təhlükəsizlik və ikitərəfli gərginliyin azaldılması barədə danışıqlar aparılmışdır (A New Bhutan Calling, 2008; Bhutan-China relations, 2004).

Btün mövcudluğu dönəmində Butan Tibetlə mədəni, tarixi, dini və iqtisadi əlaqələrə sahib olmuşdur. İkitərəfli münasibətlər Butanın Böyük Britaniya imperiyasının Tibetə hücumu zamanı ingilisləri dəstəkləməsindən sonra pisləşmişdir. 1951-ci ildə Çin ordusunun Tibeti ələ keçirməsindən sonra Butanda gərginlik yaşanmış və Butanlılar Butanın da Çin tərəfindən işğal oluna biləcəyindən əndişə etməyə başlamışlar (Bhutan-China relations, 2004; İn Bhutan, 2008). Əndişənin digər səbəbi də iki ölkə arasında dövlət sərhəddinin heç zaman Çin tərəfindən rəsmən tanınmış olmamasıdır. Tibetdə 1959-cu ildə çıxan üsyan və Dalay Lamanın Hindistana qaçması Çinin diqqətlərini bir müddət bu istiqamətə yönləndirməsinə səbəb olmuşdu. Həmin dövrdə Tibetdən Butana 6 000 insanın qaçdığı, onlara siyası sığınacaq verildiyi bilinməkdədir(Bhutan: a land.., 1998; Bhutan-China relations, 2004).

1961-ci ildə Çin özünün hesab edildiyi ərazilərin əks olunduğu xəritə çap etdirmiş, burada Butan və Nepalın bəzi əraziləri, Sikkim krallığı Çin ərazisi olaraq göstərilmişdi (Bhutan-China relations, 2004). Həm bu fakt, həm də Çin əsgərlərinin və Tibet çobanlarının Butan ıərazisinə istədiyi vaxt sərbəst şəkildə daxil olması faktı ölkədə etirazla qarşılansa da, Butan bunun qarşısımı almaq iqtidarında deyildi. Odur ki, kömək üçün Hindistana üz tutur (İn Bhutan, 2008). 1962-ci ildə Çin-Hindistan müharibəsi zamanı Butan hökuməti hind ordusunun onun ərazisindən keçməsinə icazə verir. Ancaq hindlilər bu münaqişədə məğlub olduqlarından Hindistanın onu qoruyacağına ümidsizlik yaranır. Bu səbəbdən Butan Hindistana münasibətdə neytrallığa üstünlük verməyə başlayır (A New Bhutan Calling, 2008; Bhutan-China relations, 2004). Hazırda Butanla Çin arasında dörd mübahisəli ərazi vardır. Onların ümumi sahəsi 270 km²-dən çoxdur.

1970-cı illərə qədər Çinılə danışıqlarda Butanı Hindistan təmsil edirdi. 1971-ci ildə BMT üzvü seçildikdən sonra Butan xarici siyasətdə fərqli istiqamət götürdü, BMT sesiyasında Vahid Çinə səs verdi.

1998-ci ildə Butan və Çin sülh və sərhəddə sakitlik haqqında sənəd imzalayıblar. Bu anlaşma iki ölkə arasında ilk müqavilədir. Müqavilə ilə Çin Butanın ərazi bütovliyinə hörmət etdiyini nümayiş etdirmişdir. Bununla belə, Çin 1998-ci ildə əldə edilən anlaşmaya zidd olaraq mübahisəli ərazilərdə yol tikimntisi gerçəkləşdirmişir.

Çinin. ərazilərinə göz dikdiyi ölkələr içərisində Qazaxıstan və Qırğızıstan kimi Türk dövlətləri də vardır. Rusiyada nəşr edilən “Nezavisimaya qazeta”nın 14.04.2020 tarixli nömrəsində dərc edilmiş “Qazaxıstan öz torpaqlarına Çin tərəfindən təhlükə hiss etmişdir” başlıqlı bir məqalədə (Казахстан обнаружил.., 2020) deyilənlərdən belə məlum olur ki, Çinin torpaq iddiaları Qazaxıstanda da ciddi narazılığa səbəb olmuş və bu narazılıq Qazaxıstan Xarici İşlər Nazirliyinin bəyanatında öz əksini tapmışdır. Belə ki, Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi, Çin qaynaqlarından birində müasir Qazaxıstanın tarixən Çinə məxsus bir ərazini işğal etdiyini iddia edən təxribat xarakterli məqalə ilə Pekinə etirazını bildirmiş, Nur-Sultan, nəşri ölkənin ərazi bütövlüyünə təhdid kimi qiymətləndirmiş etiraz notası Çinin Qazaxıstandakı səfirinə təqdim edilmişdi. Etiraz birbaşa Çin Xalq Respublikasının rəhbərliyinə ünvanlanmışdı.

Nazirliyin mətbuat xidmətinin yaydığı məlumatda bildirilirdi ki, “Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyində Çinin Qazaxıstandakı səfiri Çjan Syao ilə görüş keçirilmiş, görüş əsnasında ona “www.sohu.com” saytında dərc edilmiş “Qazaxıstan nədən Çinin tərkibinə qayıtmaq istəyir” başlıqlı məqalə ilə əlaqədar etiraz bildirilmişdir.

Çin səfirinə bəyan edilmişdir ki, bu məzmunlu məqalələrin dərci Qazaxıstan Respublikası ilə Çin Xalq Respublikası arasında 11 sentyabr 1919-cu il tarixində imzalanmış hərtərəfli strateji əməkdaşlıq barədə Bəyannamənin ruhuna ziddir (Казахстан обнаружил.., 2020).



“Aqreqator.az” saytında 15 aprel 2020-ci il tarixli və “Qazaxıstan Çini ərazi iddiasında ittiham edir” başlıqlı, bir qədər gecikmiş başqa bir məqalədə isə belə deyilməkdədir:

“Nur-Sultan, yerli mediada dərc edilən məqalə ilə bağlı Pekinə nota verdi.

Dünya koronavirus pandemiyasına qarşı mübarizə apardığı bir dönəmdə Qazaxıstan və Çin arasında qalmaqal start götürüb. Elə bu ölkələrdə də pandemiya hələ zəifləməyib. Məsələn, Qazaxıstanda koronavirusdan 1179 yoluxma və 14 ölümhadisəsi qeydə alınıb, aprelin sonunadək isə fövqəladə vəziyyət rejimidir. Çində isə epidemiyanın başladığı dövrdən buyana 82.052 insan virusa yoluxub, 77.816 nəfər sağalıb, 3.342-si həyatını itirib. Belə bir mürəkkəb durumda Çində Qazaxıstana qarşı ərazi iddiası irəli sürülüb.

Qazaxıstan Xarici İşlər Nazirliyi Pekinə bu ölkənin informasiya resurslarındanbirində dərc edilən təxribatçı məqalə ilə bağlı etiraz notası verib. Orada iddia edilib ki, müasir Qazaxıstan tarixən Çinə məxsus olan tarixi torpaqlarda yerləşir. Məqalə Nur-Sultanda təxribatçı və ölkənin ərazi bütövlüyünə təhlükə kimi qiymətləndirilib.

Nota Çinin Qazaxıstandakı səfirliyinə təqdim edilib. Etiraz birbaşa Çin Xalq Respublikasının rəhbərliyinə ünvanlanıb. "Qazaxıstan Xarici İşlər Nazirliyində Çin Xalq Respublikasının səfiri Çjan Sya ilə görüş keçirilib. Ona Qazaxıstan tərəfindən Çin nəşrində dərc olunan "Qazaxıstan hansı səbəbdən Çinə qayıtmaq istəyir” başlıqlı məqalə ilə bağlı etiraz notası təqdimedilib”, - deyə Qazaxıstan xarici siyasət idarəsinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir. Çin səfirinə bildirilib ki, bu tip məqalələrin dərci mövcud münasibətlərə ziddir. İki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və bu cür yanaşmalar əməkdaşlığa uyğun gəlmir. Bildirilib ki, iki ölkənin rəhbərləri 2019-cu il sentyabrın 11-də ikitərəfli strateji tərəfdaşlıq sazişi imzalayıb. Sazişi Qazaxıstan tərəfindən prezident Qasım-Jomart Tokayev imzlayıb və onu "əbədi” adlandırıb. Əlavə edib ki, Qazaxıstan və Çin yeni, keyfiyyətli əməkdaşlıq səviyyəsinə yüksəlirlər. Lakin indi Çin tərəfi dərc olunan məqalə ilə bu fonu pozmuş olur. Qazaxıstan tərəfi adıçəkilən məqalədə fövqəldövlətin ərazi iddiası ilə çıxış etməsi əlamətlərini görüb.

Rəsmi Nur-Sultan bu tip məqalələrin sayının artmasının səbəblərini anlaya bilmir.

Risklərin qiymətləndirilməsi Qrupunun rəhbəri Doslm Satpayev hesab edir ki, Çin mətbuatında bu cür təxribatçı məqalələrin dərci birinci dəfə deyil. "Həmin məqalələrdə hansısa bir tarixi sənədlərə, yaxud psevdotarixi informasiyalara istinad edilir. Daha çox diqqət ona yetirilir ki, nə vaxtsa Qazaxıstan ərazisinə ya Çin tərəfindən nəzarət olunub, ya da torpaqla rümumiyyətlə bu dövlətə məxsus olub. Nəzərə alanda ki, Çin kütləvi informasiya vasitələri dövlətin tam nəzarəti altındadır, Qazaxıstanın narahatlığı başa düşüləndir.Bu səbəbdən də ortaya belə bir sual çıxır – bu tip məqalələr məqsədyönlü şəkildədərc edilirmi? Əgər bunlar təsadüfi baş verirsə, onda nə üçün dövlət səviyyəsində sərt bəyanatlar və etirazlar bildirilmir? Birinci hal - bu hadisədir, ikinci hal – təsadüfdür, üçüncü hal isə artıq tendensiyadır”, -deyə ekspert vurğulayıb.

Politoloqun qənaətincə, bu, həqiqətən də narahatçılıq doğuran və xoş olmayan hadisədir. Qazaxıstanda anti-Çin əhval-ruhiyyəni artıra bilər. Onsuz da bu əhval-ruhiyyə hiss olunacaq dərəcədə hiss olunur. Satpayev də bunu təsdiq edir. Onun sözlərinə görə, Qazaxıstan postsovet respublikaları içərisində yeganə dövlətdir ki, burada anti-Çin əhval-ruhiyyə yüksəkdir və bunun da dərin kökləri var. Dəfələrlə müxtəlif səviyyələrdə etiraz aksiyaları baş verib. Qazaxıstan XİN-in səsləndirdiyi etiraz da ölkədə anti-Çin əhval-ruhiyyəni daha da alovlandıra bilər. Lakin maraqlı olan odur ki, Qazaxıstan tərəfinin mütəmadi olaraq səsləndirdiyi etiraz notaları iki ölkə arasında münasibətlərin inkişafına neqativ təsir göstərmir. İki dövlətin başçıları elə bir təəssürat yaratmaq istəyirlər ki, heç nə baş verməyib. Ölkə liderləri keçirdikləri görüşlər zamanı bu "arzuolunmaz” məsələləri qabartmırlar. Nə birinci prezident Nursultan Nazarbayev, nə də ikincisi – Qasım-Jomart Tokayev təxribatçı məqalələr məsələsini qabartmayıblar.

Nazarbayev "Biz birlikdə olanda daha güclüyük” başlıqlı məqaləsində bildirib ki, prezidentliyi dövründə bütün ərazi məsələlərini həll edib.

Çinli analitik Şen Siyu hesab edir ki,Qazaxıstan XİN yaxşı olardı ki, mediada yer alan ayrı-ayrı məqalələrə az diqqət yetirərdi. "Çin mediasının rəhbərlik tərəfindən idarə olunduğu barədə xəbərlərə inanmaq gərək deyil. Bəli, Çin seqmentində mütəmadi olaraq bu cür məqalələrə rast gəlmək mümkündür. Lakin onlar partiya orqanlarının nəzarəti altında olmayan nəşrlər tərəfindən dərc olunur. Mən Qazaxıstanın bu məsələyə ağrılı münasibətini başa düşürəm. Lakin bir sıra dövlət sazişləri, müqavilələri var. Orada sərhəd müəyyən olunub, dəyişməzdir. Rəsmi Pekinin də bununla bağlı hansısa bir bəyanatı yoxdur. Demək istəyirəm ki, məsələ şişirdilib. Digər tərəfdən şadam ki, Qazaxıstan XİN-in müzakirə edəcəyi başqa bir əhəmiyyətli məsələ yoxdur ki, bu cür məqalələrə diqqət ayırır”, - deyə çinli ekspert bəyan edib.

O, ümidvardır ki, qazax xarici siyasət idarəsinin notası iki ölkə arasında gələcək əməkdaşlıq münasibətlərinə hər hansı bir təsir etməyəcək” (Azər Nuriyev, 2020 b).

Məlumat üçün bildirək ki, Qazaxıstanla Çin arasındandaki hazırkı sərhəd, Qazaxıstan SSR ilə Çin arasındakı sərhəddə uyğun gəlir.

Qazaxıstan ilə Çin arasında sərhəd XIX əsrdən Rusiya imperiyası Zaisan gölü ərazisində öz nəzarətini qurması ilə başlayır.

Rusiya imperiyası ilə Qinq imperiyası arasında olan sərhədlər 1860-cı il Başbalıq (bugünkü Pekin) Müqaviləsi ilə müəyyən edilmiş və həmçinin müvafiq olaraq Çuquçak Protokolu və 1864 və 1881-ci ildə Ili ərazisi barədə Müqaviləsi ilə tamamlanmışdır.

Sovet dövründə SSRİ ilə Çin arasında sərhəd xəttləri üzərində olan mübahisələr baş vermiş, mabahisələr münaqişələrə çevrilmiş və müntəzəm olaraq, silahlı münaqişələr şəkli almışdır. Bu tip münaqişələrdən ən böyüyü isə 1969-cu ilin avqustunda Jalanaşkol gölü ərazisində olub. Qazaxıstan müstəqillik qazandıqdan sonra 1994-cü il aprelin 26-da Qazaxıstan-Çin dövlət sərhədində Qazaxıstan və Çin arasında razılıq əldə olundu. İmzalanan sənədə görə, Jalanaşkol gölünün şərqindəki ərazilər Çin ərazisi kimi tanındı. Daha sonra ölkələr arasındakı sərhədlərə kiçik dəyişikliklər edən daha az əhəmiyyətli sənədlər imzalandı. Və hər dəfə də Qazaxıstan kiçik güzəştlərə getdi.

Qeyd edək ki, iki ölkə arasında dövlət sərhədinin ümumi uzunluğu 1782,75 km, o cümlədən: torpaq sərhədi - 1215,86 km, su - 566,89 km-dir.




Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin