X FƏSİL
Rusiyanın Qara dəniz siyasəti: Ukrayna və Gürcüstan ərazilərinin işğalı
XVIII əsrə qədər Rusya Qara dəniz sahillərində bir neçə əhəmiyyətsiz limanı xaricində ticarət məqsədilə istifadə edə biləcəyi böyük limanlara sahib deyildi. Bu tip limanların lazımlılığını dərk edən ilk rus çarı I Pyotr olub. O, buna nail olmaq üçün Qara dəniz və boğazların təkbaşına hakim olan Osmanlı dövlətinin aradan qalxmasının lazım olduğunu başa düşür, bu səbəbdən sözügedən dövlətin məhvini özünün xarici siyasətinin əsas prioritetlərindən birinə çevirmişdi. Sonrakı çarlar da onun xəttini davam etdirmişlər (Erdoğan Keleş, 2009, s. 89).
I Pyotun məşhur vəsiyyətnaməsində boğazlara sahib olmaq hədəfi xüsusi müddəa kimi qeyd edilmişdir (I Pyotrun vəsiyyətnaməsi, s. 2).
Rusiyanın Qara dəniz Donanması Krımın Rusiyaya işalından sonra, 1783-cü il mayın 2-də yaradıldığı hesab edilir. Həmin tarixdə Azov gəmiçiliyinə aid 11 gəmi ilk dəfə Axtiar körfəzinə daxil olmuşdu. Halbuki həmin dövrdə donanmanın əsas nüvəsi hələ yeni-yeni qurulmaqda idi və əslində donanma yalnız Azov hərbi gəmiçiliyi Dneper hərbi gəmiçiliyi ilə birləşdikdən sonra yaranmışdır.
2 may 1783-cü ildə Azov gəmiçiliyinə aid 11 gəmi Axtiar körfəzinə (Krım yarımadası) daxil olduqdan bir il sonra donanmanın əsas bazasına çevrilən Axtiar qəsəbəsi ərazisində bir qala və Sevastopol şəhərinin əsası qoyuldu.
1785-ci ildə II Yekaterinanın fərmanı yeni-yeni ilə inşa edilməkdə olan Qara dəniz donanması Sankt-Peterburqdakı Admirallıq Kollecinə verildi və admiral Potemkinə tabe edildi (Аммон А., 1987, s.79).
1787-ci ildə Rusiya imperatriçası II Yekaterina Avstriya imperatoru II İosif ilə birlikdə Xersonda donanmanın tamamlanmış gəmilərinin suya endirilməsi mərasimində iştirak etdi. Daha sonra, 1788-ci ildə Oçakov yaxınlığında Osmanlı donanmasını məğlub etməyi bacarmış Dneper gəmiçiliyinin 17 gəmisi əsas bazaya gətirildi. Bu gəmilər yeni donanmanın əsasını təşkil etdi.
XVIII-XIX əsrlərdə Qara dəniz Donanması Rusiyanın Osmanlılar, Fransa və digər dövlətlərlə apardığı müharibələrdə iştirak etdi.
XX əsrin əvvəllərində Qara Dəniz Donanması artıq 7 eskadron döyüş gəmisi, 1 kreyser, 3 mina kreyseri, 6 silah kateri, 22 qırıcı və s. gəmilərə sahib idi.
1906-cı ilin məlumatlarına görə, Qara Dəniz Donanması aşağıdakılardan ibarət idi: 8 armada gəmisi 3 kreyser, 3 kruizer, 13 məhv edici, 10 qırıcı, 2 mina gəmisi, 6 silah gəmisi və 10 nəqliyyat vasitəsi. Bundan başqa, bir qədər sonra 2 eskadron döyüş gəmisi və Kapitan Baranov tipli 4 mina kreyseri inşa edilmişdir (Лебедев А. А., 2011; Петров М., 1926, s. 104-105 ).
1909-cu ildə "On İllik Gəmiqayırma Proqramı (1910-1920)" və ya "Böyük Gəmiqayırma Proqramı" adlandırılan "Son Gəmiqayırma Proqramı" nın hazırlanması və müzakirəsinə başlandı. Bu proqram Qara Dəniz Donanması üçün Novik tipli 9 məhvedici və 6 sualtı qayıq, Baltik Donanması və Sakit Okean Gəmiçiliyi üçün gəmilər, habelə bir neçə döyüş gəmisinin yenidən qurulması və modernləşdirilməsi nəzərdə tutlmuşdu (Петров М., 1926, s. 134). Proqram 25 mart 1910-cu ildə İmperator II Nikolay tərəfindən təsdiq edildi, ancaq 1911-ci ilə qədər Dövlət Duması tərəfindən nəzərə alınmadı. Yalnız 17 yanvar 1911-ci ildə Dövlət Duması Dəniz Nazirliyinin "Qara Dəniz Donanmasının gücləndirilməsi üçün vəsait ayrılması haqqında" proqramı çərçivəsində "İmperatriça Maria" tipli 3 xətt gəmisinin inşası üçün vəsait ayırdı (Петров М., 1926, s. 139).
1911-ci ildə Dəniz Nazirliyi və Hərbi Dəniz Qərargahı tərəfindən 1910-cu ilin proqramına yenidən baxılmağa başlandı. Nəticədə 25 aprel 1911-ci ildə çar II Nikolay "Dəniz Qüvvələri haqqında qanun"u onun prioritet hissəsi olan "Baltik Donanmasının tələsik şəkildə gücləndirilməsi proqramı" ilə birlikdə təsdiqlədi.
Qanun 1930-cu ilə qədər Baltik Donanmasınin tərkibində iki aktiv və bir ehtiyat heyətin, Qara Dəniz Donanmasında bir aktiv və bir ehtiyat və Sakit Okean gəmiçiliyinin tərkibi ayrıca nəzərdən keçirilmişdir. Bəzi gecikmələrdən, kiçik düzəlişlərdən, Nazirlər Şurası, Dövlət Şurası tərəfindən təsdiqləndikdən sonra 6 iyun 1912-ci ildə Dövlət Duması bu proqramı və Donanma Qanununu təsdiqlədi (Шацилло К. Ф., s. 161-165; Петров М., 1926, s. 148). Bu, 1912-1916-cı illər arasında Qara Dəniz Donanması üçün Svetlana tipli 2 yüngül kruizin (“Admiral Naximov” və “Admiral Lazarev”) və Baıtik Donanması üçün xeyli sayda gəmi və sualtı qayığın inşasını təmin etdi (Петров М., 1926, s. 148-149).
1914-cü ilin ortalarında İmperatriça Mariya seriyasından dördüncü döyüş gəmisinin (“İmperator Nikolay I”), “Svetlana” tipli 2 yüngül kruizin (“Admiral İstomin”, “Admiral Naximov”) dördüncü döyüş gəmisinin, eləcə də əvvəlki proqramlara əlavə olaraq, “Novik” tipli 8 qırıcı, həmçinin 6 sualtı qayığın inşasını nəzərdə tutan "Qara Dəniz Donanmasının Yenidən Gücləndirilməsi Proqramı" təsdiq edildi.
I Dünya Müharibəsinin başladığı dövrdə Qara Dəniz Donanmasının tərkibində donanmanın flaqmanı, “Yestafiy”, “van Zlatoust”, “Panteleymon” (əvvəllər “Şahzadə Potemkin-Tavriyalı”), “Rostislav”, “Üç Müqəddəs”, “Sinop”, iki "Boqatır" tipli kreyserlər, 17 qırıcı, 12 qırıcı, 4 sualtı qayıq vardı.
Müharibənin ilk illərindəki hərbi əməliyyatlar göstərdi ki, əvvəlcədən hazırlanmış döyüş gəmiləri yeni növ gəmilərə effektiv müqavimət göstərə bilmir, köhnə rus döyüş gəmilərinin briqadası Almaniyanın döyüş kreyseri “Göbe”nin (rəsmi olaraq Türkiyəyə satılmış və türk xidmətində “Sultan Yavuz” adını almışdı) Qara dənizdəki əməliyyatlarını dayandırmaq iqtidarında deyil.
Üstəlik, rəqibin drednouta sahib olması Qara Dəniz Donanmasının bütün hərəkətlərini məhdudlaşdırdı: Eskadron tam gücdə deyildi və bu səbibdən də dənizə çıxmaqdan çəkinirdi. Qarşı tərəfin gəmiləri, azlığına və nisbi zəifliyinə baxmayaraq, özündən daha üstün qüvvələrin həmləsinin qarşısını almaqda çətinlik çəkmir, bütün su sahəsinə kifayət qədər effektiv nəzarət edirdilər. Beləliklə, oktyabrın 29-dan 30-dək Almaniya-Türkiyə donanması Rusiyanın bir neçə şəhərinə hücum etdi. Bunlar Sevastopol, Feodosiya, Odessa və Novorossiysk şəhərləri idi.
1914-cü il noyabrın 5-dəYalta yaxınlığında, Sarıçda Rusiya Qara dəniz eskadronu ilə “Sultan Səlim Yavuz” türk və “Breslau” alman gəmiləri arasında hərbi toqquşma oldu. Döyüş “Estafiy” və “Sultan Səlim Yavuz” arasında atışma ilə müşaiyət olundu. Hər iki gəmi zədələndi, daha sürətli olmasından istifadə edən Türk-Alman kreyserləri döyüş yerindən ayrıldılar (Больных А., 2002, s. 247-249). Almanların ümumi itkiləri, müxtəlif hesablamalara görə, 112 ilə 172 nəfər arasında, ruslarınki isə 58 nəfər oldu.
Dekabrın 26-da “Sultan Səlim Yavuz” Bosfor Boğazının girişinin yaxınlığında rus gəmiləri tərəfindən suya döşənmiş mina sahəsinə girdi, minaya düşərək, zədə aldı və bir də yalnız 1915-ci il aprelin əvvəlində dənizə açıla bildi.
8 yanvar 1916-cı ildə “Böyük Yekaterina” ilə " Sultan Səlim Yavuz " arasında dəniz döyüşü baş verdi. Türklər səhvən qarşısındakı gəminin "İmperatriça Maria" olduğunu düşünürdülər. Köhnəlməsinə baxmayaraq, " Sultan Səlim Yavuz "in rus gəmisinə nisbətən sürət üstünlüyü var idi və buna baxmayaraq, “Böyük Yekaterina” zədə almadan qaçmağı bacardı. Lakin bir müddət sonra “Sultan Səlim Yavuz” kreyseri rusların nəqliyyat vasitələrini örtməyi və hətta yayda Tuapseyə atəş açmağı bacarmışdı.
3 apreldə Türkiyəyə aid “Məcidiyə” zirehli kreyseri Nikolaev tərəfə doğru gedərkən minaya düşdü və batdı. Onun məqsədi Odessanı bombardman etmək idi. Bu, rus donanmasının Osmanlı donanması qarşısındakı geriliyini aradan qaldırmadı.
15 iyul 1916-cı ildə vitse-admiral A.V. Kolçak Rusiya İmperiyasının Qara Dəniz Donanmasının komandanı təyin edildi. O, əsas strateji vəzifəni Boğaziçidən Qara dənizə çıxışıbaşdan-başa minalamaqda görürdü (Гессен Г. В., 1923).
1916-cı ilin 7 oktyabrında " İmperatriça Maria " döyüş gəmisinin zirzəmisində partlyış oldu və gəmi batdı (225 ölü, 85 ağır yaralı) (Утренние взрывы.., 2014). A. V. Kolçak dənizçiləri xilas etmək və yanğını söndürmək üçün əməliyyata şəxsən rəhbərlik edirdi, çünki baş verənlərdən çox narahat idi, lakin gəmini xilas etmək mümkün deyil (Бубнов А. Д., 1955, s. 232-233).
Yeni döyüş gəmilərinin inşa edilərək dənizə buraxılması rus donanmasına İstanbulu, eləcə də qatar və gəmiləri kömürlə təmin edən Anadoludakı Zonquldağ, Qozlu, Ereğli, Kilimli limanlarını blokadaya almağa imkan verdi (Новиков Н., 1937). Kömür yanacağının olmaması üzündən “Sultan Səlim Yavuz” gəmisi dənizə çıxa bilmədi (German Battlecruisers, 2006, s. 19).
1914-1917-ci illərdə Qara Dəniz Donanması Qafqaz cəbhəsinin quru qüvvələrinə sahil yollarında ərzaq və döyüş sursatıçatdırmaqla, fəal şəkildə kömək edirdi. 1916-cı il ərzində və 1917-ci ilin yazına qədər Boğaz əməliyyatı üçün aktiv hazırlıqlar görülürdü (Мультатули П. В., 2002).
Oktyabr inqilabından sonra donanma ilə paytaxt arasında əlaqə kəsildi. Qara Dəniz Donanması dağılmaq vəziyyətinə gəldi. Bununla belə, 16 dekabr 1917-ci ildə Sevastopolda Hərbi İnqilab Komitəsi yaradıldı və Qara Dəniz Donanmasını əlinə aldı. Gördüyü ilk iş isə 1917-ci ilin dekabrı və 1918-ci ilin fevralı arasında Dəniz Qüvvələri zabitlərini güllələmək oldu. Nəticədə 1000-dək zabit öldürüldü. Sağ qalanlar da canlarını qaçmaqla qurtardılar (Зарубин А. Г., Зарубин В. Г., 2008; Соколов Д. В., 2013).
Rusiya İmperiyasının Qara Dəniz Donanmasının varisi SSRİ Hərbi Dəniz Qüvvələrinin Qara Dəniz Donanması oldu (Черноморский флот, 1976, s. 458-459) və o, SSRİ dağılana qədər mövcudluğunu sürdürdü, sonradan Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara Dəniz Donanmasına və Ukrayna Hərbi Dəniz Qüvvələrinə bölündü. Gürcüstan Donanması SSRİ-nin Qara dəniz donanmasından gəmi götürmədi (Чуприн К. В., 2009, s. 619), lakin Sovet döyüş gəmilərinin bir hissəsi sonradan Ukrayna tərəfindən Gürcüstana verildi.
1991-ci ilin sonu - 1992-ci ilin əvvəlində Qara Dəniz Donanmasının statusu problemi dövlətlərarası səviyyədə müzakirə edilərkən dərhal qarşıdurmaya və Rusiya-Ukrayna münasibətlərində gərginliyə səbəb olmuşdu.
24 Avqust 1991-ci ildə, yəni Sovet İttifaqının rəsmi şəkildə dağılmasından çox əvvəl, Ukrayna Ali Şuranın qəbul etdiyi "İstiqlal Bəyannaməsi" əsasında, öz silahlı qüvvələrini qurmağa girişmişdi.
Ukrayna Ali Şurasının həmin gün qəbul etdiyi “Ukraynadakı hərbi hissələr haqqında” fərmana əsasən, onun ərazisində yerləşən bütün hərbi birləşmələr rəsmi olaraq Ukrayna Ali Şurasına tabe edildi. 1991-ci ilin oktyabrında Ukrayna Ali Şurası Qara dəniz Donanmasının Ukraynaya keçməsi barədə qərar qəbul etdi (Андрей Федоровых, 2007).
30 dekabr 1991-ci ildə Minskdə MDB dövlət başçılarının iclası keçirildi və iclasda MDB üzvü olan ölkələr hərbi məsələlərə dair bir sıra sənədlər imzaladılar, beləcə keçmiş SSRİ Müdafiə Nazirliyi ləğv edildi və yerinə MDB Silahlı Qüvvələrinin Ali Komandanlığı yaradıldı.
MDB dövlətləri onların ərazisində yerləşən keçmiş SSRİ Silahlı Qüvvələrinin bölmələri əsasında öz silahlı qüvvələrini yaratmaq hüququnu əldə etdilər. Baxmayaraq ki, Qara Dəniz Donanması əməliyyat-strateji statusuna sahib idi, Ukraynanın siyasi rəhbərliyi Minsk sazişlərini fərqli bir şəkildə şərh edərək, donanmanın bölünməsinə girişdi.
Rusiya rəhbərliyi, eləcə də Qara Dəniz Donanmasının əsasən ruslardan ibarət olan şəxsi heyəti və komandanlığı, Krım və Sevastopol əhalisinin əksəriyyətini təşkil edən rus hissəsi bununla razılaşa bilmirdilər. Bu isə, Rusiyanın təhriki ilə ölkədə arzuolunmaz qarşıdurma yaratmaqdaydı. Bu qarşıdurma beş ildən çox davam etdi (Андрей Федоровых, 2007).
5 aprel 1992-ci ildə Ukrayna prezidenti Leonid Kravçuk "Qara Dəniz Donanmasının Ukraynanın Müdafiə Nazirliyinin inzibati tabeliyinə verilməsi haqqında" fərman imzaladı. 7 apreldə Rusiya Federasiyasının prezidenti Boris Yeltsin də öz növbəsində "Qara Dəniz Donanmasının Rusiya Federasiyasının yurisdiksiyasına keçməsi haqqında" fərman imzaladı. "Fərmanlar müharibəsi" iki prezidentin Daqomısda görüşü ilə başa çatdı. Hər iki prezident fərmanlarını ləğv etdilər, Qara Dəniz Donanması əsasında Rusiya Hərbi Dəniz Qüvvələrinin və Ukrayna Donanmasının yaradılması ilə bağlı danışıqlar prosesinin davam etdirilməsinin vacibliyi haqqında saziş imzaladılar.
3 Avqust 1992-ci ildə Rusiya-Ukrayna zirvə görüşü keçirildi. Rusiya və Ukrayna prezidentləri, keçmiş SSRİ-nin Qara Dəniz Donanması əsasında Rusiya Hərbi Dəniz Qüvvələrinin və Ukrayna Hərbi Dəniz Qüvvələrinin yaradılması prinsiplərinə dair saziş imzaladılar. Sazişə əsasən, Qara Dəniz Donanması dağılmış SSRİ-nin rəmz və atributlarını saxlamaqla, birgə komandanlıqla Rusiya və Ukraynanın ortaq donanmasına çevrildi (Андрей Федоровых, 2007).
Donanmanın bölünməsi prosesi olduqca ağrılı idi, gəmilərin milliyyətcə rus olan hərbi heyətləri və ailələri Sevastopolu tərk edərək vətəndaşlıqlarını dəyişdirməyə başladılar. Gəmilərin əksəriyyəti sıradan çıxarılaraq metal qırıntısına çevrildi və bu şəkildə satıldı, donanmaya xidmət edən bir çox müəssisə bağlandı, minlərlə Sevastopol sakini işsiz qaldı, şəhər ağır iqtisadi böhrana uğradı. Eyni zamanda, donanmanın qeyri-müəyyən statusu iki dövlət arasında sürtüşmələr mənbəyi olmağa davam etdi.
Ukrayna və Rusiya donanmalarının hərbi personalları arasındakı münasibətlər çox gərgin idi, bəzən aralarındakı əlbəyaxaya çevrilirdi (Холодна війна, 2011). Gərginlik sürətlə silahlı qarşıdurma istiqamətində inkişaf edirdi (Евгений Марчук, 2014 a).
Rusiya və Ukrayna arasında ikitərəfli müqavilələrin imzalanması ilə gərginlik tədricən azaldı, bu, SSRİ-nin Qara Dəniz Donanmasının Rusiyanın Qara dəniz donanması və Ukraynada ayrıca yerləşdirilməsi ilə Ukrayna Donanmasının yaradılması sayəsində baş verdi.
15 aprel 1994-cü ildə Moskvada Rusiya və Ukrayna prezidentləri Boris Yeltsin və Leonid Kravçuk Qara Dəniz Donanması probleminin mərhələli şəkildə tənzimlənməsi haqqında saziş imzaladılar, buna əsasən Ukrayna Hərbi Dəniz Qüvvələri və Rusiya Qara Dəniz Donanması ayrıca yerləşdilər.
9 iyun 1995-ci ildə Rusiya və Ukrayna prezidentləri Rusiyanın Qara Dəniz Donanmasının və Ukrayna Hərbi Dəniz Qüvvələrinin bazaları haqqında saziş imzaladılar (Евгений Марчук, 2014 b).
28 May 1997-ci ildə Rusiya və Ukrayna hökumət başçıları Kiyevdə Qara Dəniz Donanması ilə bağlı üç müqavilə imzaladılar:
-Rusiya Federasiyası və Ukrayna arasında Qara Dəniz Donanmasının bölünmə parametrləri barədə razılaşma;
-Rusiya Federasiyası ilə Ukrayna arasında Rusiya Federasiyasının Qara dəniz Donanmasının statusu və şərtləri haqqında Saziş;
-Rusiya Federasiyası Hökuməti ilə Ukrayna Hökuməti arasında Qara Dəniz Donanmasının bölünməsi və Rusiya Federasiyasının Qara dəniz Donanmasının Ukraynada olması ilə bağlı qarşılıqlı məskunlaşmalar haqqında Saziş.
SSRİ-nin keçmiş Qara Dəniz Donanmasının mirasının bölünməsi və onun əsasında Ukrayna Hərbi Dəniz Qüvvələri və Rusiya Federasiyasının Qara dəniz Donanmasının yaradılması prosesi 2000-ci ilə başa çatdı. Həmin vaxta qədər Qara dənizdəki iki donanmanın əsas dəniz bazası kimi Sevastopolun statusu da rəsmi olaraq həll edildi (Андрей Федоровых, 2007).
Mövzumuz baxımından keçmiş Sovet İttifaqı Donanmasına məxsus “Admiral Kuznetsov” ağır təyyarə gəmisinin taleyi diqqətəlayiqdir. Onun inşası 1989-cu ildə tamamlanmışdı. 1991-ci ilin dekabrında, qeyri-müəyyən statusuna görə, o, Qara dənizi tərk edərək, Rusiyanın Şimal Donanmasına qoşuldu. Lakin onun daşımalı olduğu bütün təyyarələr, eləcə də onların pilotları Ukraynada qaldılar, gəminin yenidən tam komplektləşdirilməsi yalnız 1998-ci ildə baş verdi.
Fevralın 2-də B-808 ekipajlı B-177 sualtı qayığı rəsmi olaraq "təlim" məqsədi ilə dənizə çıxdı, fəqət o da Qara dənizi tərk edərək, Rusiyanın Baltik dənizindəki Şimal Donanmasına qoşuldu. Sovet İttifaqı Donanmasının “Admiralı Kuznetsov” tipli ağır təyyarə kreyseri “Varyaq” da onunla eyni dövrdə inşa edilmişdi, SSRİ-nin dağıldığı dövrdə onun 85 faizi artıq hazır idi, o, Ukraynada qaldı və daha sonra Ukrayna tərəfindən Çinə satıldı.
“Ocakov” gəmisinin taleyi isə faciəli oldu. O, Ukraynaya qalmasın deyə, rus hərbiçiləri tərəfindən qəsdən batırıldı (Затопленный российский БПК, 2014).
Rusiyanın Qara Dəniz Donanmasının əsas bazasının Ukrayna ərazisində olması, eyni zamanda Ukraynanın NATO-ya və Avropa Birliyinə can atması gələcəkdə Rusiya üçün böyük problemlər yarada bilərdi. Bu səbəbdən də rəsmi Moskva vəziyyətdən tək çıxış yolunu Ukraynanın həmin dövrdə tərkib hissəsi olan Kırım və Sevastopolun işğalında gördü. Beləcə, 2014-cü ilin mart ayının 18-də Kırım rus ordusu tərəfindən işğal edildi. Kırım Cümhuriyyəti və Sevastopol federal şəhəri yaradıldı və hər ikisi Rusiya Federasiyasının tərkibinə qatıldılar. Bu federal subyektlər 2016-cı ilə qədər ayrıca subyekt kimi qaldılar, daha sonra isə, Cənub Federal Bölgəsinə daxil edildilər (Aleksander Vasovic, Gabriela Baczynska, 2014).
Hər şey Kiyevdə və Ukraynanın digər şəhərlərində ölkənin Rusiyapərəst prezidenti Viktir Yanukoviçə qarşı xalq ayaqlanmasının baş qaldırması ilə başlandı. Ayaqlanmanın arxasında Qərb dairələri durmaqdaydı.
21 favral 2014-cü il tarixində Viktor Yanukoviç aylarla sürən nümayiş və mitinqlərdən sonra Rusyaya qaçdı. Ukrayna hökuməti deyişdi və hakimiyyətə Qərb yanlısı bir hökumət gəldi. Rusya yeni hökuməti tanımadı və baş verənləri qiyam kimi dəyərləndirdi Ruslar Kırım və Sevastopolda yaşayan rusları referendum keçirərək Ukraynadan ayrılmağa təhrik etdi. Ukrayna Konstitusiyasına zidd olsa da, 16 mart 2014-cü il tarixində qeyri-qanuni referendum keçirildi. Əhalinin 83%-nin qatıldığı söylənilən referandum nəticəsində Kırım, rusların sözünə görə, 96.77%, Sevastopol isə 95.6% səs çoxluğu ilə Rusiyanın tərkibinə daxil olmaq yönündə səs verdi. Rusyanın rus əsgərlərinin müdaxiləsi ilə həyata keçirdiyi bu saxta seçkilər və ardınca da sözügedən əraziləri işğal etməsi ABŞ-ın Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi ilə nəticələndi. Bundan başqa, Rusyanın C8-dəki üzvülüyü dayandırıldı.
Martın 27-də BMT Təhlükəsizlik Şurası Kırım referendununun qeyri-qanuni olduğu barədə qərar qəbul etdi. Ondan 10 gün öncə, yəni 17 martda Putin Kırımın Rusiyaya qatıldığını təsdiq edən sənəd imzalamışdı (Постановление ГС РК,2014).
Rusiyanın eynən Ukrayna kimi keçmiş sovet respublikası olan və onun kimi Qara dəniz sahillərində yerləşən Gürcüstana qarşı müharibəyə başlaması və ərazisinin bir hissəsini işğal etməsi də bənzər səbəblərdən baş vermişdi. Gürcüstan da eynən Ukrayna kimi NATO və Avropa Birliyinə çan atır, orada da eynən Ukraynadakı kimi Qərb dəstəkli müxalifət hakimiyyətə gəlmişdi. Lakin bu hadisə daha əvvəl, 2008-ci ildə olmuşdu.
2008-ci ilin avqust ayında Gürcüstanla işğalçı Rusiya və Rusiya tərəfindən dəstəklənən və silahlandırılan separatçı Cənubi Osetiya və Abxaziya arasında baş vermiş bu müharibə Rusiya və Gürcüstan arasında münasibətlərin ən pis həddə çatdığı bir dövrdə başlamışdır (Michael Emerson, 2008).
Gürcüstan SSRİ-nin dağıldığı 1991-ci ildə müstəqil olar-olmaz, Rusiya tərəfindən qızışdırılan Cənubi Osetiya separatçıları ilə müharibə aparmağa məcbur odu. Müharibənin ardınca bölgədə gürcü, rus və osetin qoşunlarından ibarət birgə sülhməramlı qüvvə yerləşdirildi. Eyni zamanda, oxşar hərbi toqquşmalar ölkənin Abxaziya bölgəsində də baş verməkdə idi. Bu toqquşmalar tədricən abxaz separatçıları ilə gürcülər arasında 1992-1993-cü illəri əhatə edən müharibəyə çevrildi.
2003-cü ildə Gürcüstanda Qərbin dəstəyi ilə baş vermiş “Qızıl gül” inqilabının baş verməsindən və bu ölkənin üzünü NATO və AB istiqamətinə çevrilməsindən sonra Rusiya-Gürcüstan münasibətləri kəskinləşməyə başladı və 2008-ci ilin aprelindən etibarən diplomatik böhrana çevrildi. 1 avqust 2008-ci ildən etibarən osetin separatçıları rusların təhriki ilə gürcü kəndlərini atəşə tutmağa başladılar və nəticədə bölgədə yerləşən gürcü sülhməramlıları tərəfindən qarşılıq verildi (Andrew Rettman, 2016). Separatçılar tərəfindən gürcülərə qarşı artilleriya zərbələrinin vurulmasından sonra 1992-ci ildə imzalanmış atəşkəs razılaşması qüvvədən düşdü. Bu cür hücumların qarşısının alınması və təhlükəsizliyi bərpa etmək məqsədilə 7 avqust tarixində Gürcüstan Ordusunun bölmələri Cənubi Osetiya münaqişə zonasına göndərildi. Bir neçə saat ərzində gürcü qoşunları separatçıların əsas dayaq məntəqəsi hesab edilən Tsxinvalinin əksər hissəsinə nəzarəti ələ keçirdi.
Yaranmış vəziyyətdən istifadə edən işğalçı rus qoşunları qeyri-qanuni olaraq Rusiya-Gürcüstan dövlət sərhədini keçdi və 7 avqustda gürcülərin cavab həmləsindən əvvəl Cənubi Osetiya münaqişə zonasına daxil oldu. Rusiya hökuməti Gürcüstanı "Cənubi Osetiyaya qarşı aqqresiyada" təqsirləndirdi və 8 avqust tarixində "sülhü təmin etmə" əməliyyatı adı altında havadan, qurudan və dənizdən Gürcüstan ərazisinə genişmiqyaslı hücuma başladı. Rusiya və Cənubi Osetiya qoşunları ilə gürcü qoşunları arasında Cənubi Osetiya daxilində və ətraf ərazilərdə baş vermiş bir neçə günlük toqquşmalardan sonra gürcülər geri çəkilməyə məcbur oldu. Rus və abxaz qoşunları isə Gürcüstanın nəzarəti altında olan Kodori vadisinə hücum edərək ikinci cəbhə açmağa müvəffəq oldu. Rusiya Hərbi Dəniz Qüvvələri Gürcüstan sahillərinin bir hissəsini blokadaya aldı. Rusiya Hərbi Hava Qüvvələri isə münaqişə zonası ilə yanaşı, Gürcüstanın digər ərazilərinə də zərbələr endirməyə başladı. Bu müharibə hərbi əməliyyatlarla birlikdə kiber müharibənin də aparıldığı ilk müharibə kimi tarixə keçmişdir. Aktiv informasiya müharibəsi həm müharibə ərzində, həm də daha sonra davam etmişdir. 12 avqustda Fransa prezidenti Nikola Sarkozinin təşəbbüsü ilə atəşkəs müqaviləsinin imzalanması nəticəsində müharibə başa çatmışdır.
Müharibənin gedişı sırasında rus qoşunları Zuqdidi, Senaki, Poti və Qori kimi gürcü şəhərlərini işğal etmiş və atəşkəs razılaşmasına qədər öz nəzarəti altında saxlamışdı. Osetinlər və ruslar burada yerləşən gürcü kəndlərinin hərbi hissələrini dağıtdılar və müharibəyə qədər həmin ərazilərdə yaşayan gürcülər etnik təmizləməyə məruz qaldı (Hider James, 2008). 192.000 nəfər məcburi köçkün vəziyyətinə düşdü (UNHCR secures.., 2008).
26 avqustda Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıdı (Statement by.., 2008). Gürcüstan hökuməti isə buna cavab olaraq Rusiya ilə diplomatik münasibətləri kəsdi. Rusiya 8 oktyabr tarixinə qədər öz qoşunlarının əksər hissəsini Gürcüstanın münaqişə zonasına aid olmayan ərazilərindən geri çəkdi.
Hadisələr Cənubi Osetiyadan başlasa da, Rusiyanın əsas hədəfi Osetiyadan daha çox, Qara dəniz sahillərində yerləşən Abxaziyanı ələ krçirmək, təbii ki, həm də Gürcüstanın NATO-ya gedən yolunu bağlamaq idi. Qarşıya qoyulan hər iki hədəfə çatıldı.
Qərb dövlətləri Abxaziya münaqişəsinin sülh yolu ilə həll olunması məqsədilə sülh planları təklif etməyə başladı, həmçinin Avropa Birliyi, ATƏT və Almaniya tərəfindən konfranslar təşkil olundu. Almaniya tərəfindən Abxaziya üçün təklif olunan layihə Gürcüstan tərəfindən qəbul olunsa da, separatçılar bu təklifi qəbul etməkdən imtina etdilər. Rusiya və separatçılar Avropa İttifaqı tərəfindən Abxaziyada təşkil olunan sülh konfransında iştirak etməkdən imtina etdi. Onlar, həmçinin ATƏT tərəfindən Cənubi Osetiya ilə əlaqədar yeni danışıqların başlanması təklifinə də qarşı çıxdılar.
Rusiyanın işğalının ardınca NATO-nun Qara dənizdəki fəallığının yüksəldiyi, bu quruma məxsus gəmilərin gürcü limanlarına daha da yaxınlaşdığı (Kramer Andrew, 2008) müşahidə edilmişdir. ABŞ Hərbi Donanmasının yaydığı məlumata görə həmin gəmilər vasitəsilə humanitar yardım göndərilmişdi (Mike Mount 2008). NATO isə Qara dənizdəki hərəkətlənmənin Gürcüstandakı böhranla əlaqəli olmadığını bildirmiş və gəmilərin tipik ziyarətlərinin Rumıniya və Bolqarıstanla əvvəlcədən planlaşdırılmış dəniz təlimlərinin tərkib hissəsi olduğunu açıqlamışdı (Tran Mark, 2008).
Dostları ilə paylaş: |