Dağlıq Qarabağ münaqişəsi və onun tənzimlənməsinin dinamikası Dağlıq Qarabağ münaqişəsi, ilk növbədə, XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan xalqına qarşı zaman-zaman həyata keçirilən soyqırımı və deportasiya siyasətinin məntiqi nəticəsidir. «Böyük Ermənistan» ideyası altında ermənilər guya özlərinin tarixi əraziləri hesab etdikləri torpaqları birləşdirməyə səy göstərirlər. Əvvəla onu qeyd edək ki, qondarma «Böyük Ermənistan» deyilən ərazi heç vaxt olmayıb və yalnız erməni təxəyyülünün uydurmasıdır. Bu ideyaların nəticəsidir ki, ərazi bütövlüyümüzə qarşı ermənilərin qəsdi daha intensiv xarakter alır. Lakin Ermənistan öz məqsədlərini pərdələməklə həmin ideyaların həyata keçirilməsi istiqamətində konkret addımlar atsa da, birbaşa ərazi iddiaları ilə çıxış etməmişdir. Uzun illərdən bəri Azərbaycan torpaqlarının ələ keçirilməsinə yönəlmiş planın ilkin mərhələsində Ermənistanda yaşayan azərbaycanlıların kütləvi surətdə öz yurdlarından qovulması Azərbaycan və Ermənistan arasındakı münasibətlərin daha da kəskinləşməsinə səbəb oldu. Tədricən Ermənistanın ərazi iddiaları özünü açıq şəkildə büruzə verməyə başladı. Bu, rəsmi ifadəsini Ermənistan SSRİ Ali Sovetinin Dağlıq Qarabağı Ermənistana birləşdirmək haqqında qərarında tapdı. Münaqişənin sonrakı mərhələsində ermənilər açıq təcavüzə keçmiş və Dağlıq Qarabağda apardıqları işğalçı müharibə və etnik təmizləmə siyasətinin nəticəsində respublikamızın ərazisinin 20%-ni işğal etmiş, 18 mindən çox həmyerlimiz həlak olmuş, 20 mindən artıq insan yaralanmış, 50 mindən çox həmyerlimiz əlil olmuş, 4 min-dən yuxarı həmvətənimiz isə itkin düşmüşdür. Müharibə nəticəsində 4 mindən çox sənaye və kənd təsərrüfatı müəssisəsi, 600-dən artıq məktəb və uşaq bağçası, 250 xəstəxana, 724 şəhər, kənd və qəsəbə dağıdılmış və yandırılmışdır. Ermənistandan qovulmuş soydaşlarımızın 380 kəndi ələ keçirilmiş və bütün var-dövləti talan edilmişdir. Respublikamıza təxminən 50 milyard ABŞ dollarından artıq məbləğdə ziyan dəymişdir.
Ermənistan - Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində ilk təşəbbüslər erməni işğalçı qüvvələrinin Dağlıq Qarabağ ətrafındakı əraziləri zəbt etdiyi dövrdən başlamışdır. Məlumdur ki, münaqişə ilə bağlı olaraq BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir: 30 aprel 1993-cü il tarixli 822 saylı və 29 iyul 1993-cü il 853 saylı qətnamələrdə «vəziyyətin bölgədə sülh və təhlükəsizlik üçün qorxu törətməsi», 14 oktyabr 1993-cü il 874 saylı və 11 noyabr 1993-cü il 884 saylı qətnamələrdə isə vəziyyətin gərginləşməsindən yaranan narahatçılıq hissi ifadə olunurdu. Sənədlərin öyrənilməsi göstərir ki, BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağın və ona bitişik bir sıra rayonların Ermənistan tərəfindən işğalını tanımışdır. Belə ki, qətnamələrdə atəşin biryolluq dayandırılması məqsədilə bütün hərbi əməliyyatların qarşısının alınması və işğalçı qüvvələrin Kəlbəcər, Ağdam rayonlarından, eləcə də Azərbaycanın işğal edilmiş başqa rayonlarından dərhal çıxarılması tələb edilir.1 Xeyli müddət keçdiyinə baxmayaraq, BMT Təhlükəsizlik Şurasının qətnamələri indiyə kimi icra edilməmişdir. Bütün bunlar dünyada hələ də müxtəlif məsələlərin, o cümlədən ərazi münaqişələrinin həllində ikili standartların mövcud olmasını göstərir. Problemin həllini əngəlləyən digər bir mühüm səbəb münaqişəyə dair 4 qətnamənin hamısının BMT Nizamnaməsindəki «Mübahisələrin dinc yolla tənzimlənməsi» adlanan VI fəslə aid olduğundan onların yalnız tövsiyə xarakteri daşımasıdır. Əgər həmin qətnamələr «Sülhə təhlükə, sülhün pozulması və təcavüz aktları ilə bağlı tədbirlər» adlanan VII fəslə uyğun olaraq qəbul edilsəydi, onda qətnamələrin yerinə yetirilməsi məcburi xarakterli olardı. Qətnamələrdə Ermənistan - Azərbaycan münaqişəsi sözügedən tərəflər arasında mübahisə kimi qiymətləndirilmişdir. Bu, ilk növbədə, münaqişədə iştirak edən tərəflərin tanınması və onların bir-birinə qarşı iddiaları ilə bağlıdır.
Ermənilər bu münaqişədə xalqların və millətlərin öz müqəddəratını həll etməsi prinsipinə istinad edirlər. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 2-ci maddəsinin 4-cü hissəsinə əsasən bütün üzv dövlətlər öz beynəlxalq münasibətlərində hər hansı bir dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı və yaxud Birləşmiş Millətlər Təşkilatının məqsədləri ilə bir araya sığmayan hər hansı bir şəkildə güclə hədələməkdən və gücün tətbiqindən çəkinməlidirlər. Ona görə də dünya təcrübəsində ərazi bütövlüyü və millətlərin öz müqəddəratını təyin etməsi prinsipləri bir-biri ilə ziddiyyət təşkil edərsə, həmişə ərazi bütövlüyü prinsipi əsas götürülür. Onu da qeyd etmək zəruridir ki, müqəddəratı təyin etmək hüququndan danışarkən nəzərə almaq lazımdır ki, bu hüququn subyekti milli azlıqlar deyil, xalqdır. Yalnız xalq öz müqəddəratını təyin etmək hüququna malikdir və onun iradəsi ilə dövlət ərazisinin dəyişdirilməsi həyata keçirilə bilər. Beləliklə, Azərbaycan ərazisinə əsasən XIX əsrin əvvəllərində köçürülmüş ermənilər milli azlıq olduqları üçün öz müqəddəratlarını təyin etmək hüququna malik deyillər. Milli azlıq təşkil edən ermənilərin ərazi dəyişikliyi ilə bağlı etdikləri cəhdlər yalnız separatizm xarakteri daşıyır, beynəlxalq hüquq normalarına ziddir və qətiyyətlə dəf edilməlidir.