Bəxtiyar Tuncay III dünya savaşi giRİŞ


IX FƏSİL Çinin “Borc tələsi” siyasəti



Yüklə 2,93 Mb.
səhifə92/105
tarix01.01.2022
ölçüsü2,93 Mb.
#102794
1   ...   88   89   90   91   92   93   94   95   ...   105
IX FƏSİL
Çinin “Borc tələsi” siyasəti
Çinin yeni-yeni ərazilər ələ keçirə və həmin ərazilərdə Çin icmasını məskunlaşdıra və özünün hərbi bazalarını yarada bilməsi üçün “Borc tələsi” siyasətindən istifadə etdiyi bilinməkdədir. Bu “tələ”yə düşən ölkələr içərisində Tacikistan və Qırğızıstan da vardır. Beləliklə, Çinlə problemi olan Türk ölkələrindən biri də Qırğızıstandır.

“Borc tələləri” mövzusuna toxunan Əli Dadaşzadə özünün ““Borc tələsi diplomatiyası” – Çinin imperialist ambisiyaları” adlı məqaləsində haqlı olaraq yazır ki, iqtisadi cəhətdən güclü və dayanıqlı olan ölkələr, bu üstünlüklərini lazımi təqdirdə iqtisadi silah kimi istifadə edir və boğucu iqtisadi tədbirlərlə onlara qarşı gələn ölkələri cəzalandırırlar. “Son dövrlərin hadisələri göstərir ki, ABŞ dollar gücünə dünyaya meydan oxuyaraq ən yaxın ticarət tərəfdaşlarını belə istədikdə cəzalandıra biləcəyinin siqnallarını bir daha gündəmə gətirdi.  Hətta bu gücünün bir qismini Türkiyə üzərində tətbiq edərək, sonuncunun iqtisadiyyatına ciddi zərbə vurdu. Ancaq dünyada bu gücünü kontinental səviyyədə istifadə edən tək ölkə ABŞ deyil. Siyasi qütbün digər tərəfində olan Çin də öz valyuta ehtiyatlarına və iqtisadi gücünə arxalanaraq, borc tələsi diplomatiyası ilə digər ölkələri özündən asılı vəziyyətə salmağa çalışır. Çin hökuməti bunu xüsusilə illərdir davam edən “Belt and Road” (Kəmər və Yol) dövlət proqramı vəsitəsilə  dünyanın 71 ölkəsində geniş infrastruktur layihələrinə borc şəklində sərmayə qoyuluşu vasitəsilə həyata keçirir. Proqramın sonunda sərmayələrin ümumi məbləğinin 1 trilyon dolları keçəcəyi proqnozlaşdırılır”.



Müəllifin sözlərinə görə, “mövzunu və borc tələsinin effektini başa düşmək üçün birinci bu mexanizmin necə işlədiyinə diqqət yetirmək lazımdır. Çin öz maraq dairəsinə düşən ölkələrdə böyük infrastruktur layihələrinə iri məbləğda borc vəsait ayırır. Layihələrin icraçısı və ya səhmdarı Çinin dövlət şirkətlərindən biri olur və bütün maliyyələşmə bu şirkət adından aparılır. Layihələrin qiyməti milyardlarla dollar ölçülür və Çin höküməti tranşlarla digər dövlətə vəsait ayırır ki, hər yeni tranşla birlikdə borclanma faiz dərəcəsi də artaraq davam edir. Tərəfdaş dövlət isə ucuz maliyyələşmə tapdığına inanır və yeni maliyyələşmələrə etiraz etmir. Hər şey şəffaf görünsə də, işin digər tərəfi odur ki, Çin höküməti pulların necə xərclənməsinə ciddi nəzarət etmir və pulların təyinatından yayınmasına göz yumur. Nəticədə, illər sonra iri layihələr yarımçıq qalır, dövlətlər Çinə heç nəyin müqabilində milyardlarla dollar borclu qalırlar. Belə mexanizmin işləməsi  üçün Çin iki tip ölkələri seçir: ya şəffaf maliyyə sistemi olmayan inkişaf etməkdə olan , ya da normal həyat şərtləri olan, ancaq iri borc idarəetməsində təcrübəsi olmayan ölkələr. Çin isə bu iqtisadi itkisini dünya xəritəsində geosiyasi üstünlük qazanmaqla kompensasiya edir”.

Əli Dadaşzadə daha sonra yazır ki, “mexanizmi izah etdikdən sonra bu borc tələsinə düşmüş ölkələrin acı təcrübəsi ilə tanış olaq . Şri-Lanka bir neçə il əvvəl Çindən 1 milyard dollar borc almaqla bir neçə yeni layihələrə başlasa da, cəmi bir neçə ildən sonra borcu  8 milyard dollara qədər artdı və illik 7%-lə  yenə Çinin dövlət banklarında biri tərəfindən yenidən maliyyələşdirilməyə başladı. Borcun onun iqtisadiyyatını boğduğunu görən Şri-Lanka strateji Hambantota portunu Çin şirkətinə 99 illik icarəyə verdi. Bu portun əsas üstünlüyü onun Çin üçün Hind okeanına çıxışının olmasıdır. Maraqlı fakt ondan ibarətdir ki, bu port şəhərində Çin şirkətləri heç bir trafiki olmayan hava limanı tikintisi üçün Şri-Lanka hökümətinə milyardlarla dollar ayırsa da, sonunda tikdikləri hava limanı dünyanın ən boş hava limanı kimi tarixə düşüb. Belə faktlar Çin üçün iqtisadi maraqlardan çox bu məsələnin geosiyasi tərəflərinin maraqlı olduğunu sübut edir. Asiya ölkələri olan Laos və Kamboca kimi ölkələr Çindən o qədər borc alıblar ki, onları dünyada artıq Çinin törəmə ölkələri kimi tanıyırlar.

Bu siyasətin digər qurbanı kiçik Afrika ölkəsi Cibutidir. Ümumidaxili məhsulun 88%-i qədər borc batağında olan ölkə də əvvəlcə bir neçə lazımsız layihələr üçün Çin hökümətindən borc almışdı. İndi ya borcu ödəməlidir, ya da Çinin maliyyə amnistiyasına düşmək üçün onunla dil tapmalıdır. Bu kiçik Afrika ölkəsində Çinin cəmi bir milyard dollarlıq iqtisadi marağı olsa da, geosiyasi maraqları dəfələrlə böyükdür. Belə ki, bu kiçik ölkədə ABŞ-ın Afrikadakı əsas hərbi bazası yerləşir və Çin Afrika üzərində təzyiqini artırmaq üçün bu qitədə ABŞ-ı sıxışdırmalıdır.

Borc tələsi diplomatiyasının ən böyük zərərçəkənlərindən biri Pakistan oldu. Belə ki, “Çin Pakistan İqtisadi Koridoru” vəsatəsilə Çin höküməti burada 27 milyard dollarlıq layihələri maliyyələşdirdi. Plan Pakistan iqtisadiyyatına ümumilikdə 62 milyard dollarlıq investisiya etmək idi. Lakin, onsuz da dünyanın ən qeyri-şəffaf və qeyri-stabil ölkələrindən olan Pakistan bu vəsaitləri təyinatı üzrə istifadə etmədi və BVF (Beynəlxalq Valyuta Fondu) ölkənin Çinə olan borcunu qaytara bilməyəcəyini proqnozlaşdıran hesabat yaydı. Pakistan BVF-ə borc üçün müraciət etsə də, Amerikanın hökümət katibi Pompeo, İMF-in Amerika dollarlarını Çinin borc tələsi diplomatiyası üçün istifadə etməyəcəyini açıqladı. Nəticədə, Pakistan keçmiş borcu ödəmək üçün Çindən yenidən 2 milyard dollarlıq borc aldı. Faktiki, hər kəs başa düşür ki, Pakistan Çinə Hindistan üzərində təzyiq yaratmaq üçün vacib kartdır və buna görə 62 milyard dollar xərcləmək Çin iqtisadiyyatı üçün ölümcül deyil. Hətta Pakistan 2018-ci ilin noyabr ayında Çinlə ticarətdə dollardan imtina etdiyini və bütün ticarətin yuan vasitəsilə olacağını bəyan etdi.

Bu diplomatiya vasitəsilə Çin hətta borc verdiyi ölkələrin ərazilərini də nəzarət altına götürür. Məsələn, Malaziyada 700,000 nəfərin yaşayacağı 4 süni ada tikilib və artıq şəhər salınıb. Tikintini həyata keçirən Çin şirkəti burdakı yaşayış və iaşə obyektlərini ancaq Çinlilərə satır və ada Malaziyanın olsa da əhalinin 100%-nin Çinli olması proqnoz edilir. Pakistanda isə Çin “Qvadar” portunda 500,000 nəfərlik yeni şəhərsalma layihəsinə investisiya edir. Buradakı evlərin qiymətləri o qədər bahadır ki, pakistanlılar üçün əlçatmaz sayıla bilər. Bu diplomatiya vasitəsilə Çin gələcəkdə münaqişə ocaqları kimi istifadə edə biləcəyi ərazilər yaradır. Bu da onun dünya xəritəsindəki yerini bir az da möhkəmləndirir.

Yekunda qısa xülasə ilə deyə bilərik ki, təhlillərə görə Çin silah və zor gücünə deyil, iqtisadi hegemonluğu hesabına regionu və əhatə dairəsindən kənar ölkələri özündən asılı vəziyyətə gətirmək istəyir. ABŞ dövlət rəsmiləri Çinin Afrika və Cənubi Asiyada infrastruktur layihələrinin heç bir iqtisadi səmərəsi olmadığını bilə-bilə maliyyələşdirməklə kolonialismin yeni formasını yaratdığına görə günahlandırır. Çin höküməti isə bu proqramı “Çinlə xarakterizə edilmiş sosializmin inkişafı” adlandırır və sadəcə dünyanı sosializm ilə tanış etdiyini söyləyir. Hər bir halda, bu proqram vasitəsilə Çin hələ ki, cəmi 210 milyard dollarlıq (ümumi məbləğin cəmi 20%-i) investisiyanı maliyyələşdirib və indidən bir neçə ölkəni demək olar ki, vassalı halına sala bilib. Proqram davam etsə, dünyanın geosiyasi xəritəsində siyasi qütblər arasında nüfuz balansı dəyişə bilər (Əli Dadaşzadə, 2018).

Mövzumuz baxımından Karen Yanqın qələmə aldığı “Körfəz dövlətləri Çinin tələsinə düşür - Parlaq vitrin arxasındakı dərin borc quyusu” adlı məqalə də böyük önəm daşımaqdadır. Müəllif sözügedən məqaləsində bildirir ki, Yaxın Şərqdə, Livandan İraqa qədər, hökumətin maliyyə qaynaqları və xidmətləri ilə əlaqədar məyusluq və qəzəb artmaqdadır. “Fiskal siyasət populyar siyasətin mərkəzindədir. Bəzi dövlətlər subsidiyaların azaldılması, vergilərin artırılması, mülkiyyətin dövlət və hərbi sahibkarlığının dəyişdirilməsi və şişirdilmiş dövlət sektorlarını ləğv etməkdən çəkindiyi üçün əlavə pul mənbələri tapmağın bir neçə seçimi qalır.

Hökumətlər borc ala bilər. Aktivləri sata bilər. Xarici yardımdan asılılığı artıra, ya da valyutalarını devalvasiya edə və islahat apara bilmədiyindən əmanətlərini xərcləməklə, vəziyyəti nisbi düzəldə bilərlər.

Bəs pulun qaynağı haradır?

Xarici sərmayəni aldatmaq bəzən gözləniləndən daha çətin olur.

Səudiyyə Ərəbistanı öz milli neft şirkəti “Aramco”-nun səhmlərini satışa çıxarmaqla, ilkin kapital toplamağa 3 il sərf edib. Yalnız yerli investorlardan 26 milyard $ toplaya bilib. Səhmlərin daha böyük hissəsini beynəlxalq bazara çıxarmaqla, indi 150 milyard $-lıq qazanca ümid edir.

Yuxulu sultanlıq olan Omanda bir sıra dövlət aktivlərinin özəlləşdirilməsi ilə kapital yığımı sürətləndirilib. Bu ölkədə investorlar dövlətlər və ya dövlət qurumlarıdır, çoxu da Çindəndir”.

Karen Yanqın yazdığına görə, “Oman dövlət borcunun qaytarılması və davamlı maliyyə kəsiri ilə üzləşib. 2019-cu ilin üçüncü rübündə kəsir 2.4 milyard $ səviyyəsində olub və bu, 2018-ci ildəkindən 75% çoxdur.

Neft sektorunun payına maliyyə gəlirlərinin 70%-dən çoxu düşür və qiymət enişi ilində dövlət xərclərini davam etdirmək üçün alternativ maliyyə tapmaq lazım gəlib.

HSBC-nin araşdırmalarına görə, borcun qaytarılması 2019-cu ilin ilk üç rübündə 1.14 milyard $-dan çox olan dövlət vəsaitlərinin böyük hissəsini udub; borc qaytarma xidməti artıq 3 il əvvəlkindən 9 dəfə çoxdur.

Beləliklə, Omanda satış başlayıb. 2018-ci ildə Oman qaz boru kəmərlərinin satışından 480 milyon $ və Xazzan qaz yatağının 10%-lik payının satışından, Malayziyanın milli neft şirkəti olan “Petronas”-ın hesabına 1,3 milyard $ gəlir əldə edib.

Elektrik sektoru subyektləri üçün holdinq şirkəti olan “Nama” dekabr ayında Oman Elektrik Transmissiya Şirkətinin 49%-lik payını Çinin dövlət şəbəkəsinə 1 milyard $-a satıb.

“Nama” Oman daxilində bir sıra digər elektrik təminatçılarına da nəzarət edir. Onların bir çoxunun qismən özəlləşdirilməsi nəzərdə tutulub, o cümlədən 2020-ci ildə “Muscat Electricity Distribution Company” şirkətinin satışı həyata keçiriləcək.

Oman infrastruktur üçün Çin kreditlərinə etibar etməyə davam edir. Lakin Çinin Duqmdakı yeni liman üzrə investisiya öhdəlikləri ləng gerçəkləşir. Çinlilər zahirən mövcud aktivlər üzrə borc verməkdən və ya almaqdan məmnun görünür, lakin yenilərini qurmaq üçün kapital qoyuluşuna həvəsli deyillər”.

Müəllif daha sonra yazır: “Yaxın Şərqdə iqtisadi qeyri-sabitliyə liderlikdə ardıcıllığın yoxluğu, xarici müdaxilə, zəif böyümə, aşağı məhsuldarlıq və gənclər arasında yüksək işsizliyin təsiri böyükdür. Hərbi xərclər cilovlanmır. 2018-ci ildə dünyada ən yüksək hərbi yükü olan 10 ölkədən 5-i ərəb dövləti idi: Səudiyyə Ərəbistanı (ümumi daxili məhsulun 8,8%-i), Oman (8,2%), Küveyt (5,1%) , Livan (5%) və İordaniya (4,7%).

Münaqişə dövrü və münaqişədən sonrakı mərhələdə yenidənqurma işlərini nəzərə almadan böyümənin necə proqnozlaşdırmalı, – bu, iqtisadçılar üçün tapmacadır. Ancaq vergi yığımı Körfəzin neft ixrac edən dövlətlərinə kömək edəcək. Üstəlik, bu həm də dövlət-cəmiyyət münasibətlərində geniş bir dəyişiklik tələb edir.

Körfəz Əməkdaşlıq Şurasının 6 dövlətindən yalnız Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Bəhreyn 5%-lik əlavə dəyər vergisi tətbiq edib. Neftlə zəngin olan Körfəz ölkələrində fərdi gəlir vergisi yoxdur. Doğrudur, alkoqol və tütün məhsullarına aksiz vergiləri artmaqdadır. Amma gəlir vergisi olan dövlətlərdə həm hesabat, həm də yığım zəifdir.

Çox sayda miqrantı və qaçqınları olan dövlətlər əmək bazarlarını tənzimləmək üçün mübarizə aparır, vətəndaşlar üçün güzəştli iş yerləri yaratmağa başlayır.

İqtisadçılar Abhiicit Banerci və Ester Duflonun iddia etdiyi kimi, iqtisadiyyatda mövcud olan mənbələrin – istər texnologiya, istər insan kapitalı, istərsə də maliyyə kapitalı olsun, – hamısı əhəmiyyətlidir. Aktivlərinizi kimə satdığınız da vacib məsələdir.

İnkişaf haqqında fikirlər əsas fərziyyələrdə normativdir. Hazırda Yaxın Şərqdə dövlət yönümlü böyüməyə üstünlük verilir. Hökumət inkişaf layihələrini maliyyələşdirmək üçün kapital tapa bilmirsə, bunu başqa bir hökumət edə bilər. Çin və Malayziya Omanda favoritdir, lakin Körfəzin suveren sərvət fondları və Rusiya Birbaşa İnvestisiya Fondunun birgə səyləri də Yaxın Şərqdə və ondan kənarda mühüm maliyyə yatırımı və müdaxilə qüvvəsidir.

Bölgədəki inkişaf və infrastruktur layihələri üçün özəl kapitalın çatışmazlığı diqqəti çəkir. “Aramco IPO” məsələsi isbatlayıb ki, hətta parlaq dövlət qurumları özəl institusional kapitalı və xarici investorları cəlb etməkdə çətinlik çəkirlər.

20 il sonra ictimai fikir aktivlərin digər dövlətlərə satışı prosesinə necə baxacaq? Yeni kapitala tələbat yaradan maliyyə siyasətində özəlləşdirmə nəyin bahasına başa gəlir? Xarici suveren aktyorlar iqtisadi alətlərdən necə istifadə edə bilərlər?

Yaxın Şərqdəki özəlləşdirmə vətəndaşlar, firmalar və xarici investorların da daxil olduğu milli iqtisadiyyatlarda pay sahiblərinin sayının genişlənməsi üçün zəmin ola bilər. O həm də, bölgə xüsusiyyətləri nəzərə alınmaqla, iqtisadiyyatın dövlət idarəçiliyini gücləndirə bilər (Karen Yanq, 2019).

Qeyd edək ki, 2018-ci ildə Çin-Afrika Əməkdaşlıq Forumunda çıxış edən Çin prezidenti Si Szinpin Afrikaya 60 milyard dollarlıq maliyyə dəstəyi verəcəklərini bildirmiş və demişdi ki, Çin Afrikaya investisiya üçün heç bir şərt irəli sürmür və daxili işlərinə müdaxilə eləmir.

Onun bu sözləri deməsinə səbəb ötən aylarda Çinin, qoyduğu investisiyalarla Afrikanı borc tələsinə salmaqda ittiham edilməsi idi.

Məlumat üçün bildirək ki, Çin-Afrika Əməkdaşlığı Forumu (FOCAC) 2000-ci ildə qurulub, təşkilatın ilk dəfə 2006-cı ildə Pekində, 2015-ci dəfə Johannesburqda olmaqla, iki dəfə sammiti keçirilib. Bu il Çinin paytaxtı Pekin şəhərində keçirilən üçüncü sammitdə 50-dən artıq Afrika ölkəsi ilə yanaşı, BMT və Afrika İttifaqı kimi beynəlxalq və regional təşkilatların nümayəndələri iştirak edir (Çindən Afrikaya.., 2018).

Mövzumuz baxımından İrina Corbenadzenin “Qırğız millətçiləri ayağa qalxıblar: “Hökumət çinliləri ölkədən qovmalıdır”” adlı məqaləsi də çox maraqlıdır. Müəllif yazır ki, Qırğızıstan Rublikasının sakinləri yaddan xoflanan deyillər, amma ÇXR-dən olan “qonaqlar”ın davranışı və Mərkəzi Asiyadan çıxanların “Səmalar ölkəsi”ndə “tərbiyə düşərgələri”nə salınması onların loyallığını sarsıdıb. “Əslində, artıq bir neçə min adamdan ibarət “Qırx pəhləvan” “Çin zorakılığı”na qarşı etiraz edir.

Qırğızların çinlilərə və ÇXR hökumətinə, indi isə artıq öz hökumətlərinə qarşı iddiaları getdikcə daha əhatəli olur və yaxşı heç nədən xəbər vermir. Qırğızlar ənənə üzrə tolerantdır və kütləvi şəkildə vulqar millətçilikdən əziyyət çəkmirlər. Amma onun cücərtiləri çoxalmağa başlayıb – “Kırk çoro” təşkilatı və onun platformasına ortaq şəxslər Bişkekdə Çin səfirliyinin yanında mitinq keçirərək Qırğızıstan hökumətindən bütün əcnəbiləri bir ay ərzində respublikadan çıxmağa məcbur eləməyi tələb ediblər. Etiraz aksiyası iştirakçıları habelə xaricilərə QR vətəndaşlığı verməyin qanuniliyini yoxlayacaq komissiya yaradılmasını tələb edirlər.

Burada qeyd etməyinə dəyər ki, gerçəklikdə söhbət bütün əcnəbilərdən deyil, çinlilərdən gedir. Həm də, bax, buna görə: artıq rəsmən bəllidir ki, ÇXR-də 50 minə yaxın etnik qırğızın və az sayda olsa da, uyğur və qazaxın saxlandığı “siyasi tərbiyə düşərgələri” adlı qurumlar var. Düşərgələrdə Çin dilini öyrənməyə, yetərincə məxsusi davranış qaydalarına əməl etməyə, kommunist partiyasını öyməyə vadar edirlər. Gerçəklikdə isə “Səmalar ölkəsi cənnəti”ndən canını qurtamağa nail olanlar deyirlər ki, bu düşərgələr çox çətin bir yerdir – dustaqlara işgəncə verildiyi əsil həbsxanadır. “Azattıq” və “Asiyanın səsi” radiolarının məlumatına görə, heç bir əsassız və təbii, məhkəməsiz adamları həbs edirlər. “Peşəcə ziyalı” kişilərə – yazıçılara, jurnalistlərə, ədəbiyyatşünaslara və s.-ə qarşı özəlliklə azğınlaşırlar. ÇXR hökuməti milli azlıqların sıx yaşayış yerlərində qırğız, qazax, monqol, uyğur dillərində təhsil verilən məktəbləri bağlayıb” .

İrina Corbenadzenin yazdığına görə, düşərgələr Çinin özündə isə peşə və ekstremizmlə mübarizə üçün “fərdi təhsil” mərkəzi kimi təqdim olunur. “Nə az, nə çox. “Ekstremizm” anlayışına “dini ideyaların ifrat təzahürü” və tam anlaşılmayan “yığcam ifadəsi”ndən savayı “doğuşun planlaşdırılması siyasətinə təxribat” da daxildir.

Problem BMT-nin irqi diskriminasiyanın ləğvi üzrə komitəsi, huüquq müdafiəçiləri, o cümlədən “Human Rights Watch” kimi məşhur beynəlxalq qurumun baxış sahəsinə düşüb, amma həmən həməndir. Həm də Qazaxıstan və Qırğızıstan hökumətləri bunu gərəkli səviyyədə elə hey qaldırmasa, – sonuncu isə, görünür, bunu etməyə ehtiyat edir – əlbəttə, həll olunmayacaq. Yeri gəlmişkən, Qazaxıstan bu durumda özünü qətiyyətli aparıb – XİN ÇXR səfirini çağırıb, onunla “söhbət” edib və Çin tərəfinə bir neçə nota göndərib. Nəticədə onlarla qazax vətənə qayıtmaq hüququyla azad olunub.

Amma, bax, Bişkek passivdir. Qırğızıstan prezidenti Sooronbay Jeenbekov cari ilin yekunlarına həsr edilən bu günlərdəki mətbuat konfransında bildirib ki, hökumət “diplomatik kanallarla iş aparır” və respublika vətəndaşlarının Çində həbs edilməsi haqda məlumat toplayır, amma ÇXR vətəndaşlarından söz düşəndə “biz başqa ölkənin iç işlərinə necə qarışa bilərik?” Jeenbekov deyib: “Heç bir Çin ekspansiyası yoxdur, bu sayaq məlumatlarla çox ehtiyatlı olmaq və ictimaiyyəti yerindən oynatmamaq gərəkdir”.

Amma hökumət düşərgələr və “ekspansiya” problemiylə yaxından məşğul olmasa, “müqəddəs yer” boş qalmayacaq – onu getdikcə daha fəallaşan “Kırk çoro” təşkilatı dolduracaq. Onun fəalları əcnəbilərə məxsus əyləncəli müəssisələrə baş çəkib, sənədinin vaxtı keçmiş şəxsləri aşkarlayıb, “qonaqlarla əlaqəsi olan” qızları təqib ediblər. Və hökumət qayda-qanun yaratmasa, özləri “qayda yaratmaq” hədəsi gəlirlər”.

İrina Corbenadze daha sonra yazır: “Rəsmən qeydə alınmış, beş min nəfəri birləşdirən və Qırğızıstanın yeddi bölgəsində özəkləri olan bu təşkilatın fəaliyyətinə məhəl qoymamaq son dərəcə qafillik olardı. Onun fəalları deyirlər ki, “memorandum” əsasında paqonlularla və prezident aparatıyla işbirliyindədirlər, amma dövlət qurumlarından heç biri belə işbirliyini təsdiqləməyib. Deməli, ən azı, hərki-hərkilik var, ya da dövlət qurumları həm də əcnəbilərin mehmanxana və yataqxanalarda yaşamasını, mənzillərin isə yalnız ailəlilərə verilməsini tələb edən “Kırk çoro” ilə əlaqəsini gizlədir. Və diqqətçəkəndir ki, o, Qırğızıstanda çoxarvadlılığın tətbiqi və alverlə məşğul olan “uyğurlar”ın qırğızlarla əvəz edilməsi uğrunda mübarizə aparır.

Bax, bu “pəhləvanlar”ın tələbləri belə çeşid-çeşiddir: “Kırk çoro” qırğızcadan tərcümədə “qırx pəhləvan” deməkdir. Yadsevməzliyə qarşı çıxış edən və özləri onu göstərən bu qoçaqlar bu gün olmasa da, sabah respublikada siyasi nüfuza iddia edəcəklər.

Hökumətin Çində etnik qırğızlarla bağlı baş verənlər haqda passivliyi daha çox bununla izah olunur ki, Bişkek ona, demək olar, iki milyard dollar borc vermiş Pekindən, sadəcə, qorxur. Qırğızıstanda Çin yatırımçıları üçün bütün yollar və onlar üçün əsasən əlverişli şərtlərlə açıqdır. Çinlilər xüsusən də Bişkek SES-in modernləşdirilməsinə kredit ayıraraq uyğun işlərə podratçını özləri seçiblər, “geniş kütləyə” sonradan məlum olduğu kimi, bu saziş üzrə biznes mübahisələri isə Qırğızıstanda deyil, Honkonqda həll olunmalıdır. Ümumiyyətlə, Çin şirkətləri Pekinin kredit verdiyi energetik və başqa layihələri özləri gerçəkəşdirir.

Söhbət respublika üçün yetərincə böyük məbləğdən gedir – Çin təkcə birinci yarım ildə Qırğızıstana 100 milyon dollar, yəni bura gələn bütün yatırım vəsaitlərinin üçdə birini yatırıb. QR-də Çin idxalının payı isə bütün “alqılar”ın 40%-i təşkil edir, halbuki yerli məhsulun “Səmalar ölkəsi”nə ixracatı 5%-ə zorla çatır. Və həmişə Qırğızıstanın satmağa bir şeyi olmadığına görə deyil. Çin qonşu ölkəyə qrantlar da ayırır – yolların bərpası, arxeoloji qazıntılar və hətta silahlı güclərin inkişafına.

Bir sözlə, Qırğızıstan dövlət borclarını ödəməyə olduqca tutqun perspektiv və məsələn, “qardaş respublika”ya “yazığı gələn” Rusiya ilə olduğu kimi, “bağışlana” biləcəyi ümidiylə Çindən getdikcə daha çox asılı duruma düşür. “Sputnik Киргизия” Çinlə hesablaşa bilməyən ölkələrin başına nələr gəldiyi mövzusunda icmal təqdim edib. Deməli, BVF-nin məlumatına görə, 2017-nin sonunda Şri-Lankanın xarici borcu 48,3 milyard dollara, ya da ÜDM-in 80%-dən çoxuna bərabər idi. Bunda ÇXR-in payı, haradasa, 8 milyard dollar təşkil edib. Və “New York Times”-ın yazdığı kimi, ölkə önəmli Hambantota limanını Çinin “China Merchants Port Holdings” dövlət müəssisəsinə verməli olub. Bununla belə, borc tam ödənilməyib – Çin yalnız 1,1 milyard dolları “bağışlayıb”. Amerika nəşri bu durumu “borc tələsi” adlandırıb.

CNN məlumat verir ki, Çin ada dövləti Vanuatuya kreditlər hesabına Cənubi Sakit okean bölgəsində hərbi iştirak təşkil etməyi planlaşdırır. Telekanalın məlumatına görə, Çin tərəfi Vanuatuda Espiritu-Santo adasında liman inşasına və başqa böyük layihələrin gerçəkləşdirilməsinə 270 milyon dollar həcmində kredit ayırıb. Ekspertlərin məlumatına görə, bu borc Sakit okean dövlətinin xarici borcunun yarısına qədərini və yaxud ÜDM-nin, haradasa, üçdə birini təşkil edir. Telekanal qeyd edir – bu məlumat düzgündürsə, onda Avstraliyadan 2 min km-lik məsafədə Çinin hərbi-dəniz bazası peyda olacaq. Əlbəttə, Avstraliya Çinin hərbi planlarına qarşı çıxır. Amma, bax, Cibuti isə çinlilərlə artıq hərbi baza ilə hesablaşmalı olub.

“Sputnik” habelə “daha yaxın misal” gətirir – bu, Tacikistandır. Ölkə hökuməti “Düşənbə-2” İES-in inşası əvəzində Yuxarı Kumarq qızıl yatağını Çinə verib. İstilik sentralı 330 milyon dollarını Çinin borc verdiyi 350 milyon dollara başa gəlib. Taciksitan hökumətinin yanında baş geologiya idarəsinin məlumatına görə, Soqdi vilayətindəki yatağı İES-i də inşa edən TBEA şirkəti işləyəcək. Şirkət inşaata yatırılmış vəsaitin tam əvəzlənməsinə qədər yataqdan qızıl çıxaracaq. Borc qaytarılandan sonra yeni şərtlətlə yeni saziş bağlanacaq. Bu “siyahı”nı davam etdirmək olar.

Aydındır ki, borc götürülmüş pulları qaytarmaq gərəkdir, ödəyə bilmirsənsə, götürmə. Ciddi deyilsə, dünyanın praktik olaraq bütün dövlətləri kredit və yatırım dalınca düşüb, amma bununla yanaşı, kreditordan ciddi pislik qazanmamaq üçün heç də hamısı artıq-əskik danışmağa hazır deyil. “Düşərgələr”lə bağlı əhvalat olduqca səciyyəvidir: Bişkek buna qıcıq verməyə və düşərgələrin məhbusu etnik qırğızların QR vətəndaşı olub-olmadığı durumu yoxlamağa borcludur”.

İrina Corbenadze məqaləsinin sonunda bildirir ki, “Amma o biri yandan Qırğızıstan hökumətinin respublikada ardınca hökmən daha hansısa bir “anti”nin gələcəyi azğın antiçin kampaniyasının başlanmaması üçün maksimum səy göstərməyinə dəyər. Məlum olduğu kimi, millətçiliyin açıq novları ən müxtəlif ölklərdə və ən müxtəlif zamanlarda çoxlu bəlalar törədib.

Əslində, Qırğızıstan bu məsələyə ağılla yanaşsa, həmsərhəd Çindən bir yığın fayda əldə edə bilər – Çin şirkətlərindən qorxmadan ölkə üçün maksimal faydalı yatırım və kredit şərtləri əldə etməklə yanaşı “tərəfdaşlar”a qudurmaq və qırğızların hüquqlarını tapdalamaq imkanı vermədən. Yəni ekspansiya, xüsusən də müstəmləkələşmək qorxusu altında əsməmək üçün hər baxımdan yoxlanmış siyasət yürütməklə (İrina Corbenadze, 2018).

Beləliklə, Çinin imperialist məqsədlərinə xidmət edən “borc tələsi” siyasəti dünyanın bir çox ölkəsi üçün ciddi problemlər yaratmaqdadır və iqtisadi durumu pis olmayan ölkələr bu “tələdən” çıxmaqda bir o qədər çətinlik çəkmirlər. Bu baxımdan Malayziyanı misal çəkə bilərik. Bu ölkənin baş naziri Mahathir Məhəmməd bildirib ki, Çinin də dəstəklədiyi dəmir yolu layihəsinin bərpası, investisiyaların cəlbinə, yeni iş yerlərinin açılmasına və ölkənin iqtisadi inkişafına müsbət təsir göstərəcək. Baş nazir bu barədə 2019-cu ilin aprelin 15-də keçirilən mətbuat konfransı zamanı deyib.

“Xatırladaq ki, ötən il M. Mahathir ölkənin qərb sahillərini şərqdəki kənd təsərrüfatı rayonları ilə birləşdirən dəmir yolu layihəsini həddindən artıq baha başa gəldiyinə görə dayandırmışdı. Ötən həftə Çin tərəfi ilə aparılan müzakirələrdən və layihənin dəyəri üçdə bir qədər aşağı salındıqdan sonra hökumət layihənin bərpası barədə qərar qəbul edib.

Bu barədə jurnalistlərə məlumat verən baş nazir bildirib ki, onun ölkəsi digər şirkətlərin bu layihəni daha ucuz yerinə yetirəcəyini təsdiq edib. O əlavə edib ki, Çin tərəfi layihənin həddindən artıq baha olduğunu yəqin ki, başa düşüb.

Əldə edilən razılaşmaya görə, dəmir yolu xəttinin uzunluğu 640 kilometr təşkil edəcək ki, bu da ilkin variantdan təqribən 50 kilometr qısadır. Eyni zamanda, layihənin həyata keçirilməsində yerli şirkətlər də iştirak edəcək.

M.Mahathir qeyd edib ki, müqaviləyə yenidən baxılması, Malayziyanın Çinin borc tələsinə düşməsinin qarşısını alıb. Əldə edilən razılaşmaya əsasən, layihənin 2026-cı ildə tamamlanması planlaşdırılır. Bu, ilkin variantda nəzərdə tutulduğundan 2,5 il çoxdur” (Vüqar Ağayev, 2019).

Çinin “Bir zolaq, bir yol” və ya “Bir kəmər, bir yol” layihəsinə qoşulan bütün ölkələrdə xoş ümidlər yaratdığı kimi, sözügedən ölkənin “Borc tələsi” onlar üçün böyük problemlər də yarada bilər. “Bir zolaq, bir yol” layihəsinin fəal üzvlərindən biri də Azərbaycandır.

“EurAsiaAz” beynəlxalq ekspert klubunun direktoru, Azərbaycanda fəaliyyət göstərən Vzglyad.az xəbər agentliyinin baş redaktoru Seymur Məmmədovun yazdığına görə, “Bir kəmər-bir yol” təşəbbüsü dünya iqtisadiyyatının inkişafı üçün ən vacib layihələrdən biridir. Bu gün ona marağın artığını görürük. Bu layihə təkcə qədim İpək Yolunun keçdiyi ölkələri deyil, həm də tarixən Çinin həyata keçirdiyi təşəbbüslərə qoşulmamış dövlətləri maraqlandırır. Odur ki, “Bir kəmər-bir yol” üzrə ikinci Beynəlxalq Əməkdaşlıq Forumunun birinci Forumdan daha miqyaslı, daha əhəmiyyətli olması təsadüf deyil.

Forumun hansı nəticələrlə yadda qaldığı, onun yaxın gələcəkdə Azərbaycan-Çin əlaqələrinə necə təsir göstərəcəyi suallarına cava verən ekspert bildirir ki, “birincisi, bu Forum Çin xarici ölkələrlə bağlı “açıq qapı” siyasətini davam etdirəcəyini ortaya qoyub. Ümumiyyətlə, Pekin çoxtərəfli və ikitərəfli iqtisadi-ticari sazişlərin həyata keçirilməsinə hər zaman böyük diqqət göstərib. O, məhz bu siyasət nəticəsində son 2 ildə bir sıra ölkələri, xüsusilə Avropa dövlətlərini “Bir kəmər-bir yol” təşəbbüsünə cəlb edə bilib. Məsələn, Çinlə İtaliya arasında “Bir kəmər-bir yol” təşəbbüsü çərçivəsində imzalanmış Anlaşma Memorandumu digər Avropa ölkələri üçün nümunə ola bilər.

İkincisi, Pekin məhsul və xidmətlər idxalının artırılmasında, həmçinin balanslaşdırılmış ticarət əlaqələrinin qurulmasında maraqlıdır. Çünki bu gün o, əhalisinin sayına görə ən böyük ölkədir. Odur ki, istehlakçıların tələbatını ödəməsi üçün Çin öz bazarını xarici ölkələrin üzünə daha çox açmalıdır. Bunun üçün isə ilk növbədə gömrük rüsumları azaldılmalı, qeyri-tarif maneələri aradan qaldırılmalıdır. Bu siyasət Çinin müxtəlif ölkələrlə ticarət əlaqələrini balanslaşdırmasına imkan verəcək. Yeri gəlmişkən, bu ilin noybarında Şanxayda ikinci Çin Beynəlxalq İdxal Sərgisi keçiriləcək. Sərgi beynəlxalq şirkətlərə bu ölkənin bazarına çıxış əldə etmək imkanı yaradacaq.

Proteksionist siyasətin, qloballaşma əleyhinə fikirlərin artdığı dövrdə Pekin bütün ölkələrin maraqlarına uyğun, hərtərəfli inkişafa və iqtisadi inteqrasiyaya töhfə verəcək formul təklif edir. Bu formul gələcəkdə ölkələrin maddi-iqtisadi durumunu daha da yaxşılaşdıracaq.

Üçüncüsü, “Bir kəmər-bir yol” təşəbbüsünün “borc tələsi” olduğu və bugünkü Qərbyönümlü ticarət sistemilə zidiyyət təşkil etdiyi haqda şübhələr var. Pekin bu şübhələri aradan qaldırmaq üçün əlavə səylər göstərə bilər. Qərb ölkələrinin Çinin dinamik iqtisadi inkişafından narahat olduğu sirr deyil. Hər halda, bu gün o, faktiki olaraq, qlobal iqtisadiyyatın “mühərrik”inə çevrilib. Çin məhz “Bir kəmər-bir yol” təşəbbüsü sayəsində bir çox ölkəni bir şüar altında birləşdirə bilib. Artıq nəticələr də var. Məsələn, “Bir kəmər-bir yol” təşəbbüsünə qoşulmuş ölkələrlə Çin arasında ticarət dövriyyəsi artıq 6 trilyon dollardan çoxdur. Bundan əlavə, son illər Çinə 80 milyard dollardan artıq birbaşa investiya qoyulub. Təşəbbüsdə iştirak edən ölkələrdə 82 sənaye parkının yaradılması nəticəsində 300 min yeni iş yeri açılıb. Odur ki, “Bir kəmər-bir yol” təşəbbüsünü çox sayda ölkənin dəstəkləməsi təsadüf deyil. Onlar Çinlə əməkdaşlıqdan real üstünlüklər əldə edir. Azərbaycan bu əməkdaşlığa nümunədir” (Seymur Məmmədov, 2019).

Çinin “borc tələsi” siyasəti onun dünyadakı əsas rəqibi olan ABŞ-ı ciddi narahat etməkdədir. Grant T. Harris özünün “ABŞ-ın narahatlığının səbəbləri var” adlı məqaləsində yazır ki, 2018-ci ilin sentyabrında Çin Afrika ölkələri liderlərini Pekində keçirilən sammitdə qəbul edəcək. “Belə bir görüş sonuncu dəfə 2015-ci ilin dekabrında Yohannesburqda (Cənubi Afrika Respublikası) baş tutub. Həmin görüşdə Çin prezidenti Si Tsinpin (Xi Jinping) Afrikada infrastruktur layihələrinin maliyyələşdirilməsinə 60 milyard dollar ayırmaq niyyətində olduğunu bildirib.

İndiki Çin-Afrika əməkdaşlıq forumunda da Çinin bütün qitədə infrastruktur obyektlərinin inşasına böyük miqdarda vəsait yatırımı barədə sensasiyalı bəyanatlar səslənəcək. Lakin nəhəng kreditlər müqabilində irəli sürülən şərtlər şişirdilmiş tələblər və şəffaflığın olmaması anlamına gələ bilər.

Bunun Amerikaya heç bir aidiyyatı olmadığını düşünmək xoş olardı. Amma Pekin Afrika ölkələrini diqqətlə hazırladığı borc tələsinə daha çox saldıqca, terrorizmlə mübarizə və iş yerlərinin yaradılması sahəsində əməkdaşlığın azaldılması ABŞ-a baha başa gələ bilər.

Çinin ayırdığı kredit paketləri infrastukturun maliyyələşməsi üçün bir növ metamfetamin təsiri bağışlayır: hər ikisi cəlbedicidir, asan əldə edilir və uzunmüddətli neqativ nəticələrə səbəb olur. Bu, xüsusilə Saharadan cənubda yerləşən, Çinin ikitərəfli kreditlərin ən böyük nümayəndəsi kimi çıxış etdiyi Afrika ölkələri üçün doğrudur. Saharadan cənubda yerləşən Afrika ölkələrinin 40%-i artıq indidən yüksək borc yükü riskinə məruz qalıb; bu qədər çox kreditin bir kreditorun əlində cəmlənməsi onları tədarükçüdən təhlükəli asılı vəziyyətə salır.

Müəllif daha sonra yazır:

“Bu, niyə belə vacibdir? Çünki həm Afrikada, həm başqa ölkələrdə Pekinin böyük kreditləri neft, faydalı qazıntılar və torpaq hüquqları kimi strateji aktivlərin girov kimi istifadə edilməsi ilə təmin edilir. Borc götürən ölkələr kreditləri ödəmək iqtidarında olmasa, Çin müvafiq strateji aktivlərə iddialı ola bilər. Bu yaxınlarda Şri-Lanka bunu öz üzərində hiss edib: o, Hambantot limanının nəzarətini Çinə verməli olub, beləliklə kreditorunu işlək ticarət yolunda strateji meydanla təmin edib. Nyu Dehlidə yerləşən Siyasi Araşdırmalar Mərkəzindən professor Brahma Çellaninin (Brahma Chellaney) sözlərinə görə, “Argentinadan tutmuş Namibiya və Laosa kimi bir sıra başqa ölkələr defoltun qarşısını almaq üçün çətin seçim qarşısında qalaraq, Çin kreditorlarının toruna düşürlər”.

Hərçənd ilk baxışdan Çinin borc diplomatiyasının amerikalıların çoxuna aidiyyatı olmadığı görsənsə də, bu diplomatiya ABŞ-ın milli təhlükəsizliyinə ciddi problem törədə bilər. Loru dillə desək, Çinin böyük ustalıqla əldə etdiyi sazişlər və strateji aktivlərin işğalı xaricdə ABŞ-ın təsir və imkanlarını məhdudlaşdıra bilər. Belə ki, kiçik Cibuti Afrikada Amerikanın ən vacib hərbi bazasının yerləşdiyi ölkədir. Çinin kreditlərinə görə bu ölkənin 2014-2016-cı illər ərzində dövlət borcunun ÜDM-ə nisbəti 50%-dən 85%-dək artıb. Cibuti öz öhdəliklərini yerinə yetirməyi dayandırsa və Amerika bazasının ehtiyatlarla təmin olunduğu limanı versə, onda ABŞ-ın Afrika və Yaxın Şərqdəki hərbi imkanları təhlükə altına düşə bilər.

Daha geniş mənada, qeyri-sabit borc səviyyəsi Afrika dövlətlərində sabitliyi poza bilər ki, bu da ABŞ-ın təhlükəsizlik maraqlarını riskə atır. Böyük miqdarda borcu olan dövlət kreditin azaldılması, ehtiyatsız iqtisadi siyasət və sosial təminata xərclərin azaldılmasından ibarət çıxılmaz vəziyyətə düşə bilər. İqtisadi durğunluq vəziyyətində Afrikanın sürətlə artan və gənc əhalisi inkişafı üçün bir çox imkandan məhrum olcaq. İqtisadi ümidsizlik və siyasi peşmanlıqdan ibarət təhlükəli qarışıq narazı gəncləri radikal ektremizmə sürükləyə bilər. Bu, xaricdəki, kim bilir, hətta ölkə daxilindəki amerikalılara təhlükə törədə bilər.  

Ən nəhayət, Çinin borc diplomatiyası Amerika şirkətlərinin biznes imkanlarını məhdudlaşdırır. Pekinin ucuz infrastruktur kreditləri təkcə Çin şirkətlərinin cəlb edilməsi şərti daxilində verilmir. Onlar həmçinin yüksəksürətli dəmir yolları və simsiz şəbəkələr kimi layihələrin texniki tələblərini müəyyənləşdirməklə Çin şirkətlərinə kömək edirlər. Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Conatan Hillman (Jonathan Hillman) deyir ki, bu səylərin ümumi effekti “ABŞ-ı dünya iqtisadiyyatında tutduğu indiki mövqedən uzaqlaşdıracaq, Çin isə mərkəzə yaxın yerdə qərarlaşacaq”. Artıq bu gün Çin Afrika investisiyalarından ildə 180 milyard dollar qazanır; onun borc diplomatiyasına qarşı çıxan olmasa, çox güman, daha çox gəlir və iş yeri ABŞ-a deyil Çinə gedəcək.

Düzdür, belə bir nəticədən qaçmaq olar. Amerikanın yaxşı variantları çoxdur, amma Vaşinqton öz oyununu qəti şəkildə aktivləşdirməli və Pekinin aqessiv maliyyə təşəbbüslərinə alternativləri dəstəkləməlidir. Ola bilsin, ABŞ diqqətini ən çox Afrikada iqtisadi artımın sürətlənməsinə yönəltməlidir. İnvestisiya mühitinin və iqtisadi idarəetmənin möhkəmləndirilməsində Afrika dövlətlərinə yardım özəl sektordan daha çox kapital cəlb etməyə və Amerika şirkətlərinə daha çox çıxış imkanı təqdim etməyə kömək edəcək. Əsas komponent şəffaflığın artırılması üzrə Afrika ölkələrinin səylərinə yardım etməkdir. Məqsəd layihələrin maliyyələşdirilmə variantlarından bütün xərc və gəlirlərin daha geniş ictimaiyyətə açıqlanmasıdır. Amerika səfirliklərinin heyətlərinin tam komplektləşdirilməsi, kredit sazişləri və investisiya müqavilələrinin qiymətləndirilməsi üçün əlavə texniki yardımın verilməsi yaxşı başlanğıc ola bilər”.

Grant T. Harrisin sözlərinə görə, hələlik Tramp hökumətinin Afrika siyasəti qarışıq xarakter daşıyır, razılaşdırılmış strategiya və ya nəticələrdənsə, daha çox irqçi mətnaltı məna daşıyan sözlərlə müəyyənləşir. Müqayisə üçün qeyd edək ki, Çinin daha dəqiq siyasəti var. Bu da uzunmüddətli perspektivdə ona gəlir gətirir. Afrikada və bütün dünyada Çinin borc diplomatiyasına müqavimət göstərmək məqsədilə daha çox tədbir həyata keçirmək lazımdır. Əks təqdirdə, ABŞ-ın kommersiya və milli təhlükəsizlik maraqlarına ciddi ziyan dəyəcək (Grant T. Harris, 2018).



Beləliklə, ABŞ və Çin arasında ciddi rəqabətin şahidiyik və sözügedən rəqabətin əsas geosiyasi ayaqlarından birini Afrika təşkil edir

Amerikalı siyasətçilər Pekinin “Qara qitə”ni “borc tələsi”nə salmaq və özündən asılı vəziyyətə düşürmək niyyətində olduğunu hesab edirlər.

BRİKS-in 25-27 iyul 2018-ci il tarixli sammitindən öncə Çin lideri Si Cinpinin Afrika turuna çıxması da bu kontekstdə diqqət çəkmişir. Seneqaldan sonra Ruandaya gələn Cinpin bu ölkəyə ayaq basan ilk Çin lideri kimi tarixə düşüb. Si Cinpin Ruandadan sonra BRİKS-in sammitinin keçirildiyi Cənubi Afrikaya gəlib və son olaraq Mavrikidə olub.

Çinin “Bir zolaq bir yol” layihəsini elan etməsindən sonra strateji önəmi artan Afrikaya yatırdığı investisiyalar bütün dünyanın diqqətini çəkməkdədir.

“Cənubi Afrikanın üç qəzetində məqalə yayımlayan Si Cinpinin bu sözləri diqqət çəkir: “Çin son 9 ildə Cənubi Afrikanın ən böyük iqtisadi tərəfdaşı olub. İki ölkə arasında ticarət dövriyyəsi 2017-ci ildə 39,17 milyard dollara çatıb, diplomatik əlaqələr 20 dəfə artıb”.

Çin hazırda Seneqalın Fransadan sonra ikinci böyük iqtisadi tərəfdaşıdır. Bununla yanaşı, Qvineyaya alminumun istehsalındakı payına görə 20 milyard dollar yardım edib.

ABŞ-ın “Dənizaşırı Özəl İnvestisiya Şirkətləri”nin İdarə Heyətinin rəhbəri Ray Vasburne iddia edir ki, Çin Afrika ölkələrinin ehtiyaclarını qarşılamaqla onları özündən asılı vəziyyətə salır: “Bu, “ödə, ya da nəzarətimə daxil ol” siyasətidir”.

Amerikalı mütəxəssislər Çinin Afrikaya yatırdığı investisiyaların sadəcə iqtisadi qazanca hesablanmadığını düşünürlər.

Wake Forest Universitetinin əməkdaşı Lina Benabdallah hesab edir ki, Çin qlobal liderlik statusunu artırmaq üçün Afrikaya dəstək verir”.

Onun sözlərinə görə, “Çin Afrikaya böyük investisiyalar qoyur və yeni layihələr həyata keçirir. Afrika ölkələrinin təbii sərvətləri Pekinin diqqətini cəlb edir. Çinin xarici siyasətində Afrika xüsusi yer tutur, bununla yanaşı, Pekin BMT-nin Afrikadakı sülhməramlı qüvvələrinə əsgər göndərir, həmçinin, maliyyə yardımı göstərir. Bunlar qlobal bir güc olaraq önə çıxmaqda ciddi təsirə malikdir” (Asif, 2018).



Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin