Bə’zi fonetik xüsusiyyətlər
E.ə.III-II minilliklərdə əsas Azərbaycan tayfalarının türkdilli olduğu başqa amillərlə də təsdiq olunur. Protoazərbaycan dili izlərini biz III-II minilliklərə aid bir sıra toponim, etnonim və antroponimlər, Şumer-türk qohumluq əlaqələri, qonşu ölkələrin dilləri, tarixin mühafizə edib saxladığı başqa sənədlərlə yanaşı, xüsusi adlarda Azərbaycan dili və digər türk dilləri ilə izah oluna bilən bir sıra fonetik və qrammatik xüsusiyyətlərdə də görə bilirik.
Qeyd edilən tayfaların yer adları, etnonim və antroponimləri əsasında türk dillərinə məxsus bir sıra əlamətlər müəyyənləşdirmək mümkündür. Daha çox akkad tələffüzü əsasında transliterasiya olunsa da, şumer sözləri türk dilləri üçün əzəli və sabit bir qanun olan ahəng qanunu əsasında formalaşmışdır. Bu xüsusiyyəti Aratta, lullu, kuti, turukki, kassi və su tayfalarının xüsusi adlarında da müşahidə edirik.
Onomastik leksikada qalın saitlərin ahəngi üstünlük təşkil edir. Qalın saitlərə müvafiq olaraq əksərən arxa sıra kar samitlərin işləndiyi müşahidə olunur: Kara-Kartaş, Kandaş, Kadaşman-Turgu, Kurum, Sarlagab və s. (şəxs adları).
Bir sıra sözlərdə ahəng qanunu zahirən pozulmuşdur; məs.: Satuni, Anubanini, İmmaşgun (Lullu hökmdar adları), İngeşuş, Tirikan, İnimabakeş, Elulumeş, İmta (kuti çar adları), Arisen, İştar (hökmdar və allah adları), kassi, turukki, lullubi (tayfa adları) və s. Nəzərə alınmalıdır ki, bunların hamısı ya mürəkkəb, ya da düzəltmə sözlərdir. Bunları Satu-ni, Anu-ba-ni-ni, İm-maş-gun, Tirik-an, İnim-a-bak-eş, İm-ta kimi hissələrə ayırmaq olar. Arisen sözü, yəqin ki, Ərisen, İştar sözü İştər (istəmək fe’lindən) şəklində tələffüz edilmişdir. Kassi, turukki tipli sözlərdə samit qoşalığı akkad dilinin xüsusiyyətidir, sondakı -i də akkad şəkilçisidir.
Lullubi/Lullume sözündə isə bi/me şəkilçisi bir çox başqa xüsusi adların tərkibində də işlənmişdir, areal şəkilçi hesab olunur. Şəkilçilərin ahəngə uyğun işləndiyi hallar da vardır: Kur-um, An-um, Karian-taş, Marut-taş və s. Kudur-Enlil, Kikki-urtaş çar adları göstərir ki, hətta mürəkkəb sözün tərkibində də sözlər öz ahəngini saxlamışdır. Ahəng qanunu tayfa adlarının kökündə daha sabitdir: lullu, turuk(i), kaşşu (kissi). Kuti sözünün kütü şəklində tələffüz edilib-edilmədiyini bilmirik.
Ahəng qanunu əksərən kök və şəkilçi arasında da mövcuddur. Kar samitlə bitən sözdən sonra kar samitlə başlayan şəkilçinin işlənməsi: İmmaş-qun (İmmaş-kun), Abirat-taş və s.
Faktlardan aydın olur ki, dövrün türk tayfalarının dilində qovuşuq ng burun samiti işlənmişdir. İ.M.Dyakonov göstərir ki, lullubi və kas dillərində ‘qala’ mə’nasında kin, king sözü vardır. Q.Qeybullayev düzgün nəticə çıxarır ki, eyni fonetik vahidin bu iki dildə işlənməsi onların qohum olduğunu və həm də türkdilli olduqlarını göstərir. Q.Qeybullayev king sözünün türk dillərinə məxsus olduğunu sübut etmək üçün saysız misallar göstərmişdir: buryat-monqol dillərində ‘çayın sıldırımlı hündür sahili’, ‘sıldırım qaya’, ‘yarğan’ mə’nalarında qanq, Dağlıq Altayın toponimiyasında ‘dik qalxmış dağ’ mə’nasında kanq(ay), xalxa-monqolca ‘sahildə sıldırım’ mə’nasında qanq, Sır-Dərya sahilində Kanq qalası, qədim türk tayfalarından kəngərlər və s. (6; 57) King sözü ilə yanaşı, Sarlagab hökmdar adının Sarlangab şəklində tələffüzü də müəyyən edilmişdir.
Qeyd edilən tayfa dillərində tarixi inkişaf prosesində bir sıra səs əvəzlənmələri baş vermişdir:
r>l əvəzlənməsi: Aratta-Alatey;
k>q əvəzlənməsi: kuti - quti;
t>d əvəzlənməsi: Tirik(an) - sonrakı dövründə diriq (diri, canlı);
v>m əvəzlənməsi: suvbi, sumbi;
ş və s səslərinin əvəzlənməsi: İştar - İstər, şar - sar (çar), kaşşi-kissi, Zaqroş-Zaqros, Şumer - Sumer və s
Səs düşümü: Uvca - Uca (Elamın türkcə adı), Suv - Su (tayfa adı)
Metateza: kas - sak, kuti - tuk(r)i, tukri - turqi - türk, k>r yerdəyişməsi ilə Tukri(ş) ölkə adından turqiş etnonimi.
Sonrakı dövrdə cingiltiləşmə: Aratta sözündə son heca - ta ‘dağ’ sözü hesab olunur. Müasir dildə «d» ilə tələffüz olunan bu cür sözlər «Dədə Qorqud»da da əksərən «t» ilə işlənmiş və sonralar cingiltiləşmişdir.
Dostları ilə paylaş: |