Qrammatik xüsusiyyətlər
Lullubi, kuti, su, turukki, kas tayfa dillərində işlənən çar adları, etnonim və toponimlər göstərir ki, Ön Asiyanın bu qədim tayfalarının dilləri iltisaqi quruluşlu olmuşdur. İltisaqilik türk dillərinin əsas xüsusiyyətlərindəndir. Ona görə də həmin tayfa dillərinə aid olan toponim, etnonim və antroponimlərdə türk dillərinin bir sıra qrammatik xüsusiyyətləri qorunmuşdur. Söz yaradıcılığı prosesi türk-Azərbaycan dili söz yaradıcılığı prosesi ilə daha çox səsləşir.
Tayfa dillərinin qalıqları əsasında aşağıdakı morfoloji və sintaktik xüsusiyyətləri müəyyən etmək olur: -bi//-pi//-me şəkilçisi. Bu şəkilçidən əşyanın kəmiyyətcə çox olduğunu bildirmək və substantiv ad yaratmaq üçün istifadə edilmişdir; məs.: kas-pi - kaslar, lullu-bi - lullular, lullu-me - lullular, su-bi - sular və s.
Bu sözlərdən lullubi və subi daha çox maraq doğurur. Lullu sözü toplu isim olduğu halda, ona cəm şəkilçisi -bi artırılmışdır. Ona görə də güman etmək olar ki, şəkilçi ya qonşular tərəfindən artırılmışdır, ya da həmin şəkilçi ilə işlənərkən söz artıq topluluq məzmununu itirmişdir. Subi sözündə -bi şəkilçisini ayırmaq bir qədər şübhəli görünür, çünki sözün əsli sub şəklində olmuşdur. Görünür, -bi şəkilçisi sub sözündən son səs düşdükdən sonra əlavə edilmişdir. Yaxud söz suvbi şəklində işlənmiş (mixi yazılarda sözün Suvbi, Sumbi formaları da var), v samiti sonralar düşmüşdür.
Müasir dilimizdə belə bir şəkilçi işlənmir. Tarixçilər bu şəkilçini elammənşəli saymış, ona görə də lullubilərin dilini elam dilinə aid etmişlər. Elam dilinin isə dravid dillərindən olduğu güman edilir. Bir az əvvəl dediyimiz kimi, Q.Qeybullayev Herodotdakı aqrippi, traspi, Altayda yaşamış nuşibi, tatabi və s. türk tayfa adlarını misal gətirərək göstərir ki, bu şəkilçi qədim türk tayfalarının adları üçün də səciyyəvi olmuşdur. V əsrdən görünməyə başlayan türkmənşəli kaspilərin adı da (kas-pi) həmin formantın iştirakı ilə yaranmışdır.(11;23) F.Cəlilov bu şəkilçinin hazırda türk onluq say sistemində böyük rolunu qeyd edərək yazır: «Türk dillərində onluq say sistemindəki -ba//-bi//-mi morfemlərində (iyir-mi, alt-mı-ş, yet-mi-ş) və tək-mə-cüt sözündə qalan -b elementi, şübhəsiz, topluluq bildirmişdir... Praazərbaycanlılar yaşayan ərazidə bə’zi etnonimlər -ba//-bi morfemi ilə işlənmişdir: kasbi//kaspi, lulubi//lulume. Həmin morfemin -ma allomorfu qədim qaşqay toponimlərində (Tarku-ma, Xursa-ma//Hursa-ma, Kalas-ma, Kurusta-ma) və müasir Azərbaycan toponimlərində (Yala-ma, Yaş-ma, Quruz-ma) özünü göstərir.» (19; 201) Burada bir maraqlı mə’lumat da budur ki, indi udmurtların əhatəsində yaşayan türkdilli beserman tayfasının dilində -ba//-pi şəkilçisi nəsil, soy anlamlı sözlərdə topluluq bildirir. Müəllif bunu da yazır ki, «Topluluq bildirən həmin formantın Ön Asiyada areal izoqlosu olması şübhəsizdir».(19; 201)
M.Qıpçaq iyirmi, altmış, yetmiş sözlərində bu şəkilçini istisna edir, bu sözlərdə etimoloji cəhətdən ‘beş’ sözünün olduğunu əsaslandırmağa çalışaraq yazır: «Bə’zi etnonimlər və toponimlərdə (kasbi//kaspi, lulubi//lulume) işlənən -bi//-pi//-me elementlərinin topluluq çaları olsa da, bu çaları yaradan morfemin yunan dilindəki cəmlik şəkilçisi olduğunu Ə.Dəmirçizadə sübut etmişdir. (Dəmirçizadə, 1970). İkinci bir tərəfdən, etnonim və toponimlərdə -ba//-bi formantını ayırmaq fərziyyə əsasında mümkündür və bu baxımdan bərpa edilən morfemin topluluq-cəmlik çaları ifadə etməsi şübhəlidir. Bundan əlavə, -ba//-bi//-me morfeminin pallomorfu olan -me şəkilçisinin Elam dilində cəmlik bildirməsi faktının türk dillərinin materialları ilə bir sıraya qoyulması da özünü doğrultmur.» (20; 296)
Əvvələn, Ə.Dəmirçizadə -bi//-pi//-me şəkilçisinin yunan mənşəli olduğunu deyə bilməzdi, çünki lullubilər, subilər yunanlardan çox-çox əvvəlki tarixə daxildir və əslində, M.Qıpçağın göstərdiyi mənbədə professorun belə bir qeydi də yoxdur. Digər tərəfdən, bu şəkilçilər çox asanlıqla kökdən ayrılır və Ə.Dəmirçizadənin M.Qıpçaq tərəfindən göstərilən kitabında kaspi, xazar sözlərindəki -pi və -ar şəkilçiləri sinonim topluluq-cəmlik şəkilçiləri hesab olunur. (21; 31) Əlavə olaraq, onu da deyək ki, elam dilinin də iltisaqi dil olduğu müəyyən edilmişdir və elam dilinin lullubi, subi, kaspi, kuti, turukki dilləri ilə bir zəncirin həlqələri oluğunu göstərənlər vardır. Bunların hamısını nəzərə aldıqda F.Cəlilovun bu şəkilçiləri areal şəkilçilər saymasını daha ağlabatan hesab etmək lazım gəlir. Başqa bir yerdə M.Qıpçaq özü qeyd edir ki, bu şəkilçinin allomorfu olan -m şəkilçisi türk dillərində geniş işlənir: Azərb. dilində birəm, üçəm, dördəm, birə-birəm; türk dilində birem-birem; türkmən dilində üçəm; noğay dilində birem-birem və s. Və sonra fikrini ümumiləşdirərək yazır: «Beləliklə, pratürk səviyyəsində -*b (-*m) formantını bərpa edə bilərik». (20; 26,97) Müəllifin qeydlərindən aydın olur ki, şəkilçinin izləri monqol dilində də qalmışdır. Qafqaz və dravid dillərində isə arxetipi va şəklində müəyyən edilmişdir. (20; 296-308) Bunlar göstərir ki, bu şəkilçi ulu dilin müxtəlif dil ailələrində yadigarıdır və türk dillərində indi də yaşamaqdadır.
-t//-it//-ti şəkilçisi. Bu şəkilçi ku-ti - ‘kular’, haltam-ti - ‘elamlılar’ və s. sözlərdə işlənmiş, topluluq, cəmlik məzmunu ilə substantiv tayfa adı yaratmışdır. Y.Yusifov -t şəkilçisinin qədim türk dillərində cəm şəkilçisi kimi işləndiyini qeyd etmişdir.(2; 82) Orta əsr türk yazılı abidələrində müşahidə edilən bu şəkilçi müasir türk dillərində də işlənməkdədir. Məs.: tarkan - tarkat ‘tarxan - tarxanlar’, tikin - tigit ‘şahzadə - şahzadələr’, ər - ərət ‘igid - igidlər’, xotun - xotut ‘qadın - qadınlar’, türk - türküt ‘türk - türklər’ və s. (20; 181)
M.Qıpçaq göstərir ki, şəkilçinin -d variantı monqol dilinin qrammatik quruluşunda daha mühüm yer tutur. Monqol dilində işlənmə dairəsi geniş olmuşdur və bu gün də işlənməkdədir. Müəllif ərət ‘kişilər’, xotut ‘qadınlar’, kırğıt ‘qızlar’ kimi sözlərin müasir dildə cəmlik keyfiyyətini itirdiyini, təkdə olduğunu, ona görə də ərətlər, xotutlar, kırğıtlar şəklində yenidən cəm şəkilçisini qəbul etdiyini qeyd edir. (20; 183-184) Bütün bunlar şəkilçinin öz funksiya dairəsini məhdudlaşdırması, işləkliyini itirməsi ilə bağlıdır və eyni funksiya daşıyan şəkilçilərdən birinin arxaikləşməsi ilə digərinin fəallaşması (üst-üstə işlənmə) halları dildə bir sıra kateqoriyalarda (hal, növ və s.) indi də mövcuddur. Yakut dilində bu şəkilçi hətta alınma sözlərdə də işlənir: oroyuottar - «rayonlar», ıstakaattar «stəkanlar» və s. M.Qıpçaq düz müşahidə edib ki, əgər bu şəkilçi yakut dilində monqol elementi olsa idi, onda monqol dilindən alınmalarda da olmalı idi, halbuki yakut dilində hətta mənsubiyyət şəkilçilərinin tərkibində də qalmışdır: ağabıt «bizim ağamız», ağağıt «sizin ağanız», kııskıt «sizin qızınız» və s. (20; 186) -ta,-te,-ti şəkilçisi Altay dillərinə daxil olan mancur dilində daha fəal işlənir: ama «ata» - amata - «atalar», oxun «böyük qardaş» - oxuta «böyük qardaşlar», non «kiçik bacı» - nota «kiçik bacılar», sarqan «arvad» - saorqata «arvadlar», da «başçı» - data «başçılar», eme «ana» - emete «analar», deo «kiçik qardaş» - deote «kiçik qardaşlar». Mancur dilində bölgülü saylar da -ta,-te,-to şəkilçisi ilə düzəlir: emta - «bir-bir», çjuvete - «iki-iki», ilata - «üç-üç» və s. M.Qıpçaq B.K.Paşkovdan gətirdiyi bu misallar əsasında bu sözlərdəki -t elementini bizim birər sözündəki -r elementi ilə müqayisə etməyi təklif etmişdir (20; 199) Bu, ağlabatan fikirdir - -t və -r samitlərinin hər ikisi ön sıra samitləridir və dilin kipləşən samitlərdən sürtünən samitlərə doğru inkişafı t > r keçidinə imkan verir. -t şəkilçisi ilə bitən bir sıra sözlər (əhvalat, xitabət, müraciət və s.) bizim dilimizdə ərəb dilindən alınma hesab olunur. Lakin bunlar sonrakı alınmalardır - VII əsrdən sonrakı hadisədir. F.Cəlilov bu cəhəti nəzərə alaraq yazmışdır: «Əgər yakut dilində -t şəkilçisini monqol mənşəli, praazərbaycan dilində -at şəkilçisinin ərəb dilindən alındığını qəbul etsək, onda bu alınmanın ilk layını qədim dövrə, son layını isə orta əsrlərə aid etməliyik. Hər iki halda Azərbaycan dilində -at, -ıt morfeminin kəmiyyət bildirdiyini, sonralar isə asemantikləşdiyini nəzərə almalıyıq».(19; 200) Sonrakı lay haqqında müəllifin fikri doğrudur. Lakin daha qədim lay haqqında bu sözləri demək olmaz. -ıt,-at şəkilçisinin monqol, mancur dillərində, türk dilləri ailəsinə məxsus yakut dilində bu qədər fəal işlənməsi onun kök dildən müxtəlif dil ailələrinə səpələndiyini və eyni zamanda bərabər hüquqla türk dillərinə məxsus olduğunu göstərir. Beləliklə, qədim Azərbaycan etnonimlərindən kuti, Haltamti tipli sözlərdə -ti şəkilçisi kök dildən gələn, türk qəlibində formalaşmış morfemdir və alınma deyildir.
Bə’zi mülahizələrə görə, -ti,-si,-çi, -şi - isimdüzəldən şəkilçidir və bu şəkilçilər eyni şəkilçi olub, səs keçidi ilə fərqlənmişlər: ku-ti, ku-çi, ki-si, ki-ssi, ka-şşi. Bu halda da həmin şəkilçilər eyni funksiyanı yerinə yetirir və bu variantların hamısının qrammatik semantikasında topluluq durur.
-(i)k, -(u)k şəkilçisi. Bu şəkilçi müasir dilimizdə fe’llərdən sifət düzəldən məhsuldar şəkilçidir. Kutik İnşuşinak - Gödək İnşuişnak adındakı kuti-k - ‘gödək’ sözü müasir dilimizdə kök və şəkilçiyə ayrılmasa da, sözün kökü cənub-şərq qrupu şivələrimizdə ‘güdə’ şəklində işlənməkdədir. Soyumaq - soyuq, güdəmək - güdək (gödək) eyni tipli sözlərdir..
tur-(u)k-k-i sözündə k samiti yad mühitdə qoşalaşmışdır, -i assur adlıq hal şəkilçisi sayılır. -(u)k şəkilçisi topluluq bildirməklə substantivlik əsasında tayfa adı yaratmışdır. F.Cəlilov şəkilçinin -aq, -ək variantı haqqında yazır: «Bu morfemin topluluq bildirən çaları dırnaq, caynaq, barmaq, türk, yığnaq tipli sözlərdə, cütlük çaları isə ayaq, qulaq, dodaq, dirsək, yanaq, öpkə (?), topuq, qoltuq, bilək, kürək, əmcək və sair bədən üzvlərinə aid sözlərdə qalmışdır».(19; 197) Topluluq-cəmlik bildirən bu şəkilçi -lıq,-lik,-luq,-lük; -laq,-lək şəkilçisinin tərkibində də daşlaşmışdır.
Qeyd etdiyimiz şəkilçi -q, -iq, -qıq şəkillərində fin-uqor dillərində, -q,-k (-kk) şəkillərində Ural-Altay dillərində, -liq, -laq, -loq,-leq,-lök şəkillərində monqol və buryat dillərində də müşahidə olunur.(20; 314-321) F.Cəlilovun fikrincə, macarların bir qismi tarixən Azərbaycandan getdiyi üçün fin-uqor dillərində də bu şəkilçi kontaktla bağlı ola bilər.(19; 198) Lakin müxtəlif dil ailələri diqqətlə nəzərdən keçirilərsə, şəkilçinin kök dildən yayılmış olduğu aydınlaşar.
-m,-im,-am şəkilçisi. Bu şəkilçi bir sıra sözlərdə mənsubiyyət şəkilçisi kimi işlənmişdir. İnimabakeş, Elulumeş şəxs adlarında ini-m ‘kiçik qardaşım’, el-um ‘mənim elim’ mə’nasındadır. El-am sözü də ‘mənim elim’ kimi izah olunur.
-taş (-daş) şəkilçisi. Bu şəkilçi müasir dilimizdə isimlərdən isim düzəldən fəal şəkilçi kimi (vətən-daş, yol-daş, sir-daş və s.) işlənməkdədir. Kara Kar-taş, Kikki-ur-taş, Marut-taş, Abirat-taş, Karian-taş, Kan-daş və s. hökmdar adlarında eyni vəzifəni yerinə yetirmişdir. Həm də hiss olunur ki, kas çar adlarında daha çox işlənmiş, məhsuldar olmuşdur.
- laq (-lıq) şəkilçisi. Müasir dilimizdə olduğu kimi (ot-laq, daş-lıq), qədim onomastik leksikada da eyni vəzifəni yerinə yetirmiş, isim düzəldən şəkilçi kimi işlənmişdir: sar-laq-ab - «çarlığı qoruyan, sevən», «çarlıqda möhkəm» mə’nasında olan bu sözün sar (çar) hissəsinə indi həmin şəkilçi qapalı saitlə birləşir.
- qun şəkilçisi. Müasir dilimizdə olduğu kimi (coş-qun, qız-ğın), bu şəkilçi nəzərdən keçirilən dövrdə də fe’ldən sifət düzəltmiş və həmin sifətlərin bir qismi isimləşərək xüsusi ad kimi işlənmişdir. Abidələrdə bu mə’nada lullu hökmdar adı İm-maş-qun qalmışdır.
- eş şəkilçisi. Bu şəkilçi müasir dilimizdə az işlənir və -daş şəkilçisinin tərkibində birikib qalmışdır. Kök e’tibarilə «yoldaş» mə’nasında olan bu formantı ümumən müstəqil söz kimi də nəzərdə tutmaq olar - müasir türk dilində işləndiyi kimi: Eşim - yoldaşım. -eş qədim hökmdar adlarının tərkibində işlək şəkilçilərdəndir: Elulum-eş - «lulu-m-eş» kimi ayrılır: ‘lulu yoldaşım, luluya yoldaş’ mə’nalarında. İnimabak-eş - sözündə də eyni vəzifəni yerinə yetirir. İni-m - türkcə «yaxınım», «yaxınım olan», bak - «bəy» mə’nasındadır: ‘yaxınım olan bəy yoldaşım’. -ş,-eş şəkilçisi özünü Tukri-ş tayfa adında da göstərir. (2; 82) Görünür, -ş,-iş,-şi,-çi şəkilçisi öz əsasını ‘adam’ mə’nasında olan çi/si sözündən almışdır. Dilimizdə həm dörd variantlı -çı forması, həm də -eş variantı işlənmiş, sonralar ikincisi arxaikləşərək -daş şəkilçisi tərkibində qalmışdır.
-ca şəkilçisi. Bu şəkilçi Elamın başqa bir adı olan Yu(v)ca sözündə qalmışdır. Yu(v) sözü qədim türkcədə həm «yuxarı qalxmaq», həm də «yuxarı yer, yük» mə’nasında olmuş və bu sözün fe’l formasından yuca sifəti düzəlmişdir. Qo sözündən qoca, ba (baxmaq) sözündən baca kimi.
-qu şəkilçisi. Bu şəkilçi fe’llərdən ad düzəldən -qı,-ki,-qu,-kü şəkilçisidir. Kassi hökmdarı Kadaşman Turqu adının ikinci komponentində işlənmiş, dur(maq) fe’lindən ‘duran’, ‘əbədi’ mə’nasında ad düzəltmişdir.
ni şəkilçisi. Bu şəkilçi özünü Lullubi hökmdar adı Anubanini və Satuni sözlərində göstərir. İ.İ.Meşşaninov bu şəkilçinin çox müxtəlif vəzifələrdə - həm sözdüzəldici, həm də sözdəyişdirici şəkilçi kimi işləndiyini müəyyən etmişdir.(8; 227-231) Urartu dilində ölkə və şəxs adı bildirən xüsusi isimlərə artırılmışdır. Mənsubiyyət bildirən şəkilçi, sifət düzəldən şəkilçi kimi də işlənmişdir. Məs.: alsuişe - böyüklük, alsui-ni - böyük; Haldi-ni-ni ba-u-şi-ni BELU -si-ni-ni «Xaldovım veleniem vlastnım». İ.İ.Meşşaninov göstərir ki, bu şəkilçi çar adlarında daha çox görünür. Məsələn, çar İşpuininin adı ‘İşpui-ni-ni’ şəklində, onun oğlunun adı isə çar olmadığı dövrdə ‘Menua’, çar olduğu zaman Meinua-ni kimi yazılmışdır. Bu şəkilçi Anibanini adında da vardır. Anibanini Lullubi çarıdır və Lullubi dilində yeganə çar adı hesab olunur.
M.Qıpçaq bu şəkilçi ilə bağlı mühüm bir mülahizə söyləmişdir: «Q.A.Melikişvili bu dildə (urartu dilində - Q.K.) şəkilçisiz (neoformlennıy) və adlıq (imenitelğnıy) adı altında iki hal ayıraraq onları qarşılaşdırır. Onun fikrincə, birinci hal heç bir şəkilçi qəbul etmirsə, adlıq hal -ni şəkilçisini qəbul edir... Q.A.Melikişvili şəkilçisiz və adlıq halları bir-birindən ayırsa da, qeyd edir ki, bu hallar funksional baxımdan bir-birinə çox yaxındır. Belə ki xəbər tə’sirsiz fe’llə ifadə olunarsa, onların hər ikisindən obyekti ifadə edən söz-forma kimi istifadə edilir». (20; 95) M.Qıpçaq bu sözləri deyərkən uştabi Arqiştini «Arqişti hücum etdi» və nunabi KUR Manani «Manna ölkəsinə gəldi» cümlələrindəki Arqiştini, Manani sözlərinə işarə edərək Q.A.Melikişvilinin bu sözləri adlıq halda düşündüyünü, başqalarının isə (Q.Kapantsyan, İ.Fridrix, B.Qroznı və b.) bu cür sözləri tə’sirlik halda hesab etdiyini göstərir və e’tiraz edir ki, erqativ dillərdə tə’sirlik hal və tə’sirli fe’l olmaz: «...xəbər faktitiv fe’llə ifadə olunarsa, bu tip cümlələrdə vasitəsiz tamamlıq işlədilmir və tamamlıq adlıq halda olur».(20; 95) M.Qıpçağın verdiyi nümunələr bu fikri doğrultmur. Uştabi Arqiştini cümləsində («Arqişti hücum etdi») Arqişti aşkar şəkildə subyektdir və adlıq haldadır, amma -ni şəkilçisi ilə. Şəkilçisiz adlıq hala misal yoxdur. Misal verdiyi birləşmədə - sonrakı cümlədə Manani sözü yiyəlik hala uyğun gəlir. Müəllif fikrini ümumiləşdirərək -ni şəkilçisindən yiyəlik hal (əvəzliklərdə və ismi birləşmələrdə) və sifət düzəldən şəkilçi kimi bəhs etməyi, bu istiqamətlərdə araşdırmalar aparmağı doğru hesab etmişdir. Bir çox faktlar bu şəkilçinin sonralar türk dillərində yiyəlik hal şəkilçisi kimi formalaşdığını, sabitləşdiyini göstərir. Urartu dilinin özündə də bu cəhət aydındır: Haldinini BABU-li «Xaldların qapıları», Haldinini usmaşini «Xaldın gücü ilə» və s. Lakin bu şəkilçidə mənsubiyyət mə’nası da vardır. Ona görə də ola bilər ki, sonralar hər iki şəkilçinin (yiyəlik hal və mənsubiyyət) diferensiasiyası üçün əsas olmuşdur. Hətta bə’zən birgəlik halın mə’nasını da daşımışdır. Ön Asiyanın bu ölü dillərinin heç biri yaxşı öyrənilməyib. Bizim fikrimizcə, -ni şəkilçili adlıq hal subyekt halı, şəkilçisiz «adlıq hal» deyilən hal isə tə’sirlik haldır. Ona görə də yuxarıda adları qeyd edilən alimlərin sözlərini əsassız saymaq düz deyil. Nominativ dillər sırasından çıxarmaq və türk dillərindən uzaqlaşdırmaq məqsədilə erqativlik damğası vurulan şumer dilində də bu məsələ tam şübhəlidir, ona görə də M.Qıpçağın birbaşa bu cür dillərdə «nə tə’sirli fe’l, nə də bu fe’lin tə’siri ilə formalaşan tə’sirlik hal ola bilər» fikri ancaq məntiqidir, fakta əsaslanmır. Belə çıxır ki, müasir dilimizdə Ayı adam öldürüb - cümləsində ayı da, adam da adlıq haldadır.
Lulluların dilinə məxsus Anuba-ni-ni sözündəki birinci -ni adlıq halın şəkilçisidir, ikincisi mənsubiyyət bildirir - Anu - şumer allah adı, ba - ‘allah’, ‘hakim’, ‘hökmdar’ deməkdir və söz bütövlükdə ‘Anu allahı’ mə’nasındadır. Satuni - lullubi hökmdar adında da (e.ə.XXIII əsr) bu şəkilçi özünü göstərir. Söz Utunun ürəyi deməkdir.
Qədim tayfa dillərində sözlərin birləşməsi yolu ilə mürəkkəb söz yaradıcılığı da türk sintaksisinə müvafiq olaraq daha qədim əlaqə növü olan yanaşma ilədir. Məs.: ari (təmiz), sin - adam - Arisin. Tirik (diri, canlı) An (Şumer allah adı) - Tirikan. Ulam - xəbər aparan, Buriaş - allah adı - Ulamburiaş və s.
Sözlərin yanaşması ilə ismi birləşmələrin əmələ gəlməsi üsulu da türk sintaksisinin tələblərinə müvafiq şəkildədir: Kutik İnşuşinak (Gödək İnşuişnak), Kutir Nahhuntini (Qotur Nahhuntini), Kara Kartaş, Kadaşman Turgu və s.
Lu-lu sözündən aydın olur ki, qədim türk tayfa dillərində sözün təkrarı da mühüm söz yaradıcılığı üsullarından olmuşdur.
Onomastik leksikanın verdiyi faktlar əsasında müəyyənləşdirilməsi mümkün olan dil faktları - morfoloji və sintaktik əlamətlər əksəriyyət e’tibarilə ulu dil, yə’ni kök dil ilə bağlı olsa da, artıq türk dil xüsusiyyətlərini qazanma istiqamətində inkişaf yolundadır və bu hal eradan əvvəlki minilliklərdə Azərbaycan ərazisində türklərin artıq çoxdan geniş məskən salmış olduğuna əsaslı sübutdur. Onların varisləri e.ə. birinci minilliyin birinci yarısında Manna və Mada kimi güclü dövlətləri ilə tarix səhnəsində şərəfli quruculuq işləri aparmışlar.
Dostları ilə paylaş: |