Fonetik xüsusiyyətlər
Manna toponim, etnonim və antroponimlərində türk dillərinə məxsus bir sıra fonetik xüsusiyyətlər mühafizə olunmuşdur. Sözlərdə daha çox səs əvəzlənmələri müşahidə olunur. Bu hal neçə minillik yolda tayfa dillərinin inkişafı ilə bağlı olduğu kimi, müəyyən dərəcə mixi yazıların oxunuşundan da irəli gəlir. Mixi yazılarda bir çox hallarda kar və cingiltili samitləri düzgün müəyyənləşdirmək mümkün olmamışdır. Lakin əksəriyyət e’tibarilə ağlabatan olan səs keçidlərini öyrənmədən sözlərin mənşəyini müəyyənləşdirmək çətindir. Ona görə də xüsusi adların etimoloji tədqiqində səs keçidlərini dəqiqləşdirməyin müstəsna rolu vardır.
Əvəzlənmələrin bir qismi dilimizin müasir səviyyəsində sözün fonetik tərkibi ilə müqayisə əsasında müəyyən edilmişdir. Bə’zən digər türk dillərində sözün fonetik quruluşu nəzərə alınmışdır. Bir sıra hallarda isə sözün qeydə alındığı qədim mənbələrdə səs keçidləri əsas götürülmüşdür.
Manna xüsusi adlarında aşağıdakı səs keçidləri müşahidə olunur:
d>n keçidi: Ma- da // Ma-na.
Mada və Man(n)a haqqında ilk mə’lumat e.ə.IX əsrin 40-30-cu illərinə aiddir və təqribən eyni vaxtda verilmişdir. Hər iki sözün kökü MA>BA ‘allah’, ‘başçı’, ‘kahin’, ‘rəis’ sözüdür; na və da hissələri fərqlidir. Bu hissələrin hər ikisi yer, məkan, ölkə bildirən söz olmuş, tədricən -da yerlik hal şəkilçisi kimi sabitləşmiş, -na onun assimilyasiyaya uğramış forması kimi qalmışdır.
t>d keçidi: taur - sonrakı mənbələrdə davar, ti (dik) - dik (hündür yer);
d>t keçidi: dalay (tayfa adı)- talay, tele(ut) (Mərkəzi Asiyada tayfa adı);
b>v>m keçidi: : subi-sumbi-suvbi (*Sub tayfa adı);
b>m keçidi: *bağ-mağ (tayfa adı);
k>y keçidi. Ki(r) - Yer;
ş>ç keçidi: uş - üç (üç);
k>q keçidi: kaya - qaya; Kalah - Qalax;
ş>s keçidi: Uşkaya - Üskiyyə (yerin müasir adı);
d>l; t>d>l keçidi: -duq - -luq şəkilçisi; Malak-tu - Malak-du-Malak-lu;
y>q keçidi: Kaşyar - Kaşqar (vilayət və dağ adı);
z>s keçidi: İzibia sözündə izi türk dillərində ‘isti’ sözü hesab olunur;
p>b keçidi: Parfiya, Persida, Parsua sözlərinin kökü ba(y)ır, bö(y)ür sözləridir və bu sözlərdə anlautda p cingiltiləşmişdir;
b>m keçidi: bia- başqa türk dillərində mua (‘su’);
s>ş keçidi ilə sin sözü şın şəklinə düşmüş, qaraşın, sarışın sözlərində qalmışdır.
r>l keçidi: Simar-ri (sibar-li)- yer adı;
Nümunələr əsasında güman etmək olardı ki, Kullar - Kollar (dağ adı) sözlərində k’>k, Bara >Bərə sözlərində a>ə keçidi vardır. Lakin fikrimizcə, bu sözlər tarixən də ikinci komponentlərdə göstərilən şəkildə tələffüz olunmuşdur.
Səs artımı: izi - isti;
Səs düşümü: v səsinin düşümü ilə diftonq yaranması: taur (əsli davar); Sua (Suba çay adı);
Metateza: Tukriş -Turq(k)iş (şəhər adı);
Açıq hecalı sözün qapalı hecalı sözə çevrilməsi: ta - dağ; ti - dik;
Samit səsin qoşalaşması: Mana - Manna;
Səsdüşümü nəticəsində sait uzanması: Pa:rfiya, Pa:rsua, Pe:rsida sözlərinin kökündə ilk hecadakı a, ö, e saitləri (yəqin ki, səsdüşümü nəticəsində) uzun tələffüz edilmişdir.
Dostları ilə paylaş: |