Kimmerlər. Herodotun və Strabonun yazılarından aydın olur ki, kimmerlər, skiflər və saklar ayrı-ayrı tayfalar olmuşlar. Lakin araşdırmalar göstərir ki, sak və qamir bə’zən eyni bir tayfanın adı kimi də çıxış edir. Məsələn, Bisütun yazılarının akkad versiyasındakı kimmer sözü elam və qədim fars versiyalarında saka sözünə uyğun gəlir. Eləcə də I Daranın qədim fars variantındakı saka sözü Babil variantındakı qamir sözünə uyğun gəlir. (37; 317) Bunlardan belə nəticə çıxarılır ki, saklarla kimmerlər bir kökdən olmuşlar.
Skiflərin, sakların gəlmə və ya aborigen əhali olması barədə müxtəlif mülahizələr vardır. Bir sıra alimlərin fikrinə görə, onlar Azov dənizinin qərb sahillərinə Asiyadan gəlmiş və bu ərazilərdən kimmerləri çıxarmışlar. Lakin antik müəlliflərin əsərlərində verilmiş mə’lumatdan belə bir qənaət də hasil olur ki, gəlmə skiflərlə aborigen kimmerlər arasında fərq olmamışdır: «T.Sulimirski belə hesab edir ki, Hesiod skifləri - «madyan sağanları» xatırlayan ilk yunan müəllifi olmuşdur. Lakin əsərləri təqribən e.ə.VII əsrə aid olan Hesiod kimmerlər haqqında heç nə bilmir. Hesioddan əvvəl yaşamış Homer isə «Odissey» əsərində bizə Pont çölündə məskunlaşmış kimmerlər haqqında mə’lumat verir, skiflər haqqında heç nə danışmır».(58; 20)
Kimmer - qədim yunan forması sayılır. Akkad dilində bu söz qamerra (Qa-me-ra-a-a) şəklindədir. VII əsr assur yazıları qimirra (Qimiraa) (51; 65), qədim erməni mənbələri qamir şəklində saxlamışdır. Bibliyanın «Varlıq» kitabının X fəslində «Xalqlar lövhəsi» adlanan qaynaqda Qmr (qamer) şəklindədir. (1; 213)
Kimmer etnoniminin bu tayfaya kənardan verildiyi güman edilir. İlk dəfə yunan şairi Homerin işlətdiyi, sonralar başqaları tərəfindən təkrar edildiyi göstərilir. Etimologiyası barədə müxtəlif fikirlər söylənmişdir. Bə’ziləri kimmer sözünü Qafqaz dilləri əsasında izah etməyə çalışmışlar. Qafqaz dillərində kım, kam - ‘baş’ mə’nasında işlənir; bu əsasda kım ərlər - ‘baş ərlər’ kimi izah olunur. Lakin kam/qam sözü türk dillərində daha geniş yayılmış bir söz olub ‘kahin’, ‘şaman’ mə’nasındadır və bu mə’nada qam ərlər - ‘şaman ərlər’ deməkdir. Son tədqiqatlarda bu cür etimoloji təqdimat daha əsaslı hesab olunur. Y.Yusifov, F.Cəlilov, Q.Qeybullayev kimmer sözünün bu cür izahını düzgün hesab etmişlər. Ar, ər şəklində olan ikinci komponent avar, bolqar, qacar, sabar, xəzər və b. türk tayfa adlarında da işləkdir. Kam hissəsi isə kamak, kaman (kuman), kamat və s. tayfa adlarında da mühafizə olunmuşdur. (6; 130)
Q.Qeybullayev sözün əslini qəmər/kəmər şəklində bərpa etmiş və tayfanın adının ərazi toponimlərindəki çoxsaylı izləri əsasında bu sözün kimmerlərin özlərinə verdikləri ad olduğunu sübut etmişdir.
Bə’zi alimlər kimmerləri iranmənşəli saymışlar. (10; 239-241) Frakiyalı, kelt, qafqazdilli hesab edənlər də olmuşdur. Lakin əksər tədqiqatçılar kimmerləri türk-monqol tayfalarına aid etmişlər. (50; 171) Bunu tarixin kimmerlərlə bağlı mühafizə edib saxladığı bütün əlamətlər təsdiq edir.
Homer kimmerlərin «madyan sağanlar» olduğunu göstərmişdir. Türklərə aid olan bu epiteti sonralar Herodot skiflərə də aid etmişdir ki, bu da kimmerlərin skitflərlə qohum olduğunu sübut edən bir dəlildir. (37; 318)
Kəmər sözünün qarqar, dondar, bolqar, suvar, kanqar, xəzər türk tayfa adları ilə uyğunluğu da onların türk tayfalarından olduğunu sübut edir.
Kimmer sözü öz izlərini bir çox ərazi toponimlərində saxlamışdır. Madada Kimirra şəhəri var imiş. Assur qaynaqları buranı Qamarra ölkəsi adlandırıb. Qara dəniz sahili toponimlərdə Kimmeriya, Kimmerik yer adları vardır. Kerç boğazı Kimmer Bosforu adlanır. Cənubi Anadoluda Qamir etnotoponimi, Zaqatala ərazisində Qımır və Qımırlı yer adları vardır. Qazax-Borçalı bölgəsində Böyük və Kiçik Kəmərli, Kəmərqaya, Kəmərli kəndləri bu tayfanın adı ilə bağlıdır. Q.Qeybullayev göstərir ki, orta əsrlərdə İrəvan yaxınlığında Qumri, Qəmri (ermənicə yazılış) adlı Azərbaycan kəndləri olub. Türkiyədə də Kəmərli adlı kənd var və s. Krım toponiminin də bu etnonim əsasında, türkcə ‘qala’ mə’nasında qrim sözündən yarandığı və rus dilindəki kreml sözünün də buradan olduğu güman edilir. (50; 172)
Prokopiyə görə, hunlar qədimdə kimmer və massaget adlanırmışlar. Hunlar isə əsasən türkdilli olmuşlar.
Q.Qeybullayev kimmer tayfalarından olan trellərin xalis türk tayfası olduğunu qeyd edərək göstərir ki, bu sözün ter hissəsi başqa türk tayfa adlarında da (tərtər və s.) vardır, ikinci komponent isə (el sözü) ‘el’, ‘tayfa’ deməkdir.(37; 317)
Kimmer çar adlarının türkmənşəli olduğu aydınlaşdırılmışdır. Teuşpa sözü türkcə tuş ‘qızıl bəzək’ və bay ‘varlı’, Tuqdame (Kimmer-skit-sak padşahı, e.ə.VII əsrin 60-50-ci illəri) - türkcə tuq ‘döyüş bayrağı’ və tumay - ‘sipər’, Sandakurru (assur dilində «r» səsi qoşalaşmış, «u» isə adlıq halın şəkilçisidir) - türkcə san ‘ad-san’, -da(-la) şəkilçisi və kür ‘möhkəm’, ‘səbatlı’ sözlərindən düzəlmişdir. Birinci sözdəki tuq komponenti ilə bağlı türkeşlərin (VIII əsr) Tuk-Varsen, monqolların (XIII əsr) Tukluk, Tuk-Teymur adları da mə’lumdur. (6; 132-133)
Kimmerlərin türkmənşəli olduğuna şübhə yoxdur. Həm də onlar çox qədim tayfalardandır. Kimmerlərlə əlaqədar Herodotun yazdığı bir məsələ şübhə doğurur. Kimmerləri skiflərin (bə’zi qeydlərə görə sakların) qova-qova Ön Asiyaya gətirməsi fikri ağlabatan görünmür. Yə’ni skiflərlə kimmerlərin nə qədər düşmənçiliyi varmış ki, bütün Cənubi Avropa, Qərbi Asiya boyu əl çəkmir, kimmerləri qova-qova bu yurddan o yurda aparır, özləri də məcbur olub yurdlarını dəyişirlər. Ola bilər ki, hər iki tayfa daha əlverişli ərazilər axtarışı ilə qeyd edilən ərazilərdən keçməli və öz yerlərini dəyişməli olmuşlar və bu da ola bilər ki, müəyyən dövrdə kimmerlər skiflərin qonşuluğunda yaşamaq istəməmiş, ona görə də onların yaxınlaşdıqlarını gördükdə yerlərini dəyişmişlər. Herodotun fikri bir də ona görə məntiqi deyildir ki, kimmerlər son məqamda skif və saklarla birləşərək Mada ərazisində 28 illik (e.ə.653-625) yadda qalan padşahlıq yaratmışlar və ilk padşahları da kimmerlərdən olmuşdur. Bizim fikrimizcə, kimmerlər də, saklar da Ön Asiyanın ən qədim sakinlərindən olmuş, vaxtaşırı Ön Asiya - Şimali Qaradəniz sahili ərazilərini, Mərkəzi Asiya və qərbdə Karpat bölgələrini gəzib dolaşmışlar. İlk dəfə irəli sürdüyümüz və qəti inamımız olan mühüm bir mülahizə də bu fikrə köməkdir.
Maqlar və qamlar sosial-dini baxımdan eyni vəzifəni yerinə yetirən adamlar olmuşlar. Lakin tarixçi və dilçilərimiz bu vaxta qədər bu cəhətə diqqət yetirməmişlər. Nostratik nəzəriyyənin görkəmli tədqiqatçıları eyniköklü sözlərin dünya dillərində fərqlənməsinin çox mühüm bir üsulunu metatezada görmüşlər. Əvvəldə qeyd etdiyimiz kimi («Mada» bölməsinə baxmalı), fikrimizcə, maq və qam sözləri eyni sözlərdir və metateza ilə fərqlənmişlər. Bunlardan hansının praforma olduğunu müəyyənləşdirmək də mümkündür. Ulu dilin parçalanması Ön Asiyada baş vermişdir. Bu, hipoteza deyil, artıq tam təsdiq olunmuş aksiomadır. Ön Asiyanın ən qədim tayfalarından daha qədimi bizim mağlardır. Həm maq, həm də qam sözündə «m» samiti vardır; m - burun samitidir. Bu da mə’lumdur ki, ağız samitləri burun samitlərindən əvvəldir. M-in ilkin forması «b»dir: ba - bağ sözləri - ‘allah’, ‘başçı’, ‘rəis’, ‘bəy’ və eyni zamanda fe’l kimi ‘bağlamaq’, ilahi ‘bağlılıq’ mə’nalarında. Bu sözlər b>m keçidi ilə minilliklər ərzində mağ şəklini almış, mağ sözü metateza ilə gam şəklinə düşmüşdür. Mağ sözü daha çox Ön Asiya, gam sözü və onun g-ş keçidi ilə fərqlənən şam(an) forması Mərkəzi Asiya üçün xarakterikdir. Buradan aydın olur ki, mağlardan ayrılıb gedən türklər tədricən mağ adını gam şəklində işlətmişlər. «Dədə Qorqud»da Gam Ğan oğlu sözü göstərir ki, bu tayfa artıq çoxdan gam sözünü işlədir. «Dədə Qorqud»un daha çox Hun oğuzları ilə bağlı olması da bu cəhətdən əhəmiyyətlidir. Qaumatanın da (e.ə.521) adında «gam» sözü vardır. Ola bilsin ki, Qaumata e.ə.VIII əsrdə geriyə miqrasiya edən türklərdəndir. Kimmer sözünün gam-ər şəklində izahı da göstərir ki, kimmerlər Ön Asiya mağlarından ayrılıb yaxın və uzaq ərazilərdə dolaşaraq gam adı ilə geri qayıdan mağlardır. Bunlar özlüyündə həm də sübut edir ki, türklər şərqə və qərbə Ön Asiyadan yayılmışlar, o yerlərdən bura miqrasiya türklərin vətənə sonrakı qayıdışlarındandır.
Dostları ilə paylaş: |