İYİRMİ SƏKKİZİNCİ FƏSİL SİLEYİ-RƏHİM QURAN VƏ SİLEYİ-RƏHİM
Sileyi-rəhim (qohumlarla münasibətdə olmaq) çox yaxşı və bəyənilmiş əməllərdəndir. Hansı ki, peyğəmbərlər və imamlar ona əməl etməyə çox əhəmiyyət vermişlər.
Ömrünü Quranla, rəvayətlərlə keçirmiş böyük filosof Molla Möhsün Feyz sileyi-rəhimin qohumlara baş çəkmək, onların maddi ehtiyaclarını ödəmək, subaylarının ailə qurmasına kömək etmək olduğu qənaətinə gəlmişdir. Əgər Quran ayələri və rəvayətlərə diqqət yetirilsə, sileyi-rəhimin belə dolğun məna kəsb etdiyi anlaşılar.
Quran sileyi-rəhimi həyata keçirməyi tapşıraraq, onun əql sahiblərinə aid olduğunu vurğulamışdır. Onu həyata keçirməyənləri isə fasiq hesab etmişdir. «Nisa» surəsində buyurulur: «Allaha və qohumlarınıza qarşı təqvalı olun».
Çox maraqlıdır ki, Allah-təala qohumları Özündən sonra qeyd etmişdir.
«(Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin!» 1
Allah-təala «Rəd» surəsində əql sahiblərinin bir neçə xüsusiyyətini qeyd edir və bu xüsusiyyətlərin qiyamətdəki qarşılığının mələklərin məhşərdə onları qarşılamaları, salamlamaları, aqibətlərinin xeyirli olması olduğunu buyurur. Bu xüsusiyyətlərdən biri də, sileyi-rəhimdir.
«O kəslər ki, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri birləşdirirlər. (Qohumluq əlaqələrini qoruyub saxlayırlar)» 2
«Bəqərə» surəsində qohumlarla əlaqəni kəsmək haqqında buyurulur:
«O kəslər ki,…Allahın birləşdirilməsini buyurduğu şeyləri parçalayır (qohum-əqraba ilə əlaqələri kəsir) və yer üzərində fitnə-fəsad törədirlər. Məhz belələri (dünyada və axirətdə) ziyana uğrayanlardır»1
«Rəd» surəsində bu mövzuda daha bir ayə nazil olmuşdur:
«…Allahın birləşdirilməsini əmr etdiyi şeyləri (qohumluq əlaqələrini) qıranlar, yer üzündə fitnə-fəsad salanlar isə lənətə düçar olacaqlar. Onları axirətin pis aqibəti (cəhənnəm) gözləyir»2
«Məhəmməd» surəsində isə buyurulur:
«Əgər (Allahdan, Onun Peyğəmbərindən (s)) üz döndərsəniz, sizdən yer üzündə fitnə-fəsad törətmək və (cahiliyyət dövründə olduğu kimi) qohumluq tellərini qırmaq gözlənilməzmi?!» 3
Doğrudan da, qohumlarla xoş münasibətdə olmaq olduqca böyük əhəmiyyətə malikdir. Belə ki, onlarla xoş münasibətdə olmaq qiyamətdə mələklərin insanı qarşılamalarına, ona salam vermələrinə, insanın aqibətinin xeyirli olmasına, əks təqdirdə isə Allahın lənətinə, aqibətin pisliyinə və qiyamətdə insanın nicat tapmaqdan məhrum olmasına səbəb olur.
Qohumların iqtisadi problemlərini həll etmək, onların abırlarını, şəxsiyyətlərini qorumaqla yanaşı, yardım göstərmək də böyük bir savaba malikdir.
«Mallarını Allahın razılığını qazanmaq və nəfslərini (imanlarını) sabitqədəm etmək yolunda sərf edənlər uca təpənin üstündə olan bir bağa bənzərlər ki, ora düşən bol yağış onun meyvələrini ikiqat artırar. Əgər bol yağış yağmasa, az bir şəbnəm (şeh) də ona kifayət edər. Həqiqətən, Allah nə etdiyinizi (bütün əməllərinizi) görəndir.»1
«Yoxsullara aşkarda sədəqə verməyiniz yaxşıdır. Lakin onu gizlində versəniz, daha yaxşı olar. Bu, günahlarınızın bir qismini örtər. Allah etdiyiniz hər bir işdən xəbərdardır!» 2
«Mallarını gecə və gündüz, gizli və aşkar (yoxsullara) sərf edənlərin Allah yanında böyük mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər»3
Dostları ilə paylaş: |