Birinci fəsil: Mədəni hücum və mədəni mübadilə


- İslam inqilabı - din, mənəviyyat və İmam Xomeyni əsrinin başlanğıcı



Yüklə 416,28 Kb.
səhifə25/73
tarix10.01.2022
ölçüsü416,28 Kb.
#109968
1   ...   21   22   23   24   25   26   27   28   ...   73
2- İslam inqilabı - din, mənəviyyat və İmam Xomeyni əsrinin başlanğıcı

1967-ci ildə İranda başlayan din və ruhani hərəkatı əvvəldə dünyanın diqqətini çox da cəlb etmədi, lakin analitik və müşahidəçilərin gözlədiyinin əksinə olaraq, onun həcmi, məzmunu və əhatə dairəsi günbəgün genişləndi, gözlənilmədən dünyanın bir nöqtəsində partlayışla nəticələndi. O zaman qlobal güclər indiyədək bu fenomeni yanlış dəyərləndirdiklərini anladılar, buna çarə qılmağa çalışdılar, amma bacarmadılar. Bu hadisə baş verəndə dünyada heç kim onun əhəmiyyətini dərk etmədi. Hətta 15 Xordad hadisəsi baş verəndə və məlum qırğınlar törədiləndə də dünyada əks-səda doğurmadı; nə kimisə çox ümidləndirdi, nə də kimisə qorxutdu; sonra bir qığılcım kimi söndüyünü düşündülər. Sanki bir talaşa, saman, çubuq və ya karton tez alışır, bir neçə andan sonra da sönür. Hamı onun bitdiyini düşünür, lakin onun altında çox qalın və quru odunların olduğunu bilmir. Odunlar heç kim bilmədən alışır və hər an uzun müddət yanan alov istehsal edir. Bu alovlar 11 Fevral inqilabı və İslam Respublikasının yaranması ilə nəticələndi. Gözlənilmədən din və mənəviyyat əsasında analoqu olmayan bir quruluş meydana çıxdı. Yəni bu quruluş yarananda din və mənəviyyat düşmənləri üçün artıq gec idi. Onlar nə qədər zərbə vurdularsa, zülm etdilərsə, onun dünyadakı mənəvi nüfuzu və müsəlmanların ona diqqəti daha da artdı, müxtəlif yerlərdə alovlar baş qaldırmağa başladı. Onların bəzilərinin bəlkə heç özləri də haradan qaynaqlandığını bilmirlər. Afrikada və Şimali Afrikanın fransızdilli bölgələrində hansı hadisələrin baş verdiyini xəbərlərdə gördünüz və eşitdiniz. Təəssüf ki, avropalılar orada çoxlu mədəni işlər də görmüşlər. Mən oranın xalqının vəziyyətini və müsəlmanlığını yaxından görmüşəm. İslam dünyasının şərqində - Hindistanda, Kəşmirdə və Şərqi Türküstanda da müsəlmanların hisslərini görürsünüz. Daha iş-işdən keçmiş, sona çatmaqda olan proses dayanmışdır. Biz bu prosesin sonunu yaşadıq: "Sonra sizi yer üzünün varisləri təyin etdik"185. Biz düzgün hərəkət etsək, əməlimiz, qərarımız, qətiyyət və iradəmiz bu yolu təsvir, onun həmişəyaşarlığını və sağlamlığını təmin edə biləcək. Və bu zaman dünya dəyişəcək, mənəviyyat öz haqqını əldə edəcək.186


İranda İslam inqilabının qələbəsi, İslam quruluşunun yaranması və xalqımızın inqilabı və İslamı müdafiə etmək üçün öz əzəmətli rəhbərinin arxasında uzun mübarizələr aparması ilə dünyada fərqli xüsusiyyətlərə malik olan yeni bir dövr başlandı. Dünyanın maddi gücləri istəsələr də, istəməsələr də, Amerika istəsə də, istəməsə də, dünyada bu dövr başlanmışdır və davam edəcək. Bu yeni dövrün təsirləri həm zəif xalq və hökumətlər, həm də qüdrətli dövlətlər və böyük güclər üzərində hiss olunur. Bəşər tarixində yeni dövr başlayanda heç kəs özünü onun təsirlərindən kənara çəkə bilməz. Keçən dövrlər də belə olmuşdur. Heç kəsin özünü dünyada güclü ilahi və insani təməllərlə başlayan bir dövrün təsirlərindən uzaq saxlaması mümkün deyil. Biz bunu elan etmək istəyirik. Yer üzünün bir çox xalq və hökumətlərinin bu yeni dövrün təsiri altına düşməsinə və hətta dünyanın siyasi xəritəsinin dəyişməsinə baxmayaraq, biz dünyanın güclü siyasi analitiklərinin bu dövrün başlanmasını etiraf etmələrini gözləmirik. Onlar yeni dövrün başlanmasını etiraf etməzlər, lakin bu dövrün təsiri altına düşmüşlər və onu hiss edirlər. Bu yeni dövrü İmam Xomeyni dövrü adlandırmalıyıq.

Bu dövrün heç zaman ayrılmayacaq bir neçə xüsusiyyəti vardır. Bu xüsusiyyətlərdən biri dini etiqad və inancların yayılmasıdır. Beynəlxalq hegemon sistemin siyasəti bu idi ki, dini və mənəviyyatı bütünlüklə xalqların həyatından çıxarsın, bəşəriyyəti dinsiz, imansız və ilahi dəyərlərə etiqadsız bir varlıqa çevirsin. Bu yeni dövrdə isə həmin siyasətlərin tam əksi baş vermişdir. Xalqlar yalnız İranda və İslam ölkələrində dini inanclara qayıtmadılar, hətta dünya miqyasında və on illərlə dinin ziddinə yaşamış cəmiyyətlərdə də dinə etiqad və mənəvi təmayül artmışdır. Bu hərəkətin gələcəyi belə olacaq: harada mənəviyyat daha güclü, daha saf, daha sağlam və bəşər fitrətinə daha yaxın olsa, xalqlar tərəfindən daha çox seviləcək. Din və mənəviyyatın antidəyər sayıldığı, ələ salındığı dövr artıq bitmişdir.

Bu gün dinsizlik, imansızlıq və mənəvi etiqadsızlıq bir antidəyərdir. Dünyanın çoxlu yerlərində bu iş baş vermişdir, qalan yerlərdə də baş verəcək. Bu, yeni dövrün xüsusiyyətlərindəndir. Bu böyük insan (İmam Xomeyni) dünyada bu dövrün bayrağını ucaltdı, heç kəsin inanmadığı halda ona çağırış etdi və ürəklərə yol tapdı.

Bu yeni dövrün başqa bir xüsusiyyəti insanların dəyərinə, xalqların güclü roluna məna və məzmun verməkdir. Bizim imamımızın vasitəsi ilə başlayan və əhatə dairəsi İranla məhdud olmayan yeni dövrdə xalq hadisələri yönəldən əsas amil və qərar sahibidir. Keçmişdə xalqın iştirakı ilə baş verən, lakin sonra vəziyyətləri dəyişən çoxlu inqilablar olmuşdur. İkinci dünya müharibəsindən sonra on illərlə dünyaya hakim olan qüvvələr bütün dünya xalqlarını öz istəklərinə təslim olmağa, qlobal güclərin iradəsi qarşısında danışmamağa və fərqli iradə göstərməməyə vərdiş etdirmişdilər. Bu gün belə bir dünyada siz birdən-birə Şərqi Avropa ölkələrində milyonlarla insanın bizim müsəlman xalqımızın şah rejimi ilə mübarizəsində olduğu kimi meydana çıxdığını və eyni üsulla hərəkət etdiyini görürsünüz. Başqa sözlə desək, bu yeni dövrün və yeni əsrin insani səciyyəsi qanın xəncərə qələbəsindən ibarətdir. Bu yeni dövrdə İranda olduğu kimi, xalq silaha sarılmadan yalnız boş əllə meydana çıxır, işğalçı və zalım hökuməti pis vəziyyətə salır. Bu üsul bu gün dünyada tanınmış bir üsuldur. Silahsız kütlələrin gücü bu gün dünyaya bəlli olmuşdur. Bundan sonra bütün supergüclər bilsinlər ki, bizim xalqımız öz müqaviməti ilə bu iddiaların doğruluğunu təsdiqlədi. Bizim inqilabımızın özünəməxsus xüsusiyyətləri vardı və dəfələrlə bəyan olunmuş bu xüsusiyyətlər ilk dəfə bir inqilabda görünürdü: İslama arxalanmaq, məqsədlilik, İslam hakimiyyəti, mövcud siyasi anlayışlara, o cümlədən azadlıq, müstəqillik, ictimai ədalət anlayışlarına yenidən baxmaq, İslam dəyərlərinə söykənən bir dünya və cəmiyyət qurmağa çalışmaq. Onlar bilsinlər ki, dünyanın heç bir yerində xalqın milyonluq izdihamının istəyi olmadan hakimiyyətdə qalmaq mümkün olmayacaq. Bu dalğa dünyaya nə qədər çox yayılsa, qanunsuz, zülmkar və antiinsani hökmranlıqların vəziyyəti bir o qədər ağırlaşacaq. Bu, bizim böyük imamımızın bu xalqın ayıqlığı və imanı sayəsində İranda gördüyü və dünyaya örnək göstərdiyi hərəkətdir...

Bizim xalqımız özünün böyük və müstəsna rəhbərinin arxasınca bu yeni yola qədəm qoyan və o dövrün təməllərini möhkəmlədən ilk xalq idi.187
İndi bəşər sivilizasiyası bir ölkənin fəqihin rəhbərliyi, yəni din və təqva hakimiyyəti ilə idarə olunduğunu görür. Bu, müxtəlif bəşəri quruluşları təcrübədən keçirib heç birində özünün əsaslı dərdlərinə dərman tapmayan bəşəriyyət üçün mühüm və həlledici bir sınaqdır. Bizim hamımız yadda saxlamalıyıq ki, bu müqəddəs quruluş insanların cismini və canını rahatlığa qovuşdura, yoxsulluğu, cəhaləti, imansızlığı, ayrıseçkiliyi və ədalətsizliyi aradan qaldıra və dünya miqyasında bəşərin belə xroniki dərdlərinə qarşı mübarizəyə qalxa bilsə, tarixə ən böyük xidməti etmiş, onlara yeni yol açmış olar. Bunun üçün rəhbərdən tutmuş adi məmurlara qədər hər bir şəxsin öz vəzifəsi qədərincə bir an da mübarizədən dayanmaması, heç bir təhdidi maneə saymaması və heç bir təhrikə təslim olmaması lazımdır.188
Bu dövr Quran dövrüdür. İntibah və çiçəklənmə əsrlərindəki uğursuz təcrübələrdən, bəşərin özünə elmin sürətli və heyrətamiz inkişafına uyğun təsəlliverici həyat sistemi qura bilməməsindən sonra yollar tədricən tövhid və din yoluna yönəlməyə başlamışdır. Get-gedə püxtələşən insan elmi çiçəklənmənin əvvəllərində yaranmış cahilanə qürur çağında unutduqlarını yenidən yada salır. Bu elə bir dövrdə baş verir ki, dünyanın bir nöqtəsində din hakimiyyətə gəlmiş, möhtəşəm və müstəsna bir inqilabla milyonlarla insanın idarəsini üzərinə götürmüşdür. Deməli, Quranın insanların düşüncə və əməlini istiqamətləndirməkdə öz qüdrətini və məharətini göstərməsi üçün bu gün tarixi və müstəsna bir fürsət yaranmışdır.189
Bu gün materialist analitiklərin xəstə beyinləri son on ildə baş verən İslama dair hadisələri dərk və təhlil etməyə aciz olsalar da, müstəmləkənin müsəlman ölkələrindəki 200 illik fəaliyyətindən, İslamı bu ölkələrin əhalisinin həyatından, hətta beynindən və qəlbindən çıxarmaq üçün minlərlə uğurlu üsulundan və ən önəmlisi, müstəbid güclərin və onların əlaltılarının əsrlərlə yanlış maarifləndirməsindən, saray ruhaniləri vasitəsi ilə dində əmələ gəlmiş saysız-hesabsız təhriflərdən, onun təmizliyini və səmimiliyini sıradan çıxarandan, təsirsir bir dərmana, cansız bir bədənə çevirəndən sonra bu gün İslam müsəlman vətənin qəlbində yenidən qol-qanad açmış, öz mərhəmət kölgəsini bütün İslam dünyasına salmış, günəş kimi müsəlmanların qəlbinə işıq saçmış, onlara ruh, ümid və həvəs bəxş etmişdir. Materialist analitiklər bunun səbəbini anlaya bilmirlər.

Tədricən unudulmaqda olan, dərdli və taqətsiz insanların qəlbində heç bir ümid yaratmayan İslam necə oldu ki, müsəlman xalqların, xüsusən də gənclərin, ayıq və qayğıkeş insanların yeganə ümidinə çevrildi?!

Bəli, bu heyrətamiz hadisələrin düzgün dərki və təhlili İslamın həqiqətinə yad və onun tarixindən xəbərsiz beyinlərə imkansız olsa da, ayıq adamlar üçün cavab bir kəlmədədir: inqilabın möcüzəsi.

Dövrün böyük xilaskarı olan həzrət İmam Xomeyninin rəhbərlik etdiyi İran İslam hərəkatı böyük peyğəmbər, son elçi, aləm və adəmin yaranışının zirvəsi olan həzrət Məhəmməd Mustafanın (s) yolu ilə gedərək tam bir inqilab şəklində meydana çıxdı. İnqilabın xüsusiyyəti belədir ki, düzgün və məntiqli təməl üzərində ucalsa, vulkan olub mühitin bütün sütunlarında zəlzələ yaradacaq, hər şeyi, hər yeri və hər kəsi öz hərarəti və şüası ilə təsirləndirəcək. Ötən 150 ildə müxtəlif amillər səbəbindən qiyam etmiş, İslam dəvətini, dirçəlişini və təfəkkürünü bayraq etmiş mütəfəkkirlərin və müsəlman islahatçıların, məsələn, Seyid Cəmaləddinin, Məhəmməd İqbalın və digərlərinin bütün dəyərli xidmətlərinə baxmayaraq, işlərində böyük bir nöqsan olmuşdur. Onlar İslam inqilabı etmək yerinə İslam dəvəti ilə kifayətlənmiş və müsəlman cəmiyyətlərini inqilabla yox, maarifləndirici fəaliyyətlərlə, yalnız qələm və dillə islah etməyə çalışmışlar. Bu üsul əlbəttə ki, bəyənilən və savabdır, lakin ondan tarixin əsas dönüşlərinin qurucuları olan ululəzm peyğəmbərlərin əməlinin nəticəsini gözləmək olmaz. Onların işi siyasi və mənəvi eyiblərdən uzaq durub düzgün olduğu təqdirdə bir inqilabi hərəkətə yalnız şərait yarada bilər, vəssalam. Buna görə də bu ixlaslı qrupun yorulmaz fəaliyyətləri müsəlman xalqların əks istiqamətə və tənəzzülə doğru hərəkətini saxlaya, onların söz və arzuları ah çəkib, göz yaşı tökdükləri qüdrət və ucalığı müsəlmanlara qaytara, hətta müsəlman xalqlarda İslam etiqadını və inancını gücləndirə, onlardan uyğun məqsədlərlə istifadə edə və yaxud İslamın coğrafiyasını genişləndirə bilmədi. Bu, böyük İslam Peyğəmbərinin (s) üsulundan uzaqdır. Əzəmətli Peyğəmbərin (s) besət və hicrət tarixini bir qədər bilən hər bir kəs üçün bu məsələ aydındır.190


Hazırkı əsr böyük islahatçılar əsridir. Ötən əsrin ortalarından indiyədək nə qədər böyük islahatçı, inqilabçı və siyasətçi meydana çıxmış, dünyada, yaxud onun bir hissəsində böyük hərəkatlar yaranmışdır. Biz bu hərəkatları tanıyırıq. Onların heç biri bu böyük hərəkatla və qlobal mənəvi renessansla müqayisəediləsi deyil.

On illərlə dinin rəsmən cinayət sayıldığı, qadağan olunduğu, qüvvədən və dəbdən düşmüş qədim və zərərli bir şey sayıldığı, kənara atıldığı və baxılmadığı ölkələrin parlamentlərində Allahın adı çəkildi və çıxışlar "Bismillah"la başlandı. Bu, kiçik məsələ deyil. Materialist dünyada mənəviyyat və İslam bayrağı ucalmışdır. Bunlar kiçik məsələlər deyil.191


Peyğəmbər və övliyaların bütün arzuları siz İran xalqının əli ilə həyata keçə bilər. İlahi peyğəmbərlərin bütün böyük amalları – bütün dünyada ədalətin bərqərar edilməsi, məzlumların xilası və beynəlxalq miqyasda zülmün sona çatması reallaşa bilər. Əlbəttə, Allahın vədi haqdır: beynəlxalq ədalət yalnız həzrət İmam Mehdi (ə) tərəfindən həyata keçəcək. Bunda şübhə yoxdur. Lakin mömin və mübariz bir xalq belə bir hökumətə şərait yarada bilər. Necə ki, İran xalqı indiyədək bunu bacarmış və çoxlu problemlərə üstün gəlmişdir.192
Dövrümüz böyük hadisələr dövrüdür. Həm dünyada, həm də öz ölkəmizdə çox böyük hadisələr baş verdi. Birincisi olduqca böyük hadisə olan bu inqilabın özü, digəri İslam Respublikasının, yəni əxlaqi dəyərlər, din və mənəviyyat əsasında bir quruluşun yaranmasıdır. Bütün dünyanın və bütün hegemon cəbhənin mənəvi və əxlaqi dəyərləri cəmiyyətdən təcrid edib tamamilə unutdurmağa çalışdığı bir şəraitdə mənəvi dəyərlərə əsaslanan bir quruluşun yaranması həqiqətən böyük hadisədir və möcüzəyə bənzəyir. Bu xalqın özünün zəif, təslimçi və zülmə göz yuman bir vəziyyətdən çıxıb möhkəm, şücaətli və etirazçı bir xalqa çevrilməsi və baş verən böyük dəyişiklik möhtəşəm bir şey idi. Öz dövrümüzdə və ölkəmizdə bu növ möhtəşəm hadisələrdən çox görürük.193
Bu inqilab bütün müsəlman xalqların arzusu idi. Əgər İslam tarixi boyu bütün islahatçıların, mütəfəkkirlərin və azadlıqsevər insanların İslam və müsəlmanlar üçün belə bir günü arzuladığını desək, mübaliğə etmiş olmarıq.

On illər boyu İslamın bəşər həyatından tamamilə çıxması üçün nə qədər pul xərcləndi, nə qədər düşünüldü, nə qədər cinayət törədildi və nə qədər yalan təbliğat aparıldı! Bizim inqilabımız isə İslam düşmənlərinin və şeytanların planını pozdu. Bu gün İslam xalqları oyanmışlar. Bu gün dünyanın bir çox müsəlman ölkələrində İslam hərəkatları güclənmişdir. Bu gün İslam inqilabı və İslam hərəkatı böyük milli, ictimai və siyasi bir dəyər sayılır. Bu gün iş elə bir yerə çatıb ki, hətta İslamı sevməyənlər də dövrün tələbini nəzərə alıb İslamdan dəm vururlar. Bu gün İslam uca tutulur.194


Bugünkü dünya yalan dünyası, güc dünyası, ehtiras dünyası, maddi dəyərləri mənəvi dəyərlərdən üstün tutma dünyasıdır. Bu həm də bu günə məxsus deyil, əsrlərdir dünyada mənəviyyat tənəzzülə doğru gedir. Hakim qüvvələr mənəviyyatı məhv etməyə çalışmışlar. Dünyagir güc sahibləri və oliqarxlar dünayada elə bir maddi quruluş yaratmışlar ki, onun başında hamıdan yalançı, hiyləgər, insani dəyərlərə etinasız və insanlara rəhmsiz olan ABŞ kimi bir qüvvə dayanır. O, başda durur, dostları da növbəti yerlərdə. Dünyanın vəziyyəti belədir. İslam inqilabı İslamı yenidən diriltmək, “Allah yanında ən əziz olanınız ən təqvalı olanınızdır”195 sözünü yaşatmaq deməkdir. Bu inqilab dünyanın bu yanlış düzənini pozub yenisini yazmağa gəldi.196
Dini və islami bir inqilabın qələbəsi, dinə dayanıqlı siyasi və ictimai bir quruluşun yaranması sayəsində beynəlxalq aləmdə möhtəşəm bir tendensiya baş qaldırdı: xalqlar dini məsələlərə - İslama və ya digər bir dinə yenidən baxmaq fikrinə düşdülər. Sonralar da inqilabımızın vasitəli təsiri nəticəsində materialist təfəkkürün təməlləri sarsılmağa başladı. Materializmi və ateizmi ictimai bir quruluş və məktəb formasına salmış, güclü şəkildə bütün dünyaya çoxlu söz və iddia təqdim etmiş və özünü cəmiyyəti idarə etməyi bacaran yeganə qüvvə kimi göstərmiş sistem çökdü. Bu təfəkkür və məktəb on illərlə hər bir mənəvi düşüncə, əməl və əxlaq qarşısında maneəyə çevrilmişdi.

Bu təfəkkür buz imarət kimi bütünlüklə əridi; Bəni-Üməyyə ilə Mənsur Abbasinin əhvalatında duz daşlardan düzəldilmiş bina kimi. Bu bina zahirdə daş görünürdü, əslində isə duz idi, su vuranda əriyib-töküldü. Bu səs-küylü fırtına yatandan sonra mənəviyyat özünü göstərməyə başladı. Bəlli oldu ki, mənəviyyatın və dini təfəkkürlərin, xüsusən də İslam təfəkkürlərinin inkişafı hətta o tozanaqda da dayanmamışdı. Onlar bu kimi məsələlərin kökünü kəsməyə, onlardan heç bir əsər-əlamət qoymamağa çalışdığı halda bu öz inkişafını davam etdirmiş, lakin fırtınalar, tozanaqlar və qalmaqallar həqiqətlərin aydın görünməsinə mane olmuşdu. İndi həmin dəlisov qalmaqallar yatandan sonra həqiqətlər özünü göstərir.197



Yüklə 416,28 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin