İmam Baqir (ə): «Nə vaxt oturmaq niyyəti ilə məscidə daxil olsan‚ yalnız pak olduğun halda oraya gir. Daxil olduqda isə üzü qibləyə dayanıb‚ Allahı çağır və Ondan dilə. İçəri girdikdə salam ver‚ Allaha həmd-səna söylə və Peyğəmbərə (s) salam göndər.»271
(İmam Sadiqə (ə) nisbət verdiyi yazıların arasında deyilir) Məscidin qapısına çatdıqda anla ki‚ sən izəmətli Padşahın qapısına gəlmisən. Onun büsatında təmiz və pak olmuş insanlardan başqa kimsə addım atmaz! Sadiq (sözlərində və rəftarında doğru olan) insanlardan başqa heç kəs Onunla həmsöhbət ola bilməz! Ona (bu Padşaha) qulluqçu olmaq şərəfinə nail olduğun üçün qorx (ehtiyatlı ol və məsuliyyətli davran). Necə ki‚ bilmədən‚ qəflət üzündən hər hansısa bir səhvə yol verəcəyin üçün (zəmanə) padşahından qorxursan.
Agah ol ki‚ O‚ səninlə istədiyi kimi, ədaləti, yaxud mərhəməti ilə rəftar edə bilər. Əgər səninlə rəhmət və kəraməti ilə davransa‚ sənin qüsurlu itaətini qəbul edəcək və əməllərini çox böyük töhfə ilə dəyərləndirəcək. Lakin ədaləti ilə rəftar edərsə‚ səndən doğruluq və ixlas tələb edərsə‚ (əməllərinin) əsl simasını açar və itaətini, hər nə qədər çox olsa da rədd edər.
Onun dərgahında öz acizliyini‚ qüsurlarını və həmçinin, miskinliyini etiraf et. Çünki sən Ona bəndəlik etmək və Onunla əlaqə yaratmaq üçün oradasan. Sirlərini Ona söylə. Bil ki‚ heç bir bəndənin məxfi və aşkar əməlləri Onun üçün gizli deyil. Onun qarşısında ən ehtiyaclı və fağır bəndə kimi davran və qəlbini Allahınla sənin aranda fasilə sala biləcək (Ondan uzaqlaşdıran) hər bir şeydən təmizlə. Çünki O‚ yalnız ən pak və ən xalis əməlləri (qəlbləri) qəbul edir.
Gör ki‚ adın hansı əməl dəftərində çıxacaq. Əgər Onunla münacat etməyin ləzzətini və şirinliyini azacıq da olsa dadmısansa‚ Onun geniş mərhəmətindən qaynaqlanan kəramət və səxavət çeşməsindən şərbət içmisənsə, deməli, Ona xidmət etmək üçün ləyaqət qazanmısan. İcəri daxil ol ki‚ buna icazə verilib və sən əmin-amanlıqdasan.
Belə olmadıqda isə carəsiz‚ əlacsız və sanki ölümü gəlib çatmış aciz şəxs kimi orada dayan. Əgər Allah səmimi-qəlbdən Ona pənah gətirdiyini müşahidə etsə‚ mərhəmət və lütf nəzəri ilə sənə baxarsa‚ bil ki‚ səni razı olduğu və sevdiyi yola hidayət edər. Çünki Allah elə kəramət sahibidir ki‚ öz dərgahında aciz şəkildə dayanan və Onun razılıgını cəlb etmək istəyən bəndələrini sevir. Belə ki‚ Allah-Təala buyurur:«Kimdir o kəs ki, dara düşüb əli hər yerdən üzülənin dua etdiyi zaman duasını qəbul edən?»272