Birincisi, sosial və ya onlarla bağlı hadisələrin invariant (dəyişməyən) birgə mövcudluğunu əks etdirən qanunlar. Bu qanunlara əsasən, əgər A hadisəsi mövcuddursa, onda mütləq B hadisəsi də olmalıdır. Məsələn, totalitar idarə sisteminə əsaslanan hər bir cəmiyyətdə latent (gizli) müxalifət mövcuddur.
İkincisi, inkişaf təmayüllərini əks etdirən qanunlar. Onlar sosial obyektin strukturu dinamikasını, bir qarşılıqlı münasibət qaydasından digərinə keçidi şərtləndirir. Bu və ya digər sistemin strukturunda elementlərin və onların qaydaya salınmış əlaqə üsullarının zaman ərzində dəyişməsi qabaqca olan vəziyyətlə şərtləndirilir. Strukturun əvvəlki vəziyyətinin sonrakı halına bu şərtləndirici təsiri inkişaf qanunu xarakterini daşıyır. İnkişaf yalnız o zaman baş verir ki, eyni bir obyektin iki ardıcıl surətdə götürülmüş halı bərpa olunmaz mühüm dəyişikliklərə uğramış olsun, yəni bir keyfiyyətli strukturdan digər keyfiyyətli struktura keçid baş vermiş olsun. Məsələn, ziyalılar arasında keyfiyyət dəyişmələri onların bütün sosial münasibətlərə təsirinin artmasını şərtləndirir, cəmiyyətdəki rolunu qüvvətləndirir.