Beşincisi, sosial hadisələr arasında əlaqə ehtimalını müəyyən edən qanunlar, Məsələn, kənd gəncləri arasında qanunun pozulması ehtimalı onların şəhərə miqrasiyası (köçməsi) ilə əlaqədar olaraq artır; qadınların iqtisadi müstəqilliyinin artması boşanma ehtimalını artırır və s.
Sosial qanun ümumiyyətlə deyil, konkret formada insanların fəaliyyətində həyata keçir və reallaşır. Hər bir adam öz fəaliyyətini cəmiyyətin konkret şəraiti daxilində qurur, müəyyən sosial vəziyyət (status) tutur; öz fəaliyyəti prosesində aydın ifadə olunmuş sosial rol və funksiyaları yerinə yetirir; bir sıra fərdi xarakteristikalara (cins, yaş, milliyyət, ailə vəziyyəti və s.) malik odur; öz fəaliyyət şəraitinə, statusu və roluna, fərdi xarakteristikalarına xüsusi münasibəti olur (məsələn, spesifik informasiya maraqları var və s). Lakin sosiologiyanı ayrı-ayrı fərdlər deyil, insanların toplusu, bu və ya digər keyfiyyət və əlamətə görə qruplaşmaları (məsələn, 18 - 25 yaşlı gənclər, quraşdırıcı fəhlələr, fizik-alimlər, ali təhsili olmayan qulluqçular və s.) maraqlandırır. Deməli, sosiologiyanın obyektini müəyyən şərait, status, rollar və fərdi xarakteristikalarla səciyyələndirilən fərdlər qrupu (və ya sosial qrup) təşkil edir.
Fəaliyyət prosesində insanlar bir-birindən öz sosial keyfiyyətlərinə görə fərqləndiyindən, onların fəaliyyəti isə müxtəlif sosial birliklərdə, həyat şəraitində yerinə yetirildiyindən qanunların həyata tam, mütləq halda keçirilməsi əks təsir göstərən səbəblər üzündən gecikdirilir, ləngiyir və zəifləyir. Öz xarakterinə görə mütləq olan, yəni müəyyən sosial-iqtisadi formasiya üçün hadisə və proseslərin zəruri əlaqəsini ifadə edən sosial qanunlar öz konkret təzahüründə qanun-təmayül kimi çıxış edirlər.
Təmayül (tendensiya) sosial obyektin hərəkətinin konkret amil və şərtlərin əks təsirindən yaranmış yayınma, tərəddüd və s. mövcudluğu şəraitində müəyyən bir konkret vəziyyətə, hala tərəf istiqamətliliyini ifadə edir. İş ondadır ki, obyektiv sosial qanunların təsiri bilavasitə insanların fərdi xüsusiyyətləri və həyat şəraitindən asılıdır. Hər bir fərdin müəyyən sosial sistemdə davranışı məlum dərəcədə təsadüfi, qeyri-müəyyəndir, lakin təsadüfi amillərin qarşılıqlı tarazlaşması hesabına sistemdə sosial statik qanunlarla ifadə olunan xüsusi sistem keyfiyyətləri meydana çıxır.
Qanun-təmayülü bilmək hər hansı sosial qrupun davranışının hansısa sosial qanunu mütləq tələbindən yayınma dərəcəsini müəyyən etməyə və onun miqdarını göstərməyə, həmin yayınmanın mexanizmini üzə çıxartmağa, yəni qanunun konkret sosial qrupun fəaliyyətində sərbəst surətdə təzahürü üçün ən əlverişli şərait yaratmağa imkan verir.
Spesifikası onları yerinə yetirən adamların fərdi xüsusiyyətləri və həyat şəraiti ilə şərtləndirilən sosial hərəkətlər təsadüfi kəmiyyətlə səciyyələndirilir. Bu təsadüfi kəmiyyətlər birgə, məcmu halda müəyyən orta əvəzləyici kəmiyyəti təşkil edir. Həmin əvəzləyici kəmiyyət təsadüfi kəmiyyətlərin — ümumi əsas əlamətlərə malik şəxslərin fərdi sosial hərəkətlərinin cəmi ilə müəyyən edilir və sosial qanunun, təzahür forması kimi çıxış edərək onların fərdi və cəmiyyətin sosial məqsədləri arasında uyğunluq (uyğunsuzluq) münasibətlərinin müəyyən dərəcəsini ifadə edir. Hər bir "fərdi kəmiyyət" orta əvəzləyici kəmiyyətə daxil olur və öz-özlüyündə ona təsir göstərir. Eyni zamanda o, orta əvəzləyicidən "yayınır", orta əvəzləyici isə, öz növbəsində, müəyyən sosial qanunun mütləq tələblərindən uzaqlaşır.
Sosİal fəaliyyət sahəsində bu və ya digər fərd öz sosial keyfiyyətlərinə görə orta adam deyilən adamdan fərqlənir. Bu cür fərdi yayınmalar bizi maraqlandıran sosial keyfiyyətlərə malik olan adamların konkret qrupunun təhlili zamanı aradan qaldırılır. Bundan başqa, bu fərdi yayınmalar nisbətən dar hüdudlu olur və onlar müntəzəm olaraq tarazlaşdırılır. Beləliklə, sosial qanun müxtəlif təsadüfi hadisələri tənzim edərək onların vasitəsi ilə özünə yol açır, yəni yalnız həmin təsadüflər böyük kütlələrdə əhatə edilən zaman görünən olur.
Məhz buna görə də sosial hadisənin obyektiv inkişaf təmayüllərini və onların qanunun mütləq tələblərinə uyğunluq dərəcəsini yalnız eyni növlü müxtəlif fərdi kəmiyyətlər toplusunu nəzərdən keçirərək aşkar etmək olar,
Əgər sosial qanunun təsirini duz xətt şəklində təsvir etsək, onda eyni növdən olan müxtəlif fərdi kəmiyyətlərin orta əvəzləyiciləri bu düz xətdən müxtəlif tərəflərə yayınan xətlər arasındakı məsafədən ibarət olacaqdır. Başqa sözlərlə, sosial qanunlar bilavasitə gerçəklikdə deyil, yalnız təxmini, təmayüllü, orta hesablı reallığa malik olur. Sosiologiya da sosial qanunların təzahürünün bu xüsusiyyətinə diqqət yetirir və göstərir ki, sosial qanunauyğunluq yalnız orta hesablı, kütləvi, ictimai qanunauyğunluq kimi, bu və ya digər tərəfə fərdi yayınmaların qarşılıqlı tarazlaşdırılması şəraitində təzahür edə bilər.
Hər bir orta əvəzləyici kəmiyyətin müəyyən sosial qanunun mütləq tələblərindən yayınması ümumi sosial məqsədə çatmaq üçün lazım olan ictimai faydalı vaxta mütənasibdir. Yayınmalar (uzaqlaşmalar) nə qədər çox olarsa, cəmiyyətə qarşısında duran məqsədlərə çatmaq üçün, bir o qədər çox vaxt lazım olar. Deməli, vaxtın miqdarı şəxsin empirik səviyyədə dərk edilə bilən fərdi hərəkətlərindən asılıdır.
Adamların hərəkətlərinin xarakteri və şəraitinin elmi idrakı həyat fəaliyyəti şəraitini dəyişdirmək yolu ilə həmin hərəkətlərə düzəlişlər etməyə, bununla da cəmiyyətin qarşısında duran məqsədlərə çatmaq üçün lazım olan vaxtı azaltmağa imkan verir. İctimai münasibətlərin dəyişdirilməsi, yaxşılaşdırılması, əlbəttə mümkündür, lakin bu yalnız o zaman mümkündür ki, bunlar həmin yaxşılaşdırılan, dəyişdirilən ictimai münasibətlərin iştirakçılarının özləri tərəfindən həyata keçirilsin. İnsanlar öz ictimai münasibətlərini sosial qanunların dərk edilməsi əsasında, həmin münasibətlərin ictimai inkişafın obyektiv qanunauyğunluqları ilə az-çox tam uyğunluğa gətirərək dəyişdirirlər.
Sosial inkişaf qanunları ilə funksional (fəaliyyət) qanunların təzahür formalarını bir-birindən fərqləndirmək lazımdır. İnkişaf qanunları özünü proseslərin, vəziyyətlərin dəyişməsinin səbəbiyyət şərtləri kimi göstərir. Funksional qanunların ifadə forması hadisənin öz funksiyasını yerinə yetirməsinin, həmin hadisənin təsir göstərdiyi sosial sistemin mühafizəsinə xidmət edən nəticəsidir. Məsələn, yüksək ixtisaslı kadrların hazırlanması təhsil sisteminin fəaliyyətinin nəticəsidir. Bu nəticəni təkmilləşdirmək kadrların hazırlanmasında xidmət edən sosial sistemlərin nəinki mühafizəsi, həm də möhkəmləndirilməsi deməkdir. Başqa sözlərlə, fəaliyyət göstərən müəyyən funksiyanı yerinə yetirən sistem elə sistemdir ki, onda heç olmasa bir xüsusiyyət onunla səbəbiyyət əlaqəsində odan digər xassələrin dəyişmələrindən asılı olmayaraq tarazlıq vəziyyətində saxlanılır. Sistemin öz funksiyalarını yerinə yetirməsi müəyyən məqsədin həyata keçirilməsinə yönəldiyindən, onun funksiyaları həmin məqsədə müvafiq surətdə təşəkkül edir.
Təzahür forması olaraq, fərdlərin sosial hərəkətlərinin orta əvəzləyicisi sosial münasibətlər sisteminin sosial qanunun tələblərindən yayınması göstəricisi kimi müvafiq sosial prosesin spesifikası və məzmununu açmır. Bu spesifikanı yalnız sosial qanunların təsir göstərmə mexanizmini tədqiq etməsi, yəni fərdlərin konkret imkan və zaman şərtləri daxilində bir-birinə nisbətən olduqları sosial münasibət və əlaqələr sisteminin qurulması prinsipini göstərməklə açmaq olar. Məhz buna görə sosial münasibətlərin tədqiqinə elmi yanaşma ictimai və dövlət formaları çərçivəsində yaranan, yalnız müəyyən vaxtda və müəyyən xalqlarda mövcud və təbiətinə görə keçici olan asılılıqların aydınlaşdırılmasından ibarətdir.
Fərdlərin həyat fəaliyyəti prosesində inkişaf edən sosial əlaqələr sisteminin təhlili onların maraqları və meyllərindən (oriyentasiyalarından), habelə sosial hərəkətlərindən və başqa adamlarla, birliklərlə və s. ilə qarşılıqlı təsirlərindən kənar mümkün deyil. Sosial əlaqə iki və ya bir neçə sosial hadisə və bu hadisələrin əlamətləri arasındakı bilavasitə asılılığı ifadə edə bİlər. Bu asılılığın vasitələndirici elementləri kimi həm situasiyalı (şəraitlə bağlı) amillər, həm də fərdlərin şəxsi xüsusiyyətləri, habelə adamların sosial hərəkətləri və qarşılıqlı təsirlərinin xarakteri üzərinə müəyyən məhdudiyyətlər qoyan sosial normalar və sosial nəzarət vasitələrinin cəmiyyət tərəfindən qəbul edilmiş sistemi çıxış edə bilər. Buna görə də orta əvəzləyicini və onun bu və ya digər sosial qanunun (və ya sosial məqsədin) tələblərindən "yayınma" dərəcəsini aşkar etmək üçün aşağıdakıları müəyyən etmək lazımdır:
oxşar insan qruplarının eyni şəraitdə yerinə yetirdikləri hərəkətlərin istiqamətini;
hüdudları ilə həmin fəaliyyəti şərtləndirən sosial əlaqələr sistemində;
müəyyən sosial fəaliyyət sistemi şəraitində adamların qruplarının sosial hərəkətləri və qarşılıqlı təsirlərinin təkrarlıq və sabitlik dərəcəsini.
Sosial qanunların təsiri altında adamların sosial keyfiyyətləri formalaşır. Həmin keyfiyyətlər insanların münasibətləri vasitəsi ilə cəmiyyətdə mövcud olan həyat tərzində ifadə olunur. Əgər adamların sosial münasibətlərinin orta əvəzləyici kəmiyyəti bu və ya digər qanunun tələblərinə sabit yaxınlaşma təmayülü qəbul edirsə, bu onun (qanunun) təsir mexanizminin sosial səmərəliliyinə dəlalət edir. Şəxsiyyətin sosial münasibətlərinin orta əvəzləyici kəmiyyətinin sosial qanunun tələblərindən yayınması sosial mexanizmdə disfunksiya yaranmasına səbəb olur və ya onun mənəvi köhnəlməsinə gətirib çıxarır. Siniflərin, sosial təbəqələrin, qrupların, şəxslərin münasibətlərinin sosioloji tədqiqi sosial qanunların cəmiyyətin həyat fəaliyyətinin müxtəlif sahələrində təzahür formalarını, sosial mexanizmdə disfunksional elementləri nəinki aşkar etməyə, hətta həmin elementləri aradan qaldırmağa imkan verir.
Sosioloji idrak, sosial gerçəkliyin mahiyyətini dərk etmək prosesi yalnız sosial qanunların üzə çıxarılmasını deyil, həm də obyektiv gerçəkliyin sosial xassə və münasibətlərini ən ümumi və yığcam formada əks etdirən sosial kateqoriyaların müəyyənləşdirilməsini tələb edir.
Sosial kateqoriyalar sosiologiyanın əsas və ən ümumi, obyektiv gerçəkliyi ümumiləşdirilmiş halda, onu təşəkkül, inkişaf və bərqərar olma prosesində götürərək əks etdirən anlayışlardır. Sosial kateqoriyalar sosial gerçəkliyin dərk edilməsi pillələri sosiologiya elminin və sosioloji biliklərin təməl daşları, sosial gerçəklik haqda düşünüş prosesinin əsası kimi çıxış edir. Elmin nəzəri bünövrəsi kateqoriyaların tutumu və işlənməsi dərinliyindən asılıdır. Əgər sosioloji tədqiqatlar kateqorial aparata əsaslanmırsa, onları aparmaq mümkün deyil. Bu aparatın tutumu və məzmunu alimin təfəkkürünün nəzərilik dərəcəsini onun dilinin, yaratdığı mətnin peşəkarlıq səviyyəsini əhəmiyyətli dərəcədə müəyyən edir.
Sosial kateqoriyaların müəyyən spesifikası vardır. Birincisi, onlar cəmiyyəti bütövlükdə deyil, onun sosial funksional-struktur istiqamətlənməsinin konkret komponentlərini (tərkib hissələrini) əks etdirir. İkincisi, onlar fəlsəfi kateqoriyaların olduğu kimi ən ümumi deyil, spesifik, yalnız sosİologiyada işləyən kateqoriyalardır. Üçüncüsü, sosial kateqoriyalar ehtiyatının zənginləşməsi sosiologiyada empirik tədqiqatların daha əsaslı aparılmasına kömək edir, çünki bu, sosial gerçəkliyin yeni hadisələrinin ölçmə imkanlarını artırır, anlayışların əməliyyatlaşdırılmasının həyata daha geniş surətdə keçirilməsinə imkan verir.
Sosial kateqoriyaları sosiologiya elminin səviyyəsinə görə (nəzəri və empirik sosiologiyanın kateqoriyaları), sosial gerçəkliyin əks etdirilməsi həcminə görə (ümumi sosiologiyanın və xüsusi sosioloji nəzəriyyələrin kateqoriyaları) təsnif etmək olar.
Sosial kateqoriyaları şərti olaraq metodoloji və prosedur kateqoriyalarına bölmək olar. Birincilər arasında dörd qrup fərqləndirilir:
sosial əlaqələri açan kateqoriyalar (sosial fakt, sosial kontakt (təmas), sosial hərəkətlər, sosial münasibətlər, sosial nəzarət, sosial təşkilatlar, sosial təsisatlar, ictimai həyat və s);
sosial topluları açan kateqoriyalar (sosial birlik, qlobal cəmiyyət, sinif, sosial qat, millət, sosial qrup, şəxsiyyət və b.);
sosial prosesləri əks etdirən kateqoriyalar (sosial yerdəyişmələr, sosial fəallıq, təhsil, yarış və b.);
sosial inkişafı açan kateqoriyalar (sosial dəyişiklik, başqalaşma, deqradasiya, artma, hərəkət və s).
Prosedur kateqoriyalarına əsasən səhra işləri və informasiyanın işlənməsi zamanı fəaliyyət göstərən kateqoriyalar aiddir: bir çox növü olan tədqiqat texnikası, müxtəlif üsulları olan sosioloji ölçmə, anlayışların empirik təfsilatı, anketləşdirmə, müsahibə alma, sorğu, məntiqi proqram və s.
Kateqoriyaların hərəsi sosial gerçəkliyin ayrıca bir tərəfini əks etdirir. Buna görə də sosial proses, təsisat, sistem, sosial fəaliyyət haqda düzgün təsəvvürü ayrı-ayrı kateqoriyalar deyil, onların əlaqəsi, dialektik vəhdəti yaradır.
Obyektiv sosioloji gerçəklik inkişaf etdikcə və sosioloji biliklər dərinləşdikcə ayrı-ayrı kateqoriyaların rolu, yeri dəyişir, onların yeniləri yaranır. Bununla bərabər, artıq təşəkkül tapmış kateqoriyaların inkişafı davam edir. Sosiologiyanın bir elm kimi kateqorial aparatının əsas elementlərinin aydınlaşdırılması onun inkişafı və anlayışlar sisteminin qanunauyğun dəyişməsi məntiqini açmağa imkan verir.
Sosial kateqoriyaların bir-biri ilə müəyyən əlaqəsi vardır və onlar tarixi ilə məntiqinin dialektikası əsasında qurulmuş sistem təşkil edirlər. Hər bir sosial kateqoriya yalnız bütün sosial kateqoriyalar sisteminin elementi kimi dərk edilə bilər. Sosiologiyanın mühüm vəzifəsi sosial kateqoriyaların elə sistemini qurmaqdan ibarətdir ki, bu sistem sosioloji biliyin kateqorial strukturunun formalaşması və inkişafını əks etdirmiş olsun.
Dostları ilə paylaş: |