Üçüncüsü, sosial hadisələr arasında funksional asılılığı (və ya kovariasiyanı) müəyyənləşdirən qanunlar. İnkişaf qanunlarından fərqli olaraq fəaliyyət (funksional) qanunları bu və ya digər sosial sistemin nisbi tarazlıq halında saxlanılmasını təmin edirlər. Eyni zamanda onlar sistemin elementlərinin onun strukturunun əhəmiyyətli dərəcədə dəyişməsinə gətirib çıxarmayan mütəhərrikliyini səciyyələndirirlər. Məhz bu tipli qanunlar sistemin variabelliyini (dəyişkənliyini), müxtəlif vəziyyətlər, hallar qəbul etmək imkanını səciyyələndirir.
Əgər inkişaf qanunları sosial obyektin bir keyfiyyətindən digərinə keçməni şərtləndirirsə, fəaliyyət (funksional) qanunları bu keçmə üçün ilkin şərait və zəmin yaradır, funksional asılılıq aşağıdakı misallarda kifayət qədər əyani surətdə ifadə olunur: insanlar siyasi praktikada, cəmiyyət işlərinin idarəsində nə qədər fəal iştirak etsələr, onların siyasi mədəniyyəti nəticə etibarı ilə bir o qədər yüksək olar, kollektivdə tərbiyə işi nə qədər keyfiyyətli təşkil olunarsa, mənəvi psixoloji mühit bir o qədər sağlam olar və s.
Dostları ilə paylaş: |