9.6. Proqrama dair ümumi tələblər
Biz proqramın ayrı-ayrı elementlərinin xüsusiyyətləri ilə tanış olduq. Lakin proqram bütün maddələrinin bir-biri ilə qarşılıqlı surətdə bağlı olduğu vahid metodoloji sənəddir. İdeal proqram hansı ümumi tələblərə cavab verməlidir?
İlk elementar tələb proqramın zəruriliyidir, nə qədər qəribə görünsə də, bu barədə demək lazım gəlir, çünki yeni fəaliyyətə başlayan tədqiqatçılar işi proqramsız aparmağa cəhd göstərirlər.
Proqramsız tədqiqat kortəbii sınaq və səhv etmək metodu ilə aparılan axtarışa bənzəyir: çox vaxt alınan məlumatlarla müqayisədə sərf edilən enerji özünü doğrultmur. Tədqiqatın gedişində aşkar olur ki, anlayışlar empirik məlumatlarla təmin edilmir", hipotezaların yoxluğu şəraitində materialın necə işlənməli olduğu aydın deyil. Bu sualları artıq toplanmış məlumatların təhlili mərhələsinə aydınlaşdırmaq cəhdləri məyusluğa gətirib çıxarır. Məlum olur ki material tam yığılmayıb, seçmə ciddi tələblərə cavab vermir, alınan cavablar qabaqcadan planlaşdırılmış suallara aid deyil.
İkinci tələb proqramın dəqiq olması tələbidir. Onun bütün müddəaları dürüst olmalı, bütün tədqiqatın məntiqinə uyğun surətdə yaxşı düşünülmüş və aydın ifadə edilmiş olmalıdır. Aydın ifadə edilmiş proqram olmadıqda tədqiqat iştirakçıları bir-birilə ümumi dil tapa bilmir, məsələlərin uzaqlaşdırılması və dəqiqləşdirilməsinə vaxt itirirlər. Onların dəqiq proqramı olsa idi, bu cür çətinliklər ortaya çıxmazdı.
Üçüncü mühüm tələb proqramın bütün elementlərinin məntiqi ardıcıllığa malik olmasıdır. Tədqiqatın vəzifə və məqsədlərini anlamadan, təsəvvür etmədən prinsipial plan seçməkdən başlamaq olmaz. Obyekti bütövlüklə təsəvvür etmədən (heç olmasa ümumi hipotezalar səviyyəsində) xüsusi, təkcə hipotezaları ifadə etməyə cəhd göstərmək mənasızdır. Prinsipial tədqiqat metoduna malik olmadan məlumat toplamaq metodlarının sınanılmasına başlamaq olmaz.
Nəhayət, proqram çevik olmalıdır. İlk baxışdan elə görünə bilər ki, bu tələb əvvəlki tələbə ziddir. Lakin əslində proqramın çevikliyi onun bütün hissələrinin bir-biri ilə bağlılığını göstərir və belə bir tələbi irəli sürür: hər hansı ayrıca bir hissədə səhvlər aşkar edildikcə proqramın bütün bölmələrini sistematik olaraq nəzərdən keçirmək lazımdır.
Məsələn, sınaq tədqiqatında hər hansı bir mühüm anlayışın empirik interpretasiyasının qənaətbəxş olmadığı aşkar edilir. İnterpretasiyanın dəyişdirilməsi konseptual sistemin hansısa hissələrinə yenidən baxılmasını tələb edir və əlbəttə, müvafiq hipotezaların (anlayışların istifadəsi ilə bağlı olanların) yenidən ifadə olunmasını nəzərdə tutur. Adətən, obyektin ilkin tam təhlili mərhələsində anlayışların dəqiqləşdirilməsi üzərində iş davam etdirilir, hipotezaların işlənməsi mərhələsində isə predmetin sistem təhlilində düzəlişlər aparılır.
Bir çox hallarda proqramın işlənməsi iki mərhələdən keçir. Əvvəlcə tədqiqatın məqsəd və vəzifələrinin göstərilməsi hipotezaların təxmini ifadəsi ilə proqramın maketi ümumi şəkildə təsvir edilir; bunun arxasında axtarış planı üzrə səhra tədqiqatı mərhələsi gəlir və nəhayət səhra müşahidələri və ədəbiyyatın (mənbələrin) nəzərə alınması ilə tədqiqatın tam proqramı tərtib edilir.
Əsaslı surətdə işlənmiş proqram elmi işin mühüm nəticəsini təşkil edir.
Başqa tədqiqatçılar bu proqram üzrə empirik material toplaya, təhlil edə və bununla da birgə səylərlə onun elmi dəyərliliyinin, mötəbərliliyinin artmasına nail ola bilərlər.
Dostları ilə paylaş: |