Sual: 208. “İmam” (“İsra” surəsinin 71-ci) ayəsi imamın mövcudluğunu necə təsdiqləyir?
Cavab: Allah-tәala “İsra” surəsində buyurur: “Bir gün ki, hər bir güruhu imamı vasitəsi ilə çağırarıq. Əməl naməsi sağ əlinə verilənlər onu (şadlıqla) oxuyar. Xurma dənəsinin lifi qədər onlara sitəm qılınmaz.”
Ayədən məlum olur ki, qiyamət günü hər bir kəsdən imam haqqında soruşular. Əgər etiraf etsə, nicat tapar və əməl naməsi sağ əlinə verilər. Demək, hər bir dövrün imamı olmalıdır. Elə bir imam ki, onu tanımadan kimsə nicat tapmaz. Həzrət Peyğəmbər (s) buyurur: “İmamını tanımamış ölən kəs cahiliyyət dövründə ölmüş kimidir.”2
Hər bir dövrdə imam olmalıdır ki, xalq öz istəyi ilə onu rəhbər seçib itaət edə bilsin.
“Lövhe-məhfuz” (müqəddəratın qeyd olunduğu lövhə) bir olduğundan və hər tayfanın öz lövhəsi olmadığından ayədəki “imamları” sözü hər qövmün kitabı kimi də təbir oluna bilməz. Çünki söhbət yaranışdan sonadək bütün insanlardan gedir. Hansı ki, göndərilmiş ilk şəriət kitabı Nuhun kitabıdır. Ondan öncə insanlara heç bir kitab nazil olmamışdır.
Süyuti uyğun ayə ilə bağlı həzrət Peyğəmbərdən (s) belə nəql edir. Hər bir qövm dövrünün imamı, Rəbbinin kitabı və peyğəmbərinin sünnəsi ilə məhşur olacaq.”3
İbn Abbas ayədəki “imam” sözünün hidayət və ya zəlalət imamına (rəhbərinə) işarə olduğunu bildirir.4
Kuleyni imam Baqirdən (ə) belə nəql edir: “İmam” ayəsi nazil olan vaxt müsəlmanlar ərz etdilər: “Ey Allahın rəsulu! Məgər sən bütün xalqın imamı deyilsən?” Həzrət buyurdu:“Mən bütün bəşəriyyət üçün göndərilmiş bir peyğəmbərəm. Amma tezliklə məndən sonra əhli-beytimdən imamlar gələr. Onlar xalq arasında qiyam qaldırar, amma təkzib olunarlar...”1 Bişr ibn Ğalib imam Sadiqdən (ə) uyğun ayə haqqında soruşduqda həzrət buyurur: “O, xalqı hidayətə çağıran və xalq tərəfindən qəbul olunan imamdır. O, xalqı zəlalətə çağıran rəhbər də ola bilər. Birincilər behiştdə, ikincilər cəhənnəmdədir.”2
Dostları ilə paylaş: |