AYƏ 77:
﴿ قُلْ يَا أَهْلَ الْكِتَابِ لاَ تَغْلُواْ فِي دِينِكُمْ غَيْرَ الْحَقِّ وَلاَ تَتَّبِعُواْ أَهْوَاء قَوْمٍ قَدْ ضَلُّواْ مِن قَبْلُ وَأَضَلُّواْ كَثِيرًا وَضَلُّواْ عَن سَوَاء السَّبِيلِ ﴾
TƏRCÜMƏ:
«De: “Ey kitab əhli, öz dininizdə haqsız yerə ifrata varmayın (bəşər övladını Allah və ya Allahın oğlu, yaxud üç Allahdan biri hesab etməyin) və həmçinin bundan qabaq (fitrətin düz yolundan) azmış, çoxlarını azdırmış və doğru yoldan (peyğəmbərlərin şəriətlərindən) sapmış dəstənin nəfsi istəklərinə tabe olmayın”»
TƏFSİR:
Bu ayədə Peyğəmbərə (s) göstəriş verilir ki, kitab əhlinin, ilahi peyğəmbərlərin barəsində ifrata varmaqla əlaqədar yol verdikləri yanlış fikirlərini aydınlaşdırsın, bunun ardınca aydın dəlillərlə onları haqqa dəvət etsin ki, bu yoldan ciddi şəkildə qayıtsınlar. Peyğəmbərə (s) buyurulur: De: “Ey kitab əhli! Öz dininizdə həddən ziyadə təcavüz etməyin və haqdan başqa bir şey deməyin.”
Əlbəttə, məsihilərin həddini aşması tam aydındır. Lakin bu ayə «ya əhləl-kitab» xitabı ilə deyildiyinə görə yəhudilərə də şamil olur. Bəlkə də onların həddi aşmaları, Üzeyir peyğəmbər (ə) barəsində dedikləri sözlərdir. Çünki yəhudilər onu Allahın övladı hesab edirdilər.
Həddi aşma və ifratçılıq əksər hallarda yolllarını azanların nəfs istəklərinə tabe olmaqdan irəli gəldiyindən bu sözün təkmil olunması üçün buyurulur: Sizdən əvvəllər yollarını azan və çoxlarını da yoldan azdıranların həvayi-nəfsinə tabe olmayın.
Bu cümlədə məsihilərin tarixində də aşkar görünən bir mətləbə işarə olunur. Bu da Həzrət Məsih (ə) haqqında ifrat əqidəyə varıb onu ilahiləşdirmələri, üçlüyə inanmalarıdır. Bu əqidə məsihiyyətin yarandığı ilk əsrlərdə onların arasında mövcud olmamışdır. Hind bütpərəstləri və onlar kimilər bu dinə iman gətirdikdən sonra özlərinin sabiq dinlərinin təslis (üçlük) və şirkdən ibarət olan qalıqlarını məsihi dininə artırmışlar.
AYƏ 78:
﴿ لُعِنَ الَّذِينَ كَفَرُواْ مِن بَنِي إِسْرَائِيلَ عَلَى لِسَانِ دَاوُودَ وَعِيسَى ابْنِ مَرْيَمَ ذَلِكَ بِمَا عَصَوا وَّكَانُواْ يَعْتَدُونَ ﴾
TƏRCÜMƏ:
«Bəni-İsraildən kafir olanlar Davudun və İsa ibn Məryəmin dili ilə lənət olundular. (Peyğəmbərlərin bu nifrin və lənəti) onların mürtəkib olduqları təcavüzkarlıq və günahların cəzası idi.»
TƏFSİR:
Həzrət Davud (ə) Bəni-İsraili şənbə günlərinin tətili barəsində olan göstərişdən boyun qaçırdıqlarına görə lənətləmişdi. Həzrət İsa (ə) isə Bəni-İsrailin qəlbi aramlıq tapmaları üçün səmavi süfrənin nazil olmasını istəmişdi. Onun duası ilə bu süfrə nazil olduqdan və yeyib-içdikdən sonra küfr etdiklərinə görə İsa (ə) onları lənətlədi. Buna görə də onlar ilahi qəzəbə və əzaba düçar oldular.
AYƏ 79:
﴿ كَانُواْ لاَ يَتَنَاهَوْنَ عَن مُّنكَرٍ فَعَلُوهُ لَبِئْسَ مَا كَانُواْ يَفْعَلُونَ ﴾
TƏRCÜMƏ:
«Onlar etdikləri heç bir çirkin işdən əl çəkmir (və bir-birlərini çəkindirmir)dilər. Doğrudan da onların gördükləri iş çox pis idi.»
TƏFSİR:
İmam Sadiq (ə) buyurur: «Bəni-İsrailin yaxşı adamları günah yığıncaqlarına daxil olmurdular, lakin günahkarlarla gülərüzlülüklə, mehribanlıqla davranırdılar.»1
Buna görə də fəsad işlər və eybəcərliklər müqabilində laqeydlik göstərənlər peyğəmbərlər tərəfindən lənət olunur. İnsanları pisliklərdən və çirkin əməllərdən çəkindirmək təkcə İslama məxsus deyil, bu vacib hökm bütün dinlərdə mövcud olmuşdur. Bəni-İsrail cəmiyyətində və yəhudilər içərisində fəsada rəvac verildiyinə görə də Allah və Rəsul (s) tərəfindən lənətə düçar oldular.
Dostları ilə paylaş: |