Şiələrin lideri, azad insanların rəhbərinin möhtəşəm ruhu mələkut aləminə qovuşdu!"
Qəhər müxbirə də sözünə davam etməyə imkan vermədi və daha nə baş verdiyini anlamadım. Bir də huşa gəldikdə, gördüm neçə nəfər başıma yığışıb. Bir saat sonra neçə orqandan zəng edib məni soruşdular. Məndə danışmağa taqət yox idi və söz deməmiş ağlayırdım, mənimlə danışanlar da həmçinin. Axır, universitetdən zəng edib tapşırdılar ki, matəm mərasimi üçün təcili qrup təşkil edilməlidir. Birtəhər könüllü üzv olanları toplayıb bir qrup təşkil etdik.
Xəstəxanada hələ də uzun müddətli müalicə olunan müharibə əlilləri var idi. Hamı ağlayaraq deyirdi: "Biz də televizordan mərasimi izləmək istəyirik!" Dərhal eşikdəki xeyriyyəçilərlə əlaqə saxlayıb, neçə televizor təşkil edə bildik. Efirdə mərsiyə oxunduqca ardıcıl olaraq İmamın Cəmaranda olan boş yeri, oğlu hacı Əhmədin onun cənazəsi üzərindəki parçanı qaldırıb, yenidən üstünə örtdüyü kadrlar nümayiş olunurdu. Bu səhnələr eynilə gördüyüm yuxunu xatırladırdı.
Qrupla birgə neçə təcili yardım maşını ilə özümüzü cümə məscidinə ("Müsəlla") yetirdik. İmamın tabutunu ora aparmışdılar ki, camaat son dəfə olaraq vidalaşa bilsin. Həddən artıq izdiham var idi və tərpənmək olmurdu. Camaat şivən qopararaq üz-başına döyür, çoxları huşdan gedirdi; hələ nə qədər qol-qıçı sınan var idi. Onları çətinliklə ilk yardım üçün nəzərdə tutulan çadırlara çatdırır, halı pis olanları isə xəstəxanaya göndərirdik. Bu vəziyyət düz iki sutka davam elədi. O müddət ərzində qətiyyən yatmadıq, nə aclıq hiss etdik, nə də susuzluq. Necə müqavimət göstərib dözdüyümüzü anlaya bilmirəm. Göz yaşlarımız öz-özünə axırdı və saxlamaq olmurdu. Yalnız gecə radələrində cəmiyyət azaldığı zaman bir az dincimi alıb, ürəyimdə İmamla dərdləşirdim. İmamın ilk dəfə İrana gəlişi yadıma düşürdü.
İki gündən sonra tapşırıq verildi ki, şəhidlər xiyabanı "Behişti-Zəhra"ya getməliyik və hamıdan əvvəl orada olmalıyıq. Cənazə namazı üçün Ayətullah Gülpayeqaninin imam təyin edildiyi elan olundu. Namaza gələn cəmiyyətin həddi-hüdudu bilinmirdi. Daim mikrofonlardan elan edirdilər ki, şəraiti nəzərə alıb, gərginliyi artırmasınlar. Mən də camaata qoşulub namaza başladım. Behişti-Zəhrada da müayinə-yardım çadırları qurulmuşdu. Burada da üç gün qaldıq. Demək olar, ölkənin hər yerindən gələn var idi. Qrupun üzvləri də işini növbə ilə yerinə yetirirdi. Daha sonra İmamın yeddisi üçün yenidən Behişti-Zəhraya yollandıq və mərasim başa çatdıqdan sonra gecə xəstəxanaya qayıtdıq.
Bu neçə günün qəm-kədəri, üstəlik işimin təzyiqi məni alt-üst etmişdi. Artıq nə işə əlim yatır, nə də taqətim çatırdı. Ümidim tamam qırılmışdı. Əməliyyat otağında da qala bilmirdim. Gah yaralıların yanına gedir, gah da şuranın otağında dolanırdım. Hərdən də bölmələri gəzərək uca səslə ağlayırdım. Öz əlimdə deyildi. Var-yoxumu itirib, yetim qaldığımı düşünürdüm. Hamı da səsimi eşidirdi və bəziləri də mənə qoşulub ağlayırdı. Bir neçə gün belə keçdi. İş yoldaşlarım dedilər: "Daha belə olmaz! Sən bu vəziyyətinlə bizi də dəli-divanə edəcəksən. Bundan sonra İmamın yolunu davam etdirmək lazımdır." Bəziləri də məni danlayırdılar. Mənə məzuniyyətə çıxmağı məsləhət görsələr də razılaşmadım. Axşamlar evə gedib, orada da qala bilmədiyimdən işlə başımı aldatmaq fikri ilə yenidən geri qayıdırdım.
Bir ay həyatım belə davam etdi. Həmin ərəfədə mənə evlənmək təklifi oldu. Öz yerlilərimizdən idi. Bir çox get-gəl və xahişlərə baxmayaraq, ailə qurmaq üçün ruhi və psixoloji hazırlığın olmadığını bildirdim. Həmişə düşünürdüm ki, ailə həyatı yaralılara xidmətə mane olacaq. Belə təkliflər vaxtı qarşı tərəfə deyirdim ki, hal-hazırda hər birimiz xidmət fikrində olmalıyıq.
Artıq müharibə tam başa çatıb, fəaliyyətlərim qismən azaldığı zaman evlənməkdən imtina üçün yetərli səbəb yox idi. Gələcək həyat yoldaşımda görmək istədiyim ən mühüm xislət iman idi. Yerlimiz Məhdəvinin də imanı mənə bəlli olandan sonra cavabım müsbət oldu. Lakin onlara dedim: "İndi İmamın qırxı yaxınlaşır. Mərasimdən sonra sizə qəti cavab verəcəyəm."
İmamın qırxına hazır olmaq üçün Behişti-Zəhraya bir gün qabaq yollandıq. Mərasim vaxtı izdiham əlindən tərpənməyə yer yox idi və belə çətin şəraitdə halı pozulanlar, xüsusilə də istidən günvurmaya məruz qalanlar çox olurdu. Qırxdan iki gün sonrayadək orada qaldıq.
İmamın qırxından on gün sonra bir daha elçilər evimizə qonaq gəldi və razılıq alandan neçə gün sonra kəbinimiz də kəsildi.
Son.
Mündəricat
Ön söz 3
Birinci fəsil 4
İkinci fəsil 11
Üçüncü fəsil 52
Dördüncü fəsil 58
Beşinci fəsil 62
Altıncı fəsil 89
Yeddinci fəsil 92
Səkkizinci fəsil 101
Doqquzuncu fəsil 141
Onuncu fəsil 148
On birinci fəsil 159
On ikinci fəsil 162
On üçüncü fəsil 194
On dördüncü fəsil 211
On beşinci fəsil 228
On altıncı fəsil 237
On yeddinci fəsil 241
On səkkizinci fəsil 258
On doqquzuncu fəsil 261
İyirminci fəsil 270
İyirmi birinci fəsil 285
Dostları ilə paylaş: |