Mədyənə doğru
Sinay düzənliyində göz işlədikcə qumluqlar uzanırdı. Musa Qırmızı dənizin kənarındakı dağların cığırında yalqız qalmışdı.
Otuz gün keçdi. Musa eləcə Sinay səhrasında quru ot, susuz və dəhşətli yolları keçirdi. Onlarla kilometr piyada yol getdiyi üçün ayaqları şişmişdi. Bu yol boyunda onun yeməyi yalnız yolun üsündə bitən çöl otları idi.
Musa Mədyən torpaqlarına çatdıqda günün batmasına az qalırdı. Mədyən torpaqları fironların nüfuzundan kənar idi. Ora Şərq tərəfdən yolun ortasında, Hicaz və Misrin arasında, Əqəbə (Akaba) körfəzi sahillərinin yaxınlığında yerləşirdi.
Musa geniş torpaqlara çatdı. Kiçik bir tikanlı ağacın kölgə saldığı daş parçasının yanında oturdu. O, ağır səfərdən sonra çox yorulmuşdu.
Günəşin batmasına az qalırdı. Musa çobanların suya tərəf sürdükləri qoyun sürülərini gördü. Bənövşəyi və narıncı rəngli dalğalar qərb üfüqlərini rəngə boyamışdı. Musa əsrarəngiz təbiət haqqında düşünür və ürəyində qəribə bir təzim halının yarandığını hiss edirdi. Bütün əzab-əziyyətlərini unutmuşdu. Ruhu sonsuz varlığın bütün zərrələri ilə birgə əriyirdi. Bir aylıq səfər onu başqa bir insana çevirmişdi. Ürəyi böyük həqiqətlər üçün çiçəklənirdi.
Musa oranın yeganə su çalasına tərəf enən qoyunların səsinə qulaq asırdı. Su götürmək üçün bir-birlərini geriyə itələyən çobanların səsi fəzada yayılırdı. Musa orada məzlumların yeni bir mənzərəsini müşahidə etdi. O gördü ki, həmin səhnədə, suyu əlinə birinci götürən qüdrətli şəxsdir. Zəif isə gərək gözləsin, gözləməyin çətinliyinə və səbir etməyin acılığına tab gətirsin.
Çobanlar gəlib, öz qoyunları üçün su ilə dolu hovuzlar düzəltdilər. Bu zaman qoyunlarını gözləyən iki qız da peyda oldu. Onlar çobanların öz qoyunları üçün su verib, qurtarmalarını gözləyirdilər.
Musa adəti üzrə o iki nəfərin köməyinə tələsdi. Öz şişmiş ayaqlarının ağrısını unutdu. Musa o iki qıza tərəf getdi və hörmətlə onlara dedi:
-Niyə qoyunlarınıza su vermirsiniz?
Onlar dedilər:
-Çobanlar oradan çıxmayınca biz qoyunlarımıza su vermərik. Bizim bir qoca atamız var. O, bu işləri görməyi bacarmır.
Bütün yorğunluğu, əzab-əziyyətləri və güclü aclığı ilə belə, qeyrət və igidliyi Musanın ürəyində böyük qüdrət yaratdı. Vedrəni əlinə götürdü. Onu quyunun dərinliklərinə atdı. Çobanlar durub ona tamaşa edirdilər. Onlar güclü qolları olan bu qərib kişiyə baxırdılar. Musa hovuzu su ilə doldurdu. O iki qız öz qoyun sürülərini hovuza yaxınlaşdırdılar. Musa ona su tökür, qoyunlarsa içirdilər. Qızlar sevindilər və o gün evə tez qayıtdılar.
Onların qoca və yaşlaşmış ataları Şüeyb peyğəmbər idi. Şüeyb peyğəmbər gündəlik adətlərinin əksinə olaraq onların evə tez gəldiklərini gördükdə təəccüblə soruşdu:
-Nə hadisə baş verib?
Qızlarının biri ona dedi:
-Çox pak və qərib bir cavan bizim yanımıza gəldi. Onun bizə yazığı gəldi və çaladan bizim üçün su çəkdi.
O birisi dedi:
-Atacan! O, yorğun və ac görünürdü.
Atası dedi:
-Qızım, ona deyin ki, bura gəlsin. Mən onun muzd və mükafatını verərəm.
Dostları ilə paylaş: |