Bu xütbənin bir hissəsi Peyğəmbərin
(səlləllahu əleyhi və alih) vəsfidir
(Həzrət Peyğəmbər ilahi hökmlərin təbliğinə çox səy göstərərək) hidayət və nicat atəşinin şölələrini alovlandırdı ki, iqtibas götürən ondan faydalansın və (hidayət) nişanəsini (elm və maarif dağının zirvəsində) işıqlandırdı ki, (karvandan uzaq düşən), yolda qalıb sərgərdan olan yol tapsın (əbədi xoşbəxtlik qazansın). (İlahi,) o Həzrət (peyğəmbərliyin təbliğində) Sənin doğru əməl sahibi və əmanətdarın, qiyamət günündə (bəndələrin halətlərinə) şahidin, Sənin tərəfindən (yaradılmışlar üçün) seçilmiş nemət və bəxşiş, (camaat üçün) rəhmət və mehribanlıq olan haqqa, doğruluğa göndərdiyin elçindir. İlahi, Öz ədalətinlə onun qismət və bəhrəsini (yaxınlıq və məqamının ən yüksək həddini) nəsib et, ona Öz fəzl və kəramətinlə böyük mükafat və saysız-hesabsız nemətlər əta et. İlahi, onun binasını əvvəlki qurucuların binasından (onun dinini sələfləri olan peyğəmbərlərin dinindən) uca (zahir və qalib) et, onun nemət süfrəsini (risalətin təbliğində zəhmət və əziyyətlərinin mükafatını) Öz yanında əziz et. Məqam və mənzilini dərgahında yüksəlt və onu böyüklüyün ən yüksək həddinə çatdır, (bütün yaradılmışların müqabilində) üstünlük əta elə! Bizi onun ümməti və dostları (möminlər və pərhizkarlarla) məhşur et ki, (günah və itaətsizlikdən) xəcalətli, (pis əməllərdən) peşman, (doğru yoldan) azmış, əhdini pozan, yoldan azdıran və (bəla, çətinliklə) sınanmışlardan olmayaq. (Seyyid Rəzi buyurur:)
Xütbənin bu fəsli daha öncə (yetmiş birinci xütbədə) bəyan olunsa da iki rəvayətdə fərq olduğuna görə burada bir daha təkrar vermişik.
Bu, xütbənin öz səhabələrinə buyurduğu
(onları Müaviyə və Şam qoşunu ilə döyüşmədiklərinə görə danladığı) hissəsidir
(Siz kafir, bütpərəst və qədir-qiymətsiz olduqdan sonra) Allahın kəramət və nəvazişi nəticəsində məqam, rütbə və böyüklük tapdınız. (Heç bir əhəmiyyəti olmayan) kənizləriniz əzizlənir, qonşularınız (sizinlə müqavilə bağlayan kafirlər) həmin ilahi kəramətdən bəhrələnir, (buna görə də canları, mal və namusları hər bir təhlükədən qorunur), onların müqabilində heç bir fəzilətə və (əsl-nəcabətcə) məziyyətə sahib olmadığınız halda və heç bir yaxşılıq etmədiyiniz kəslər sizlərə təzim edərək baş əyirlər. Sizin qələbə və hakimiyyətinizdən qorxusu olmayanlar, səltənət və hakimiyyətinizin çatmadığı kimsələr sizdən qorxurlar.1 İlahi peymanların pozulduğunu görüb qəzəblənmirsiniz,2 ancaq (ilahi əhd-peymanların müqabilində heç bir əhəmiyyəti olmayan) atalarınızın peymanlarının pozulmasına razı deyilsiniz və bunu biabırçılıq sayırsınız. (Siz o şəxslərsiniz ki,) İlahi hökmlər sizə gəlirdi (sizdən soruşurdular), sizdən keçirdi (siz cavab verirdiniz) və sizə qayıdırdı (şikayət çəkişmələri barədə hökm verirdiz). Öz məqam və rütbənizi zülmkarlara (Müaviyə və ardıcıllarına) verərək işlərinizin cilovunu onların əlinə tapşırmısınız. Onlar (şəriət məsələlərində) şübhələrə və batil inanclara əməl etdikləri, şəhvət və nəfsi istəklərinin ardınca düşdükləri halda ilahi hökmlərdə onlara təslim olaraq itaət etdiniz. (Lakin bilin ki, bu hakimiyyət və qüdrət onlara qalmayacaq.) Allaha and olsun, sizləri hər bir ulduzun altına səpsələr də (şəhərlərə dağıtsalar da) Allah-təala sizi onların ən pis günü üçün bir yerə yığar (ki, onlardan necə intiqam alındığını görəsiniz).
106-cı xütbə
İmam Əli əleyhis-salamın Siffeyn döyüşünün günlərinin birində (öz səhabələrini Şam qoşununa məğlub olub qaçmalarından, qayıtmalarından və fəthlərindən sonra danladığı) buyurduğu kəlamlarındandır.
(Döyüş meydanından) qaçmağınızı və düşmənə arxa çevirmənizi sıralarınızdan gördüm. Pis xasiyyətli, alçaq zülmkarlar və səhrada yaşayan ərəblər olan Şam əhli sizi qovdular. Halbuki siz ərəblərin igid və cömərdlərindənsiniz, burun (digər bədən üzvlərinə nisbətən) öndə olduğu kimi şərafətli, dəvənin hürgücləri kimi hündür və onlardan daha böyüksünüz. (Belə olan halda, məğlubiyyət və qaçmaq sizə yaraşan deyildi.) İşin sonunda sizi qovmuş olduqları kimi onları qovduğunuzu, sizi uzaqlaşdırdıqları kimi səngərlərindən uzaq saldığınızı, qılınclarla öldürüb köklərini kəsdiyinizi və biçarə etdiyinizi gördükdə sinəmin dərdləri şəfa tapdı. (Qəm və kədərim yox oldu. Qaçmaqlarının nəticəsində) hovuz və axurlarından məhrum edilərək uzaqlaşdırılmış, qovulan təşnə dəvələr kimi birinciləri sonuncularına minənədək (bir-birinin üstünə düşənədək) onlara nizə vururdunuz.
107-ci xütbə
İmam Əli əleyhis-salamın baş verəcək fitnə-fəsad, tökülən qanlar barədə buyurduğu xütbələrindəndir. (Allah-təalaya şükr, Həzrət Peyğəmbəri mədh etmiş, öz kamal və kəramətindən bəzilərinə toxunmuşdur.)
Həmd (Rəbb olduğunun dəlili sayılan) Öz xəlq etdikləri və yaratdıqları səbəbindən məxluqlara aşkar olan, Öz dəlil və sübutları (qüdrətinin nümunələri) ilə onların qəlblərində zahir olub görünən Allaha məxsusdur. Yaratdıqlarını fikir və düşüncə işlətmədən yaratdı. Çünki düşüncələr batinləri (daxili idrak qüvvəsi) olanlardan qeyrisinə məxsus deyil və Allah-təala Öz-özlüyündə batinə malik deyil. (Belə ki, bir şeyi dərk etmək üçün idrak qüvvəsinə ehtiyacı olan, əlbəttə, mümkünlər qismindəndir və vacibul-vücud mümkünlərdən ola bilməz.) Onun elmi görünməzlərin batininə və əslinə nüfuz edər. (Onun üçün maneə, hicab yoxdur) və ən xırda düşüncə və (heç kəsin bilə bilməyəcəyi ürək) sirləri əhatə edir.
Bu xütbənin bir hissəsi
Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəsfidir
Böyük Allah Həzrət Peyğəmbəri peyğəmbərlərin (Ali-İbrahim) şəcərəsindən, (hidayət və nicat nurunun saçdığı) nur çırağından, (başqalarından daha şərəfli və fəzilətli olan) alının yuxarısından, «Bəthanın» (Məkkeyi-Müəzzəmənin) göbəyindən, qaranlığın çırağından (o böyük şəxsin ata-babaları sərgərdan şəxslərə yol göstərən çıraq kimi idi) və hikmət bulaqlarının gözündən (hamısının dini və şəriəti var idi, başqaları elm və hikməti onlardan öyrənirdilər) seçdi.
Bu xütbənin (özünün vəsfi və səhabələrinin məzəmmət edərək buyurduğu) bir hissəsidir
(İmam əleyhis-salam) Öz tibbi və müalicəsilə (ölüm saçan xəstəliklərə və cürbəcür dərdləri müalicə etmək üçün xalqın arasında) həmişə gəzən (ruhani) bir təbibdir. Məlhəmlərini (elm və maarifini nadanlıq və azğınlıq qılıncı ilə yaralanmış ürəklərin yarası üçün) gücləndirərək hazırlamış, alətlərini (pis işləri qadağan etməyin və ilahi əzabla qorxutmağın atəşində) qızdıraraq basmışdır. Lazım olan hər yerdə məlhəmlərini, dağ çəkən alətlərini müalicəyə ehtiyacı olan yaralı yerlərin üstünə qoyar: (elmdən) kor qəlblərə, (haqqı eşitməyən) kar qulaqlara, (doğru söz danışmayan) lal dillərə. Bu ruhani təbib öz dərman və müalicələri ilə qəflət, nadanlıq, heyrət və sərgərdanlıq xəstəliklərinə əlac edir. (Ancaq) xəstələr hikmət və irfan nurundan istifadə etməyib parlaq elm və maarif tonqallarına od salmayıblar. Deməli, onlar otlayan (şüursuz və bütün səyləri yalnız yeyib-içməyə yönələn) heyvanlara və (heç nəyi dərk etməyən) bərk özül daşlarına bənzəyirlər.
Gizlinlər bəsirət sahibləri üçün açıldı və haqq yolunu səhv salanlara aşkar oldu.1 Qiyamət öz üzündən pərdəni götürdü və onun əlaməti, nişanəsi fərasət sahibinə, zirəklərə əyan oldu.2 Nə olub ki, sizləri cansız bədən və bədənsiz can görürəm3 və (sizləri) pərhizkarlıq olmadan ibadət edən (dəyanətsiz müharibə edən), xeyirsiz tacir (məğlub olan), yuxulu kimi oyaq, yoxmuş kimi mövcud, kor tək görən, lal tək danışan (kimi görürəm. Düşmənin sizi ələ keçirdiyini görür və gücünüz olsa da onun qarşısını almırsınız).
(İmam əleyhis-salam bu fəsildə axirəz-zamanda baş verəcək fəsadlardan və insanların vəziyyətindən xəbər verir)
Bu fitnə-fəsad bayrağı (axirəzzəmanda) azğınlıq qütbündə sancılan və şaxələri səpələnən (hər yanı bürüyən), sizləri öz piyaləsi ilə ölçən (azdıran) və əli ilə (şıltaq heyvan kimi) döyən (zəlil və xar edən) azğınlıq bayrağıdır. Bu bayrağın bayraqdarı İslam ümmətindən xaric olaraq azğınlıq (yolunun) üstündə dayanmışdır. Həmin gün sizlərdən (müsəlmanlardan) qazanın dibində qalan (az) qalıq və ya çuvalın təkində qalan dən hissəcikləri tək az miqdardan başqa qalanı olmaz. Azğınlıq bayrağı sizləri dabbaqlıq gönü sürtən kimi sürtər, biçilmiş əkinin döyülməsi kimi döyər (sizi son dərəcə zəif və xar edər). Allahını sevən mömini (əziyyət vermək üçün) böyük dəni kiçik dənlərin arasından seçən quş kimi sizin aranızdan ayırar. Bu yollar sizi hara aparır? (Batil əqidələr və nadürüst düşüncələrlə hara gedirsiniz?) (Cəhalət və nadanlığın) qaranlıqları sizi necə heyran və sərgərdan edir? Yalanlar (yersiz arzular) sizi nə cür aldadır? Sizləri (azdırmaq üçün) haradan gətirirlər? Sizləri (haqq yoldan) necə döndərirlər? Deməli, hər zamanın bir taleyi, hər gedənin bir dönüşü var. (Bu fitnə-fəsadlar müəyyən bir vaxtda baş verəcək.) Belə isə öz ilahi aliminizdən (İmam əleyhis-salamdan öyüd-nəsihət) eşidin və öz qəlblərinizi (qəbul etməyə) hazırlayın, sizi çağırdıqda (qəflət yuxusundan) oyanın. Hər qövmün rəhbəri, öndə gedəni öz ardıcıllarına həqiqəti deməlidir.1 Öz dağınıqlığını yığışdırmalı, (fikir dağınıqlığını və boş düşüncələri özünə yaxın buraxmamalı) zehnini hazırlamalıdır (ki, eşitdiklərini artırıb azaltmadan başqalarına çatdırsın). Deməli, o ilahi alimin (din və dünya) işi yumru dənələri (daxili görünən) açan tək sizlər üçün açdı, şirəsini çıxarmaq üçün ağacın qabığını soyan kimi qabığını təmizlədi (hər bir işi sizlərə aydınlaşdırdı). Azğınlıq bayrağı qalxdığı zaman batil və nadürüstlük öz yerlərini tutar, cəhalət və nadanlıq öz miniklərinə minər, (batil hər yanı bürüyəcək, cəhalət bərpa olar) tuğyan və fitnə çoxalar, haqq yola dəvət edənlər azalar. Ruzigar parçalayan yırtıcı kimi hücuma keçər (çox qan tökülər), batilin erkək dəvəsi sakitlikdən sonra səslənər (məst olar, yəni, batil güclənər). Camaat günahlara görə bir-birinə qardaş olar, dinə görə isə bir-birindən uzaqlaşar, yalana görə dostlaşar, həqiqətə düşmən kəsilər (günahkarlarla dost, qardaş olarlar, yaxşılardan bezib uzaqlaşarlar). O çağlarda övlad (atasının) qəzəb(in)ə (və qüssəsinə), yağış isə istilik və hərarətə səbəb olar (camaat ondan xeyir görməyib ziyanını çəkəcəkdir), alçaq adamlar çoxalar, yaxşı insanlar isə az tapılar. O zamanın adamları canavar, padşahları yırtıcı, orta və zəif insanları (zülmkarlara) yem, kasıblar isə (çətinlik və incikliyə görə) ölü (kimi) olar. Həqiqət itib-batar, yalan yayılar. Dostluq sözdə, camaatın bir-birilə düşmənçiliyi isə ürəklərdə olar. Fəsad və pozğunluq (zina onlar arasında iftixara və) əsil-nəsəb hesab olunar, iffət və namusluluq təəccübə səbəb olar. İslam dəri paltar kimi tərsinə geyilər (camaat əyninə İslam paltarı geysə də, sözləri və əməlləri İslamın əmrlərinin ziddinə olar).
Dostları ilə paylaş: |