POEMALARI
Qısa bir ömür yaşayan, həyata yaradıcılıq imkanlarının zirvəsində göz yuman, "deyə bilmədiklərinin, demək istədiklərinin az, çox az bir hissəsini deyən" (R.Rza) Əli Kərim yalnız lirik şeirləri ilə kifayətlənməmiş, həyat faktlarına xüsusi poetik yanaşma üsuluna görə fərqlənən poemaları ilə də ədəbiyyat tariximizə daxil olmuşdur.
...Dünya şeir-poeziya təcrübəsi onu da təsdiq edib ki, şairin istedadı, qabiliyyəti, ilhamı, savadı, bilgisi, dünyagörüşü bir şair kimi gücü, qüdrəti, poetik imkanları poemada daha qabarıq, daha çoxtərəfli üzə çıxır" (36, 24).
Əli Kərim poema janrında "İlk simfoniya", "Üçüncü atlı", "Bir santimetr haqqında ballada", "O mənə danışdı ki...", "Heykəl və heykəlin qardaşı" kimi gözəl sənət əsərləri yaratdı.
"Əli Kərim poema yaradıcılığında qanunauyğun bir yolla irəliləyirdi. "İlk simfoniya" (cazibədar süjet, iki oğlan, bir qız üçlüyü, musiqinin həyatı); "Üçüncü atlı" (daha çox tarixi ictimai-fəlsəfi mövzu, ənənəvilikdən uzaq süjet, burada əsas güc şairin üzərinə düşür; bu mövzu daha qüdrətli ilham və yenilikçilik istedadı tələb edir); "Heykəl və heykəlin qardaşı" (daha çətin, daha ağır, yeni, orijinal forma istəyən məzmun) (58, 235).
Əli Kərimin ilk böyük həcmli əsəri olan "İlk simfoniya" poeması 1956-cı ildə yazılmışdı. "Bu o zaman idi ki, ardınca bütün sovet mənəvi həyatında, eləcə də Azərbaycanın bədii, elmi və ictimai fikir tarixində yeni bir epoxa başlayacaqdı. Əli Kərimə düşüncə tariximizin yeni dövrünün diqtə etdiyi yeni bir poetik təlatümün şeirimizdə təməl daşını qoymaq nəsib oldu".
Poema 1957-ci ildə Moskvada keçirilən gənclərin və tələbələrin VI Ümumdünya Festivalında mükafata layiq görüldü. "İlk simfoniya" poeması Əli Kərimin yeni yaradıcılıq məhsulu kimi oxucuların marağına səbəb oldu. Məlumdur ki, "poema şairin bütün mənəvi qüvvələrini sınaqdan keçirdən bədii imtahandır". Burada sənətkarın bütün könül sərvətləri, həyat təcrübəsi, şairlik qabiliyyəti, ilhamı, cəsarəti aşkara çıxır. Bu keyfiyyətlər Əli Kərimdə olduğundan o, "İlk simfoniya" poemasında qoyduğu məqsədə nail ola bilmişdir. Bu məqsəd nədən ibarətdir? Şair demək istəyir ki, "böyük dəryalar kiçik dalğalardan yarandığı kimi, böyük əsərlər də xalq təfəkkürünün çeşmələrindən süzülən büllur damlalardan yaranır".
"İlk simfoniya" poeması əsasən sağlam məişət və əsl xalq incəsənəti uğrunda mübarizəyə həsr olunmuşdur. "İlk simfoniya" poemasını yazarkən iyirmi beş yaşı olan Əli Kərim öz gənclik ruhunu, təravətini əsərə hopdurmuş, poeziyamıza təmiz ruh, yeni rəng gətirmişdir. Bu poema Əli Kərim yaradıcılığında ilk qələm təcrübəsi olsa da, süjetinə, mövzusuna, ideyasına, tərbiyəvi əhəmiyyətinə, həqiqi sənətə, həmçinin obrazların dolğun təsvirinə, hiss və duyğuların tərənnümünə, ifadə vasitələrinin dolğunluğuna görə diqqəti çəkir və Azərbaycan poeziyasında mühüm yer tutur.
Poema müəllifin ilk irihəcmli əsəri olmasına baxmayaraq, hadisə və əhvalatlar, professorla İlhamın görüşü, xala ilə professorun söhbəti, qonşuları Nigarla tanışlığı, ailə qurmaları, İlhamın konservatoriyaya imtahan verib qəbul olması, İlhamın bəstəkar dostu Azadın ailəyə qonaq gəlməsi, nəhayət, yaradıcılıq meydanında ayrılan yollar və bunun acı və sevindirici nəticələri böyük ustalıqla təsvir olunmuşdur.
Ədəbiyyatşünas Altay Məmmədov yazır ki, "İlk simfoniya" poemasında xalis, sırf məhəbbət teması qoyulmamışdır, buradakı sevgi mövzusu sənətə sədaqət mövzusu ilə qovuşuq şəkildədir, daha doğrusu, üzvi şəkildə birləşmiş haldadır, bir bütöv ərinti kimidir" (58, 197).
Bu mövzu yaradıcılıq aləminə yenicə qədəm qoymuş gənclərin həyatından alınmışdır.
Poemada həqiqi sənət yolunun yolçuları olan, mayası xalq sənətinin ruhundan yoğrulmuş sənət adamları ilə şöhrət ardınca gedən "dayaz sənətkar"ların mübarizəsindən, sağlam ailə, sağlam məişət, əsl məhəbbət və xalq sənətinə vurğunluqdan bəhs olunur.
Şair poemada öz xarakteri, dünyagörüşü etibarilə bir-birindən fərqlənən İlham, Nigar, Azad və professor kimi parlaq xarakterlər yaratmışdır.
"İlk simfoniya" poemasında konflikt eyni sənət adamları olan İlham və Azadın xarakterləri arasındakı ziddiyyətləri inkişaf etdirərək ictimai məzmun kəsb edir. Poemada İlhamla Azad arasındakı ziddiyyətlərin səbəbi məhz onların dünyagörüşünün, sənətə müxtəlif baxışlarının, zidd əxlaqi keyfiyyətlərinin təbliği kimi açılıb göstərilir. Əvvəllər heç bir musiqi təhsili olmayan İlham klassik musiqi sənətinin sirlərini öyrənməklə o dövrün zəngin musiqisi ilə tanış olur, xalq həyatı ilə, günün məsələləri ilə nəfəs alır. Onun yaradıcılığına ilham və qüvvət verən zəngin xalq musiqisidir.
Buna görə də onun bəslədiyi ilk mahnılar tez sevilir. Poemada gənc bəstəkarın həyatı, yaradıcılıq yolundakı tərəddüdləri, mənəvi iztirabları bədii və inandırıcı verilmişdir.
Poemanın əsas surətlərindən biri olan İlham təbiətin oğludur. O, təbiətin özü qədər təmiz, saf olub, ilham qaynağını təbiətdən alır. İlhamın mayası yarpaqların xışıltısından, bulaqların, çayların, damcıların, zümzümələrin yaratdığı musiqidən, təbiətin rənglərindən yoğrulub. Poemanın əvvəlində təsvir olunan cığır sanki İlhamın həyatda çatacağı zirvəyə qalxan cığırdır və bu cığır məhz təbiətin, saflığın qoynundan dolanıb yüksəklərə qalxır:
Təpələrin başından,
Qayaların qaşından
Keçib gedən bir cığır,
Göylərə sanki çıxır. (47, 187)
Xasiyyətcə sakit olan bu oğlan öz azadlığını təbiətin qoynunda tapır, ağlayarkən onu təskin edən təbiətə sığınır, təbiət də öz övladını bağrına basır, ona həyatın səsini, musiqini dinlədir. Heyrətlənən balaca İlham təbiəti dinləməyi bacarır, arzu etdiyi bütün səsləri eşidə bilir. Bu gənci başqalarından fərqləndirən də bu xüsusiyyətləridir. Əli Kərim yazır: "Qara gözlü bu uşaq, gedir mızıldayaraq". "Mızıldayaraq" – bu incə ştrix şairin İlhamın sənətkar mənliyindən xəbər verən kiçik bir mesajdır. İlhamın iç dünyası dibi görünən saf bulaq qədər safdır, təmizdir. Təbiətin özü kimi təbiidir. Təbiət onun təskinlik mənbəyidir, gözəllik mənbəyi, gözəllik meyarıdır. Onun yüksəklişə gedən yolu da təbiətin qoynundan gedir. İlham təbiəti dinləyir, ancaq o hələ simfoniyanın ilk ünsürləri olan səsləri dinləyir. Sonra bu səslər damcı-damcı yığılıb, "Bir damcı", "Damcılar" kimi simfoniyaların yaranmasına səbəb olur. Əli Kərim də, İlham da təbiətin qoynundan gəlmiş təmiz mənəviyyatlı əsl sənət yolçularıdır". "N.Hikmət ceviz ağacına çevrilə bildiyi kimi, Əli də bir gecəlik Kür ola bilirdi, dənizə də dönə bilirdi. Əli Kərim özünün təbiətə belə sıx bağlılığını yaratdığı bəstəkar obrazına keçirməyi zəruri saymışdır” (47, 207).
Atadan-anadan yetim qalan İlhamı xalası böyüdür, onu musiqi məktəbində də oxudur. O, bu məktəbi əla bitirir. Hələ ayaqyalın, başı açıq bir uşaq ikən təbiətin əsrarəngiz səslərini həssaslıqla dinləyən, çiləkli dağların zirvəsindən axıb süzülən çay sularının nəğməsinə valeh olan İlham – musiqi aşiqidir. Kənddə olarkən yazdığı "Bir damcı" əsəri kəndə gəlmiş professorun diqqətini cəlb edir. Xala Bakıya köçür. O, böyüdüb ərsəyə çatdırdığı İlhama qohumu professorun yanına getməyi, ondan kömək istəməyi məsləhət görəndə İlham etiraz edərək deyir:
"Getmərəm, and içirəm xalamın da canına,
Heç kimə yalvarmaram, imtahan da verərəm.
Konservatoriyaya öz gücümə girərəm. (47, 192)
Mətinlik sözü bütövlük, öz gücünə inam, vüqarlıq, mərdlik, şöhrətə aludə olmamaq, təmizlik, seçdiyi yoldan dönməmək, eşqə sədaqət deməkdir və bütün bunlar İlhama xas olan əlamətlərdir. İlham tanışlıq vermədən konservatoriyaya imtahan verir, professor bu gəncin istedadına heyran olur və ilk öncə xəyala dalır, gözləri qarşısında balaca İlhamla olan söhbəti yada salır:
Az deyil, xalq içində yaxşı oxuyan, çalan,
Eh kim bilir ki, indi hardadır o oğlan. (47, 193)
Qayaları fikrə salan, dağdan dağa atlanan, nəğmələri dinləyən oğlan: "Əksini çayda gördü, Arzusunu nəğmədə. Çox istədi ucadan bir arzunu nəql edə. Səs verdi o taydakı Əli uzaq, gözəl səsə. Oxuduqca oxudu, Düşdü min bir həvəsə. Amma səsi çatmadı Uzaq dağlar başına. Bayaqkı səs batmadı, Aldı kəndi başına. Uşaq yaman xar oldu. Onun bir sirli dərdi nəğmədə xallar oldu" (47, 189).
"Sirli dərdin nəğmədə xallara çevrilməsi” İlhamda ilahi verginin olduğunu göstərən əlamətdir. Bu ilahi vergini ilk dəfə kəşf edən professor Eyvaz olmuşdur.
Uşaqlıq illəri kəndin qoynunda keçən həssas təbiətli İlham üçün tanış insanların mənəviyyatı, təbiətin gözəllikləri sonradan onun qısa və qanadlı mahnılarında ürəyə yatan ahəngdar xallar olmuşdur. Heç bir musiqi təhsili görməyən bu istedadlı uşaq şəhər mühitinə düşdükdən sonra onun mənəvi inkişafı üçün geniş yollar açılır. İlhamın yaradıcılığı düz və hamar yola bənzəmir, onun qarşısına maneələr, çətinliklər çıxır, bəzən yad duyğular onun ürəyinə yol tapır, onu əsl yaradıcılıq aləmindən müvəqqəti olaraq uzaqlaşdırır.
Qoca bəstəkar, professor Eyvaz İlhamı əsl yaradıcılıq yoluna səsləyərək, onun əsərlərindəki saxta xalların xalq ruhuna yad olduğunu göstərir və deyir:
O "Bir damcı" yazmışdın ha, əsl yol odur,
O, məhəbbət alovudur, xalqın ruhudur.
Damcı-damcı bu dəryanı yığasan gərək,
Ondan sonra könül dolub, coşar dərya tək. (47, 200)
Artıq İlham konservatoriyanın tələbəsidir, nizamlı-intizamlı bir tələbə kimi ona dərs deyən müəllimlərin diqqətini cəlb edir, qısa bir müddətdə bir bəstəkar kimi yetişir, gözəl bir qızla – skripkaçı Nigarla tanış olur, ailə qururlar. İlham öz Nigarı ilə xoşbəxtdir. Onlar bir-birini başa düşürlər.
İlhamın məhəbbəti safdır, ülvidir. İlham Nigarı nə qədər sevirsə, bir o qədər də inanır. Qətiyyən ağlına gətirə bilmir ki, nə vaxtsa Nigar ona xəyanət edə bilər. "Çünki onların məhəbbəti təbii, səmimi, olduqca təmiz bir zəmində boy vermişdir, rəvan bir axarla günü-gündən səmimiləşən, daha da hərarətlənən istiqamətdə bütün şübhə kölgələrinin fövqündə irəli gedir” (58, 204). Lakin bu təbiət oğlu özünün ən sarsıdıcı zərbəsini ən çox sevdiyi adamdan alır.
Əli Kərim İlhamla Nigarın ilk görüşünü dəniz sahilində təsvir edir. Şair maraqlı, rəngarəng təbiət lövhələri yaradır:
"Gəlir dalğa, gəlir qaya,
Gör necə baş-başa dəyir,
Öz dilində nəsə deyir. (47, 193)
Yaxud da:
"Fikirliydi o, bu gün də,
Uzanmışdı qum üstündə.
Çatılmışdı qara qaşı,
Qucaqlayıb bir sal daşı
Seyr edirdi ağ papaqlı,
Göy sinəli, ağ ayaqlı,
Qalxıb-enən dalğaları. (47, 194)
Təbiətin oğlu yenə təbiətin qoynundadır, dalğaların pıçıltısına qulaq asır. Bu zaman Nigar onun üzərinə su çiləyir. Nigarın ən sevimli bir an kimi getməsinə üzülən İlhamın qəlbində ilk sevgi qığılcımlarını görürük. Əli Kərim qəlbində sevgi qığılcımları olan iki gənci təsvir edərkən onların şıltaqlığına da yer verir. Şairin səmimiliyi özünü bu misralarda göstərir:
"Onlar evə gələndə
Su içində gəldilər.
Danlandılar bir qədər
Bir-birindən uzaqda,
Hərəsi bir otaqda
Qımışdılar, güldülər
Xəyallar dünyasında!
Nə mənalar gördülər,
Bu günün mənasında. (47, 196)
İlhamın ilham pərisi Nigardır. O musiqinin incə ritmləri qəlbində Nigar sevgisi ilə bəstələnirdi.
"Həyatı seyr etdilər,
Bir-birinin yerinə
Dindi ikisi birdən,
– Ya sən baxdın, ya da mən.
Mənası nə, fərqi nə. (47, 197)
İlhamla Nigar iki bədəndə bir ruh olub dünyaya eyni pəncərədən baxırlar. Ancaq onların xoşbəxt həyatına qara bir kölgə düşür. Bu qara kölgə iblis xislətli olan Azaddır.
Pozğun və əyyaş həyat tərzi keçirən, dayaz düşüncəli Azad bu səadətə mane olur. Azadın ucuz yolla qazandığı şöhrətdən, yüngül musiqidən gözləri xumarlanan Nigar öz ərini, evini tərk edir, səhvini anlayandan sonra peşman olur. Hətta özünü öldürmək fikrinə düşür. Bütün bunlar həyata yenicə atılan, musiqiyə, şeirə, sənətə dərindən bağlı olan İlhamı sarsıdır. Azadın yanlış əqidəsinin və yaradıcılıq yolunun müvəqqəti təsiri, Nigarın inadı İlhamı həqiqi yaradıcılıq aləmindən ayırır, xüsusilə Nigarın aldanışı və həyatdakı büdrəməsi İlhamın ruhi sarsıntılarını daha da artırır.
Gənc şair qəhrəmanın həyatındakı tərəddüdləri, kədər və çırpıntıları, nəhayət, onları aradan qaldırmaq üçün onun ciddi-cəhdini həyati lövhələrdə, maraqlı süjet xəttinin inkişafında əks etdirir, lirik-psixoloji vəziyyətlərdən, qəhrəmanın daxili monoloqundan müvəffəqiyyətlə istifadə edir.
Oxucu bəstəkarın yaradıcılıq yollarındakı büdrəmələrinə, onun düşdüyü şəraitin təbiiliyinə inanır, nəhayət, onun əsl sənət aləminə dönməsinə, gözəl, məlahətli ahəngə malik olan "İlk damcılar" simfoniyasının müvəffəqiyyətinə ürəkdən sevinir. Radioda simfoniyanı dinləyən Nigar intihar etmək fikrindən əl çəkir. Elə bu yerdə yenə İlhamın insanları qurub-yaratmağa, dünyanın maddi və mənəvi nemətlərindən zövq almağa çağıran "İlk simfoniyası" köməyinə çatır.
Dünyagörmüş, xeyirxah bir insan kimi tanıdğımız, İlhama atalıq qayğısı göstərən professorun məsləhətindən, danlağından nəticə çıxaran İlham "İlk simfoniya" əsəri üzərində daha ciddi çalışır. Əsəri başa çatdırır. Özünə, sənətinə tələbkarlıqla yanaşır, artıq o bu qənaətdədir ki, həqiqi bəstəkar sükutdan da səs çıxara bilər:
İlham bala, bu qüvvətlə səsin ucalsın,
Bütün dünya dinləyici salonun olsun,
Budur arzu, budur dilək, budur ideal. (47, 200)
Poemanın əsas surətlərindən biri də gənc bəstəkar Azaddır. Biz Azadın uşaqlıq illərindən başlayaraq yetkin yaradıcılıq dövrünə qədər inkişaf yolunun əsas mərhələləri ilə tanış oluruq. İlhamın təmiz mənəviyyatı qarşısında Azadın daxili boşluğu, qara niyyəti bir ləkə kimi ilk baxışda daha qabarıq nəzərə çarpır.
Şair öz qəhrəmanını təmiz və xeyirxah insanların arasında, gözəl təbiətin qoynunda təsvir edir, onun inkişaf yolunu inandırıcı göstərir.
Əli Kərim gənc bəstəkar Azaddan onu əhatə edən insanlardan danışarkən adi bir müşahidəçi kimi hadisələri nağıl etmir. Qəhrəmanın inkişaf yolunu lirik-psixoloji təhkiyə yolu ilə göstərir.
Şöhrətpərəstlik, xudbinlik və dikbaşlıq onun bütün ruhuna hakimdir. O, əsl qaynar yaradıcılıq aləmindən uzaq düşmüşdür, xalq musiqisinə tamamilə biganədir.
Vaxtı ilə tanınmış bir bəstəkar olan Azad indi ancaq uzaqlarda qalmış keçmişi ilə öyünür, yaradıcılıqda yüngül müqavimət yolunu seçərək, tamamilə xalqa yad olan musiqi əsərləri yaradır. O, təbii xalq musiqisinin gözəlliyinə xor baxır, xalq yaradıcılığını əhəmiyyətsiz hesab edir, onun nəcib ənənələrini danır, xəstə ruhlu musiqi parçaları ilə bir para meşşan dinləyicilərin könlünü almağa çalışır. Mədəni səviyyələri aşağı olan ayrı-ayrı oxuyanlar (Nigar) və musiqi bəstəkarları bayağı mətnlər əsasında yazılmış, boş gurultulardan ibarət olan həmin musiqi parçalarını ifa etdikcə şöhrətin pərdələri onun gözlərini örtür, yad bir aləmin dərinliklərinə çəkib aparır.
İlham sədaqətli bir dost, yaxşı yoldaş kimi, Azadı əyri yoldan çəkib çıxarmaq, həyata səsləmək istəyirsə də, onun inad və müqavimətinə qalib gələ bilmir.
Azad məişətcə pozulmuşdur. O, indi gündə ürəyini bir gözəlin taleyinə bağlayan bir meşşandır.
Poemada şairin Azada qarşı çevrilmiş alovlu qəzəbi sərt, lakin sakit bir dillə verilir. Əli Kərim Azadın fərəhsiz həyatını, onun daxili boşluğunu və kütlülüyünü məntiqi ardıcıllıqla verir.
Belə ki, Azadın hərəkətləri getdikcə öz həddini aşır. Azadın insani sifətini itirdiyini, xəyanət və yalan içində necə boğulduğunu müəllif inandırıcı lövhələrlə oxuculara çatdırır. Bununla belə, şair öz tipini müqəssirlər kürsüsündə oturtmur, ona ittihamnamə vermir. Hadisələrin təbii inkişafında Azadın həyat yolundakı sarsıntıları və əzabı aydınlaşır.
İlhamın Azada qarşı dostluq məsləhətləri, Azadın bunlara etinasız yanaşması, haçalanan fikirləri, bunlara münasibətdə Nigarın Azada üstünlük verməsi və ona uyması dinamikliyi, dramatizmi gücləndirir. Lakin bununla belə İlham bədbinləşmir. O, çalışır ki, dostu yanlış addımdan – “gözəllərin” zövqünə, arzusuna müvafiq çılpaq mahnılar bəstələməkdən əl çəksin, özünün “məşhur bəstəkarlığından” sui-istifadə etməsin, özünə, şəxsiyyətinə aludə olmasın, qeyri-əxlaqi “gözəllər mənim arvadımdır” tezisindən əl çəkib, ailə qursun. Azad isə onu lağa qoyur, onu başa düşmək istəməyərək acıq edib gedir.
Bəstəkarların müşavirəsində İlham Nigarın yalvarışlarına baxmayaraq, qalxıb Azadın əleyhinə danışır. Burada hazırda musiqi ictimaiyyətimizi düşündürən mühüm bir məsələdən bəhs olunur. Azad: “Ay canım, bilirsən nədir muğam,” – deyə İlhama müraciət edir. İlham əvvəl karıxır, sonra fikrini toplayıb bildirir ki, bəstəkar o zaman həqiqi sənət əsəri yaradır ki, o öz nəğmələri üçün xalq muğamlarımızdan rişə çəkmiş olsun:
...Yoldaşlar, dediyim muğamat ki, var,
Göy kimi, yer kimi dərindir, dərin.
Kimi bu dəryanın üzündən keçir,
Kimi də baş vurur, incilər seçir.
Çırpınır illərlə inci seçənlər,
Amma bu dəryanı üzdən keçənlər
Köpüklə doldurub ağzını üzdən,
Deyir ki, ən gözəl sənətkaram mən.
Üzünü Azada çevirdi İlham:
– Bəli, bilməyirik nədir o muğam.
Siz onun kəfini xörək yerinə
Dinləyicilərə yedirirsiniz.
Meydanı çox dardır o nəğmələrin,
Aparmır uzağa onlar insanı,
Dar gündə, bəd gündə tutmur əlindən.
Hanı Üzeyirin dediyi, hanı?
Nələr eşitmişik onun dilindən?! (47, 215-216)
Sənət yolunda haçalanan yollar şəxsi-qərəzliyə bais olmaqla Azadın dostluğu, xəyanəti və qeyri-əxlaqi hərəkətə yol verməsi ilə nəticələnir. Dostlar uzaqlaşır, Azad Nigarın ona təklif etdiyi Qəmər haqqında pis danışır və tezliklə Nigarı özünə məftun etdirir, onu görüşə çağırır. Nigar düşkün şöhrətin keçici, uğursuz nəğmənin, gözəlliyin, boy-buxunun əsiri olur. Burada həm İlhamın, həm Azadın, xüsusən Nigarın dərin psixoloji sarsıntı və düşüncələri, ağılla hissin gərgin mübarizəsi yüksək ustalıqla qələmə alınmışdır. Məsələn, Azad üçün dəniz sahilinə gələn Nigar İlhamı görür. Onun bu anda keçirdiyi sarsıntıları müəllif orijinal, olduqca bənzərsiz ifadə tutumunda özünəməxsus bir səpkidə qələmə almışdır.
İstədi ki, gizlənə
Redikulun dalında,
Əlindəki əzilmiş
Xırda gülün dalında.
İstədi ki, məhv olub
Nə danışa, dinə o,
Dönə daşa, torpağa,
Bir heçliyə dönə o. (47, 228)
Burada dramatizm çox qüvvətlidir. Baxmayaraq ki, o, başqası üçün görüşə gedir, amma ismət, həya hissini itirməyib, oxucu onun taleyinə acıyır, təəssüf edir, hiss edir ki, onun tezliklə gözlənilən peşmançılıq hissi daha təsirli, daha ürək dağlayıcı olacaqdır. Namuslu, ismətli qadınlar öz qəbahətlərini dərin sarsıntılarla belə özlərinə bağışlaya bilmirlər. Nigar belələrindəndir. Əxlaqi-məişət məsələləri baxımından poemada haqqında bəhs olunan məsələlərin bu şəkildə qoyuluşu xüsusi əhəmiyyət kəsb edir və böyük tərbiyəvi xarakter daşıyır.
Ziddiyyətli fikirlərdən, dərin psixoloji sarsıntılardan yaxa qurtarmaq üçün o, evdən gedir, bir müddət Gürcüstanda yaşayır. İlham isə Leninqrada gedir. Orada yaşasa da, öz iztirablarına, dərd-qəminə son qoya bilmir. Onun bu hisslərini yalnız yazıb-yaratmaq ehtirası boğa bilir. Coşğun bir həvəslə, dərin düşüncə ilə özünün məşhur “Damcılar” simfoniyasını yazır.
Poemada elə cəhətlər var ki, onlar əsərin ideyası ilə qaynayıb qarışmışdır. Bu cəhətlər xüsusi maraq doğurur və qüvvətli ideya-estetik əhəmiyyətə malikdir. Əsərdə həyata baxış, sənət və sənətkara münasibət, gözəllik duyğuları lirik səpkidə, yüksək sənətkarlıqla qələmə alınmışdır. Bunlar hamısı ümumi bir cəhəti işıqlandırır, bütün bunların arxasında canlı insan düşüncələri, insan xarakteri görünür ki, bu da Əli Kərimə məxsusdur.
Poemada şairin surətlərin xarakteri timsalında həyata baxışı safdır, doğru və dolğundur. Şair poemada təbliğ etdiyi fikirlərinə görə İlhamın mövqeyində durur – hökmünü qətiyyətlə verməsək də, hər halda İlhamın amalı, istəyi, düşüncəsi, məhəbbət və nifrəti Əli Kərim təbiətinə yad da deyildir. Şairin bu mövqeyi İlhamla əks qütbdə dayanan Azada münasibətində də özünü göstərir:
Nəğmə deyirdi: – Durun,
Hey gülüşün, gülüşün,
Durun, atılın-düşün!
Nə sevgi, nə məhəbbət!
Nə desələr yalandır.
Bir öpüşdür səadət,
İnsana bu qalandır (47, 204) –
nəğməsini çalan, eyş-işrətə səsləyən Azadın həm həyata, həm sənətə, həm də gözəlliyə baxışı hansı sim üstündə köklənib – özlüyündə aydındır.
Poemada Əli Kərimin belə bir məsələyə toxunması aktuallığı, novatorluğu etibarı ilə poemanın siqlətini daha da artırmışdır. Bu siqlət Azadın məzmunsuz, xəlqisiz, ictimai yüksüz mahnılarına qarşı qoyulmuş İlhamın ictimai-fəlsəfi məzmunlu “Damcılar” əsəri daha da gücləndirmişdir. “Damcılar”da sənətə çağırış, həyatı qurub yaratmağa meyl, insanın romantika ilə dolu zəkası və onun məhsulunun fəlsəfi şəkildə kamil ümumiləşməsi vardır. Bizim gözəl bir atalar sözümüz var: “Dama-dama göl olar”. Əlbəttə, burada söhbət yalnız gölün əmələ gəlməsi prosesindən gedir, desək, səhv etmiş olarıq.
İnsan fəaliyyətinin bütöv bəhrəsini bir küll kimi başa düşdükdə bu fəaliyyətin ayrı-ayrı məqamlarındakı cüzvləri (damlaları) bu gölün gerçəkliyini maddiləşdirən varlıq kimi dərk olunmalıdır; insanın nəyə qadir olduğunu, nələr yarada bildiyini şərtləndirən əsas faktor kimi bu damlaların böyük əhəmiyyəti gölün varlığını – insanın nəyə qadir olduğunu təsdiq edir. Bu baxımdan, Əli Kərim insan fəaliyyətinin zənginliyini dar, kiçik göl çərçivəsinin məhdudiyyətindən çıxartdı, ona rəngarənglik çalarlarında coşğun, təlatümlü genişlik bəxş etdi – sonsuz zənginlik səviyyəsinə yüksəltdi.
Əli Kərim obrazların xarakterini öz sözləri ilə açmaqda mahir sənətkardır. “İlk simfoniya” poemasında şöhrətpərəst zümrənin nümayəndəsi olan dayaz sənətkar Azadın söhbətlərindən məlum olur ki, Azadın insanı heyran edən, haldan-hala sala bilən nəğmə yaratmaq iqtidarı yoxdur, onun eyş-işrətə səsləyən sənəti saf məhəbbətə yaddır. Dayaz sənət əsəri yaradan insanın iç dünyası da naqis olar. Azad İlhamın “dostu” olsa da, Nigara qarşı başqa münasibət bəsləyir:
“Gəzir onun baxışı
Nigarın buxağında,
Belində, ayağında” (47, 201).
Gözəllərin sayı qədər dərdi olduğunu deyən Azad on beş il oxuyub, təhsil alanları axmaq adlandırır. İlham ona vicdanlı bir insan kimi yanaşır, dost kimi məsləhət verir.
“Deməsəm həqiqəti,
Yeyər məni vicdanım,
Yaxşı başa düş, canım,
Əvvəl vardın, Azadcan,
Bəstəkardın, Azadcan.
Azad, mənə inan sən,
Altını çəkəcəksən”. (47, 203)
İlham Azada evlənməyi, yazıb-yaratmağı məsləhət görəndə Azad “Gözəllər hamısı arvadımdır...”, – deyir. Bu misradan Azadın həyat fəlsəfəsi açılır. Onun düşüncəsinə görə, evlənəndən sonra daha sevimli, sevgili canan çıxa bilər, sonra isə boşanıb, başqa birini almağın mənası yoxdur. Onun bəstələdiyi mahnı da mənəviyyatı qədər cılızdır:
Evlən...
– Evlən!
Gözəllər hamısı arvadımdı,
Mən buna qol qoymaram.
Evlənərəm o yandan
Çıxar daha sevimli,
Başqa sevgili canan.
İlham Azadın sənətinin eyş-işrətə səslədiyini, şirin təriflərin onu yoldan çıxardığını söyləyir. İlham yaradıcılıq baxımından Azadı özünə rəqib hesab etmir. Çünki onun yaradıcılığını ciddi qəbul etmir. “Əli Azad obrazını о dövr üçün məqbul sayılan bir rənglə, yalnız qara rənglə, qara boyalarla təqdim etmir. Çünki elə-belə, adi adam deyildir, onun özünün heç də kiçik olmayan dinləyici auditoriyası vardır. Bu auditoriya heç də sıravi dinləyicilərdən ibarət deyildir. Onların sırasında konservatoriya təhsilli ifaçılar da vardır” (58). Hansı ki, onlar iclasda Azadın tərəfində durub onu və onun sənətini dəstəkləyirlər. Ancaq İlham sonuna qədər mübarizə aparır, əqidəsindən dönmür.
Qaldı ki, könlümüzdən,
Gələn səda, gələn səs.
Sən dediyin səsləri,
Hamı eşidə bilər
Sənətkar üçün isə,
Sükutdan da səs gələr. (47, 205)
“Xalqın nəğməsindən istifadə” adlı müşavirədə xalq ruhu ilə qidalanan yaradıcılıq çeşməsi ilə cılız istəklərin, alçaq ehtirasların zövqünü oxşayaraq bir ahənglə mahnı bəstələyən Azad və onun kimilərinin yaradıcılıq yolları qarşı-qarşıya qoyulur, sənət uğrunda mübahisələr başlanır. Azadın “Ay canım, bilirsən heç nədir muğam?” – sualına muğamın sirlərinə dərindən bələd olan İlham cavab verir. İlhamın cavabı Əli Kərimin musiqi sənəti haqqında düşüncələridir. Musiqi eşqinə bələd olan Əli Kərim “İlk simfoniya” poemasında müasirlərin xalq nəğməsindən səmərəli istifadə etməyə, göy kimi, yer kimi dərin olan bu dəryanın dərinliklərinə baş vurmağa, incilər seçib dünyaya səs salmağa çağırır:
Muğam elə dərin bir dəryadır ki,
Muğamdan min dəfə söz salmaq olar.
Amma muğamdan bəzən bəstəkar
Köçürür sadəcə çox nəğmələrin.
O, elə qəribə bir mənadır ki,
Onunla dünyaya səs salmaq olar” (47, 215)
“ – Qaldı ki, öz səsin bəs,
Qaldı ki, könlümüzdən,
Gələn səda, gələn səs,
Sən dediyin səsləri
Hamı eşidə bilər.
Sənətkar üçün isə
Sükutdan da səs gələr”. (47, 205)
Əli Kərimin musiqi sənəti üçün dedikləri bədii ədəbiyyat üçün də eyni dərəcədə vacibdir. Musiqişünas da, yazıçı, şair də sükutun səsini belə dinləməyi bacarmalıdır.
İlhamın həqiqət oxlarına tuş gələn Azad intiqam hissi ilə alışıb yanır:
“Bir Nigar olarmı heç
Bu gözəl Nigar kimi?
Onu qucaqlar Azad,
İlhamı dağlar Azad,
Onda bilər ki, İlham,
Sevimli bəstəkaram”. (47, 206)
Poemanın ibrətamiz və dramatik süjet xətti vardır. Azadın bu qərarından sonra süjet dramatik xətt boyunca hərəkət edir. Azadın Nigarla dialoqundan məlum olur ki, Azad Nigar kimi ala gözlü, şirin dilli, ağıllı, kamallı, musiqi duyumlu, uca qamətli bir qız sevmək, məhəbbət yollarında, qəm, iztirab, həsrət çəkmək istəyir. Onun bu sözləri Nigarı həyəcanlandırır:
“Sönmüş arzuların, ehtirasların
Külləri altında qalan bir közü
Közərtdi Azadın alovlu gözü”. (47, 209)
Artıq Nigarın fikri qarışmışdır. İlhamı sədaqətlə sevən Nigara birdən-birə nә oldu? Axı onların sevgisi adi, bir anda yaranan sevgi deyildir. Oxucu qəlbində yaranan bu suallara inandırıcı cavablar vermək əsl sənətkar məharətidir. Əli Kərimin poeziyamıza gətirdiyi yeni tərz, yeni üslub da bundan ibarətdir. O, Nigar obrazını tam qara rənglə vermir. Onun İlhama xəyanətinin səbəblərini aça bilir, qadın psixologiyasının dərinliyinə məharətlə enir. Nəticədə Nigar oxucunun qəzəbinə səbəb olsa da, nifrətini qazanmır. Çünki Nigar etdiyi səhvi tez dərk edir, Azadla görüşə gedəndə İlhamı gördüyünü zənn etdiyi zaman ruhi sarsıntılar keçirir, İlhamın saf məhəbbətini çirkləndirməmək üçün onu tərk edir və ömrü boyu peşmançılıq çəkir. Əli Kərim Nigar obrazını bütün dolğunluğu ilə təsvir edir. Sönən arzu və ehtirasları közərən Nigar ilk sözü, ilk idealı, hamıdan uca, şöhrətli, gözəl bir oğlanı sevmək xəyalını, oxuduğu roman qəhrəmanlarını, onların mənalı təsirini xatırlayır.
“Birisi qüdrətli, о biri təmiz –
İki hiss
Yaşadı qəlbində mübahisəsiz:
Bir gün coşdu amma, tufan
qopardı,
Aldı qucağına Nigarı onlar,
Hərəsi bir yana çəkib apardı.
Çaşdı bu tufanda fırlanan
Nigar”. (47, 210)
Bu misralar Ə.Kərimin “İki sevgi” şeirini xatırladır. Nigar Azadın parıltısına, gözəlliyinə, özünün dediyi kimi, “rəngarənglik eşqinə” aldanır.
Əli Kərim üslubunun ən səciyyəvi cəhətlərindən biri də odur ki, şair qəhrəmanların psixologiyasını onların monoloqları ilə məharətlə açır. Nigar düşünür ki, “Eh, bu gözdə, bu qaşda İlham olaydı, İlham. İlhama qurban ollam, Nə deyirəm, ay aman. Çıx, ey fikir, bəd fikir, Qara fikir başımdan” (47, 210).
Poemanın əsas obrazları olan İlham və Azad az və ya çox dərəcədə ətrafındakı adamlara bağlıdırlar. Beləliklə, poemadakı personajların münasibətlərini küll halında götürdükdə əsas obrazların xarakteri və əsərin ideya məzmunu daha dərindən aydınlaşır. Bu cəhətdən xala, Nigar və professor obrazları maraqlıdır.
Nigar İlhamın həyat yoldaşıdır. O, səmimi, mehriban, həmçinin mürəkkəb xasiyyətli bir qadındır. Onun uşaqlıq və gənclik illəri “kefdə, qonaqlıqda” keçmiş, vaxtının çoxunu “rəqslərin ümmanlarında üzməyə” sərf etmişdir. İndi də o, İlhamla evləndiyi ilk gündən də özünü xoşbəxt hiss edir. “Gündə bir-birinə yüz kərə vurulan” bu gənclərin həyatı bəxtəvərlik nəğmələri, günləri sevinc qəhqəhələri içərisində əriyir. Lakin sonralar Nigar Azadın ucuz şöhrətindən xumarlanır, onun bayağı, saxta eşqinin əlində əsir olur.
Nigar ürəyində xırda hisslərə yer verdikcə qəbahətli və nəcib ürəkli İlhamın qarşısında kiçilir və ruhi məyusluğunun ağır pəncəsində əzilir.
Şair zəif iradəli Nigarın hərəkətlərinə nifrət doğursa da, bu nifrətdə dərin bir hüzn də duyulur. O, Nigara, onun əməllərinə qəlbən acıyır. Buna görə də sonsuz əzab və peşmançılığın bədii ifadəsi olan məktub oxucunu mütəəssir edir:
…Vəfasızam,
Pis qızam,
Uzaqlarda yalqızam.
Gündüzüm qəm, gecəm qəm,
Yaşayıram hardasa.
Heç özüm də bilmirəm,
Yəqin deyirsən: “ölmüş!…
Ölməmişəm mən ölmüş.
Canımı almaq üçün
Əcəli tap, əmr elə.
Mən bir heçəm, barı sən,
Səadətlə ömr elə. (47, 236-237)
Şair Nigarın ancaq səhv və büdrəmələrini, keçirdiyi peşmançılığı göstərməklə kifayətlənmir. O, Nigarın hərəkətlərini axıra qədər izləməyə çalışır. Poemanın sonundakı lövhə bu cəhətdən maraqlıdır. Nigar öz yanlış hərəkətləri üçün vicdan məhkəməsi qarşısında titrəyib, iztirab içində boğulur:
Simfoniya susmayır,
Simfoniya çağlayırdı.
Elə bu vaxt uzaqda,
Yerə dikib gözünü,
Qucaqlayıb dizini,
Bir gözəl ağlayırdı. (47, 242)
Poemada üç qadın surəti var: İlhamın xalası, Nigar və Qəmər. Qəmər Nigarın rəfiqəsidir. Müəllimə olan Qəmər Azadı tərifləyən Nigara deyir: “Məncə, belə nəğmə az yaranmışdır. Onu dinləyəndə adam düşünür. Həyat başdan-başa mənaya dönür. Amma Azadınkı birtəhərdir ey… Bir az gurultulu nəğmələrdir…”
Bu həqiqəti görə bilən Qəmər oxucu gözündə ucalır, o, poemada az görünsə də, açıqgözlülüyü, səmimililiyi, utancaqlığı, həqiqi sənətə düzgün qiymət verməsi ilə diqqəti cəlb edir.
Poemada xala obrazı da maraqlıdır. Müəllif xalanın təbiətindəki gözəl keyfiyyətləri, qəlbindəki hərarəti, ürəyindəki səmimi sözləri, davranışındakı mənanı məhəbbətlə təsvir etmişdir. Xala İlhamı doğma balasından çox sevir, onu bir an belə qüssəli görəndə dözmür. Xala Nigarla canbir qəlbdə yaşayır.
Xalanın həyəcanında bir sakitlik, nifrətində bir hüzn duyulur. Onun bu nifrəti şərəfini, insanlıq sifətini itirməkdə olan Azada qarşı çevrilmişdir.
Filarmoniyada Azadın simfoniyası çalınan gecə xalanın şadlıq və fərəhi də bir neçə misrada yaxşı və təsirli şəkildə verilmişdir.
Lakin bununla belə poemada Nigarın və xala obrazının xarakterini daha dəqiq görməyə, təfərrüata bir ehtiyac duyulur. Xalanı sevməyə başlayan oxucu onun hərarətli ürəyindəki söz və arzuları eşitmək istəyir. Poemadakı xarakterlərin açılmasında müəyyən dərəcədə rol oynayan, əsas hadisə ilə çox bağlı olan Nigar obrazının xasiyyət və hərəkətlərinin dəyişmə prosesi bir qədər də geniş verilməli idi. Belə ki, onun Azaddan üz döndərməsi və birdən-birə “bu evdə gün görmədim, bu evdə şad olmadım” – deməsi göydəndüşmə olur. Doğrudur, müəllif irəlidə Nigarın “dəbdəbəli günlər keçirən” bir ailədən çıxmasına işarə edir. Lakin bununla belə, Nigarın xarakterinin açılması üçün həmin izahat az və natamamdır.
Əli Kərim poemada quru təbliğ yolu ilə getməmiş, obrazları və xarakterləri poetik bir tərzdə işləməyə, əsərin mərkəzində duran xarakterləri bütövlükdə, müfəssəl verməyə çalışmışdı. Təsvirdə yığcamlıq, hər cür detalı poeziyaya gətirmək isə müsbət bir xüsusiyyətdir. Şair İlhamdan danışarkən, məhz bu cəhətə daha çox fikir vermişdir. O, İlhamın xarakterini dolğun vermək üçün ən səciyyəvi hadisələri seçmişdir.
Şair poemada personajların əhvali-ruhiyyəsini, onların ətrafında baş verən hadisələri təsvir edərkən, zahiri effektdən qaçmış, laqeyd təsvirçiliyə, soyuqqanlı mühakiməyə uymamış, real həyatın bir parçasını vermişdir. O, poemanın əsas süjetini müstəqil xətt üzrə nağıl etməklə kifayətlənməyib, onu lirik-epik bir tərzdə inkişaf etdirmişdir. “Poemada təhkiyə və lirika, təsvir və tərənnüm bədii vəhdət şəklində meydana çıxmışdır” (22, 212).
Poemada insan xarakterlərini, psixologiyalarını açıb göstərmək, hadisə və predmetləri, təbiəti bütün əlvanlığı ilə canlandırmaq cəhətdən maraqlı olan bir sıra epizodlar vardır. Başqasının köməyi ilə həyatda özünə yol açmağı öz gənclik vüqarına sığışdırmayan İlham konservatoriyaya imtahan verərəkən qoca professora tanışlıq vermir. Bu, özlüyündə insan psixologiyasını açmaq cəhətdən gözəl bir faktdır. Bundan sonra xəbər tutan professorun düşüncələri daha orijinaldır:
Qoca fikrə getdi: – yamanca tərssən,
Amma təəssüf də eləmirəm mən.
Bunu əzəldən də bilsəydim əgər,
Yaxşılıq edərdim elə bu qədər,
Mənə hər talantlı adam qohumdur,
Mən də bir qocayam əqidəm budur. (47, 239)
Beləliklə, bu sözləri deyən professor hamıya bir gözlə baxan, yalnız istedadı qiymətləndirən obyektiv bir insan kimi nəzərimizdə ucalır.
Əsərdə İlhamın Xəzər dənizini seyr etməsi, iclas salonunda onun Azadla üz-üzə gəlməsi, Azadın evində Nigarın “sevda zirvələrindən yerə enməsi”, radioda “İlk simfoniya” çalınarkən onun uzaqlarda dizlərini qucaqlayıb ağlaması, habelə Azadın qonşudan radionu bağlamağı xahiş etməsi və s. bu kimi lövhələr təbii və qüvvətli verilmişdir.
Əli Kərim üslubunun ən səciyyəvi cəhətlərindən biri də odur ki, şair qəhrəmanların psixologiyasını onların monoloqları ilə məharətlə açır. Nigar düşünür ki, “Eh, bu gözdə, bu canda İlham olaydı. İlhama qurban ollam. Nə deyirəm, ay aman, çıx ey fikir, bəd fikir, qara fikir başımdan” (47, 210).
Poemada təsirli, ürəyəyatan bir şeiriyyət vardır. Şair öz qəhrəmanlarının ürəklərindəki döyüntüləri hərtərəfli sözlərlə verməyə müvəffəq olmuşdur.
Onun şeirlərindəki təsir qüvvəsi və emosional boyalar poemada daha dərindən duyulur:
Nələr deyəcəyini
Oxuyaraq gözündən
Öpdü dodağındakı
deyilməmiş sözündən.
Gözəl Nigar necə şən,
Gözəl Nigar sevincdən,
Göyrələrək ağladı,
Yar-yarı qucaqladı,
İki ürək döyündü,
Onların sinəsində.
İki ürəyi oldu
Bu vaxt ikisinin də. (47, 198)
Poemanın bu kimi parçalarında həyat haqqında müşahidələr, bədii faktlar ancaq qeyd olunmamışdır, burada hər şeydıən əvvəl şairin sağlam duyğuları, ehtiras və coşğunluğu hiss olunur. Bu da cansız, quru, dolaşıq təsvirlərə qaçmamaq meylindən irəli gəlir.
Poemada təhkiyənin ümumi ruhu ilə əlaqədar olaraq heca vəzninin müxtəlif şəkillərindən yerində istifadə edilmişdir. Təbiətin bir lövhəsini təsvir edərkən heca vəzninin yeddilik şəklindən, qəhrəmanın təhsil illərinə, yəni epik təsvirə keçərkən nisbətən bir qədər ağır və təmkinli olan ondördlük şəklindən istifadə olunmuşdur. Şair bəzi misraları qəsdən parçalamaq yolu ilə dinamikaya, daxili hərarətə diqqət yetirmişdir. Dənizin təlatümü, coşğunluğu belə təsvir olunur:
Su gəldikcə üzü bəri,
Dənizdəki yaş qayalar,
Elə bil ki, üzüb gedir.
Gedib, gedib, birdən vurur.
Dalğalara baş qayalar.
Dalğa gedib bir də dönür,
İndi daha gur görünür,
Gəlir dalğa, gəlir qaya,
Gör necə baş-başa dəyir,
Coşur dalğa,
Aşır dalğa.
Uçur dalğa birdən göyə,
Səpələnir parça-parça,
gilə-gilə.
Yenə gedir, yenə gəlir,
gülə-gülə. (47, 193-194)
Bu parçada heca vəzninin müxtəlif bölgülərindən müvəffəqiyyətlə istifadə olunmuş, aşıb-daşan dalğaların hərəkəti səslərin təkrarı yolu ilə çox müvəffəqiyyətli verilmişdir. Poemada belə gözəl, şairanə lövhələr çoxdur. Akademik T.Hacıyevin dediyi kimi, “İlk simfoniya” poemasını oxuyarkən əvvəldən axıra musiqi dünyasına düşürsən, buradakı obrazların timsalında musiqiçilərin sənət bəxtəvərliyini, ailə-məişət ziddiyyətlərini təbii lövhələrlə yaşayırsan (25, 9).
Burada təsirli bir vəziyyəti də xatırlayaq. Bəstəkarlar İttifaqında Azada rast gələn Nigar öz doğma evindən uzaqlaşır. Onun bir daha geri dönməsi təbiət hadisələri ilə çox üzvi şəkildə bağlanmışdır. Burada sanki təbiət qəhrəmanın taleyində iştirak edir. Əslində isə bədii bir vasitə kimi qəhrəmanın hərəkətinin yanlış və dürüst olmasını aşkara çıxarmağa kömək edir:
Dolandı həftələr, dolandı günlər,
Ay da başa çatdı, Nigar gəlmədi.
Günəş axşam batıb, göründü səhər,
Hər gedən qayıtdı, Nigar gəlmədi.
İnsafı harda qaldı,
Özü harda, gəlmədi.
Niyə Nigar gəlmədi?
Pəncərəni tutdu toz,
Tutdu qubar, gəlmədi.
Gündüz günəş, axşam ay,
Pəncərə qarşısında
Dayandı, fikrə daldı.
Açılmadı pəncərə.
Bu Nigar harda qaldı? (44, 51-52)
Məlumdur ki, hər hansı bədii əsərin əsas məziyyəti, hər şeydən əvvəl, orada həyat həqiqətinin nə dərəcədə doğru və düzgün əks etdirilməsi və ideyalılığı ilə müəyyənləşir. Məhz buna görə də bədii sənətkarlıq yazıçının həyatı hərtərəfli, dərindən görmək və əsərində əks etdirmək bacarığı ilə üzvi surətdə bağlıdır. Hər hansı əsərin, xüsusilə şeirin bədii üstünlüklərini, yazıçının sənətkarlığını təkcə ayrı-ayrı müvəffəqiyyətli təşbihlərdə, istiarələrdə, epitetlərdə, mübaliğələrdə deyil, həmçinin əsərin ümumi ruhunda axtarmaq lazımdır.
Əgər yazıçı həyat həqiqətini dərk etmişsə, onu daxilən yaşamışsa, müvafiq bədii təsvir vasitələrini yerli-yerində işlədirsə, o yazıçı sənətkarlıqda daha da kamilləşir və yetkin əsərlər yaratmağa müvəffəq olur. Bu cəhətdən Əli Kərimin işlətdiyi təşbihlər, bədii təyinlər, mübaliğələr və bədii təzadlar çox maraqlıdır. Şairin təşbihləri təşbiq xatirinə deyil, bədii təsvir vasitəsi rolunu oynayır. Məsələn:
O qız getdi, nə tez getdi,
Ən sevimli bir an kimi.
Dalğalandı ağ ətəyi,
Uzaqlarda gözdən itdi
Bir parça ağ duman kimi. (47, 195)
Həmin parçada şair Nigarın İlhamdan tez ayrılıb getməsini “sevimli bir an”a, onun ətəyini “bir parça dumana” bənzədir. Buradakı təşbihlər obyektin xarakter cəhəti ilə üzvi surətdə bağlanmışdır.
Poemada orijinal mübaliğələr də işlənmişdir. Öz səhvi nəticəsində Nigarın keçirdiyi xəcalət hissini göstərən şair kiçik, mənalı detallar seçmişdir:
İstədi ki, məhv olub,
Nə danışa, dinə o.
Dönə daşa, torpağa,
Bir heçliyə dönə o! (47, 228)
Poemadakı peyzaj da hadisələrlə, personajların əhval-ruhiyyəsi ilə dərindən bağlanmışdır. Xüsusilə yağışın təsvirini verən lövhə canlı və gözəldir. Bu lövhə hadisənin passiv fonu olmayıb, əsərdəki mövzunun açılması və inkişafi üçün xüsusi əhəmiyyətə malikdir.
“İlk simfoniya” poemasında bahar damcılarının təsviri həm təbiəti oxuculara sevdirir, onun gözəlliyi və rəngarəngliyi haqqında canlı təsəvvür oyadır, һәm də bəstəkar İlhamın şeiriyyətlə dolu olan təbiətə münasibətini, oradan aldığı təəssüratı gözəl ifadə edir:
...Yarpaqların ucundan
Damcılar axdı bu an,
Axdı, уеrә tələsdi;
Damcı yarpağa düşdü;
Yarpaq oynadı əsdi,
Damcı torpağa düşdü. (47, 188)
Bu “damcılar” poemanın hadisələri ilə bir məcraya axır, onlar tez-tez bir-birini qovur, buradakı yağışlar ilk baxışda sanki fasiləsiz yağır... Lakin maraqlıdır ki, Əli Kərimin təsvirləri hər yerdə yeni və orijinaldır. Ədəbiyyatşünas M.Əsgərovun yazdığı kimi, “bunların çoxunda bir şuxluq, nikbin əhval-ruhiyyə duyulur” (22, 156). Nəhayət, əsərdə məhz bu damcıların axışı nikbin bir əhval-ruhiyyə, həyata sevgi hissi ilə birləşmiş şəkildə ifadə olunmuşdur.
Şairin “İlk simfoniya” poeması lirik ricətlərlə bəzənmiş monumental epik poemalarımızdandır. Burada hadisələr müəyyən ardıcıllıqla verilmiş, biri digəri üçün səbəb-nəticə olmuş, dramatizm qüvvətlənmiş, qənaətbəxş kompozisiya quruluşuna nail olunmuşdur. Poemada lirik ricətlər epikliyə köməkçi vasitə kimi səslənir ki, bu da surətlərin daha canlı çıxmasına, müəllifin özünün münasibətinin aydınlığına dəlalət edir. Şair poemada maraqlı mövzuya toxunmuş və bunu tutarlı bədii ifadələrin gücü ilə rövnəqləndirmiş, əsərin bədii estetik keyfiyyətlərinə kamillik gətirmişdir.
“İlk simfoniya” poemasında Ə.Kərim ecazkar təbiət lövhələri yaratmaqla özünün təbiətə, onun əsrarəngiz gözəlliyinə məftunluğunu inandırıcı şəkildə ifadə etmişdir.
Damcı qaçdı damcıdan,
Damcı onu haqladı.
Damcı onu bircə an
Sanki göydə saxladı. (47, 188)
Yağış yağarkən yarpaqlardan süzülən damcıları şair necə də gözəl təsvir etmişdir. Şair “şıltaqlıq” edən damcıların rəqsini təsvir edir. Adi bir damcının dağ döşündə qalan qarın əriməsindən yarpağa, nəhayət, torpağa düşməsini bir ömür yolu kimi izləyirik. Bir damcının səyahəti şairin ətirli poeziyasının özünəməxsus tapıntısıdır.
Qayaları fikrə salan, dağdan dağa atlanan nəğmələri dinləyən oğlan: “Əksini çayda gördü, Arzusunu nəğmədə. Çox istədi ucadan bu arzunu nəql edə. Səs verdi o taydakı ən uzaq, gözəl səsə, oxuduqca oxudu, düşdü min bir həvəsə. Amma səsi çatmadı Uzaq dağlar başına, Bayaqkı səs batmadı, Aldı kəndi başına. Uşaq yaman xar oldu. Onun bu sirli dərdi, Nəğmədə xallar oldu (47, 189).
“Sirli dərdin nəğmədə xallara” çevrilməsi İlhamda ilahi verginin olduğunu göstərən əlamətdir” (58, 203).
Bu ilahi vergini Bakıda qonaq olduqları vaxt onlara qonaq gələn Eyvaz kəşf edir:
– Bacı, oğlun oğuldur,
Musiqi təbi vardır.
Sənətkar olacaq bu,
Oğlunuz bəxtiyardır. (47, 191)
Yeri gəlmişkən, qeyd edək ki, Altay Məmmədovun yazdığı kimi, “Əlinin “İlk simfoniya” əsərində Üzeyir bəy məktəbi keçmiş bir professor var: Eyvaz. Təəssüf ki, əsərdə dolğun obraz səviyyəsinə qaldırılmayıb, bəlkə buna heç ehtiyac da olmayıb. Lakin poemanın mərkəzində paytaxt musiqi həyatına donor ola biləcək bir obraz vardır – bu əsərin baş qəhrəmanı İlhamdır” (58, 199).
Poemanın təhlilinə yekun vurarkən sözümüzü tanınmış tənqidçi alim Məti Osmanoğlunun maraqlı bir mülahizəsi ilə bitirmək istərdik: “Bu yazı könlümə şeirlərdən düşən rəngli duyğuların işığında yaranıb. Çoxdan, lap çoxdan bədii sözü hiss etdiyim vaxtlardan o işıq duyğularımın başı üstündədir. O işığa hərdən çılğın bir musiqi də qoşulur. Bu poemada musiqinin, melodiyanın söz vasitəsilə ifadəsi, simfoniyanın sözə “tərcüməsi” Azərbaycan şeiri üçün təzə olduğu qədər də bədii fikrimizin yeni dövr üçün son dərəcə maraqlı bir hadisə oldu. Burada simfonik lövhə böyük sənətkarlıqla poetik tabloya çevrilir” (65).
“Həyat faktlarına xüsusi poetik yanaşma üsulu” nümunəsi şairin “İkinci simfoniya”dan sonra böyük rus şairi M.Y.Lermontovun Qafqaz səfərindən bəhs edən “Üçüncü atlı” (1958) poemasıdır. “Poema dilinin rəvanlığı, sadəliyi ilə canlı danışıq dilinə ustalıqla yanaşan, coşğun, dərin hissi ricətlərlə daha poetik olan süjetli poemalardan biri kimi seçilir. Əsərdə böyük klassik rus şairi M.Y.Lermontovun Şəkidən ötüb Şamaxıya gəlişi səfəri bədii dillə səslənir” (19).
“Bu poema şairin yaradıcılığının ilk dövrlərinə aid olsa da, fikir və mülahizələrinin səmimi və səlistliyinə görə oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. Əli Kərim “Üç atlı” poeması ilə ədəbi ictimaiyyətdə xoş təəssürat, yaxşı ümidlər yaratdı, öz nəfəsi, öz səsi və istedadı ilə sevildi” (7).
“Üçüncü atlı” poemasında rus şairi Lermontovun həyatının müəyyən zaman kəsiyindən və Qafqaza sürgün müddətində qədim Şamaxı şəhərinə tarixi səfərindən bəhs edilir.
“Üçüncü atlı” poemasında “İlk simfoniya”da olan məhəbbət macərası yoxdur. “İlk simfoniya” poemasında oxucu Nigar və İlhamın sevgi macərası ilə, ailə-məişət məsələləri ilə rastlaşırsa, “Üçüncü atlı” poemasında klassik rus şairi Lermontovun, Axundovun, azadlıq, insanpərvərlik kimi ictimai məsələlər haqqındakı düşüncələri ilə qarşılaşır.
Poemanın mərkəzində Əli Kərimin etiraf etdiyi kimi, “Sevirəm Qafqazı mən” şeirindəki hiss və duyğular əsas yer tutur. Dahi söz ustadının Qafqazın füsunkar təbiətinə, qədim mədəniyyətinə, qonaqpərvər ellərinə bəslədiyi məhəbbət hissi, eyni zamanda görkəmli gürcü şairi Çavçavadzenin Azərbaycanın görkəmli sənətkarı Axundovla tarixi dostluğu, iki uşaqla görüşü, xəyalları, düşüncələri poemada öz əksini tapmışdır. Bütün bunları yığcam, sadə bir süjetdə verən şair çətin və ağır bir işin öhdəsindən bacarıqla gəlmişdir.
“Qalın, sıx meşədəki bir cığır kimi, bu sujet də poetik ricətlərin, obrazların, təsvirlərin, müxtəlif bədii vasitələrin içindən keçib gedir. Ayrı-ayrı lövhələri, mənzərələri, epizodları, tarixləri, hadisələri bir-biri ilə sıx bağlayan, əsərin bütövlüyünə, möhkəmliyinə xidmət edən məhz bu süjetdir” (54).
Əli Kərim “Üçüncü atlı” poemasında tarixi şəxsiyyət olan Mixail Yuryeviç Lermontovun obrazını yaratmışdır.
M.Y.Lermontov (1814-1841) Rusiyanın görkəmli humanist şair və mütəfəkkirlərindən olub, XIX əsrin birinci yarısında yaşayıb-yaratmışdır. Əli Kərimin Lermontovu öz qəhrəmanı seçməsinə nələr səbəb olmuşdur? Bu sualın bir neçə cavabı ola bilər. Birincisi, Lermontov Şərq mövzusuna müraciət etmiş və Qafqaz xalqlarının həyatını, onların adət-ənənələrini çoxsaylı əsərlərində əks etdirmiş və nəticədə məşhur rus ədibi Azərbaycan xalqının sevimli şairlərindən birinə çevrilmişdir. İkincisi, “Rus poeziyasının ən yüksək zirvələrindən biri sayılan M.Y.Lermontovu tanıdan və sevdirən һәm də onun yaradıcılığında rast gəlinən insan və cəmiyyət, güclü şəxsiyyət problemlərinə yanaşma tərzidir”. Üçüncüsü, M.Y.Lermontov da Puşkin, M.Müşfiq və digər ölməz sənətkarlar kimi, namərd gülləsinin qurbanı olmuşdur. Dördüncüsü, Əli Kərim Lermontovun üsyankar şəxsiyyətində, azadlıq ideyalarında özünü, öz ideyalarını görürdü. Lermontov cəmiyyətin ən vacib problemlərini kəskin şəkildə ədəbiyyata gətirən ən barışmaz şair, yazıçı və dramaturqlardan idi.
Məmməd Əmin Rəsulzadə “Çağdaş Azərbaycan ədəbiyyatı” əsərində yazırdı: “Od gəlini”ni Cəfər “Çeka”dan çıxdıqdan sonra yazmışdır. Bu əsərdə atəşpərəst Azərbaycanın müsəlman-ərəb istilasına qarşı mübarizəsi təsvir edilir. Yeni sahiblər məmləkətin bütün zənginliklərini çapıb aparırlar... Tamaşaçılar üçün ‘‘ərəb’’ və “islam” sözləri yerinə “rus” və “kommunizm” sözlərini qoymaq mənanı aktuallaşdırmaq üçün kifayətdir” (67). M.Ə.Rəsulzadənin C.Cabbarlının “Od gəlini” əsəri haqqında dediyi bü sözləri Əli Kərimin “Üçüncü atlı” poemasına da şamil etmək olar. Yəni poemada Puşkinlərin, Lermontovların həyat eşqini söndürən Çar Rusiyası tənqid olunursa, həmçinin onun simasında M.Müşfiqlərin, H.Cavidlərin, Ə.Cavadların qətlinə fərman verən Sovet hakimiyyəti də tənqid atəşinə tutulur. “Üçüncü atlı” poemasının müasir ruhu da yaramaz ictimai quruluşun tənqidi ilə bağlıdır. Əli Kərim hakimiyyətə qarşı etirazını açıq şəkildə deyil, sətraltı mənalarda verir. Bununla yanaşı, poemada Azərbaycan xalqının gözəl adət-ənənələri, dilimizin gözəlliyi, heyranedici təbiət lövhələri və s. təsvir edilir.
Əkbər Əlioğlu “Əli Kərim dünyalı poeziya” adlı məqaləsində yazır ki, “Üçüncü atlı” poeması Azərbaycanın Rusiya ilə ədəbi əlaqələrinin tərənnümünə həsr olunmuş gözəl poemalarımızdan biridir. Maraqlıdır ki, son illər bu əlaqələri vəsf etmək gözəl ənənəyə çevrilmişdir. Məsələn, tanınmış gənc şairimiz Nəriman Həsənzadə “Zümrüd quşu” poemasında böyük rus şairi A.S.Puşkinin canlı obrazını yaratmağa çalışmış, onu A.Bakıxanovla görüşdürmüşdür... Hər iki poema Rusiya ilə mədəni əlaqələrimizin tarixini maddiləşdirmək istəyindən, böyük rus klassiklərinə dərin məhəbbətdən yaranan dolğunluqdur” (18).
Əli Kərim poemasında tarixi şəxsiyyətin Qafqaza səfərini, M.F.Axundovla görüşünü, ondan Azərbaycan dilini öyrənməsini, “Aşıq Qərib” dastanını yazıya almasını tarixi həqiqətlərə uyğun şəkildə təsvir edir.
Qafqaza vurğun olan rus şairlərindən biri də M.Y.Lermontov olmuşdur. Qafqaza ilk dəfə hələ uşaqkən gələn Lermontov bu yerin gözəlliyinə, təbiətinin əzəmətinə, sərtliyinə, məğrur ruhlu camaatına valeh olmuşdur. Qafqaz Lermontovun poeziya vətəni sayılırdı. O, “Qafqaz” şeirində ona uşaqlığını, anasının obrazını xatırladan bu уеrә sevgisini etriaf edir: “Sevirəm Qafqazı mən”. Əli Kərimin poemaya bu misranı epiqraf seçməsi də təsadüfi deyil. Lermontov 14 yaşında Puşkinin “Qafqaz əsiri” poemasını dəyişdirib yazmaqla poeziya yaradıcılığına başlamışdır. Lermontov Qafqaza həsr etdiyi ilk əsərlərini uşaqlıq xatirələri əsasında yazmışdır, sonralar Qafqaza sürgün olunanda “Demon”, “Rahib” kimi poemalarını yazır. Lermontovun Qafqaz poemalarına “Qafqaz əsiri”, “Çərkəzlər”, “Kanlı”, “Bostançı aulu”, “İsmayıl bəy”, “Hacı Abrek”, “Qaçqın”, “Mtsıri”, “İblis” daxildir.
Telman Cəfərov yazır ki, “qayğıkeş nənəsinin (Yelizaveta Alekseyevna Arsenyeva) himayəsi olmasaydı, Puşkinin ölümünə çox sərt münasibət bildirən və onun qətlində birbaşa çarı və onun əhatəsini günahlandıran və ifşa edən Lermontov (“Şairin ölümü”) daha sərt cəza ala və bəlkə də ən azı Sibirə sürgün edilə bilərdi”. Ancaq şairi “isti Sibirə”, yəni Qafqaza sürgün edirlər. 1837-ci ildə baş verən bu hadisə Lermontovu Azərbaycana gətirir (12).
Əli Kərim də poemasını Lermontovun Azərbaycana gəlişi ilə başlayır. Tiflisdə M.F.Axundovla yaxından tanış olan şair Axundovun sayəsində Qafqaz xalqları, onların adət-ənənələri ilə tanış olur. Lermontov Axundovdan Azərbaycan dilini də öyrənir. Əli Kərim bunu poemasında əks etdirmişdir:
“Kaş ki sizin dildə danışam aydın,
Kaş ki müəllimim özün olaydın.
– Mənim gözüm üstə. Sevindim düzü.
Başla, ilk sözümüz “öyrənmək” sözü” (47, 251).
Lermontov dilimizi çox bəyənir və poemada da dilimizin ecazkarlığından danışır. Lermontov 1837-ci ildə dostu Rayevskiyə məktubunda yazırdı: “Tatar dilini (Azərbaycan dili) öyrənməyə başladım. Burada və ümumiyyətlə Asiyada bu dil Avropada fransız dili zəruri olduğu qədər əhəmiyyətlidir” (12).
Lermontovla Axundov çox yaxın ideya, könül dostları olurlar. Əli Kərim də onların dostluğunu çox gözəl verir.
Poemada Lermontovun atlı yoldaşlarından biri, yaxın dostu Çərkəz İsmayıldır. Çox maraqlıdır ki, Lermontovun “Çərkəz” və “İsmayıl bəy” adlı poemaları vardır. Əli Kərim bu obrazı şairin əsərlərindən təsirlənərək yaratmışdır. Lermontovun “Qafqaza” şeirində də şairin çərkəzə müraciətini görürük:
“Yenəmi səslənəcək
Şöhrət, qızıl və zəncir?
Çərkəz, qayıtmır gedən –
Şirin olsa da, ətri...”.
Kifayət Haqverdiyev “Mixail Lermontov Qusarda: Hacı Məhəmmədin üsyanı, qaragözlü Zöhrə, at belində macəralar...” adlı məqaləsində yazır ki, Qusarda Lermontov yerli alim Hacı Əli əfəndi ilə tanış olur, elə burada da aşıq Ləzgi Əhmədin dilindən “Aşıq Qərib” dastanını dinləyir və eyniadlı əsərini yazır. Əli Kərim isə poemasında Mirzə Fətəlini Tiflisdə alim Əli adlandırdıqlarını qeyd edir.
Professor Tofiq Hüseynoğlu yazır ki, “tarixçi daha çox kəşfiyyatçıdır... yazıçı isə ixtiraçıdır” (30, 96). Əli Kərim də tarixi faktları dəyişdirib bədii don geyindirə bilər.
Əli poemada Lermontovun alim Əlidən eşitdiyi “Aşıq Qərib və Şahsənəm” dastanını aşıqdan dinlədiyini təsvir edir. Əli Lermontovu xalq sənətini, poeziyanı dərindən analyan sənətkar kimi verir və Lermontovun “Aşıq Qərib” dastanını xəyalında yazmasını təsvir etməklə əsərə xüsusi rəng, canlılıq gətirir. Nəticədə, oxucu hadisələrin reallığına inanır, Lermontovun eyniadlı əsərinin yaranmasının həmin aylı gecədə baş verməsinə inanır. Bu, Əli Kərim sənətkarlığının qüdrətidir.
K.Haqverdiyev məqaləsində yazır ki, qocaman jurnalist Faiq Zəkiyev yerli ağsaqqallardan məhz Qusarda Lermontovun qaragözlü Zöhrə ilə qarşılaşdığını və о qızın “Хәnсәr” şeirindəki qəhrəmanın prototipi olduğunu eşidir. Əli Kərim də qəhrəmanın həyat və yaradıcılığını dərindən bildiyi üçün qaragözlü Zöhrə haqqında da məlumatı vardır. Poemada Lermontovun sevgisini də təsvir edir. Məhəbbət haqqında әn yanıqlı dastanlardan olan “Aşıq Qərib”i dinlərkən şair sevdiyi gözəli düşünür:
Qara gözlərində yaş gülümsəyən,
Təbəssüm ağlayan о aşiqi mən
Sevirəm.
Gözlərim çox ağlamışdır,
Dərdim ürəyimdə daş bağlamışdır.
Tərpənir sinəmdə qəlb əvəzinə
Yerindən oynamış yanar çarpanaq,
Tale etdiyini edibdir mənə,
Olmuşam о qızdan, о yardan uzaq.
Vüsal birimizik, hicran birimiz,
Görüşə bilmirik onlar kimi biz. (47, 264-265)
Poemada Lermontovun qovuşa bilmədiyi məhəbbətindən yalnız bircə dəfə söz açılır.
Tarixi mənbələrdən də məlumdur ki, 1837-ci ildə Qubada üsyan baş verir. Əli Kərim zabitin sözləri ilə bu üsyana da işarə edir: “Söylədi: – Susmayır Qubadakılar. Özüm də bilmirəm bu necə işdir, Sinəmə belə dağ çəkilməmişdir”.
Lermontov da Quba üsyanını yatırmaq üçün göndərilir, ancaq о gələndə üsyan artıq yatırılmış olur. Zabit də üsyandan sonra dağlara çəkilmiş qaçaqlardan şikayətlənir.
Əli Kərim Lermontov kimi dahinin ölümünə heyfislənirdi. “Üçüncü atlı” poemasını da rus klassikinə dərin məhəbbətindən qələmə alır. Lermontov kimi dahiləri məhv edən zamana qarşı etirazını bu cür bildirir.
M.Y.Lermontov 1841-ci il iyulun 15-də Pyatiqorskda rus ordusu zabiti Martınov tərəfindən dueldə qətlə yetirilir.
“Üçüncü atlı” poemasında Lermontovun ölümünə işarələr vardır. Məsələn, qəlbinə “Demon”un təzə-təzə sətirləri axan şairin birdən ürəyinə damır:
“Vəfasızdır ömür mənə...
Qanun yaxın, sevinc uzaq –
Başım gora gedərmi sağ?”. (47, 257)
Yaxud da:
“Yenə də duydu ki, az yaşayacaq,
Düşündü: “Taledə namərdliyə bax!”
Onun yazdığını pozmaq istədi,
Qoyub qabağına neçə dəftəri
Birdən hamısında yazmaq istədi
Pyesi, poemanı, romanı, şeiri..” (47, 266)
Bu misralarda həyatdan nakam getmiş, qəlbində neçə arzu, kağıza tökülməmiş neçə əsər aparmış bir sənətkarın səsini, həyata qarşı üsyanını eşidirik. Əli Kərim poemanın sonunda Lermontova qarşı törədilən cinayəti də təsvir edir:
“Getdi yurduna,
Kəsildi səsi.
Atıldı ona
Namərd gülləsi”. (47, 272)
Əli Kərim də qəhrəmanı kimi, az ömür sürür. Ancaq hər iki sənətkar az ömür sürsələr də, özlərindən sonra çox zəngin yaradıcılıq irsi qoyub getmişlər.
Lermontov gözəl şair, yazıçı, dramaturq olmaqla yanaşı, həm də gözəl rəssam olmuşdur. Əli Kərim də poemada ən gözəl təbiət lövhələrinin rəsmini Lermontovun sözləri, düşüncələri ilə çəkir. Lermontov Qafqazda olduğu zaman vurğunu olduğu yaşıl təbiətin rəsmlərini çəkmişdir, о rəsm əsərləri indi də şairin ev muzeyində saxlanır.
Şairin poemaya epiqraf olaraq “Sevirəm Qafqazı mən” yarımmisrasını seçməsi heç də təsadüfi deyildir. Bəlkə də elə Əli Kərimə Lermontovu sevdirən də, bu poemanı yazdıran da bu şeirdir və Lermontovun Qafqaza olan sevgisidir. Poemada təkcə Qafqazın deyil, bütünlükdə Şərqin varlığı hiss olunur. Əli Kərim rus şairinin Şərqə vurğunluğunu, adət-ənənələrimizə, abidələrimizə, ulu keçmişimizə olan sevgi və məhəbbətini göstərir. Ədəbiyyatşünas Əhəd Hüseynov yazır: “...Obrazlı ifadələrlə, sözlə canlı lövhə çəkməyə meyl göstərən Əli Kərim bu yeni poemasında da bu zəruri tələbi unutmamışdır. İnsanlara və əşyalara verilən müxtəlif xasiyyət və görkəm saysız-hesabsız epitetlərlə bəzədilmiş, ziynətləndirilmişdir. Şair sadəcə olaraq “Azərbaycan dili gözəldir” demir, bəlkə də onun təmizliyini, “uşaq nəfəsi ilə, gözəlliklə, qədimliyini “məcrasında əsrlər axan” Araz çayı ilə müqayisə edir, onu şirinlikdə “xatirə dili”, “sərhəd yuxusu” adlandırır” (29).
Bu nöqteyi-nəzərdən “Üç atlı” poeması öz bəşəri mahiyyəti etibarı ilə diqqəti cəlb edir.
Tarixi mövzu üzərində işləmək və tarixilik içində müasirliyi göstərə bilmək bacarığı həmişə məsuliyyətli bir yaradıcılıq yolu olmuşdur. Əli Kərim bunun öhdəsindən bacarıqla gəlmiş, təsvir etdiyi dövrün – XIX əsrin ruhunu, havasını, ictimai-siyasi məsələlərini qeyri-adi şəkildə əsərinə hopdura bilmişdir. Bu cəhətlər poemada şair tərəfindən güclü işlənmişdir. Çar rejimi, Lermontovun sürgün edilməsi, Puşkinin ölümü, Səbuhi ilə görüşdəki söhbətləri, onların azadlıq idealları, bir sözlə, o dövrün əhval-ruhiyyəsi poemada öz əksini inandırıcı şəkildə göstərir. Altay Məmmədov qeyd edir ki, “poemada həmçinin fövqəladə görünə bilən hadisə, qarşı-qarşıya durub mübarizə aparan cəbhələr də görünmür. Əli bu əsərində öz qəhrəmanı Lermontovun mənəvi aləmində əks olunan konflikti göstərmək istəmir və buna görə də daha çətin yolla getmişdir (58, 223).
Əkbər Əlioğlunun da poema haqqındakı fikirləri eyni məzmun daşıyır. “Üçüncü atlı”da gərgin konfliktli keçən dramatizm, dinamika o qədər də qüvvətli deyil, ancaq bitkin süjet xətti vardır (21, 16).
Poema meşədə qonaqları qarşılayan, onlara nar təklif edən azərbaycanlı uşaqların sevinc hissinin təsvirilə başlayır, bu uşaqların qocalıq illərinin təsviri ilə də qurtarır. Əsərin əvvəlində qonaqların istəyilə yandırılan ocaq poemanın sonunda daha da şölələnir. Sanki yanan tonqalda onun kənarında oturan uşaqlar da böyük rus nəğməkarı haqqında nəyi isə xatırladır, nəyi isə danışır.
Azərbaycan və rus xalqları arasındakı dostluğun, qardaşlığın rəmzi olan tonqal müvəffəqiyyətli bir leytmotiv kimi bütün əsər boyu görünür.
Müəllif təbiətin qoynunda sakit görünən, xanəndənin, aşığın səsindən xəyala dalan, musiqinin bütün gözəlliklərinə daxilən məftun olan, azərbaycanlıların açıq ürəkliliyinə, qonaqpərəstliliyinə, cəsurluğuna qəribə bir heyranlıqla baxan Lermontovu ancaq müşahidəçi kimi göstərməmişdir. Müəllif bu sakit, bəlkə də müəyyən qədər ətraf mühitə etinasız göz yetirən insanın daxili narahatlığını da göstərməyə çalışmışdır. Qafqazın azad təbiəti, sərbəst insanları ona ağalar və qullar ölkəsindəki əsarəti, ictimai bərabərsizliyi bütün dəhşətilə xatırlatmışdır. Tiflisdə şair Çavçavadzenin sarayındakı ziyafət məclisindən yayınaraq Kürün sahilinə enən Mirzə Fətəlini və Lermontovu ancaq öz xalqlarının taleyi düşündürür.
Müəllif poemanın hər kiçik fəslində, Rusiyanın böyük şairinə ümumxalq məhəbbətini nümayiş etdirməyə çalışır. Həm də bu məhəbbət qarşılıqlıdır. Lermontovu Qafqazın təbiəti, xallarında elin hüznü, kədəri duyulan üç telli sazın təranələri, Aşıq Qəribin məhəbbət və sədaqət dastanı, “Şairlər məskəni” Şamaxıdakı qonaqpərvərlik, Azərbaycan dilinin incəliyi, rənagərəngliyi nə qədər məftun edirsə, Mirzə Fətəlini də rus xalqının taleyi, onun Puşkin kimi böyük zəkaları, Rusiyadakı ədalətsizliklərə son qoyulmaq məsələsi maraqlandırır, düşündürür. Lermontovun Azərbaycan dilinə məhəbbəti Mirzə Fətəlinin rus şeirinə, mədəniyyətinə olan sevgisi ilə həmahəngdir, uyğundur.
“Üçüncü atlı” poemasının çox yığcam fəsillərində şair böyük rus sənətkarının həyatının zaman etibarilə müəyyən bir qismini təsvir etsə də, şairin bütün həyatı haqqında aydın təsəvvür yaratmağa çalışmışdır.
Lermontovu zahirən çox fikirli, dalğın, kədərli vəziyyətdə təsvir edən şair bəzən onun bu görkəminə o qədər aluqəçilik göstərir ki, onun Rusiyadakı qanunsuzluğa, özbaşınalığa, hərc-mərcliyə olan sonsuz nifrət və qəzəbini ikinci plana keçirir. Sanki bu yerdə Lermontov “Əlvida ey natəmiz Rusiya” deyən, “azadlıq, dahilik və şərəf cəlladlarına” meydan oxuyan qəzəbli Lermontov deyildir. “Bir yanvar” şeirində başqalarının ağlasığmaz zəhməti, məşəqqəti hesabına ziyafət verən ağalara ikrah hissi ilə lənət oxuyan Lermontov Tiflisdəki ziyafətdən könülsüz, saymazyana uzaqlaşmaqla kifayətlənir.
Dağlıların ixtişaşlarını yatırtmaq üçün təşkil olunmuş “Vicdanına, paqonlarına qan çilənmiş”, “Ata çarın” dayağı olan Şirvan alayına Lermontovun münasibətində də müəyyən etinasızlıq, soyuqqanlılıq hiss olunur. Obrazın belə birtərəfli təsviri oxucunu qane etmir, böyük şairin coşğun, barışmaz təbiəti haqqında natamam təsəvvür oyadır. Şairin ətrafında cərəyan edən hadisələr haqqında müəllif özü danışır:
Sevinc əvəzinə, sevgi yerinə
Puşkinin qəlbindən bir güllə keçdi,
Dəydi yazılmamış əsərlərinə,
Neçə misrasını doğradı, biçdi.
Döndü, qurşun oldu nifrəti çarın,
Atıldı Dantesin tapançasından
Könlü yasa batdı Lermontovların
Mişel də şeirini yazdı bu zaman. (47, 247)
Bunlar özlüyündə müvəffəqqiyyətli misralar olsa da, Lermontovun daxili aləmi ilə bağlı deyildir. Obrazlı ifadələrə, sözlə canlı lövhə çəkməyə meyl göstərən Əli Kərim bu poemasında bu zəruri tələbi unutmamışdır. İnsanlara və əşyalara verilən müxtəlif xasiyyət və görkəm saysız-hesabsız epitetlərlə bəzədilmiş, ziynətləndirilmişdir. Şair sadəcə olaraq, “Azərbaycan dili gözəldir, zərifdir” demir, bəlkə onu “məcrasında əsrlər boyu axan” Araz çayı ilə müqayisə edir, onu şirinlikdə “xatirələr dili”, “səhər yuxusu” adlandırır.
“Üçüncü atlı” poemasında Qafqazın və Azərbaycanın təbiətinin rəngarəngliyinə geniş yer verilmişdir. Bu, çox təbiidir. Heç bir fəsildə şair təbiəti ancaq sırf gözəllik mənasında təsvir etməmiş, bəlkə onu insanın arzuları və sevinci ilə üzvi vəhdətdə götürmüşdür. Şair “Aşıq Qərib” dastanındakı kədərin böyüklüyünü təsəvvürə gətirmək üçün ətrafdakı uca dağların musiqi ahəngindən söz açır. Bu musiqi kədərli olsa da, insanda həyat eşqini, taleyə “qəzavü-qədərə” boyun əyməmək, yaşayıb yaratmaq həvəsini coşdurur. Təbiət insanın qayğısına möhtacdır. Lermontovun şairanə təbiətlə ünsiyyəti belə təsvir olunmuşdur:
Uzandı gecəylə, Ayla baş-başa,
Bağlarla bir yerdə, çəmənlə qoşa,
Təkliyi qoymadı xiyabanda tək,
Çığıra-çığıra qalmadı külək.
Qoymadı titrəyə, soyuqda tir-tir,
Qoynunda yer verdi soyuğa şair,
Yapıncı altında qızdırdı onu,
Bu qəmli gecəyə vurulduğunu
Açdı ağaclara, ota, yarpağa,
Verdi təbiətlə dodaq-dodağa. (47, 268)
İstər şənlik məclislərində, istərsə də ayrı-ayrı danışıqlarda şair yerli koloritin özünəməxsus cəhətlərini saxlamağa çalışır. Bəzən ayrı ifadələrlə təkcə bir ailənin deyil, bəlkə bütöv bir xalqın münasibətini aşkara çıxarır.
Şamaxıya gələn şair tək deyil. Ona bir rus zabiti, bir də İsmayıl adlı bir çərkəz bələdçilik edir. Yaxın kəndlərdən birinin kənarında şairin arzusuna görə onlar ocaq qalayırlar. Şair burada düşüncələrə dalır. Bu düşüncələrdə müəllif onu Tiflisdə Axundovla, Çavçavadze ilə görüşdürür. Özlərindən əvvəl onların (Axundovla Lermontovun) şərqiləri görüşür, əl-ələ verib böyük Puşkinin faciəli ölümünə ehtiram olaraq dərdləşirlər. Öz düşüncələrində şair Çar Rusiyasından şikayətlənir, ona lənətlər yağdırmaqla zəmanənin qanunları çərçivəsinə sığa bilmir:
– Məgər qanununmu quludur insan?
Əynimə gəlməyən bir paltar kimi
Sıxır, a qardaşım, qanunlar məni,
– Çiynimə yük olan paqonlar kimi,
Bir an isitməmiş heç onlar məni. (47, 249-250)
Qeyd edək ki, belə bir fikir M.Qorkinin “Meşşanlar” pyesində Teterevin dilindən də verilir. Orada Teterev həyatı, zəmanəni əyninə dar gələn paltar kimi səciyyələndirir.
Ocaq başında iki uşaq (Əhməd və Məhəmməd) şairə nar verirlər, ona Şamaxı yolunu göstərirlər. Dostlar Şamaxıya yollanarkən yenə şairin arzusuna görə ocaq söndürülmür. Əli Kərim poemanın sonunda yanar qalan həmin ocağı mənalandırır. Onu həm şairin Azərbaycana gəlişinin nişanəsi kimi səciyyələndirir, həm də şairin arzularının, ideyalarının qığılcımından doğan şölə kimi rəmzi xarakterə malik olduğunu bildirir: “Şairin qaladığı belə ocaqdan Hər yerdə hər zaman qaladı zamanı”. Bu da o deməkdir ki, Lermontov kimi yüksək amallarla yaşayan, “Azadlıq” odasına səs verənlər əyninə gəlməyən paltarları-qanunları parçaladılar. “Sibirə məktub”dakı gələcəyə çağırış, inam hissli ideyanı həyata keçirdilər – hər yerdə azadlıq ocaqları yandırdılar.
Şair Mixail Lemontovu öz poemasında el məclisinə aparır, qocanın oxuduğu aşıq mahnısına qulaq asdırır, haqqında Əlidən – M.F.Axundovdan eşitdiyi “Aşıq Qərib” və “Şahsənəm” dastanını qocanın səsində, onun sazında dinləyir. Azərbaycan gözəlinin lirik, incə, zərif rəqsinə heyran olur. Gözəlliyə heyranlığın əlaməti olaraq “Dustaq olan gözəlliyə dözə bilmir ürək” – deyə şair ani olaraq məclisi tərk edir, özünün “Demon”dakı şərq gözəlinin buradakı gözəldən nə qədər qeyri-təbii olması, cansız, sönük çıxması haqqında düşünür, oradakı rəqsin haqlı olaraq zərifliyi qənaətinə gəlir. Əli Kərim şairi heyran qoyan rəqsi ustalıqla qələmə almış, olduqca təbii və canlı dillə belə təsvir etmişdir:
O nə deyib,
Paltar geyib,
Ürəklərin alovundan
Fırlananda coşan zaman
Görünməyir incə beli
Göydə gəzir bəyin əli.
“A tarçı, tarı asta çal,
A zalım oğlu, tel hanı?
İncitmə yarı, asta çal,
Vallah üzüldü, bel hanı?” (47, 256)
Bundan sonra şair rəqs edən gəlinin həm vəsfini, həm də hüsnünü tərif edir, bizi gözəlliyə məftuniyyət dalğalarının qoynuna atır:
Boy ucadır, əllər uzun –
Sanki ülvi gözəlliyin
Güllərini dərmək üçün,
Heyran baxan gözlər iri –
Sanki bütün kainatı
Birdən-birə görmək üçün.
O gözlərdə neçə baxış,
Qovar biri, çəkər biri.
Könüllərin sarayını,
Yıxar biri, tikər biri.
Kirpiyinin hərəsində
Qalxıb-enir neçə ürək (47, 256-257).
Məclis dağılandan sonra şair çöldə açıq havada şərq gecələrinin (elə gecələrin ki, onun şeirinə Puşkin də, Tolstoy da, Qorki də, Mayakovski də, lirik rübablı Yesenin də məftunluqla qulaq asmışlar) heyranedici seyrinə dalır, “yatan gecəyə keşik çəkir”, “könlünə tökülən cümlələr onu “Aşıq Qərib”i yazdırmağa sövq edir.
Şairin Şamaxıdan getməsini, vida dəmini Əli Kərim heca vəzninin beş bölümlüyünə elə sığışdırmışdır ki, bu gediş uzun müddət insanı öz təsirindən ayıra bilmir. Eyni zamanda bu gediş lirik bir musiqinin son akkordlarını xatırladır.
Lermontovun şair təbiəti, Şamaxının və ümumiyyətlə Azərbaycanın füsunkar, şairanə təbiəti və bir çox başqa təsvir və xarakterlər poemada xüsusi poetikliklə öz ifadəsini tapır. Şair fərdi yaradıcılıq üslubuna sadiq qalaraq bir-iki günlük səfərin təsviri fonunda Lermontovu bir çox cəhətləri ilə oxucunun təsəvvüründə canlandırmağa, onun şairliyindən gələn incə və həssas olduğu qədər də, dəli-dolu xarakterini, qısa, lakin bir neçə normal insan ömrünü doldurmağa qadir olan hadisə və poeziya ilə zəngin olan həyat yolunu açıb göstərməyə müvəffəq olur. Bununla bərabər, əsərin əsas qəhrəmanının – üçüncü atlının xarakterini təqdim fonunda Əli Kərim onunla yol yoldaşı olan daha iki atlının – kinli bir müqəvva olan rus zabitini, igid çərkəz balası İsmayılı, böyük mütəfəkkir və poemada daha çox şair kimi təqdim edilən M.F.Axundovu, Azərbaycan aşıqlarının tipik bir nümayəndəsini, Şamaxı bəyləri və hacılarının ümumiləşdirilmiş obrazlarını da bir-iki epizod və təsvirdə səciyyəvi xarakter səviyyəsinə yüksəldir. Bu da şairin hər şeydən əvvəl xüsusi ümumiləşdirmə və tipikləşdirmə imkanları ilə əlaqədar şəkildə meydana çıxır. Poemanın əsas qəhrəmanı olan Lermontov Əli Kərim şeirinin mahiyyətini daha qabarıq şəkildə üzə çıxaran bitkin bir obrazdır. Şair onu bir tərəfdən konkret bir şəraitdə müəyyən bir milli kökə, zəminə bağlı olan şəxsiyyət kimi göstərir, digər tərəfdən də, ümumiyyətlə, tipikləşdirilmiş dünyəvi bir şair, poeziya övladı kimi ümumiləşdirir.
Həm də bu iki səciyyəvi cəhət bu obrazın təsvirində elə “qarışıq” tellərlə bir-birinə bağlanır ki, millilik və bəşəriliyin harda başlayıb-bitdiyini ayırmaq mümkün olmur. Əli Kərim özünün Nəsimiyə həsr etdiyi şeirində böyük Azərbaycan şairini ömrü və fəaliyyəti ilə hər şeydən əvvəl öz xalqına xidmət etdiyinə görə, xalqını əsl insanlıqdan, insanlığı isə xalqından ayırmadığına görə, nəticədə həm xalqının, həm də bəşəriyyətin övladı kimi tanınıb sevilməsini ümumiləşdirdiyi kimi:
O, altı yüz il qabaq
Dərisindən çıxaraq
Göylərə baxa-baxa
Dözüb hər məşəqqətə,
Getdi əbədiyyətə,
Al qanı axa-axa,
Yeridi,
gücü artdı,
Tarixləri qızartdı. (43, 92)
Şair “Üçüncü atlı” poemasında Lermontovun milli olduğu qədər də bəşəri hiss və duyğularını son dərəcə təbii cizgilərlə təsvir edir. Lermontovun Azərbaycan torpağında rast gəldiyi hər şeyə valeh olduğu zaman eyni zamanda assosiativ şəkildə Peterburqu, Puşkinin ölümünü, sevimli nəvəsini, uşaqlıq çağlarını anması, bu təəssürat və xatirələrdə bir ümumilik, bir yaxınlıq görməsi, xalqını sevdiyi üçün xalqından ayrı salınması və s. ümumiləşdirmələrdə məhz həmin milli-bəşəri ruh hakimdir. Əli Kərim başqa əsərlərində olduğu kimi, bu poemasında da bir şair kimi öz milli mənsubiyyətini də unutmur, yeri gəldikcə vətənini, doğma dilinin və musiqisinin gözəlliklərini, xalqını “vallah üzüldü, bel hanı” kimi obrazlaşdırdığı incəbel Azərbaycan gözəllərini yeri gəldikcə böyük məhəbbətlə təsvir və tərənnüm edir. Lermontovun dili ilə tərənnüm edilən poetik təsvirlərdə bu yerlərin övladı olan Əli Kərimin “arxadan gələn səsi” (A.Abdullazadə) daha qüvvətlə səslənir:
“Bu şirin dilini yaratmış, güman,
İlahi damağı çağ olan zaman,
Tar üstə, saz üstə bəsləmiş onu,
İlk dəfə avazla səsləmiş onu.
Bu dildə varlığın hər sədası var;
Bir neçə sait də düşməmiş kənar.
Nəniki, hər səsi, hər yarım səsi,
Dinlə sədaların zərrəsini sən.
Bu dil təmizlikdə – uşaq nəfəsi,
Gözəllik utanar bu incə dildən. (47, 261)
Və yaxud:
“Nələr yaratmadı musiqi birdən?”
Boynuna qol saldı əyri budağın,
Qorxdu ki, yer qaçar, təbiət qaçar,
(Hüsnə könül verib aşiq olmağın
Bir sevinci varsa, min kədəri var”.
Düşdü gah soyuğa, gah da ki, oda,
İnandı bircə an “Yaradana” da. (47, 263-264)
Akademik T.Hacıyevin söylədiyi kimi: “...Üçüncü atlı” poeması bu gün – Əli Kərimin ölümündən sonra xüsusilə təsirli görünür, daha yandırıcı səslənir – bir şairin ölümündən doğan həsrət yanğısı ikiləşir...” (27, 7).
Müəllif burada da mətləbi müxtəsər, aydın, tam ifadə etməyə çalışmışdır. Ehtirasla yazılmış poemada müəllif eyni zamanda oxucusuna digər iştirakçıları təqdim edir və onları fərdiləşdirməyə çalışır:
İkisi rus idi, birisi çərkəz,
Onların başçısı bir qaradinməz,
Kürən zabit idi, baxışında kin.
Adı İsmayıldı ikincisinin.
Çöldə ölümlərlə baş-başa yatmış,
Düşməni, qorxunu bir yerə qatmış,
Bu çərkəz oğlunun hünərdi yolu.
Üçüncü gah qəmli, gah dəli-dolu,
Gah da gözlərində küskün bir xəyal,
Gəncdi, yarımkürklü yaxalığı al,
Çiynində bir uzun qara yapıncı,
Belində qotazlı çərkəz qılıncı. (47, 243)
Bütün poema boyu yuxarıda rüşeym halında, ümumi şəkildə olan keyfiyyətlər obrazlarda inkişaf edir. Zabitin yoldaşlarına münasibətindən, hər addımda böyüklük etmək istəməsindən, yerli əhaliyə ağa münasibətindən aydın olur ki, o, padşahpərəst bir ailədə böyüyüb, harınlaşmışdır. Əsl mənasında Vətən, azadlıq, poeziya, şair məfhumları onun üçün anlaşılmazdır. Lermontovun bütün hərəkətləri onda gah təəccüb, gah da kin və qəzəb oyadır. Yeri gəldikcə Əli Kərim bu obrazı satirik dillə də sancır. Zabit Lermontovla olan mükalimələrində kəskin, ağıllı, hikmətli cavablar qarşısında həmişə axmaq vəziyyətdə qalır.
Poemanın bir yerində Lermontov sıralanmış dağların gözəlliyindən vəcdə gəlib, onları karvana bənzədərək həyəcanla deyir:
– Qardaşlar, ayılın, yeriyir dağlar!
Hər cür gözəllik hissindən, təbiəti duymaq hissindən məhrum olan zabit isə başını yerdən qaldırmır:
Zabit! Üç dəqiqə vaxta var, – dedi,
Qoyun qaydasınca dincəlsin adam,
Yuxum gəlməsə də, uzanacağam. (47, 252)
Zabitin iddiası çox böyükdür. Gecə qaçaqların qorxusundan rahat yata bilmədiyindən axan buluda da qəzəblənir, qaranlığa da acığı tutur. Ürəyinin lap içindən də belə bir iddia baş qaldırır:
“Bu Günəş nə üçün gecikir yenə?
Günəş də bircə gün soldatım ola”.
– Mən sənə deyirəm, Mixail, sənə,
Geyin paltarını, düzələk yola. (47, 253)
Əli Kərim, zabitin şəxsində eyni zamanda çarizmə xas olan bir sıra mənfur xüsusiyyətləri ümumiləşdirmişdir. Çirkin “ağalar-qullar aləminin” bu nümayəndəsinin şəxsində şair, çar Rusiyasının azlıqda qalan millətlərin dilinə, adətlərinə, ənənələrinə xor baxmasını göstərmiş, xalqların ruhunu, istək və arzularını anlamayanları ifşa etmişdir.
Bütün zəhmətkeşlərə öz xalqının gözü ilə baxan Lermontovun obrazı zabitlə müqayisədə daha yüksəklərə qalxır. Məhz bunun üçündür ki, bir neçə yerdə Əli Kərim Lermontovla zabitin arasında yerlə-göy qədər məsafə olduğuna işarə edir.
Üç atlıdan biri – Lermontovun dostu, pərəstişkarı, onun yolunda özünü ölümə verməyə hazır olan coşğun təbiətli, az və kəskin danışan Çərkəz İsmayıldır. O, zabit kimi təhsil görməsə də, mənən ondan çox-çox yüksəkdə durur. Dağlar qoynunda boy atmış bu adam şairin ürəyindən keçənləri daha tez duyur, onun kədər və sevinci ilə yaşayır. Lermontov da onu “gözəl dostum” deyə çağırır. O da Lermontov kimi, təbiəti duyan, təbiətlə yaşayan insandır, çünki dağlar qoynunda böyümüş bu çərkəz balası əxlaqca saf, mənəviyyatca təmizdir. Çərkəz İsmayıl Lermontovu nə qədər sevirsə, zabitə bir o qədər kin bəsləyir. Əli Kərim istər zabit, istərsə də Çərkəz İsmayıl haqqında az danışır, ancaq hər ikisinin fərdi xüsusiyyətlərə malik, yaddan çıxmayan obrazlarını yarada bilir. Burada da Əli Kərimin sənətkarlığı öz qüdrətini göstərir, şair sərrast fərdiləşdirmə istedadından istifadə edir. Zabit də, Çərkəz İsmayıl da oxucunun yaddaşına həkk olunur:
“Yanır İsmayılın qaynar gözləri,
Yaxşı başa düşür bizim sözləri”. (47, 246)
Şairlə onun ürəyindən bir-birinə yol var. Söz yox ki, Çərkəz İsmayılın Lermontova olan bu münasibəti şairin ona və onun xalqına olan münasibətindən doğmuşdur. Çərkəz İsmayıl bu iki zabit mundirli adamın tamamilə başqa-başqa şəxslər olduğunu yaxşı seçmişdir. Onda Lermontova nə qədər məhəbbət varsa, zabitə qarşı bir o qədər kin və nifrət vardır:
– Mixail, keyfini açım deyə mən,
Öldürüm bu iti, istəsən əgər.
– Gəl gedək, İsmayıl, qızışma görək,
İtdən ölümü qoruyaq gərək. (44, 108)
Poemada Lermontovgilə rast gələn iki kənd uşağının portretləri də şair tərəfindən aydın çəkilmişdir:
Uşağın birisi dilli-dilavər,
Bütün suallara o, cavab verir,
Amma ikincisi dilsizdir, nədir,
Tutub papağını üzünə gülər.
O, bunun yerinə danışar, coşar,
Bu onun yerinə qızarar, çaşar.
O deyir: “Gedəyin, qonaq olun siz”,
Bu isə göz dikib çarıqlarına,
Xəlvəti baxırdı “qonaqlarına”. (44, 100)
Əli Kərim öz obrazlarının gələcəyini aydın görə bilir. Obrazın inkişafının nəticəsi onun xarakteri ilə möhkəm rabitədə verilir. Məsələn, əsərin finalında aydın olur ki, dilli-dilavər uşaq böyüyüb döyüşlərdə ölür, o utancaq isə “bu günə qədər yaşayıb” bizi də görür.
Əsərdə Lermontovun M.F.Axundovla görüşü, söhbəti də maraqlı təsvir olunmuşdur. Burada Mirzə Fətəli oxucunun nəzərlərində azadlıq eşqi ilə alışıb-yanan, puşkinlər, lermontovlar Rusiyasına dərin məhəbbət bəsləyən bir insan, bir mütəfəkkir kimi canlanır:
Səbuhi danışır, Səbuhi gülür,
Hərbi köynəyinin döşündə əli.
Gah filosof olur, gah şair olur,
Deyərsən danışır neçə Fətəli. (47, 250)
Poemada Lermontov coşğun, ehtiraslı, həssas müşahidəçi, ürəyində yüzlərlə şeir bəstələyən hazırcavab, bəzən uşaq kimi sadəlövh, bəzən zamanın bütün keçməkeşlərinin sirrini duyub dərk etməyə çalışan filosof kimi verilir. Poemada bütün iştirakçıların xarakterləri Lermontovla bağlı olaraq açılır. Əsərdə hər şey – təbiət təsvirləri, meşələr, ağaclar, güllər, çiçəklər də Lermontovun xarakterini əks etdirir. Lermontov Azərbaycanı, onun tar üstə, saz üstə bəslənilmiş dilini, füsunkar meşələrini, təbiəti danışdıran, ürəyin bütün tellərini lərzəyə salan musiqisini, qonaqpərvər, mərd insanlarını, gözəl adət və ənənələrini sevib, onlara böyük ehtiramla yanaşan gözəl xasiyyətli bir adamdır.
Müəllif Lermontovu təsvir edərkən öz boyalarını, öz məhəbbətini əsirgəmir.
Şair taxtın üstə uzandı səssiz,
Başının altında əlləri çarpaz...
Bir deyin, insafmı, mürvətmi bu da
Çəmən çöldə yata, şair otaqda?! – deyir. (47, 268)
Lermontovun hərarətini, alicənablıq və insanpərvərliyini aşağıdakı misralar necə də gözəl ifadə edir:
Qoymadı titrəyə soyuq da tir-tir,
Qoynunda yer verdi soyuğa şair. (47, 268)
Lermontov gözəlliyi, xalq hikmətini duyan, qədir bilən bir insadır. Onun aşıqla mühakiməsi, xalq müdrikliyinə heyran qalması xarakterinin bu tərəfini gözəl göstərir.
Əli Kərim bu poemasında da heca vəzninin müxtəlif bölgülərinə müraciət etmişdir. O, istər şeirlərində, istərsə də poemalarında vəznə, bölgüyə, ahəngə çox diqqət yetirmişdir. “Əsl sənət əsərində, əsl şeirdə ahəng təsvir olunan predmetlə, obrazın əhval-ruhiyyəsi ilə həmahəng olmalıdır” (58, 229).
Poemanın sonunda ocaq təsvir edilir. Ocaq bir simvoldur. Şairin qaladığı belə ocaqdan “hər yerdə, hər zaman qaladı zaman”. “Bu o deməkdir ki, Lermontov kimi yüksək amallarla yaşayanlar, “Azadlıq” odasına səs verənlər əyninə gəlməyən paltarları – qanunları parçaladılar. “Sibirə məktub”dakı gələcəyə çağırış ideyasını həyata keçirtdilər. Hər yerdə azadlıq ocaqları yandırdılar” (21).
Azərbaycanın zəngin şeir formalarından bacardıqca çox işlətdiyinə görə Əli Kərimin şeirləri yeksənəq olmur, poemalarındakı ürəkaçan əlvanlıq da elə buradan irəli gəlir. Əli Kərim beşlikdən də, səkkizlikdən də bacarıqla istifadə edir. Az işlənən beşliklə o, bu poemada həm gözəl xarakter yaratmağa, həm də şeirə dinamika verməyə nail olmuşdur.
Əsl sənət əsərində, əsl şeirdə ahəng təsvir olunan predmetlə, obrazın və şairin özünün əhvali-ruhiyyəsi ilə həmahəng olmalıdır. Ahəng şairin tərənnüm etmək istədiyi predmeti qavramağa, yaşamağa başladığı andan başlayır.
Şair tərənnüm obyektini nə qədər dərindən, nə qədər hərtərəfli, nə qədər dəqiq qavrayırsa, ahəng də bir o qədər təsvir obyektinin və ya şairin özünün əhval-ruhiyyəsinə uyğun gəlir. Məsələn, Lermontovun aşığı dinlərkən aldığı təəssüratın, ən gərgin, ən həyəcanlı anın – şairin özünün ilhama gəlməsi prosesinin tərənnümünə diqqət yetirək:
Musiqi doldurdu sinəmi tamam,
Ordakı min şeir, ordakı ilham
Köpürdü, hayqırdı, səda da saldı,
De, şahə qalxmamış duyğumu qaldı?!
Könül uşaq kimi, ver, nə var, dedi.
İndi axşam idi,
səhər istədi.
Gecə də istədi səhərlə birgə,
Sevinc də istədi kədərlə birgə.
O görmək istədi eli, obanı,
Bir meşə qoynunda bütün cahanı,
Ulduzu, günəşi yerdən istədi,
Bütün fəsilləri birdən istədi.
Gecəni gündüzün yerinə qoymaq,
Gündüzü nur kimi gecəyə yaymaq,
Cahana min səda salmaq istədi,
Allahın allahı olmaq istədi. (40, 226)
Buradakı ritm ilham prosesinin daha canlı olmasına kömək etmişdirmi?
Bu, döyünən bir qəlbin ahəngi deyilmi? Hələ bütün poema boyu qığılcım kimi səpələnən təzə bənzətmələr! Bu bənzətmələr utancaq gəlin kimi tül arxasındadır. Əli Kərimdə müstəqim misralara rast gəlmək çətindir. Bütün misralar obrazlıdır. Cansızları canlandırmaq, dilsizləri dilləndirmək yolu ilə şair gözəl istiarələr və lövhələr yaradır:
Yağış ələndikcə ələnir narın,
Yağır qarşısında al şüaların,
Qırmızı bir yağış, yanar bir yağış,
Xeyir! Bircə rəngli deyildir yağış!
O, yaşıl talada yağır gümüşü,
Yağır təbiətin sözü, gülüşü,
Hələ ağacların kölgəsinə bax,
Yağır qara yağış, yağır boz yağış,
Yağır narın-narın, arasıra yağış,
Yağır o yanda da görünməz yağış... (47, 263)
Bu şəkil, bu lövhə Lermontovun aşığı, onun sazının ecazkar səsini, ürəklərə od salan “Aşıq Qərib” dastanını dinlərkən aldığı təəssüratın nəticəsidir. Burada həm Azərbaycan xalq musiqisinin qüdrəti, həm zəngin, rəngarənk Azərbaycan təbiəti, həm də Lermontovun bütün bunları çox həssaslıqla duyması göstərilmişdir. Əli Kərimin təbiət təsvirləri ona görə canlıdır ki, bunlar dəqiq, aydın olmaqla bərabər, bilavasitə obrazın daxili aləmi ilə bağlıdır:
Meşələrə bax,
Sanki nağıldı.
Baxanda qonaq
Dərdi dağıldı.
Yaşıl budaqlar.
Qovuşmuş necə,
Qaranlıqda var
Min illik gecə.
Quşlar ürküşür
Dəstəbədəstə,
Yarpaqlar düşür,
Quşların üstə.
Vələs yarpağı,
Çinar könlüm,
Çinar budağı,
Şama bitişmiş. (40, 220-221)
Əli Kərim detalların dürüst təsvirinə çalışır, bunlardan başqa hissləri göstərmək üçün də yaxşı istifadə edir. Lermontovla görüşə gəlib, onu qonaq aparmaq istəyən uşaqların su dolmuş ayaq ləpirlərinin təsviri oxucunun diqqətini hadisə yerinə yaxınlaşdırır.
Yoxdur o uşaqlar,
Sapsarı su dolub ləpirlərinə,
Həmin ləpirlərdə sərçələr çimir,
– Uşaqlar gələrək görüş yerinə,
Peşiman qayıdıb.
Həyata bax bir!
...O baldı qələmə, tənəyə, dağa...
– Neyləyim, ayrılıq namərdir dedi. (47, 271)
Hər şey gözümüzün önünə gəlir. Bu təsvir başqa böyük şeylərin üzərinə işıq saçır. Hər şeyin aydın görünməsinə kömək edir. Ləpirin təsviri başqa bir vəzifəni də görür. Uşaqların həqiqətən görüş yerinə gəlib qayıtmalarını bəs şairə kim deməlidir?
Lakin Əli Kərim poeziyasında gəlişi deyilişi, şəkli və ahəngi gözəl olub, konkret təsəvvürdən uzaq təsvirlərə də az təsadüf edilir. Toyda oynayan gözəlin təsvirində deyilir:
Süzür yenə,
Elə bil ki, görünməyən bir dəryada,
Üzür yenə rəqqasələr rəqqasəsi.
Boy ucadır, əllər uzun –
Sanki ülvi gözəlliyin
Güllərini dərmək üçün.
Heyran baxan gözlər iri.
Sanki bütün kainatı
Birdən-birə görmək üçün. (47, 256)
Buradakı bənzətmə zahirən nə qədər gözəl olsa da, boyun ucalılığının təsvirindəki “ülvi gözəlliyin güllərini” heç cür təsəvvür eləmək mümkün deyil.
Poemada bəzən şəkilli ifadələrə aludə olmaq meyli də nəzərə çarpır:
“İlhamı donmuş göy gözlərində
Gözümdə donar
küskün bir xəyal.
Lermontovla söhbət edən uşaqlardan birinin qarğıdan at minməsi də onun yaşına və danışıq tərzinə uyğun deyildir. Tarixi hadisələrdən də ayrılıqda, əsas obrazın taleyi ilə əlaqədar olmadan bəhs etdikdə, lövhə və ya hadisə cansız çıxır.
“Üçüncü atlı” poeması Azərbaycanın Rusiya ilə ədəbi əlaqələrinin tərənnümünə həsr olunmuş gözəl poemalardan biridir. Şairin bu poeması yığcam assomasiyaları, dilinin sadəliyi ilə də diqqəti cəlb edir və bu da poemanın orijinallığını, sənətkarlığını tamamlayan cəhətlərdən biri kimi qiymətləndirilir. Əlbəttə ki, bütün bunları şairin istedadının, yaratmaq eşqinin bəhrəsi, nəticəsi kimi başa düşmək lazımdır.
Bunlarla belə, oxunaqlı poemada dumanlı, çətin anlaşılan, qeyri-müəyyən söz və ifadələr vardır.
“Bu aylı gecəyə qonaqmı?”, “Kür göyə lillənən ayın nurudur” müqayisələri ilə yanaşı, Kürün dalğası “nurlu bir xəyala”, meşə nağıla, Metek qalası gəlinə bənzədilir. Poemada:
Sanki gecə deyil vüqarlığı sirr,
Gecənin səhərli yuxusudur: (?)
Aləmi qulcayan sükutdur, nədir?
Sükutun ən böyük arzusudur bu?
Yaxud:
Sonsuz üfüqlərdən üfüqlərəcən
Dünyanı fəth edən dəli bir vüqar?
Müqəddəs dizini qoymuşdu yerə?
Və ya:
Qəm kainatdı
Göy üzərində
Bir göyə bənzər (?)
Göy gözlərində
Ulduzlar gəzər –
kimi ifadələrə rast gəlirik.
Bu qüsurlarına baxmayaraq, “Üçüncü atlı” poeması Əli Kərimin “İlk simfoniya”dan sonra inkişaf etdiyini, söz ehtiyacının zənginləşdiyini göstərirdi.
Poemanın yazılma tarixi barədə yazıçı Anar “Əli Kərimin təbəssümü” adlı məqaləsində yazır: “1968-ci ilin iyulunda Azərbaycan mədəniyyəti günləri ilə əlaqədar Polşaya getmişdik. Biz Polşanın müxtəlif şəhərlərini gəzir, müharibə viranələri içindən boy atıb dirçələn məmləkətin bu günü ilə tanış olur, yeni evləri, geniş xiyabanları seyr edirdik, davanın hələ də sağalmamış xarabalıqları ilə rastlaşırdıq. Müxtəlif şəhərlərdə biz ikinci dünya savaşının cəbhələrində həlak olmuş polyak və sovet əsgərlərinin məzarlarına əklillər qoyurduq.
Polşanın azad olması uğrunda vuruşlarda həlak olmuş Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovun da məzarı bu ölkədəydi. Əli Kərim ona “Heykəl və heykəlin qardaşı” adlı poema həsr edib. Cəmil Əhmədovun vətənində – Cəbrayılda qəhrəmana abidə ucaldılıb. Heykəlin qardaşı – Cəmilin qardaşı, bütün həyatını, hərəkətlərini, insanlara münasibətini məsum və güzəştsiz ölçülərlə ölçür – Həlak olmuş qəhrəmanın igidlik meyarıyla Əli bu barədə yazıb” (4).
“Əgər Əli “Heykəl və heykəlin qardaşı” mövzusunu seçməyə cəsarətlənirdisə, bu onun daxili poetik gücünə, poetik enerjisinin qüdrətinə inamından doğurdu” (58, 241).
Əli Kərim “Heykəl və heykəlin qardaşı” poemasını 1969-cu ildə yazmışdır. Poema 8 fraqmentdən ibarətdir. Proloq, 1-ci fraqment “Heykəl uzağa baxır”, 2-ci fraqment “Coğrafiyadan “5”, 3-cü fraqment “Analar dünyası”, 4-cü fraqment “Ananın şifahi gündəliyi”, 5-ci fraqment “Qonşulara təsəlli”, 6-cı fraqment, 7-ci fraqment “Adsız qəhrəman”, 8-ci fraqment kimi adlandırılıb.
Şairin proloqda qeydindən də məlum olur ki, “Heykəl və heykəlin qardaşı” poeması Polşa uğrunda həlak olmuş Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədova həsr olunmuşdur. Poemadakı bütün obrazlar həyatdan götürülmüş prototiplərdir.
“Heykəl və heykəlin qardaşı” poemasında müharibə səhnələri ilə sülh dövrünün təsərrüfat – quruculuq mənzərəsinin poetik ritmləri sənətkarlıqla növbələşir, müxtəlif mövzular ustalıqla bütövləşir, adamlarımızın psixologiyası, mərdliyi, fədakarlığı, əməksevərliyi Ə.Kərimə məxsus cizgilərlə poetikləşərək oxucunun hisslərinə aşılanır. Professor Tofiq Hacıyevin qeyd etdiyi kimi, Əli Kərim insanların psixologiyasını, mübarizəsini, Vətənə olan qayğı və sevgisini incə ştrixlərlə poetikləşdirir (47, 7).
“Əli Kərim poetik detala münasibətdə fərqli, әnәnә ilə üst-üstə düşməyən bir sistem irəli sürürdü və hər bir şeiri ilə bu sistemi yaradırdı. Və məsələ təkcə “qeyri-poetik obyektə estetik, hətta simvolik bir məna” verməklə də bitmirdi, bu, belə deyək, məsələnin yalnız bir tərəfi idi” (80, 55).
Tənqidçi Cavanşir Yusiflinin bu fikirlərindən deyə bilərik ki, 60-cı illər poeziyasına yeni üslub tərzi ilə daxil olan Əli Kərim әnәnә ilə üst-üstə düşməyən yeni bir sistem yaradırdı və bu sistemin əsas halqalarından biri də “Heykəl və heykəlin qardaşı” poemasıdır. Əli Kərim bu poemada qeyri-poetik obyektə, yəni tunc heykələ estetik, hətta simvolik məna verir. Bu üslub tərzinə onun yaradıcılığında tez-tez rast gəlmək mümkündür. Məsələn, “Babəkin qolları”, “Bomba üstündə ev” və s.
“Əli Kərim poeziyası tapılan detalın simvollaşdırılması ilə bitmir, yaxud başlamır. Babəkin qolları – simvol deyil, bitib-tükənməyən bir metaforadır, elə bir metafora ki, semantik enerjisi etibarilə xalqın, millətin həyatını, taleyini, AZADLIQ uğrunda savaşını... sonsuz şeyləri az qala һәr bir dövrün musiqi yaddaşında һәkk edilən polifonik ladları ilə canlandırır” (80, 185). Bu fıkirləri Əhməd Cəmilin heykəlinə də aid edə bilərik. Heykəli əsərin əsas obrazlarından biri səviyyəsinə yüksəldən Əli Kərim onun simasında xalqımızın mərd, igid, vüqarlı, ürəyi bulaqlar qədər təmiz, namuslu oğullarını, azadlıq uğrunda mübarizəsini, Vətən sevgisini tərənnüm edir.
Cavanşir Yusifli daha sonra qeyd edir ki, “Bu üsulla, əslində, Əli Kərim simvola varmırdı, simvollar üzərində dayanıb, nəfəs dərib, nəsə qurub-yaratmırdı, bütün bunlardan hiss olunmayan bir jestlə vaz keçir, bütün diqqətini MƏTLƏBİ göstərməyə çalışırdı” (80, 185). Deməli, Əli Kərim üçün əsas mətləb idi. Şair heykəlin də, qardaşı Vaqifin də simasında qarşıya qoyduğu mətləbi ustalıqla aça bilir.
Altay Məmmədov “Tanıdığım Əli Kərim” adlı kitabında yazır ki, “Əli Kərim, ümumiyyətlə, bu əsərə olduqca güclü poetik enerji sərf etmişdir. Axı bu “İlk simfoniya” kimi tanış, işlənmiş, məhrəm mövzu deyildi. Əli Kərim poemanı fraqmentlərə bölərək, özünə sərbəstlik təmin etmiş, hadisələri konkret süjet çərçivəsinə salmışdır”.
Poemada tam gözəgələn sintaktik sərbəstlik hiss olunur, fikrin söylənmə tərzi xeyli yeniləşmişdir. Əli mütəmadi olaraq işlənmiş deyim tərzlərindən yaxa qurtarmağa çalışırdı” (58, 268-269).
Poema Əli Kərimin bir payız səhərində Cəbrayıla gəlişi ilə başlayır. “Poemanın əvvəlindən də məlum olur ki, əsərin yazılmasının əsl səbəbkarı Vaqifdi”.
“Soruşurdu yarpaq dilləri ilə:
Kimi axtarırsan, kimi?
Мәn Vaqifı axtarırdım,
Qəhrəman Cəmilin qardaşını –
Rayonun katibini” (47, 301)
Şair öz dili ilə hadisələri təsvir etməyə başlayır. Bəs şairin qəhrəmanı Cəmil kimdir? Cəmil Əhmədov uzaq Polşanın azadlığı uğrundakı ağır döyüşlərdə qəhrəmancasına həlak olmuş, məzarı Polşada qalmış, heykəli isə Vətəninə – Cəbrayıla, lap evlərinin yaxınlığına, ağsaqqal çinarın yanına, doğmalarının əhatəsinə qayıtmışdır. Əli Kərim qüdrətli poetikası ilə heykələ həyat, nəfəs vermişdir. Rayon mərkəzinə gələn Əli Kərimi elə ilk görüşdə heyrət almışdır:
“Gördüm Cəmili
Tunc geyimli,
heykəlliyində də
qayğıkeş,
cəsur,
sadə.
Sinəsini döndərmişdir,
həyatla
ölüm arasındakı səddə”. (47, 301)
Şair on doqquz yaşlı bu qəhrəmanın sifətində igidliyini əks etdirən sərt, ciddi, cəsur cizgilərlə yanaşı, bu yaşda olan yeniyetmələrə yaraşan paklıq, təmizlik, qayğıkeşlik, sadəlik ifadə edən cizgiləri də əks etdirmişdir.
Cəmil böyüdüyü çinarlı Cəbrayıla – kiçik şəhərə tam mənası ilə qovuşmuşdur. Ancaq:
“Kədərliydi bir qədər;
üç addımlıqdakı evlərinə
düşüb gedə bilmirdi
əbədiyyət kürsüsündən...” (47, 302)
Məzarı Polşada, özü isə həyata göz açdığı, həyətində ilk addım atdığı evin yaxınlığında dayanmış Cəmil – onun tunc heykəli doğma anası, atası, qardaşının qəlbində xüsusi əhval-ruhiyyə yaratmışdır. Cəmilin anası ağlayır:
“Oğul, durub burdan-bura
gəlmirsən!
Bu dərdimə sənsən çara,
gəlmirsən?!” (47, 302)
Ananın qəlb çırpıntılarını şair çox gözəl tərənnüm etmişdir. Ata isə susur və oğlu Cəmilə deyir:
“İndi böyük bir kişisən
mən qocayam,
məndən yaxşı
sən bilirsən
һәr işi sən.
Cəmil, xırda uşaqsanmı
qışqıram ki, axşam oldu.
Oynamısan, yorulmusan,
bəsdir, Cəmil” (47, 302).
On doqquz yaşında həyatdan köçsə də, ailə üzvlərinə görə Cəmil ildən-ilə yaşa dolur, onlarla birgə yaşlanır, tunc geyimindən çıxıb canlanır. Şair Cəmilin dilindən ata-anaya, ailə üzvlərinə səslənir:
“Axı, yenə postumdayam,
mən gəlməsəm, siz gəliniz.
Heç bir şey də lazım deyil,
Gətiriniz lalə, nərgiz” (47, 302).
Əli Kərim adi insanların görə bilmədiklərini şeir dili ilə canlandırır:
Bu çinar “Сəmilin vüqarında vuruşaraq, Avropadan müzəffər qayıdıbdır”.
Bu sular “Cəmilin gur səsində vuruşaraq, Avropadan müzəffər qayıdıbdır”.
Bu çiçəklər “onun arzularında vuruşaraq, Avropadan müzəffər qayıdıb”.
Bu şətəqlər “onun təbəssümündə vuruşaraq, Avropadan müzəffər qayıdıb".
Bu saf hava “Cəmilin nəfəsində vuruşaraq, Avropadan müzəffər qayıdıbdır” (47, 303).
Bu, Əli Kərimin tapıntısı idi. Cəmillə kim ünsiyyətdə olursa, qəhrəmandır. “Bənzətmələrin formasına diqqət yetirin: üslub təp-təzədir, metaforalar bakirdir, həm də güclüdür, enerjilidir. Cəmildə hər şeyə, bütün predmetlərə təmizlik, saflıq paylamaq, bəxş etmək qiidrəti var” (58, 250).
“Alar məni fikirlər:
Çinar qəhrəman!
Sular qəhrəman!
Şəfəqlər qəhrəman!
Çiçəklər qəhrəman!
Hava qəhrəman!
Cəmil qəhrəman!” . (48, 303)
Əli Cəmil haqqında gah özü danışır, gah da qardaşı Vaqifin və anasının dili ilə danışır. Şair bizi əsərinin digər qəhrəmanı Vaqiflə, onun düşüncələri ilə tanış edir. Əvvəlcə Vaqif obrazının prototipi ilə tanış olaq. Altay Məmmədov bu haqda “Tanıdığım Əli Kərim” adlı kitabında geniş məlumat verir. Müəllif diqqəti əsərin adına çəkir və Əli Kərimin əsərlərinə ad seçməkdəki qeyri-adiliyini Hüseyn Cavidlə müqayisə edir.
A.Məmmədov yazır ki, “Desə idilər ki, Əli raykom katibi haqqında poema yazıb və ya yazır, heç kəs inanmazdı, Əli estetik baxışları ilə belə mövzulardan yüz səksən dərəcə uzaq idi” (58, 257). Bəs Əlini bu mövzuya çəkən nə idi? Vaqif Əhmədovun mülayimliyi, açıqsözlülüyü, gözəl mənəviyyatı, mərdliyi, vəzifəsindən insanlara ancaq xeyir vermək üçün istifadə eləməsi, vəzifəsini itirmək təhlükəsi olanda belə sözü üzə deməsi, daxilən zənginliyi, şairlərə, incəsənət xadimlərinə hörməti, əsl həyat məktəbi olması Əlini onu əsər qəhrəmanı seçməyə həvəsləndirmişdir.
Poemada heykələ dönmüş “canlı” Cəmilin qardaşı Vaqif Əhmədovun timsalında müasir rayon işçilərinin xarakterik cəhətləri əks olunmuşdur. Şair yazır ki, onu – katibi otağından çıxanda tuta bildim. Belə bir cümlə iş başında olan, xalqa, camaatla təmasda olan rəhbər işçinin gündəlik işini məzmunlu, dolğun göstərə bilir. Vaqif stol başında oturmaqdan daha çox zəhmətkeşlərin içərisində olmağı, onların arzu və tələblərinə qulaq asmağı, torpağın səsini, nəfəsini kabinetlərdə, iclas salonlarında deyil, torpağın özündə, onun geniş qoynunda dinləməyi xoşlayır.
Əli Vaqifdə müşahidə etdiyi bütün müsbət keyfiyyətləri artıq böyük şöhrət qazanmış, doğma yurda heykəlləşib qayıdan Cəmillə əlaqələndirir.
Şair Vaqifin “Cəbrayılın üstünə qəhrəmanlıq şəfəqi kimi çilənmiş Cəmil adlı səmaya” susaraq baxdığını görür. Vaqif də tunc heykəl qədər düşüncəlidir. Şair onun gözlərindən oxuyur:
“Anam – dərdli qarı
az qala çarşabını açıb
saxlamaq istəyir.
Cəmilin başına yağan
dolunu
yağışı,
qarı.
Elə əli ürəyinin üstədir.
Gah deyir ki, “qaranlıqdır,
Cəmil darıxar”.
Gah da: “ona soyuqdur,
İstidir”(48, 302).
Bu misralardan gecə-gündüz oğlu üçün narahat olan, onu qorumağa çalışan dərdli ananın hıçqırıqlarını eşidirik. Vaqif bilir ki, qəm-qüssənin әn ağırı onu dünyaya gətirən ananın çiyinlərindədir. Vaqif hərdən qardaşının sağ olmadığını unudur, evlərinə qonaq gələndə onu da çağırmaq istəyir, ona layiq bir qız görəndə ürəyində “toy” sözü partlayır. “Toy sözü partlayır” ifadəsi şairin tapıntısı idi. Əlinin bu əsəri də yeni ifadə vasitələri ilə zəngindir. Çox halda “ürəyindən toy keçir” şəklində işlənən ifadə psixoloji məqamına görə “toy partlayır” formasını almışdır.
Vəzifədə olmaq məsuliyyətli işdir. Birinci katibin vəzifəsinə canıyananlıqla yanaşmasının səbəblərindən biri Cəmildir, onun şöhrətidir. Vaqifın işinə qayğıyla sarılması qardaşının xatirəsinə olan dərin ehtiramdır. О bilir ki, az işləsə, Cəmilin şan-şöhrəti azalacaq. Bu işi düzgün yerinə yetirməyəndə Cəmilin şöhrətinə toxunacaq.
“Bir məsələ yönə düşməyəndə
qır-qıc olub quruyuram.
Axı mən bizi
Rusiya çöllərində,
Avropada qoruyanın
şöhrətini qoruyuram.
Мәn saxlamaq istəyirəm
onun şöhrətini
evdəki paltarı kimi
təmiz,
ləkəsiz,
təzə”. (48, 304-305)
Cəmil də, Vaqif də eyni ailədə, eyni mühitdə böyümüş, təmiz arzularla yaşamışlar. Cəmil kimi Vaqif də müsbət ideallarla kodlaşdırılıb, intəhası Vaqifin ali keyfıyyətlərinin düşdüyü sonrakı mühitdə zədələnə biləcəyi təhlükəsinin qarşısını Cəmilin şöhrəti almışdır. Cəmil özünün ədaləti, düzgünlüyü ilə, bütövlüyü, qorxmazlığı ilə Vagifin varlığına hopmuşdur.
Əli Kərim nə qədər Vaqifi diqqət mərkəzinə çəkməyə çalışsa da, onun gözlərindən də, sözlərindən də, səsindən, nəfəsindən də Cəmil görünür, Cəmil boylanır. Öz işlərindən danışmır, onun yerinə Cəmildən söhbət açır: “Asandırmı onun şərəfli, həm də ağır şöhrət yükü altında yaşamaq, anama, atama, qardaşıma, mənə – bizə!” (58, 256).
Vaqif şəxsiyyətinə uyğun gəlməyən belə bir etiraf edir: “İstəyirəm daha çox hörmət qazanım. Ancaq növbəti misraları oxuduqda Vaqifin məqsədini aydın görürük: “Bu hörmət, gərək çətinliyin dəmir caynaqlarından alına”. Vaqif bu hörməti Cəmilin pyedestalının altına qoyub, vüqarlı, nurlu insanın daha uca olmasına çalışır. Cəmilin şöhrətinin, boyunun tuncda donub qalmasına razı olmayan Vaqif deyir: “Cəmilə həsr edəcəyəm Ömrümü ömrüm boyu. Nəyə lazım nəfəssiz, həyatsız heykəl?! Qolsuz-qanadsız heykəl. Amma heykəl böyüyərmiş nə çətin; bahasına dağdan ağır zəhmətin. O, hər xırda-para raportu, işi, xeyirxahlığı qəbul etməz; dayanıb vüqarlı, Ətrafı əbədiyyət hasarlı”. Cəmil hər an, iclasda da, məclisdə də, evdə də Vaqiflədir. Hər iclasda fəxri bir üzv kimi iştirak edir.
“Əli Vaqifin iç dünyasını tərəf-müqabilini zərrə qədər də şübhəyə salmadan müşahidə edib öyrənmişdir; min il qala Əli öz məqsədini, qarşısındakı barədə poema yazacağını dilinə belə gətirməzdi və min il qala heç Vaqifin də ağlına gəlməzdi ki, bu zərif şair onun barəsində nә isə yazmaq xəyalına düşə, o, Əlinin şairlik ampluasına bələd idi” (58, 261). Cəmil Vaqifin daxili aləmində idi. Vaqifə görə, bir söz deyildisə, yerinə yetirilməlidir. Necə ki Cəmil insanların xahişi olmadan, xəbərləri olmadan onları ölümdən qurtarıb, vəzifə başında olan da lap ölüm bahasına olsa da, “Olacaq!, Düzələcək!, Var!, Mütləq!” deməlidir. Vaqifın həyat fəlsəfəsi belə idi. Əlini də cəzb edən bunlar olmuşdur. Vaqifin səmimiliyi özünü bu misralarda da göstərir: “Gərək biləsən, camaatın süfrəsində bişmişin də, çiyin də”.
Əli Vaqifi oxucularına hörmət və məhəbbətlə təqdim edir. Əlinin xoşuna gələn raykom katibi dünyanın ən xoşbəxti olmalı idi. Çünki Əli müasirləri arasında ən saf, ən pak şair idi; onun ürəyinin güzgüsü də ən təmiz, ən düzgün əks etdirən güzgü idi. Vaqif də həmin aynada əsl siması ilə görünür.
Şair bu poemanı bir jurnalist kimi şərh edir. Üç nurani qocanı qəbul edən Vaqif sədrin baxmadığı məsələyə “Olacaq suyunuz!”, – deyib onları razılıqla yola salır. Şair Vaqifın һәr hərəkətini, hər düşüncəsini, hətta küləyin həyətdən katibin otağına gətirdiyi yarpaqları belə Cəmillə bağlayır:
“Pəncərədən tökülür
çiyinlərinə,
qələminin altına
külək əsdikcə
Cəmilin
tunc çiyinlərindən qopan
yarpaqlar, qızılı-sarı”. (48, 307)
Böyük Vətən müharibəsində həlak olmuş igidlərin ölməz xatirəsinə dərin ehtiram hissi, alman faşizminə sonsuz nifrət ruhunda yazılmış bu poema müəllifin mövzuya yanaşmaq tərzinə fraqmentin süjet qurma üsuluna görə Azərbaycan ədəbiyyatında orijinal əsərlərdən biri kimi tanınmaqdadır.
Əli Kərim yaradıcılığına daxil olan “O mənə danışdı ki...”, “Bir santimetr haqqında ballada”, “Ölülər ordusu”, “Göylər adamının himni” kimi poemaları da Azərbaycan ədəbiyyatının 60-cı illər poeziyasında özünəməxsus yer tutur.
Əli Kərim “O mənə danışdı ki...” poemasını 1964-cü ildə Kislovodskda yazmışdır. Poema yığcam süjet xəttinə malik olub, “Ayaqlar”, “Ayrılıq”, “Adsız fəsil”, “Açılmamış güllələrin yarası”, “Ana, hardasan?!”, “Ayıldım bir səhər” kimi başlıqlardan ibarətdir. Poema müharibədə bir ayağını itirmiş qəhrəmanın həyatından bəhs edir. Əli Kərimin “O mənə danışdı ki...” poemasında hadisələr şairin deyil, qəhrəmanın dilindən verilir.
Əli Kərim yaradıcılıq priyomundan məharətlə istifadə edərək, qəhrəmanına ad da vermir, onu sadəcə “O” çağırır. Bununla da şair, qəhrəmanını ümumiləşdirir, qanlı müharibədə başına müsibətlər gələn neçə igidin həyatını bu qəhrəmanın həyatından oxuya bilirik. Bu Əli Kərimin hadisələri və qəhrəmanları tipikləşdirmə bacarığından irəli gəlirdi.
Əli Kərim “O mənə danışdı ki...” poemasını kamillik dövründə yazmışdır, ancaq kəşflərlə yaşayan şair уеnә də forma axtarışlarında idi və buna görə də poema şairin digər poemaları kimi, başlıqlar şəklində verilmişdir. Poemanın başlıqlar şəklində verilməsi şairin hadisələri yığcamlaşdırmaq istəyindən irəli gəlirdi. Əsərdə hər başlıqdan sonra ona uyğun hadisələr təsvir olunur.
“O mənə danışdı ki...” poemasının başlanğıcında şair danışır ki, kurortda, bağda, göy meşələrdən axan dalğa-dalğa sərinliyin altında bir ortaboy, qarayanız kişi başına gələnləri danışır. Poemanın bu cür başlanması oxucunu ilk andan hadisələrin gerçəkliyinə inandırır.
Əli Kərim haqqında xatirələrdən, oğlu Paşa Əlioğlunun söhbətlərindən məlum olur ki, şair qarşısındakı hər kəsi sonuna qədər dinləyən, onların dərdini öz dərdi kimi yaşayan sakit təbiətli insan olmuşdur. Paşa Əlioğlu qeyd edir ki, uşaq vaxtı bizi Şimali Qafqaza aparırdı, gürcülərlə söhbət edirdi, onların həyat hekayələrini dinləməyi xoşlayırdı. Dərin müşahidə qabiliyyətinə malik olan şair bu söhbətlərdən əsərləri üçün mövzu seçirdi. “O mənə danışdı ki...” poeması da belə yaranmışdır.
Tənqidçi C.Yusflinin Babəkin qolları haqqında dediklərini “O mənə danışdı ki..” poemasının qəhrəmanının müharibədə itirdiyi ayağına da aid edə bilərik. Belə ki, bu ayaq təkcə simvol deyil, xalqın tarixini, faciəsini göstərən metaforadır. Əli Kərim “Bir ayağım burda, bir ayağım orda” adlı pyes də yazmışdır.
“Qəribəydi... Dediyim bu mehriban adam
Söyləyəndə – bu yerlərdən ayrılammaram,
Çox da bura Bakı deyil, xeyli xırdadır,
Ayağımın biri burdadır”. (48, 273)
Qəhrəmanın burda itirdiyi təkcə ayağı deyil, həm də arzuları, dostları, həyatının әn mənalı illəridir. Poemanın sonunda da məlum olur ki, qəhrəman hər yay gəlib köhnə dostları ilə görüşür.
Əli Kərim həyatın elə detallarını seçib poeziyaya gətirirdi ki, insanı həmişə düşünməyə vadar edir. Şairə görə, poeziya intellektual olmalıdır, fikrə üstünlük verilməlidir. Paşa Əlioğlu da qeyd edir ki, Əli Kərim poeziyası intellekti xüsusi vurğulayan poeziyadır. Oxucunu düşüncələrə daldıran misralara hər əsərində olduğu kimi, bu poemasmda da rast gəlirik.
“Мәn utandım...
О utandı...
Nə isə andı;
Gəlib keçən bir əsrdi,
yoxsa ki andı.
Baş açmadım...”. (48, 273)
İnsan bəzən bir anın içində az qala bir ömrü xatırlayır. Kimisi üçün bir saniyə, kimisi üçün bir əsrə bərabər olur, yaxud da əksinə. Şair qəhrəmanın bu vəziyyətinə üzülür və səbəbini göstərir: “Buna bircə səbəb varsa, müharibədir”
“Ayrılıq” başlıqlı hissədə qəhrəmanın müharıbəyə yola salınmasından bəhs edilir. Şairin misralarından övladını odlu, alovlu müharibəyə yola salan ana-atanın keçirdiyi hissləri, davaya qarşı olan nifrətlərini duyuruq.
“O gözlərdə görürdüm
Davaya qarşı dava,
Ölümə qarşı ölüm,
Həsrətə qarşı həsrət.
Dünya boyda, işıqlı,
Böyük, odlu məhəbbət”. (48, 274)
Əli Kərim döyüşün ortasında olan bir əsgərin keçirdiyi hissləri, psixoloji məqamları necə də gözəl vermişdir. İnstitut əvəzinə, oda, alova girən gənc təcrübəsizdir. Şair qəhrəmanın dili ilə müharibəni, soyuq səngərləri, atılan bombaları təsvir edir və müqayisə üsulundan sənətkarlıqla istifadə edərək orijinal müqayisələr yaradır.
“Messerşmit səsi gəlir...
Bir az keçir, özü gəlir…
Kölgəsi də ötüb keçir
Başımızın üzərindən
Ölümün öz kölgəsitək.
Sürünür bu qara kölgə
Təyyarənin kölgəsitək”. (48, 275)
Şair düşmən təyyarəsini anaların bağladığı yaylıq qədər qara hesab edir. Bu qaralıq təkcə onun rəngi deyil, onun gətirdiyi qara tale, qara ölümdür. Göydən yağan bombalar insanların ümidinə, arzusuna, qəlbinə yağır. Parçalanan, göyə qalxan təkcə torpaq deyil, həmçinin ömürdür, ümiddir.
Əli Kərim müharibə səhnəsini təsvir edərkən psixoloji məqamları çox gözəl vermişdir. Düşmən üzərinə hücum çəkən əsgərlərin ayağı altında qalanları şair belə təsvir edir:
“Yüyürürük... Atlanırıq
Yiyələri görünməyən
İniltilər üzərindən.
Nələr, nələr üzərindən!
Xəyali bir son görüşün,
Məlallı bir son öpüşün,
Min nidanın üzərindən,
“Əlvida”nın üzərindən!” (48, 276).
Hər döyüşçünün öz həyat tarixçəsi var. Kimisi sevgilisi ilə son dəfə görüşüb, kimisi dil açmayan körpəsini qoyub gəlib. Şair müharibənin dəhşətlərini belə təsvir edir:
“Tapdayırıq bəlkə də biz
Son kəlməni, son nidanı,
Bura gələn bir ananı.
Nə yandırır bir gör məni:
Bəlkə elə tapdayırıq
Dil bilməyən bir körpəni”. (48, 277-278)
Neçə son görüşə nöqtə qoyan dabanlar neçə həyatın üzərindən aşıb keçir.
Atılan güllələr şairin qələmində dilə gəlir: “Bil ki, səni yeyəsiyəm”. Qəhrəman da onu izləyən güllə haqqında belə deyir: “Ә1 çəkməyir, Aşiq olub mənə, nədir, Yoxsa onun yiyəsiyəm?!” (48, 277).
Psixologiyanı dərindən bilən şair müharibənin insan həyatına vurduğu zərbələri fərqli şəkildə verir:
“Nədir görən bədənimdə,
Ürəyimdə küt ağrılar?
Sonra bildim hələ sənə
Toxunmamış güllənin də
Yarası var, ağrısı var”. (48, 277)
Toxunmamış güllə ifadəsinin altında müharibənin insana vurduğu fıziki və mənəvi zərbələr dayanır, bu zərbələr insanı ömrü boyu narahat edir:
“Duyursan о güllələri,
Bədənində
Qalmasa da yeri”. (48, 277)
Əli Kərimin əsərlərinin çoxunda olduğu kimi, bu poemada da Kür çayını görürük. Təbiətin oğlu olan şair qəhrəmanın dostu Vanonu təmkinlikdə dağa, coşğunluqda Kürə bənzədir. Qəddar müharibə Vanonu da qəhrəmanın əlindən alır. Mühasirədəki dəstəni xilas etmək üçün özünü fəda edən Vano dostunun qollarında son nəfəsini verir. Döyüşün ortasında ölmüş dostunu qucaqlayan qəhrəmanı təsvir etməklə kədərli səhnə yaradır. Bu səhnəni oxuyanda oxucunun da eyni hissləri keçirməsi şairin sənətkarlığından xəbər verir.
Əli Kərim həyatın hələ isti-soyuğunu dadmamış, institut yerinə oda, alova girən qəhrəmanın ölümlə ilk tanışlığını, keçirdiyi psixoloji vəziyyəti necə də məharətlə vermişdir:
“Мәn ilk dəfə tanış oldum
Qardan soyuq, gözdən odlu,
О öpdüyüm
boz sifətli ölüm ilə”. (48, 280)
Qəhrəman əziz dostunun gözündən baxan ölümü bir an doğma hesab edir. Dostunun kədər rəngli təbəssümünü, “ana” adlı son sözünü, əlindəki son istini yadigar alır. Şair hadisələrin gedişini daha da dramatikləşdirir. Gözlənilmədən Vanonun üzərindən bir teleqram tapan qəhrəman başqa bir faciə ilə qarşılaşır:
“Vano gizli saxlayırmış:
Anam uçub getmiş imiş,
O məni tərk etmiş imiş”
Eh nə fayda, gecə-gündüz,
Səndən deyəm, səni anam.
Səni burda qoruyurdum,
Orda niyə öldüm, anam?! (48, 280)
Qısa vaxtda iki ağır faciə ilə rastlaşan qəhrəmanın dərd-kədərini şair belə təsvır edir.
“İki ölüm hücum etdi,
Bir əsgərin üzərinə,
Eh, ölümlər nə edəcək,
Alovlanıb-közərənə!”. (48, 280)
Qəhrəman bir-birinin ardınca neçə əsgər yoldaşını son mənzilə yollayır. Növbə ona çatanda qəhrəman düşməni aldadıb mühasirədən çıxa bilir. Şair onun düşüncələrini, hiss etdiyi məsuliyyəti necə də məharətlə vermişdir:
“Mən dostların ümidiyəm.
Deməyin ki, çiynimdəki bir çantadır.
İndi görün neçə həyat bir candadır.
Çiynimdəki bu ağır yük
Dostlarıma həsrət çəkən,
Böyüklərin, uşaqların həyatıdır,
Neçə evdə gizli yanan,
İşıqların həyatıdır”. (48, 281-282)
Yarasını belə unudan qəhrəman artıq tək özü üçün deyil, dostlarının həsrətini çəkən doğmaları üçün yüyürür. Sənətkar əsəri yaratmazdan əvvəl onun hər bir nöqtəsini hiss edir, qəlbən yaşayır.
Qəhrəmanla şair bir-birinə bənzəyir. Qəhrəmanın daşıdığı məsuliyyət elə Əli Kərimin həyatı boyu insanlara qarşı hiss etdiyi məsuliyyətdir.
“Ana, hardasan?” başlıqlı hissədə qəhrəmanla gürcü ananın ürək ağrıdan dialoqu verilir. Şəhərin mərd adamları qəhrəmanı yaralı şəkildə tapıb bir gürcü qadının evinə gətirirlər. Qəhrəman gözlərini açanda gürcü qadını anası hesab edir. Gürcü ana da mərhəmət ucundan yalana keçib oğlana anası olduğunu söyləyir. Əsərin bu hissəsini həyəcansız oxumaq olmur. Oğlan ölümün əbədi sərt qanununa ağ saçlı başını əyməyən qadından səsinin, əlinin başqa cür olmasının səbəbini soruşur. Səsinin dəyişməsini soyuqlaması, əlinin kiçikliyini arıqlaması ilə bağlayan ana oğlanı sakitləşdirir. Ancaq qəhrəman narahatdır, çünki mühasirədə qalan dostlarına xəbər göndərə bilməyib.
“Mən səni qoymaram bir də öləsən!
Sonra dostlarıma bir sözüm də var:
Məni vurdular!”. (48, 284)
Poemanın “Ayıldım bir səhər” başlıqlı hissəsi əsərin son parçasıdır. Qəhrəman bir səhər ayılır. Qəlbini acı bir xatirə əzir, dostu Vano, müharibə yadına düşür. O, sol ayağını tapa bilmir. Ancaq tez də başqa düşüncələrə dalır. Öz həyatını, itirdiyi ayağını unudub dostlarını düşünür:
“Anladım... Dərdiniz yanında, dostlar,
Heç ayaq itirmək dərdi dərdmidir?
İndi təkayaqlı ümidiniz var,
Dörd yanda düşmənsə dərya kimidir”. (48, 285)
Qəhrəman yoldaşlarının vəziyyətini, havanın həsrət kimi soyuq olduğunu, bəlkə də çantalarında suyun bitdiyini, bəlkə də bir-birini qucaqlayıb namərd ölümə ortaq olduqlarını düşünür. Yaddaşına susmağı əmr etsə də, nә fayda. Pəncərənin qabağındakı güzgünü götürüb özünə baxan qəhrəman özünü tanımır və о adamı otaq küncünə atır. Gürcü ana ona öz oğlu kimi baxır. Qəhrəman da onları unuda bilmir, bir ayağım burda, bir ayağım orda deyir, hər yay gəlib onları ziyarət edir.
Əli Kərim “Bir santimetr haqqında ballada” poemasını 1967-ci ildə Bakıda yazmışdır. Poema “Proloq”, “Dənizdən göyə”, “Zəfər əbədi deyil”, “Yer enir” kimi hissələrdən ibarətdir.
Cabir Novruz “Əlinin iki cildliyini oxudum” adlı məqaləsində yazır ki, “Andrey Voznesenskinin bəzən süni bənzətmələr, qafiyələr ilə yüklənmiş şeirlərini, poeziyanı bilə-bilə mürəkkəbləşdirmək, bəzən qəsdən şeirin qol-qanadını sındırmaq, onu nəsr səviyyəsinə endirmək meyllərini xoşlamıram. Mən Əliyə deyərdim ki, axı bu şair savadlı, mədəni, istedadlı şairdir, yaxşı bilir ki, poeziya sadəlik deməkdir, yaxşı bilir ki, sadə poeziyaya gedən yollar çətin və mürəkkəb yollardır. Deyərdim ki, Əli, sən də hərdən belə edirsən. Şeirlərindən misal çəkərdim. Deyərdim ki, “Babəkin qolları” şeiri һаrа, tutaq ki, “Fraqmentlər” hara? Birinci şeir nə qədər şairanədirsə, ikinci şeir о qədər nasiranədir” (64, 46). Cabir Novruz daha sonra Əli Kərimin “Fraqmentlər” və “Bir santimetr haqqında ballada” əsərlərindən nümunələr verir. Deməli, C.Novruz şairin “Bir santimetr haqqında ballada” poemasını da quru və nasiranə hesab etmişdir.
C.Novruz bu cür əsərlər haqqında belə yazır: “Deyərdim ki, bu və buna oxşar yazılar əsl Əli deyil, gəlmə Əlidir, yad Əlidir, kənar Əlidir. Əsl Əli “İlk simfoniya”dır, “Üçüncü atlı”dır, “Qaytar ana borcunu”, “Habil”, “Daş”, “Aut”, “Analar ağlar” və başqalarını yazandır” (64, 46).
Əli Kərim “Bir santimetr haqqında ballada” poemasını iki formada yazmışdır. Poemanın son hissəsi nəsr formasındadır. C.Novruz da məqaləsində şeirin qol-qanadını sındıraraq, onu qəsdən nəsr səviyyəsinə endirmək, şeiri mürəkkəbləşdirmək meyillərini tənqid edir. Ancaq Əli Kərim poemaya nəsr hissəni qəsdən, boş yerə əlavə etməmişdir. Əli Kə-rim poeziyası XX əsr poeziyasıdır və yaratdığı əsərlər də yeni formada idi.
Poeziyasını kəşf üzərində quran şair daim yeni, təravətli janr, forma axtarışlarında olmuşdur. Əli Kərimin yazdığı nəsr qafiyəli nəsrdir, şeirə yaxındır. Poemanın nəsr hissəsini misralar şəklində alt-alta yazsaq, nəzmdən çox da fərqlənməz.
“İdman mövzusunda yazdığı “Bir santimetr haqqında ballada” poemasında iradə ilə ətalətin mübarizəsi gözəl, şairanə ekrana çevrilir; müəllif şairliklə kommentatorluğu elə birləşdirir ki, bu ekrana tamaşadan əl çəkmək istəmirsən” (47, 7).
Poemada Əjdər adlı idmançının həyatından, yarışa hazırlığından, verdiyi sözə qarşı məsuliyyətindən bəhs olunur. “Proloq” adlı hissədən məlum olur ki, Əjdər iki yüz iyirmi səkkiz santimetrdən, rekord adlı yerdən yıxılır. Əjdər rekordu qırmaq üçün söz versə də, məqsədinə nail ola bilmir.
“Rekordun ən uca zirvəsində
qərar tutmuşdu о söz;
həmin sözdən yıxıldı...
Yandı, yandı, yaxıldı,
Özü torpağa düşdü,
sözü göylərdə qaldı” (48, 287-288).
Əli Kərim bu əsərində də yeni, qeyri-adi ifadələr işlətmişdir. “Sözdən yıxılmaq”, “sözü göylərdə qalmaq”, “dalğa-ların yalına döş vurmaq”, “dalğalarla işləmək”, “gecənin dənizdə əriməsi” kimi ifadələr yeni idi.
Göylər kürəyinə yük, özü yerə qısılı olan yarışçının könüllər açmaq üçün, zirvələr aşmaq üçün bir santimetri çatmır. Şair təzad yaradaraq yazır ki, göyə baş-başa ucalmış mavi kilometrlər içində bir santimetr nədir, ancaq insan fəth olunmuş kilometrlər içində bir santimetri tapmayanda xar olur.
Şair çox maraqlı, bir о qədər də fərqli bir mövzu seçmişdir. Həyatda fərqinə varmadığımız detallar bəzən həyatımızda әn önəmli yer qazanır. Yüz kilometrlər içində bircə santimetr Əjdərin ən böyük arzusuna çatmağa imkan vermir. Şair həyata başqa pəncərədən baxaraq, orijinal bir əsər yaratmışdır.
Əli Kərimin Əjdərin məşqçisinin səsini əfsanəyə görə şər qüvvə, iblis olan Mefistofelin səsinə bənzətməsi də çox maraqlıdır. Poema Əjdərin dostunun dilindən verilir. Dostu ona baş çəkmək üçün işlədiyi yerə, neft daşlarına gedir. Şair “dördayaqlı otaq”, “zürafə qarnı” ifadələrini işlətməklə maraqlı bənzətmələr yaradır:
“Dördayaqlı bir otaq,
Əsir dörd ayağı da.
Narahatdır dostumun
Özü tək otağı da”. (48, 289)
Yaxud da:
“Neft daşlarında olmur
hətta dincəlmək asan.
Sanki soyuqdan əsən
Zürafə qarnındasan”. (48, 289)
Müəllif yadda qalan məşqçi obrazı yaratmışdır. Məşqçi bir insan kimi nəfsinə məğlub olur, şagirdinin keçirdiyi hissləri anlamır, ondan nəyin bahasına olur-olsun qələbə gözləyir, ad-san, şöhrət üçün yaşayır. Şairin məşqçiyə olan ilk münasibətini onu Mefistofel səsli adlandırmasında görürük.
Məşqçi yaşlı idi,
“Qlobustək dazdı o;
Göylərlə gah dostlaşıb,
Gah inciyib dalaşmış,
Göylərlə nəfəs almış,
Göylər axmış qanına”. (48, 290)
Şair göylər deyəndə zirvəni nəzərdə tutur. Zirvə də şan-şöhrət deməkdir. Bu şöhrət hissi də məşqçinin qanına axmışdır. Əjdər qalib gələndə də məşqçi əvvəlcə “Udmalıydım mən, – deyir”, sonra “Udmalıydıq biz, – deyir” (48, 299). Ancaq poemanın qəhrəmanı Əjdər şan-şöhrət həvəskarı deyil. Qalib gəlsə də, yarışa gəlməyən rəqib haqqında düşünür:
“Bəs rəqib?
Xəstədir!
Əjdərin ürəyi söyləyir: düz deyil,
Axı,
bu rekordu
o vurdu
keçən il”. (48, 298)
Əli Kərim təbiət hadisələrini obrazlaşdıraraq, maraqlı səhnələr yaradır:
“Əriyir dənizdə gecə.
Göyərir pəncərələr;
Sanki dəniz qalxıb,
istəyir “zürafə”nin
başı üstündən keçə”. (48, 290)
Müəllif “zürafə” deyəndə neft daşlarını nəzərədə tutmuşdur.
“Mən Əjdərlə hər səhər, aşırıram suların göy yalından qayığı”, “Üzünü küləklər, dalğalar, qorxular hələ yaxşı hamarlamamış”, “ürəyini lövbər atır baxışının ucunda o”, “Asılmışdır baxışıyla asimandan”, “onu göydə gözləyir ürək”, “söz havadan asılı; Onu döyüb yağış, qar” və başqa misralar poeziyamıza nə qədər təravət, nə qədər yenilik gətirmişdir. Əli Kərim yenilik şairi idi.
Əli Kərim özünə qədər olan poeziyadan fərqli poeziya yaratdı. Əsərlərində həyatın tam fərqli cəhətlərini göstərdi. Məsələn, poemada cavan trest müdiri idmançı haqqında deyir:
“Kim fəxrimizin
xətrinə dəyibsə,
ağır bir söz deyibsə,
Dostumuzun beynindəki milyard neyrondan,
Neyrondan
alsın о kəlməni”. (48, 292)
Trest müdirinin söhbət zamanı sinir sisteminə toxunması maraqlı təsəvvür yaradır. “Yoxsa yüksəklik düşməni kədər, О kəlmənin yerində hökm edər”, – deyən trest müdiri qəlbə toxunan sözün zəfər yolunda mane olacağı qənaətinə gəlir. Eyni fikri məşqçi də deyir: “Hətta kədərə ilişib qalmış bir qayğı zərrəsi, Kəmfürsətin qadağan zərbəsi, Orda başqa cür dinir, orda tonlara dönür”.
Əli Kərim həyatda çətin və asan yol seçən insanlardan bəhs edir. Şairə görə, bəziləri şümşad kimi parıltılı yol sevər, həyat onlara 70 il ayırıbsa, 70 ili 70 il kimi keçirər, boyları balaca olanda dabanlarına bir-iki santimetr qoyub arzuya yetər. Poemanın ideyası da buradan qaynaqlanır. Əli Kərimin bəhs etdiyi bir santimetr təkcə rekord qırmaq üçün Əjdərə lazım olan bir santimetr deyil, bu bir santimetr həyatın hər addımında insanların qarşısına çıxan növbəti maneədir.
“Bir santimetr haqqında ballada” poemasını fəlsəfı poema adlandıra bilərik. Bir santimetrdə üst-üstə qalanmış metrlər, verstlər preslənib. Santimetrdə havası, boşluğu, xəfəsi sıxılmış, cövhəri sağılmış verstlər yığılıb. Hansı ki, bu verstlər insanın arzusundan keçirilmiş, əsəblərindən süzülmüş, sevincindən şəffaflanmış, əzabından yanmışdır. Deməli, Əli Kərimin təsvir etdiyi bir santimetr elə həyatın pillələridir. Şair yazır:
“Çatanda antisantimetrə,
Нәr şey dəyişir.
İlk məna son mənayla dəyişir”. (48, 293-294)
Bu misraları şərh etsək, görərik ki, santimetr həyatın başlanğıcı, antisantimetr həyatın sonudur. İlk mənanın son mənayla dəyişməsi isə doğuluşla ölümün yerini dəyişməsidir. Sanki santimetr xeyiri, antisantimetr şəri təbliğ edir, aralarında təzad mövcuddur.
Cabir Novruz məqaləsində yazır ki, “Deyərdim ki, məncə nә qədər poetikdir, bax bu misraların?!
Az deyil һәm gənclikdə,
həm də dolduqca yaşa, yananlar,
Nəbz hesabı,
70 il
100 il və daha çox yaşayanlar.
Çatanda altı santimetrə,
Hər şey dəyişir.
İlk mәnа, son mənayla dəyişir.
Bir santimetrdə
üst-üstə
qalanmış
metrlər,
verstlər
preslənir.
(İnsanların
biri dözür,
biri bezir,
biri hirslənir) (48, 294-295)
C.Novruz poemadan bu misraları nümunə gətirərək, poetik olmadığı fikrinə gəlir. Əli Kərim poeziyası yeniliklər, kəşflər poeziyasıdır. Buna görə də bu misraları poetiklikdən kәnаr hesab etmək düzgün deyil. Bu misralarda insanların arzusundan keçirilmiş, əsəblərindən süzülmüş, əzabından yanmış həyat var.
C.Novruzun nümunə çəkdiyi misralarla poemanın sonrakı nəşrlərində fərqlər mövcuddur. Məsələn, “Əlinin iki cildliyini oxudum” məqaləsində “Dolduqca yaşa yaşayanlar”, “Çatanda santimetrə”, “İlk məna son məna ilə döyüşür” misraları Əli Kərimin “Seçilmiş əsərləri”ndə “һәm də dolduqca yaşa, yananlar”, “Çatanda antisantimetrə”, “ilk məna son məna ilə dəyişir” şəklindədir.
Poemada gənc idmançının həyəcanını oxucu da hiss edir, onunla birgə addımlayır, onunla birgə uçur. Əjdər baxışıyla asimandan asılmışdır. Bir il qabaq verdiyi söz hələ də havadadır. Şair verilmiş sözü, vədi elə təsvir edir ki, onlar sanki gözümüzdə canlanıb bir varlığa çevrilir. Məsələn, Əjdər havada dikələrək sanki ayaqlarını bir il sərasər göydə qalmış ürəyə, havadakı sözünə, havadakı vədinə basır, sanki azadlıqdan savayı bir şey görməmiş ayğırın şümşad belinə yatır və qələbəyə çatır.
Poemanın sonundakı nəsr hissə də fəlsəfiliyi ilə seçilir. Könül verdiyi qızı qucaqlayan Əjdərin əli, ayağı barmaqlarının ucunda qurtarmır. Əsəblərə, əzələlərə yığılmış kilometrlər ayaqları, əlləri ucundan süzülüb ekvator, meridian boyunca hərəkət edir. Əli Kərimin yaratdığı bu səhnə ilkin baxışda anlaşılmır. Qələbədən sonra rahatlaşmış oğlan sevdiyi qızı qucaqlayır və bir anlıq da olsa, həyatın sıxıntısından, əzab-əziyyətindən, məsuliyyətindən uzaqlaşır, rahatlığa qovuşur. Ancaq məşqçinin səsini eşidən kimi dincə qoyulmuş kilometrlər, yollar, yoxuşlar, tanqolar, valslar yenidən yığılıb əzələlərə, əsəblərə dolur. Bu santimetrlər, kilometrlər elə həyatın özüdür, yaşanmışlardır.
Əli Kərimin poema yaradıcılığında özünəməxsus poetikliyi ilə seçilən əsərlərdən biri də “Ölülər ordusu” poemasıdır. Poemanm adında mətnaltı mənа vardır:
“Bütün bədəni ölü,
İki ayağı sağdır.
Ölüləri gəzdirən
İki diri ayaqdır”. (48, 333)
Ümumiyyətlə, Azərbaycan ədəbiyyatında “canlı ölülər” ifadəsi işlədilir. Görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadə də ən məşhur əsərlərindən birini “Ölülər” adlandırmışdır.
Əli Kərim “Ölülər ordusu” poemasında Hitlerin “məğlubolmaz” ordusunu, zabit və əsgərlərin sönən həyat eşqini, bədənləri canlı, ruhları ölmüş əsgərləri təsvir etmişdir. Əli Kərim maraqlı yaradıcılıq üsulundan istifadə edərək, alman əsgərlərini ümumi şəkildə əsərin qəhrəmanı seçmişdir. Buna görə də poemanın konkret qəhrəmanı, süjet xətti yoxdur.
“Ölülər ordusu” poemasında müqayisələr poetikliyi daha da artırır:
“Müharibə qurtarıb
Hitlerin ömrü kimi,
Üzüqara çıxıbdır
Rurun daş kömrü kimi”. (48, 328)
Dünyaya fürer deyil, “məğlubedilməz” ordusu səs salmışdır. Şair almanların əlində olan səması tutqun Qərbi Berlini təsvir edir. Əli Kərimin poemada təsvir etdiyi Vermaxt 1935-1945-ci illərdə nasist Almaniyasının silahlı qüvvələrinə rəsmi olaraq verilən addır:
“Vermaxt qərargahının
Rəngi solmuş binası
Görkəmində dərd, məlal,
Dayanmış fikirli, lal –
Şəhərin başdaşı tək” (48, 329).
Frazeoloji ifadələrdən yerli-yerində istifadə edən sənətkar Rusiya çöllərindən “dabanına tüpürüb” qaçan məğlub əsgərlərin yeni müharibəyə sürükləndiyini təsvir edir. Poemanı oxuduqca sanki əsgərlərin halsız, istəksiz, ağır addımlarını hiss edirik. Harın zabitin oxşatmalı, təzadlı söyüşünə, zərbəsinə dözən, səadət, arzu, sevinc, nә də idealları olmayan əsgərlər istəmədən toz-torpaq içində “son döyüşə” yollanırlar. Bu ordu canlı ölülərdir:
“Birinin gözlərində
Bütün cahana sual,
Birinin gözlərində
Hər şeyə biganəlik,
Yaşamağa, gülməyə,
Ölməyə biganəlik”. (48, 329)
Əli Kərim epitet kimi “qartımış” əsgər ifadəsini işlədir. Bütünlüklə, poemada yorğun, ruhu qocalmış insanları görürük, bu, şairin yaradıcılıq qüdrətindən irəli gəlirdi. “Əfsər” sözü almanca “offizier” sözündən götürülmüşdür, mənası zabit deməkdir. Əli Kərim də poemasında əfsər sözünü tez-tez işlədir:
“Bir də ki ürəyində fürerə
Bəslədiyi “sevgini”
Bir yerdə qoyub qaçan
Qocalmış əfsər keçir,
Qartımış əsgər keçir”. (48, 329-330)
Şair ağır-ağır addımlayan qoşunu, ötüb-keçən һәг kəsi təsvir edir. Belə ki, ağır vuruşlarda qulağını və şöhrətini itirmiş, amma biabırçılığını toxunulmaz saxlayıb sağ-salamat gətirmiş qoca, kürən general da, paqonlarını cırıb, zəif çiyinlərində hərbin ağırlığını əziyyətlə daşıyan, özünə öldü deyən, başqasını öldürən, əvəzinə yaşayan əfsərlər də, cərrahın əlilə üzü dəyişmiş, məhkəmədən qaçanda tarixə düşən yaşlı kapitan da, ürəyində hələ də süngümüzün yarası, bir də bizlərə nifrət olan ober-leytenant da, ayağının birini haradansa gətirtmiş, çox yeyib, çox yedirtmiş, dava üçün hər zaman davaya həris köhnə hərbi mühəndis də, qaşlarının üstündə əsrimizin ləkəsi olan yorulmuş əsgər də, nəfəsi də əmrlə alıb-verən bir əfsər də eyni yolu keçir, müharibəyə yollanır. Müharibə iştirakçılarının hər birini özünəməxsus cizgilərlə vermək şairin sənətkarlıq qüdrətindən irəli gəlir.
Artıq bir dəfə müharibədə məğlub olmuş alman generalın arzuları da maraqlıdır:
“Əmr verir dünənə –
Dadına yetsin deyə.
Əmr verir bu günə –
Keçmişə getsin deyə”. (48, 330)
General da hamı kimi şübhədədir. Tutduğu qorxulu, yolu ölümlər yolu olan cəbhəyə də, hətta şübhəyə də şübhəsi var.
Şair yaşlı kapitan haqqında dediyi bu sözlərlə һәm də onun qəddarlığını açıqlayır: “Gözlərinə sağılmış Elə bil tök-düyü qan”.
Əli Kərimin təsvir etdiyi cəlladlar ordusu ömrü, gülüşləri, sözləri, baxışları, gözləri, hətta yerişləri oğurluq olan, arzusunu, adını bir-birindən gizləyib, gecə-gündüz yatmayıb, bir-birini izləyən bir ordudur.
Yenilikçi poeziyasi ilə Əli Kərim “novatorluğu şəkil-forma və texnika sahəsində yox, məzmun-mündəricə və poetika sahəsində etmişdir”. Simvollardan istifadə zamanı bütün diqqətini mətləbi göstərməyə sərf etmişdir. “Ölülər ordusu” poemasında da bu üsuldan istifadə edən şair əsgərlərin ayaqlarını simvol seçir. Əsgərin sürüdüyü ağır ayaq əslində onun ağır həyatı, mənəviyyatıdır, arxada qoyduğu ailəsidir:
“Hər əsgərin ayağı
Taleyindən ağırdır.
Generalın nəzəri
Ayaqdan da ağır yük.
Ailə dərdi-səri
Onlardan on qat böyük”. (48, 332)
Ağır yükü altında əzilən, dünən ölümdən qaçan əsgərlər indi bu dəhşətli həyatdan ölümə doğru qaçmaq istəyirlər. Ayaqlar da başı ömrünün axırına aparır. Şair “ayaqlar” sözündən cinas yaradır:
“Ağır-ağır ayaqlar.
Həyatını, vaxtını
Taleyini, baxtını
Onlar özü ayaqlar”. (48, 333)
Şairin təsvir etdiyi dünənini itirən, bu gününü tapmayan, sabahını görməyən əsgərlər oxucuda mərhəmət hissi oyadır. Ancaq sonra şair tüfəngi bir oyuncaq hesab edən, gülümsəyən uşaqlara güllə atan, ürəkdəki arzunu qımışaraq nişan alan əsgərləri təsvir edir və oxucuda orduya qarşı nifrət yaranır, çünki həmin adamlar arzu, gülüş, məhəbbət, vəfa, sədaqət, həsrət, könül qəbiristanlığı salan əsgərlərdir.
“Ölülər ordusu” poemasının sonunda da hadisələr bitmir, hadisələrin davam etdiyi göstərilir:
“Elə bil məzarından
Dartılıb çıxarılmış
Qədim ölülər keçir”. (48, 335)
Əli Kərimin “Göylər adamının himni” poeması kosmosa uçan ilk insan Yuri Qaqarinə həsr olunmuşdur. Poema qəhrəmanın dilindən nəql edilir. Qəhrəman səmaya ucalmaq arzusuyla yaşayır və öz arzusunu hər an göylərə bildirir, ancaq göylər səssiz-səmirsiz onu başından aşağı basır, ulu göylərin ölümdən qorxulu, heçlikdən dərin, sevincsiz, kədərsiz səltənətindən xəbər gəlmir. Zaman gəlir, gün çatır, qəhrəman Göy üstündə Göy olmaq, Ay üstündə Ay olmaq, Gün üstündə Gün olmaq, ana torpağın layiqli övladı olmaq üçün uçur.
Əli Kərim hadisələri poetikləşdirərək, Y.Qaqarinlə təbiəti qarşı-qarşıya gətirir, təbiəti obrazlaşdırır. Qəhrəmanın sözlərinə, çağırışına cavab verməyən göy gecəli-gündüzlü elə yatır, başını hərdən qaldırıb onun üstünə odlu bir daş da atır. Səmaya ucalan qəhrəman deyir:
“Göy qapını mənəm döyən.
– Aç qapını! Mənəm! – deyən.
Mən insanam!
Bu ünvansız sonsuzluğa
Yol açanam!”. (48, 336)
Milyon illik ağalığı, tənhalığı, xəyalıyla yatan göylər birdən oyanır. Qəhrəmandan kimliyini soruşur. “Hardan sənə bəlli idi mənim dilim? Gəl toxunma Milyon illik, Əbədilik Bir qanuna”, – deyən göylər qəhrəmanın geri qayıtmağını tələb edir. Göyləri narahat edən nə idi?
“Mən bilirdim pozulacaq.
Fəzaların ilk qaydası”.
Poemadan göründüyü kimi, müəllif 1961-ci ildə ilk dəfə səmaları fəth edən Yuri Qaqarinin xidmətlərini, fəzalara ucalaraq göyləri fəth etməsini, cəsarətini, insanın böyük qüdrətə malik olmasını poetik dillə təsvir etmişdir.
Dostları ilə paylaş: |