© İfrat Əliyeva, 2017
GİRİŞ
1960-2000-ci illər Azərbaycan ədəbiyyatının inkişaf tarixində yeni bir mərhələdir. Bu dövrdə sosialist realizmi adlı siyasi-ideoloji məzmun və mahiyyət kəsb edən yaradıcılıq metodunun böyük monoloq dövrü bitmiş, ideya və prinsipləri sarsılmış, bir növ, tarixə qarışmış bir mərhələyə çevrilmişdir. Ədəbi-nəzəri və siyasi-ideoloji fikirdə sosialist realizmi prinsiplərinin təkmilləşdiyindən bəhs edilsə də, onun “nəzəriyyəsinin” işlənib, tam inkişaf etdirilməsi haqqında çox danışılsa da, bədii praktikada, ədəbi prosesdə “vahid metod”a qarşı müqavimətin və gücün artdığı, çoxmetodluğa, ümumən yaradıcılıqda sərbəstliyə, normativlikdən kənara çıxmağa meylin mövcudluğu faktı da inkaredilməz idi.
Keçən əsrin 60-cı illərində Azərbaycan poeziyasında dünyada gedən hadisələrə maraq gücləndi. Elmi-texniki tərəqqi dövrünün təzahürlərinə həssas münasibət müşahidə edildi. Mənəviyyat məsələlərində milli-tarixi yaddaşa münasibətin fəallığı artdı, milli mənlik şüurunun dərkində, xalqın tarixi taleyinin anlaşılmasında böyük sıçrayışlar əldə olundu. Təbii ki, yeni ədəbi nəsil cəmiyyətdə gedən proseslərə, xüsusən siyasi tənəzzül və mənəvi dirçəlişə özünəməxsus reaksiya verdi, reallığa münasibətdə öz fərdi dünyagörüşünü, praqmatik poetik təfəkkürünü sınaqdan keçirdi. Ədəbi qüvvələrin differensiasiyası daha çox poeziyada özünü aydın göstərdi.
Minillik Azərbaycan poeziyası özünün zəngin yaşarı ənənələri ilə indiki çağımızda – XXI əsrin başlanğıcında da estafeti uğurla davam etdirir. Geriyə boylananda, poeziyanın tarixi təcrübəsini – uğurlarını, nailiyyətlərini, qarşılaşdığı çətinlikləri yenidən qiymətləndirəndə ayrı-ayrı şəxsiyyətlərin adları ilə qarşılaşır, onların hər birinin poeziyamızda oynadığı rolu müəyyənləşdirməyə çalışırsan.
Poeziya tarixində çox böyük xidmətləri olan, öz yaradıcılığı ilə bir ədəbi məktəb yaradan şairlər də olmuşdur, bu şairlərin yolunu uğurla davam etdirənlər də... Səməd Vurğunun təbirincə desək: “Ərəb, fars və rus çarlığı istilası altında uzun əsrlər boyu məhkum olan, fəqət qəhrəman, istedadlı xalqımız varlığını, öz simasını, ana dilini, kultura və ədəbiyyatını itirmədi. Ən ağır, amansız tarixi şəraitlərdə belə, Azərbaycan xalqı öz sıralarından böyük filosof və dramaturq Mirzə Fətəli Axundovlar, Nəsimilər, Füzulilər, Şərqin böyük şairi Mirzə Ələkbər Sabir və bir çox böyük talantlı şairlər yetirdi” (76, 120).
Ədəbiyyat tarixində hər bir şairin öz yeri, öz mövqeyi var. Kiminsə rolunu, mövqeyini şişirtmək, onu başqalarına qarşı qoymaq, xidmətlərini həddindən artıq qiymətləndirmək doğru olmadığı kimi, kiminsə xidmətini əskiltmək, laqeyd olmaq zərərli haldır.
Son bir neçə ildə belə xoşagəlməz hallarla tez-tez qarşılaşırıq. Bəzən Azərbaycan sovet ədəbiyyatı mərhələsi az qala inkar olunur. S.Vurğun, S.Rüstəm, R.Rza və digər şairlər partiyalı şeirlər yazdığına, Lenini, Stalini tərənnüm etdiklərinə görə yeri gəldi-gəlmədi mədhiyyəçi adlandırılır. Halbuki sovet ədəbiyyatını, bu dövrdə yaşayıb-yaradan şairlərin yaradıcılığını inkar etmək ədəbiyyatı birtərəfli qiymətləndirmək deməkdir.
“Xalq qəzeti”ndə 1998-ci ilin aprel ayında aparılan bir sorğuda belə bir sual qoyulmuşdu: “Böyük ədəbiyyat kontekstində sovet ədəbiyyatının mövqeyini necə xarakterizə edirsiniz?..”
Bəzi cavablara diqqət yetirək: “Sovet dövründə eyni yazıçının – həm sovet ideologiyasını təbliğ edən, həm də ondan yan keçən, bəzi hallarda isə ona qarşı çıxan əsərlərinin olduğu məlum deyildimi?
S.Vurğunun partiyanı, onun rəhbərlərini, sovet quruluşunu təbliğ edən əsərləri ilə yanaşı, “Vaqif”, “Aygün”, “Aslan qayası”, “Ayın əfsanəsi” kimi dəyərli əsərləri sovet ideologiyasından keçən dahiyanə nümunələr deyilmi?” (B.Vahabzadə)
Və yaxud yazıçı Anarın dediyi kimi: “Mənə elə gəlir ki, sovet ədəbiyyatı deyilən şey çox şəxsi bir termindir. Yəni sovet ədəbiyyatı əgər sovet dövründə yaranan bütün ədəbiyyata aid olursa, mən bunu termin kimi qəbul etmirəm. Çünki tutalım Rusiyanı götürsəniz, görərsiniz ki, sovet dövründə Pasternak da yazıb-yaradıb, Soljenitsın da, Bulkakov da, Yesenin də yazı-yaradıb. Bunların heç birini sovet ədəbiyyatına aid etmək olmaz” (Anar).
Yazıçı Ə.Əylisli bu məsələyə öz münasibətini belə bildirir: “Azərbaycan ədəbiyyatı sovet dövründə öz həyatının və tarixi taleyinin müəyyən bir məqamını yaşayıb. Bu mərhələdə yaranan əsərləri insafla araşdırmaq, bu barədə obyektiv fikir söyləmək ədəbiyyatımızın gələcək təbii və normal inkişafı üçün lazımdır” (“Xalq” qəzeti, 1988, 10-16 aprel).
Çağdaş ədəbiyyatşünaslıq və tənqid də bu meyarı əsas götürməli, hər bir sənətkarın yaradıcılığına qiymət verərkən onun yaşadığı dövrün obyektiv ictimai-siyasi, mənəvi-psixoloji aspektlərini nəzərə almalıdır. Bu mənada, çağdaş Azərbaycan poeziyasının istedadlı nümayəndələrindən biri – şair Əli Kərimin həyat və yaradıcılıq yolu tədqiq olunmağa, araşdırılmağa layiqdir.
Hər bir sənətkarın yaradıcılığında, onun həyata və gerçəkliyə münasibətində Şəxsiyyət amili mühüm rol oynayır. Təbii ki, özünəməxsus istedadı ilə bir sırada sənətkarın şəxsiyyəti də heç şübhəsiz, bu yaradıcılığın formalaşmasına, kamillik kəsb etməsinə təsirsiz qalmır. Yaradıcılıqda şəxsiyyət amilini xüsusi tərzdə vurğulamaq halları da məhz bu təsirlə bağlıdır. “Meyar – şəxsiyyətdir, Şəxsiyyət yoxdursa – “mən”, Milliyyət yoxdursa – xalq yoxdur” (49, 11). Ona görə də hər hansı sənətkarın yaradıcılığını bütövlükdə nəzərdən keçirdikdə ilk növbədə onun şəxsiyyəti gözlərimiz qarşısında canlanır. Bədii keyfiyyətindən asılı olmayaraq hər bir əsərdə Sənətkar şəxsiyyətinin bu və ya digər cizgisi ilə qarşılaşırıq. Onun həyata, gerçəkliyə münasibəti, dünya və cəmiyyət haqqındakı fikir və duyğuları da əsərlərindəki bu cizgilərdən hasil olur.
“60-cı illər” ifadəsi ədəbiyyat tariximizə XX əsrin ədəbi hadisələrindən birini ehtiva edən anlayış kimi daxil olmuşdur. Lakin 60-cı illərin ədəbi nəslində kifayət qədər orijinal və istedadlı qələm sahiblərinin meydana çıxmasının şahidi oluruq. Anar, Elçin, S.Azəri, Musa Yaqub, F.Qoca, İ.Məlikzadə, C.Novruz, N.Həsənzadə və b. məhz bu nəslin nümayəndələridir. Bu ədəbi nəsil sənətin, o cümlədən ədəbiyyatın varlığa estetik münasibətində yaxın 30 ilin yox, XX əsrin əvvəllərindən ədəbi təcrübə kriteriyalarını əsas götürür, böyük Mirzə Cəlil məktəbinin dərslərinə üstünlük verirdi. Bu nəslin hərəkəti ədəbi prosesdə güclü bir dalğa yaratdı. Bu nəslin sırasında Əli Kərim özünün geniş yaradıcılıq diapazonu – şeir, nəsr, dram, publisistika və ədəbiyyatşünaslıq sahəsində əsaslı nailiyyət və axtarışları ilə diqqəti cəlb edir. Bundan sonra ədəbi mübahisə və müzakirələrdə “yeni şeir”, “yeni nəsr” anlayışları tez-tez eşidilirdi.
T.Alışanoğlunun dediyi kimi, “yeni nəsr mövzusunda bəhslər bu günün özündə davam etməkdədir. Öz qələm dostları kimi, Əli Kərim də ədəbi mühitdə baş verən hadisələrə biganə qalmamış, təbii ki, dövrünün ictimai-siyasi ovqatı və ab-havası ilə əhatə olunmuş, təbii ki, bu ictimai dəyişmə onun dünyagörüşünə həlledici təsir göstərmişdir.
F.Mustafayev yazır ki, XX əsr Azərbaycan poeziyasında yeni bir mərhələyə başlayan ədəbiyyatımızı oksigenlə zənginləşdirən, isti nəfəsi ilə insanların qəlbinə yoldaş olan, qəlbini ölümə deyil, insanlara verən şair Əli Kərim “neçə poetik şeir uğuruna qovuşub, neçə uğurdan adi bənövşə qoxusu, bənövşə qoxulu bahar nəsimi Odlar yurduna belədən-beləyə əsib. Bu nəfəsdən nəfəsimiz ətirlənib, duyğularımız təzələnib, dilimizdə yeni təşbehlər cücərib qalxıb, poeziya aləmində cavan yaşında qibtə mərkəzinə çevrilib (62, 168).
40-cı illərin sonlarında yaradıcılığa başlayan (1948), 60-cı illərdə artıq bir şair kimi tanınan Əli Kərim ilk növbədə öz mənəvi-əxlaqi düşüncələri ilə seçilmiş, tezliklə epik-lirik qənaətləri, təravətli və təkrarsız obrazları, fərdi ifadə tərzi və s. orijinal poetik keyfiyyətləri ilə çağdaş poeziyamızın aparıcı simalarından birinə çevrilmişdir.
İctimai prosesləri sağlam mövqedən dərk etmək, həyatı, insanı yaxından müşahidə eləmək, zamanın sosial tələblərinə cavab vermək əzmi Əli Kərimin ilk yaradıcılıq təşəbbüsləri olmuşdur. Bu mənəvi-psixoloji amil onun dünyagörüşünün formalaşmasına böyük təsir göstərmiş, həyatı dərindən öyrənməyə kömək etmişdir.
Əli Kərim ilk qələm təcrübələrindən başlayaraq, dövrünün poetik tərcümanı kimi çıxış edir, şeirlərində sosial tematikaya üstünlük verməyə çalışırdı. Belə perespektivli sənət başlanğıcının nəticəsidir ki, Əli Kərim sonradan da həmişə aktual mövzu və məsəllərlə yaşamış, yaradıcılığını həyatın çağırışına uyğun davam və inkişaf etdirmişdir. Əli Kərimin yaradıcılığı xalqımızın tarixi ilə, bu tarixin mənalı və səciyyəvi hadisə və dövrləri ilə üzvi surətdə bağlıdır. Qeyd etmək lazımdır ki, hər bir ədəbi nəslin meydana çıxması ənənələrin, nailiyyətlərin qiymətləndirilməsi, təzə imzaların meydana çıxması, yeni həyat duyğuları, yeni ədəbi zövqlərin formalaşması deməkdir. Daimi mətləblərə və həyat həqiqətlərinə gətirilən təzə düşüncə və təravət, ədəbi inkişafa təkan verən yeni baxış bucağı hər bir yeni ədəbi nəslin keyfiyyət göstəricisidir.
Beləliklə, 30-40-50-ci illərin böyük uğurları olduğu kimi, 60-cı illər nəslinin ədəbi həyatda güclü sıçrayışını, sonuncuların 50-ci illərdən heç də geridə qalmadıqlarını, əksinə, bir çox məsələlərdə əvvəlkilərdən də irəli getdiklərini etiraf etməliyik. Bir həqiqət var ki, yeni ədəbi nəsil əvvəlkinə nisbətən daha cəsarətli, ədəbi riskdən, ekspermentlərdən çəkinməyən, öz baxışını, öz mənəvi-estetik potensialını tərəddüd etmədən ortaya qoyan, parlaq fərdi cizgilər nümayiş etdirən bir ədəbi elitanın ədəbi prosesə qədəm qoyması demək idi.
Xalq yazıçısı M.İbrahimov yazır: “Əli Kərim ədəbiyyata gəldiyi gündən özünün yazı manerası ilə seçildi, qeyri-adi poetik istedada malik olan gənc poeziyaya bütün ürəyini, bütün varlığını verirdi desək, yanılmarıq”.
Hələ 50-ci illərdə xalq şairi Məmməd Rahim yazırdı: “Azərbaycan ədəbiyyatında məni sevindirən hadisələrdən biri şeirimizdə qüvvətli ədəbi gənclərin yaranmasıdır. Onlar özlərinə məxsus müəyyən bir qüdrətlə ədəbiyyatımızın üfüqlərində parlayırlar. Hərənin bir amalı, öz nuru vardır. İstedadca bəlkə elələri var ki, eyni səviyyədə durur. Ancaq yerə yaxın sayılan ulduzlar kimi, bu gənclərin bəzisi ədəbiyyata daha çox bağlı olduğuna görə, oxucu dünyasına daha çox yaxın olursan. Əli Kərim belə bir istedadlı gəncdir.
Bir gənc şair kimi mən onu sevirəm. Onun əsərlərində bir təravət vardır. Onun əsərlərində bir gözəllik, şeirlərindəki ədada bir təzəlik vardır. Əli Kərimov şeirləri ilə oxucunun qəlbini ovlamağa çalışır və biz gənc şairin ildən-ilə bu sahədəki müvəffəqiyyətinin şahidi oluruq. Şeir dünyasındakı kiçik, lakin xoşagələn bu ulduz oxucular aləminə daha yaxın və parlaq görünmək vəziyyətindədir.
Bir zaman onun “İki sevgi” şeirində bu sətirləri oxumuş və sevmişəm:
Gözəl qız, sən saf susan,
İki qəlb arzususan.
Mən səni sevirəm iynənin ucu boyda,
İşığa həsrət qalan göz işıq sevən kimi.” (66)
O, poeziyaya gəldiyi ilk günlərdən əsərlərinin tutarlılığı, güclülüyü, qəzəbi, kəskin ruhu, dinamikliyi, obrazlılığı ilə seçildi. Azərbaycan ədəbiyyatını “İki sevgi”, “Qayıt”, “Qaytar ana borcunu”, “Kür, sənə bənzəyən nəğməm olaydı”, “O göz yaşlarım”, “O qıza”, “Külək, dəniz, gecə, ölüm və Səlim”, “Bomba üstündə ev”, “Analar ağlar”, “Xirosimoda məktəbsiz uşaq”, “Füzuli”, “Bülbülün xatirəsinə”, “Babəkin qolları”, “Şair” kimi şeirlər, “İlk sinfoniya”. “Üçüncü atlı”, “Bir santimetr haqqında ballada”, “Heykəl və heykəlin qardaşı”, “O mənə danışdı ki...” adlı poemaları, “Ləpələr”, “Nənəmin şahlıq quşu”, “Boşanaq, evlənərik” musiqili komediyaları, tərcümələri və digər əsərləri ilə zənginləşdirdi, özündən sonra dəyərli incilər qoyub getdi.
Əli Kərim yaradıcılığı boyu ötəri, səthi, gəldi-gedər məsələləri qələmə almamış, zahiri bər-bəzəyə, parıltıya uymamış, əksinə, dərin qatlara enməyə çalışmış, hamını düşündürən ciddi mətləbləri tərənnüm edən bir şair kimi tanınmışdır. Bu o deməkdir ki, həyatımızın iki zidd qütbü var, dünyada hələ də xeyirlə şər, yaxşılıqla pislik, humanizmlə vəhşilik, işıqla zülmət, yaşamaqla ölüm əlbəyaxa döyüşdədir. Çətin və ağır olsa da, son nəticədə işıqlı amallar qalib gəlir. Bu böyük və humanist sənətkarın yeri ön sıralardadır.
Əli Kərim məhz ön sıralarda olan, böyük sənət imtahanından həmişə üzü ağ çıxan şair idi.
Otuzdan çox yaşamışam...
Arabada, təyyarədə,
Gah qum üstdə,
Gah dənizdə.
Sevgi toranında,
Mübarizə salonunda.
Bəzən baş tutmayan
Dağılmış divarlarının xarabasında,
Bəzən söz yarışında
Bəzən ölüm sözünün polyar qışında.
Bəzən günlərimi başlı-başına buraxıb.
Onlarsız əylənmişəm
İllərimin çoxusu mənimlədir.
Ailəmin üzvüdür
Yoxlayanda bir-bir.
Görürəm bəzisindən
günlər düşüb,
hara düşüb?
Nə vaxt düşüb?
Eh, onlar çoxdan ötüşüb,
Bəzisi toz olub ayaqlar altında,.
Bəzisi hansı maşındasa yadımdan çıxıb gedib.
Bəzisi bir vaxt kənarında
Yaşadığımız çayın
suyunda axıb gedib.
Amma eləsi də var ki,
itməyib,
könlümü incitməyib. (47, 15-16)
Ölümündən beş il əvvəl yazılmış bu şeirdə Əli Kərim həyat və sənət qayəsini ifadə etmişdi.
Çox təəssüflər olsun ki, qəlbi, ruhu vətən eşqi ilə döyünən, hələ qatı açılmamış neçə-neçə dəyərli poetik yazıları ilə oxucusunu düşünməyə çağıran Əli Kərim cəmi otuz səkkiz il yaşadı. Yaşadımı? Elə buradaca hər kəlməsini, hər bir misrasını bir həyat kitabı adlandırdığımız Rəsul Rzanın bir fikrini xatırlatmaq istərdik: “Sənətkarın iki doğum tarixi olur. Biri anadan olduğu gün, o biri ilk sənət əsəri yaratdığı gün. Birinci tarix dəftərxana kitablarına yazılır, o biri tarixi həyat, zaman müəyyən edir” (68, 231).
Tənqidçi alim V.Yusifli isə belə deyir: “Otuz səkkiz il yaşadı Əli Kərim, iyirmi bir il ədəbi yaradıcılıqla məşğul oldu. Çox sakit, haysız-küysüz bir həyat yaşadı. Böyük istedadı ola-ola layiqincə qiymətləndirilmədi” (80, 172).
Onun Azərbaycan poeziyasındakı bənzərsiz xidmətini isə həyat, zaman müəyyənləşdirdi. Ancaq bu zaman Əli Kərim həyatda yox idi. Çox heyf! Lakin 60-cı illər poeziyasından söhbət açılarkən gənc yazarlar içərisində Əli Kərim adı, imzası xüsusi olaraq çəkilir. 60-cı illər Əli Kərim yaradıcılığının axtarış illəri, daha doğrusu çiçəkləndiyi, onun şair-vətəndaş kimi tanındığı illər idi. Qeyd etmək lazımdır ki, 60-cı illər ədəbiyyatımızdan danışarkən biri-digərindən fərqlənən, yenicə ədəbi mühitə atılan ümidverici gənclərin imzaları ədəbi ictimaiyyətin nəzər-diqqətini cəlb edirdi. Elə yaradıcılığının ilk illərindən Əli Kərim öz estetik məramını, poetik niyyətini kifayət qədər sərrast və dolğunluqla reallaşdıra bilən sənətkar kimi tanınmışdır. Sözün çəkisini, sözün yerini və sözün gücünü bilən şair yazdığı şeir və poemalarında poeziyanın “Hippokrat andı”na sadiq qalır, bədii sözün saflığını qoruyur. Çünki o, şeirə, sənətə keçici bir hal kimi baxmır, istər şeir və poemalarında, istərsə də çıxışlarında poetik təfəkkür ideya-estetik təfəkkürü tamamlayır, dolğunlaşdırır. Əli Kərim poeziyasının bütün qaynaqlarını tapmaq çətindir. Əli Kərim həyatın özü qədər zəngin və mürəkkəbdir, fərdi olduğu qədər də fəlsəfidir, ümumidir, şairə görə həyatın əksər anlarında poeziya var, bircə onu müşahidə edib görmək lazımdır. Bütün janrlarda və ədəbi növlərdə yaxşı əsərlər yazmaq olar, sadəcə ilhama söykənib onun yolunu və üslubunu tapmaq lazımdır.
Əli Kərim bir şair kimi 50-ci illərin sonlarında başlasa da, fərdi şair “Mən”inin təsdiqi 60-cı illərə təsadüf edir. Şair 60-cı illər ədəbi prosesinin adi iştirakçısı deyil, həm də həmin prosesin bənzərsiz şair fərdiyyəti ilə seçilən nümayəndələrindən biri olmuşdur. Xüsusən, bu illər ədəbi prosesində poeziyanın tutduğu mövqe, onun tematik ideya-estetik və poetik mənzərəsi əsərin əsas tədqiqat obyektini təşkil edir.
Görkəmli tənqidçi Asif Əfəndiyev qeyd edir ki, “Əli Kərim poeziyamızda möhtəşəmlikdən adiliyə, pafosdan konkretliyə, patetikadan bədii dəqiqliyə keçidin ən parlaq nümayəndəsidir. Bu təmayülü o, hamıdan tez və hamıdan parlaq ifadə edə bilmişdir. Məncə, Əli Kərimin ədəbiyyat tariximizdə mövqeyi bununla əlaqədardır” (14, 7). Azərbaycan poeziyasında Əli Kərimi bənzərsiz edən də bu xüsusiyyətlərdir. XX əsrin 50-60-cı illərində Azərbaycan poeziyasını nəzərdən keçirəndə bu keyfiyyətlər daha çox diqqəti çəkir. “Bu səpkili şeirlər 30-cu illərdən bəri pafosun, patetikanın, ritorikanın məngənəsinə keçən Azərbaycan şeirini “əsarətdən” qurtarmaq, ona yeni çalarlar gətirmək idi” (33). 38 il yaşamış Əli Kərim bunu bacardı və Azərbaycan poeziyasında “Əli Kərim şeiri” deyilən anlayış yarandı. “Əli Kərim şeiri” o deməkdir ki, Əli Kərim üsluba çevrilib, onun şeiri ədəbiyyatda sabitləşib, onun yaradıcı davamçıları və hətta onun vəchlə oxuyan xüsusi oxucuları, çoxlu pərəstişkarları var...” (27).
“Əli Kərim az bir ömür sürdü, lakin indi onun qoyub getdiyi irsə baxanda təəccüb eləyirsən ki, az müddətdə nə qədər böyük, nə qədər geniş sahədə fəaliyyət göstərmək olar. Onun şeirində nə müəyyən mövzuya bağlılıq və onun çərçivəsində qalmaq, nə bir formanı, ancaq onu tapıb, onu tutub davam etmək vardır. Onun yaradıcılığı son dərəcə geniş və mürəkkəbdir” (69).
Əli Kərim poeziyasının fərdi, özünəməxsus cizgiləri, üslubi vasitələri və bədii dilinin xüsusiyyətləri tədqiqatın predmetidir. Şeirləri, poemaları, xüsusi araşdırma predmeti olmaqla bərabər, ədəbi-tənqidi məqalələri, məruzə və çıxışları da polemik qaynaqlar şəklində elmi-nəzəri təhlilə cəlb olunmuşdur. Əli Kərim şeirinin mövzu, ideya-məzmun, janr və poetika xüsusiyyətləri ümumi araşdırma konteksti çərçivəsində tədqiqatda iştirak edir.
Monoqrafiyanın məqsədi Əli Kərim yaradıcılığına xas fərdi poetik üslubu şərtləndirən əlamətlər və xüsusiyyətlər kompleksini üzə çıxarmaq, onun yaradıcılıq profilinin əsas cizgilərini müəyyənləşdirməkdir. Bununla əlaqədar aşağıdakı vəzifələri yerinə yetirmək nəzərdə tutulur:
– Əli Kərim yaradıcılığının poetik və dünyagörüşü tərəflərinin ətraflı təhlilini vermək;
– təsvir olunan şəxsiyyət və hadisələrə onun estetik münasibətini aydınlaşdırmaq;
– şairin yaradıcılıq pafosunu və janr özünəməxsusluğunu üzə çıxarmaq;
– Əli Kərimin poetik təsvir və ifadə vasitələrini vermək;
– müəllifin fərdi yaradıcılıq üslubunun təkamülünü və inkişafını açıb göstərmək;
– 60-cı illər ədəbi nəsli arasında yerini müəyyənləşdirmək;
– beləliklə, monoqrafiyada küll halında şair Əli Kərimin sənətkarlıq xüsusiyyətlərini, üslubi və poetik fiqurlar sistemini elmi ictimaiyyətə daha yaxından tanıtmaq.
Əli Kərim yaradıcılığı hələ 60-cı illərdən ədəbi tənqidin diqqətini cəlb etmiş, onun haqqında məqalə və oçerklər yazılmışdır. Bu baxımdan Rəsul Rza, Mirzə İbrahimov, Bəkir Nəbiyev, Məsud Əlioğlu, Anar, Fikrət Qoca, Arif Abdullazadə, Yaşar Qarayev, Altay Məmmədov, Məmmədəli Əsgərov, Kələntər Kələntərli, Cabir Novruz, İsa İsmayılzadə, Vaqif Yusifli, Cavanşir Yusifli, Sona Xəyal, Paşa Əlioğlu, Əli Səmədli, Ağamusa Axundov, Abbasəli Əhmədoğlu, Telman Dəmir, Könül Şahbazova, Xəlil Xəlilov, Niyazəli Qəhrəmanov, Ələkbər Salahzadə və b. məqalələri, resenziyaları diqqəti cəlb edir. Bu məqalə və resenziyalar da tanınmış tənqidçi-ədəbiyyatşünaslar tərəfindən yüksək qiymət verilmişdir.
Şairin yaradıcılıq fəaliyyəti və fərdi üslub problemi, intensiv şəkildə olmasa da, hələ keçən əsrin 60-cı illərindən öyrənilməyə başlanmışdır. Xüsusən nəsrdə üslub və təmayülləri məsələsi müəyyən qədər tədqiq olunmuşdur (Bəkir Nəbiyev, Niyazəli Qəhrəmanov, Akif Hüseynov, Vəli Osmanlı, Nəcəf Quliyev və b.). Poeziyada fərdi üslub xüsusiyyətləri Əkbər Ağayev, Şamil Salmanov, Rəhim Əliyev, Elçin, Arif Abdullazadə tərəfindən tədqiq olunsa da, monoqrafiya çərçivəsində geniş, hərtərəfli araşdırılmayıb. Monoqrafiyada Əli Kərimin poetik baxışının elə cizgilərinə diqqət yetirilir ki, burada şairin dəsti-xəttinin orijinallığı və özünəməxsusluğu əks olunsun.
Tədqiqat işində ilk dəfə olaraq:
– Əli Kərim poeziyasına ədəbi hadisə kimi yanaşılmış, onun sənətkarlığı sistemli şəkildə araşdırılmışdır.
– Şairin mövzu, janr və poetika özünəməxsusluğu müəyyənləşdirilmiş, onun fərdi üslubunun cizgiləri geniş təhlil olunmuşdur.
– Onun lirikasının səciyyəvi cəhətləri ilk dəfə olaraq əsaslı şəkildə elmi-nəzəri qiymətini almışdır.
– Yaddaş motivinin və milli-tarixi keçmişə müraciətinin bilavasitə şairin müasirlik duyğusu ilə bağlı olduğu vurğulanmışdır.
– Tematik baxımdan poemalarına xas olan müstəqillik, bütövlük və xalq taleyi mövzuları xüsusi tədqiq edilmişdir.
Əli Kərimin fərdi yaradıcılıq üslubu onun rəngarəng yaradıcılığı kontekstində, yenilikləri və uğurları, poetik axtarış və tapıntıları, xüsusilə obrazlar sistemi, poetik və ifadə vasitələri gözlənilməklə izah edilmişdir.
Monoqrafiya funksional və analitik prinsiplər əsasında yazılmışdır. Tədqiqatın nəzəri metodoloji əsasını dünya ədəbi-estetik fikrinin, eləcə də Azərbaycan alimlərinin ədəbiyyat və sənət haqqında, üslub və metodun mahiyyəti barədə qiymətli mülahizələri təşkil edir. Çağdaş Azərbaycan poeziyasının müxtəlif dövrlərinə və problemlərinə həsr olunmuş elmi axtarışların nəticələri, həmçinin Azərbaycan şeirinin üslub və poetikasına dair tədqiqatların əsas müddəaları monoqrafiyanın nəzəri özülünün əsasında durur.
Əli Kərimin yaradıcılıq yoluna həsr olunmuş bu monoqrafiya ciddi elmi-nəzəri təhlilin və tədqiqatın nəticəsidir. Tədqiqat isə təkcə bir ədəbi simanın fərdi üslubunun araşdırılması ilə məhdudlaşmayıb, həm də XX əsrin son rübündə poeziyamızın inkişaf mərhələlərinin müəyyənləşdirilməsi, bu inkişafda müstəqil rol oynayan dil-üslub təmayüllərinin aşkarlanması və digər bir sıra məsələləri də əhatə edir.
Kitab filoloji yönümlü tələbələr və oxucu kütləsi üçün nəzərdə tutulsa da, ondan mütəxəssis-filoloqlar, çağdaş poeziyamızın araşdırıcıları, ədəbiyyat həvəskarları və poeziya tədqiqatçıları faydalana bilərlər. Monoqrafiyadan ali məktəblərin filologiya fakültəsində fərdi üslubla bağlı mülahizələrin təşkilində və bu sahədə tədris vəsaitlərinin hazırlanmasında da istifadə etmək olar.
Əli Kərimin poeziyası aşağıdakı şəkildə qruplaşdırılmışdır.
a) İlk addımlar
b) Əli Kərim lirikasının əsas motivləri.
c) Məhəbbət lirikası
ç) Vətənpərvərlik
d) Uşaq şeirləri
e) Poemaları
f) Bədii nəsri
g) Poetik düşüncələr
Dostları ilə paylaş: |