İLK ADDIMLAR
Böyük Vətən müharibəsinin son illərində poeziya aləminə gələn və ilk şeirlərindən ədəbi ictimaiyyətin diqqətini çəkən Əli Paşa oğlu Kərimov 1931-ci ildə Göyçay şəhərində anadan olmuşdur. O, ibtidai təhsilini (beşinci sinfə qədər) evlərinin yanındakı 2№-li ibtidai məktəbində almış, sonralar şəhərin 4 №-li məktəbində davam etdirmişdir. Hələ orta məktəbdə oxuyarkən sənəti və ədəbiyyatı sevməsində ədəbiyyat müəlliminin böyük təsiri olmuşdur. Şair öz xatirələrində söyləyir ki: “Mənim bir şair kimi yetişməyimdə orta məktəbdə ədəbiyyatdan dərs demiş Akif (Süleymanov) müəllimin səy və qayğısını heç vaxt unuda bilmərəm. O, ədəbiyyatın sirlərini bizə bütün varlığı ilə çatdırmağa çalışan, ömrünü elmə, ədəbiyyata sərf edən savadlı müəllimlərdən biri idi. Mən hər dəfə şeir yazanda ona müraciət edər, hər dəfə ondan ayrılanda təzə bir şey öyrənərdim”.
Əlinin şeirləri ara-sıra məktəbin divar qəzetində çap olunmağa başlayır. Məktəb illərində Əli şeir dərnəklərində yaxından iştirak edər, özünün orijinal yazıları ilə məktəb kollektivini heyran edərdi. O, 1946-cı ildə "Azərbaycan gəncləri" qəzetində "Gözlərin" adlı şeiri ilə çıxış edir. Əli Kərimin uşaqlıq illəri müharibənin qanlı-qadalı illərinə düşmüşdür. Şairin yaxın dostu yazıçı Əli Səmədov "Dünənimiz yada düşdü bu gün" adlı xatirə məqaləsində yazır: "Uşaqlığımız qanlı-qadalı illərə düşdü. Ehtiyac ac qurd kimi dişlərini ağartdı biz uşaqlara. Ancaq bizi qorxuda bilmədi. Onunla nə vaxt görüşdüyümü, nə vaxt ayrılmaz dost olduğumu xatırlaya bilmirəm. Onilliyi bitirdik. 1948-ci ilin istili-bürkülü bir avqust günündə Əli, Arif Məmmədov (Filologiya elmləri doktoru, professor) və mən Bakıya yollandıq. Səhəri gün institutları bir-bir dişimizə vurduq. Birinci Bədən Tərbiyəsi İnstitutuna gəldik. Orta məktəbdə, demək olar ki, idmançı idik. Əli ağırlıq qaldırmaqla ciddi məşğul olurdu. Enli kürəyi, əzələli, polad kimi qolları onu əsl idmançı kimi göstərirdi. Bədən Tərbiyəsi İnstitutuna gələndə bizi heç danışdıran olmadı. Çox götür-qoydan sonra universitetə gəldik. Əli ilə mən sənədlərimizi Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə verdik. Əlinin balı çatmadığına görə kitabxanaçılıq fakültəsinə qəbul olundu, lakin təqaüdə düşmədiyinə görə geri qayıtmalı oldu (o təqaüdsüz oxuya bilməzdi). İncəsənət İnstitutuna (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) isə tələbələrin sayı az olduğuna görə qəbul imtahanları sentyabr ayının axırına kimi davam edirdi. Burada təqaüd və yataqxana verirdilər. Ona görə də hörmətli akademik Abdulla Qarayevin köməkliyi ilə (əlbəttə işə mən qarışmasaydım, çünki Əli çox utancaq idi) Əli sənədlərini alıb teatrşünaslıq fakültəsinə daxil oldu və birlikdə oxumağa başladıq. Xoş günlərimiz bundan sonra başladı. Bir institutda, bir fakültədə, bir yataqxanada, bir otaqda. Dostlar üçün bundan gözəl nə ola bilərdi (70, 66). Tələbəlik illəri, institut həyatı şairin qarşısında yeni üfüqlər açır, şeirə, sənətə olan meylini daha da inkşaf etdirir.
Gənc Əli tələbəlik illərində Azərbaycan, rus, dünya ədəbiyyatını məhəbbət və həvəslə mütaliə edər, M.Füzulini, M.Ə.Sabiri, C.Məmmədquluzadəni, S.Vurğunu, Höteni, Bayronu, L.Tolstoyu, R.Rzanı, M.Hadini və digər sənətkarların əsərlərini xüsusi bir maraqla oxuyarmış. Sonralar o, dönə-dönə bu sənətkarları xatırlamış və onlara ayrıca əsərlər ithaf etmişdir. "Xətai", "Şair", "Ölüm sevinməsin", "Müşfiqə", "Şəhidlərin zirvəsi", "Tolstoyvari" və s. bu istəkdən yaranmışdır.
Əli Kərim ikinci kursu bitirdikdən sonra Azərbaycan Yazıçılar İttifaqının (indiki Azərbaycan Yazıçılar Birliyi) tərəfindən Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutuna göndərilir.
50-ci illərin sonu, 60-cı illərin əvvəllərində Azərbaycan yazıçıları, ziyalıları arasında "Litinstitut" adı ilə məşhur olan həmin tədris yaradıcılıq müəssisəsi Stalindən sonrakı dövrdə demokratik düşüncənin, böyük ədəbiyyatın SSRİ-də əsas mərkəzlərindən idi. Əli Kərimin poetik istedadının, ideyalarının canlanmasında, yaradıcı təfəkkürünün formalaşmasında, düşüncəsinin, ideyalarının daha da demokrativləşməsində, heç şübhəsiz, Litinstitut təhsilinin böyük rolu olmuşdur.
1955-ci ildə Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutunu fərqlənmə diplomu ilə bitirdikdən sonra ilk fəaliyyətinə "Azərbaycan" jurnalında başlayan, daha sonralar ədəbi mühitdə öz nüfuzu və mövqeyi ilə seçilən Əli Kərim Azərbaycan Yazıçılar İttifaqında nəşriyyat şöbəsinin müdiri, Dövlət nəşriyyatında redaktor, Yazıçılar İttifaqında dram bölməsinin rəhbəri, "Azərbaycan və Literaturnıy Azərbaycan" jurnalında məsul katib, ömrünün son illərində isə Azərbaycan nəşriyyatında baş redaktor vəzifəsində çalışmışdır.
Əli Kərimin bir şair kimi yetişməsində Yazıçılar İttifaqının Natəvan klubunun böyük rolu olmuşdur. Həmin klubdakı dərnəkdə Bəxtiyar Vahabzadə, Novruz Gəncəli, Adil Babayev, Nəbi Xəzri, Qabil İmamverdiyev və başqaları yaxından iştirak edər, müntəzəm olaraq yeni şeirlər oxuyar, yoldaşcasına mübahisə və müzakirə edərdilər.
Əli Kərimi oxuculara tanıdan "İki Sevgi" (1948) şeiri olmuşdur. Bu şeirin yazılmasını Əli Səmədov belə nəql edir: "İki sevgi" şeirinin çox qəribə yazılma tarixi var. O, bu şeiri bir neçə gün idi yazmışdı. İsti-isti mənə və Arifə oxumuşdu. Məsləhət gördüm "Gənclər günü"ndə oxusun. Ancaq hər beşinci gün Yazıçılar İttifaqına gedəndə bir bəhanə ilə oxumurdu. Biz də o ki var danlayırdıq onu.
Bir gün dedi ki, oxuyacam, oxudu da. O vaxtlar Yazıçılar İttifaqında şeir üzrə məsləhətçi Məmməd Rahim idi. Həmin dərnəkdə məclisi o aparırdı. Həmin şeirin ilk variantı belə idi:
Gözəl qız sən saf susan,
İki qəlb arzususan.
Mənsə sevirəm səni susuzluqdan od vurub,
Göz kimi yandırdığı dodaq su sevən kimi.
Gözəl qız, sən işıqsan,
Dünyaya yaraşıqsan.
Mən səni sevirəm iynənin ucu boyda,
İşığa həsrət qalan kor işıq sevən kimi.
O isə səni sevir bir şən mağarada, toyda,
İşıqlardan yaranmış yaraşıq sevən kimi.
Gözəl qız, sən günəşsən,
Yanar duyğusan, ərşsən.
Mən səni sevirəm dolanaraq başına,
Məqribdən Məşriqədək uzanan cahan kimi,
O sevir məndən də tez dəyərək baxışına
Baş yelləyib tərpənən günəbaxan kimi,
Salmadın mənə meyli,
Salmısan ona meyli,
Peyğəmbərlik etmirəm,
Nöqtə, nöqtə və nöqtə...
Əli şeiri oxuyub qurtarandan sonra Natəvan klubuna bir dəqiqəlik sükut çökdü. Elə bil salondakılar hamısı (M.Rahim başda olmaqla) bu şeirin sehrinə düşmüşdülər. hamı bərk həyəcan keçirirdi. Əli də (47, 62).
Şeirin ilk variantı məndə qaldı. Şeir geniş şəkildə müzakirə olundu. Qabil, Əliağa Kürçaylı çıxış edib şeiri təriflədilər. Hamı Rahim müəllimin son sözünü gözləyirdi. O, sözünə belə başladı:
– Tərif öz yerində, ancaq nöqsanı da görmək və demək lazımdı. Gənc müəllifin şeiri yaxşıdı, mənim xoşuma gəldi. Ancaq şair öz intim hisslərini birinci plana çəkib. Şeirin ictimai qayəsi yoxdu, ictimai motivləri gücləndirsin, sonra mənə təqdim edər, çap etdirərəm.
Bir neçə aydan sonra ictimai motivli "İki sevgi" şeiri "Azərbaycan" jurnalında dərc olundu və Əlini bir şair kimi çox tanıtdı (70, 63).
Ədəbiyyatşünas alim Cavanşir Yusifli məqalələrinin birində bu şeir barədə yazır: "İki sevgi" şeiri onun poeziyada bütün ömrü boyu ifadə etmək istədiyi manifestinin müəyyən parlaq məqamı sayıla bilər. Şeir boyu intonasiya, poetika elə qurulur, elə bir formul daxilində hərəkət edir ki, burada sabit şəkildə müşahidə edilən, daim sabit mövqedə dayanan obraz (allı-güllü obraz, həm də insanı qəfil yaxalayan, çaşdıran obraz) əvəzinə əvvəldən sona kimi batıb-çıxan obraz-münasibətin şahidi oluruq. Bu hal həm də artıq edilmiş bir seçimdir: "İki sevgi" (79, 192).
Tarix elmləri doktoru Nəsiman Yaqublu isə “İki sevgi” şeiri barədə belə deyir: Sevgi haqqında Nizamidən, Füzulidən, Müşfiqdən sonra ən təsirli vəsfi son dövrümüzdə götürsək, şair Əli Kərim etmişdi. 1940-cı illərdə yazdığı “İki sevgi” şeiri ilə təsirli lövhələr yaratmışdı” (“Gözəl qız sən saf susan, iki qəlb arzususan”) (77).
Sonralar Əli Kərimin bir sıra şeirləri "Ədəbiyyat və incəsənət", "Azərbaycan gəncləri", "Azərbaycan pioneri" kimi qəzet və jurnallarda çap olunmaqla yanaşı, "Arifin baxçası", "Salam gələcək illər", "Gözəllik" adlı şeirlər kitabı işıq üzü görmüşdür.
Dövrünün qabaqcıl ziyalıları ilə tanışlıq gənc Əlinin dünyagörüşünün dərinləşməsinə, elmi, siyası, ictimai biliyinin artmasına, poetik ilhamının güclənməsinə böyük təsir göstərir, ədəbi prosesin ümumi axınına qoşulması ilə onun istedadına qol-qanad verir.
İndiyədək Əli Kərimin xeyli sayda kitabları çap olunmuşdur: "İki sevgi" (1960), "Həmişə səfərdə" (1963), "Arifin baxçası" (1963), "Gözəllik" (1963), "Qızıl qanad" (1965), "Qaytar ana borcunu" (1970), "Uşaqlar və ulduzlar" (1971), "Səfərdən sonra" (1972), Seçilmiş əsərləri (II cilddə, 1974, 1975), "Qız və kəpənək" (1979), "Çiçəklər və çörək" (rus dilində, 1978), "Qayıt" (1983), "Pillələr" (roman, 1978), "Pillələr" (1987), "Mavi nəğmənin sahilində" (1991), Seçilmiş əsərləri (1991), “Neyləyim ş, şeirlə dərd söyləyirəm” (1999), Seçilmiş əsərləri (2004), Seçilmiş əsərləri (2013).
Çap olunan bu kitablar şairin keçdiyi yaradıcılıq yolu, mənəvi-əxlaqi, ictimai-siyasi, üslubi poetika axtarışları haqqında aydın qənaət yaradır. Şairin bir sıra şeirləri bir çox dillərə tərcümə olunmuş, bir sıra ədəbi mükafatlara layiq görülmüşdü.
İlk şeir kitablarında müəllif təbiətin gözəlliyinə, doğma, boya-başa çatdığı torpağına, gənclik duyğularına geniş yer verir. "İki sevgi" (1960), "Həmişə səfərdə", "Qızıl qanad" (1965) kitablarından başlayaraq onun poeziyası vətəndaşlıq hisslərinin güclənməsi, milli tarixi yaddaşa müraciətin meydana çıxması, poetik üslubunun, poetik təfəkkürünün adi lirik duyğuların tərcümanından ümummilli amal və idealların daşıyıcısına transformasiya olunması, onun sənətkarlığının yetkinləşməsi, nəticə etibarilə fərdiliyin və özünəməxsuslunun artmasına, fərdi üslubunun bərqərar olmasına və sabitləşməsinə səbəb olmuşdur. Bu mənada Əli Kərim daim inkişaf edən, daxilən və poetik baxımdan bir istedadın daşıyıcısıdır.
Əgər ilk kitablar ("İki sevgi", "Həmişə səfərdə", "Qızıl qanad") lirik qəhrəmanın həyatla təmasının ilk qaranquşları kimi bir-birini tamamlayırsa, sonrakı üç kitab "Qaytar ana borcunu" (1970), "Uşaqlar və ulduzlar" (1971), "Pillələr" (1978) milli yetkinliyin məfkurə təkamülünün, ideya bütövlüyünün göstəriciləri kimi ədəbi aləmdə tanınır.
Şairin ədəbiyyata gəldiyi müharibədən sonrakı illərdə lirikanın əsas cəhəti sosialist Vətəninə və sovet adamlarına tükənməz məhəbbət, düşmənə barışmaz kin və qəzəb hisslərinin tərənnümü idi. Bu illərdə nəzərə çarpan deklamasiyaçılıq, çağırış, xitab, tribunluq ruhu öz yerini təsvir, süjet və bədii lövhələrə meyl edən şeirə verdi. Bu dəyişmə prosesi Əli Kərim yaradıcılığında da müşahidə olunurdu. Həyatını və məişətini dəhşətli müharibə şəraitinə uyğunlaşdıran, işini və fəaliyyətini "Hər şey cəbhə üçün, hər şey müharibə üçün" şüarı əsasında istiqamətləndirən və cəmləşdirən sovet xalqı misilsiz mərdlik, qəhrəmanlıq nümunələri göstərdiyi bir vaxtda şeir mücərrəd, quru təbliğ, təmtəraq, vida və çağırışlarla kifayətlənə bilməzdi. Müharibə dövrünün spesifik xüsusiyyətləri sənətdən və sənətkardan həqiqi ehtiras və mübariz ruh tələb edirdi.
Şairin Böyük Vətən müharibəsinə həsr olunmuş "Poçtalyon"u (1953) vətənpərvərlik ruhunda yazılmış bir şeirdir. Əlbəttə, S.Rüstəmin ürəklərə yol tapmış, az qala xalq yaradıcılığı nümunəsi kimi kütləviləşmiş "Ana və poçtalyon" şeirindən sonra sanki poçtalyon motivinə qayıtmaq artıq imiş. Daha kim cəsarət edib üzərinə belə bir məsuliyyət götürə bilərdi. “Nə qədər paradoksal görünsə də, hələ qələmi sümükləşməmiş cavan Əli Kərim belə bir riskə girişdi. Girişdi və nə alındı – təzə geyimli, ayrı boy-buxunda, başqa biçimdə, ancaq hamının sevdiyi, hamının məhəbbətlə qarşıladığı, səmimi ədəbi portret, yeni gözəl poçtalyon” (25, 7). Bu şeir elə səmimi, elə təbii yazılmışdır ki, müharibənin ağrı-acısını dadmış bütün analar, bütün atalar, bütün övladlar üçün ümid, təskinlik və təsəlliyə çevrilmişdir. Forma cəhətdən süjetli lirika səpkisində yazılmış bu şeirdə müəyyən fabula, kompozisiya ilə yanaşı, tam bitkin səciyyə daşıyan humanist insan xarakterləri ilə də tanış oluruq:
Yenə poçtalyonu Göyçayımızın
Çinarlı yollarla gəlib şən keçir.
Düşünür: "Gör neçə oğlanın, qızın
Eşqi, məhəbbəti əlimdən keçir”.
Rayonun hər böyük, hər kiçik yolu
Ömür dastanımın misralarıdır, –
Gəlin təbəssümü, ana "sağ ol"u
Onun dövlətidir, onun varıdır.
Uzun danışmaq da adəti deyil,
Hər kəsə sözünü tez deyib gedir.
Çantası səsləyir onu elə bil,
O da çantasını dinləyib gedir. (40, 30-31)
Akademik T.Hacıyevin dediyi kimi “bu "Poçtalyon" çantasında şad xəbərlər, sevgi müjdələri ilə yanaşı, şeirimizə yeni obrazlar, təravətli ifadələr, qeyri-adi təşbehlər də gətirdi" (28, 10).
Müharibənin qələbə ilə bitməsi, dinc quruculuq işinə başlayan xalqımızın maddi və mənəvi cəhətdən inkişafı Əli Kərimin yaradıcılığa başladığı illərin poeziyasında öz əksini tapmışdır. Bu illərdə yazdığı hər yeni şeir onun poetik istedadının get-gedə təkmilləşdiyini göstərirdi.
Müharibədən sonrakı dövrdə Vətənimizin hər bir bir guşəsində qaynayan həyat, sovet adamlarının xarüqələr yaradan əməyi, böyük və nəcib arzuları yaradıcı şair və yazıçılar üçün başlıca mövzu mənbəyi olmuşdur. Əli Kərimin əsərlərində də zamanın ən vacib məsələləri, gündən-günə çiçəklənən yeni həyat tərzi, zəhmətkeş insanların həyatı və arzuları ifadə olunurdu.
İstər şairin ilk kitabında ("İki sevgi", 1960), istərsə də ikinci kitabda ("Həmişə səfərdə", 1963) toplanmış şeirlərin əksəriyyəti bunu sübut edir.
Özünə qarşı tələbkar olan Əli Kərim yaradıcılığını sosializm quruculuğunun tələbləri əsasında yenidən qurmaq üçün daha da ciddi işləyir, yeni yaradıcılıq yoluna düşür. İllər keçdikcə şairin yaradıcılıq dairəsi daha da genişlənir. Ölməz söz ustadı Məhəmməd Füzuliyə həsr etdiyi "Füzuli", xalq qəhrəmanı Babəkə həsr etdiyi "Babəkin qolları", Böyük Vətən müharibəsi illərini əks etdirən "Coğrafiya müəlliminin şəhadət barmağı haqqında ballada", Xirosima dəhşətlərindən bəhs edən "Xirosimada məktəbli qız" kimi şeirlər şairin sənətkarlıq cəhətdən getdikcə kamilləşdiyini göstərirdi. Bu şeirlərdə ürəyi vətənpərvərlik, həyatımızın əzəmətindən doğan qürur, iftixar hissi ilə çırpınan bir şairin nəfəsini duyuruq. Yaradıcılığında müşahidə olunan mövzu müxtəlifliyi və rəngarəngliyi Əli Kərimin ciddi axtarışlara meylinin nəticəsi idi.
1965-ci ildə nəşr olunmuş "Qızıl qanad" kitabı Əli Kərimin yeni uğurlu addımı oldu. "Qızıl qanad" kitabında toplanmış şeirlər "İki sevgi", "Həmişə səfərdə" kitablarında dərc olunmuş şeirlərdən istər məzmun, istərsə sənətkarlıq cəhətdən xeyli üstün idi. Bu şeirlərdə şair yaradıcılığının ilk dövrlərində müşahidə olunan qüsurlardan – sözçülükdən, bəsit ifadə vasitələrindən, ritorikadan, mücərrədlikdən mümkün qədər uzaqlaşmağa çalışmış, həyatın üzünə bəzək çəkmədən onu öz təbii və həqiqi gözəlliyi ilə göstərməyə cəhd etmişdir. Ona görə də bu şeirlərin əksəriyyətində həyatın nəfəsi, ətri duyulmaqdadır. "Göydəmir at", "Qonşuda bir qız ağlar", "Şəhidliyin zirvəsi" kimi şeirlərindən aydın olur ki, Əli Kərim bir şair kimi arayır, axtarır, dövrümüz üçün əhəmiyyətli olan maraqlı cəhətləri tərənnüm etməyə çalışır. Bəzi bəndlərdə zəiflik olsa da, bütövlükdə şair axtarışlarının nəticəsi kimi, şairin gecə-gündüzlü zəhmətinin bəhrəsi idi.
Əli Kərimin ömrünün son illərində yaradıcılığında yeni bir mərhələ başlamışdı. Onun 1978-ci ildə geniş oxucu kütləsinin mühakiməsinə verilən "Bütövlük” adlı şeirlər və poemalar kitabı ədəbi aləmdə böyük əks-səda doğurmuşdu. Kitab Dövlət mükafatına layiq görülsə də, bu mükafatı görmək ona qismət olmadı. İstedadlı şair ömrünün 38-ci baharında – 1980-ci ilin qışında, fevralın 11-də vəfat etmiş, böyüyüb boya-başa çatdığı doğma yurdunda, çinarlı Göyçayda dəfn olunmuşdur.
Dostları ilə paylaş: |