ƏLİ KƏRİM LİRİKASINDA VƏTƏN MÖVZUSU
Əli Kərim klassik Azərbaycan ədəbiyyatına xas yüksək vətənpərvərlik hisslərini, sağlam və nikbin ənənələri böyük məharətlə inkişaf etdirmişdir. Xalq şairi S.Vurğun məqalələrinin birində yazır: “Şair və sənət vətəni tərənnüm etdiyi zaman vətən sözünün böyük mənası qarşısında məsuliyyət hiss etməlidir”.
Əli Kərim öz doğma xalqının hiss və düşüncələrini bədii obrazlar vasitəsilə sənətkarlıqla ifadə edən, öz əsərlərində ən gözəl insani keyfiyyətləri – mərdlik, vətən və xalq məhəbbəti, insanpərvərlik və s. tərənnüm edən şairlərimizdən olmuşdur. Bu tipli şeirlər onun yaradıcılığında istər məzmun, istərsə də forma kamilliyi baxımından əhəmiyyətli yerlərdən birini tutur.
Şairin elə əsəri yoxdur ki, orada Azərbaycan torpağının isti nəfəsi, təravəti duyulmasın, qəhrəman xalqımızın mübarizə əzmi, qürub-yaratmaq eşqi, humanist hissləri, gələcəyə olan inamı yüksək poeziya dili ilə bədii şəkildə əks olunmasın. Onun ürəklərə yol tapan, qəlbləri oxşayan şeirlərinin mənbəyi doğma vətəni və onun zəhmətsevən adamlarıdır.
Sevimli çağımdır,
Baharın baharımdır,
Dağların vüqarımdır
Azərbaycanım mənim!
Bulud səndən aşağı,
Uca Şah dağı
Xəyalımın oylağı
Azərbaycanım!
Canım gözüm, ey diyar,
Adın, sanın var.
Sənə yaraşır vüqar,
Azərbaycanım! (75, 86)
Dünyaya yaraşan,
Yaraşıb ona gözəllik verən,
Neft diyarı,
Azərbaycan
könlümün,
ruhumun,
sevincimin,
fikrimin Vətəni!
Azərbaycan!
İnsan zəkasının
işıqlandırdığı,
könlündə
min çıraq yandırdığı
bir diyar. (47, 38)
“Vətən eşqi hər şeydən əzəldir” (B.Vahabzadə) kəlamını əlində rəhbər tutan şair özünü vətəndən ayrı təsəvvür etmir, çünki ağacın kökləri torpağa bağlı olduğu kimi, Əli Kərimin qəlbində vətənə bağlılıq da eləcə kök salıb, bu istək illərin sınağından çıxıb, möhkəmlənib. Onun şeirlərində odlar diyarının isti nəfəsi, təravəti duyulur:
Hər gün, hər səhər-axşam,
Nəğmə,
Şeir yazıram.
Anam, hər kəlməm,
sözüm.
Səninkilərdi ki, var,
Könül odundur onlar.
Müəllimim, bu xətdə
Səninkidir, səninki...
Sevgilim, bu ilhamım
Səninki,
Vətəninki.
Mən nəyəm –
Sadə katib,
Önümdə kağız,
Qələm.
Sizin qüdrətinizlə
Sizə
Nəğmə deyirəm. (47, 106)
Əli Kərim öz xalqının sədaqətli şairidir. Onun əsərlərində yurdunu addım-addım dolaşan, görüb müşahidə etdiklərini varlığı ilə duyan, düşünən və düşündürən, sevilən və sevindirən, bəzən zirvəsinə qalxa bilmədiyi dağların ətrini bir çiçəkdən alan, ancaq yenə zirvələrə doğru can atan vətənpərvər bir şairin surətini görürük.
Əli Kərimin əsərlərini oxuyarkən Vətənimizin gözəl təbiəti, bərəkətli tarlaları, əməksevən insanları, münbit torpaqları adamın gözləri qarşısında canlanır. Vətəndaşlıq pafosu Əli Kərim şeirlərinin ruhunu təşkil edir. Onun “Vətən”, “Xalq” ifadələrini işlətmədiyi əsərləri də xalqla bağlıdır. Belə ki, şair bütün şüurlu həyatını milli varlığa həsr etmiş, doğma yurdun sevincinə şərik olmuşdur.
Doğma torpağımızın bu gününü məhəbbətlə tərənnüm edən, gözəl sabahımız haqqında səmimi fikirlər söyləyən şair, xalqımızın şanlı və şərəfli keçmişi ilə də fəxr edirdi. Gertseni, Motsartı, İrvinq Stounu, Lermontovu yaradan xalqlar dünya mədəniyyəti bağçasında vüqarla gəzdiyi kimi, Nizamini, Füzulini, S.Vurğunu, R.Rzanı yetirən bu xalq da bu xəzinəyə verdiyi nadir incilərlə öyünür. “Mənsub olduğu xalqın varlığı ilə fəxr etməyən, onun eşqini müqəddəs bir məşəl kimi öz qəlbində yandırmayan bir insan öz vətəndaşlıq haqqını dərk edə bilməz, ona vətənpərvər demək də gülünc olar” (74, 45).
Əli Kərimi qələm götürüb, şeir yazmağa ruhlandıran xalqa, Vətənə bəslədiyi məhəbbət olmuşdur, – desək yanılmarıq.
Ey Kürüm, sanıram bir xoş nəğməsən,
İndicə qopmusan min-min dodaqdan.
Sənintək mənalı bir nəğməni mən
“Hardasan” – deyərək gəzirəm çoxdan.
Və yaxud:
Qucaqlaşıb Kürüm ilə,
Öpdüm onu neçə kərə,
Gör biz necə qovuşduq ki,
Axır mən də döndüm Kürə.
Kürə döndüm!
Kürə! Kürə! (47, 17-18)
Əli Kərimin poeziyasında “Vətən” kəlməsi azdır, amma vətəninə bağlılıq, vətən sevgisi istənilən qədərdir. Əli Kərim üçün Göyçay var, Neft daşları var, Xəzər var, Kür çayı var, bütövlükdə Azərbaycan adlanan gözəl bir Vətən var. “Azərbaycan” şeirində etiraf etdiyi kimi, Nizamisi, Nəsimisi, Füzulisi, Nəsrəddini, Cəlili, Sabiri, R.Rzası ilə fəxr edəcək doğma Azərbaycanı var. Oğlunun adını “Azər” çağı-ran bir atanın ürəyində övlada olan atalıq məhəbbətiylə bərabər ana torpağa olan övladlıq məhəbbəti var. Sona Xəyalın dediyi kimi, “bu məhəbbət sonsuzdur, bu məhəbbət vüqarlıdır, qürurludur, bu məhəbbət safdır, təbiidir” (32, 65).
Əli Kərimin lirik qəhrəmanı gözəl olan, təmiz olan hər şeyi sevir. Həm də vüqarla sevir. Adsız bir şeirində dediyi kimi:
Sevirəm
Baxışları yaz şəfəqi kimi
Ürək qızdıran,
Sözləri qəlbə
Səadət dadızdıran
İnsanı.
Yaxşılar az deyil...
Odur ki, fəth edə bilmir,
Başdan başa qəlbimi qəm,
Vüqarla sevirəm. (37, 11)
Bu parçadakı obrazlı fikrin səmimiyyətinə inanmamaq qeyri-mümkündür. Bu, özünün milli varlığı ilə öyünən bir şairin etirafıdır.
Vətəndaşlıq qüruru Əli Kərim şeirlərinin əksəriyyətində təsirli, orijinal boyalarla əks olunmasıdır. Böyük Vətən müharibəsində qəhrəmanlıq göstərən döyüşçülərini yad edən, adi döyüşçüsündən başlamış, şairin sonrakı əsərlərindəki sadə və əməksevər surətlərə qədər hamı vətənə göstərdiyi xidmətlə fəxr edir. Qəhrəmanlarının bu nəcib duyğusu ilə yaşayan müəllif yeri gələndə ricətə keçib, yaratdığı surətin nəcibliyi haqqında sözünü açıb deyirsə, həmin ricət də şair həyəcanının səmimi ifadəsi kimi bizə xoş təsir bağışlayır.
“Bakı küləyi”, “Kür”, “Ən böyük gəmi”, “Əllər”, “Bir gecəlik Kür olmuşam”, “Mavi nəğmə qanadında”, “Kür sənə bənzəyən nəğməm olaydı”, “Dəniz”, “Sənət eşqi”, “Bülbülün xatirəsinə” və s. şeirlərində vətənimizin tərəqqisi naminə yeni zirvələr fəth edən adamlarımızın qüdrətindən, mədəniyyətini yaradan və inkişaf etdirən incəsənət xadimlərindən, şəhərlərimizi abadlaşdıran zəhmətkeş insanların əməyindən, qara saçlarını gənc nəslin təlim-tərbiyəsi yolunda ağartmış xalq müəllimlərindən söhbət açır. Əli Kərimin bu şeirlərində dərin bir səmimiyyət duyulur.
Əli Kərim əsərlərində doğma vətənin gözəl təbiətindən, tükənməz sərvətlərindən öz xalqının mənafeyi üçün istifadə etmək yolunda yorulmaq bilmədən çalışan, öz xoşbəxtliyini vətənin tərəqqi və inkişafında görən zəhmət adamlarını ürəkdən alqışlayır.
Ana torpağa bağlılıq, həyatı sevmək, təbiətə vurğunluq Əli Kərim lirikasının əsas xüsusiyyətlərindəndir. “Fəhlələr”, “Muğamı dinləyirəm”, “Mavi nəğmə qanadında”, “Azər-baycan”, “Nida” və s. şeirlərində bu böyük həyat eşqi tərənnüm olunur:
Ürəyimdə sevinc,
Muğamı dinləyirəm.
Könlümdə yaz sədası,
Könlümdə yaz havası.
Könlümdə duyğuların
Rəngbərəng,
Aydın, qəşəng
Qövsi-güzehi vardır.
Könülümün bir yanı isti,
Könlümün bir yanı çiçək,
Könlümün bir yanı qardır.
Səs ucalır, uaclır,
Dağları yada salır.
Gözə gəlir göy, dərə,
Neçə yerdən odlayır ürəyimi,
Füzulinin qəzəli. (47, 22-23)
Şairin yuxarıda adlarını çəkdiyimiz şeirlərində təbiətlə insanın, zamanla ömrün, baharla gəncliyin, qışla qocalığın, həyatla ölümün, qocalıqla uşaqlığın müqayisəsi verilir. O, təbiəti ancaq bədii zövq və gözəllik mənbəyi kimi qələmə almır, təbiətə insan həyatını rövnəqləndirən bir meydan kimi baxır.
Sahilində qaldım Kürün,
Verdim Kürlə baş-başa mən.
Səhərədək göz yummadım,
Etdim ona tamaşa mən.
Qucaqlaşıb Kürüm ilə
Öpdüm onu neçə kərə,
Gör bir necə qovuşduq ki,
Axır mən də döndüm Kürə,
Kürə döndüm!
Kürə!
Kürə!...
Kür özü də bilmədi ki,
Səsi güclü, kür olmuşam.
Xoşbəxtəm ki, heç olmasa
Bir gecəlik Kür olmuşam. (48, 18)
“Bir gecəlik Kür olmuşam” şeiri təbiət təsvirləri ilə başlayır. Lal, sakit axan Kürün əsrarəngiz gözəlliyindən, sahilə gözəllik verməsindən, ona tamaşa edən hər bir kəsi xatirələr aləminə, keçmiş aylara, illərə aparmaqdan, iki döyünən qəlbi bir-birinə qovuşdurmaqdan və s. bəhs edir.
Əli Kərimin şeirlərində təbiət zahiri təmtəraq xatirinə əsərə daxil edilmir, əksinə, insanın qüdtərini göstərməyə, mənəvi aləmin nəcibliyini aşkara çıxarmağa kömək edir. Şair bugünkü həyatımız haqqında düşünəndə, gələcək haqqında xəyala dalanda da təbiət onun köməyinə gəlir. Müəllif fikrinin daha qabarıq və parlaq ifadəsində təbiət təsvirləri mühüm bir vasitə olur:
Dənizdə boy göstərib mahir üzgüçü kimi,
Yavaş-yavaş batır gün
Şüaları sulara açılmış nəhəng qızıl,
Qanad kimi atır gün
Sahildə bağlar, evlər, plyajlar sıra-sıra,
Adamlar dəstə-dəstə,
Hamını birləşdirir boy göstərib batan gün.
Hamımızı ucaldır, uçurur üfüqlərə
Bir qızıl qanad üstə. (48, 108)
Və ya:
Uşaq deyir ki, mənə
Bir ovuc dəniz verin,
Bir stəkan Kür verin,
Araz verin,
Bircə qurtum tez su verin –
Bir çıxımlıq dağ verin,
Uşaqçün dünya ev,
Göy də mavi bir tavan,
Uşaq üçün hissitək
Bütövdür, safdır cahan.
Məncə, bu sadədillik
Dühayla eyni şeydi
Bu hiss dahi elədi,
Bəlkə də Eynşteyni.. (48, 76)
Əli Kərimin təbiət təsvirinə həsr olunmuş bir çox şeirləri mahir rəssamın gözləri, könülləri oxşayan tablosunu andırır. Bu baxımdan, “Mavi nəğmə qanadında”, “Əllər”, “Bakı küləyi”, “Qış günündə” şeirləri daha çox diqqəti cəlb edir. “Kürə yağış yağırdı” şeirini oxuduqca aramla axan, insanın daxili aləmində oxuyan Kürün əsrarəngiz gözəlliyi, yağan yağışın hər bir damlasının min bir rəngdə olması gözlərimiz önündə canlanır. “Onun min rəngi vardı, yağırdı qızıl yağış, yağırdı gümüş yağış, qara yağış, boz yağış, harda görüşür yağış”, – deyən şair təbiətin lacivərd gözəlliyini necə də gözəl misralarla ifadə edə bilmişdir. Şeirin sonunda deyilir:
İnanmadım gözümə...
Dedim, burda baxan mən,
Yoxsa bir yuxudur gəlib keçdi gözümdən?!
Heç bir yerdə, heç zaman
Belə bir şey olmamış,
Mən yox idim orada...
Kürə yağmamış yağış.. (48, 89)
Hər cürə zahiri dəbdəbə və təmtəraqdan uzaq olan bu şeirdə artıq sözə, lüzumsuz ifadəyə rast gəlmirik. Burada hər şey yerli-yerindədir.
Dünyaya yaraşan,
Yaraşıb ona gözəllik verən,
Neft diyarı,
Yanar ən uca zirvələrdə
Şöhrət ulduzları,
könülümün,
ruhumun,
sevincimin,
kədərimin,
fikrimin Vətəni!
Azərbaycan!
İnsan zəkasının
işıqlandırdığı
könlündə
min çıraq yandırdığı
bir diyar.
Bayramı zəfərlərlə,
bugünkü parlaq,
sabahkı daha parlaq
səhərlərlə dolu;
Yolu –
Bəşər fikrinin
zirvə yolu. (47, 37-38)
Vətən və xalq məhəbbəti Əli Kərim poeziyasında özünəməxsus yer tutur. Bəşər tarixində böyük sənət adamları ədəbiyyatda vətənpərvərliyi xalqın həyat və fəaliyyətinin ayrılmaz hissəsi hesab etmişlər. Belə sənətkarlar öz əsərlərilə cəmiyyətin mütərəqqi meyllərinin müdafiəçisi olmuşlar. Azərbaycanda isə ictimai və fəlsəfi fikrin inkişafında M.F.Axundov, S.Ə.Şirvani, Həsən bəy Zərdabi, M.Ə.Sabir və başqaları görkəmli rol oynamış, onların incəsənətin xəlqiliyi uğrunda mübarizədə xidmətləri böyük olmuşdur. Bu simalar ədəbiyyatı xalqın həyat və mübarizəsilə sıx bağlayırdılar. Bu sənətkarları maraqlandıran ictimai-fəlsəfi məsələlər çox vaxt milli hüdudları aşaraq dünya zəhmətkeşlərinin arzu və istəkləri ilə səsləşmişdir.
“Poeziya həyata müvafiq olmalıdır” ideyasını əsas götürən M.F.Axundov tələb edirdi ki, poeziya xalqın həyatını doğru təsvir etsin. O, həqiqi demokratizm, həyatı mütərəqqi meyllər nöqteyi-nəzərindən əks etdirən realizm uğrunda mübarizə aparırdı.
Əli Kərim klassik rus, Azərbaycan və dünya ədəbiyyatındakı vətənpərvərlik, xəlqilik ənənələrini mənimsəmiş, onu yeni tarixi şəraitdə daha da zənginləşdirmişdir.
Yaşadığı və fəaliyyət göstərdiyi dövrün tələblərini əldə rəhbər tutan şairin yaradıcılığında Azərbaycan xalqı konkret tarixi şəraitdə və özünün milli xüsusiyyətlərilə göstərilmişdir. Əli Kərimin yaradıcılığında Azərbaycan xalqına sonsuz məhəbbət, xalqın tarixi keçmişindən qaynaqlanan iftixar hissi, hazırkı vəziyyətinə və böyük gələcəyinə sağlam, yaradıcı münasibət ifadə olunur.
Əli Kərim yaradıcılığındakı xəlqilik, vətənpərvərlik ötəri, zahiri bir hal deyildir. Onun yaradıcılığı öz kökləri ilə xalqa, onun mənəviyyatına bağlıdır. Əli Kərimin yaradıcılığı yüksək xəlqilik nümunəsidir. Şeirdə “Vətən”, “Xalq” sözləri işlədilirsə, bu cür əsərləri bəzən xəlqiliyin nümunəsi kimi qəbul edirik. Əslində, xəlqi şeir o şeirdir ki, xalqın həyatını, məişətini, mübarizəsini geniş əks etdirsin.
O, özünün ilhamla yazdığı əsərlərində ölkəmizin inkişafını gördükcə fərəhlənmiş, qürur hissi keçirmiş, eyni zamanda mənfi halları cəsarətlə tənqid etmişdir. Ona görə də onun bir çox şeirlərində məhəbbət qəzəblə yanaşı yaşayır. O, müsbət adamları və hadisələri, xalqın qəhrəmanlığından və humanizmindən doğan nəcib mənəvi-əxlaqi keyfiyyətləri məhəbbətlə tərənnüm edərkən mənfi təzahürləri də qəzəblə lənətləyirdi.
Bu dünyanın gözəlliklərini sevən şair eybəcərliklərinə nifrət edir, yaxşıları, aqilləri axtaran şair pisləri, cahilləri rədd edir, dünyaya şər toxumu səpmək üçün gələnləri tənqid edir, dünaynı hər cür çirkinliklərdən, insanları isə şərdən və şeytandan uzaq görmək istəyir:
Yaxşıya pis desələr,
pisə yaxşı desələr,
Bunu görcək qəzəblənib
yaxşılar da
pis olmaq istəsələr...
nə deyim sənə,
Vay o günə,
o günə! (47, 152)
Bu, haraydır. Şair bu gün yaxşıların da bezib yaxşı olmaqdan əl çəkəcəyindən qorxur. Bu şeirin yazılmasından on illər keçməsinə baxmayaraq, bu günün özündə də müasir səslənir. Son illərin dəhşətli hadisələri bunu bir daha sübut etdi. yaxşılar daha da yaxşı oldular, pislər ilə pisliklərini bir daha sübut etdilər. Amma bir çox “yaxşılar” da pis oldular. Təbii ki, xislətində, zatında pislik olmayan heç vədə yolundan azmır. Amma hardasa mühitin tərbiyəsilə yaxşı olanlar, mühit dəyişən kimi soykökündəki eybəcərliyi büruzə verir. Elə Əli Kərim də bundan qorxurdu. Şairin dediyi kimi, “bir gün”ü biz həyatımızda yaşadıq, həmin yaxşıların dönüb pis olmasını gözümüzlə gördük. Pislərin gülüşü, yaxşı adamların ağlamasıdır (32, 69).
“Həyata, zəmanəyə dik baxmağı bacaran Əli Kərim çox təmiz, saf bir şair kimi ömrünün sonuna qədər də belə saflıqla yaşadı. Yaltaq adam gözünün birinci düşməni idi. Heç kəsin əleyhinə danışmaz, heç kəsin paxıllığını çəkməzdi. İntuisiyası, duyum qabiliyyəti (şeirlərində olduğu kimi) çox güclü idi. Bəzən deyirmiş ki, gün gələcək hər şey yaxşı olacaq. Hansı günü nəzərdə tuturdu şair? Yəqin ki, bir zamanlar rejimin iti caynaqlarından qurtulub müstəqil olacağımızı hələ çox-çox qabaqcadan görürdü və duyurdu. Qorxaq adamları diriykən ölü adlandırırdı”. Şair sətiraltı mənalarla fikirlərini belə şərh edirdi:
Qorxu! Ürəyinə yol tapırsa qorxu,
İnsan da ölməyə başlar o gündən.
O, yol açacaqdır, ölüm gələcək,
Gəlib hazırına nazir olacaq.
Qorxudan qorunmaq qüdrətin olsa,
Ölüm baş götürüb dünyadan köçər. (71, 124-125)
Şairin nifrət etdiyi ən böyük günahlardan biri böhtandır. O, adsız bir şeirində böhtanı “həqiqət” paltarına bürüyüb insanlara təqdim edən, hətta çoxunu inandıran böhtancıdan bəhs edir:
O elə böhtanlar deyə bilər ki,
Yanında heç olar hər sənəd onun.
Canından,
qəlbindən,
bağrından qopur
Canlıtək sevdiyi bu sənət onun.
Niyə inanırlar ona?
Çünki
Dediyi, yazdığı bütün böhtanlar
Onun varlığından hər hissi qovub
Bir “həqiqət” kimi tutmuşdur qərar. (43, 146)
Şair burada böhtançıya inanmağın səbəbini də açıqlayır. “Qeyd edir ki, ona görə inanırlar ki, dediyi böhtanlar onun varlığındakı bütün hissləri qovub və bir “həqiqət” kimi orda qərar tutmuşdur” (32, 70). “Sən demə böhtançılıq da sənət olarmış”.
Bəzən ürəyi sancanda, kədər güc gələndə şeir yaxşı adamları xatırlayır, təsəlli tapır. Şairin fikrincə, “Pislərin gülüşü acı gülüşü. Yaxşı adamların ağlamağıdır”. Yaxşıya yaxşı, pisə pis olduğunu qeyd edən şair bu dünyada hər ikisinə sağlıq arzulayır.
Digər bir şeirində isə riyakarlıqdan bəhs edən Əli Kərim deyir:
Könül, riyakarlıq sənət olubdur,
Bütün sənətlərə ordan keçirlər.
Hər bir tərəf oğlu, vüqar övladı
Məhv olur,
gözündə namuslu kədər
Könül, bəlkə sən də...
sən də
sən də riyakar...
Onda get...
Onda get...
Boş qalsın sinəm. (42, 21)
Şair şərəfsizliyin isti, boğucu qoynuna sinmək istəmir, yalan cənnətdənsə, düzlük cəhənnəmində yanmaq istəyir. Xəbislərin nankorluğunu görən şair, onların üzünə gülməkdənsə, bir gün mayası təmizlik olan əbədi heçliyə qovuşmağı daha üstün tutur. Şairin “Maska” adlı şeirində də maraqlı obrazlar var. Peredelkinoda klubda bir karnaval gecəsindən aldığı təəssüratı qələmə alan şair orada maska taxmayan bir qızın hamıya maska paylamasını qeyd edir. Şair diqqət edir ki, bəzən bir ay üzlüyə meymun maskası düşür, bəzən isə elə tülkünün özünə tülkü maskası verilir. Burada maraqlı olan odur ki, bəzən hər gün üzü maskalı olan yeni bir maska alır, ya da birisi öz sifətini açır, amma qəzəblənib maskanı qaytarır. Karnaval qurtaranda hamı bir-bir maskanı gətirib qaytarır, amma naxələf çıxanlar, evinə üzündə maska qayıdanlar da olur:
Yaxşı yadımdadır Peredelkino,
Klubda karnaval gecəsi vardı.
Orda maskaları maska taxmamış,
Bir şümal, bir gözəl qız paylayardı.
Bəzən görürdün ki, bir ayüzlüyə
Eybəcər bir meymun maskası düşür.
Bəzən də görürdün, elə tülkünün
Özü özü ilə bir də görüşür.
Gah da hər gün üzü maskalı olan,
Təzədən üzünə bir maska vurur,
Bəzən də birisi öz sifətini
alır,
qəzəblənir,
qıza qaytarır.
Karnaval qurtarır,
adamlar bir-bir
aldığı maskanı qaytarır qıza
Amma bəziləri naxələf çıxır,
Qayıdır evinə üzündə maska. (48, 106)
Görünüydü kimi, şair burada maskalanmış adamların iç aləmini açmağa, oxucunu, əsasən də gənc və yeniyetmələri düzgün olmağa səsləyir, bir sifətdə olmalarını arzulayır.
Əli Kərimin ciddi poetik nailiyyətlərindən biri meşşanlığı, simasızlığı, “baş girləmək fəlsəfəsini ifşa etməsi, cırmaqlaması, layiqincə döyə bilməsidir” (Xəlil Rza).
Girib qoluna
Yaxşıyla pisin
Gəzdi, danışdı
Mehriban, həzin. (43, 148)
“Heç-heçə (0-0)” şeirində maskası yırtılan bu meşşan vaxtilə Qorki, Mayakovski, Səməd Vurğun tərəfindən döyülmuş, amma yenə kökü kəsilməmiş səciyyəvi bir tipdir. Belələrinə qarşı aşıb-daşan nifrətini Əli Kərim birbaşa demir, gülür, onun canlı nitqində, üzdə bir az laqeyd görünən misralarında təəssüf, sarkazm, yandırıcı istehza bir-birinə qarışır. “Dalda qalmadı, dedi söyərlər, Öndə getmədi dedi döyərlər. Bir də gördülər neçə əsəri, “Volqa”sı, Bağı, barı, bəhəri, Heç-heçə oldu bütün işləri, hər yerdə, hər vaxt, illərdən bəri, Ölümün işi yaman çox idi, amma bir gecə onlara getdi, təəccüb etdi, heç ölümə də layiq olmayan bu necə tipdi?”.
“Azad adam” şeirində şair bu mövzuya yenidən qayıdır, bu tipin başqa bir əkiz tayını verir, içi boş olduğu halda səsi gur çıxan bir həpəndi qələmə alır:
Küçədə elə danışır ki,
Guya bütün insanlarla
Mübarizəsi var,
Yaxşı da gur səsi var,
Birinin pıçıltısını kəsir,
Birinin fikir dolu sükutunu.
Elə bil hamının azadlığına
tutmusan
bunu.
Mərifətdən azad,
hörmətdən azad,
Hər şeydən azad,
Hər şeydən xali, danışır ali-ali,
Qışqırır qazı-qazı
Nadanlığın bu sevimli,
Bu hürr balası. (47, 92)
Göründüyü kimi, şairin bu şeirində “mərifət və azad” sözləri ayrılıqda müsbət məna yükü daşıyır. Ancaq “mərifətdən azad deyəndə bu söz birləşməsi qəzəb, nifrət, kinayə yükü götürür və şairin seçdiyi qara hədəfi sərrast vurur.
Əli Kərimin bir nifrət hədəfi də sənətdəki riyakarlıqdır. Həyatda olmayan bir sənətkarın əsərlərini öz adına çap etdirən də, sənət dostunun paxıllığını çəkən də, həqiqi istedadı gözü götürməyən də bu obyektivdədir.
Şairin adsız bir şeirində ölən dostunun şeirlərini çap etdirib, şair kimi tanınan bir tip vardır. Şair göstərir ki, dostunun şeirlərini çap etdirib şöhrətə çatan bu tip, dostunun şeirləri qurtarandan sonra öz şeirlərini çapa verir və bu şeirləri oxuyanlar onun artıq bir şair kimi öldüyünü bildirirlər. Bu kiçik şeirdə şair nifrət dolu hiss-duyğu ilə ikrah doğuran mənzərə yaratmışdır.
O, ölən dostunun
şeirlərini
Verdi, çap etdirdi,
şöhrətə çatdı.
İllərlə bezdirib
mürgülətdiyi,
Qəlbində,
beynində
tufan oyatdı.
Qurtardı dostunun
şeirlərini.
Bəxtiyar-bəxtiyar
ürəkdən gülüb,
Çıxarcaq ortaya
yazılarını
Dedilər:
– şairtək
o, yoxdur,
ölüb! (43, 145)
“Ölümdən pis” adlı başqa kiçicik bir şeirində isə şair xəyanətə, rəzalətə olan dərin nifrətini, baxın, necə də gözəl mənalandırmışdır:
Ölümdən – xəyanət pis,
Ölümdən – rəzalət pis!
Bəzən necə gözəlsən,
Ölüm, sən ey səadət! (40, 26)
Şair daha sonralar qələmə aldığı “İlk sinfoniya” poemasında bu mövzuya qayıdır, paxıllıq zəhəri ilə zəhərlənmiş “sənətkar” özünün məğlubiyyətini dərk etmək, anlamaq istəməsə də, fakt qarşısında məğlub olduğunu görür. Paxıllıq zəhərini dostunun məhəbbət piyaləsinə tökərkən öz sənət dünyasının zəhərləndiyinin fərqində olmayan Azad üçün artıq sənətdə yer yox idi.
Əli Kərimin “Salyeri” adlı şeirindəsə həqiqi istedada malik olan Motsartla, ona fiziki mənada zəhər verən Salyeri paralel verilmişdir. Şair sözünə belə başlayır:
Motsarta yox,
deyərdim:
özünə verdi zəhərini.
O vaxtdan heç kim çalmır
onun bircə əsərini.
Demək, heç nəyi yoxmuş,
həyatı bir qızdırmalının
gördüyü yuxuymuş.
“Namərd qardaşlıq
məzarında”
basdırdılar yazdıqlarını. (43, 336)
Şair Salyerinin həyatını bir qızdırmalının gördüyü yuxu hesab edir. Onun yazdıqlarının, “Dahiliyin şahlıq taxtına yozduqlarının” “Namərd qardaşlıq məzarında” basdırıldığını qeyd edərək düşünür ki, Salyeri Motsartı dirildib öz puluna aldığı zəhəri geriyə istərdi, o zəhərin öz boğazına tökülməsini istərdi, təki bir əsərinin çalındığını eşidəydi. Burada Salyeri-Motsart paralelində şərlə xeyirin mübarizəsi var. Amma sonda yenə də xeyir qalib gəlir, həmişə olduğu kimi. Motsartın əsərləri zaman-zaman yaşayır, xeyirxahların əməli kimi. Hər dəfə bu mövzuya müraciət edən bir sənətkar Motsarta sevgi, Salyeriyə nifrət dolu duyğularla bu faciəni qələmə alır.
Əli Kərim şeirinin ən dəyərli cəhətlərindən biri də yığcamlıq və konkretlikdir. “Salyeri” şeirində olduğu kimi. Uzun-uzadı söz söyləməkdən, baş ağartmaqdan uzaq olan şairi sevdirən cəhətlərdən biri də ondan ibarətdir ki, kiçik həcmdə böyük mətləbləri açıqlamağı bacarır. Əli Kərim nifrəti çox vaxt qarşıdakı obyektə məhəbbətlə paralel verilir. Və bu paralel poeziyada daha mükəmməl əksini tapır.
Bu sevgi ilə nifrətin paralelini şeirin dünyəvi faciələrlə bağlı əsərlərində aydın görürük.
Böyük Vətən müharibəsi başladığı zaman bütün qüvvələr düşmənlə mübarizəyə, bu mübarizədə qələbəni təmin olunmasına səfərbər edildi. Bütün başqa qardaş xalqların ədəbiyyatları ilə bərabər, Azərbaycan ədəbiyyatı da xalqın iradə və hünərini vətənin azadlıq və səadəti uğrunda mübarizəyə yönəltdi. Doğma vətənə məhəbbət hissini daha da gücləndirmək, xalqda faşizmə sonsuz qəzəb və nifrət his-si tərbiyə etmək ədəbiyyatımızın qarşısında duran əsas vəzifələrdən idi. Müharibə dövrünün özünəməxsus xüsusiyyətləri yazıçıdan etiraz və mübarizə ruhu tələb edirdi. Ədəbiyyatımızın qarşısında duran başlıca məsələ alman qoşunlarının işğalçılıq niyyətini ifşa etmək, faşizmin dünya xalqlarına gətirdiyi böyük fəlakəti göstərmək, yüksək vətənpərvərlik və qəhrəmanlıq hissləri tərbiyə etmək idi.
Vətəni müdafiə ədəbiyyatımızın əsas mövzusu idi. Poeziya faşizmin törətdiyi vəhşilikləri, faşizmin dünya xalqlarına qarşı amansız təcavüzünü, onun yırtıcı mahiyyətini gizlətmədən, müvəqqəti məğlubiyyətlərinin səbəblərini ört-basdır etmədən realistcəsinə əks etdirirdi.
S.Vurğun, S.Rüstəm, M.Rahim, R.Rza, O.Sarıvəlli, M.Dilbazi, Z.Xəlil və başqa şairlərimizin lirikasında, Mir Cəlal, M.S.Ordubadi, M.Hüseyn, S.Rəhimov, M.İbrahimov, Ə.Məmmədxanlı və b. roman, povest, hekayə və məqalələrində bir nəfər kimi doğma vətənin müdafiəsinə qalxmış, mübarizə meydanına atılmış həmvətənlərinin mənəvi zənginliyi təsvir olunmuşdur.
Bu dövrdə Əli Kərim də qələmə sarılmış, Vətənimizin sərhədlərini keçib müqəddəs torpaqlarımızı ələ keçirmək, xalqımızı qul etmək istəyən faşistləri ifşa edən xeyli sayda şeir və poemalar yazmışdır. Onun “Coğrafiya müəlliminin şəhadət barmağı haqqında ballada”, “№3702”, “Xirosimada məktəbsiz uşaq” və s. şeirləri bir tərəfdən gənclərimizə böyük vətənpərvərlik hissləri, digər tərəfdən xalqımızı qul etməyi qarşısında məqsəd qoyan yadelilərə nifrət duyğuları aşıladı. Əlbəttə, şairin müharibə mövzusunda yazdığı şeirlər o qədər də çox deyildir. Amma bu şeirlər 50 il bundan əvvəl yazılmasına baxmayaraq, bu gün müharibə şəraitində yaşayan, yurdundan-yuvasından pərən-pərən düşən vətən həsrətli soydaşlarımızın həyatı ilə səslənməkdədir. Bu cəhətdən “Şəhidliyin zirvəsi”, “Qonşuda bir qız ağlar”, “Bomba üstündə ev”, “Analar ağlar”, “Alman əsiri” və s. şeirləri oxuyarkən körpə balalarımızın, ata-babalarımızın vəhşicəsinə qətlə yetirilməsi, topdağıtmaz Qarabağ mahalının tarmar edilməsi gözlərimiz qarşısında canlanır:
İnildər bir qız Xirosimada,
Bir il,
İki il...
İllər...
Bu nə tükənməz ağrıdır.
O qız –
Bir həşəm sevincli
Topdağıtmaz qranit kədərli,
Söndürülməz alov qəzəbli
Ananın
Gözlərinin qarasıdır, ağıdır,
O, xəyala dalınca
Parçalanmış könül uçur
Məktəbli uşaqların dalınca. (40, 100)
Şairin bu mövzuda qələmə aldığı şeirlərini oxunaqlı edən cəhətlərdən biri də insanın daxili aləmində baş verən təlatümləri, psixoloji sarsıntıları duyub, hiss edib, şeir parçalarında ifadəsini tapmasıdır.
Psixoloji faktor Ə.Kərimin yaradıcılığında həm bədii fenomen kimi mövcuddur, həm də nəzəri polemika şəklində fəaliyyət göstərir. Şairin əsərlərindəki bədii-psixoloji fenomeni oxucu hər oxunuşda bədii zövq şəklində qavrayır: “Qonşuda bir qız ağlar”. Şeirin məzmunu belədir. Akademik T.Hacıyevin yazdığı kimi: “Şeirin məzmunu danışılmaz, ancaq oğul odur ki, şeirinin məzmunu danışılsın və məzmunu da şeir olsun, şeir təsiri oyatsın” (26, 4).
Qızın anası xəstəxanaya gedir ki, ona bir qardaş, ya bir bacı gətirsin. Ancaq ana xəstəxanadan qayıtmır. Qız ağlayır, kirimir. Anasının nəfəsi hopmuş balışı qucaqlayır, ondan ayrılmaq istəmir. Evlərinin künc-bucaqlarını arayır. Şkafı açıb anasının paltosunun içinə baxır, paltonun qollarını qaldırıb içini axtarır, anası orada da tapılmır – bu, yaş yarım-iki yaşlı uşağın psixoloji davranışıdır, təsəlli üçün gələn qadınlara baxır, heç biri anasına oxşamır, yenə ağlayır. Qız “milyon illik kədərlə” yaşayır, yəni ana-bala həsrəti bəşəriyyətlə birgə yaranıb. Çəkilməkdən qəm də yorulub. Ağlamaqdan qız da yorulub. Şair deyir:
Ata tənha...
O, tənha...
Birləşib cüt tənhalıq.
Daha qüdrətli olub,
Daha möhnətli olub...
Növbəylə qalırıq biz...
onlarda...
nə mənası...
Getmir qızın həsrəti,
Gəlmir qızın anası.
Qonşuda bir qız ağlar,
Gəlib düşər yadıma
Müharibə...
Ölüm... qan...
Axşam... səhər...
hər zaman
Qonşuda bir qız ağlar,
Qız ağlar,
Yalqız ağlar. (43, 110)
Bəli, kədər bəşəridir. “Buna görə də kədər müqəddəs hissdir. Onun qüdrətini görüb bədii mənalandırdığı üçün Əli Kərimin bu şeiri psixoloji vüsət qazanır” (26).
Şairin müharibə mövzusunda qələmə aldığı “3702” adlı şeirində rəqəmlər aləmində titrəyən, çırpınan, xəstə kimi üşüyən bir riyaziyyat müəlliminin taleyi ilə tanış oluruq.
Riyaziyyat müəllimi faşist ölüm düşərgəsinin məhbusu olub. İndi o, dərs keçir və şagirdlərinin taxtada yazdığı rəqəmlər müəllimin xəyalında həkk olunmuş dostlarını canlandırır: ölüm düşərgəsində insanların adları zəbt olunmuşdu, ad yerində onları rəqəmlərlə möhürləmişdilər və indi bu təsadüfi rəqəmlər müəllimin gözlərində tələf olmuş insanları, onların dəhşətli talelərini canlandırır. Müəllim dərs keçdiyi zaman hər hansı bir rəqəm onun üçün canlı insana çevrilir. Konslagerdə əsirlərin döşlərinə vurulmuş nömrələr yadına düşür. Burada qaz peçinə atılıb yandırılan Valya, anasından gestaponun zorla ayırdığı, məhv etdiyi körpə naməlum macar, gürcü, rus-hamı xatırlanır. Riyaziyyat müəllimi hər gün bu rəqəmlərlə üz-üzə gəlir. Bütün bunlardan bixəbər şagirdlər cürbəcür misal və məsələ həll edərkən müəyyən rəqəmlər alırlar, onlar bilmirlər ki, hər rəqəm canlı insandır. Şagirdlərdən birisi – 3702 rəqəmini yazarkən müəllim diksinir – bu onun özünün düşərgədəki nömrəsi idi. Şeirin ən təsirli yeri müəllimin öz nömrəsinin şagirdin dilində səslənməsi, müəllimin dik atılması və şairin sonda rahatlıqla gəldiyi qənaət – artıq o günlərin geridə qalması, artıq insanların o mənhus nömrələrlə deyil, öz adları ilə çağırılmalarının nə qədər xoş olmasıdır. Konslagerdə 3702 çağrılan müəllimin öz adıyla çağrılmasının nə demək olduğunu ancaq o dəhşətləri görənlər, dərk edənlər bilər. Şair bu ağrı-acını duyduğu üçün öz yaşantısını təsirli şəkildə təqdim edir. “Əli Kərim bu mövzuya elə dərin emosional qüvvət aşılaya bilmişdir ki, şeiri həyəcansız qavramaq mümkün deyildir” (5, 34).
Budur, məktəb illərindən doğmuş bu şeir:
Birdən şagird: – Müəllim,
3702!
Dik atılır müəllim.
Gör neçə il daşımış
O, bu qurğuşun yükü.
3702!
Eşidəndə
Dik atılır yenə də.
Nə gözəldir insanı
Öz adıyla çağırmaq
Yiyəsidir adının
Buradakı hər uşaq.
3702
dərs deməyir onlara,
Başqasıdır müəllim!
Elmi, dərdi, sevinci
Onlar ilə bir bölən,
Onların adlarını
Adı tək əzbər bilən
Məhəmmədin nəvəsi
Əlövsət oğlu Qara. (48, 125-126)
Burada bir müəllimdən danışan şair, əslində müharibədə əsir düşən sinəsi nömrəli bütün insanların taleyinə acıyır. İnsanları bu hala salan müharibə dəhşətlərinə nifrət edir.
“Coğrafiya müəlliminin şəhadət barmağı haqqında ballada” şeirində daha bir dəhşətin şahidi oluruq. Müharibə gedir. Torpaqlar alınır. Müəllim dərs keçir. Əlini xəritənin üstündə gəzdirir, sərhədi göstərmək istəyir. Amma həmin anda həmin yerdə döyüş gedir. Müəllim bilmir ki, barmağını harada gəzdirsin. Ordu geri çəkilir, osa dayanıb. Şair burada müəllimin barmağı altında dayanan böyük bir ölkənin taleyini izləyir. Ona elə gəlir ki, müəllimin barmağı üstündən tanklar, nallı çəkmələr keçir, lakin o barmaq düşmənin üstünə atılır. Şeirin sonunda isə artıq müəllimin canlı coğrafiya dərsi keçdiyinin şahidi oluruq. Şair şeiri belə bitirir:
Düşmən tərəfləri göstərən zaman,
Həmin barmağını güllələr biçdi.
Bu gün dərs deyirdi,
bozardı rəngi.
Onu çox yandırdı kəsilmiş qolu,
O dərdli barmağı yoxdur
göstərə
Böyük bir ölkənin keçdiyi yolu. (47, 119)
Burada bir müəllimin deyil, minlərlə qolunu-qıçını itirmiş insanların ağrı-acısı var və şair bütün bunlara səbəb olanları nifrət hissi ilə anır, bu ağrılara qəlbən yanır. Əli Kərim şeiri həmişə həqiqi yaşantının nəticəsi kimi yaranır. O, nədən yazırsa-yazsın, onu içindən keçirir, hissində, duyğusunda yoğurub yazır.
“Alman əsiri” şeirində şair daha təsirli bir lövhə yaratmışdır. Göyçaydan Mingəçevirə dəstə-dəstə əsirlər aparırlar. Birdən bir əsir mavi gözlü bir uşağı görüb dayanır. Şair burada diqqəti bir təzada yönəldir. Dünənə qədər cəllad olan bir əsir, mavi gözlü uşağı görərkən yadına yəqin ki, öz uşaqları düşmüş və sanki ildırım vurmuş kimi yerindəcə donmuşdur. Onu haraylayırlar, çağırırlar, amma o sanki eşitmir, uşaqdan ayrıla bilmir. Diqqəti çəkən bir obraz var burada: “Tökülürdü o cəllad gözdən insan baxışı, mehribanlıq yağışı”. Dünən cəllad kimi qan tökən, bu gün isə əsir olan alman hər şeydən əvvəl insandır. Burada artıq şairin nifrəti almana qarşı deyildir. Bu anda alman düşmən deyildir. Dünən düşmən olan bu gün bir insandır, övladını anan bir atadır. Allah-təala insanı yaradanda onun içində bir qüvvə şəklində bütün yaxşı və pis cəhətləri yaratmışdır. Amma insan müəyyən anda onlardan hər hansını istəsə felə çevirə bilir. Əli Kərim bu şeirdə həmin mənanı açıqlamaq istəmişdir.
Əsir durub baxırdı
diqqətlə –
yaxşı-yaxşı.
Tökülürdü
o cəllad gözdən insan baxışı
mehribanlıq yağışı.
Fikrə getmişdi hamı...
Gözətçi hey səsləyir
toz içində uzaqdan.
Əsir ayrıla bilmir
gözləri mavi kinli,
bu qalib,
doğma və yad,
bu sevimli uşaqdan. (47, 120-121)
Əli Kərim poeziyasında diqqəti cəlb edən əsas cəhətlərdən biri də əşyaları, predmetləri adi vəziyyətdən çıxarıb, onlara istədiyi nöqtədən baxmasıdır. Bu yolla şairin xəyalı Kürə yağan yağışın çalarlarını, ritmini tuta-tuta meşələrə, güneylərə, düzənlərə səpilən damcıların qara, qırmızı və boz rəngini aşkarlayır (“Kürə yağış yağırdı”). Şairin fantaziyası köçəri günlər, köçəri saatlar, köçəri aylar (“Başının üstündə bax”) arasında paralellər yaradır, döyüş meydanını qəm meydanına çevirir, bayatıları, ağıları göz yaşında isladır.
“Analar ağlar” adlı şeirdə daha mürəkkəb mənzərə ilə qarşılaşırıq. Sapunqarada anaların gəlib göz yaşı tökdüyü məkan var. Bu məkanda bayatılar, ağılar göz yaşında yuyulur. Nə vaxtsa döyüş meydanı olan bu yerdə ümumi bir məzarıstan var. Analar gəlib burada ağlar, amma bilməz ki kimin üstündə ağlayır. Şair burada qəribə lövhələr yaradır. Bir ana bəlkə də boş bir torpağı qucaqlayıb fəğan edir. Şeirin sonunda isə Sapunqarada olan bu məzarın tək olmadığını, dünyanın başqa yerlərində də bu cür məzarların olduğunu diqqətə çatdırır.
Anam, Sapunqaraya analar gəlib ağlar,
Göz yaşında islanar
Bayatılar, ağılar.
Birisi – Ay bala!
Deyib fəğan qoparar,
Boş torpağı qucaqlar.
Oğullarına dəyən
Necə ağır qurşunu
Ürəyində əridər,
Gözlərindən axıdar.
Anam,
Sapunqarada,
Bir də ki görmədiyim neçə eldə, obada
Ağlar,
Analar ağlar. (47, 123-124)
O analar neçə illərdir ki. ağı deyə-deyə ağlayır. Bu xirosimalı qız neçə illdir sürünə-sürünə inildəyir... Kim bilir hələ neçə il göz yaşı tökəcək, neçə il hələ sızlayacaqdır. Şeirlərin ruhu bir-birilə yaxındır. Birincinin misraları müharibənin sağalmaz, ikincinin misraları isə atom vahiməsi üstündə “köklənib”. Hər ikisi bir nöqtədə birləşir: İnsanlar, ehtiyatlı olun, anaların göz yaşı tükənə bilər, körpələrin təbəssümü yer kürrəsindən silinə bilər. O qızın ürəyi “neçə ildir bir sinifdə, bir arzuda, bir yaşda qalır”, o anaları kədər neçə ildir ki, “meydan boyu səpələyir”. “Xurosimada məktəbsiz uşaq” şeirində qəribə bir hiss – doluxsunmuş ağlamağa taqəti olmayan bir adamın əhval-ruhuyyəsi var. Belə bir adam ancaq qırıq-qırıq danışa bilər. Odur ki, misralar şeirin ümumi ruhuna uyğun olaraq bəzən qırılır, pərən-pərən düşür. Bu, bəşəri bir ağrını daha sərrast ifadə etmək üçün çox yaxşı vasitədir. Şeirin sonunda şairin kövrəldiyi hiss olunur:
Ana fəryada gələr,
Göz yaşını sel elər,
Oğlunu ondan almış,
Düşmən meyiti üstə:
– Ay oğlum,
– Oğlum, – deyə.
Deyib, fəğan qoparar,
Boş torpağı qucaqlar. (43, 75-76)
Burada da başımıza gələn bəlalar yada düşür. Vətənimizin hər yerində, şəhərlərdə, kəndlərdə belə “şəhidlər xiyabanı” saldıq, işğal altında olan torpaqlarımızda neçə-neçə Koroğlu qüdrətli, Babək dəyanətli igidlərimizi itirdik.
Yaponiyada atom bombasının sınağından törənən faciə bütün şairlərimizin qələmindən keçib. Sovet dövründə yazıb-yaradan şairlərin hamısı bu mövzuya müraciət edib. Amma Əli Kərimin “Xirosimada məktəbsiz uşaq” adlı şeiri tamam başqa bir haraydır. Hamı bu faciədən yazıb, onun dəhşətlərini təsvir edib, yaşantılarını qələmə alıb. Amma Əli Kərimin şeirində sadəcə bir məktəbli uşaq var, amma o uşaq məktəbsizdir. İllər keçir, bu qızın məktəbə getmək arzusu gerçəkləşə bilmir. Hər zəng səsini eşidəndə xəyalı məktəbə uçur. Amma müəllim jurnalı açır, onun adını çəkmir. Şair bu dərdə dözə bilmir, ağlayır. “Bu il doğulan uşaq gəlib onu keçəcək”. Sonda şair deyir:
Ona dərman verərlər,
Dərman xəstələnər –
Sənin loğmanın olam,
Mənim məktəbsiz balam! (40, 101)
Əli Kərimin bəzən bir dördlüyü, bəzən bir şeiri, bəzən bir poeması bəşəri faciəni əks etdirir, əsərin həcmindən asılı olmayaraq, bir dünyalıq dərd danışır bizə. Bəzən bir şeirin təkcə misrasında şairin bir dünyalıq ağrısını görürük. Əli Kərim şeirdə gülməyi bacardığı kimi, ağlatmağı da bacarır. Onun gülüşü xəfif bahar kimi, ağlayışı da payız yağışı kimidir. Çünki bu, bəşəri ağlayışdır.
Planetin taleyi ilə bağlı ciddi narahatlıq Əli Kərim poeziyasına xas olan cəhətdir. Onun müharibə təhlükəsi haqqında, atom kabusu haqqında düşüncələri dəb xətrinə deyilmiş boğazdan yuxarı şüarlar deyildi. Əli Kərim zamanın, günün nəbzini öz nəbzi kimi duymağı bacarırdı. “Bomba üstündə ev” şeirinin epiqrafını Stavropol qəzetində rast gəldiyi məlumatdan götürüb. Mən Stavropol qəzetlərinin birində oxudum: Müharibə vaxtı almanların torpağa işləyib partlamamış bir bombası illərlə burada qalmış, hətta bilmədən onun üzərində ev də tikmişlər, bura ailələr köçmüş, toy-nişan da olmuş, amma bomba partlamamışdır. Bomba qazıntı zamanı təsadüfən tapılmışdır (Əli Kərim):
Bomba üstünə
Köçdü ailə, –
Şən,
Gülə-gülə.
Toy da oldu
Bomba üstündə,
Uşaq da doğuldu
Bomba üstündə. (47, 121)
Şair burada bombanın illərlə insanları güddüyünü, onların hər bir hərəkətini izlədiyini, partlamağa məqam gözlədiyini, amma donub qaldığını, bir gün insanların qazıntı aparan zamanı “onu tapıb, onun dəmir içalatını ağzından çıxardığını” poetik dillə bizə danışır.
“Ancaq bu ölüm bombası nəfəsini içinə çəkib, sussa da, onun passiv taleyilə cəmiyyət barışmayıb. Marıqda duran, öz müdhiş partlayış saatını gözləyən, insanların səadətinə susayan bu bombanı şair daha geniş və rəmz şəklində mənalandırır. Bütün planetimiz şairə bir növ bomba üstündə qurulmuş evi xatırladır”. Deməli, insanlar hər an, hər dəqiqə ayıq-sayıq olmalı, bəşərin ilk və əbədi yuvasını – Yer kürəmizi müdhiş ölüm partlayışından qorumalıdırlar. Şair insanların buna qadir olduğuna inanır və şeirini həyəcanlı bir çağırışla bitirir (6):
Bomba başını qaldırır,
Partlatmaq istəyib
Qurşun qəzəbini,
Baxır altdan yuxarı.
O, odlu bir maraqdadır, –
Dincəlmir,
marıqdadır...
Donmuş qəlbi gecə-gündüz
Deyir:
Partla!
Gurla!
Bağır!
Bomba hardan anlayaydı ki,
İnsanları bu sayaq
Güdəcək,
Güdəcək,
İnsanlar isə ancaq
Onun dəmir içalatını
ağzından çıxaracaq. –
Bomba özüldə deyilmiş,
Yoxsa göstərərmiş, özünü.
Qoruyaq
Dünyamızın özülünü. (47, 122)
Dostları ilə paylaş: |