Çırağı sönməyən poeziya



Yüklə 1,23 Mb.
səhifə7/13
tarix01.01.2022
ölçüsü1,23 Mb.
#105320
1   2   3   4   5   6   7   8   9   10   ...   13
ƏNƏNƏVİ MÖVZULAR
Əli Kərim digər mövzulu şeirlərinə də eyni məsuliyyət hissi ilə yanaşmış, onların güclü, təkrarsız, yüksək səviyyədə çıxmasına nail ola bilmişdir. Bu mənada şairin “Poçtalyon” şei­ri xarakterikdir. Akademik T.Hacıyev bu münasibətlə ya­zır: “Təbii ki, hər mövzu hər kəsin beynində doğulmur, hər sənətkarın “öz” mövzuları olur.

Əli Kərimin isə öz mövzuları çoxdur. Di gəl ki, burada da o “özününkünü” tapa bilir – “ortaq” sənət predmetlərinə məxsus nəzakətlə, emosiya və intellektlə yanaşır, predmeti öz sənət prizmasına köçürmək üçün xüsusi fokus nöqtəsi seçir. Məsələn, S.Rüstəmin ürəklərə yol tapmış, az qala xalq yaradıcılığı nümunəsi kimi kütləviləşmiş “Ana və poçtal­yon” şeirindən sonra sanki poçtalyon motivinə qayıtmaq ar­tıq imiş. Nə qədər paradoksal görünsə də, birdən hələ qələmi sümükləşməmiş cavan Əli Kərim belə bir riskə girişdi. Girişdi və alındı” (25, 6-7).

Ədəbiyyatşünas alim Cavanşir Yusifli isə yazır: “Sü­ley­man Rüstəmin “Ana və poçtalyon” şeiri bədii emosiyası, poetik enerjisi, hadisənin kiçik epizodlar vasitəsilə ilə geniş panorama üzərində parlaq şəkildə üzə çıxarılması baxımın­dan son dərəcə güclü bir şeirdir.

...Dörd ay vardı ananın gözləri yol çəkirdi. Başqa bir dərqi yoxdu, oğul dərdiydi dərdi... Şeirin ilk misraları söh­bə­tin qəti şəkildə nədən gedəcəyini aydınca göstərir. Hər bir mis­ra “müharibə” deyə qışqırır. Hər bir misra oxucusunun ya­dı­na müharibəylə bağlı, ümumiyyətlə, yer üzündə müha­ri­bə haq­qında mövcud olan sitatları yada salır. “Ana və poç­tal­yon” şeiri milyon-milyon sitatı bir ovqat üstündə düyün­ləyir, bir də açılmamaq ümidiylə, ancaq düyün gözlənil­mə­dən açı­lır, həmin sitatların yerinə konkret obraz yaranır və nə­ticədə oxucu da məhz bu obrazı yadında saxlayır. Əli Kə­ri­min “Poç­talyon” şeirində isə bu ənənə “konkretləşir”, yal­nız me­şin çan­­tadan gələn səsə dönür, hadisə müəyyən ovqat ya­rat­maq üçün “şişirdilmir”, əksinə mümkün olduqca adiləşdirilir (79, 16).

Əli Kərim təsvir və tərənnüm etdiyi predmetlərin həm zahiri xassələrini ətraflı öyrənir, həm də mahiyyətinə nüfuz etməyi bacarır, o, predmetlər və hadisələr arasındakı qarşı­lıqlı əlaqələri ustalıqla tapır, müəyyən obyekt haqqında, həm həyəcanla, həm də ətraflı danışa bilir. “Poçtalyon” şeirində olduğu kimi, müəllif poçtalyon çantasının mənasını açır.

Ədəbiyyatşünas alim Altay Məmmədovun dediyi kimi: “O adi meşin çantanı sehirli bir xəzinəyə bənzədir” (57, 120).

Sən demə heç kəsin fikir vermədiyi çantanın içi hər cür cəvahiratdan daha qiymətli “el salamı, el məhəbbəti və se­vinc ilə” doludur. Çanta doludur, canlıdır. Oradan qulağa ne­çə-neçə səs gəlir:


Yükü el salamı, el məhəbbəti,

Bir yüngüllük duyur ağırlığından.

Körpə uşağın da gülür niyyəti,

Yüyürüb məktubu alanda ondan...

Məktub gecikməsin – dediyi zaman,

Ona çox həyəcan, çox həvəs gəlir.

Daim qulağına meşin çantadan,

Neçə salam gəlir, neçə səs gəlir.

Çantası səsləyir onu elə bil,

O da çantasını dinləyib gedir. (43, 378-379)

“Poçtalyon” şeirinin misraları arasından öz işini böyük məhəbbətlə sevən, az danışan, təvazökar, namuslu, var-döv­ləti “ana sağolu” və “gəlin təbəssümü” olan, mahud pen­cəkli bir insan – az sözlə, lakin müvəffəqiyyətlə yaradılmış bir obraz boylanır.

Həyat faktlarına xüsusi poetik yanaşma üsulu şairin irili-xırdalı əsərlərində öz əksini tapır.

Sadə adamların həyatının mənasını, şeiriyyətini kəşf et­mək şairin ən yaxşı xüsusiyyətlərindəndir. Əli Kərimi in­sa­nın xarici sifətləri aludə etmir, o zahiri əlamətlərinə görə, gö­zə tez çarpan xüsusiyyətlərinə görə insan haqqında hökm ver­mir. İnsanın mənəvi aləminin daha dərin qatlarına enmə­yə ça­lışan şair buz bağlamış pəncərə şüşəsindən otağın pən­cə­rə­sin­dəki işığı və hərarəti görür, duyur, əks etdirir. Bir çox baş­qa şairlər kimi, Əli Kərim də şeirlərində bütün ömür yo­lu­nu nəql etmir, atası və atasının sərt kişi məhəbbəti haqqında danışıb” (5).
O, sərt idi. Səhər dərsə tələsəndə mən

Bildirməzdi yolda durub boylandığını.

Bircə dəfə söz açmazdı qəlbindəkindən,

Söyləməzdi övlad üçün çox yandığını.

Gizli-gizli məni süzüb gülərdi bəzən,

Durub-durub güc gələrdi əyri qəlyana.

Övladına bircə dəfə “can” söyləməkdən,

Övlad üçün can verməyi asandı ona. (48, 44)


Əli Kərimin bu şeiri “Atamın xatirəsi” adlanır. Məgər bu sifətlər bütün yaxşı atalara aid deyildirmi? Zahiri soyuq görünən od ürəkli insanın obrazını yaradarkən şair xarakterə tam uyğun gələn, onun simasını bütün parlaqlığı ilə açan bən­zətmələr tapmışdır:
Sevgisi də soyuq idi – təzə əkini

Hər bəladan hifs eləyən qalın qar kimi.

Moskvada oxuyurdum,

Tərk etdi məni.

Gələn zaman bir əbədi ayrılıq dəmi

Gah istəyib məni görə.

Gah deyib ki, mən

Qoy bilməyim.

O utanıb öz ölümündən.

Ah, o niyə belə etdi, bu nə qubardı?



Nə zamansa o nişanda bir atam vardı. (48, 43-44)
Görəsən, ata öz oğlunu niyə çağırtdırmayıb? “Onun dər­­sinə mane ola bilər”. Oğul kədərlənər, ağlayar, sarsıntı ke­­çirər – ona görəmi? Bütün bunları səbəb kimi göstərmək olar­dı. Lakin Əli Kərim yeni, daha gözəl keyfiyyət tap­mış­dır. Məlum olur ki, övladına zahirən soyuq görünən “bu ata hər şeydən əvvəl oğlunu böyüdüb boya-başa çatdırmağa, sənət sahibi, müstəqil insan etməyə çalışır, bunu özünə mü­qəddəs borc bilir” (57, 221). Atanın bütün amacı, arzu və işi övlad­la­rının xoşbəxtliyidir. O, oğlunu özü oxutdurub ba­şa çatdıra bilmədiyi üçün xəcalətlidir:
Gah istəyib məni görə.

Gah deyib ki, mən

Qoy bilməyim...

O, utanıb öz ölümündən...


Akademik T.Hacıyev isə əsərə münasibətini belə bil­di­rir: “Əslində, “Atamın xatirəsi” şeiri soyuqqanlı məhəbbətin tə­rən­nü­münə həsr olunub – şair özünü gözə soxan məhəb­bə­ti göz­dən salır. Bu atanın qayğıkeşliyi üzdə deyil, Füzuli də­rin­liyin­dədir; üzdən sərt görünür, təbəssüm onun sifətinin bir an­lıq qonağıdır, oğluna can demir, ancaq lazım gəlsə, canını tə­rəd­­düdsüz ona verər; atanın ağır, cod əlləri oğlunu bağrına bas­mır, hərdən tale kimi onun çiyninə enir; atanın sevgisində “təzə .... bəladan hifz eləyən qalın qarın” soyuqluğu var. Bu, ko­lo­rit­li, zabitəli, ağır təbiətli bir kişidir, əsl azərbaycanlı atadır” (25, 8).

Əli Kərimin poetik nümunələrində sənətə, sənət ustad­la­rına, orta məktəbdə dərs demiş müəllimlərinə həsr etdiyi şeir nümunələri də diqqətəlayiqdir. Şeirə, sənətə hörmət bü­tün şairlərin yaradıcılığında öz əksini tapıb.

Hərə öz sevgisini, hüsn-rəğbətini bir cür bildirib. Hərə öz istiqamətini bir mənbədən götürür.

“Kimin yolu həqiqətin uzun yolu olub, kimin yolu na­danlı­ğın kəsə yolu. Uzun yol keçənlər həqiqətə yoldaş olub və uzu­nömürlü sənət əsərləri yaradıblar” (32).



Əli Kərimin vətəndaşlıq qürurunu əks etdirən şeirlərin­də onun ülvi və müqəddəs saydığı orta məktəbə, dünyada ən in­cə peşə sahibi olan müəllimlərə dərin minnətdarlıq duyğu­ları ifadə olunmuşdur. Şairi yaratmağa ruhlandıran sağlam ruh­da böyüyən gənclər, onların müəllimləri və dostlarıdır. Məktəb həyatı daim onu düşündürmüş, qəlbini riqqətə gətirmişdir.

Əli Kərimin bu mövzuda yazdığı hər bir şeirində onu boya-başa çatdıran xalq müəlliminin şərəfli əməyini ilhamla, məhəbbətlə tərənnüm edir.

Şairin vaxtı ilə ona da dərs demiş orta məktəb müəllimi Akif Süleymanova həsr etdiyi maraqlı bir şeiri var. Bu şeiri oxuyarkən, bir oxucu kimi, sən də Əli Kərimlə bərabər özü­nü əziz müəllimlərinin ətrafında hiss edir, qayğısız uşaqlıq illə­rini xatırlayırsan. Müəllifin bu şeirdə söylədiyi kimi, hə­yatda az-çox nə qazanmışıqsa, bizlərdən hər birimiz ömrü­müz bo­yu onlara borcluyuq:
Sən dedin könlümün sənət eşqini,

Arzu aləmində diqqətlə yoxla.

Sən onu min hissin içində ara,

Qoyma küsüb gedə, uça, yox ola.


Getsə, çağırsan da, qayıtmaz geri,

Deyək, lap qayıtdı, harda qalacaq?

Geri qayıdanda sənin o arzun,

Yerini başqası tutmuş olacaq.


Arzular hamısı əzizdir bizə,

Amma onların da bir şahı olur.

O, sənin könlünün ən uca səsi,

Ömrünün bu günü, sabahı olur.


Sən onu tapmasan, bütün nəğmələr

Eyni bir hüsndə, ahəngdə olar.

Təbiət itirir rəngarəngliyi,

Bütün yer kürəsi bir rəngdə olar. (45, 52)


Şair bu şeir parçasında sənət yollarının düzgün seçil­mə­sində, həyatda mövqeyini müəyyənləşdirməsində əsl müəl­limin məs­lə­hətlərini alqışlayır, “arzu aləmində büdrə­mə­məyə səsləyən or­ta məktəb müəllimlərini alqışlayır, sinif müəlliminin ona olan qayğısından, gələcəyinə böyük ümid bəsləməsindən, əli­nə yenicə qələm alan Əliylə şeirin, sənətin böyük­lü­yün­dən və ona müraciətlə.... “Möhkəm ol Əli, səninki şeirdir, sə­­ninki sənət!” – deyir. Şair bu sözləri əsas tutaraq, Füzuli­nin qapısını döydüyünü bildirir. Etiraf edir ki, əgər müəlli­mi­nin o sözləri olmasaydı, bəlkə də hardasa sərgərdan idi və başqa bir sənətin hücrələrində bir qərib kimi qısılıb qalmışdı. Amma indi o, şeir dünyasında qərib deyil­dir. Hər şeir yazan­da da müəlliminin o sözlərini xatırlayır.

Şair digər bir şeirində isə həyata yenicə atılmış, ilk öv­la­dının məktəbə getməsindən bəhs edir, ona “Ana”, “Vətən” kəlmələrini öy­rədən müəllimə sonsuz məhəbbətini ifadə edir, lakin bu yerdə ye­nə də öz ilk müəllimini, ötən günləri xa­tırlayır:
Məktəbə gedirdi oğlum ilk dəfə,

Doldurdu könlümü qəriblik odu,

Düşdüm birdən-birə

uzaq ellərə,

Qışqırdım oradan

səsim çatmadı.

Durdu gözlərimdə ilk müəllimim,

Oğlumdan ayırıb apardı məni,

Mən Göyçayda qaldım, oğlum Bakıda,

Onu da çağırdı ilk müəllimim. (47, 56)


Əli Kərimin incəsənət gülzarında öz dəsti-xəttini imza­lamış sənətkar haqqında da maraqlı əsərləri vardır.

Füzulinin şeir dünyasından bəhrələnən şair ondan xe­yir-dua istəyir, onun yaradıcılığını sanki bir daha kəşf edir, qəlb çırpıntılarını “Füzuli” adlı şeirində “Dünya səni qocalt­dı, ya­şı­dın olsun deyə” deyərək, sözə hökmran olan Füzuli zə­ma­nəsinə səyahət edir. “Yanana od verən, donana buz verən, batana dərya bəxş edən, zəmanənin övladı olan Füzulinin od tutub yandığını, bu odun Şərqin hər yerindən göründüyünü bildirir”.

Şeirin epiqrafında “Fələklər yandı ahimdən” yazan şair şeiri belə bitirir:


Dedilər ki, fələklər

yaratmışdır bu odu,

Fəqət bu oda yanan

fələklər özü oldu.

Baxıram ucalardan

gəlir Füzuli səsi,

görünür ucalarda

onun nurlu izləri.

O ulduzlar

Füzuli yanğısının közləri,

O günəş də

Füzuli odunun nişanəsi. (48, 49)


Əli Kərimin Xətaiyə həsr olunmuş bir poeması vardır. Şairin kitabına o poemadan kiçik bir hissə salınmışdır. Bu­rada Xətainin sənətkarlığından deyil, cəngavər qüdrətindən, vuruş meydanında qılınc çalıb, at oynatmasından, şairin xalqına, Vətəninə olan atəşin məhəbbətindən danışılır.
Xətai at belində,

At qəzəbin belində,

At az qalıb uçuna –

Qurumuş boğazını

Yaş eləmək üçün bir az

Xətai hərdən sorur

Dodaqdakı qanından.

Ona elə gəlir ki,

Qılıncını heç zaman

Çıxarmamış qınından.

Ürəyindən çıxarır,

Saplamışdı düşmənin

Ürəyinin başına...

Zəfər olub dost ona

Nizəylə nöqtə qoymuş,

Düşmənin sinəsində

Başladığı dastana. (47, 34-35)
Əli Kərimin şairlərlə bağlı şeirləri o qədər də çox de­yildir. Bəlkə də çox yaşasaydı, bu əsərlərin sayı da çoxa­la­caqdı. Bu qəbildən olan poetik nümunələrdə şairin sözə, sə­nətə, şeirə nə dərəcədə məsuliyyətlə yanaşdığı, onu Allahın insanlara bəxş etdiyi ülvi bir nemət kimi qiymətləndirdiyi hiss olunur. Bunu həm də bizim şair xalqımızın şeirə – mu­siqiyə müna­si­bəti, zövqü, duyğu və düşüncələri ilə də əlaqə­ləndirir, çünki xalq, cəmiyyət, oxucular şeiri sevməsələr, onu dinləmə­sə­lər, şair sözünü kimə söyləyə bilər? Bu məram və məqamlar öz bədii ifadəsini şairin bir sıra şeirlərində tap­mış­dır. “Şair” adlanan şeirində demək olar ki, bütün şair­lər­dən söz açılır. Şeir xalq şairi “Rəsul Rzanın anadan olma­sı­nın 50 illiyinə həsr olunub. Şeir parçası həm məzmunca, həm də sə­nət­karlıq baxımından diqqəti çəkir. Əli Kərim bu­rada bütün şairləri bir neçə qrupda təqdim edir və sonra Rə­sul Rza ilə fikrini yekunlaşdırır:
Dünyada çoxdur şair,

Necə sayım onların

hamısını birbəbir?

Şair var ki, ömrünü

başlamamış bitirir,

Cansız əsəriylə bir,

ömrünü də itirir.

Şair var ki, ümüdü

qafiyəyə,

vəznədir,

Şair var ki, özünü

başqasına bənzədir.

Amma şair də var ki,

Zamanın doğma oğlu;

İdrakın zirvəsindən,

Hissin yanğınlarından

Keçir şeirinin yolu.

Əsrin ahəngi-vəzni,

Müqəyyəd qafiyəsi.

Gah qovuşan cüt ürək...

Gah da ki, orkestrin

Toqquşub şaqqıldayan

Qoşa zərb aləti tək.. (48, 67-68)
Əli Kərimin bu şeiri elə bu günün özündə də bütün ya­zı­çıları əhatə edə bilər. Bəlkə də bu, nə dünənçün, nə bu gün­­çün deyil, bütün zamanlarçündür. Hər dövrdə ömrünü başla­mamış bitirən, cansız qafiyəyə, vəznə bağlayan, özünü baş­­qa­sına bənzədən şairlər olub, indi də var. Amma, bun­larla yanaşı, Əli Kərimin yüksək qiymətləndirdiyi həqiqi sə­nətkar­lar da həmişə olub, həmişə də olacaq. Bu dəyərli sə­nətkar­lar­dan biri də Mikayıl Müşfiqdir. Şairin “Müşfiqə” şei­rində de­di­yi kimi, hərəkəti, məhəbbəti, həqiqəti şeir olan, hər kəl­məsi gəncliyinin vüqarına bir yaraşıq, şeir ilə, sənət ilə dolu bir ürək sahibi olan Müşfiq...
Yadımdadır, deyərdilər,

Bu dünyada,

Müşfiq adlı

çox gözəl bir şair olub.

Hərəkəti,

məhəbbəti,

həqiqəti

şeir olub.

Şeir olub

göylər kimi,

yerlər kimi

aydın,


açıq.

Hər kəlməsi

gəncliyinin

vüqarına bir yaraşıq,

o ləbaləb dolu idi

şeir ilə,

sənət ilə;

Ölümdən də qorxmaz olan

qüdrət ilə;

Bu gün onun həyatında

Bir bahardır.

Bu dünyada Müşfiq vardı,

Bü dünyada yenə vardır. (47, 132)
“Əli Kərimin Səməd Vurğuna həsr etdiyi “Ölüm sevin­mə çox”... adlı şeirində də həqiqi sənətkar itkisindən doğan yanğını, ağrı-acısını görürük. Şair ölümü qınayır, deyir ki, onsuz da adın cahana tanışdı. “Sənə nə olardı, nə olardı de, be­lə bir insana əl vurmasaydın?” O, həyat naminə yazıb-yaratdı, onun hər bir şeiri sənə bir ölümdür:
Gedir, şair gedir, sənətkar gedir,

Bu gedən hər gedib-gələndən deyil.

Ölüm, sevinmə çox, bu sevinc nədir?

Bu ölən sənə hər öləndən deyil.

O yazdı, yaratdı həyat naminə,

Onun hər bir şeiri ölümdür sənə. (43, 71)


“Ənvər Əlibəyliyə” şeirində də ölümə qarşı üsyan səsi eşidilir.

“Nə səni dindirdi Ölüm, Nə bizi... Gəldi...” şikayəti ilə başlayan şair gəlişiylə bir insan nəbzini söndürən ölümdən aman istəməyən, insan dəryasında qayığı olan, rəngi bir qədər dəyişmiş, ağarmış şair dostuna müraciət edir.

“İstedadı adından böyük olan “Əhməd Cəmilə” şeirin­də şair çap olunmuş hər sətri toya gedən adam adlandırır və hay-harayın, atəşfəşanlığın Əhməd Cəmilə yad olduğunu vur­ğulayır. Burada müqayisə olunan tərəfləri “Toyda məst olub, qoçaqlıq da göstərir. Səninki tufan dolu, sükutlu qəhrə­manlıq” kimi verən şair evdə dəftər-dəftər əsərləri olan, la­kin çapa gələndə “xeyr” deyən Əhməd Cəmili alqışlayır. Künc-bucaqdan yığılan tozlu şeirləri oxucuların gözünə dür­tənlərlə müqayisədə evi kainatın bir güşəsi, hər sətri şeir meri­dianının bir parçası olan Əhməd Cəmil istedadını Əli Kərim bu cür qiymətləndirir.

Əli Kərimin şairlərə həsr olunmuş şeirlər içərisində rus poeziyasında özünəməxsus dəst-xətti olan Lermontova həsr etdiyi poetik nümunəsində şairin Qafqaza gəlişini, burada onun hər izini axtardığını söyləyir. Müəllif şairin baxışıyla oxşadığı güllərə baxır, sanki hər tərəfdə onun əsərinə, səsinə rast gə­lir. Onun adını gah bir sal qayaya, gah aydın suya, gah ağaca, gah ətir saçan gülə, gah da təmiz dağ havasına verir. Bu adı həm torpaq, həm də göy işıq saçan yer-göy hesab edir, sonda “Şair bütün bu yerlər həsr olunubdur sənə” – deyə fikrini yekunlaşdırır.

Şekspirə təqdim olunduğu şeirdə isə insanları axtarışa səsləyən şair yazır:
Barışma kədərlə,

Hər şeyə biganə olarsan.

Barışma sevinclə,

Sərməst qalarsan.

Mübarizəylə barış,

Axtarış lazımdır,

Axtarış!

Fikirləş bir,

Şekspir var,

Şekspir! (45, 95)


Şair burada Şekspir yaradıcılığından söz açıb, onu tərif etmir. Nə də başqaları ilə müqayisə edib, təşbehlərə bürü­mür. Bircə sözlə Şekspir dühasının əzəmətini göstərir. Şair ifrat kə­dəri də, ifrani sevinci də rədd edir, həyatı sevincdə, kə­dərd­ə deyil, mübarizədə tapmağı vacib bilir. Sənət­dəsə bir­cə yol var: axtarış! Bu isə Şekspiri yüksəklərə aparan yol­dur. Təkcə Şekspirimi? İlk yaradıcı insandan başlayaraq, bu günümüzün sənətkarlarına kimi ancaq bu yolla gedənlər sənətdə öz yer­lə­rini tapa bildilər. Bir gün sevincə, bir gün kə­dərə baş əyən­lər, mübarizədən yayınanlarsa, elə yaşadıq­ları günlərdə qaldılar.

Əli Kərimin “M.Hadiyə” adlı kiçicik şeirində daha fərq­li bir təqdimat görürük:


Həqiqət it şəklindəsə,

yalan


ceyran şəklində.

Olma iti


madonnatək

sevəcəyim şəkkində. (40, 126)


Əli Kərimin “Üçüncü atlı” poemasında da şairlərin hə­yat yolunu, səciyyəvi cəhətlərini işıqlandıran məqamlar vardır.

Əli Kərim yaradıcılığında incəsənətə münasibət sənət adamlarına hörmət və məhəbbət də diqqəti cəlb edir. Bu şeir­lər az olsa da, hərarəti, bədii siqləti ilə diqqəti çəkir. Ən gözəl şeirlərdən biri “Muğamı dinləyirəm”dir. Şair sevinclə qəmin vəhdətində muğamı dinləyir. Əllərini başının altında çarpaz­layan şairin dodağında təbəssüm var, alnında qırış. Həm isti­dən, həm soyuqdan, həm kölgədən, həm işıqdan yaranmış xoş bir aləmə səyahət edən şairin ürəyinə tarın sim­lərindən qopan sevincli, qəmli sözlər axır, könlünün simi titrəyir, inildəyir.



Tarın kövrək səsinin ardınca, titrək, gah ucalan, gah kə­silən, gah da coşub-daşan kaman səsi gəlir. Şair xəyala dal­dıqca bu səslər içində ilin dörd fəslini də duyur. Bir anda həm üşüyür, həm yanır. Könlünün bir yanı isti, bir yanı qar, bir yanı çiçək, bir yanı gülşən. Səslər dağlara ucalır, yenidən yerə enir və Füzuli qəzəli arzuları oyadır. “Ürəyimdə sevinc-qəm, Muğamı dinləyirəm” – deyən şair ürəyinə müraciət edir:
Ürəyim, nə var yenə!

Ürək, döyünmə belə!

Duyan sən, səs salan sən,

Qoy eşidim, nə olar,

Bir az yavaş döyünsən.

Ürəyimdə sevinc-qəm,

Muğamı dinləyirəm. (47, 48)
Şairin “Habilə” şeirində muğama olan hüsn-rəğbəti gö­rü­rük. Damcılı bulaqda bütün könüllərin sifarişilə kaman çalan Habilin vəziyyətini poetik obrazlarla təsvir edən şair özünün də muğama vurğunluğunu bizə çatdırır. Habilin san­ki ətrafdakıları unutduğunu, dərin bir yuxuya yuvarlandığını, hansı əsrdəsə ilişib qalıbmış kimi xumarlandığını qeyd edən şair, burada çox incə bir mətləbi diqqətə çatdırır.
Əli kəmanədir

kəmanə əli,

Çalır kamançanı

kəmanə özü.

Gözümdə ilk məna dəyişir,

dönür.


Dünya düşəcəkmi

sahmana özü? (40, 58)


Bu şeirdə gözəl obrazlar var. Habil Damcılı bulaqda çalır. Tarix zaman, məkan... dün­ya sıxılaraq bir nöqtədə qərar tutub. Hər şey bu nöqtədən açı­lır – yumaq kimi. Hər şey o qədim səsin, qədimlərdən dam­cı­la­yan səsin hökmüylə hə­rə­kətə gəlir, obrazlaşır, obraz qəl­bin­də duruş gətirməyib, fəzaya yayılır, fəzadakı ulduzları istədiyi formada düzür, onların arasında elə bir münasibət tipi yaradır ki, dünya arakəsilməz hərəkətə çevrilir, hərəkət di­namizm şəklində ifadə olunur. Fələklərə qalxıb yerə qayı­dan nalələrin təsiri ilə zaman-mə­kan əzəli düzümünü itirir, “vaxt qoşuvur”.
O zaman deyəsən vaxt qovuşanda

Şeirlə musiqi bir ucalırdı.

Bütün könüllərin sifarişiylə

Damcılı bulaqda Habil çalırdı. (43, 84)


Hərəkətin arasıkəsilməzliyi, obrazların bir-birinə keç­mə­si birləşib vahid, bölünməz bir metafora yaratmaq ehtirası nəticədə, demək olar ki, şərhə gəlməyən, təsəvvür edilməyən mənzərələrlə müşayiət edilir.
Düşüb Yer kürəsi gah bir guşəyə,

Gah sakit fırlanır, gah yana-yana və s. (43, 85)
Bu şeirdə gözəl obrazlar var: “Habil ilan dili çıxarır, nədir. Arzu qızmarında ilan tutan tək”, “Ürəyi çırpınır bar­maq­larında, Onlardan tökülür simlərə nəbzi”, “Segah gah uzanır bir ağrı kimi, Onu üfüqlərə sancır kəmanə”.

Həsrəti, nisgili bu mərtəbədə, belə bir çıxılmazlıq ef­fek­ti yaradan formada təsvir etmək dünyada bütün barışmaz şeyləri baş-başa gətirib. Əli Kərimin özü demişkən, “istiylə soyuğu birləşdirib”.

“Bülbülün xatirəsinə” adlı şeirdə şair tamam başqa bir mənzərə yaratmışdır. Bülbülün tabutu insan dəryasında dal­ğa­lanır, bu zaman onun səsi eşidilir. Şair yazır ki, sanki bu nəğ­mə deyirdi ki, qəmi unudun və bu zaman hamı fikrə ge­dir, o səsi dinləyir. Şair fikrini belə yekunlaşdırır:


Nə səni dindirdi ölüm,

nə bizi,


Söndürdü nəğməylə,

yaşayan nəbzi.

Hamı fikrə getdi,

səni dinlədi.

Coşub bir-birinə dedi min könül.

Hamıtək ölümə məruz Bülbülü

Oxuyub dəfn edir ölümsüz Bülbül. (47, 73)
Əli Kərimin sənətlə bağlı “Heykəl və insan” adlı ma­raq­lı bir şeiri də vardır. Şair yazır ki, “O günlərlə, aylarla işlədi. Demədi ki, əlim, qolum yoruldu. Çünki sənətkar idi. “Daşdan insan yonurdu”. Heykəlin üzündən artıq ifadələri, lazımsız kədəri qəlpə-qəlpə qoparır, heykəlin üzünə məğrur­luq, əzəmət həkk edirdi. Heykəl dəyişdikcə, o özü də dəyi­şir­di: üzü də, gözü də dəyişir, alnındakı qırışlar açılır, baxış­ları alovuyla yanırdı. Heykəli gözəlləşdirdikcə, heykəl də onu gözəlləşdirirdi:
Heykəl insana döndükcə,

insan sevincindən

heykələ döndü.

Gördü onun yanında

onu yaradan

Bir heykəltəraş var.

Sonra hər ikisi dost kimi

Şəhəri gəzməyə çıxdılar. (48, 143-144)


Əli Kərimin sənətə, sənətkarlara həsr olunmuş əsərləri həcmcə yığcam olsa da, bədii dəyəri, məna tutumu etibarilə qiy­mət­li­dir. Əli Kərim şairlərə çox şeir həsr etməsə də, şairlər ona çox­lu şeirlər həsr etdilər və bu günün özündə də ona şeirlər yazılır.


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin