Çırağı sönməyən poeziya


ƏLİ KƏRİM LİRİKASININ ƏSAS MOTİVLƏRİ



Yüklə 1,23 Mb.
səhifə4/13
tarix01.01.2022
ölçüsü1,23 Mb.
#105320
1   2   3   4   5   6   7   8   9   ...   13
ƏLİ KƏRİM LİRİKASININ ƏSAS MOTİVLƏRİ
Lirika anlayışının fəlsəfi-estetik şərhinə bir çox tədqi­qat­çıların, o cümlədən də Azərbaycanın mütəfəkkir ədəbiy­yat­şünaslarının əsərlərində təsadüf edilsə də, bu barədə He­gel tərifi əsas olaraq qalır – dahi filosof göstərirdi ki, lirika­nın qəh­rə­manı, mərkəzi “personajı” həmin lirikanı yaradanın özü, hər şeydən əvvəl onun daxili aləmidir (52, 501).

B.Q.Belinski də həmin fikri, demək olar ki, davam et­di­­rir: lirikada "predment öz-özlüyündə heç bir dəyərə ma­lik de­yil, hər şey subyektin ona göstərdiyi diqqətdən asılıdır" (10, 46).

Azərbaycan ədəbiyyatında lirika həmişə aparıcı janr olmuş, əsrlər boyu xalqın ictimai-mədəni həyatında, mənəvi inkişafında əvəzsiz rol oynamışdır. Buna səbəb, ilk növbədə, li­rik şeirin tez bir zamanda oxucu auditoriyasına yol tap­ma­sı, sinfi və ictimai mənsubiyyətindən asılı olmayaraq, hamı­nın eyni dərəcədə şeiri sevməsidirsə, digər tərəfdən bu janrın insan hisslərini, düşüncələrini dərki ruhi və mənəvi halların ifadəsini daha emosional və təsirli halda təqdim etməsidir. Vax­tilə Səməd Vurğun lirikanın bu xüsusiyyətini nəzərə ala­raq yazırdı: "İdeya və emosional dolğunluq lirik poeziyanın mahiyyətini təşkil edir. Lirik poeziyanın zənginliyi və müx­tə­lifliyi şair qəlbinin çoxtərəfli və zəngin olmasından asılı­dır" (76, 326). Puşkin yazmışdır: "Şairi onun canlı və yara­dı­cı qəlbinin bütün vəziyyətlərində və dəyişmələrində həm kə­dər, həm də nəşə içində, həm məftun olub göylərə yüksə­lər­kən, həm də hissləri istirahət edərkən, həm Yuvenal qəzəbi ilə coşarkən, həm də onu darıxdıran qonşuya azacıq təəccüb edərkən görmək bizim üçün xoşdur".

Akademik M.Arif isə Azərbaycan lirikasından danı­şar­kən yazır ki: “Ədəbiyyatın bəzi növlərində ədəbi ənənəmiz zəif olsa da, lirika sahəsində biz elə zəngin ədəbi irsə ma­li­kik ki, bir çox xalqlar bizə ancaq qibtə edə bilərlər” (55, 5).

Azərbaycan sovet lirikasından danışan böyük tənqidçi xey­li şeir nümunələrini nəzərdən keçirdikdən sonra belə qə­naə­tə gəlir ki: "Nə qədər təəccüblü olsa da, etiraf etməliyik ki, li­rik şeirlərimizin çoxunda səmimiyyət, sadəlik və təbiilik çat­mır. Bu üç sifət isə həqiqi ilhamın əlamət­lə­rin­dən­dir. Heç bir bədii əsərin süniliyini lirik şeirdə olduğu qə­dər tez hiss et­mək olmaz. Lirika süniliyə daha çox düşmən­dir. Lirik şeir­də, hər şey­dən əvvəl, zəngin fikir və hiss olma­lı­dır. İdeya­lı­lıq­la emo­sio­nal dolğunluğun vəhdəti lirikaya qüv­vət gətirir, onun əldə etdiyi və bundan sonra qazanacağı nai­liy­yətlərin, onun gözəl sabahının əsasını təşkil edir. Ürəkdən bir zərurət ola­raq coş­ma­yan hisslərin bayağılılığı, yaxşı bir tarın simlə­rin­də səslə­nən yanlış pərdələr kimi ən naşı bir qulağa belə xoş gəlməz" (56,167).

Müasir dövrdə lirika daha çox sosial problematika ilə yüklənmiş, şeirin daxili, bir növ, ictimailəşmişdir ki, bunu yalnız sosial-siyasi mövzularda deyil, eyni zamanda mə­həbbət, ailə-məişət kimi kifayət qədər fərdi intim möv­zu­larda da müşahidə etmək mümkündür. Odur ki, L.Ginz­bur­qun belə bir fikri ilə razılaşmağa gəlirik. "Qəhrəman (şairin lirikasındakı obrazı) konkret tarixi məzmuna malikdir. O, tarixən sentimental romantik, realist və s. ola bilər" (53, 35).

"Ədəbi proses-78"də poeziya haqqındakı oçerkin müəl­lifi, tənqidçi Ş.Salmanov doğru olaraq göstərir ki, "Müa­sir Azərbaycan lirikası bir küll halında götürüldükdə döv­rün mənəvi axtarışlarını qavraması, incədən-incəyə mə­na­­landır­ma­sı səyləri cəhətdən müxtəlif və zəngindir. N.Xəz­ri, B.Va­hab­zadə, Qabil, C.Novruz, Q.Qasımzadə, N.Gəncəli, A.Zey­nallı, N.Həsənzadə, X.Rza, F.Mehdi, F.Qoca, Ə.Kür­çay­lı, Ə.Kərim və başqa istedadlı, poetik özünəməxsusluğu olan şair­lərin yaradıcılığı bu istiqamətdə inkişaf edir" (13, 77).

Tənqidçi davam edərək yazır ki, epikliyin onlara tama­milə yad olduğunu iddia etmirik, bununla belə, bu şairlər son illərdə daha çox lirika sahəsində çalışırlar.

Poeziyamızın keçdiyi çoxəsirlik inkişaf yolunu izlə­yər­kən lirik şeirin həm forma, həm də ictimai duyğuları ifadə et­diyinin, bəzən bunların bir-birinə qovuşduğunun şahidi olu­ruq. Uzun müddət lirik şeirə qiymət verərkən məhz möv­zu­nu əsas götürüb “intim lirika”, “ictimai lirika” deyə onu sərhədlə­rə ayırmış, beləliklə, süni bir bölgü yaranmışdır. Əs­lin­də, hər bir lirik şeir müəyyən bir əhval-ruhiyyənin, psi­xo­loji ruhi ovqatın inikasıdır. Burada məhəbbət duyğusu, intim aləmin həyəcanları əks olunduğu kimi, təbiətin gözəllikləri, həyatın, gerçəkliyin təzadları da öz əksini tapa bilər. Lirik şeir­də sırf in­sani duyğuları, hiss və həyəcanları əks etdirər­kən ictimai-fəl­səfi motivlərin, çalarların olması nə qədər tə­biidirsə, icti­mai-fəlsəfi ruhlu şeirlərdə də şəxsi, subyektiv hiss­lərin, duy­ğu­ların əks olunması bir o qədər təəccüb do­ğur­­mur. Yəni lirik şeirdə əsas odur ki, şair öz fikir və duyğu­larını poetik şəkildə ifadə etsin.

Məşhur Argentina şairi Armando Texado Qomes müx­bir­lərinə müsahibə zamanı "Siz poeziyaya hansı tələblərlə ya­­na­şırsınız?” sualına cavab verərkən demişdir: "Ən başlıca tələb odur ki, poeziya əsl poeziya olsun. Mən zarafat etmi­rəm, düz sözümdür: şeiri hamı yaza bilər. Amma unutmayın ki, şeir hələ poeziya deyildir, şeir poeziyanı ifadə etmək üçün yalnız bir vasitədir” (3, 210).



Deməli, lirik şeiri ənənəvi şəkildə "ictimai-siyasi", "in­tim-subyektiv" lirika deyə süni şəkildə qruplaşdırmaq yanlış yoldur. Görkəmli tənqidçi Məmməd Arif hələ 60 il bundan ön­cə yazmışdı: "Biz onu da unutmuruq ki, uzun zaman fərdi və ictimai motivlərin "ziddiyətini ifadə edən lirika bizim döv­rümüzdə yeni bir keyfiyyət almışdır. Hər iki motiv ara­sın­dakı uçurum aradan qaldırılmışdır. Bugünkü sovet liri­ka­sın­da artıq fərdi, subyektiv, başqa sözlə desək, intim hisslər ey­ni za­man­da ictimai hisslərdir, əksinə, ictimai hisslər eyni za­manda hər bir sovet vətəndaşı üçün tamamilə şəxsi hisslərdir” (56, 159).

Burada bir məsələni də nəzərdən qaçırmaq olmaz: di­gər janrlar kimi, lirika da yazıldığı əhval-ruhiyyəni, həmin dövr­də cəmiyyətdə baş verən ictimai-siyasi, mənəvi-psixo­lo­ji prosesləri bu və ya digər dərəcədə özündə əks etdirir. Əl­bət­tə, həqiqi yüksək poetik sənətkarlıqla qələmə alınmış elə lirik şeirlər var ki, həmin şeirlər yazıldığı dövrün əhval-ru­hiy­yəsini əks etdirməklə yanaşı, gələcək illərdə, hətta son­ra­kı əsrlərdə belə öz müasirliyini hifz edir. O şeirlər ki, yalnız müəyyən bir dövrün hiss və həyəcanlarını əks etdirir, yalnız hə­min dövrün şeiri kimi xatırlanır. Azərbaycan sovet şeiri­nin keçdiyi yol bunu bir daha sübut edir. Öncə adını xa­tır­lat­dığımız akademik M.Arif də həmin məqaləsində doğru ola­raq yazmışdır: "İnqilabın ilk illərində gənc sovet şeirinin möv­zu­su məhdud idi. Çəkic və oraq, azad qadın, Şərq, Aprel və Oktyabr, al bayraq motivlərini təkrar edən lirikanın tərən­nüm etdiyi aləm, əlbəttə, geniş deyildi. Lirikada "inqilabi-ictimai" adlanan məhdud mövzu çərçivəsindən kənara çıx­maq, fərdi hiss və duyğuları tərənnüm etmək o zaman, bir növ, əsas siyasi xətdən uzaqlaşmaq kimi hesab olunurdu. Şai­rin təbiətə, qadına, gözəlliyə qarşı münasibətinə qeyri-zəruri və hətta zərərli bir meyl kimi baxılırdı” (56, 158).

Hərçənd həmin məqalədə ustad tənqidçi yazır ki, sovet məfkurəsi şüurlarda möhkəm yer tutduqdan sonra sovet liri­ka­sı öz məzmununu genişləndirir, sovet adamlarının zəngin mə­­nəviyyatı əks olunmağa başlayır. Və bu sovet lirikasının bö­yük bir qələbəsi idi. Doğrudur, bu fikirdə müəyyən həqi­qət var, 30-cu illərdən başlayaraq lirikanın mövzu dairəsi ge­niş­lən­­məyə başlayır. Lakin bu genişlənmə yenə də əsasən, ic­ti­mai-siyasi mövzular hesabına olur, lirikada bu dəfə əmək adam­larının və sosializm quruculuğunun tərənnümü ön pla­na keçir.

Ümumiyyətlə, sovet şeiri – konkret olaraq Azərbaycan sovet şeiri 60-cı illərə qədər daha çox sosialist ideo­logi­ya­sı­nın təsir cazibəsində olmuş, bu da lirikada birtərəfliliyə gəti­rib çıxarmışdır. Əlbəttə, müharibə illərində, müharibədən son­ra­kı dinc quruculuq illərində Azərbaycan şeirində istər mövzu, istərsə də sənətkarlıq baxımından müəyyən irəli­lə­yiş və uğurlar olmuşdur. Səməd Vurğun, Süleyman Rüstəm, Rə­sul Rza, Osman Sarıvəllinin, Əhməd Cəmilin, Mirvari Dil­ba­zinin, Nigar Rəfibəylinin və bunlardan sonra ədəbiyyata gə­lən nəslin yaradıcılığında lirik şeir əvvəlki illərlə müqa­yi­sə­də daha zəngin olmuşdur. Bu şairlərin yaradıcılığı iki his­sə­yə bölünürdü: bir tərəfdən məlum ictimai-siyasi mövzular (Le­ninin, Stalinin, Oktyabrın, Aprel inqilabının, sosializm qu­­ru­culuğunun tərənnümü), digər tərəfdən isə heç bir ideo­lo­giyaya sığmayan şeirlər (məhəbbətin tərənnümü, təbiətin vəs­fi, dünyaya fəlsəfi-idrakı baxış və s.). Ancaq bununla ya­naşı, qeyd edilməlidir ki, sosialist ideologiya, sosialist rea­lizmi me­todu bəzən adi insani duyğuların, gözəlliklərin tə­rən­nümu­nə də öz təsirini göstərirdi. Dövr, zəmanə özü də bu şəraiti ya­rat­mışdı. Sovet yazıçılarının II qurultayında S.Vur­ğu­­nun poe­ziya haqqındakı məruzəsindəki fikir və mü­la­hi­zə­lə­ri­nə diqqət yetirsək, bunun əyani şahidi olarıq. S.Vurğun de­yirdi: "Lirika öz nəğməsini oxuduqdan sonra o saat uçub ge­dən, gəldi-gedər quşlara bənzəməməlidir. Lirik şeir, mah­nı in­sa­­nın qəlbini dilə gətirməli, onun qəlbində yuva salmalı və züm­rüd quşu kimi onu isindirməli, zəhmətdə, mübarizədə kə­dər­li və nəşəli dəqi­qə­lərdə insana yoldaş olmalı, onda nə­cib hiss­­lər oyatmalı və beləliklə də, insanı yüksəltməli, onu da­ha güc­­lü, daha ağıllı və mənəvi cəhətdən zəngin etməlidir" (76, 345).

Bu fikirlər öz-özlüyündə doğrudur, istər həmin dövr, is­tər­sə də sonrakı dövrlər üçün səciyyəvi hesab oluna bilər. La­kin bundan sonra S.Vurğun Sovet poeziyasının tələbləri nöq­te­yi-nəzərindən çıxış edərək "biz sosializmin əzəmətli poe­zi­ya­sını yaratmalıyıq" fikrini əsas tezis kimi irəli sürür. Bu da təbiidir və dövrün öz məramını əks etdirirdi. Böyük şair özü də hiss edirdi ki, "lirikanın qarşısında heç bir sədd yox­dur" de­sə də, əslində çoxlu sədlər, maneələr var... Bir az artıq ya­şa­saydı, S.Vurğun yeni, novator ruhlu poeziyanın önün­də gedəcəkdi.

Əli Kərimin ədəbiyyata məhz belə bir dövrdə – 50-ci il­lə­­rdə gəldi. Bu, elə bir dövr idi ki, Azərbaycan so­vet poezi­yasının yaradıcıları ədəbiyyatda böyük təsir gücünə ma­lik idilər, onlar 30-cu illərdə və müharibə dövründə xalq ara­­sında kifayət qədər tanınmışdılar. S.Vurğun, R.Rza, S.Rüs­­­təm öz poetik nümunələri ilə xalqın ürəyinə daha çox yol tapmışdılar. Xüsusilə S.Vurğun öz poeziyası ilə Ümu­mit­­­tifaq miqyasında müasir Azərbaycan poeziyasının göstə­ricisi (örnəyi) səviyyəsində qəbul və etiraf olunurdu. S.Vur­ğunun əsərləri xarici ölkələrdə də nəşr və təbliğ olu­nur­du. Buna səbəb təkcə onun dünyanın müxtəlif ölkə­lərin­də SSRİ-ni və Azərbaycanı təmsil etməsində deyildi, əsas sə­bəb S.Vurğun poeziyasının sənətkarlıq gücündə və qüdrə­tin­də idi. O dövr poeziyasının başlıca xüsusiyyətlərinə çev­ri­lən romantik pafos, fəlsəfi mətləblər, xəlqilik, vətən­pər­vər­lik S.Vurğun poeziyasında daha bariz nəzərə çarpırdı. Ona görə heç də təəccüblü deyil ki, istər müharibə illərində, istərsə də müharibədən sonra ədəbiyyata gələnlər yaradıcılığının ilk dövrlərində S.Vurğun poeziyasından təsirlənmişlər.



Tənqidçi-filosof Asif Əfəndiyev S.Vurğun poeziyası­nın şöhrətini, bir poetik məktəb səviyyəsinə yüksəlməsini çox doğ­ru olaraq belə izah etmişdir: "S.Vurğun qanadlı fəl­sə­fi poe­ziya ustası idi. Onun estetik aləmindəki genişlik hey­rət doğurur. Məhəbbət, fəlsəfi düşüncələr, dramatik kolli­zi­ya­lar, həzin, incə musiqi, adi və qeyri-adi qəhrəmanlar, döv­rün dia­lektik ziddiyətləri S.Vurğunun möhtəşəm poetik alə­mi­nə sığırdı. Təbii və yetkin novatorluq, ilham narahatlığı, qüdrətli təb, coşğunluq, adi həyat hadisələrinə fəlsəfi yük­sək­likdən bax­maq bacarığı, romantik genişlik, milli müəy­yən­lik və başqa bu kimi keyfiyyətlər S.Vurğunu Azərbaycan sovet şei­ri­nin böyük ustadına çevirdi. Bu xüsusiyyətlər S.Vurğun ya­ra­dıcılığına ümumbəşəri bir məna gətirdi. Bugünkü poe­zi­yamızda elə bir güclü meyl yoxdur ki, o, bu və ya başqa dərəcədə S.Vurğun ənənələrinə bağlanmasın (15, 60-61).

Elə bu keyfiyyətlərinə görə S.Vurğun poeziyada canlı klassikə çerilmişdi. Əli Kərimin poeziyaya gəlməsi də məhz S.Vurğun kimi ustad bir şairin şöhrətli illərinə düşür. O dövr­də Xalq şairi Rəsul Rzanın da Əli Kərimin həyatında mü­hüm rolu olmuşdur. Lakin demək lazımdır ki, bu sənət­kar­lar Əli Kərim kimi gənc istedadların yaradıcılığında daha çox poetik təsir baxımından izlər buraxmışdır. Bu təsir, əl­bət­tə, təqlid səviyyəsində olmamışdır, görüb-götürmək, öy­rən­mək, poetik məziyyətlərinə – poetik ruhunu şeirlərində özünəməxsus şəkildə yaşatmaq səviyyəsində olmuşdur.

Əlbəttə, Əli Kərim yaradıcılığının ilk dövrü (1948-1960) axtarışlar dövrü idi və bu illərdə o, təkcə bu ustad­lar­dan deyil, ümumən Azərbaycan sovet ədəbiyyatının – poezi­ya­sının nailiyyətlərindən də bəhrələnirdi. Lakin bu illərin poe­ziyasındakı kəm-kəsirlər, zəif nöqtələr onun həmin dövr şeirlərində də əks olunmuşdur.

Qırxıncı illərin sonları və əllinci illər Azərbaycan poe­zi­yasında hələ sovet ədəbiyyatı ənənələri güclü şəkildə da­vam edirdi. Doğrudur, poeziyada müəyyən bir irəliləyiş hiss olu­nurdu, ancaq poeziya hələ sosializm realizminin sxem­lə­rindən o qədər də kənara çıxa bilmirdi. Yenə də dəbdə olan mövzular şairlərin yaradıcılığında təkrar-təkrar səslənirdi, dövr, zaman dəyişsə də (nisbi mənada), poeziyada keyfiyyət dəyişikliyi zəif hiss olunurdu. Yalnız fitri poetik istedadla on­larla oxşarlar və bənzərlər arasında seçilmək mümkün idi.



Əli Kərimin bir şair olaraq məhşurlaşmağa başladığı 50-ci illərdə Azərbaycan ədəbiyyatında sosialist realizmi artıq "qərarlaşmış", "sovet adamlarını kommunizm ruhunda tərbiyə edən yüksək məfkurəli" (M.Arif) ədəbiyyatın prin­sip­ləri, nor­maları müəyyənləşmişdi. Sovet dövrünün ədəbiy­yat ideo­loq­ları belə bir fikri qətiyyətlə müdafiə edirdilər ki, "sovet yazı­çı­ları xoşbəxt yazıçılardır. Yalnız ona görə yox ki, onlar dün­yada və tarixdə ən yüksək bir cəmiyyəti, tarixdə misli gö­rün­məmiş yeni adamları təsvir edirlər. Bir də başlıca olaraq, ona görə ki, onlar dünyada və tarixdə ən qabaqcıl məfkurə olan marksizm-leninizm məfkurəsi ilə silahlanmış­lar” (2, 216).

Sovet dövlətinin dağılması ərəfəsində nəşr olunmuş "Azər­baycan sovet ədəbiyyatı" dərsliyində məsələ demok­ra­tik­ləşdirilir, burada daha çox "yeni insan uğrunda müba­ri­zə"dən danışılaraq göstərilir ki, müharibədən sonrakı dövrdə lirik şeirin gözəl, hər cəhətdən mükəmməl nümunələrində ye­ni ruh, yeni fikir, məna və məzmun, forma yeniliyi, bədii tam­lıq, emosionallıq müşahidə olunur, müasir insanın istək və arzuları: onları düşündürən ictimai-fəlsəfi, etik-əxlaqi mə­sə­lə­lər ön plana çəkilərək məhəlli, məhdud tərzdə deyil, ümumi­ləşdirici, bəşəri bir əhatə və vüsətlə birləşdirilib” (2, 333).

Əlavə edilir ki, "müharibədən sonrakı dövrdə yaranan bütün bədii əsərlərin, o cümlədən lirik şeirin də əsas pafosu, baş problemi insan qəlbinin daxili dialektikası, ruhi, mənəvi dinamizmidir. Bu, bizim idealımızdan doğur, yer üzündə xalq­ların qardaşlığını, sülhü, əmin-amanlığı bərqərar etməyə çağıran sosialist cəmiyyətinin təbiətindən, mahiyyətindən nəşət edir (2, 334).



Əli Kərim lirikası Azərbaycan poeziyasının bu cür tə­bəddülatlı bir dövründə yarandığına, müxtəlif siyasi-ideoloji, mənəvi “təzyiq”lərə məruz qaldığına görə, heç şübhəsiz, mü­rəkkəb təbiətə, ideya-estetik tipologiyaya malikdir. Lakin bu zahiri mürəkkəblik deyil, lirik qəhrəmanın gərgin ideya ax­tarışlarının, zamanın tələbinə, "sosial sifariş"in məntiqinə uy­ğun reaksiya qabiliyyətinin, həssaslığının təzahüründən irə­li gə­lən bir mürəkkəblikdir ki, böyük sənəti həmişə müşa­yiət edir. Əli Kərimin lirikası, ümumən yaradıcılığı kifayət qə­dər ge­niş fəlsəfi əsaslara malikdir, ona görə də şairin nəinki ya­ra­dı­­cılıq təkamülü, hətta bu və ya digər ideya tə­rəd­düdləri ba­rə­də danışanda da təsadüflərdən deyil, mükəmməl "ideya axta­rış­ları"nın sosial-tarixi məntiqindən çıxış etmək la­zım gə­lir; bu­rada ətrafımıza necə gəldi "səpələnən" emo­siyalar, fərdi eh­­ti­ras­lar, "hiss intriqaları"ndan söhbət getmir. Əli Kə­rim zə­ma­nə­mizin insanını poetik-fəlsəfi standartlarla, modellərlə araşdırır.

Dünyanın böyük filosofları qədim dövrdən başlayaraq fəlsəfəni, hər şeydən əvvəl, poeziya ilə müqayisə etmişlər, çünki poeziya ilə fəlsəfə arasında ümumi cəhətlər var ki, məsələn, elmdə yoxdur – bunlardan birincisi həm fəlsəfənin, həm də poeziyanın öz hərəkətinə insandan, insan hisslə­rin­dən, duyğularından, həyəcanlarından başlamışdır" (61, 114).



İkincisi vəhydir.... Ona görə də qədim dövrdə, orta əsr­lərdə olduğu kimi, yeni dövrdə də böyük filosoflarda şairlik­dən, böyük şairlərdə filosofluqdan nə isə vardır. Təsadüfi de­yil ki, M.Cəfər Füzuli lirikasında hisslə fikrin vəhdətindən xü­­su­si bəhs edərək yazır: "Lirik qəhrəmanın fikirləri, ideyala­rı da hissiyatı qədər şairanə olub, hər cür süni pafosa və rito­ri­ka­ya yabançıdır... Böyük şairi başa düşməyə çalışın. Onu tək­cə bir qəzəl ustadı, nəzm ustadı kimi deyil, bir filosof, mü­tə­fəkkir kimi başa düşməyə, dərk etməyə çalışın...” (59, 129-130).

Müasir dövrün şairini, o nə qədər böyük olursa-olsun, orta əsrlərin poeziya dahisi ilə birbaşa müqayisə etmək fik­rin­də deyilik, bununla belə, Əli Kərimin lirik qəhrəmanı da öz həyəcanları, emosiyası, həyatın müxtəlif problemləri qar­şı­sın­dakı tərəddüdləri ilə yalnız lirik düşüncənin predmeti ol­maqdan cəsarətlə çıxır, fəlsəfəyə, geniş miqyaslı ümumi­ləş­dirmələrə çəkir; Bu, bir tərəfdən, şairin "çoxaspektli" mü­kəm­məl istedadının, digər tərəfdən onun mənsub olduğu Azər­­baycan poeziyasının tarixən məhz fəlsəfi poeziya kimi formalaşmasının nəticəsidir. Müşahidələr göstərir ki, müx­tə­lif dövrlərin, mərhələlərin Azərbaycan şeiri formal-poetik, bədii-struktur, poltexnoloji kamilliyi ilə yanaşı, ideyalılığı, fikir mübarizliyi ilə fərqlənmişdir ki, həmin xüsusiyyətlər müasir şeirimizin, demək olar ki, bütün böyük nümayən­də­lə­rinin, o cümlədən Əli Kərimin yaradıcılığı üçün də səciyyə­vi­dir. Şübhəsiz, o ədəbiyyat böyük ədəbiyyatdır ki, mənsub ol­du­ğu xalqın dünyagörüşünü, təfəkkür imkanlarını harmo­nik bir şəkildə əks etdirsin; o sənətkar böyük sənətkardır ki, mənsub olduğu milli ədəbiyyatın bütün əsas ideyalarını öz yaradıcılığında özünəməxsus bir şəkildə təzahür etdirsin.

Əli Kərimin təbii, böyük istedadı mənsub olduğu xal­qın ümumi istedadının ən dərin qatlarından gəldiyinə görə böyük şairin bir sıra şeirləri ustadnamə gücündədir.
Söz dedim,

sözümü yerə saldı,

Özümü itirdim,

kitabı qaldı.

Oxudum,

Xoşuma gəldi:

Əvvəlki kimi

Alqışladın.

Həyatdakını yox,

Kitabdakı həmdəm. (45, 65)


Əli Kərimin lirikası həm mövzu, həm də mündəricə etibarilə zəngin və dolğundur. Ülvi və pak hissləri tərənnüm edən şair həmişə insandan, onun kamalından qüvvət və il­ham alır. Əli Kərim lirikasının tükənməz həyat qüvvəsi xalq həyatı ilə sıx təmasda, xalq arzularına, diləklərinə, düşün­cə­lə­rinə qırılmaz tellərlə bağlı olmasındadır.

Bəllidir ki, Azərbaycan lirik şeirinin inkişafında iki mü­hüm amil – şifahi xalq şeiri ənənələri və xalq musiqisi də həl­le­dici rol oynamışdır. Əli Kərim bir şair kimi klassik ədəbi ir­sin və folklorun ölməz ənənələrindən qüvvət almış, inkişaf et­miş­dir. Onun əsərlərinin geniş yayılmasının bir sə­bəbi də məhz xalq həyatı və xalq şeiri ənənələri ilə möhkəm bağlı olmasıdır.

Əli Kərimin öz yaradıcılığında lirikanın qədim janrı olan qəzələ (az da olsa) yer verməsi heç də təsadüfi deyil. Qə­zəl klassik ənənələri və xalq musiqisi ilə üzvi surətdə bağlıdır.

Əli Kərim poeziyasının sənətkarlıq cəhətdən kamilləş­mə­sində tükənməz yaradıcılıq, ilham mənbəyi olan xalq ədə­biy­yatının böyük rolu olmuşdur. Xalq ədəbiyyatındakı qəh­rə­manlıq, həyata nikbin baxış, azadlıq uğrunda mübarizə ki­mi nəcib xüsusiyyətlər və keyfiyyətlər onun lirikasında qüvvət­lə səslənməkdədir.



Müasir Azərbaycan poeziyasında lirik bir şair kimi ta­nı­nan Əli Kərimin şeirləri öz məzmunu, həyatiliyi, fikir də­rin­liyi, ictimai əhəmiyyəti və sənətkarlığı etibarı ilə diqqəti cəlb edir. Qısa ömründə zəngin və əhatəli fəaliyyət yolu ke­çən Əli Kərim şeirdən-şeirə inkişaf edən yaradıcılığı ilə yük­sək mənəvi-siyasi və bədii keyfiyyətlərə malik olan istedadlı şair kimi tanınmışdır. Əlinə qələm aldığı gündən hələ sənət­kar­lığı yetkinləşmədiyi dövrdə belə Əli Kərim mövzu məh­dud­luğu bilməyib, özünü çağırılmış bayatıların çərçivəsinə sal­ma­yıb. Onun şair ilhamı doğuluşundan buxov üzü gör­mə­yib, siftədən gözəlliklə yanaşı, həm də əlvanlığı ilə seçib (27, 4). Elə buna görə də onun lirikası poeziyamızda həyati, emosional təsir gücünə malik bir hadisədir. Vətənə, xalqa mə­həbbət Əli Kərim şeirlərində canlı duyğularla, oxucunu mübarizəyə və fəaliyyətə sövq edən hisslərlə bağlıdır. Onun bir çox şeirlə­rin­də məhəbbətlə qəzəb yanaşı yaşayır. O, müs­bət adamları və hadisələri, xalqın qəhrəman və humanist tə­biətindən do­ğan nəcib mənəvi-əxlaqi keyfiyyətləri məhəb­bət­lə tərənnüm edərkən, mənfi təzahürləri – ikiüzlülüyü, sax­takarlığı, ya­ban­çı təsirlərlə bağlı digər mənfi duyğuları lə­nətləyir. Bu cəhətdən, onun şeirləri yaxşı mənada güclü, ten­densiyalı şeir­lərdir, onlarda müəllifin estetik idealı açıq hiss olunur.

Əli Kərim yaradıcılığı boyu orijinallığa meyl edən bir sə­nət­kar olmuşdur. Bəlkə də "meyl edən" ifadəsi fikrimizi tam ay­dınlaşdırmır. Çünki orijinallıq şairin istəyindən yox, həyata və hadisələrə poetik münasibətindən doğan təbii bir key­fiy­yət­dir. Ənənəvi mövzuları qələmə alanda da Əli Kəri­min öz səsi, öz nəfəsi, öz münasibəti dərhal gözə çarpır. O, məlum ha­di­sə­lə­ri şeir dilinə çevirərkən başqalarının işlət­diyi naxışları təkrar et­mir, bu hadisələrin yeni cəhətlərini, yeni keyfiyyətlərini açır”.


Təsadüfən yolda bu gün

üzərində ünvanı yox

məktub gördüm.

Açdım.


Baxdım.

Sətirləri bir gənc qızın

Təbəssümü işığında yazılmışdı.

Orda arzu ətri vardı –

çiçək açıb, yaz olmuşdu.

Xətt – ürəyin xətti idi;

Sevgi yolu.

Dəli-dolu,

Bəzən əyri duyğuların

sərt dönüşü.

Bəzənsə düz – fikrin, hissin

söz birliyi,

xoş görüşü.

Bəzən isə seçilmirdi.

Belə məktub

Bircə dəfə sevən

Qəlbə qonaq gəlir.

Bircə dəfə!

Gənclik kimi!

Ömür kimi! (47, 88-89)


Əli Kərim bütün yaradıcılığı boyu hadisəyə, mövzuya prinsipiallıqla, məsuliyyət hissi ilə yanaşmışdır, şair B.Va­hab­zadənin bir şeirində deyildiyi kimi, “Orta yolum yoxdur, dərindir mənim sonsuz nifrətim də, məhəbbətim də” ifadəsi Əli Kərim şeirlərində olduqca güclüdür.

Odur ki, şairin müsbət qəhrəmanlarına, doğma Vətənin rifahı naminə xariqələr yaradan əməkçilərə, sənət baha­dırla­rı­na, şirin laylalarında xalqın qüdrətini, dilini, ruhunu yaşa­dan ana­lara nə qədər dərin məhəbbət bəsləyirsə, həyata barma­qa­ra­sı baxan, ancaq öz mənafeyini güdən, öz əməyi ilə insanlar üçün birgə ağac da əkməyən xudpəsəndlərə, milli mədə­niy­yə­tə xor baxan jurnalistlərə bir o qədər nifrət edir. Bu cəhət Əli Kərim lirikasını səciyyələndirən keyfiyyətlər­dən biridir.

Əli Kərim çox sadə mətləbləri mənalandırmağı, oxucu­su­na aşılamaq istədiyi fikri poetik hiss və duyğularla yoğur­mağı, əsl sənət dililə ifadə etməyi bacarır. Belə şeirlərin gü­cü insanı həyata çağıran, qurub-yaratmağa ruhlandıran, ona nə­cib mənəvi və əxlaqi keyfiyyətlər aşılayan yeni fikir, poe­tik hisslər ifadə etməsindədir. İlk baxışda düşünürsən ki, əl­lə­ri, adicə daşı lirik şeirin obyekti kimi necə mənalandırmaq olar?

Ən maraqlısı odur ki, Əli Kərim adi predmentlərdən ya­zanda belə mühüm ictimai fikirlər söyləyir ki, bu da is­te­dad və cəsarətin vəhdətindən doğur. O, hansı mövzuda ya­zır-yazsın, fikrini yaşadığı zamanla bağlayır. Bu çətin bədii niyyət gerçəkləşdiyi təqdirdə şairin yaradıcılığının fəlsəfi mün­dəricəsi artır, təsir və qavrama dairəsi genişlənir. Ancaq əksər hallarda şair bu günün adamlarından yazır. Onun qəh­rə­manları konkret işi, əməli fəaliyyəti ilə hər gün bizimlə qarşılaşan insanlardır.

Fəal, yüksək mənəvi dəyərə malik duyğuların təsdiqi, poetik mündəricə Əli Kərim lirikasının müvəfəqiyyətini tə­min edən başlıca cəhətlərdir. "Muğamı dinləyirəm", "Fəhlə­lər", "Mənim həyatım", "Uşaq" və s. şeirlər müəllifin oxucu­ya yeni hiss, yeni fikir aşılamağa, oxucu üçün yeni bir həqi­qət açmağa, onu yüksək ideallara ruhlandırmağa, onda este­tik zövq tərbiyə etməyə çalışdığını göstərir. Şairin öz xalqı­nın taleyinə bağlılığı, dövrümüzün ideallarına fəal münasi­bəti, müasir həyatın, vətənimizin ən səciyyəvi cəhətlərini əks etdirməyə çalışmağı onun şeirlərində aydın hiss olunmaqda­dır. "Kürə baxdım", "Heykəl və insan", "Bir gecəlik Kür ol­mu­şam", "Ba­kı küləyi", "Füzuli" və s. şeirləri buna misal ola bilər. Şair məzmuna müvafiq gözəl formalar tapır. Forma və məz­mun vəhdəti əsl sənətin tələbi, həm də məziyyətidir.
Qız baxır uzağa,

uzaq yerlərə.

Nura qərq olunmuş

gur şəhərlərə.

İşığı açılı pəncərəsindən,

Şırrantək tökülən

ağ salonlara.

Sübhədək rəqs edən

şux cavanlara.

Axtarır,


arayır səadətini,

Dünyada


yeganə məhəbbətini.

Qız baxır,

kövrəlir

boynunu burub.

Amma o bilmir ki, bilmir ki, qəti

Onun səadəti

yanında durub. (47, 333)


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin