Çırağı sönməyən poeziya



Yüklə 1,23 Mb.
səhifə10/13
tarix01.01.2022
ölçüsü1,23 Mb.
#105320
1   ...   5   6   7   8   9   10   11   12   13
BƏDİİ NƏSRİ
Əli Kərim ədəbiyyatın bütün janrlarında olduğu kimi, nəsrdə də qələmini sınamış, bir sıra hekayələr, povest, ro­man və pyeslər yazmışdır. Bunlar sayca çox olmasa da, şai­rin gördüyü, hiss etdiyi hadisələrin təcəssümüdür. Şairin ilk nəsr əsəri olan “Bər­bər” hekayəsi oxunaqlığı ilə diqqəti cəlb edir. Hələ 50-ci illərdə Azərbaycan jurnalında hekayələr üçün elan edilmiş müsabiqədə ikinci mükafata layiq görül­müş bu hekayədə oxucu çox qəribə bir bərbərlə görüşür. Elə bir bərbər ki, başqalarına əsla bənzəmir. Bərbər Seyfinin tər­cümeyi-halı kolxoz həyatı ilə bağlıdır. Əgər işdə qabaqcıl­san­sa, Seyfi sənin başını, üzünü elə qırxacaq ki, heç ruhun da incimə­yə­cək. Vay o gündən ki, tənbəl və işdən, zəh­mət­dən bo­yun qaçıran olasan, vay onda sənin halına.

“Seyfi axırda saçına ətri də könülsüz tökəcək. Ona “sağ ol” deyib gedəndə Seyfinin “xoş gəldin”i “rədd ol” sö­zün­dən də pis səslənəcək. Başının köhnə maşınla qırxılması xə­bəri isə yarım saata bütün kəndə yayılacaqdır” (26, 65).

Məhz elə bu baməzəliyinə görə “Bərbər” hekayəsi Əli Kərimin digər hekayələrindən fərqlənir.

Müəllifin “Kayutada iki adam” hekayəsində isə çiçək kimi zərif bir qızın gündələyini vərəqləyib ötən günlərini xa­ti­rə süzgəcindən keçirməsindən, şirinli-acılı həyat səhifə­lə­rin­dən söhbət açılır. İlk baxışda biri-birinə bağlanan bu gənc­lərin nəinki məhəbbəti, heç görüşləri də baş tutmur. Qız cəsurları sevir, oğlan isə dovşan kimi qorxaqdır. Burada han­sı sevgidən danışmaq olar? Görəsən, bu cavan “Pələng” he­ka­yəsindəki Sədi kişinin yerinə olsaydı, neylərdi? Axı, yaralı pələnglə üz-üzə gəlmək hər oğulun işi deyil.

“Güllə lülədən, pələng fızıllıqdan çıxdı. Güllə dəymiş pələng havada idi. Barıt tüstüsünü yarıb, düz qocanın üstünə gəlirdi. Bu vaxt qayanın o biri tərəfinə çıxıb onları seyr edən briqadir və başqaları dalın-dalın çəkilib qışqırırdılar: “Qooo-ca qaç! Qoca qaç!” Qoca qaçmırdı. Qoca yanıla bilməzdi. Gül­­lə pələngi tutmuşdu. Qocanın indiyə qədər nişangah qa­ba­ğı­na minlərlə quş, heyvan çəkib gətirmiş qara bir alovla yanan gözləri görürdü ki, pələng öz qüvvəsilə ancaq yarı yola qədər tullanmışdı.

Pələng düz qocanın ayaqları altına düşdü. O, sanki bi­lə-bilə başını qocanın qara çəkməli ayaqları üstünə qoydu (41, 86-87).

Predmetə yanaşma səriştəsi Əli Kərimin nəsrində də öz orijinallığını göstərir. Onun nəsrindəki epiklik povestlərin­də­ki mənzum təfərrüatlara, poetik süjet psixologiyasına çox uyğundur. Bu nəsrdə bölmələrin keçidi, hadisələrin kompo­zi­siya daxilində əlaqəsi, bədii lövhələrin mənzərə sistemi “poe­malarındakı kimidir, şeir silsiləsi təşkil edir”. Bu mənada “Mavi nəğmənin sahilində” povesti fikrimizi təsdiq edir.

Bu povest aydın süjeti, mükəmməl quruluşu, hadisələ­rin ardıcıllığı, inkişafı, bitkinliyi və bütün lirikası ilə əsl nəsr nümunəsidir. “Mavi nəğmənin sahilində” lirik povestdir. Bu li­ri­ka əsərin adından başlayır və axıracan epik lövhələri mü­şa­yiət edir. Lirik-poetik müşayiəti süjetin gedişində nəsr ay­dın­lığına kölgə salmır.

Bu “mavi nəğmə” bir çaydır ki, Aydıngilin evinin ya­nın­dan axır və Səfa ilə onun ürəyindən keçənləri daimi züm­zümə kimi müşayiət edir. Həmin çay – həmin mavi nəğmə povestin bir pak, munis, səmimi obrazıdır ki, Aydınla Səfanı bir-birinə bağlayır, hər ikisinin qulağına eyni melo­diyanı pıçıldayır (T.Hacıyev). Povest müharibənin başlaması xəbəri ilə başlayır. Bu xəbəri ilk eşidənlər dəhşətə gəlməyib, onu zarafat bilir, təbəssümlə qarşılayır; “dava” sözünü bəzisi ərlə arvad arasındakı narazılıq; bəziləri də qonşu ilə qonşu ara­sındakı söz-söhbət kimi başa düşür. Bir an sonra aydınlaşır ki, bu daha o davadan deyil. Qəribədir ki, bu xəfif başlanğıc, bu mülayim kədər povestin sonuna qədər davam edir. (Yal­nız son epizod bu mülayimliyi alt-üst edir və əsər qurtarır).

Müharibə xəttindən çox-çox uzaqlarda yerləşən kənddə bəlkə müharibənin səsi var, ölümü-itimi yoxdur. Əsərdə dal­ğın baxışlar, pərişan əhvallar verilir, hələ öldürücü, göy­nə­dici hüzn görünmür. Burada, top-tüfəng nərəsindən uzaq bu kənddə hələ qaraqılçıq buğda zəmisinin, turac səsinin, “mavi nəğmə”nin poeziyası duyulur. Bu kənddən müharibəyə ge­dən­lərdən hələ qara xəbər gəlməyib, hələ onlar döyüşə yol gedirlər, ya da xəbərləri hələ yol gəlir. Bu davalı günlərdə hələ təbiət səfalıdır – nə müddətdir başlanan müharibə in-san­ların ürəyinə girmiş, ancaq hələ çöllərin bərəkətinə, təbiə­tin naz-nemətinə, gül-çiçəyinə nüfuz etməmişdir.

Bu hüzn yeli əsən mühitdə Əli Kərim işartı, sevinc, se­vib-sevilmək duyğuları görür. Bu, düşmənə qarşı insanları sə­fərbər edən, qəzəbli nikbinliyi qidalandıran poeziyadır. Əli Kərim bu poeziyanı görür – hüzn içərisində, kədər dərya­sın­da mülayim pərdə tapır, lirik mənzərə seçir; povest şeriy­yət­lə doludur. Bu şeiriyyət povestin dilində də boldur və aş­karca görünür ki, bu nasir şeirdəki Əli Kərimdir. Bu epik nəsr lövhələrinin üstündən müntəzəm poetik nəfəs əsir.

“...Səfa dikəlib eynəyini bərk-bərk gözlərinə basdı. Ba­xışları Aydının şəhadət barmağının göstərdiyi səmti diq­qət­lə gəzdi. Orda qarlı, dumanlı dağlar göylərlə birləşirdi. Bu göy-sulu çay sanki göylərdən bir yaşıl şəlalə kimi tökülür, nəğmə oxuyur, axıb dağlara enir, ordan da dərələrə dağılıb çaya dö­nür­dü. Aydın qıza ayaqları altında axan suyu göstərdi. Su­yun dibi al-əlvan daşlarla dolu idi. Səfa çox baxdı, gözlərini su apa­randa elə bil daşlar rəngli yarpaqlar kimi çayın üzünə çıx­dılar. Aydın: – Xoşuna gəlirmi? – deyib Səfanı fikirdən ayı­­­randa isə daşlar çayın dibinə cumub yerlərində dondu­lar...” (41, 10).

“...Səfa dönub Aydına baxdı. Başını yellədi. Yaşıl sö­yüd bu­dağının suya dəydiyi yeri göstərdi. Orda sürüşkən daş­ların üs­tündən tökülən su söyüdün budağını oynadır, şı­rıl­tısının ahən­­gi dəyişirdi. Səfa qolunu söyüd nəhrəsinin ya­şıl, yum­şaq, xoştəmas budağına keçirdi. Başını qolunun üs­tü­nə qoy­du, sö­yüdün çaya sallanan budaqlarına dəyib şırıl­da­yan mavi su­lara qu­laq verdi. Birdən başını qaldırıb gözləri dolusu Ay­dına baxdı.

– Nə olub, Səfa?

Səfa əlini dodaqlarına apardı.

Yenə bayaqkı kimi şırıltını dinləməyə başladı. Sadə, qəribə, amma nə isə insana xoş gələn xalları olan bir musiqi parçası səslənirdi. Suyun dibindəki narın qum Səfanın ayaq­ları altında qaynayıb ovulurdu. O, söyüdləri bir-bir qucaqla­yıb, suya dəyən budaqların səsini dinləyir, gedir, gedirdi. Ay­dı­na elə gəlirdi ki, çay nəhəng, çoxşaxəli mavi nəğmədir. Səfa da onun qoynunda vəsf olunan bir mələk!”... (41, 10-11).

Ə.Kərimin nəsr yaradıcılığında “Pillələr” romanının xüsusi yeri vardır. “Pillələr” romanı Əli Kərimin ilk böyük nəsr əsəridir. Onun mövzusu müasir həyatdan, tələbə gənc­lə­rin gündəlik təhsil güzəranından alınmışdır. Ali məktəb audi­toriyasını – müəllim heyəti və tələbələri təsvir edən müəllif onlar arasındakı ixtilafları ilk plana çəkir. Lakin romanda qələmə alınan münaqişə geniş mənada müəllim-tə­lə­bə kon­flik­ti deyil, müəllim-insan adını ləkələyən tək-tək anti­pod­larla xeyirxah, təmiz adamların konfliktidir. “Pillə­lər”i həm də təmiz, kristal təbiətli Azərin romanı adlandıra bilə­rik. Onu səciyyənləndirən başlıca cəhət mənəvi bütöv­lük­dür. Kəndin ab-havasında böyümüş Azər şəhərə gəldik­dən sonra da mə­nə­vi təmizliyini qoruyur, hətta institutdan qo­vulmaq təhlü­kəsi olanda belə öz mövqeyini qətiy­yətlə müdafiə edir. Ali təhsilə, oxuduğu məktəbə, dərs aldığı müəllimlərə yüksək tə­ləb­lərlə yanaşan Azəri onlar qane etmir; o hələ ilk addım­larından bi­rin­də “dahiyanə mühafizə­kar” Osmanlı ilə toqqu­şur. Tələbə­lər üzərində “hökmran­lı­ğa” öyrənmiş Osmanla Azərin şəx­sində daş qayaya rast gəlir.

Osmanlı yeniliyə düşmən, istedada laqeyiddir. O öz al­çaq niyyətlərini yalnız başqaları vasitəsilə həyata keçir­mə­yə çalışır heç vaxt əsəbləşmir, ən gərgin anlarda belə, soyuq­qan­lığını saxlayır: “Həyatda hər şeyi öyrənmək lazımdır. Hər şey qanunidir. İnstitutda oxuyan olduğu kimi, qovulan da olmalıdır”. Məharətlə maskalanmış, öz qüvvəsindən ehti­yat­la istifadə edən bu pedant professoru yazıçı, Azər və onun atası ilə toqquşdurur və məğlub edir.

Azərlə Zərifin münasibətləri romanın əsas emosional-lirik xəttidir. Həmişə səbatlı, sevgilisinə böyük inam bəslə­yən Azərdə qıza qarşı şübhə baş qaldırır; o, elə bilir ki, Zərif artıq dəyişib. Bu dəyişiklik qızın “orijinallıq” sevən Elmana xüsusi diqqət yetirməsi ilə əlaqədardır. Zərifi ittiham edər­kən Azərin mənəvi zənginliyi, xəyalpərvərliyi və düşüncə tərzi daha aydın şəkildə üzə çıxır.

Ona elə gəlir ki, sevgilisi artıq onu “kəşf edib”, o, daha qız üçün maraqlı deyil. Buna görə də o, məzəmmətini, giley-güzarını çox kəskin şəkildə deyir, hətta oxucuya elə gəlir ki, bunlar Zərifə layiq deyil. Qızı Azərin ittihamından çox , mə­nəvi maksimalizmi qorxudur. Azər Zəriflə həddən ziyadə ağıllı söhbət edir: bundan məqsəd ona günahlarını xatırlat­maq­dır. Müəllif Azərin şübhələrinə çox haqq qazandırmır, biz Zərifi də sevgilisinə xəyanət edən görmürük. Azərin Zə­rif tənələrinin başlıca səbəbini onun düşdüyü böhranlı vəziy­yət­də axtarmaq bəlkə doğru olardı. “Mühafizəkarlardan, ədə­biy­yatı xalturaya çevirən, yaltaqlıqla başını girləyən “alim­lərdən” zəhləsi gedən, daim mütaliə və axtarışla məş­ğul olan Azərin mübahisəli fikirlərini, bizcə onun zamanla ayaqlaşmaq istəyində, yeniliyə həssaslığında axtarmaq lazımdır” (51).

Azər və Elman başqa-başqa adamlardır. Azərin özün­dən bədgüman, xudbin, “çərçivəyə” sığmayan bu novator­lu­ğu əlində bayraq edən oğlana münasibəti əvvəlcə adi həm­rəylik olsa da, sonralar onun kimliyini başa düşür. Elman tək­cə tələbə yoldaşlarına deyil, müəllimlərə də yuxarıdan aşa­ğı baxır. Onun üçün heç bir konkret meyar yoxdur, dost-tanışı da məlum deyil, işi-peşəsi ona-buna istehza etməkdir. Nihilist gənclərin tipik nümayəndəsi olan Elman ədəbi irsə xor baxır, milli ədəbiyyatı danır; vaxtını belletristika oxu­maq, dadsız-duzsuz şeirlər yazmaqla keçirir. O, bir fərd kimi də mənən puçdur. Onun daxili siması Azərin komsomol bi­le­tini oğurladıqdan sonra açılır. Lakin ifşa olunduqda belə daha da sırtılması, nihilizminin daha da artması onun mənəvi müvazinətini itirdiyini göstərir.

Osmanlı kimi, Elmanın da yüksək insani sifətlərə hör­məti yoxdur. Xeyirxahlıq, düzlük, dostluq, inam və s. on­la­rın hər ikisi üçün “köhnə”, “primitiv” məfhumlardır. Osman­lı­nın və Elmanın daxili monoloqları mənəvi eybəcərliyi cə­hət­dən çox səsləşir.

“Pillələr” realist ahəngi, zəngin həyat materialı ilə müa­­sir nəsrimizdə özünəməxsus nümunələrdən biridir. Ro­ma­nın qəhrəmanı Azərin ədəbi əsərdən tələb etdiyi sadə, yığ­­cam təhkiyə, psixologizm əsərin mühüm məziyyət­ləri­dir”.

“Pillələr” çap olunduqdan sonra akademik T.Hacıyev yazırdı: “...Romanda süjet sərt konflikt üstündə qurulmur, geniş həyat səhnələri yoxdur, obrazlar əsərdə təkamül keçir­mir, elə bil hərə bir şeirdə təqdim olunan obrazdır – ilk təq­di­mat­dan necə tanınırsa, elə də qalır. Ancaq özlüyündə gözəl dra­ma­tik təsvirlər var, dərin psixoloji anlar roman boyu sə­pə­lənmişdir, oxucunu ayrılmağa qoymayan gözəl bədii dili ro­­ma­nı şeir kimi oxutdurur. Bu həm də əsil ədəbi, normativ dil­dir. Bütövlükdə şairanə dili romanın hər səhifəsində elə mü­­hakimələr, elə düşüncələr, elə təsvirlər, ayrı-ayrı elə ifa­də­­lər var ki, şeir kimidir və məhz şeir emosiyasi daşıyır” (28).

Akademikin söylədiyi kimi, əsərin bir səhifəsində elə ifadələr var ki, şeir kimi oxunur. Məsələn: “Mürgü kiprik­lə­rin­də tor toxuyurdu”, “Gözlərin lal musiqisi pianonun səsini batırırdı. Gözlər özləri barədə oxuyurdu”, “O birdən durub san­ki otağını doldurmuş sirri, sevinci, məhəbbəti çölə bu­rax­mamaq üçün pəncərələri bağladı” (46).

Göründüyü kimi, bu nümunələr romandan çox mənsur şeir dilinə bənzəyir, ancaq romandakı psixoloji anların li­riz­minə uyğundur.

1964-cü il aprel ayının 8-də akademik B.Nəbiyevin “Hə­yat həqiqətlərinə sadiq qalmalı” məqaləsində isə roma­nın bir sıra qüsurları göstərilmiş, müəllif bir sıra tövsiy­yə­lərini söyləmişdir.

Əli Kərim yaradıcılığını bir daha diqqətlə nəzərdən keçirdikdə məlum olur ki, psixoloji faktor Əli Kərim poezi­ya­sın­da bədii fenomen kimi mövcuddur.

Maraqlıdır ki, istər psixologizmlə bağlı, istərsə də ümu­­miyyətlə ədəbi proseslə, sənət və estetika ilə bağlı nə­zə­ri söhbətlər Əli Kərimin bədii əsərlərinin içərisində daha geniş və müntəzəmdir. Onun “Ürək güzgüsü” pyesinin qəh­rə­manı paranpsixologiya mütəxəssisidir. Burada psixoloji təhlillər əfsun və cadugərlik səviyyəsinə qalxır. Aydınlaşır ki, vaxtilə Sokratların, İbn-Sinaların yaratdıqları möcüzələr məhz cadugərlik imiş – cadugərlik professional səviyyədə və professionalların əlində elmi-psixoloji təzahür imiş. Əsl hə­ki­mi yalançı həkim, əsl müəllimi yalançı müəllim, əsl dövlət başçısını boşboğaz, fitnəkar dövlət başçısı ləkələyir və bu “əsllər” “yalançı”ların sayəsində şübhə altına düşürlər. “Heç demə, fırıldaqçı hoqqabazlar da psixoloji tədqiqatdan ibarət olan cadugərliyi hörmətdən salırmışlar”, heç demə öyrən­mək üçün onun gözlərini oxumağı bacarmaq kifayət imiş. “Adil müəllim haqqında elə niyə dediniz?” – sualına pa­ranpsixoloq Adilin cavabı budur” (46, 54).

“Gözlərinizdən soruşun” – əsərin “Ürək güzgüsü” adı da buradandır, ürəyin güzgüsü gözdür” (26, 6). Pyesdə Əli Kə­rimin pxisologiya biliyi, sənət “cadugərliyi” öz maksi­ma­liz­minə çatır. Hadisələr fiziklər mühitində cərəyan edir. Gö­rünür, onu heyran edən Dostoyevski-Eynşteyn koordinatını aş­karlamaq üçün Əli Kərim paranpsixoloqla fizikin iş la­boratoriyasında ədəbi-elmi sınaq quraraq öz pösixoloji sənət devizini ekspertiza yolu ilə ümumiləşdirmək və əyani­ləş­dir­mək qərarına gəlir.

“Ürəyin güzgüsü” pyesinin hərtərəfli təhlili barədə akademik T.Hacıyevin mülahizə və fikirləri aşağıdakı şəkil­də öz əksini tapmışdır: “Əli Kərimin bu ilk pyesi şairin poe­ti­kası haqqındakı təsəvvürümüzü bütövləşdirir. Aydın olur ki, onun sənətkarlığı və müasirliyi fitrətindəki şairlik vergisi ilə zəngin bədii və elmi-fəlsəfi mütaliəsinin vəhdətidir. Bu pyes təsdiqləyir ki, şeirində olduğu kimi, Əli Kərim nəsrin­də, mə­qa­lə­lərində, hətta pyesində də pxisoloqdur” (26, 6). Həmin bədii-psixoloji yaradıcılıq ovqatı ilə Əli Kərim oxu­cu­larının ürək yaddaşına kövrək, ancaq bütöv və kamil bir sevgi bəxş edib bu dünyadan köçmüşdür.



“Ürək güzgüsü” pyesi uzun illər Nizami yurdunda C.Cab­barlı adını daşıyan Dövlət Dram teatrında oynanılmışdır.


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin