ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 2,19 Mb.
səhifə35/40
tarix10.02.2018
ölçüsü2,19 Mb.
#42641
1   ...   32   33   34   35   36   37   38   39   40

8. LAYLALAR VƏ OXŞAMALAR





Laylay çallam yatasan,

Qızılgülə batasan,

Qızılgüllər içində,

Şirin yuxu tapasan.

Laylay, balam, a laylay,

Beşiyim, bələyim, laylay.

Evim, eşiyim, laylay.
* * *

Ürəyimin yaraşığı,

Balam laylay, a laylay,

Körpə quzum, a laylay,

Şirin balam, a laylay.
* * *

Laylanın səsi gələr,

Yatar yuxusu gələr,

Uzağ-uzağ ellərdən,

Balamın əmisi gələr.

* * *


Laylayı mən gülü mən,

Gülü mən bülbülü mən.

Balamın xətrinə dəysəm,

Gərək çəkəm zülmü mən.


* * *

Su gəlir arxa nə var,

Tökülür çarxa nə var,

Bala baldan şirindi,

Adı baldan şirindi.
* * *

Laylay, beşiyim, laylay

Evim, eşiyim, laylay

Qurban olam o günə,

Cəkim keşiyin laylay

Balam laylay, a laylay


* * *


Deyirdilər, yürügdə də uşaği yelliyərdilər ki, yatsın.
* * *

Bülbül gül üstündə xəstə olubdu,

Ürəyim də məhəbbətlə dolubdu

Balam, biz gedərgiyik qoca dunya qalıbdır

Balam laylay, a laylay

Körpəm laylay, a laylay.



* * *

Laylay çalım məzəsən,

Gülü-güldən təzəsən,

Qurban olum o günə

Ayağ tutub gəzəsən.

Balam laylay, a laylay

Gülüm laylay, a laylay.
* * *

Qızılgül dəstə-dəstə, a balam

Kim sevər mən həvəsdə

Balam laylay, a laylay lay

Əziz balam, a laylay.
* * *

Laylay çallam yatasan

Şirin yuxu tapasan

Laylay balacan, laylay

Körpə balam, laylay.
* * *

Laylay balam, a laylay,

Güllü balam, a laylay.

Körpə balam, a laylay.

Yat beşigində,

Duraram keşigində.

Laylay balam, a laylay,

Güllü balam, a laylay.


* * *


Balama naz eliyirdi,

Astara Bakı torpağı.

Balama kim göz vursa,

Gözünə bibər yarpağı.


* * *

Dilim imanım bala

Xara tumanım bala.

Allah səni verib mənə

Yana çırağım, bala.
* * *

Balama qurban quzular,

Balam haçan üz anlar

Balama qurban atlar,

Atlar çəməndə otlar.

Həmiləli arvadlar

Bu balama qurban.
* * *

Laylay beşıyim laylay,

Evim eşiyim laylay.

Sən yat yuxu alginan,

Man çəkim keşiyin laylay.
* * *

Balama qurban ilannar,

Balam hacan dil annar.

Balama qurban qoyunnar,

Balam hacan oyun eylər.


Söyləyicilər:
Şabikə Bəşirova, 75 yaş. Dadva kəndi.

Həcər Həsənova, doğum tarixi 1950, təhsili orta, Şərəfə kəndi.

Ağabəyim Nuriyeva, doğum tarixi 1906, təhsili yoxdur, Qasımlı kəndi.

Gülcahan Ələkbərova, 75 yaş, Qızılagac kəndi.

Tağıyeva Fatma (Pərzad). Doğum tarixi 1938, Gəyəçöl kəndi.

Mənsumə Hüseynova, doğum tarixi 1948, təhsili orta, Xırmandalı kəndi.

Zəhra Bədəlova, doğum tarixi 1931, təhsili orta, Hişkədərə kəndi
Toplayanlar:

Füzuli Bayat (Gözəlov)

Vüsalə Kərimova

İlahə Heybətova


9. BAYATILAR





Əziziyəm gül-gülə,

Bülbül gülə, gülgülə.

Göz gözdən kəmin aldı

Həsrət qaldı dildilə.


Əziziyəm yaş ağacı,

Kəsməzlər yaş ağacı.

Qaralar qəbrim olsun

Göyçəklər baş ağacım.


İlana bax, ilana

İlan göydə bulana.

Təzəcə yar sevmişdim,

Göndərillər İrana.


Su ilanı olaydım,

Ləkdən ləkə dolaydım.

Qardaş əkən çəltiyin,

Sünbülü mən olaydım.


Bu yol yolluğa gedər,

Ucu bolluğa gedər.

Yaxşı qızın cehizi,

Bəylərə xələt gedər.


Bu evlər uzun evlər,

İçində olsun toylar.


Yığışsın qız-gəlinlər,

Oynasın bəstəboylar.


Su gəlir arxa nə var?

Tökülür çarxa, nə var?

Məndən öz yarım küsüb,

Bilmirəm, xalxa nə var?


Əmim oğlu Mirağa,

Nöyüt töküb çırağa.

Piltəsin uzun eylə,

İşıq getsin İrağa.


Əmim oğlu, sən nəsən?

Sən məni bəyənmirsən?

Eləsinə gedərəm,

Sən onun nökərisən!


Su gəlir iki haça,

Yar gəlir qaça-qaça.

Əlində qızıl qayçı,

Yaxasın aça-aça.


Sən mənim andım, oğlan,

Şəkərim, qəndim, oğlan.

Necəsən, bir ah çəkim

Olasan bəndim, oğlan!


Oymaqdan gəl, oymaqdan

Yar gəlir oynamaqdan.

Barmaqlarım yanıbdır

Paprıza od qoymaqdan.


Şalım qara boyandı,

Ucu yerə dayandı.

Mənim ah-zarımdan

Göydə fələk oyandı.


Ağdaşdan gəl, Ağdaşdan,

Ağ Gəncə* düşdü başdan.

Bacının sənətidir,

Tez ayrılar qardaşdan.


Ay dolanır batmağa,

Yuxum gəlir yatmağa.

Gecə yuxusu şirin,

Qıymıram oyatmağa.


Su gəlir lülə-lülə,

Yar gəlir gülə-gülə.

Əlində ipək dəsmal,

Tər-qanın silə-silə.


Qızıl üzük füruzə,

Gedin deyin xoruza,

Bu gecə banlamasın,

Yarım gələcək bizə.


Evləri burda yoxdu,

Köçübdü, yurdu yoxdu.

Getdim pələt ağzına

Dedilər, evdə yoxdu.


Mirvari aldırmışam,

Boynuma saldırmışam.

Bir oğlana getmişəm,

Aləmi yandırmışam.


Qardaş gedib bazara,

Cibində şam qızara.

Qardaşın düşmənləri

Sabah düşər azara.


Qardaş, sən arayıbsan,

Telini darayıbsan.

Özün alagöz oğlan

Yaruva yarıyıbsan.


Lənkaran hacıları,

Başında tacıları.

Qurban olsun qardaşa,

Qoşaca bacıları.


İstilin* dalaları

Kəkliyin balaları,

Qurban olsun qardaşa,

Qoşaca bacıları.


İstilin gül-gülləri,

Oxuyur bülbülləri.

Qurban olsun qardaşa,

Qoşaca bibiləri.


Ləmə çıxdım mən bu gün,

Ləmdən tapdım bir düyün.

Yad oğlu mənim nəyim?

Yadıma düşdü bu gün.


Evləri yaxın yarın,

Boyuna baxın yarın.

Gözəldir, göz götürməz

Nişanın taxın yarın.


Evdən evə zəng olar,

Eşqə düşən dəng olar,

Tuteydun könül quşun,

Göreydün nə rəng olar.


Dəyirman boyu çiçək,

Çin gətir, onu biçək.

Qardaş bir qız sevibdir,

Uzunboy, qarabirçək.


Əmim oğlu bir idi

Üstü-başı kir idi.

Getdim onu yumağa

Axar sular qurudu.


Şərəfənin o üzü,

Yatışıb qoyun, quzu.

Qurban olsun qardaşa

Hər sürüdən bir quzu.


Kəhər at qaçdı, gəldi,

Yüyənin açdı, gəldi.

Xanımlara muştuluq

Bəylər barışdı, gəldi.


Əlin əlimdə deyil,

Şalın belimdə deyil.

Sənin başun ağrısı

Mənim əlimdə deyil.


Nizami gedir Mərəndə

Tamaşadı gələndə.

Vay Nizaminin halına

Qaynanası öləndə.


Ay, Nizamın həndi var

Həndi var, şəhəri var

Hər qapıda oynasa,

Bir nəlbəki qəndi var.


Mənim yarım kasıbdı

Üzünü tük basıbdı.

İstədi üzün qırxa.

Qayçısın pas basıbdı.


Mənim balam naşıdu,

Qaşı qələm qaşıdı.

Oturanda bəy kimi,

Duranda yüzbaşıdı.


Sürmə çəkin gözlərə.

Şəkər qatın sözlərə.

Bir damla qanımız,

O da qurban sizlərə.


Mən aşiq oyun eylər,

O günlər oyun eylər.

Yar-yara qovuşanda

Bayramın o gün eylər.


Mən aşiq binə gəlləm.

Gedərəm, yenə gəlləm.

Əlim əlivə dəysə,

İmana, dinə gəlləm.


Aşığ ellər ayrısı.

Şana tellər ayrısı.

Bir günüvə dözməzdim,

Düşdüm güllər ayrısı.


Gülü əkdim dübara.

Bülbül onu süvara.

Yayı bir yerdə olduq,

Qışda qaldığ avara.


Su atdım, yara dəydi,

Qolum divara dəydi.

Dilim, ağzım qurusun,

Nə dedim yara dəydi?


İstil üstə putrax.

Dövrə vuraq oturaq.

Bivəfa yar əlindən

Dustağ olağ oturağ.


İstil üstə dur, oğlan,

Kəklik gəlsə, vur oğlan.

Eldən-elə aşığdı.

Süfrə dolu qaşığdı.

Bizim oğlan neynəsün?

Sizin qızdar aşığdı.


O taydan əl eyləmə,

Bağrımı qan eyləmə.

Sən mənimsən, mən sənin,

Özgə xəyal eyləmə.

Bu yol yolluğa gedər,

Ucu bolluğa gedər.

Qurban olum qardaşa,

Gələr qulluğa gedər.


Gedən alagöz oğlan,

Qoltuğunda saz oğlan.

Al qələmi əlinə,

Mən dediycə yaz, oğlan.


Gedirsən neynim sənə,

Düşübdü meylim sənə.

Özüm özüvə qurban,

Daha mən neynim sənə?


Yeri-yeri gəlirəm,

Qolumu düymələyirəm.

Aç qollaruvu, gəlim mən,

Uzağ yerdən gəlirəm.


Yeri-yeri, nişan yar.

Təzə eşqə düşən yar.

Elçiləri qırılmış

Özü elçi düşən yar.


Bu gün yemiş yemişəm,

Yara sözlər demişəm.

Dilim, ağzım qurusun

Acığımdan demişəm.


Ay getdi, batdı ola.

Gün getdi, batdı ola.

Sənin bu narahat canın

Dincəldi, yatdı ola.


Ayın qədri olmaz.

Günün qədri olmaz.

Hər uşağın atası-anası olmasa

Onun qədri olmaz.


Aşığ hayannan gəldi.

Teykən yanınan gəldi.

Göydə bulud yox idi.

Bu sel hayannan gəldi?


Dağlarda sənəy olmaz.

Sənəyi yeməy olmaz.

Canım bir oda düşdü.

Heç yerdə deməy olmaz.


Dağların sarı gülü.

Ağ gülü, sarı gülü.

Mən fələyə neynədim

Görmədim tarı gülü.


Dağlar duman oldu, gəl.

Halımız yaman oldu, gəl.

Aylara vədə verdüz

İliviz tamam oldu, gəl.


Dağlari gəzdim, gəldim,

Daşdari düzdum, gəldim,

Yari bivəfa gördüm

Əlimi üzdüm, gəldim.


Dağlar duman oldu, gəl,

Halım yaman oldu, gəl,

Nə dedim mən dili yanmiş,

Evim talan oldu, gəl.


Su gəlir yarpızdığa,

Tökülür qarpızdığa.

Gördün işün müşgüldü,

Özüvü vur arsızdığa.


Əzizim, Ərzuruma,

Ərizəm var Ərzuruma.

İşi özüm tutmuşam

Gərək dözəm hər zuluma.


Aşığ ellər ayrısı

Başda tellər ayrısı.

Bir dərdüzə dözməzdim,

Düşmüşəm illər ayrısı.


Aşığ el bərabəri,

Başda tel bərabəri,

Yaxşı evladdarım var,

Tamam el bərabəri.


Baxça məndə, bar məndə.

Heyva məndə, nar məndə.

Sinəm ətdar dükanı,

Hər nə desən var məndə.


Araz aşdı başımnan.

Kür qovuşdu başınnan.



. . . . . . . . . . . . . . . . . .

. . . . . . . . . . . . . . . . . .
Bağçamızda miyana

Gül yastığa boyana.

Oxu, bülbülüm, oxu,

Bəlkə yarım oyana.


Bu yoldan yol saleydım.

Karvanımı bol saleydım.

Bilseydim hardan gəlirsən

Oradan yol saleydım.


Aşığ, o gün oleydi.

Zülfün bu gün oleydi.

Sənnən keçirdiyim günnərin

Biri bu gün oleydi.


Əzizinəm, yüz yerdən,

Əlli yerdən, yüz yerdən.

Yaram çox, sana gəlməz,

Təbib gəlsə yüz yerdən.


Yaralıyam, yatmaram.

Yaram ağrar, yatmaram.

O qədir dərd məndə var

Heç kəsin dərdinə qatmaram.


Dağda maral bozdadı,

Tükün göyə tozdadı.

Getmisən, tez qayıt gəl,

Qəm məni yalqızdadı.


Yarəm Ay batdı ola,

Mələk gül atdı ola,

Mənə baxtəvər deyənnər,

Dincəldi yatdı ola.


Qızım qızlar içində.

Əyrisi var qıçında.

Qızıma elçi gələr

Gələn ayın üçündə.


Mən aşıq o gün eylər.

Zülfünü dügün eylər.

Haçan qardaşım gələr.

Toyunu o gün eylər.


Araxçının məndədi.

Yumuşam, çəməndədi.

Aləm gözələ dönsə,

Mənim gözüm səndədi.


Qızıl üzük laxladı.

Verdim, anam saxladı.

Anama qurban olum

Məni tez adaxladı.


Dağda maral xoş mələr.

Xoş dayanar, xoş mələr.

Dərdimnən söhbət açsam,

Dağ dayanar, daş mələr.


Sizi qoşa deyərəm,

Coşa-coşa deyərəm.

Ayırmaram sizi bir-

birinizdən

Əzizlərim, həmişə qoşa

deyərəm.
Qarabağda talan var,

Talan üsdə talan var.

Gedirsən tez qayıd gəl,

Gözü yolda qalan var.
Mən səni el bilirəm,

Başımda tel bilirəm.

Uca dağlar başında

Səni qurumaz göl bilirəm.


Gəlmişəm görəm səni,

Zülfün yox hörəm səni.

Nə qapı yox, nə pəncərə

Açam bir görəm səni.

İstil üsdü pıtrağ.

Məsgən tapağ, oturağ,

Bivəfa yar əlinnən

Hara qaçağ qutarağ?


Çıxdım çini divara.

Baxdım alagöz yara.

Mən baxdım, o baxmadı

Nəhlət bivəfa yara.


Dağısdan dağ yeridi.

Gürcüsdan bağ yeridi.

Ancağ bizim Masallı

Qızların bol yeridi.


İsdil içi pizədü.

Yolu rizə-rizədü.

Atamın cavan oğlı

Naçalnikə mirzədi.


İsdil üsdə oturmuş.

İpəy dəsmal götürmüş.

Mən bir oğlan sevirəm

İnistitutu bitirmiş.


Evdən evə işığdu.

Sürfə dolu qaşığdı.

Bizim qızlar neyləsin

Sizin oğlan aşığdu.


Əzizim, gülə-gülə,

Caladım gülü gülə.

Niyə evimi yıxdın

Üzümə gülə-gülə?


Əzizim, axar, gedər.

Ağ sular axar, gedər.

Bu qəmli pəncərədən

Çoxları baxar, gedər.


Əzizim, ağlamazdım.

Qəlbimi dağlamazdım.

Bilsəydim gələcəksən,

Sənə yas saxlamazdım.


Əzizinəm, baxdı kəm,

Fərmanı kəm, baxtı kəm.

Sənin yolunda oldum

Üzü dönük, baxtı kəm.


Əzizim, nə şad olsun,

Sürmə çək qaşa, dolsun.

Məni səndən ayıran

Nə gülsün, nə şad olsun.


Əzizinəm, bir də mən,

Bir sən ola, bir də mən.

Səni əğyar aparsa,

Necə dözüm dərdə mən.


Mən aşıq, bacınam mən.

Sirr qalmır, açıram mən.

Belə xaraba kənddən

Baş alıb qaçıram mən.


Gülü sancdım divara.

Bülbül onu suvara.

Yayı yarnan keçirtdim,

Qışı qaldım avara.


Muğanın göy çəməni,

Göyərib göy çəməni.

Ya gəzərəm taparam,

Ya vurar ovçu məni.


Gedirdim qırağıynan,

Gül biçdim orağıynan.

İtirmişəm yarımı.

Axtarram sorağıynan.


Dəryalar atdı məni,

Naqqalar utdu məni.

Mən fələyə neylədim,

Naləsi tutdu məni?


Savalanım buz bağlar,

Dörd yanı yarpız bağlar.

Burda cavan oğlanın

Yarasını qız bağlar.


Mən aşıq, atma məni,

Yüklərə qatma məni.

Sənnən zəhmət çəkmişəm,

Bu gündə atma məni.


Qəribəm, vətənim yox,

Dadıma yetənim yox.

Nə gedən var, nə gələn,

Axtarıb tapanım yox.


Əzizim, vətən sarı,

Geyməyə kətan sarı.

Çıxeydim dağ başına,

Baxeydim vətən sarı.


Əzizim, yazana qaldı.

Qış getdi, yaza nə qaldı?

Mürvət qələmdə deyil,

İnsaf yazana qaldı.


Başıma baş bağlaram,

Ujdarın boş bağlaram.

Desələr qardaş gəlir,

Xəstə olsam, qalxaram.


Bayquşam mən, bayquş mən.

Hər quşlardan say quş mən.

Nə dərdim var, nə qəmim,

Sızıldaram yay-qış mən.


Keşgə bir quş olaydım,

Yola qonmuş olaydım.

Səni vurmuş ovçunun

Qolun tutmuş olaydım.


Mən aşiqəm, yaraşıq,

Kimsə gəzər yaraşıq.

Dolan, tap o zənəni,

Olsun ömrə yaraşıq.


Mən aşiqəm yarasa,

Fəhmnən uçar yarasa.

El unutmaz bir kəsi,

El dərdinə yarasa.


Ata minən ağadır,

Atın yolu dağadır.

Yaxşı qulaq as, yarım,

Bu bayatı sənədir.


Ay doğdu, gecə oldu,

Gün doğdu, uca oldu.

Bu ayrılıq çox olar,

Halımız necə oldu?


Əlinin babası var,

Belində əbasi var.

Özü pis oğlan deyil,

Nə kifir anası var.


Ayı tutdum qaraldı,

Gül bənizim saraldı.

Yarımnan ayrı düşdüm,

Dünya mənə daraldı.


Dərələr buz bağladı.

Ovçular iz bağladı.

Məni bir gəlin vurdu,

Yaramı qız bağladı.


Al xara, yaşıl xara,

Ciyərim para-para.

Mənnən salam aparın

O qara gözlü yara.


Axşamın vaxtı keşdi,

Bir gözəl baxdı, keşdi.

Zülfünü kəmənd edib,

Boynuma taxdı, keşdi.


Gülü sancdım divara,

Bülbül onu suvara.

Oxu, bülbülüm, oxu,

Bəlkə yatan oyana.


Mən aşiqəm, qal indi,

Qalmalısan, qal indi.

Mən ki, getməli oldum,

Kimə qalırsan, qal indi.


Mən aşiq, yaşıl ördək,

Yaşıldır başın, ördək.

Həmişə cüt gəzərdin,

Hanı yoldaşın, ördək?


Gülü bişdim avara,

Düzdüm, yığdım divara.

Qışı sənnən qışdadım,

Yazı qaldım avara.


Mən asiq, yedi məni.

Qurd oldu, yedi məni.

Bir nadana sir verdim,

Aləmə dedi məni.


Buxarı qurum oldu,

Od yandı, qurum oldu.

Ağır ellər içində

Tək mənə zülüm oldu.


Mən aşiq, yaza nə qaldı?

Qış getdi, yaza nə qaldı?

Mürvət İlahidəndi,

Yazı yazana nə qaldı?


Mən aşiq, keşdi mənnən,

Ox dəydi, keşdi mənnən.

Mərddərə körpü oldum,

Namərddər keşdi mənnən.


Mən aşiq, ozan olmuşam.

Dərdə dözən olmuşam.

Dərd mənə güjdü gəlib,

Kağız yazan olmuşam.


Quzu, quzu, çal quzu,

Çal qoyuna çal quzu.

Duman gəldi, itirdim,

Duman getdi, gəl, quzu.


Mən aşiq, abdal olubdur,

Yığmamışam, abdal olubdur.

Gündə oxuyan bülbül

Bu sabah lal olubdur.


Sərinci düz qoyginən,

Plovu süz, qoyginən.

Məni sənə verməzdər,

Papağı düz qoyginən.


Mən aşiq, dua göndərrəm,

Salam-dua göndərrəm.

Özüm gələ bilmədim,

Çox-çox dua göndərrəm.


Mən aşiq, gül biçərəm,

Gülü güldən seçərəm.

Vətənimin yolunda

Gözlərimnən keçərəm.


İstil üstə at gedər,

At gedər, murad gedər.

Yaxşı qızın cehizi

Oğlana xalat gedər...


İstil üstə kücü var,

Kücünün 40 ucu var.

Siz sevdiz, biz gətirdik,

Bizdə bəylər gücü var...


Keçi ağaca çıxdı.

Keçinin qıçı çıxdı .

Yava-yava danışma

Sözünün pısı çıxdı.


Bu yola bələdəm.

Getməmişəm bələdəm.

O qədər qəm çəkmişəm,

Qəm gölünə bələdəm.


Dağları gəzdim, gəldim.

Daşdarı düzdüm, gəldim.

Gəzdim dünyanı, gəldim.

Əlimi üzdüm, gəldim.


Bagça, bağa dəydün sən.

Heyva, nara dəydün sən.

Mən oturmuşdum öyümdə

Gəldün ürəyimə dəydün sən


Arxalığı qola sal.

Qoldan çıxart, qola sal.

Hansı yoldan gəlmiş olsan

Qoynuva qol salaram.


Qohum qardaş bir yana

Hamıdan ata-ana şirindü

Atam evindən bar iysi gəlir,

Heyva, nar iysi gəlir.

Atam evində atam yox,

anam yox

Atam evindən mənə

zəhirmar iysi gəlir.


Səməni yeməy olmaz.

Suyunu içməy olmaz.

Canım bi dərdə düşüb

Heç yerdə deməy olmaz.


Mən aşıg, ölməmişəm.

Baş yerə qoymamışam.

Hamsı məndən doymuş olsa,

Mən öz yaşımdan

doymamışam.
Apardı çaylar məni.

Həftələr, aylar məni.

Yüküm olub qurğuşun,

Yorub bu taylar məni.


Dəryada cəcim gördüm,

Cəcimin ucun gördüm.

Mən fələyə neynədim?

Fələyin üzün gördüm.


Bir gəmi gəlir Lənkəran üstə,

Birində şabalıd, birində püstə.

Qızım hər vaxt gəlsən,

Yerin var gözlərim üstə.


Dönüm, başıva döndərim,

Səni bazara göndərim.

Sən bazardan gəlincə,

Sənə elçi göndərim.


Əziziyəm andın, oğlan,

Şəkərim qəndim, oğlan.

İstərsən sənə bir ah çəkərəm,

Olarsan bəndim, oğlan.


Oğlan oyuna gedər,

Çoban qoyuna gedər.

Əlimə xonça götürüb,

Sənin şirni toyuna gedər.


Oğlan, adıva qurban.

Alma, dadıva qurban.

Təkcə səni demirəm,

Sevdiyin adaxlıva qurban.


Yox aşıx tatar məni,

Qul eliyib satar məni.

Qurban, bafalı oğlumsan,

Axtarıb tapar məni.


Aşıx oyuna gedər,

Baxar boyuna gedər.

Sənə bir qoç saxlaram,

Sənin şirni toyuna qədər.


Yox aşıx talxa məni,

İlanlar içində talxa məni.

Zəhmət çəkib canımı qoymuşam,

Yurd qoyub gəlmişəm,

Onu özüm üçün qoymuşam.

Azərbaycanımı vermərəm xalxa mən!


Kaş vətəndə oleydim,

Qarabağı aleydim.

Bacı, əliyi ver əlimə,

Yaramı bağliyeydim.


Mən aşıqəm dağlara,

Qulax verin ağlara.

Əgər məni unutsaz,

Əgər məni yoxlamasaz,

Məni “nənə”, – deyib tapmasaz,

Ovçu sallam dağlara!

Açıx qoyun pəncərəni,

Gözüm görsün gələni.

Əgər Qurban burdan gedəndə,

Vüsalə balam burdan gedəndə

Ona canımı qurban verərəm,

Onun xəbərin mənə diyənə.


Aşıx oyuna gedər,

Baxar boyuna gedər.

Bu balalarım Allah qoysa,

Sənin toyuna gedər.


Mən aşıx oxla məni,

Ox götür, oxla məni,

Nə atam var, nə anam,

Oğul balalarım, qız balalarım,

Gəlin arada yoxla məni.
Analar yanar ağlar.

Günləri sanar ağlar.

Analar olar bir göy gögərcin,

Yollara qonar, ağlar.


Laylay çallam gülinə,

Bül-bül oynar gülinən.

Analar balasın çağırar,

Şirin şirin dilinən.

Əzizinəm yaz, göndər,

Payız göndər, yaz göndər.

Oğul, məktub tapmasaz,

Yarpaq üstə yaz göndər.

Kol üstə yumirta,

Oğlum, məni unutma!

Əgər məni unutsan,

Məktubumu unutma.


Mən səni yad eylərəm,

Qonşuda əmanət eylərəm.

Gedib oğluma catmasan,

Bil ki, qiyamət eylərəm!


İmza özüm.

Qutardı sözüm.

Cavab gözləyir,

İntizar gözüm.


Ruckanı cernilə belə bağladım,

Xatirəmi oğul, sənə belə bağladım.


Yeddioymağın dərinliyindən,

Oğul balama salamlar olsun!

Bu dünya durduqca o da var olsun!

Əzizim, balam yoxdu.

Hardadı, balam yoxdu.

Demirəm şad döyüləm,

Şaddığnan aram yoxdu!
Gedirsən mani apar,

Getmə, qiyamət qopar.

Sabah bazar günüdur,

Hamı öz yarın tapar.


Su üzində nanayam,

Ağ ürmə pərvanayam.

Atam muharbədədi,

Dəliyəm, divanayam.


Su üstə gülli xalça,

Kim qaldıra, kim aça.

O yara qurban olaram,

Dindirib könlüm aça.


Əzizim, özümnən,

Bu dağlara dözümnən.

Ah çəksəm aləm yanar,

Çəkməsəm, özumnəndi.


Əzizim, sənnən ötrü ,

Bimanam sənnən ötrü.

Mən birda qalmaz idim,

Qalmışam sənnən ötru.


Əzizim, sini-sini,

Doldur ver sini-sini.

Mənə öz balam gərək,

Neynirəm özgəsini.


Əzizim, şəkər canım,

Qəm-qüssə çəkər canım.

Mən yara neynəmişdim,

Qəm-qussə çəkər canım.


Bu dağdan aşaram mən,

Qana bulaşaram mən.

Vəfalı yarim olsa,

Dünyada yaşaram mən.


Uçar gedər yar-yar,

Köçər gedər yar-yar.

Bu evin böyük qızı,

Saba köçər yar-yar.


Suların səriniyəm

Soruş, ay oğlum, ay qızım,

Haralıyam?

Mən də bi el qəribiyəm.


Nehrəm, mo, mo, mo

Ayranı göz yaşıycan,

Yağı məsələn filankəsin başıycan.


Söyləyicilər:

Elşad Zeynalov, doğum tarixi 1974, təhsili orta, Qızılağac kəndi.

Nahidənin kitabından.

Mənsurə Əbilova, 100 yaş, Şərəfə kəndi, Nahidənin kita­bın­dan.

Rəfayıl Vahabov, doğum tarixi 1944, təhsili ali, Göylənni kəndi.

Həcər Həsənova, doğum tarixi 1950, təhsili orta, Şərəfə kəndi.

Cəmiyyəpüstə Sadıqova, doğum tarixi 1920, təhsili yoxdur, Qızılağac kəndi.

Gülcahan Ələkbərova, 75 yaş, təhsili yoxdur, Qızılagac kəndi.

Rübabə Ələkbərov. Doğum tarixi 1929, təhsili 7-illik, Qızı­la­ğac kəndi

Güləsər Dadaşova. Doğum tarixi 1942, təhsili orta, Musa­kü­çə kəndi.

Fizzə Allahverdi qızı, doğum tarixi 1935, təhsili 7-illik, Hacı­təpə kəndi.

Əlizaman Baxış. Hacıtəpə (Keçmişdə və indi). B., 2010

Nurəddin Ədiloğlu, doğum tarixi 1958, təhsili ali, Xırmandalı kəndi.

Gülxanım Tağıyeva, doğum tarixi 1928, natamam orta, Gə­yə­çöl kəndi.

Arəstə Əsgərova, doğum tarixi 1939, təhsili 7-illik, Ərkivan kəndi.

Səmərrux Süleymanova, doğum tarixi 1924, təhsili orta ixti­sas, Xırmandalı kəndi.

Minaxanım Yusubova, doğum tarixi 1948, təhsili orta, Xır­man­dalı kəndi.

Ülkər Əhmədova, doğum tarixi 1958, təhsili orta, Xırmandalı kəndi.

Mahirə Bədəlov, doğum tarixi 1952, təhsili orta, II Yed­di­oymaq kəndi.

Arif Fərzəliyev, doğum tarixi 1956, təhsili ali, Xırmandalı kəndi.

Məşədxanım Mirzəyeva, doğum tarixi 1931, təhsili 7-illik, Hiş­kədərə kəndi.

Şabacı Quliyeva, doğum tarixi 1924, təhsili 7-illik, Hişkədərə kəndi.

Rəxşəndə Məmmədova, doğum tarixi 1936, təhsili 7-illik, Şərəfə kəndi.
Toplayanlar:

Füzuli Bayat (Gözəlov)

Vüsalə Kərimova

Nuridə Muxtarzadə

Qurban Əliyev

Aganənə Məmmədova





Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin