D ədə Qorqud ● 2016


Birincisi, qurbanvermənin subyekti



Yüklə 2,43 Mb.
səhifə120/154
tarix01.01.2022
ölçüsü2,43 Mb.
#103364
1   ...   116   117   118   119   120   121   122   123   ...   154
Birincisi, qurbanvermənin subyekti:

Qurbanvermənin subyekti bu aktın səbəbkarıdır. Qurbanın verilməsi üçün o, kimsə tərəfindən hökmən niyyət edilməlidir.



İkincisi, qurban:

Qurban müəyyən bir heyvandır. Lakin hər bir heyvan qurban verilə bilməz. Müasir dövrdə qurban heyvanları islam şəriəti əsasında müəyyən edilir. Lakin qədim­lərdə müxtəlif heyvanlar, hətta insanlar belə qurban verilmişdir.



Üçüncüsü, qurbanın kultu:

Hər bir qurban müəyyən müqəddəsin adına niyyət edilir və qurbanvermə, əsa­sən, həmin müqəddəsin adı bağlı məkanda (ziyarətgahda) həyata keçirilir.

Əlbəttə, qurbanvermənin funksional strukturuna başqa elementlər də daxildir. Məsələn, qurban nədən, yaxud kimdən ötrü verilir. O, kiminsə sağalması naminə də verilə bilər, yaxud hansısa problemin aradan qalxması naminə də. Lakin bütün qalan elementlər bu üç əsas funksional elementlər ətrafında düzülür.

Qurbanvermə ilk növbədə mərasimdir. O, Azərbaycan xalqı arasında bu gün çox aktual olan sosial-mədəni davranış formalarından biridir. Bu cəhətdən Azərbaycan folklorunda qurbanvermə motivinin ritual-mifoloji semantikasının tədqiqi problemi ilk növbədə mərasim folkloru müstəvisinə gətirməyi tələb edir.

Azərbaycanın müxtəlif yerlərində ağac pirləri vardır. Bu pirlərə, əsasən, uşağı olmayan qadınlar gedirlər. Onlar burada özünü ağaca sürtür, nəzir qoyaraq, yaxud qurban kəsərək Allahdan övlad diləyirlər. Bu mərasimin əsasında ağac kultu durur. Qadınların özünü ağaca sürtməsi ağacın qədim mifoloji inanclarda kişi başlanğıcı şəklində təsəvvür olunduğunu göstərir.

R.Əlizadə yazır ki, ağac kultu türk etnik-mədəni ənənəsində ana və ata başlanğıc kimi dəyər qazanmış və bilavasitə ağac obrazı Azərbaycan folklorunda çox geniş yayılmışdır (4, 49).

Ağac haqqında mifləri təhlil edən müəllif yazır: “Bu miflərin poetik struk­turun­da ağacların antropomorflaşması, o cümlədən insanların, xalqların onlardan törəməsi aydın şəkildə görünür. Miflərdən ağacı iki funksiyada müşahidə edirik:

1. Ağac – dünya modeli rolunda.

2. Ağac – əcdad rolunda.

Hər iki funksiya bir-biri ilə bağlıdır. Ağacın dünya modeli funksiyasını yerinə ye­tirməsi onun ilkin mifoloji kosmoqoniyada – dünyayaratmada iştirakı deməkdir. Bu da onun əcdad funksiyasını şərtləndirir. O, bir kosmoqoniya (yaradılış) elementi kimi, əs­­lində, vahid funksiyanı yerinə yetirir. Çünki yaradılış prosesini modelləşdirmək (dün­­ya modeli rolunu yerinə yetirmək) elə kosmoqonik valideyn olmaq deməkdir” (4, 51).

Azərbaycanın müxtəlif yerlərində, əsasən, qayalıq yerlərdə daş pirləri vardır. Buraya da, əsasən, uşağı olmayan qadınlar gəlir, nəzir-niyaz edir, yaxud qurban kəsə­rək Allahdan övlad diləyirlər. Qadınlar piri ziyarət edərkən daşın oyuğundan keçir, yaxud özlərini daşa sürtürlər. Bunun da əsasında daş kultu durur. Daş burada kişi başlanğıcı rolunu oynayır.

Ümumiyyətlə, Azərbaycanda çoxlu sayda ziyarətgahlar, ocaqlar, pirlər vardır. Bunlar böyük əksəriyyəti imamzadələrin, məşhur seyidlərin, övliyaların məzarları üzə­rin­də qurulmuş ziyarətgahlardır. Qurbanvermə bu məkanlar üçün xarakterikdir. Tədqi­qat göstərir ki, bu məkanlardakı qurbanvermə öz arxaik ritual-mifoloji semantikası baxımından əski əcdad kultları haqqında təsəvvürlərlə bağlıdır.

Qurbanvermə motivinin qorunub qaldığı və daha işlək olduğu folklor janrlarının böyük bir qismi paremioloji vahidlər adlanır. Paremilər “deyim” mənasında işlənən qəlib ifadələrdir. Dilimizdə çoxlu deyimlər vardır ki, onlar bu və ya digər şəkildə qurbanvermə ilə bağlıdır. Onların ümumləşdirilməsi qurbanvermənin arxaik ritual-mifoloji semantikasını aşkarlamağa imkan verir.



Tədqiqatlar göstərir ki, Azərbaycan dilində bu gün işlək olan “başına dö­nüm”, “qurban olum” kimi deyimlər qədim qurbanvermə mərasiminin izlərini özün­də saxlayır. Məsələ burasındadır ki, başa fırlanmaq qurbanvermə mərasiminin əsas aktlarından biridir. Məsələn, bir xəstəyə qurban deyilərkən nəzərdə tutulan hey­va­nı xəstənin başına fırladıb kəsirlər. Yaxud indi də bəziləri bir sədəqə ve­rər­kən onu başına fırladıb verir. Bir obyektin digər obyektin başına fırladılması fırla­dı­­lan obyektin qurban verilməsini bildirir. Uşaqlar başqalarının başına fırlananda böyüklər bu səbəbdən narahat olurlar ki, uşaq qurban gedər. Qurbanvermə ilə bağlı bu akt Azərbaycan dilinin deyimlər (paremilər) fondunun ən işlək ifadəsidir. Xüsu­si­lə körpə uşaqlarla ünsiyyətdə olan azərbaycanlılar gün ərzində çox sayda “başına dönüm” ifadəsindən istifadə edirlər. “Başına dönüm” ifadəsinin qurbanvermə ilə bağ­lılığını həm də o fakt təsdiq edir ki, dilimizdə “başına dönüm” ifadəsi, əksər hal­larda “qurban olum” ifadəsi ilə birgə işlənir: “başına dönüm, qurban(ın) olum”, ya­xud əksinə.

Azərbaycan folklorunda qurbanvermə motivinin ritual-mifoloji semantikasının tədqiqində epik folklor mətnləri əvəzsiz material verir. Bunlarda qurbanvermənin arxaik şəkilləri və növlərinə rast gəlinir.

Milli folklorumuzda qurbanvermə motivinin arxaik şəkillərinin qorunduğu ən zəngin qaynaqlardan biri “Oğuznamə” eposudur. Bu epos iki silsiləyə ayrılır: oğuz­ların ulu əcdadı Oğuz kağan haqqındakı “Oğuznamə”nin müxtəlif variantları və “Kitabi-Dədə Qorqud”.

“Oğuznamə”də qurbanvermə Oğuz dövlətinin sosial, siyasi, ideoloji quruluşunu müəyyənləşdirən dövlət ritualı, ritual mexanizmidir. Məsələn, hər bir Oğuz tayfasının ərazisi, ov yerləri, siyasi, ictimai hüquqları onun qurultay ritualında kəsilən qurban ətindən aldığı ət payının heyvanın bədəninin harasından olması ilə müəyyənləşir.

“Kitabi-Dədə Qorqud”da qurbanvermə oğuzların sosial davranışlarının mühüm tərkib hissəsidir. Dirsə xan Allah yolunda kasıb-kusuba əl tutur, onları doyuzdurur, çoxlu qurbanlar kəsir, Allah da bunun müqabilində ona bir oğul verir. Beləliklə, qurbanvermə oğuz elində sosial tarazlığın bərpa vasitəsi kimi çıxış edir.

Nağıllarda qurbanvermənin bir sıra formaları ilə yanaşı, insanın da qurban verilməsinə rast gəlirik. Nağıllarda geniş yayılmış bir motivə görə, bir əjdaha şəhərə gələn çayın qabağını kəsir və insanların qabağında şərt qoyur ki, ona hər gün bir qız qurban verilməlidir. Əjdaha ayağa durub qızı yediyi müddətdə şəhərə su axır. O, qızı yeyib qurtarandan sonra yenə də çayın qabağını kəsir. Növbə gəlib şahın qızına çatır. Bu zaman qəhrəman şəhərə daxil olur, hadisədən xəbər tutur və əjdaha ilə döyüşə girərək, onu öldürür. Əjdahanın məhv edilməsi ilə ölməkdə olan cəmiyyət yenidən dirilir. Şəhər əhalisi (etnos) bir tərəfdən susuzluqdan, o biri tərəfdən qadınların tükənməsindən artıq məhv olmaq üzrə idi. Qəhrəman cəmiyyəti xilas edərək, ona yeni həyat verir. Burada qurbanvermənin əsasında ölüb-dirilmə mifi durur.

Əfsanələr qurbanvermənin müxtəlif şəkilləri ilə zəngindir. Tədqiqat göstərir ki, burada qurbanvermə yeni yaradılışa – kosmosun ölüb-dirilmə yolu ilə özünü yeni­ləməsinə xidmət edir. Məsələn, təqib olunan sevgililər tutulmamaq üçün özlərini qa­ya­dan atırlar. Sonradan həmin qayanın adı “Qanlı qaya” adlanır. Eləcə də suya atlarlarsa, “Qanlı göl” adlanır.

Burada oğlanla qızın bir-birlərini sevməsi – yeni kosmosun (dünyanın) başlan­ğıcı;

Onların təqib olunması – xaos (kosmik nizamın, ahəngin pozulması);

Sevgililərin özlərini qayadan atmaları – ölüb-dirilmə mexanizmi;

Yeni yer adının meydana çıxması – yeni kosmosun yaranmasıdır.


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin