Rəylər
DƏDƏ QORQUD ARENASINDA YENİ ƏSƏR
2016-cı ilin aprel ayında İstanbuldakı Boğaziçi yayınları tərəfindən folklorçu, dos. dr. Abdulqadir Əməksizin “Dədə Qorqudun paltosu” adlı əsəri işıq üzü görüb. Folklorşünaslar və ümumən türk xalqları ədəbiyyatı ilə maraqlanan hər kəs üçün yazılan kitab, “ön söz”, “qısaltmalar”, “Krımlı Süleyman Sudi bəyin həyatı və əsərləri” adlı hissələrlə başlayıb, üç bölümdən (1. Dədə Qorqud anlatılarının türk dastan kültürü içindəki yeri və önəmi”; 2. Bamsı Beyrək / Bəy Böyrək çeşidləmələri; 3. “Şah Qasım” hekayəsinin incələnməsi) ibarət olmaqla, “Şah Qasım” hekayəsinin mətni”, “sonuc və dəyərləndirmələr” qismi ilə sona çatır.
Tanınmış folklorçu ilk bölümdə dastan qavramı, türk dastanlarının kök birliyindən bəhs etməklə Dədə Qorqud anlatılarının meydana çıxma məsələlərini təhlil edir və qorqudşünaslıqda ciddi aktuallıq əxz edən suallar irəli sürür. Nümunə olaraq “Mətnlər tarixlə nə dərəcədə əlaqəlidir?”, “Yaşanan tarixi olaylar və həqiqi tarixi şəxsiyyətlər mətnlərdə hansı ölçüdə yer almışdır?”, “Olayların yaşanma zamanı ilə şifahi və ya yazılı mətnlərdə yer almaları arasında nə qədər zaman fərqi vardır?” kimi suallar həm aktual, həm də elmi yönümlü suallardır. Qeyd edək ki, müəllifin irəli sürdüyü elmi suallara məhz elmi cavablar axtarması və bu sualların elmi analizlər yolu ilə “əridilməsi” ciddi təhlil kateqoriyasında yer alan xüsuslardandır.
A.Əməksizin yazdığı əsərdə diqqəti cəlb edən ana qayə, şübhəsiz, “Bamsı Beyrək” boyunun bir variantı olaraq “Şah Qasım hekayəsi”nin təqdim edilməsidir. Krımlı Süleyman Sudi bəy tərəfindən yazılan və 1917-ci ildə Cəmiyyət kitabxanası tərəfindən çap edilən əsər 48 səhifədən ibarətdir. Və hazırda Atatürk Universitetinin mərkəzi kitabxanasında S.Özege salonu basma və yazma nadir əsərlər bölməsində 26277/SÖ arxiv nömrəsi və 0133806 “dəmir baş” nömrəsi ilə qeyd edilərək saxlanmaqdadır.
A.Əməksiz kitabın üçüncü bölümündə “Şah Qasım hekayəsinin təqdimatı” qismində bu hekayənin çap olunmasından bir əsrdən artıq vaxt keçməsinə baxmayaraq, araştırmaçıların diqqətindən uzaq qaldığı vurğulanmaqdadır. “Şah Qasım hekayəsi”nin qısa özətini çağdaş Türkiyə türkcəsində verən müəllif hekayənin strukturu, dili və üslubu üzərində durmaqdan əlavə, hekayənin qəhrəmanlarını, zaman və məkan elementlərini də təhlil süzgəcindən keçirərək, onun epizodik mətn incələnməsini də gerçəkləşdirib. Kitabın üçüncü bölümündə diqqəti çəkən bir xüsus da Alpamış, Bamsı Beyrək, Bəy Böyrək və Şah Qasım anlatılarının və ya hekayələrinin epizodik incələməsini göstərən cədvəllərin tərtib edilməsidir.
Müəllif “Sonuç və dəyərləndirmələr” qismində Şah Qasım hekayəsinin qaynağının mübahisəli olduğunu yazmaqla, eyni zamanda, “Şah Qasım”ın Bamsı Beyrək boyu və Bəy Böyrək anlatılarıyla struktur, tip, motiv və məzmun baxımından böyük bənzərliklər göstərdiyini qeyd edib. A.Əməksizin bu və digər elmi qənaətlərinə əsasən, biz də belə bir fikri rahatlıqla irəli sürə bilirik ki, “Şah Qasım hekayəsi”nin “Bamsı Beyrək” boyunun yeni variantlarından biri kimi qəbul edilməsi və bu boyun “Krım variantı” adı ilə irəliki folklor araşdırmalarında yer alması türk folklor dünyasına ciddi bir qatqı olacaqdır.
Dostları ilə paylaş: |