Zayaçı Azərbaycan folkloruna xas Naxış, Qaraçuxa ilə eyni funksiyanı yerinə yetirsə də, bir çox cəhətlərinə görə onlardan fərqlənir. Azərbaycan mətnlərində işləri düz getməyən adamın Naxışı yatmış vəziyyətdə təsvir olunur. Məsələn, bir mətndə dolanışığından şikayətlənən yoxsul öz Naxışını ağac kölgəsində yatmış halda tapır. Onu danladıqda naxış üzü üstə çevriləcəyi, yaxud açıq gözünü də yumacağı ilə hədələyir (23, 42). Bu isə həmin insanın bəxtinin tamam bağlanması anlamına gəlir. Dürbüt variantında isə əksinə, kasıbın Naxışına yatmış halda deyil, at belində gəzərkən, ayaq üstə rast gəlirik. Həmçinin, insanın vəziyyətinin Naxışdan deyil, onun özündən asılı olduğu vurğulanır. Gətirilmiş nümunədə kasıb Naxışını cır-cındırın içində gəzməkdə günahlandırdıqda, Naxış ona deyir ki, bu vəziyyətdə gəzməyinin səbəbkarı onun özüdür: «Sən oğurlamırsan, çalıb-çapmırsan, ona görə heç nəyin yoxdur, mən də bu haldayam». Azərbaycan mətnlərində insanın bəxtinin gətirməsi, işlərinin yaxşı getməsi Naxış və ya Qaraçuxa ilə əlaqələndirilir. Hətta xalq arasında belə məsəl də var ki, “Naxışı ayaq üstə olan adamın işləri yavər gedər”. Bəzi mətnlərdə Naxışın öz sahibinin yerinə işləməsi bu inamdam irəli gəlir. Məsələn, bir mətndə Naxışın sahibinin çəltiyini suladığı, başqa bir mətndə sahibinin qoyun sürüsünə keşik çəkdiyi deyilir (23, 41). Bu kimi fərqlərə baxmayaraq, Zayaçının Naxış, Qaraçuxa personajları ilə müqayisəsi bu obrazların daha yaxşı qavranılmasına, onun öyrənilməsinə kömək edəcəyi qənaətindəyik. Qaraçuxa personajının folklor nümunələrindəki funksiyasına diqqət yetirək. Mətnlərin birində deyilir ki, Nəsib adlı bir nəfər qoyunları yığıb aparanda qabaqda bir qaraçuxalı adam görür. Nə qədər çağırsa da, o adam cavab vermir. Nəsib onu söyür. Evə gəlib olanları dədəsinə danışır. Dədəsi onu başa salır ki, o bizim Qaraçuxamızdı. Onu çağırmaq, söymək olmaz. Nəsibin Qaraçuxası ayaq üstədi deyirlər. Digər mətnlərdə də Qaraçuxa qara paltarlı adam kimi gözə görünür və köməkçi, himayədar funksiyasında çıxış edir. Məsələn, malı yaylıma verəndə mal-qaranı alaqaranlıqda çox dağılmağa qoymayan bir adam sürünün içində onlara kömək edir. Bu, onların qaraçuxası olur. Digər mətndə Qaraçuxa sahibini suya yıxılmağa qoymur. Əksər mətnlərdə olduğu kimi burda da sahibinin gözünə qara paltarlı adam kimi görünür. Növbəti mətndə Alıxan kişinin Qaraçuxası heyvanlarını qoruyur. Gecə açılıb gedən buzovunu mıxa bağlayır. Sonrakı mətndə söyləyicinin babası Saleh at ilxısını qışda qarlı havada kəndə gətirəndə ilxıya canavar düşür. Qaraçuxalı bir adamın xəncərlə canavarların qabağını kəsib ilxıya yaxın qoymadığını görür. Söyləyici deyir ki, babam onu qoruyanın Qaraçuxası olduğunu başa düşür və həmin yerdə yurd salır (24,70-71).
“Qaraçuxasını axtaran kişi” nağılında (460A) bir kasıb kişi yatmış Qaraçuxasını oyatmaq üçün yerini peyğəmbərdən xəbər alır. Peyğəmbər ona Qaraçuxasının Süsən dağının təpəsində olduğunu deyir. Onu axtarıb, tapıb, oyatmaq üçün yola çıxır. Yolda kor şirə, zəmisi məhsul verməyən əkinçilərə, arx çəkdirən, lakin gecə ilə arxı yox olan susuz vilayət padşahına rast gəlir. Süsən dağının təpəsinə çatanda itləri də, özü də yatan bir çoban, canavarı sürüyə təpilməyə qoymayan çobanın qaraçuxasını görür. Yatan Qaraçuxasını çağırıb oyadır. Yatan Qaraçuxa ayılıb ona bir saxsı cürdəyi su ilə doldurub nazik iplə bir yerdən asmağı tapşırır. Nə vaxt ip qırılıb saxsı yerə düşsə onda oyanacağını deyir. O, Qaraçuxasından qabağına çıxanların da dərdinə çarə soruşur. Bu nağılın digər variantlarında olduğu kimi nə əkinçi qardaşların verdiyi qızılı götürmür, nə padşah qızı almır, onların hamısına ipdən asılmış cürdəyi olduğunu deyir. Sonda Qaraçuxanın kor şir üçün dediyi “bir axmaq adam yesə gözü açlılar” məsləhətinə şir əməl edir. Bundan axmağın tapmayacağını görüb, onu yeyir. Bu nağılın Masallıdan qeydə alınmış digər variantında bir kasıb Qaraçuxasını oyatması üçün Allaha ərzibəndəlik etmək istəyir. Yolda bir balıq, qarağac və padşah da kişidən onların əvəzinə ərzibəndəlik etməsini rica edirlər. Kasıb gedib çox adamın işlədiyi bir sahəyə çıxır. Öz Qaraçuxasını yatmış görür. Kasıba başa salırlar ki, sən ona salavat çevirmədiyinə görə o yatıb. Kasıb Qaraçuxasına salavat çevirdikdən sonra o oyanıb işləməyə başlayır. Digər variantlarda olduğu kimi qarşısına çıxan insanların dərdini də xəbər alır. Padşaha qızını oğlan deyib taxt-tacında oturtduğunu, qardaşının oğluna verib, onu padşah qoymağı məsləhət görür. Qarağaca dibinə tökülən zir-zibil kötüyünə dayandığını və dibinə ona görə suyun getmədiyini deyir. Digər variantlarda isə ya ağacın dibində, ya da bar verməyən torpağın lap altında qızıl küpləri olur. Kasıb balığa bir üzük udduğuna görə beyninin ağrıdığını deyir. Kasıb öz evinə gəlib imarəti, dəvələri olduğunu görür. Arvadı ona bir qotur keçini dərmanlayıb, təmizləyib, satıb, varlandığını nəql edir (22, 145-147). Bu nağılın bir variantı da Güney Azərbaycan folklorunda vardır. Bu nağılda da bir kasıb Qaraçuxasını oyatmağa gedir. Yolda əkinçiyə, canavara rast gəlir. Bir qoca kişini yatan görüb onu güclə oyadır. Məlum olur ki, bu, onun Qaraçuxasıdır. Tarlasından məhsul götürə bilməyən əkinçi üçün Qaraçuxa onun tarlasının zəminində gənc (xəzinə) olduğunu, ona görə məhsulu yandığını deyir. Əkinçi ona şərik olmağı israr edir, lakin o rədd edir. Canavara isə baş ağrısı üçün bir axmaq adam beyni yeməyi tövsiyə edir. Canavar da ondan axmağın tapa bilməyəcəyini düşünüb onu yeyir (21, 182-184). Növbəti folklor örnəyində də Qaraçuxasının köməklik etdiyi bir nəfərdən bəhs edilir. Qəbirstanlıqda yatan bu adam oğruların padşahın xəzinəsini oğurlayıb bir qəbrin içində gizlətdiklərini görür. Özünü padşaha baxıcı kimi təqdim edib oğurlanmış xəzinənin yerini göstərir. Sonrasa hamamdakı iki daşın arasından padşahın qızının qızıl sırqalarını tapır. Guya bütün bunları ona qaraçuxası pıçıldayırmış (22, 203-207). Artıq qeyd etdiyimiz kimi, Şəki folklor örnəklərində Qaraçuxa Naxış kimi çıxış edir. Mətnlərin birində deyilir ki, bir eybəcər gəlin nişanlısı ilə yol gedir. Baxıb görür ki, onlardan qabaqda bir gözəl gəlin gedir. Çirkin gəlin narahat olur ki, nişanlısı öndən gedən gözəl gəlini görüb onu bəyənməyəcək. Yolla gələn bir kişi gözəl gəlinin onun naxışı olduğunu, onun sifətində nişanlısına göründüyünü deyir (20, 123). Şəkidən toplanmış digər mətndə isə biri daim yelləncəkdə yellənən, digəri isə ev işləri görən iki bacı olur. Naxış yazan kişi gəldiyində yaxşı naxışı yelləncəkdə yellənənə, pis naxışı isə hər işi bacarana yazır. Səbəbin soruşanda cavab verir ki, o, hər işi bacarır. Hara getsə baş çıxardar, bacısı isə yellənməkdən başqa heç nə bilmir (20, 123). Bu mətndə göstərilən yelləncəkdə yellənmək və onun bəxtə təsiri ritual səviyyəsindədir. Novruz bayramında bəxtinin açılmasını istəyən qızlar yelləncəkdə yellənərmişlər. Yelləncəkdə yellənmək bəxtin açılması üçün icra edilən bir ritualdır (Ətraflı bax: 26).
460C* Bəxtini oyatdıqdan sonra kasıbın bəxti gətirir. Qarabağdan toplanmış bu folklor örnəyində bir kasıb quru ağacın dibindən tapdığı qızıl küpü hesabına varlanır (25, 281-282). 460* “Qaraçuxası yatmış şəxs” nağılında isə deyilir ki, varlı adamların Qaraçuxası göy çəməndə oturub söhbət edir. Ortabab adamlarınkı palçıq təpikləyir. Kasıbların Qaraçuxası isə yatmış olur. Qaraçuxasını palçıq içində görüb ona yazığı gələn adam onu yatıb dincəlməyə göndərir. O, Qaracuxasını zorla yatırdır. Ondan sonra hər işi tərsinə gedir. Qəssabdan aldığı qoyun başı adam başına dönür, onu padşahın ən yaxın sərkərdəsini öldürməkdə günahlandırıb dara çəkmək istəyirlər. O, padşahdan edam qabağı möhlət alaraq, Qaraçuxasını yatırtdığı meşəyə gedib onu tapıb oyadır. Ondan sonra yenə hər işi əvvəlki kimi avand olur. Öldürdüyü güman edilən sərkərdə saraya gəlir. Hamı kəsilmış başa baxıb onun bir qoyun başı olduğunu görür (25, 269-275).
945 Ağılla bəxt (naxış) hansının daha güclü olması üstündə bəhs edirlər. Ağıl cütçünü tərk edir. Cütçü şumdan tapdığı qızılları Rum padşahına hədiyyə edib onun qızı ilə evlənir. Nigah gecəsi evin eyvanından tullanıb qaçmaq istəyəndə ağıl onun köməyinə çatır (27, 270).
945** Bəxtin qayıtması. Bu mətndə isə bəxt Altay mətnlərindəki kut kimi çıxış edir. Evdən, insandan, torpaqdan kutun getməsi ilə bağlı Altay inancları ilə səsləşir. Kut dinclik, əminəmanlıqdır. Eynən bu mətndə olduğu kimi. Evi tərk edən bəxt ev sahibinə son dəfə ondan bir dilək diləməsinə icazə verir. Kişi arvadının məsləhəti ilə dinclik istəyir. Bəxti onları tərk etmir (27, 270).
Qaraçuxa haqda sadalanan mətnlərdən belə məlum olur ki, Qaraçuxa insanın köməkçisi, himayədarı, qoruyucusudur. Ona həmişə salavat çevirmək lazımdır. Qaraçuxa qara geyimlidir. İnsanın özünə bənzəyir. Qaraçuxa yatır. O yatanda insanın işləri tərs gətirir. Oyananda isə işləri avand olur. Qaraçuxa yalnız sağ adamla bağlıdır. Onu Allah verir, yerini peyğəmbər bilir. Qaraçuxa başqalarının dərdinin çarəsini bilir. Qaraçuxanın bir başqa adı da Naxışdır. Naxış yazılır. Naxış bəxt sözünə sinonimlik təşkil edir. Filankəsin bəxti yatıb, bəxti oyatmaq Qaraçuxaya məxsus xüsusiyyətlərdir. Həm də bəxt daha çox kutla mənaca eynidir. “Filankəsin bəxti gətirir”- ifadəsində də bəxti gətirmək sözündən də aydın olur ki, kutun ilk mənası xoş bəxtdir, əminəmanlıqdır.
Deyilənlərdən belə nəticəyə gəlmək olur ki, türk və monqol xalqlarında ruh haqda təsəvvürlər eynidir. Ruh kut kimi yaranır, sus kimi verilir, tın kimi nəfəs alır, sur kimi görünür, öz kimi xüsusiləşir, sünə kimi ölüdən çıxır, üzüt kimi o biri dünyaya gedir. Yəni bir tək ruh - kutdu. Digərləri, həmçinin yula da kutun hal dəyişmələrinin, çevrilmələrinin keçici adıdır. Türk xalqlarındakı ruh adları variantlılığı ilə monqol xalqlarındakı ruh adlarına qarışıqdır. Buna görə, uzun bir ruh siyahısı ortaya çıxır. Əslində, eyni funksiyanı yerinə yetirən bir ruhun müxtəlif adları vardır. Həm də bu, bir xalqda deyil, əksər türk və monqol xalqlarında belədir. Sırf türk xalqlarına və ayrılıqda sırf monqol xalqlarına aid ruh adlarını aydınlaşdırdıqda məsələ sadələşir. Ruhun çevrilmələrini də nəzərə alsaq, məsələyə bir qədər aydılıq gəlmiş olur.
Dostları ilə paylaş: |