1. Qəhrəman dövlət başçısı kimi: xanlar xanı.
Qəhrəman dövət başçısı kimi özünü iki obrazda göstərir: Bayındır xan və Salur Qazan. Əzizxan Tanrıverdi göstərir ki, Bayındır xanın adı Drezden nüsxəsində iki cür yazılıb: Bayandar, Bayındır. Semantik yükü daha çox “varlanmaq”, “varlandırmaq” kimi izah olunur. Atasının adı antroponimik modelində konkret olaraq verilir: “Qam Ğan oğlı xan Bayındır”. “Xan qızı Boyı uzun Burla xatun Qazanın gəldügin eşitdi” cümləsi, eyni zamanda Qazanın bədii təyinlərindən biri kimi işlənmiş “Bayındır xanıŋ göygüsü” ifadəsi qızı Burla xatun və kürəkəni Qazan barədə müəyyən təəssürat yaradır (4, 68).
Dastanda Bayındır xan fəal obraz deyildir. O, demək olar ki, hadisələrdə iştirak etmir. Ancaq bir çox boylar Bayındır xanın təşkil etdiyi məclisin təsviri ilə başlanır. Məsələn, dastanın birinci boyu bu cümlə ilə başlanır: Bir gün Qam Ğan oğlu Bayındır xan yerindәn durmuşdu. Şami günlüyünü yer üzündә qurdurmuşdu. Hündür alaçığı göy üzünә dirәnmişdi. Min yerdə ipәk xalça döşənmişdi... (5, 132).
Bundan başqa, dastanın 3, 7, 9-cu boyları da eyni şəkildə başlanır. Bu göstərir ki, Bayındır xan siyasi hakimiyyətin başçısıdır, Oğuz elinin başında durur və o, mərkəzi fiqurdur. Süjet fəallığı olmasa da, dastandakı bütün əsas obrazlarla əlaqələrə malikdir. Bunu onun qohumluq əlaqələri daha aydın göstərir. Ə.Tanrıverdi yazır: “Bayındır xanın qohumluq əlaqələri də həmin detallar və ümumən “Kitab”ın poetik strukturu kontekstində açılır ki, bu da, əsasən, aşağıdakıları əhatə edir:
babası, nənəsi və anası haqqında heç bir detala təsadüf olunmur
arvadı – mətndə görünmür, amma Burla xatuna görə bərpa oluna bilər
atası – Qam Ğan
qızı – Burla xatun
qudası – Ulaş (Qazanın atası)
kürəkəni – Qazan
nəvəsi – Uruz (Qazanın oğlu)
nəvəsinin əri – Qarabudaq (Qazanın qardaşı oğlu, Qaragünənin oğlu)
kürəkəninin qardaşı – Qaragünə (Qazanın qardaşı)
kürəkəninin qardaşı oğlu – Qara budaq (Qaragünənin oğlu)
kürəkənin dayısı – Aruz (Qazanın dayısı)
kürəkənin dayısı oğlu – Basat
kürəkənin dayısı oğlu – Qıyan Səlcik
kürəkənin dayısı nəvəsi – Dondar (Qıyan Səlcikin oğlu)
kürəkənin dayısının əmizadələri – Baybican və onun övladları: Dəli Qarçar; Banıçiçək... (Aruzun əmizadələri)” (4, 68-69).
Salur Qazana gəlincə o, həm xanlar xanı, həm bəylərbəyi kimi təqdim olunur. O, dastanda Bayındır xandan sonra ikinci adamdır. Lakin elə məqamlar vardır ki, o, elə birbaşa Bayındır xanın əvəzedicisi kimi göstərilir. Bir çox boylar Bayındır xanla olduğu kmi, Salur Qazanla başlanır. Hətta elə olur ki, onlar eyni şəkildə təqdim olunurlar. 3-cü boyun başlanğıcı:
“Qam Ğan oğlu Bayındır xan yerindәn durmuşdu. Qara yerin üstündə һündür ağ evini tikdirmişdi. Uca alacığı göy üzünә dirәnmişdi. Min yerdә ipәk xalça döşәnmişdi (5, 150).
Dördüncü boyun başlanğıcı:
“Bir gün Ulaş oğlu Qazan bəy yerindәn durmuşdu. Qara yer üzәrindә otaqlarını tikdirmişdi. Min yerdә ipәk xalça döşәtmişdi. Hündür alaçıq göy üzünә dirәnmişdi” (5, 166).
Ə.Tanrıverdinin apardığı tədqiqat göstərir ki, Salur Qazan oğuz eli və cəmiyyətinə həm də sıx qohumluq telləri ilə bağlıdır. Müəllif yazır: “Beləliklə, Qazanın qohumluq əlaqələri ilə bağlı aşağıdakı nəticələri söyləmək olar:
atası – Ulaş
anası – adı çəkilmir, amma ona birbaşa işarə olunur, Qazanın qarıcıq anası
arvadı – Burla xatun
qayınatası – Bayındır
qayınatasının atası – Qam Ğan (Bayındırın atası)
oğlu – Uruz
qızı – ona işarə edilir (Qarabudağın arvadı)...
qardaşı, həm də qudası – Qaragünə
qardaşı oğlu və kürəkəni – Qarabudaq
gəlini – Uruzun arvadı...
dayısı – Aruz
dayısı oğlu – Basat
dayısı oğlu – Qıyan Səlcik
dayısı gəlini – Aruzun gəlini, Qıyan Səlcikin arvadı
dayısı nəvəsi – Dondar (Aruzun nəvəsi, Qıyan Səlcü-kün oğlu)
anasının əmizadələri – Baybican, Dəli Qarçar, Banıçiçək
anasının əmizadəsinin qudası – Baybicanın qudası Baybörə
anasının əmizadəsinin əri – Banıçiçəyin əri Beyrək” (4, s.91-92).
Dostları ilə paylaş: |