Təbiət və cəmiyyət problemi. Xalqın ən ibtidai kollektiv, fantastik, kortəbii «icadı» olan miflərdə gerçəklik canlandırılmış (ən adi əşyalar, cisimlər belə) və şəxsləndirilmiş obrazlar şəklində əks olunur, insan ağlına gələn nə varsa, hamısı həssaslıqla ümumiləşdirilib, adi halından çıxarılır, fövqəltəbii məxluqlara, varlıqlara çevrilir və bunlar ilkin inanışlarda reallıq kimi başa düşülür. Bu mənada mif mənəvi mədəniyyətin başlanğıc forması, xalq fantaziyasının özülü olmaqla yanaşı, ulu əcdadın təbii fəlakətlərə, qəzalara, xəstəliklərə qarşı qorxu hisslərinə üstün gəlmək vasitəsi idi. Başqa sözlə, toplum halında yaşayan qədim insanlar kortəbii şəkildə təfəkkürdə yaranan məcazi obrazlarla təbiətə təsir göstərməyin yollarını axtarmış və nəticədə onunla təskinlik tapmışlar ki, sel də, sərt külək də, qızmar günəş də onlar kimi canlıdır, qeyri-adi gücə malikdir, istədiklərini onlara ödəməklə (qurbanlarla) təhlükələri sovuşdurmaq olar. Deməli, mifik düşüncənin məntiqi özünəməxsusluğu ondadır ki, ibtidai insanlar onları əhatə edən sosial mühitdən (xüsusilə təbiətdən) özlərini təcrid etmirdilər, miflərdə dolayı yolla da olsa, varlığın bir-birinə bağlanan və hissələrə parçalanan əlamətlərini görə bilirdilər. Dünyada baş verən hadisələrin sadəcə təsvirinə deyil, şərhini, mahiyyətini, məğzini anlamağa təşəbbüs göstərirdilər. Bütün bunların nəticəsi olaraq, gözlə görünən və duyulan hər şeyi şəxsləndirir, özlərində müşahidə etdikləri əlamətlərlə təqdim edir, daha dəqiq desək, təbii, sosial və mədəni obyektləri metaforik müqayisədə verirdilər (insanlar hər şeyi, ilk növbədə, özləri ilə müqayisə edirdilər, cansız əşyalarda, bitkilərdə, heyvanlarda, quşlarda, dağlarda, çaylarda, göllərdə, təbiətin əsrarəngiz hadisələrində özlərində olan keyfiyyətlər tapır, bununla dünyanı dərk etməklə yanaşı, özlərini daha yaxşı tanıyırdılar). Ona görə də, mifik təfəkkürdə insanlara xas xüsusiyyətlər təbiət hadisələri, cansız varlıqlar, heyvanlar, quşlar və bitkilərin üzərinə köçürülür, hər şey düşünmək qabiliyyətinə, hissiyata malik təsvir olunur və zahirən antropomorfik şəkil alırdı. Mövcudatın animistik (ruhun varlığı) modeli yaradılırdı. Bəzən isə, əksinə, təbiət qüvvələrinə, xüsusilə heyvanlara, quşlara məxsus əlamətlər (daha çox totem kimi qəbul edilən heyvan, quş və bitkilərin əlamətləri) mifik mədəni qəhrəmanlara (nəsil törədənə) şamil edilirdi.
Qeyri-adi təsvirlər, qəribəliklər, möcüzələr, dəyişmələr, metamorfozalar (dönərgələr), dünyanın müxtəlif obyektlərinin, elementlərinin canlandırılmış və şüura malik obrazlara çevrilməsi və s. mifik fantaziyanın istehsal etdiyi məhsullardır, sonralar poetik vasitəyə çevrilmiş, bədii epik ənənənin yaranmasına və inkişafına güclü təkan vermişdir. Təbiətin fəlakətli hadisələri müqabilində təfəkkürdə kortəbii yaranan bəzi mifik obrazlar (müəyyən qorxunc qüvvələr) transformasiya nəticəsində zahiri əlamətlərinə görə vəhşi, dəhşətli məxluq şəklinə (çoxbaşlı, çoxəlli, təkgözlü, ağzından od püskürən, adamcıl, baş kəsən, qan içən) düşmüşdür. Belə ki, qıtlığa səbəb olan quraqlıq – əjdaha; ölüm gətirən xəstəlik – nəhəng dev; bütöv kainat – dünya ağacı, başı dairəvi çadır, heyvana oxşar azman (məsələn, Şərq təqvimlərində kainatın bir hissəsi olan Yerin müxtəlif heyvanlar üstündə mövcudluğuna və həmin heyvanların müəyyən ardıcıllıqla hər il bir-birini əvəz etmələrinə inam vardır) kimi təsəvvür edilmişdir; nəslin başlanğıcında duran ilk insan (əcdad) isə çox vaxt ikili təbiətə malik – zoomorfik və antropomorfik formada modelləşdirilmişdir. Bu modellər müəyyən şərtlərlə birləşdirilərək mif sistemlərini yaratmışdır. Təbiidir ki, miflərdə ruhlar, allahlar, eləcə də onların törətdikləri təbiət hadisələri (ildırım çaxmasından yağış yağır, yağışdan sonra otlar cücərir və s.) və qəhrəmanlar həmişə bir-biri ilə əlaqələndirilir, oxşar məkan və zamana, yaxud başlanğıc törəmə, başvermə səbəbinin eyniliyinə görə bir-biri ilə qohumlaşdırılırdılar. Bu, dünyadakı varlıqların xaosdan sonra eyni ünsürlərdən (od, su, hava, torpaq) yaranmasına olan inamdan irəli gəlir.
Mifologiya ilkin dünyagörüşü sistemi kimi hər bir etnosun tarixinin və mədəniyyətinin ən qədim mərhələsidir. Etnoqrafiyanın və folklorşünaslığın əsas tədqiq obyektlərindən biridir. Meydana gəldiyi dövrün həddindən artıq uzaqlığına və qeyri-müəyyənliyinə görə sistemləşdiriləndə ayrı-ayrı dil ailələrinin, super etnosların kökündə dayanan qeyri-adi düşüncə tərzi və yaradıcılıq hadisəsi sayılır. Bəşəriyyətin mənəvi mədəniyyəti içərisində ikinci təfəkkür və kortəbii yaradıcılıq hadisəsinə rast gəlmək olmaz ki, miflər qədər müxtəlif, bir-birinə zidd fikirlərlə izah edilsin. Tədqiqatçıların bir qrupu mifləri dinlə eyniləşdirməyə çalışmış, digərləri bunun qəti əleyhinə çıxmışlar. Bəziləri mifləri əfsanələrlə, rəvayətlərlə, nağıllarla qarışdırmış, başqaları isə folklordan tamamilə təcrid edilmiş halda xüsusi fəlsəfi kateqoriya kimi təqdim etməyi məqbul saymışlar. Elə tədqiqatçılar tapılmışdır ki, mifləri – xalqın mənəvi dəyərləri içərisində mürtəce mahiyyətli artıq yük hesab etmişdir. Əksinə düşünənlər də (mədəniyyətin ən mütərəqqi faktı kimi) meydana çıxmışdır. Bəs əsil həqiqətdə mif nədir? Onun bəşər təfəkkürünün inkişafında rolu nədən ibarətdir, din, tarix, etnoqrafiya, dil və folklorla (bədii yaradıcılıqla) hansı tellərlə bağlıdır? – suallarına cavab axtararkən ilkin olaraq S.A.Tokarevin İ.M.Dyakonova əsaslanaraq yazdığı fikirlər yada düşür: «Mif – dünyanın və insanların yaranması, eləcə də allahlar və qəhrəmanlar haqqında antik, bibliyadan gələn və başqa qədim, poetik, həm də qəribə əhvalatlardır» (9, 281). E.M.Meletinskinin qənaətinə görə də mif allahlara, ruhlara, ilahiləşən, ya da mənşəyi ilə allahlara bağlanan qəhrəmanlara, zamanın başlanğıcında dünyanın özünün, eləcə də təbiət və mədəniyyət elementlərinin yaranmasında birbaşa, ya da dolayı yolla iştirak edən, nəsil, tayfa törədən ilk insanlara aid əhvalatlar kimi anlaşılır (6, 353).
Romantiklərdə sərsəmliyə müraciət mifin yenidən dirçəldilməsi idi. Çünki mifin əsas məqsədi nəsihətçilik deyil, gerçəkliyin semantik cəhətdən zəngin, enerjili, nümunəvi obrazlarına romantiklərin qəbul etdikləri plastik duyğunu yaratmaqdır. Sərsəmlik obrazı mədəniyyət tarixində estetik və konseptual cəhətdən təsdiqini tapmış şəkildə, arxetipik özül elemetləri ilə cilalanaraq təqdim olunurdu və mənəvi aləmin özünəməxsus modelini formalaşdırırdı. Ədəbiyyatın Hamlet, Don Kixot, Pantaqurel, Faust kimi mifikləşdirilmiş füqurlarına romantiklərin marağı təsadüfi deyildi. Bu, müəyyən anlamda mədəniyyət tarixində analoji məqamları axtarmaqla həyat həqiqətlərinin romantik estetik modusunu şəxsləndirmək təşəbbüsü idi. Bir məsələdə diqqət çəkəndir ki, sərsəmlik xəstəlik əlaməti olaraq təqdim edilmir, dini-mistik mənbələrdəki kontekstə uyğun mifoloji məxluq kimi yaradılır. Romantik “sərsəm” mifi ağlın təntənəsinin təkzibini, şüurun əks səmtə yönələn təcrübəsini təcəssüm etdirir. Onu daha yaxşı anlatmaq üçün yaradıcılığın qoruyucusu – romantik “dahi” fiqurunu “sərsəm”lə qarşılaşdırırlar. Bu, mifologiyada tale və insan şəxsiyyətini və hansısa qeyri-müəyyən, formalaşmamış, adlandırılması mümkün olmayan, ani baş verən, qorxunc ilahi gücü ifadə edir. Şübhəsiz, romantiklər “dahi”ni biçimsiz, fəlakət yayan qüvvə şəklində simvollaşdırmazdılar. Psixologizm ənənəsinə əsasən, xeyir-şər, qaranlıq-işıq, pis-yaxşı münasibətləri çox-çox əvvəllər meydana gəlmiş, onların fəaliyyəti ilə daha da çiçəklənmişdir (məsələn, Hote də “Faust” əsərində qara duyğulardan danışırdı). Çünki kollektiv şüursuzluqda yaranan mif sonsuz axınla arzu, istək, yuxu və digər təfəkkür formaları vasitəsi ilə nəsildən nəsilə ötürülmüşdür. F.Şellinq romantiklərin mifyaratması barədə yazırdı: “Hər bir şair dünyanın gözü önündə açılan bir hissəsini tama çevirməyə və onun materialından öz mifologiyasını yaratmağa meyllidir. Axı, dünya hələ qurulmaq üzrədir, bu səbəbdən də müasir şair üçün dövr bu dünyanın bir hissəsini göstərməyə qadirdir” (11, 78).
Romantiklərin yaratdıqları mifoloji “Sərsəm” – “Dahi” obrazlarına ədəbi mətnlərdə ikili münasibət mövcuddur: bu obrazların mənbələrdəki funksiyalarına 1) “passiv” və 2) “aktiv” yanaşılır. İkinci halda metafora inkişaf etdirilir, obrazın fəaliyyət dairəsi xeyli genişləndirlir, o özü hadisələri törətmə gücünə malik olur, mifoloji, simvolik “oyuna” başlayır, təhtəlşüurdan idraka arxetipik yol açır. O bütün sahələrə: məişət, davranış, incəsənət, eşq, elm və əxlaqa refleksiya şəklində təzahür edir. “Sərsəm” uyğun olaraq gerçəkliklə tutuşdurulduqda romantizmə şübhə yaradır.
Dostları ilə paylaş: |