Məmmədova Pərzad Arif qızı, 1937-ci il təvəllüdlü. Təqaüdçü. İlisu kəndi
Qorxuluğu götürən Saleh əfəndi.
Menin qonşuyla bizin uşaxların xırda vaxı getmişıx çaydan o tərəfə. Beş uşaxla. Cır alça yığıyıx, biz honnan acı – turşu pişiriyıx. Gelin mağa diyi, sen çayda alçanı yuv, orda çöldə pişirəcux. Hollarla menin arada mesafə var. Alçanı yuvuyəm, qazana tokuyəm. Payız iydi, qulağıma at taqqıltısı gəldi. Dala baxdım ki, ya at var, ya bir şey. Axşam evə geldim, səhər dura bilmedim, neçə gün. Anam rəhmətdıx getdi Saleh əfəndiyə kitab açdırdı. Didi, suyun üsdə qorxupdu. Duanı yazdı, anam başıma sürtdü, suyunnan da içirtdi. Soora parçaya tikip üsdümnən asdı. İlkindi üsdü men durdum ayağa.
Məmmədova Əfruz, 1945-ci il təvəllüdlü. Təqaüdçü, İlisu kəndi
BAYATILAR
Burda bi arvad gözəl biliy bayatıları. Unun qaynanası Qarabağdan gəlmişdi bura. Çox mahir söz biləndi.
Bir qız gördüm piçində
Saçı sünbül içində
Men yarımı sevmişəm,
On beş yaşın içində.
Əzizinəm, qar daşı
Qarlı dağdan qar daşı.
Xəsdə könlü qar isdər,
Menin könlüm qardaşı.
Men aşıq ulu dağlar,
Çeşməli, sulu dağlar.
Burda bi qərib ölüp,
Göy kişnər, bulud ağlar.
Dostları ilə paylaş: |