Nərgiztəpədə olan bu daş qalağını əhali Qara çobanın sapandından
atılmış daşlar hesab edir.
“Dədə Qorqud kitabı”nda Qaraca Çobanın Dəmirqapı Dərbənddə Qazan xanın on min baş qoyununun ardınca gələn kafirlərlə döyüşü zamanı və Qazanın evini qurtarmağa getdiyi zaman kafir çəngəlinə vurulan Uruzu qurtarmaq üçün sapanddan daş atdığından bəhs olunur. Dastanda Qaraca Çobanın sapandı belə təsvir olunur: “Çobanın üç yaşar dana dərisindən sapanınını ayasıydı, üç keçi tüyindən sapanını qollarıydı. Bir keçi tüyindən çatlagucıydı. Hər atanda on iki batman daş atardı. Atdığı daş yerə düşməzdi. Yerə dəxi düşsə, toz kibi savrılırdı, ocaq kibi obrılur idi. Üç yıladaq daşı düşdügi yerinı otu bitməzdi. Semiz qoyun, arıq toqlı bayırda qalsa, qurt gəlib yeməzdi sapanını qorqusundan” [Kitabi-Dədə Qorqud, səh. 51]. Xocavənd sakinlərindən qeydə aldığımız mətnlərdə Qaraca Çobanın həmin daşları bir neçə səbəblə atması vurğulanır. Bu mətnlərdən birində göstərilən səbəb “Dədə Qorqud kitabı”ndakı sapanddan daş atma məsələsi ilə çox oxşardır. Yəni burada da Qaraca Çobanın dağın başında dayanaraq üstünə gələn düşmən qoşununa sapandla daş atmasından söhbət açılır, amma düşmənlərin nə səbəbə gəlməsi göstərilmir [Qarabağ, VII c., səh.21]. Digər mətndə Qaraca Çobanın ölülərini çox ağlayan avşar camaatını qəbiristanlıqdan qovmaq üçün Qaraçuq dağında dayanaraq buranı daşladığından bəhs olunur [Qarabağ, VII c., səh.23]. Başqa bir mətndə Qaraca Çobanın Qaraçuqda dayanaraq Nooruz dərəsinə daş atmasından söhbət gedir. Qaraca Çobanın daşının böyüklüyünü nəzərə çarpdırmaq üçün söyləyici “Savet dövründə nə qədər texnika varıydı, onu sahədən çıxara bilmədi, güjü çatmadı çıxartmağa. Heylə böyüh qayaydı” [Qarabağ, VII c., səh. 21] kimi cümlələrdən istifadə etdi. Mətnlərdən birində isə camaatın torpaq payı böldüyü zaman Qaraca Çobanın daş atması, daşın getdiyi məsafə qədər ərazini özünə yataq yeri götürməsi qeyd olunur [Qarabağ, VII c., səh.24].
“Yerli əhalinin Qaraçuq ərazisində Qaraçuq Çobanın adı ilə əlaqədar olaraq göstərdiyi coğrafi əlamətlərindən “Qaraçuq Çobanın qoyun arxacı”, “Qaraçuq Çobanın köç yolu”, “Qaraçuq Çobanın bulağı”, “Qaraçuq Çobanın ulaq daşı”, “Qaraçuq Çobanın sapand daşları” və nəhayət, “Qaraçuq Çobanın 6 hissədən ibarət nəhəng “qəbri” diqqəti cəlb edir. Martunu, Ağcabədi və Jdanov rayonlarında yaşayan Allahverdi Xəlilov, Həmid Xəlilov, Xanlar Məmmədov, Qaraş Cəfərov, Surxay İsmayılov, Xanış Məmmədov, Hüseyn Məmmədov, Heydər Nağıyev və başqalarının ata-babalarından Qaraçuq Çoban haqqında eşitdikləri rəvayətlərdə deyilir: “Qaraçuq Çoban son dərəcə nəhəng bir adam imiş, o öz doğma məskəni olan Qaraçuq dağının zirvəsindən əyilib, dağın yaxınlığından axan Xonaşin çayından su içərmiş, o bir pud saqqızı bir dəfəyə ağzına alıb çeynəyərmiş. Onun çomağı o qədər iri imiş ki, yanınca sürüyərkən yerdə xış kimi cız salarmış. Qaraçuq Çoban özünün zəncir qollu sapandına böyük qoyun boyda daşları qoyub atmaqla basqın edən düşmənləri qovarmış....”. Şamil Cəmşidov Martuni, Ağcabədi və Jdanov rayonlarının əhalisinin Qaraca Çobanın adını Qaraçuq Çoban, Qaraçuq dağını isə eyni zamanda “Qaraçuğun dağı”, yaxud “Qara Çoban dağı” şəklində tələffüz etdiklərini yazır [Cəmşidov, səh.91]. Ş.Cəmşidovun verdiyi məlumatların böyük bir qismi bu gün də bölgə əhalisi arasında yaşayır, bir qisminə isə təəssüf ki, rast gəlmədik. “Qaraçuq Çobanın qoyun arxacı”, “Qaraçuq Çobanın sapand daşları”, “Qaraçuq Çobanın 6 hissədən ibarət nəhəng “qəbri” Qaraçuq dağının zirvəsindən əyilib, dağın yaxınlığından axan Xonaşen çayından su içməsi ilə bağlı məlumatlar bölgə əhalisi arasında bu gün də yayğındır. “Qaraçuq Çobanın köç yolu”, “Qaraçuq Çobanın bulağı”, “Qaraçuq Çobanın ulaq daşı”, bir pud saqqızı bir dəfəyə ağzına alıb çeynəməsi, böyük çomağı ilə bağlı məlumatlarla isə rastlaşmadıq.
Söyləyicilərdən biri Qaraca Çobanın dəfnindən danışarkən qeyd etdi ki, o zaman yazı-pozu olmadığından, dəfndə kimlərin iştirak etdiyini bilmək üçün gələnlərin hamısı əllərində bir dənə qara daş gətirib qəbrin üstünə qoyublar [Qarabağ, VII c., səh.24].
Dostları ilə paylaş: |