MiRZƏ ƏLƏKBƏr sabiR 155



Yüklə 11,01 Kb.
tarix17.11.2018
ölçüsü11,01 Kb.
#83034



MİRZƏ ƏLƏKBƏR SABİR - 155

Azərbaycanın görkəmli satirik şairi Mirzə Ələkbər Sabir 1862-ci ildə Şamaxıda anadan olmuşdur. Əvvəlcə mollaxanada oxumuş, 12 yaşından isə təhsilini məşhur şair Seyid Əzim Şirvaninin açdığı yeni üsullu məktəbdə davam etdirmişdi. Bu məktəb onun üçün faydalı olmuş, biliyinin və şairlik istedadının inkişafına kömək etmişdir. XX əsrin əvvəllərindən Sabirin şeirləri mətbuat səhifələrində görünməyə başlayır. 1906-cı ildə “Molla Nəsrəddin” jurnalını öz arzularına müvafiq uyğun bir dərgi kimi qarşılayıb onun ən fəal müəlliflərindən biri olur. Həmin vaxtdan Cəlil Məmmədquluzadə ilə Sabir arasında qırılmaz dostluq münasibətləri yarandı. Hər iki sənətkar zalım bəyləri, yaltaq ruhaniləri, satqın ziyalıları satira atəşinə tutur. Onlara hədə-qorxu gəlirlər. Bu səbəbdən şair imzasını tez-tez dəyişməli olur. “Molla Nəsrəddin” jurnalında şair 36 gizli imza ilə çıxış etmişdi. Sabirin seçilmiş əsərlərinin “Hophopnamə” adlandırılması  “Hophop” imzası ilə əlaqədardır. Onun “Fəhlə”, “Əkinçi”, “Oxutmuram, əl çəkin” şeirləri vaxtilə çox məşhur idi.Sabir çox sevdiyi uşaqları da yaddan çıxarmamış, onlar üçün “Gəl, gəl a yaz günləri”, “Uşaq və buz”, “Yalançı çoban” və digər şeirlər yazmışdı.1910-cu ilin əvvəllərində Bakıya gələn Sabir, “Zənbur” jurnalında, “Günəş” və “Həqiqət” qəzetlərində işləyir. Elə həmin ilin axırında xəstəliyi səbəbindən geriyə, Şamaxıya qayıdır. Böyük şair 1911-ci il iyulun 12-də vəfat edir. Məzarı Şamaxıda “Yeddi günbəz” qəbiristanındadır.Sabirin vəfatından bir il sonra, 1912-ci ildə onun şeirləri “Hophopnamə” adı ilə çap olundu. Oxucular kitabı hərarətlə qarşıladılar. İki il sonra xalqın ianəsi ilə “Hophopnamə”nin ikinci, daha mükəmməl nəşri buraxıldı. Onun “Hophopnamə”si başdan-ayağa, zülmə,ətalətə etiraz, insan haqqına və heysiyyatına qarşı çevrilmiş hər şeyə üsyan və ittihamnamədir. Birinci cild şairin 1906-1910-cu illərdə yazmış оlduğu satirik şеirlərini əhatə еdir. Ikinci cildə isə 1911-ci ildə yazılmış satirik şеirlərlə yanaşı, müəllifin ictimai-siyasi və fəlsəfi lirikası, mərsiyələri, qəzəlləri, məktəb uşaqları üçün qələmə alınmış şərqi, mənzum hеkayə və təmsilləri, tərcümələri, hеkayə və fеlyеtоnları, ədəbi-publisist məqalələri, müxbir yazıları və məktubları daxil еdilmişdir.

Sabir bədii yaradıcılığa kiçik yaşlarında, Seyid Əzim Şirvaninin məktəbində oxuduğu zaman başlamış, ilk şe`rlərini Şərqin Firdövsi, Sə`di, Füzuli kimi böyük klassiklərinin tə`siri ilə yazmışdır. Bu əsərlər lirik üslubda və əsasən qəzəl janrındadır. Başqa Azərbaycan sənətkarları kimi, Sabirin də qəzəllərinin ana xətti, leytmotivi məhəbbət duyğularının təsvir və tərənnümüdür. Sabirin lirik qəhrəmanı Aşiqdir. O, sevgilisi haqqında orta əsr poeziyasından tanıdığımız aşiqlərin dili ilə danışaraq öz dərdlərini, həsrətini nağıl edir, ayrılıqdan, hicrandan, sevgilinin rəqibə uymasından şikayətlənir. XIX əsrin axırı, XX əsrin əvvəlində yazdığı lirik şe`rlərinin bir qismi ictimai mövzudadır. Məhəbbət və gözəllik dünyasında yaşayan Aşiqdən fərqli olaraq, buradakı lirik qəhrəman mübarizə meydanında çarpışan müdrik və atəşin bir vətəndaşdır. Şairə görə insanları dərdə salan dünyada insan ya avam olmalı, şüursuz, idraksız, duyğusuz bir ömür keçirməli, ya da mübarizə aparmalı, həqiqi həyata çatmalıdır. Sabirin lirik qəhrəmanı min bir əzab və əziyyətə düşsə də, şüurlu, düşüncəli bir həyat, işgüzar, mübariz bir həyat keçirməyi üstün tutur.

M.Ə.Sabirin 155 illik yubileyi ilə bağlı kitbxanalarda silsilə tədbirlər planı işlənib hazırlanmalı və həyata keçirilməlidir. İlk öncə M. Ə. Sabirin kitablarından ibarət sərgi təşkil edilir. Sərgidə ümumi başlıq və yarımbaşlıq, tövsiyə olunan ədəbiyyat, sitat və şəkil verilməlidir. Bu başlıq qısa və aydın olmalıdır. Sərgini bu başlıqlar altında vermək olar: “M.Ə.Sabir-155”, “Əsrimizin ayinəsi”, “Bir əsrin dərdindən doğulan şair”, “Çoxəsrlik poeziyamızın ənənələrini yaşadan şair” və s. Oxucu konfransı da böyük marağa səbəb olan tədbir formalarından biridir.Oxucu konfransını “Sabir və inqilab”, “ Sabir və din”, “Sabir və yeni məktəb”, “Sabir mədəniyyətsızlıyə, avamlığa qarşı”, “Sabir və “Molla Nəsrəddin” və s. mövzular ətrafında keçirmək olar. Sabir yaradıcılığının uşaq kitabxanalarında da təbliğinə önəm vermək lazımdır. Belə ki, şair uşaqlara bir-birindən maraqlı şeirlər hədiyyə etmişdir. Məsələn: M. Ə. Sabirin “Ağacların bəhsi”, “Qarğa və tülkü” kimi şeirləri əsasında gözəl bir səhnəcik təşkil etmək olar. Bu həm də Sabir şeirlərinin uşaqların yaddaşında qalmasına köməklik edər.



Metodika və biblioqrafiya şöbəsi.
Yüklə 11,01 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin