Sərbəst ticarətlə bağlı xarici iqtisadi siyasətdə və onun icra edilməsi proseslərində gömrük orqanları gətirilən və çıxarılan malların ancaq qeydiyyatını aparır. Liberallaşdırılmış sərbəst ticarətdə idxal və ixrac rüsumları tutulmur.
Proteksionizm - bu halda idxal məhdudlaşdırılır, bu məqsəd üçün yüksək gömrük rüsumları müəyyən edilir, bəzi malların ölkəyə gətirilməsi qadağan olunur. Dövlət bu yolla daxili bazarı tənzimləməyə və onu xarici rəqabətdən qorumağa çalışır. Bununla belə, proteksionizm bir çox hallarda milli iqtisadi inkişafı ləngidə bilər və monopolizmə rəvac verir.
6.2. Azərbaycanın xarici ticarət siyasəti.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra özünün milli maraqlarını əks etdirət ticarət siyasəti formalaşdırmalı olmuşdur. Azərbaycanın ticarət siyasətində aşağıdaki amillər yer almışdır:
ölkənin müstəqil ticarət siyasətinin olması istəyi;
xarici ticarət əməliyyatlarının səmərəliliyinin artırılması;
beynəlxalq ticarət əlaqələrinin genişləndirilməsi və ticarət siyasəti ilə məşğul olan beynəlxalq qurum və təşkilatların işində ölkənin milli maraqlarını qorumaq istəyi;
ümumdünya ticarət təşkilatına üzv olmaq üçün hazırlıq tədbirlərinin görülməsi, ölkənin mal və xidmətlər üzrə ticarət əməliyyatlarının bu təşkilatın siyasətinə uyğunlaşdırılmasının təşkili;
ölkənin təbii ehtiyyatlarından və milli resurslarından istifadə edilməsində ticarət münasibətlərinin təkmilləşdirilməsi və ticarət diplomatiyasının köməyi ilə bu sahədə milli maraqların qorunması;
Beynəlxalq ticarət əməliyyatları, idxal-ixrac əməliyyatları üzrə çevik siyasətin aparılması;
Dünya təsərrüfat sistemində və kooperasiya əlaqələrində Azərbaycanın fəal iştirakının təmin edilməsində ticarətin rolunun artırılması;
ölkənin istehlak mallarına olan tələbatın təmin edilməsi və iqtisadi-ərzaq təhlükəsizliyin gücləndərilməsi üzrə ticarət siyasətinin təkmilləşdirilməsi və milli istehsalın stimullaşdırılması;
ticarətin inkişafı üçün bu sahənin tam liberallaşdırılması, sərbəst ticarət əməliyyatlarının genişləndirilməsi üçün əlavə tədbirlərin təşkili və dövlət proqramlarının işlənib qəbul edilməsi üzrə siyasətin gücləndirilməsi və sair.